Açar sözlər: deskriptivizm, qrammatik səviyyə, morfem, identifikasiya



Yüklə 40,28 Kb.
səhifə1/2
tarix30.12.2023
ölçüsü40,28 Kb.
#164592
  1   2
DESKRPTVZMDMORFEM


HEYDƏR QULİYEV
Filologiya üzrə fəlsəfə doktoru
Azərbaycan Dövlət Aqrar Universiteti
heyderguliyev@mail.ru
DESKRİPTİV DİLÇİLİKDƏ “MORFEM” ANLAYIŞI


Açar sözlər: deskriptivizm, qrammatik səviyyə, morfem, identifikasiya
Ключевые слова: дескриптивизм, грамматический уровень, морфема, идентификация
Key words: descriptivism, grammar level, morpheme, identification

Deskriptivizmin banisi L. Blumfilddir. Bu dilçiliyə Blumfild dilçiliyi və yaxud Blumfildizm də deyilir. Onu “Amerika dilçiliyinin atası” da adlandırırlar. Onun “Dil” kitabı F. de Sösürün “Ümumi dilçilik kursu” kimi bütün dilçilik aləmində əks-səda doğurdu. Görkəmli deskriptivist Z. Hərris deskriptiv dilçiliyin mahiyyətini belə açıqlayır: “Deskriptiv dilçilik bütünlükdə nitq fəaliyyəti ilə deyil, bəlkə nitqin müəyyən müntəzəmlikləri ilə məşğul olan xüsusi tədqiqat sahəsidir. Bu müntəzəmliklər tədqiq edilən mətnin müəyyən əlamətlərinin distribusion əlaqələrindən, yəni söyləm daxilində bu əlamətlərin təkrarlanmasından ibarətdir. Deskriptiv dilçiliyin başlıca məqsədi nitq prosesində ayrı-ayrı hissələrin və ya əlamətlərin bölüşdürülmə əlaqəsini (distribusiya) və ya düzülüş qaydasını öyrənməkdən ibarətdir [8, s. 5].


Y. Nayda deskriptiv dilçinin hədəflərini belə müəyyənləşdirir: “Deskriptiv analitik hər hansı bir dili yaxud onun hissəsini düzgün təsvir edərkən obyektiv olmalıdırsa dəqiq müəyyənləşdirilmiş prinsiplərə əməl etməlidir. Əgər o, təhlil və təsvir etdiyi hər hans dilə qarşı man-from-Mars (Marsdan gələn adam – H. Q.) kimi münasibət bəsləsə əla olardı. Bununla belə, bizlərdən heç birimiz özümüzü artıq əldə etdiyimiz dil biliklərindən yaxud “belə dillərin qrammatikası” – nı təsvir etmək üçün istifadə olunmuş mexanizmdən tamamilə uzaq tuta bilmərik. Buna baxmayaraq, deskriptiv dilçi, qəribə və müxtəlif olan hər şey haqqında vətənindəki şeylər əsasında mühakimə yürütməkdən ibarət olan turist nöqteyi-nəzərindən imtina etməlidir. Bir kəsi yeni yanaşmaya yenidən istiqamətləndirməyə kömək etmək üçün aşağıdakı fundamental prinsipləri yadda saxlamaq faydalıdır” [10, s. 1].
Amerika deskriptivizmi üçün başlanğıc səviyyə fonoloji səviyyədir. Fonoloji səviyyənin vahidi fonemdir. Fonemlər dil vahidlərini təşkil edən kərpiclərdir. Fonem allofonların cəmidir. Morfoloji səviyyənin vahidi morfemdir. Morfem də alllomorfarın cəmidir. Morfemə vacib deyil ki, dəyişməz olsun. Ən yüksək səviyyə isə sintaktik səviyyədir. Onun vahidi cümlədir. Sintaktik səviyyəyə sonralar diqqət yetirildi.
Deskriptivizmin fonoloji nəzəriyyəsində əsas vahid “fonem” hesab olunur. L.Blumfild yazırdı ki, “dilin təsviri fonologiyadan başlanır... Dilin fonoloji sistemi müəyyənləşdikdən sonra hansı mənanın müəyyən fonetik forma ilə əlaqədar olmasını göstərmək qalır” [1, s. 128]. Bu nəzəriyyə bəzi dilçilər tərəfindən qəbul edilmişdir. H.Qlisona görə, “deskriptiv dilçiliyin müasir nə­zə­riy­yə­si­ni qur­ma­ğın ilkin yararlı əsası fonem prinsipi olmuşdur” [6, s. 40]. Fonologiya sahəsində əldə etdikləri nailiyyətlər qrammatikaya da şamil olunmuşdur. “Deskriptiv diçiliyə giriş” adlı kitabında H.Qlison bu cərəyanın əsas vəzifəsinin nədən ibarət olduğunu göstərir, ”fonemlər və morfemlər kimi əsas vahidlərdən istifadə edərək, dilçilər dilin müfəssəl ifadə sistemi nəzəriyyəsini və başqa dillərin ifadə sistemi haqqında ətraflı və mükəmməl müddəaar irəli sürmüşlər. Bunu adətən deskriptiv dilçilik adlandırırlar” [6, s. 43]. O, deskriptiv dilçiliyi iki hissəyə bölür: fonologiya və qrammatika. Qrammatikaya morfologiya və sintaksisi daxil edir. H.Qlison morfemi fonemlərin qısa ardıcıllığı hesab edir. Morfemi dilin məzmun sistemi ilə əlaqəyə girən ifadə sisteminin əsas vahidi kimi nəzərdən keçirir və məzmunla əlaqəsi olmayan fonemdən köklü şəkildə fərqləndirir. Bu fonem ardıcıllığı təkrarlanır, lakin hər təkrarlanan ardıcıllıq morfem deyildir. O, məzmunca fərqli, ifadədə oxşar olan morfemləri omonim və yaxud omofon adlandırır.
Deskriptivistlərin fonoloji ideyaları qrammatika sahəsində də tətbiq edilir. Fonoloji səviyyədə fon termininə uyğun olaraq qrammatik səviyyədə morf (Ç.Hoket), morfem seqmenti (Z.Hərris) termini irəli sürülmüşdür. Z.Hərris morfem seqmenti və morfologiyanın vəzifəsi haqda belə yazır: “ Daha çox nitq zənciri kəsiyində fonemin işlənmə məhdudiyyətlərini öyrənmək – fonem birləşmələrinin işlənməsinin sabit birləşmələr kimi nəzərdən keçirilməsi deməkdir. Bu deskriptiv dilçilik baxımından morfologiyanın vəzifəsidir. Sabit fonem birləşmələri yüksək düzülüş ünsürləri – morfem seqmentləridir [8, s. 156-157].
Morfem seqmentlərinin müəyyənləşdirilməsi üçün, fonologiyada olduğu kimi təcrübə və axtarışlar yolu ilə ikipilləli əməliyyat tətbiq edilir. Morfem seqmentlərinin müəyyənləşdirilməsindən sonra supraseqment morfem ünsürlərinin bölünməsi baş verir. Bunlar vurğu və tamın fonem kombinasiyalarıdır.
Bölünmüş morfem seqmentləri (morflar) ətraf prinsipinə, xüsusilə ətrafların simmetriyası prinsipinə müvafiq olaraq bir morfemdə qruplaşmağa məruz qalır. Belə ki, məsələn, əgər İngilis dili morfem seqmentinin (tu:) bütün işlənmələrini qruplaşdırsaq, onda çox geniş morfem alınar, ancaq distribusiya növünə görə yeganə olar. Daha məqsədəuyğun, simmetriya prinsipi ilə onu heç olmazsa iki morfemə parçalamaqdır: two və too, hansı ki, hər biri başqa morfemlərlə daha simmetrik distribusiyaya malik olacaq [8, s. 200].
Morfem seqmentinin tərkibi fonoloji cəhətdən müxtəlif, kombinə edilmiş ola bilər. Məsələn, fransız cümləsində Donne-t-on? ünsürü birləşmədə informasiyanın və söz sırasının dəyişməsilə sual ifadə edən vahid morfem seqmenti təşkil edir [8, s. 171]. Morfem tamlığı prinsipi Z. Hərris tərəfindən şərh edilmişdir. O, morflar sırasına söyləmin ardıcıl komponent düzülüşünü də aid edir, əgər o mənafərqləndirici funksiya daşıyırsa [8, s. 186]. Z.Hərris söyləmi morfemin düzülüşü kimi yox, onların toplusu, kombinasiyası kimi başa düşür.
Morfemin təzahürü morf hesab olunur. Morf seqmentasiyada ən kiçik mənalı ünsürdür. Eyni funksiyalı morflar morfemdə birləşir, morfemin alllovariantları və ya allomorfları olurlar. Qrammatik vahidlərin təsvirinin tamlığı üçün allomorfem kateqoriyası da daxil edilir. Əgər allomorf tək-tək morfem variantlarını bildirirsə, allomorfem variantlar sinfini bildirir. Təkcə morfem deyil, həm də onların düzülüşü mənaya malikdir. Buna konstruksion məna deyilir.
Deskriptiv dilçilərin fikrincə, qrammatikanın hədəfi morfemləri və onların kombinasiyalarını ətraflı, hərtərəfli təsvir etməkdir. L.Blumfid “Dil elmi üçün postulatlar ” əsərində morfemi belə təsvir edir: “ Minimal forma morfemdir; onun mənası sememi təşkil edir. Beləliklə, morfem öz növbəsində kiçik təkrarlananlara bölünə bilməyən təkrarlanan formadır. Buradan belə çıxır, hər bir bölünməz söz yaxud formant, morfemdir” [7, s. 202]. Sonra formalar haqda öz fikirlərini yazır. İki forma fərqləndirir; sərbəst forma (free form) və asılı forma (bound form). Söyləm ola bilən formanı, sərbəst; sərbəst olmayan formanı isə asılı adlandırır. Man book sözlərini sərbəst formaya; writingwriter sözlərindəki inger isə asılı formaya misal göstərir. Bu misallardan görmək olar ki, L.Blumfild morfemi mənalı olmaqla yanaşı həm də asılı hesab edir, çünki morfemlər söyləm ola bilmirlər. “Dil” kitabında isə morfemin qəbul edilmiş və geniş işlədilən tərifini verir: “Linqvistik formanın başqa formaya qismən də olsa, fonetik-semantik bənzərliyi olmayan forması sadə forma və ya morfemdir” [1, s.152]. Y. Nayda bu tərifi müsbət hesab etmir: “Bu tərif həddən artıq qəribə ifadə edilib. Oxşar və oxşar mənaları olan formalar haqqında pozitiv cümlə olmaq əvəzinə, məsələn: -boyish, -mannish, -piggish, -girlish də (kursiv bizimdir – H. Q) -ish-fatten, -broaden, -widen, -deepen də (kursiv bizimdir – H. Q) -en kimi, tərif neqativ üslubda olan əlaqələri təsvir edir” [10, s. 7]. Sonra fikrini konkretləşdirir: “Bu o deməkdir ki, eyni morfemə məxsus olan formalar eyni şəkildə eyni fonemlərdən təşkil oluna və aydın şəkildə bərabər mənalara malik ola bilməzlər, ancaq əgər bu, digər müvafiq mənalı fərqlənən formalar hələ də müvafiq mənalı formalar qrupu ilə uyğun gəlmirsə onda onlar bir morfemi təşkil edən hesab edilməlidir ” [10, s.7].
L.Blumfild sememi belə izah edir: “Morfemin mənası sememdir (sememe). Dilçi fərz edir ki, hər bir semem mənanın daimi və sabit vahididir və dildə olan bütün sememlər də daxil olmaqla, dilin bütün digər mənalarından fərqlənir, lakin dilçilik bundan uzağa gedə bilmir” [1, s. 153]. Qeyd edək ki, sem terminini dilçiliyə V. Skaliçka gətirmişdir. L.Blumfild morfemi “mənalı” hesab etsə də, onu dilçilikdən kənarlaşdırır. Belə olduqda linqvistik təhlil zamanı vahidlərin seqmentasiyasında istifadə oluna bilməz. Ümumiyyətlə, görkəmli alimin morfem haqqındakı fikirləri mübahisəlidir.
L.Blumfild fonemlə morfemi linqvistik təsvirin əsas kateqoriyaları hesab edir, çünki bu vahidlər əlaqəli mətndə ən asanlıqla ayrıla bilənlərdir: fiziki cəhətdən minimal sadə seqmental xüsusiyyətlərinə görə - fonem dilin minimal formal seqmentidir, morfem isə minimal mənalı seqmentdir [5, s. 54]. Bunlardan başqa L.Blumfild tərəfindən irəli sürülən taqmem termini də vardır. Linqvistik təsvirin tamlığı üçün bu üç anlayışın təhlili vacibdir. L.Blumfild taqmemi də mənalı vahid adlandırır. O, qrammatik forma və leksik formanı fərqləndirir. Morfemi leksik formaların ən kiçik mənalı vahidi, taqmemi isə qrammatik formaların ən kiçik mənalı vahidİ və onların verdikləri mənaları isə episememlər adlandırmışdır. Morfemlər fonemlərdən, morflardan ibarət olduğu kimi, taqmemlər də taksemlərdən ibarətdir. Morflardan fərqli olaraq taksemlər mənaya malik deyillər. Taksemlərə güc, ton, modulyasiya və s. daxildir.
Y.Nayda morfemləri sözü və yaxud sözün hissələrini təşkil edən minimal mənalı vahidlər kimi nəzərdən keçirir, məsələn: -re, -de, -un, -ish, -ly, -ceive, -mand, -tie, -boylike; receive, demand, untie, boyish, likely (kursiv bizimdir – H. Q.) kombinasiyalarında [10, s. 1]. Başqa yerdə isə belə yazır: Yeni dilin strukturunu kəşf etmək və təsvir etmək məqsədilə tədqiq edərkən dilçinin qarşılaşdığı əsas məsələ dilin təşkil olunduğu minimal mənalı vahidlərin identifikasiyasıdır (eyniləşdirilməsi və yaxud tanınması – H. Q.). Bu minimal vahidlər “morfemlər” adlanır və bir çox hallarda asanlıqla tanınır [10, s. 6]. Y.Nayda morfemlərin izolyasiyası və identifikasiyası üçün 6 prinsip göstərir. Birinci prinsipdə ümumi fonetik aydınlığa və identik fonemik formaya malik olan formalar bütün işlənmələrdə tək morfem təşkil edir. Misal olaraq Nayda -er suffiksini göstərir. Onun əlavə olunduğu isimlərdə eyni fonetik formaya və mənaya malik olduğunu, “hərəkətin icra edicisi” yəni agentive mənasını kəsb etdiyini bildirir.
Ç.Hoketin morfemə verdiyi tərif öz orijinallığı ilə seçilir: “Əgər dilin söyləmləri sadəcə fonemlərin düzülüşündən ibarət olsaydı, danışmaq və dinləmək mənasız olardı. Ancaq insanlar danışır və dinləyir, onların şifahi ünsiyyəti informasiya və instruksiya ötürür və fəaliyyətlərini koordinasiya etməyə xidmət edir. O söyləmlər bu yolla xidmət edə bilirlər, ona görə ki, onların fonemik quruluşdan başqa morfemlər adlı bir quruluşu da var. Morfemlər dil söyləmlərində fərdi kiçik mənalı elementlərdir” [123, s.79].
H.Qlison mənalı məna sözlərini qarışdırmamağa diqqət yetirir: “Dil strukturunda morfemi ən kiçik mənalı vahid kimi müəyyənləşdirərkən mənalı (meaningful) məna (meaning) sözlərini səhv başa düşməkdən qaçmaq lazımdır. Meaning (məna) hər hansı bir dilin ifadə sistemi və həmin dilin məzmun sisteminin müvafiq vahidləri ilə morfem arasında olan əlaqələri göstərməlidir. Morfem – məzmun sisteminin bu və ya digər hissəsi ilə əlaqədə olan ifadə sistemində ən kiçik mənalı vahiddir (kursiv bizimdir – H. Q.)” [6, s.94].
Deskriptivistlər morfemi mətnin seqmenti hesab edirlər. Morfların morfemdə birləşməsi məsələsi tam aydın deyildir. Bu barədə fikirlər fərqlidir. Bəzi deskriptivistlər morfemin fonemlərdən təşkil olunduğunu iddia etsələr də, digərləri morfu fonemlərdən ibarət hesab edirlər. Bu dilçilik cərəyanında morfemlə söz arasında heç bir fərq qoyulmur, sözə dil vahidi kimi baxılmır. Sözləri morfem hesab edirlər. Cümlələrə morfemlərdən ibarət bir quruluş kimi diqqət yetirilir . Linqvistik təhlildə sözdən imtina blumfildizmin əsas nöqsanlarından biridir.



Yüklə 40,28 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə