Azərbaycanda dövrü mətbuatın yaranması.
"Əkinçi" qəzeti"
XIX yüzilliyin 50-60-cı illəri Azərbaycanda feodal üsul-idarəsinin süquta
uğradığı və yeni kapitalist münasibətlərinin inkişafı ilə xarakterizə olunur.
Rusiyada təhkimçilik, Azərbaycanda isə feodal münasibətlər məhsuldar
qüvvələrin, kapitalizmin inkişafına böyük əngəl idi. 1861-ci ildə Rusiyada
təhkimçilik hüququnun ləğvi burada kapitalizmin inkişafına əlverişli şərait yaratdı.
1864-cü ildə Gürcüstanda təhkimçilik hüququnun ləğvindən sonra, daha dəqiq,
1870-ci ildə Azərbaycanda da kəndli islahatlarını həyata keçirmək üçün əsasnamə
imzalandı. Əslində bu əsasnamədə yeni bir şey yox idi və o, 1847-ci il əsasnaməsi
ilə eyniyyət təşkil edirdi. Fərqlilik isə ondan ibarət idi ki, kəndlilərin asılılığı
azaldılır, hər 15 yaşa çatmış şəxsə 5 desyatin torpaq verilirdi. Əslində əsasanmənin
icrası zamanı torpağı 5 desyatindən aşağı olanlara əlavə torpaq verilmədi,
kəndlinin yaşayış binasının, təsərrüfat tikililərinin sahəsi də pay torpaqlarına daxil
edildi. Kəndlilərdən yığılacaq vergilər də əvvəlki əsasnamədə nəzərdə tutulduğu
kimi qaldı. Torpaq islahatları ilə yanaşı, Azərbaycanın bölgələrində məhkəmə,
şəhər və inzibati idarə islahatları da həyata keçirilmişdi. Formal şəkildə aparılan bu
dəyişikliklər feodal istehsal münasibətlərinin kapitalist münasibətləri ilə
əvəzlənməsindən doğurdu. Qafqazdakı ali hakimiyyət burada çar canişinlərinin
əlində cəmlənmişdi. Quberniyaları bütün mülki və hərbi hakimiyyətə sahib olan
qubernatorlar idarə edirdilər. Quberniyalar isə qəzalara bölünürdü. Keçirilən bu
islahatların əsas məqsədi çarizmin Qafqazda həyata keçirdiyi müstəmləkəçiliyi
13
möhkəmlətməkdən ibarət idi. İnzibati-ərazi bölgüləri yaradılarkən bu və ya digər
daxil edilən əhalinin milli tərkibi, onun tarixi-dini ənənələri nəzərə alınmırdı.
Bu islahatların yarımçıq, formalizm xatirinə keçməsinə baxmayaraq
məhsuldar qüvvələrin və kapitalizmin önə çıxması, inkişafı üçün az da olsa
imkanlar yarandı. İqtisadiyyatı, sənayesi Rusiya bazarları ilə formalaşan
Azərbaycanda kənd təsərrüfatının, sənayenin tərəqqisi ləng olsa da inkişafa
meyilləndi.
1860-cı illərdən sonra neft sənayesinin mərkəzi olan Bakıda yeni istehsal
münasibətləri, kapital axını gücləndi. Bu müddətdə neftverən torpaqların
icarədarları arasında Azərbaycan burjuaziyasının yeganə nümayəndəsi Hacı
Zeynalabdin Tağıyev idi.
Neftə olan tələbat və Bakının enerji qaynaqları neft sənayesinə rus və
xarici kapitalın axınına səbəb oldu. 1879-cu ildə "Nobel qardaşları" şirkəti,
Rotşildin simasında fransız kapitalı nüfuz etdi. Daha sonra digər xarici ölkələrin
nümayəndələri də Bakı neft sənayesində mövqe savaşına başladılar. İstehsalın
sürətlə artması sənayeçilərə külli miqdarda qazanc gətirdi. Az vaxtda Bakıda
onlarla neft sənayesi meydana çıxdı ki, onların arasında azərbaycanlı
sahibkarlardan H.Z.Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarov, Ş.Əsədullayeva
və başqaları var idi.
Kapitalizmin inkişafı, cəmiyyətdə baş verən mütərəqqi dəyişikliklər
Azərbaycanın
müxtəlif
bölgələri
arasında
iqtisadi
birliyin
təməlini
möhkəmləndirdi, xalqın dili, mədəniyyəti ön plana çıxdı və Azərbaycan xalqı
burjua milləti kimi formalaşmağa başladı. Burjua millətinin yaranması
azərbaycanlıların həyatında mühüm tarixi hadisə idi. Bu, azərbaycanlıların milli
şüurunun formalaşmasına səbəb oldu. Milli şüurun formalaşması isə müstəmləkə
zülmünə qarşı mübarizə üçün çox vacib idi.
Şimali Azərbaycanın da daxil olduğu Rusiya imperiyasının tərkibində
müstəmləkə əsarətində müxtəlif xalqlar və millətlər yaşayırdılar. Çarizm
imperiyasına daxil etdiyi millətlərin baş qaldırmasına, öz azadlığı uğrunda
mübarizəyə qalxmasına mane olurdu, "parçala, hökm sür" siyasətini həyata
keçirirdi. Xalqları əsarət altında saxlamaq üçün çarizm onları dini xurafat içində
saxlamağa, savadlanmasına mane olmağa çalışır, ruslaşdırma siyasəti həyata
keçirirdi. Çarizm yerlərdə müstəmləkə zülmünə qarşı hər hansı etirazı qan içində
boğurdu. Belə bir şəraitdə Azərbaycan milli burjuaziyası, xalqın qabaqcıl
nümayəndələri xalqı savadlandırmaq, gözünü açmaq, maarifləndirmək üçün
əllərindən gələni edirdilər.
Kövrək addımlarını atan Azərbaycan milli burjuaziyasının və dövrün
görkəmli şəxsiyyətlərinin səyi ilə XIX əsrin ikinci yarısında maarif inkişaf etməyə
başladı. Təhsil sahəsində bəzi dəyişikliklər həyata keçirildi. Məktəblərdə ana
14
dilinin tədrisinin həyata keçirilməsində M.F.Axundovun, Səid Ünsizadənin,
S.Ə.Şirvaninin xidmətləri danılmazdı. S.Ünsizadənin Şamaxıda açdığı məktəbdə
şəriətlə yanaşı, fəlsəfə, məntiq, psixologiya, islam dininin tarixi, həmçinin rus və
ana dili tədris olunurdu.
Maarifçiliyin geniş intişar tapmasında bu şəxsiyyətlərlə yanaşı, görkəmli
maarif xadimləri Məhəmməd Tağı Sidqi, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov,
S.M.Qənizadənin
xidmətləri
böyükdür. Azərbaycan maarifçilər nəslinin
nümayəndələri olan bu şəxsiyyətlər xalqın savadlanması, dövrün mütərəqqi
ideyaları ilə tanış olmaları üçün mətbu orqanın imkanlarını yaxşı anlayırdılar.
Məhz buna görə də onlar anadilli mətbu orqan yaratmaq üçün fəaliyyətə keçdilər.
Bütün çətinliklərə baxmayaraq bu işə Həsən bəy Zərdabi başladı.
Bu dövrdə Azərbaycanın ictimai-siyasi həyatının ən mühüm amillərindən
biri milli mətbuatın yaranması oldu.
Həsən bəy Zərdabi (Məlikov) 1837-ci ildə Göyçay qəzasının Zərdab
kəndində doğulub. Bu böyük mütəfəkkirin doğum tarixi ilə bağlı müxtəlif fikirlər
var və yaxın zamanlaradək Zərdabinin 1842-ci ildə anadan olması elmi-tədqiqat
materiallarında əksini tapırdı. Lakin Həsən bəyin həyat yoldaşı Hənifə xanım
Məlikova (Abayeva) öz xatirələrində Zərdabinin doğum tarixini 1837-ci ilin
noyabr ayının 12-də olduğunu yazır.
Həsən bəyin babası Rəhim bəy və atası Səlim bəy mülkədar sinfinə
mənsub idilər və şeirə, poeziyaya həvəs göstərirdilər. Evlərindəki qonaqlıq
məclislərinə daim şairlərinə gəldiyi haqda Hənifə xanım Abayeva Həsən bəyə
istinadən öz xatirələrində qeyd edir .
Həsən bəy 7-8 yaşlarında Şamaxıda rus dilində olan şəhər məktəbinə
gedir, təhsilini əla qiymətlərlə bitirdikdən sonra Tiflis gimnaziyasına daxil olur.
1861-cı ildə Tiflis gimnaziyasını müvəffəqiyyətlə bitirərək hökumət hesabına
Moskva universitetinin fizika-riyaziyyat fakültəsində təhsilini davam etdirir.
Moskvada Həsən bəy Zərdabi dövrün mütərəqqi ideyaları ilə tanış olur, ziyalılarla
ünsiyyət qurur və özünün növbəti kamillik mərhələsini yaşayır.
1865-ci ildə Moskva Universitetini elmlər namizədi diplomu ilə başa
vuran Zərdabinin qarşısında gözəl perspektivlər açılır. Onu universitetin rektoru
S.M.Solovyovun ailəsi də yaxşı tanıyır və böyük hörmətlə qəbul edir . Bu barədə
Hənifə xanım Abayeva xatirələrində yazır: "Solovyov Şərqlə, xüsusən də islamla
çox maraqlanırdı. Onun ailəsində Həsən bəyin Qafqaz, bu diyarın adət-ənənələri,
əxlaqı barəsindəki söhbətlərə maraqla qulaq asırdılar. Solovyov tez-tez Həsən
bəyin islamla bağlı məsələlərə dair izahatlarını dinləyir, eşitdiklərinin çoxunu qeyd
edirdi. Daim Solovyovun evində olan Həsən bəy onun qızını həqiqi məhəbbətlə
sevirdi. Bu məsələdə qızın da münasibəti eyni dərəcədə həqiqi və ciddi idi. Lakin
Həsən bəy yaxşı bilirdi ki, əgər o, ali təhsil almış ilk müsəlman xristian qızına
15
evlənsə, xalq həm özündən, həm də xanımından birdəfəlik üz döndərər. Ona görə
də Həsən bəy ürəkdən sevdiyi qızla nikaha girməkdən imtina etdi və təhsilini başa
vuran kimi doğma xalqına xidmət üçün vətənə qayıtdı". Bu kiçik xatirə
parçasından göründüyü kimi Moskvada təhsil aldığı dövrdə o, öz həyatını, əgər
belə demək mümkündürsə, proqramlaşdırmış, xalqına xidmət meyarlarını
müəyyənləşdirmişdi. Bu meyarlar isə özünü xalqına həsr etməkdən, onun
maariflənməsi və tərəqqisinə çalışmaqdan ibarət idi.
Moskvadan geri dönən Həsən bəy Tiflisdə "Mejevaya palata"da, yəni
torpaq işləri ilə məşğul olan idarədə çalışdı. 1868-ci ildə Quba məhkəməsində katib
kimi fəaliyyət göstərdi, baş verən qanunsuzluqlara, ədalətsizliklərə etiraz etdi və
idarə işlərindən əl çəkib Bakıya döndü, gimnaziyadan təbiyyatdan dərs dedi. O
dövrdə azərbaycanlılardan gimnaziyada təhsil alanları barmaqla saymaq olardı.
Xalqın maariflənməsi naminə Həsən bəy az qala qapı-qapı gəzərək həmvətənlərini
təhsilə cəlb etməyə çalışırdı.
Xalqın tərəqqisini onun maariflənməsində görən Həsən bəy Zərdabi
mədəni yüksəliş naminə fərqli vasitələrə baş vurmuş, müxtəlif ideyaları həyata
keçirmişdi. "Müsəlman şagirdlərinə yardım cəmiyyəti" təsis edir və gimnaziyadakı
tələbələri olan Nəcəf bəy Vəzirov və Əsgər ağa Adıgözəlov (Gorani) ilə birlikdə
bütöv bir yayı Azərbaycanın kənd və şəhərlərini dolaşır. Onun tələbələrin təhsil
xərclərini ödəmək üçün yaratdığı ilk xeyriyyə cəmiyyətinin fəaliyyəti o qədər də
uğurlu alınmadı. Böyük çətinliklə də olsa, Həsən bəy 1600 manata qədər pul
toplayır və bu vəsaitin faizi ilə ildə 1-2 nəfərin təhsil haqqını ödəyir. Bu işlə yanaşı
Həsən bəy öz mənzilində pansionat açır, hər il on nəfər azərbaycanlı uşaq bu
pansionata qəbul olunur və gimnaziyaya daxil olmaq üçün hazırlanır. 1872-ci ildə
ailə həyatı qurduğu Tiflisdə nəcib qızlar İnstitutunu bitirmiş Hənifə xanım
Abayeva da təlim-tərbiyə işlərində ərinin ən yaxın köməkçisi olur. Millətin
maariflənməsi yolunda Həsən bəyin göstərdiyi səyləri Hənifə xanım xatirələrində
belə təsvir edir: "O, bir nəfər dəmirçini öz uşağını gimnaziyaya verməyə razı
salmışdı. Uşağı gimnaziyaya dövlət hesabına düzəltmişdi. Atası oğluna dərs vəsaiti
almaqda çətinlik çəkdiyini deyəndə, Həsən bəy məsləhət görmüşdü ki, "çəkic-
zindanını sat, amma oğlunu oxut". Bu yolla o, müsəlmanları maarif üçün də xərc
çəkməyə alışdırmaq istəyirdi".
1873-cü ilin Novruz bayramı günlərində Həsən bəyin rəhbərliyi və iştirakı
ilə Azərbaycan mədəniyyəti tarixində inqilab adlandırıla biləcək hadisə, milli
teatrımızın əsası qoyuldu. Milli dramaturgiyamızın banisi M.F.Axundovun artıq
Tiflis və Peterburq teatrlarında tamaşaya qoyulan, Avropa şərqşünaslarının
diqqətini cəlb edən "Hacı Qara" komediyası öz vətənində oynanıldı. Gözlənilməz
xəbəri eşidən Mirzə Fətəli Axundov Zərdabiyə minnətdarlıq dolu məktub
ünvanlayır.
16
Təbii ki, Həsən bəyin gördüyü işlərin hamısı millətin tərəqqisi naminə
edilən, mayası vətənpərvərlikdən doğulan işlər idi. Azərbaycanın o zamankı tarixi
inkişaf səviyyəsində ən təsirli, münasib vasitələrdən birinin mətbu söz olduğunu
H.Zərdabi duymamış deyildi. O ana dilində qəzet nəşr etmək fikrinə hələ Qubada,
mahal məhkəməsinin katibi işlədiyi dövrdə gəlmişdi. Böyük Azərbaycan
maarifiçisi Abbasqulu bəy Bakıxanovun qardaşı tələb olunan maliyyə xərclərini öz
üzərinə götürürdü. Zərdabi "Həyat" qəzetinin 28 dekabr 1905-ci il tarixli sayında
"Rusiyada əvvəlinci türk qəzeti" məqaləsində yazır: "Hər kəsi çağırıram gəlmir,
göstərirəm görmür, deyirəm, qanmır. Axırda gördüm ki, onları haraylayıb
çağırmaqdan, onlara deməkdən başqa bir qeyri-əlac yoxdur. Olmaz ki, mənim
sözümü eşidənlərdən heç bir qanan olmasın. Necə ki, bir bulağın suyunun altına nə
qədər bərk daş qoysan, bir neçə ildən sonra su tökülməkdən o bərk daş mürur ilə
əriyib deşilir, habelə söz də, ələlxüsus da doğru söz. Belədə qəzet çıxarmaqdan
savayı bir qeyri-əlac yoxdur".
Bu böyük maarif fədaisi "Əkinçi"nin nəşri ərəfəsindəki qayğılarından söz
açaraq xatırlayırdı: "Bəs qəzeti necə çıxardım? Pul yox, yazıçı yox, çapxana yox,
hürufat yox, əmələ yox, bir-iki yüzdən artıq da oxuyan olmayacaq. Dövlət
tərəfindən izn almaq da ki, bir böyük bəladır".
O zaman Qafqazda ərəb əlifbası ilə hürufat yox dərəcəsində idi. Vaxtilə
"Tfilisskiye vedomosti" və "Zakavkazskiy vestnik" qəzetlərinin, habelə Arzanov
qardaşlarının Tiflisdəki mətbəələrindən qalmış ərəb hürufatına bel bağlamaq
olmazdı. Azərbaycan dilində qəzet buraxılması işinə milli mətbəənin təşkilindən,
hürufat tədarükündən başlamaq lazım idi ki, Zərdabi məhz belə etdi.
O dövrdə İstanbulun "Babi-ali caddəsi"ndə mətbuat və kitab ticarəti
sahəsində çoxlu azərbaycanlı işləyirdi. Xatirələrində Zərdabi onların "Əkinçi" üçün
hürufat əldə etməyə böyük kömək göstərdiklərini ayrıca qeyd edir. Yeni və
müstəqil mətbəə açmaq mümkün olmadığından Bakı quberniya mətbəəsindən
istifadə etməyi qərarlaşdırmış Zərdabi hürufatı da ora satdı.
Dostları ilə paylaş: |