101
XX yüz illər, Bakı, “Elm”, 2002-ci il, səh.699). Bədii yaradıcılığı ilə sovet
ədəbiyyatı, ideologiyası və rejiminə xidmət etməyən ədəbi nəslin görkəmli
nümayəndələrindən sayılan Elçinin ədəbiyyatşünaslığın və ədəbi tənqidin aktual
problemlərinə dair sanballı və çoxsaylı məqalələri də həqiqi ədəbiyyatın yaranması
və inkişafı naminə yazılırdı. “… öz varlığı, öz mövcudluğu ilə qeyri-bəşəri, qeyri-
humanist cəmiyyətə qarşı həmişə daxili bir müxalifətdə duran həqiqi ədəbiyyat”ın
(Yaşar Qarayev, yenə orada, səh. 699) yaradıcılarından, təəssübkeşlərindən və
nəhayət, keşiyində duranlardan və bütün bunları özünün vətəndaş-yazıçı-tənqidçi
borcu bilən Elçin bu gün də – “ədəbi mühitin 80-ci illərin meydan havalığı” (Bəsti
Əlibəyli. “Bastiliya” pilləkanında təzad və ya yoxluqdan tənqid, «525-ci qəzet»,
№92, 18 may 2002-ci il) dövründə də əqidəsinə, amalına sadiqdir, sədaqətlidir:
eyni istək, eyni həvəs və eyni məsuliyyətlə həmin vəzifəni yerinə yetirməkdədir.
Bu mənada Elçinin yaxınlarda qələmə aldığı «Müasir dövrdə Azərbaycan ədəbi
tənqidinin yaradıcılıq problemləri» («525-ci qəzet» №224, 225, 226, 227, 26, 27,
28, 29 noyabr 2002-ci il) adlı son dərəcə ciddi elmi-nəzəri əhəmiyyət kəsb edən
əsəri diqqəti çəkir. Yeri gəlmişkən, qeyd edək ki, əgər Elçinin «Ədəbi düşüncələri»
(QAPP-Poliqraf, Bakı, 2002, 295 səh.) «bədii aysberqlərin görünməyən hissəsinin
duymağın yollarını öyrədir»sə (Həsən Həsənov. Elçinin düşüncələr doğuran
«düşüncələr»i, «Xalq qəzeti», 11 yanvar 2002-ci il), yaxud bəşərin ədəbi irsinə
kamil bir baxış, nəzərdirsə, onun bu məqaləsi ədəbi-tənqid tarixinə, ədəbi tənqidin
yaranması və inkişafı yoluna, bugünkü ağır vəziyyətinə və ondan çıxış yollarına
dair təcrübə və istedadın diqtəsi ilə hasil olan yazıdır, «ədəbiyyat yoxdursa, deməli
millət yoxdur» söyləyən müəllifin narahatlığı, harayıdır.
Tənqidçinin təşvişi, təlaşı, həyəcanı nədənsə böyük Mirzə Cəlilin «Molla
Nəsrəddin» jurnalının birinci nömrəsinə yazdığı proqram-məqaləsini, onun ilk
cümlələrini xatırlatdı: «Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım! O
kəsləri deyib gəlmişəm ki, mənim söhbətimi xoşlamayıb, bəzi bəhanələrlə məndən
qaçıb gedirlər, məsələn, fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılına qulaq
asmağa, hamamda yatmağa və qeyri-növ vacib əməllərə. Çünki hükəmalar
buyurublar: «Sözünü o kəslərə de ki, sənə qulaq vermirlər («Molla Nəsrəddin»,
№1, 7 aprel 1906-cı il). Bütövlükdə cəmiyyətə xitabən deyilən bu sözlər konkret
fərdlərə aiddir, onlara ünvanlanmışdır və həmin tipləri, xarakterləri hər kəs görür,
tanıyır. XX əsrin əvvəllərində bu cür «fala baxdıranlar», «it boğuşduranlar»
«dərviş nağılına qulaq asanlar», «hamamda yatanlar» XXI əsrin başlanğıcında elə
bil ki, məşğuliyyət sahələrini, həyat və düşüncə tərzini bir qədər dəyişmişlər: indi
onlar şair-ədib, yaxud tənqidçi adı ilə müxtəlif qəzet səhifələrində cürbəcür
«izmlərlə» baş girləyir, dedi-qodu edir, ünvanlı-ünvansız böhtan yağdırır, vaxt
keçirirlər. Bu bir yana qoçaqlar – yaratmaqdan daha çox dağıtmaq hərisləri –
herisçilər, alatorandan işığa getmək əvəzinə, geriyə-zülmətə qayıdanlar, «azad
yazarlar» – təkəbbür və hikkə, təməlsiz iddia sahibləri «mətbuatımızın piri»
(M.Ə.Rəsulzadə), «mədəniyyətimizin pioneri» (C.Hacıbəyli) H.Zərdabini, onun
işinin davamçılarını – xalqın tarixində və taleyində əvəzsiz xidmətlər göstərmiş
böyük xadimləri, onların irsini özlərini xarakterizə edən, öz tərbiyə və
səviyyələrinə uyğun ifadələrlə yumşaq desək, təftiş edirlər.
102
Nadanlığın, nankorluğun, əsilsizliyin intişarı üçün münbit zəmin, şərait
yaranmışdır: bazar iqtisadiyyatının problemləri sözü də divara qısnamışdır, ona
təklif də, tələb də azalmışdır, qəzet səhifələri xarabazarı, yazılar bayquş ulamağını
xatırladır. Savadsız müəlliflər meydan sulayır, ədəbi mühit bulanıq, çirkli suya
çevrilmişdir. Reket-jurnalistlər ciblərə, «izm»bazlar beyinlərə təcavüz edir,
mənəviyyatı, şüurları zəhərləyir, zədələyirlər. Bax, belə bir şəraitdə zaman Elçinin
sözünü yetişdirdi, onu zəruri etdi, Elçinin haqqında bəhs etdiyimiz əsəri bir
tərəfdən dərin analitik təhlili, zəngin müşahidələri, dolğun və faydalı elmi-nəzəri
mülahizə və mühakimələri, qənaətləri ilə, digər tərəfdən etik-estetik biçimi,
təmkinliliyi, müdrikliliyi və aqilanəliyi, fikirlərin aydınlığı, ardıcıllığı, dilinin və
üslubunun sadəliyi, eyni zamanda kəskinliyi ilə yadda qalır.
Elçin bir tərəfdən klassik irsin – istər ədəbiyyat, istərsə tənqid – fərqi
yoxdur, təəssübünü çəkirsə, digər tərəfdən ədəbi mühitə yenilik gətirmək
istəyənləri təqdir edir, üçüncü bir tərəfdənsə, sözün yaxşı mənasında vurnuxanlara,
təzə nə isə demək istəyənlərə, istedadlara özlərini ifadə üçün meydan göstərir. O,
M.F.Axundov satirası ilə «Molla Nəsrəddin» ədəbi məktəbi arasında təbii və üzvü
bağlılıqdan, varislikdən bəhs etdikdən sonra yazır: «Mən yalnız kiçik bir nümunə
gətirdim, ancaq klassik Azərbaycan ədəbiyyatı ilə bağlı nə qədər kəşflər, sovet
ideologiyasının ört-basdır etdiyi və bu gün üzə çıxa bilməsi üçün minbir zəmin
yaranmış nə qədər bədii-estetik qatlar, laylar hələ də açılmamış qıfıllar
arasındadır».
Yaxud, Elçin «60-cılar» barədə yazanda haqlı olaraq bu istilahı «Azərbaycan
ədəbiyyatı tarixində daha artıq dərəcədə bədii-estetik anlayış, bədii-estetik məktəb»
adlandırır və qeyd edir: «Azərbaycanda «60-cılar»dan çox yazıblar və bu gün də
yazırlar (mən avam və sadəlövh kin-küdurəti nəzərdə tutmuram), amma, elə
bilirəm ki, bu ədəbi (və ictimai!) hadisəni vəhdətdə, xalqın XX əsrdə həm bədii-
estetik, həm də ictimai-fəlsəfi və siyasi tarixi kontekstində araşdırılması, təhlil
olunması da müasir tənqidimizin qarşısında dayanan məsələlərdən biridir”.
60-cı illərin ədəbi tənqidi, ədəbi mühitin tələbatını kifayət qədər ödəyirdi.
Bununla belə, diqqəti 80-90-cı illərin ədəbi tənqidçilərinin də daha çox 60-cılardan
yazmasına yönəldən Elçin bu faktorun, hadisənin, faktın ədəbi tənqid tərəfindən
obyektiv qiymətinin verilməsini, müqayisəli elmi təhlilin və bədii-estetik təsnifatın
aparılmasını, ideoloji xüsusiyyətlərinin açıqlanmasını da vacib hesab edir.
Elçin ədəbi-tənqidi ədəbiyyatda kövrək addımlarını atan yazarlara diqqətlə,
həssaslıqla yanaşmağa, onların hisslərinin «bədii ifadəsinə gözüyumulu «söz
yığını» damğası» vurmamağa, əksinə ciddi, obyektiv, elmi, qərəzsiz təhlilə dəvət
edir: «Ədəbi tənqid cavan ədəbiyyatı, cavan qələm sahiblərini qiymətləndirə
bilmək üçün onları başa düşməyi bacarmalıdır və bu, cavan istedadlara
münasibətdə əsas prinsiplərdən biri, bəlkə də başlıcası olmalıdır».
Ədəbi tənqidin rolu, vəzifəsi barədə çox deyib, çox yazıblar. Amma indiki
şəraitdə – «bu gün bir sıra hallarda ədəbi tənqidin yerini yazıçılara qarşı nadan və
qatı bir kin-küdurətin ifadəsi tutmağa başlayanda» ədəbi tənqidə verilən tələblər də
bir qədər artır: «… ədəbi tənqid yaxşıya da, pisə də qiymət vermək iqtidarında
olmalı, ədəbiyyatın inkişafı naminə yaxşıdan istifadə etməyi, pisə qarşı isə
mübarizə aparmağı, onu ədəbiyyata yaxın buraxmamağı bacarmalıdır».
Dostları ilə paylaş: |