"Həyat"ın yaradıcı heyəti
"Həyat" nəşr olunduğu qısa müddətdə Azərbaycan ziyalılarının, ədəbi-
ictimai və siyasi fikir tariximizdə məxsusi yeri olan şəxsiyyətlərin mübarizə
tribunasına çevrildi. Qəzetin 36 nəfər daimi yazar-müəllifi vardı. Ə.Hüseynzadə,
Ə.Ağaoğlu, Həsən bəy Zərdabi, A.Səhhət, M.Hadi, H.S.Ayvazov, Ü.Hacıbəyov,
Ə.Haqverdiyev,
M.Ə.Sabir,
N.Nərimanov,
M.Hacınski,
M.Ə.Şeyxzadə,
S.M.Qənizadə Axund Əbuturaboğlu “Həyat”ın daimi yazarları idi.
M.Ə.Sabirin məşhur "Müsəlman və erməni vətəndaşlarımıza" şeiri və "Bir
məclisdə on iki kişinin söhbəti" satirası və başqa əsərləri "Həyat" qəzetində çap
olunmuşdur. Sabirin redaksiyaya gönədərdiyi məktubunda deyilirdi ki, şair bu şeiri
Məhəmməd Həsən Tahirovun qəzetdə çıxan məqaləsindəki "Hər birimiz bu
qəzetəni oxuyub, istiqbalımız üçün iş görməliyik" şüarından ruhlanaraq yazmışdır.
Azərbaycan romantik ədəbiyyatının banilərindən olan Məhəmməd Hadi
ilk mətbu əsərlərini “Həyat”da dərc etdirmişdi. Şairin "Bəyani-həqiqət" adlı
məqaləsi qəzetin 1905-ci il 24 iyul tarixli sayında çap olunmuşdu. 1906-cı ildə
Kürdəmirdə və sonra Həştərxanda ikən Hadi bir-birinin ardınca “Həyat”a məqalə
və şeirlər göndərmişdi. Bu yazılarında şair maarif və mədəniyyəti təbliğ edir,
"elmi-əbda"nın inkişafından danışır, Azərbaycan mahallarının, əhalinin mədəni-
iqtisadi vəziyyətini təsvir etməyə çalışırdı.
“Həyat”da çap olunmuş "Tələbəlik xatiratımdan" (1906-cı il aprel) şairin
tərcümeyi-halını, xüsusilə uşaqlıq və gənclik illərini öyrənmək mümkündür. 1906-
cı ildən etibarən isə Hadi "Fyuzat" dərgisində çalışmağa başlamışdı.
Azərbaycan xalqının görkəmli ədibi Əbdürrəhim bəy Haqverdiyev
hekayələrini “Həyat”da dərc etdirmişdi. "Ayın şahidliyi", "Ata və oğul" hekayələri
müxtəlif vaxtlarda bu qəzetin səhifələrində oxuculara ərməğan edilmişdi.
XX əsrin əvvəllərində Azərbaycanın mədəni həyatında, ictimai-siyasi,
bədii-estetik fikrin inkişafında şərəfli yer tutmuş Üzeyir Hacıbəyli də öz publisistik
yazıları ilə “Həyat”da oxucularla təmas qurub. 1905-ci ildə Bakıya köçən Üzeyir
bəy Hacıbəyli "Həyat"ın 17 sentyabr 1905-ci il tarixli sayında "Bir xanım
əfəndinin bizlərə hüsni-təvəccahi" başlıqlı məqaləsi nəşr olunmuşdur. Bu məqalə
əvvəl Peterburqda çıxan "Novoya vremya", sonra isə Bakıdakı rusca nəşr olunan
"Baku" qəzetində Maqda Neyman adlı jurnalistin erməni-müsəlman davasına həsr
etdiyi yazıya cavab idi. M.Neyman yazısında azərbaycanlılar barəsində böhtan
yazmışdı. Məsələn, o göstərmişdi ki, Teymurləng ordusu nəslini (yəni
azərbaycanlıları) Şimali Amerikanın "qırmızı dəri" vəhşilərini mədəniləşdirmək
namümkündür... Bu yırtıcıların təbiəti-cinsiyyətinə mədəniyyətin bir təsiri olarmı?"
Heyranedici cəhət budur ki, Üzeyir bəy hələ 20 yaşı tamam olmamış
M.Neyman kimi "jurnalistlərə" kəskin və tutarlı cavab vermiş, Azərbaycan
68
türklərinə atılan bu böhtanı bəzi millətlərin "türk-islam" birliyindən qorxaraq
ortaya atdıqlarını yazmışdı.
Qeyd edək ki, Ü.Hacıbəyli "Həyat" qəzetində 3 ay tərcüməçi kimi işləmiş,
sonra fəaliyyətini "İrşad" qəzetində davam etdirmişdi.
Ədəbiyyat tarixinin tədqiqatçıları tərəfindən "Azərbaycana ən çox xidmət
edən pedoqoq" kimi xatırlanan Sultan Məcid Qənizadə də vaxtaşırı publisist
yazıları ilə "Həyat"da çıxış edirdi. "Lüğəti-rusi türki", "Rus dilinin dilmancı", "Rus
dilinin müəllimi", "Əlifbayi-mütəhərriki", "Kilidi-ədəbiyyat", "Lüğəti-türki və
rusi" kitablarının müəllifi olan Qənizadə ölkənin maarifçi zümrəsinin tanınmış
siması idi. XX əsrin əvvəllərində S.M.Qənizadənin dərslik və lüğətinə tələbat o
qədər qüvvətləndi ki, gənc dilşünas alim bu kitabları təkmilləşdirib, yenidən çap
etdirdi. "Həyat" qəzetində dil mübahisələrinə qatılan S.M.Qənizadə bu mövzuda
bir neçə məqalə yazmışdı.
"Həyat"ın 10 noyabr 1905-ci il tarixli sayında "Hansı dil ilə yazmalı"
məqaləsində Ə.Hüseynzadənin ümumtürk dil konsepsiyasına qarşı çıxır, fikirlərini
çox incə şəkildə əsaslandırırdı və Şirvanda "Həyat"ı oxuyub başa düşməyən
şikayətçinin dili ilə yazırdı: "A kişi, elə dil ilə yazırlar ki, oxuyanda adamın dişləri
tökülür. Axı mühərrirlər qanmalıdır ki, bunu öz dilimizlə yazsınlar ki, xalq oxuyub
anlasın". S.M.Qənizadə oxucunun rəyi ilə söhbətə müdaxilə edərək məqaləni öz
düşüncələri əsasında tamamlayır: "Axır özünüz insaf və mürvət ediniz: kasıbın
birisi həzar zəhmət ilə para qazanıb özünün və ailəsinin boğazından ildə 6 rubl
kəsir ki, qəzetə oxuyub dünya hadisatından məlumat cəm etsin. Dörd səhifəlik
süfrəni açıb qabağına qoyur. Yemək çox, lakin heç birini həzm edə bilmir".
“Həyat”ın əsas yaradıcı simalarından biri də böyük mütəfəkkir, milli teatr
və mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabi idi. Onun bu qəzetdə çoxsaylı
yazıları dərc olunmuşdu. Mədəniyyətə, maarifə, cəmiyyətin müxtəlif sahələrinə,
təbiətə, tibbə və heyvanlar aləmi barəsində Zərdabi xeyli sayda publisistik məqalə
nəşr etdirmişdi.
“Həyat”ın 8 dekabr 1905-ci il tarixli nömrəsində dərc olunan "Cəmiyyəti-
Xeyriyyə binası" məqaləsində H.Zərdabi Xeyriyyə Cəmiyyətini təsis etməklə
xalqın rifahını yüksəltməyi, onun iqtisadi-mədəni həyatını yaxşılaşdırmağı və bu
yolla məktəblərin sayının artırılmasının mümkünlüyünü düşünürdü. Böyük
publisist məqaləsində vəziyyətin müqayisəli təhlilini verərək yazırdı: "Bizim Bakı
şəhərində hər ildə mərsiyəxanalar üçün neçə min manat pul yığılır və ya fağır-
füqəra adına ondan da artıq xərc olur. Amma onlardan millətə heç bir xeyir yoxdur.
Hətta zərəri də var. Çünki bu səbəblə ilbəil mərsiyəxanaların və qeyri-dilənçilərin
qədəri də artır". Müəllif göstərirdi ki, mərsiyəxanalara yığılan həmin vəsaitə
məktəblər açılsa, peşə-sənət ocaqları yaradılsa, xeyriyyə cəmiyyətləri düzəldilsə,
xalqa çox xeyiri dəyə bilər. Sözügedən məqalədə H.Zərdabi "zamanı keçmiş,
69
dövrlə uyğunlaşmayan qədim adətləri dəyişdirib, zəmanəyə müvafiq iş görmək"
tələbini irəli sürürdü. "Halva deməklə ağız şirin olmaz" atalar misalını çəkib
ziyalıları hərəkətə keçməyə, xalqı maarifləndirməyə səsləyirdi.
H.Zərdabi mədəni tərəqqi yolunda bütün vasitələrdən söz açaraq milli
teatrın xalqa verəcəyi imkanlardan bəhs edən "Bakıda müsəlman teatrının binası"
məqaləsini “Həyat”ın 13 dekabr 1905-ci il sayında dərc etmişdi. 1873-cü ildə
H.Zərdabi Bakı real gimnaziyasının şagirdlərindən N.Vəzirovun, Ə.Adıgözəlovun
və digər tələbələrin yaxından iştirakı ilə Azərbaycan milli teatrının əsasını qoymuş,
xalqı mədəniyyətə, maarifə cəlb etməyə səy etmişdi. Müəllif öz məqaləsində o
dövrdən xeyli vaxt keçməsinə baxmayaraq, xalqın bu mədəniyyət ocağına etinasız
yanaşmasını ürək ağrısı ilə qarşılayaraq yazırdı: "Neçə il belə teatr çıxardıq isə də
Bakı müsəlmanlarına teatra getməyi öyrədə bilmədik. Çünki o vaxtda onlar gün
batandan sonra evdən çölə çıxmağı günah sayırlar".
"Əkinçi" qəzetinin yaranmasına diqqət çəkən H.Zərdabi “Həyat”ın 28
dekabr 1905-ci il və 3 yanvar 1906-cı il tarixli sayında, "Rusiyada əvvəlinci türk
qəzetəsi" məqaləsini dərc etdirmişdi. Mətbu sözün imkanlarını xalqın
maariflənməsində, dirçəlişində əsas faktorlardan biri hesab edən böyük mütəfəkkir
yazırdı: "Bir bulağın suyunun altına nə qədər böyük daş qoysan, bir neçə ildən
sonra o su tökülməkdən o daş mürur ilə əriyib deşilir, habelə söz də beyinlərə əsər
edər, "sonra düşmənin düşmənliyi, dostun dostluğu və dost göstərən yolun doğru
olması aşkar olar".
"Həyat"dakı kəskin yazılarında H.Zərdabi dövlət qulluqçularının rüşvət
almasına, pul gücünə onların haqqının tapdanmasına, ədalətli deyil, ədalətsizliyi
müdafiə etmələrinə etiraz edir, xalqı bu eybəcər üsullara qarşı müqavimətə
səsləyirdi. "Kənd mirzələrindən xilas olmalıyıq" məqaləsində müəllif əyalətlərdə
özbaşınalıqdan, qanunsuz əməllərdən yazırdı: "Bizim kənd əhli heç ağ gün
görməyib. Onu həmişə söyüb-döyüblər, ondan rüşvət alıblar. Belə pərvəriş tapan
adamı heç inandırmaq olmaz ki, dünyada təmiz adam ola".
Rüşvət verməyə onlar adət edirlər və rüşvət alanı da çox yaxşı adam hesab
edirlər. Məqalənin çapından bir əsrdən çox keçməsinə baxmayaraq sanki bu sitat
müasir Azərbaycan jurnalistikasının hansısa bir nümunəsindən götürülüb və bu
problem indi cəmiyyəti ən çox düşündürən məsələdir.
"Həyat" qəzetinin 4 və 11 yanvar 1906-cı il tarixli saylarında dərc olunan
"Zindəganlıq davası və yaxud dirilik mübarizəsi" və "İttihadi-lisan" sərlövhəli
məqalələrində maarifçi demokrat cəbhəsinin komandanı olan Həsən bəy həqiqi
vətənpərvərliyi, əsil insaniyyəti xalqı qəflət yuxusundan oyatmaqda görür və xalqa
üz tutub deyirdi: "Oxuyun, elm təhsil edin". O, "İttihadi-lisan" məqaləsində elmsiz
cəmiyyəti qaranlıq otağa bənzədirdi: "Elm təhsil etməyə başlayan tayfa qaranlıq
otağın qapısını açıb çölə çıxan kimidir ki, bu zaman günün işığı onun gözlərini
70
nurlandırmaqdan başqa, otağın da içinə daxil olub, orada olan şeyləri artıq
işıqlandırıb bir qeyri-surətə salır".
Tibbə, təbiətə, gigiyenik qayda-qanunlardan bəhs edən publisistik
yazılarda Həsən bəy Zərdabi insanlara xarici aləm barəsində təsəvvürlər
formalaşdırmağa, hadisə və proseslərin səbəbini doğru anlamağa kömək edən
maarifçi mövqe nümayiş etdirirdi.
Görkəmli ictimai-siyasi xadim, yazıçı-dramaturq, publisist Nəriman
Nərimanov da "Həyat"ın mətbu imkanlarından yararlanmış, müxtəlif səpkili
yazılarını dərc etdirmişdi. N.Nərimanov dövrün tələblərinə uyğun olaraq felyeton
janrında qələmə aldığı 50-dən çox yazını "Həyat"ın səhifələrində çap etdirərək
oxuculara çatdırmışdı.
N.Nərimanovun "Həyat"dakı publisist yazılarında əsasən 1905-ci il
inqilabı, onun Azərbaycana təsiri, xalqın milli oyanışı prosesləri öz əksini
tapmışdır.
Publisistikasında öz fikir və düşüncələrini daha asan yolla xalqa çatdırmaq
üçün N.Nərimanov müxtəlif ədəbi-bədii vasitələrdən ustalıqla istifadə edirdi. Şifahi
xalq ədəbiyyatından, klassik Azərbaycan yazıçılarının və Qərb mütəfəkkirlərinin
əsərlərindən nümunələr gətirərək felyetonlarını, məqalələrini maraqlı və oxunaqlı
şəklə salırdı. Ana dili məsələsinə önəm verən publisist bu mövzuya "Həyat"da dərc
etdirdiyi yazılarda doğma dilin incəliklərinə toxunur, həmçinin Azərbaycanı azad
və firavan görmək istəyirdi. Vətən, ana dili, insan anlayışlarına sosial məzmundan
fərqli bədii yanaşma tərzi ortaya qoyan Nərimanov "Həyat"ın 30 iyul 1906-cı il
tarixli sayında yazırdı: "Vətən insanın evidir. Necə ki, evində hər bir şeyə ixtiyarın
var, necə ki, evin bədbəxtliyi səni qəm dünyasına mübtəla edir, xoşbəxtliyi şad
edir, elə də özün üçün Vətən bildiyin məmləkətdə ixtiyarın gərəkdir ola, onun
bədbəxtliyi gərək ürəyini dağlaya, xoşbəxtliyi səni şad-xürrəm edə".
N.Nərimanovla yanaşı, “Həyat”da "Dərviş" imzası ilə felyetonlar çap
etdirən Nəcəf bəy Vəzirov da çalışırdı. O, qəzetdə "Balaca mütəfərriqə" başlığı
altında "Dərviş" imzası ilə 50-dən çox felyeton çap etdirmişdi. N.Vəzirov çap
etdirdiyi ədəbi-bədii əsərlərdə cəhalətin və islam fanatizminin, mövhumatm
törətdiyi nəticələri tənqid edirdi. "Həyat"ın 21 iyun 1905-ci il tarixli sayında dərc
etdirdiyi felyetonda müəllif yazırdı: "Ömrümdə hər nə şikayətim varsa, hamısı o
məni təngənəfəs edən cəhalətdir. Xudaya, nə vaxt o zülmətdən xilas olacağıq?"
Dostları ilə paylaş: |