"Həyat" qəzeti: ictimai-siyasi
və ədəbi istiqamətləri
1905-ci il iyunun 7-də "Həyat" qəzeti nəşrə başladı. Həyata çox
ziddiyyətli, təlatümlü mürəkkəb bir dövrdə "qədəm basan" bu mətbu orqanını
jurnalistika tariximizin araşdırıcıları 1905-1906-cı illərin fikir, düşüncə və
mübarizə salnaməsi adlandırırlar.
“Həyat”ın məram və məqsədlərini aydınlaşdırmaqdan öncə Rusiyada baş
verən ictimai hadisələr, siyasi gərginliklərlə müşayiət olunan proseslərə diqqət
yönəltmək gərəkdir. 1905-ci ilin yanvarın 9-da Peterburqda çara ərizə ilə müraciət
etməyə toplaşmış dinc nümayişçilərin gülləbaran edilməsi ilə başlayan və bütün
Rusiya ərazilərinə yayılan inqilab iri sənaye mərkəzlərindən olan Bakıda da ciddi
etirazlarla, siyasi gərginliklərlə müşayiət olundu. Şəhərdə tətil və nümayişlər
başladı.
61
“Həyat”ın fəaliyyətə başladığı ilk iki ayda - iyun və iyul aylarında
Bakıdakı sənaye müəssisələrinin dörddə üç hissəsini tətil bürüdü. Çar quruluşu
idarəsinin zəifləməsindən istifadə edən Tiflis və Bakıda özlərinin siyasi
mərkəzlərini yaratmış Daşnaksütyun Partiyasının üzvləri və Erməni Milli Şurasının
nümayəndələri açıq-aşkar yerli müsəlman əhalisinə, Azərbaycan xalqına qarşı
terror və təxribat törədirdilər. Tarixə erməni-müsəlman davası kimi düşmüş,
əslində ermənilərin Bakıda, Naxçıvanda, Qarabağda və Zaqafqaziyanın
azərbaycanlılar yaşayan hissələrində törətdikləri qətliamlar sistemli şəkil almışdı.
1905-ci ilin fevral ayının ilk ongünlüyündə Bakıda qırğınlar törədildi, dinc əhali
dəhşətli günlər yaşadı. Belə bir ağır şəraitdən çıxmaq üçün informasiya və təbliğat
vasitəsinə ciddi ehtiyac var idi. Zamanın tələblərinə uyğun olaraq gündəlik qəzet
nəşr etmək məsələsi Azərbaycan ziyalılarını düşündürürdü. 1905-ci ilin martın 15-
də Azərbaycan xalqının həyatında geniş fəaliyyət sferası ilə dərin iz buraxmış,
mesenant Hacı Zeynalabdin Tağıyevin mənzilində toplaşmış ziyalılar bir çox
önəmli məsələlər kimi gündəlik qəzet nəşr etməyi də müzakirə etdilər. 1905-ci il
aprelin 16-da dövrün görkəmli ziyalıları Əli bəy Hüseynzadə və Əhməd bəy
Ağaoğlu Peterburq baş Mətbuat İdarəsinə "Həyat" adlı qəzet nəşr etmək istəyini
ərizə ilə bildirdilər. H.Z.Tağıyevin böyük nüfuzu və işə qarışması ilə 1905-ci il
aprelin 22-də Qafqaz Canişini Vorontsov Daşkov "Həyat"ın nəşrinə icazə verdi.
Lakin "Həyat"ın ideya-siyasi məzmunu ikiqat senzuraya məruz qaldı. Belə ki,
qəzetin dərc etdiyi mühüm əhəmiyyətli yazılar rus dilinə tərcümə edilib Tiflis
Senzura Komitəsinə göndərildi. Qəzetin məzmunu, ideya istiqamətləri milli
mövqedə dayanan Əlimərdan bəy Topçubaşov (naşir), Əli bəy Hüseynzadə (baş
redaktor) və Əhməd bəy Ağaoğlu (1905-ci ilin axırlarınadək baş redaktor)
tərəfindən həyata keçirilirdi.
"Həyat"a qarşı təzyiq və təhdidlər, senzorun ağır şərtləri qəzetin nəşrinin
ilk aylarında özünü açıq büruzə verdi. İlk sayın çıxmasından ay yarım sonra erməni
senzorların təhriki ilə Senzura Komitəsinin sədri Qallel "Həyat"ın çapının
dayandırılması üçün Qafqaz canişinliyinə müraciət etdi. Senzura Komitəsi qəzeti
və onun redaktoru Əhməd bəy Ağaoğlunu "panislamist ideyaların alovlu
pərəstişkarı", "bütün müsəlmanların xəlifəsi sayılan türk sultanının nüfuz və
qüdrətinin artmasının tərəfdarı" kimi qələmə verirdilər. Digər tərəfdən “Həyat”ın
yaradıcı heyəti "qatı islamın tərəfdarları" kimi suçlanır və antierməni təbliğatı
nəticəsində Qafqazda müsəlman fanatizminin alovlanacağı iddia edilirdi. Halbuki
antitürk, antimüsəlman mövqeyi ilə Bakıda və Qafqazın bəzi bölgələrində nəşr
olunan erməni qəzetləri düşmənçilik ovqatı yaradır, Qafqaz Canişinliyi və Senzura
Komitəsi isə onlara heç bir irad bildirmirdi.
Senzura
Komitəsinin
Qafqaz
Canişinliyinə
müraciətində
Ə.Hüseynzadənin və Ə.Ağaoğlunun "islamın təmizliyi və ilkinliyini qorumaq
62
üçün" çarizmə və ruslara qarşı barışmaz mövqedə dayandığı ayrıca vurğulanırdı.
Bu böhtan kampaniyası təsadüfi deyildi. Ermənilər Əlibəy Hüseynzadə və Əhməd
bəy Ağaoğlu birliyinin nəticəsində real bir qüvvənin formalaşdığını və "Həyat"
qəzetinin bu birliyin nəticəsində ortaya çıxdığının fərqində idilər.
"Həyat"ın ilk sayında dərc olunan "Qəzetimizin məsləki" sərlövhəli
məqalədə mətbuatın xalqın həyatında, cəmiyyətin inkişafında önəmi vurğulanırdı:
"Baş məqalədə göstərilirdi ki, Qərb ölkələrində, hətta əhalisi 4-5 milyon nəfər olan
ölkələrdə 300-400 qəzet buraxılır. Mədəni millətlər qəzeti "bəşəri ehtiyacların ən
zərurilərindən" sayırlar. Həmin ölkələrdə insanlar qəzet oxumağa öyrəniblər,
çaysız-çörəksiz dolana bilmədikləri kimi, qəzetsiz də keçinə bilmirlər. Mətbuatın
cəmiyyətin inkişafında, xalqın maariflənməsi və tərəqqisindəki rolu məqalədə belə
qiymətləndirilirdi: "İnsan üçün munis bir yoldaş, xeyirxah bir müəllim, nafiz bir
məktəbdir, həm də zillətdə qalanlara doğru yolu, hidayət yolunu göstərir".
Məqalədə "bütün qəzetləri faydalı hesab etmək olarmı" sualına cavab da axtarılır.
Bu cavab isə ondan ibarətdir ki, zərərli fikirləri yayan, adamları pis yola dəvət edən
mətbu orqanlar da var ki, bu cür qəzetlər peşə prinsiplərindən uzaqdırlar.
"Həyat"ın yayılma arealına nəzər yetirsək, deyə bilərik ki, qəzet təkcə
Qafqazda deyil, Volqaboyunda, Orta Asiyada, İranda və Türkiyədə yayılırdı.
Məşhur tatar şairi Abdulla Turkay "Həyat"a şeir həsr etmiş və uzaqgörənliklə
ermənilərin bu qəzetə düşmən kəsiləcəklərini söyləmişdi.
"Həyat" geniş coğrafi məkanda yaşayan türk və müsəlmanların milli
oyanışı ilə eyni vaxtda meydana çıxmış və bu oyanışın davamlı prosesə
çevrilməsində mühüm rol oynamışdı.
"Həyat" baş məqalədə məram və məqsədlərini oxucuya daha dolğun
çatdırmaq üçün ümmət və millət məsələlərinə, ana dilinin inkişafına, maarifçiliyə
dair baxışlarını izah edərək yazırdı ki, Azərbaycan türkləri "tazə-cavan bir
millətdir, həyatın dürr-kəmalə doğru gedən yolun əvvəlindədir", "qəzetimiz həyatın
mənafeyi-həqiqiyyəsinə, ovsaf və şəriyyəsinə agah bulunduğundan həyati-
ictimaiyyeyi-milliyyəmizin nigahbanı olub daxildən və ya xaricdən hər cür tərəqqi
və təkamülə qarşı zühur edən maniə və müşkülata müqabilə" edəcəkdir. 1905-ci
ildə çıxan ilk sayında "Həyat" öz məsləkini, ideya istiqamətlərini bu cür şərh
edirdi.
Ümumən XX əsr ictimai-siyasi və ədəbi-fəlsəfi fikir tarixində böyük rolu
olan Əlibəy Hüseynzadə "Həyat" qəzeti və "Fyuzat" dərgisi ilə Azərbaycanda milli
məfkurənin, türkçülük hərəkatının genişlənməsinə öncüllük etdi.
1864-cü ildə Salyanda doğulan Əlibəy Hüseynzadə ilk təhsilini Tiflisdə
Azərbaycan dilindən və şəriətdən dərs deyən atasından almışdır. Ə.Hüseynzadənin
təhsili ilə sonra babası Qafqazın şeyxülislamı Əhməd Səlyani məşğul olmuşdu.
63
Şeyx Əhməd şəriət məsələləri ilə yanaşı, Azərbaycan ədəbiyyatı ilə də ciddi
məşğul olmuş, Mirzə Fətəli Axundov ilə dostluq etmişdi.
Atasının müəllimlik etdiyi məktəbi bitirdikdən sonra Əli bəy Hüseynzadə
1875-1884-cü illlərdə Tiflis klassik gimnaziyasında təhsil almışdı.
Əli bəy Hüseynzadə ibtidai və orta təhsil aldığı bu məktəblər barədə
təəssüratını "Həyat" qəzetinin 1906-cı il tarixli 185-ci sayında belə şərh edirdi: "Bu
təhsili-ibtidaim Qurani-Kərimin qiraəti ilə farsı-əlifbaya, Tarixi Nadirin və
Gülüstani-Sədinin mütaliəsinə münhəsir qaldı. Məncə buradakı çalışmamızın qismi
əzəmi havaya getdi, çünki türk olduğum halda türkcə bilmədim, müsəlman
olduğum halda Quranı anlamadım".
Babası Şeyx Əhməd Salyani Əli bəyin təhsilini davam etdirmək üçün onu
1885-ci ildə Peterburqa göndərdi. O, fizika-riyaziyyat fakültəsinə daxil olaraq
Mendeleyev, Vaqner, Berketov kimi məşhur professorlardan təhsil aldı. İxtisas
dərslərini oxumaqla yanaşı, Əli bəy bir tərəfdən, Homeri, Danteni, Şekspri,
Bayronu, Şilleri və Höteni mütaliə etmiş, digər tərəfdən Şərq dilləri fakültəsində
məşhur şərqşünas Jukovskinin "Ömər Xəyyam haqqında mühazirələri"ni
dinləmişdi.
Ə.Hüseynzadə təhsil illərində Hartmanın, Şopenhaurenin və digər Qərb
filosoflarının əsərlərini öyrənmiş, Volter, Monteskye, Bekker, Rikardo, Furye,
Adam Smit kimi iqtisadçıların nəzəriyyələri ilə tanış olmuşdur.
1889-cu ildə Peterburq Universitetini bitirdikdən sonra Əli bəy
Hüseynzadə 1890-cı ildə İstanbula gedir və İstanbul hərbi-tibb məktəbinə daxil
olur. Bu illər Türkiyədə gənc türklər hərəkatının meydana çıxdığı, osmançılıq,
türkçülük ideyaları ətrafında disskusiyaların aparıldığı, gizlin cəmiyyətlərin
qurulduğu vaxt idi. Məhz bu illərdə Ə.Hüseynzadə Türkiyədə "İttihadi-Tərəqqi"
Cəmiyyətinin qurucularından biri olur. Böyük Azərbaycan mütəfəkkiri ömrünün
sonlarına yaxın qələmə aldığı məqalələrin birində "İttihadi-Tərəqqi" Cəmiyyətinə
daxil olmasını xatırlayaraq yazır ki, nənəsinin Şirvandan ona göndərdiyi pulu
ittihadçılara kömək məqsədi ilə vermişdi.
1895-ci ildə hərbi-tibb məktəbini həkim yüzbaşı rütbəsi ilə bitirən
Ə.Hüseynzadə hərbi xəstəxanada fəaliyyətə başlayır. Onun qələm təcrübələrinin
nəşri də bu illərə təsadüf edir. O, alman şairi Bodenştedtin "Ömər Xəyyam"
haqqındakı əsərini türkcəyə tərcümə edib "Ramazan baxçası" adlı məcmuədə,
Faustdan və Heynedən etdiyi tərcümələri isə Səlyani imzası ilə "Məlumat"
məcmuəsində çapa verir. Ə.Hüseynzadə Türkiyədə çox qala bilmir və 1903-cü
ildə, 39 yaşında Bakıya qayıdır. Əli bəyin gəlişinin səbəbləri barəsində məşhur türk
araşdırmaçısı Əliheydər Bayat yazır: "İttihadi-Tərəqqi" Cəmiyyəti mənsubu kimi
polisin təqibi altında olduğundan Hüseynzadə Əli bəy 1903-cü ildə Azərbaycana
döndü". Mətbuat tariximizin sanballı araşdırıcısı, professor Əziz Mirəhmədova
64
görə isə Əli bəy Hüseynzadə Azərbaycanda türkçülük hərəkatını genişləndirmək,
millətçilik şüurunu oyatmaq üçün "İttihadi-Tərəqqi"çilərin tövsiyyəsi ilə Vətənə
dönmüşdü. Bakıya qayıtdıqdan sonra o, bir çox ziyalılarla ünsiyyətdə oldu və
Ə.M.Topçubaşovun redaktoru olduğu "Kaspi" qəzetində məqalələr nəşr etdirdi.
Vətənə dönüşündən iki il sonra Əli bəy mətbuat tariximizə şərəfli səhifələrini
yazmış “Həyat”ın yaradıcılarından biri kimi daxil oldu.
"Həyat"da Əli bəy Hüseynzadənin 50-yə yaxın tarixi-publisistik, siyasi-
fəlsəfi məqalələri dərc olundu. İctimai-siyasi və fəlsəfi fikir tariximizin böyük
şəxsiyyətinin mətbu irsini görkəmli tədqiqatçısı, filologiya elmləri namizədi Ofelya
Bayramova gərgin zəhməti və elmi axtarışları bahasına tədqiq etmiş,
sistemləşdirmiş və kitab halında oxuculara çatdırmışdı.
"Həyat"ın əsas qayəsi vətənə, xalqa, türkçülüyə xidmət idi. Professor
Ə.Mirəhmədov "Türklüyə xidmət nümunəsi" məqaləsində qeyd edir ki,
“Həyat”çıların əsas yaradıcılıq yolu ədəbiyyat, mətbuat və fəlsəfəyə xidmət,
həmçinin, sosial kredosu azadlıq və milli birlikdir.
1905-ci il iyunun 7-dən 1906-cı il sentyabrın 3-nə qədər “Həyat”ın 325
nömrəsini buraxmaq mümkün oldu. Bunlardan 131-i 1905-ci, 194-ü isə 1906-cı
ildə işıq üzü görmüşdü. “Həyat”ın 101-ci sayı Əli bəy Hüseynzadə və Əhməd bəy
Ağayevin redaktorluğu ilə çıxmışdır. Bu tarixdən sonra bu iki mütəfəkkirin yolları
ayrılır, Ə.Hüseynzadə “Həyat”ın çapını davam etdirir, A.Ağaoğlu isə "İrşad"
qəzetini nəşr etdirdiyinə görə ondan uzaqlaşır. "Həyat"ın 102-ci sayında
Ə.Ağaoğlunun belə bir məzmunda məktubu vardır: "Sevgili qardaşım Əli bəy!
Təvəqqe edirəm ki, qəzetinizdə məlum edəsiniz ki, mən bundan sonra "Həyat"
müdirliyindən xaric olub "Həyat" ilə heç bir əlaqəm yoxdur. Əhməd bəy Ağayev".
Həmin vaxt Əhməd bəy Ağaoğlunun “Həyat”dan getməsi barəsində
müzakirələr aparılmış, bir qrup ziyalı bu gedişdən narazı qalmışdı. Görünür,
proseslərə yanaşmada fərqlilik, fikir müxtəliflikləri Əli bəylə Əhməd Ağaoğlunun
bir yerdə çalışmasına imkan verməmişdi.
Çox çətin və şərəfli ömür və yaradıcılıq yolu keçmiş, ictimai-siyasi fikir
tariximizin önəmli şəxsiyyətlərindən olan Əhməd bəy Ağaoğlu da “Həyat”ın
səhifələrində müntəzəm siyasi-publisistik yazıları ilə çıxış edirdi.
“Həyat”ın ilk sayındakı proqram xarakterli məqaləsində Ə.Ağaoğlu etnik
mənsubiyyətini dərk edən və milli sərvətlərinə sahib çıxan Azərbaycan xalqının
islami dəyərlərə sadiq qalacağını bəyan edirdi: "Əgər biz irəliləmək və həyati
birliyə malik bir millət olmaq istəyiriksə, biz hər şeydən öncə müsəlman olaraq
qalmalıyıq. Bizim irəliləmək istəyimiz, həyat şərtlərinin yaxşılaşdırılması
istiqamətində olan səylərimiz islam qanunlarına vabəstə olaraq əldə edilə bilər".
XIX əsrin sonlarında və XX əsrin əvvəllərində türk xalqlarının millət kimi
formalaşmasında, onların milli təfəkkür sahiblərinə çevrilməsində Ə.Ağaoğlunun
65
böyük xidmətləri var. Qəzetin ilk nömrələrindən başlayaraq Ə.Ağaoğlu Rusiyada,
Qafqazda və məxsusi olaraq Bakıda ictimai-siyasi hadisələrə qiymət verməyi
qarşısına başlıca məqsəd qoymuşdu. O, öz fikirlərini elmi və islam dini görüşləri
fonunda şərh edir, demokratik ruhlu fikirlərini oxuculara çatdırırdı.
“Həyat”ın 1905-ci il tarixli 7 və 12 iyun saylarında "Müxtəsir övzi
Rusiya" məqaləsində Ə.Ağaoğlu rus-yapon müharibəsində Rusiyanın gücsüz
vəziyyətə düşdüyünü və bu vəziyyətdən xalqın inqilabi-demokratik yola qədəm
qoyub azadlıq şüarları irəli sürməsinin tarixi-siyasi mənzərəsini yaradırdı. Çar
Rusiyasının yeritdiyi siyasətin qəbulolunmaz detallarına toxunan Ə.Ağaoğlu
yazırdı ki, xalqın narazılığına əsas səbəblərdən biri onların dini inanclarının həyata
keçirilməsinə mane olmasıdır. Müəllifin fikrincə, bu nöqsan göründü və "hər
millətə sərbəstlik əta olundu ki, hər yerdə xahiş etsə, təmirat qanuna uyğun olaraq
ibadətxanalar tikib öz ruhanilərini intixab etsinlər". Ancaq bu sərbəstliyin əta
olunmasının müsəlman xalqlarına aid olub-olmayacağını soran Ə.Ağaoğlu yazırdı:
"Müsəlmanlar qeyriləri kimi hər yerdə və hər cür məscid, minbər və ibadətgahlar
bina edə bilirmi? Müsəlmanlar öz xahiş və qaidələrinə müvafiq məktəbi-ruhaniyyə
güşadına azaddırlarmı? Ki-tabi diniyyə çap və intişar etməkdə sərbəstdirlərmi?
Gələcəkdə genə müsəlmanlıq cəhətinə müsəlmanları padşahlıq qulluqlarından, bəzi
mənsəblərindən məhrum edəcəklərmi? Genə bəzi məkatibi aliyyənin qapıları
onların üzlərinə bağlı qalacaqmı? Məqalənin məzmunundan anlaşıldığı kimi
Ə.Ağaoğlu hökumətin verdiyi fərmanlarda xalqın müxtəlif peşə sahiblərinin
mənafeyinə müvafiq azadlıq və sərbəstliklər, onların maraqlarının qorunması
axtarılırdı".
Dostları ilə paylaş: |