51
şeylərə inanmıram. Belə olan halda, niyə axı təkcə mən bu lənətə
gəlmiş qışqırtını eşidirəm?
- Hə, deməli, belədir; hələlik indi biz bunu söyləyə bilmərik.
Elə adamlar var ki, onlar başqalarının görmədiyi və eşitmədiyi
şeyləri görür və eşidirlər. Biz bunu bilmirik. Həmin adamlar
fövqəlada bir qabiliyyətə malik olduqlarını anlamır və belə
güman edirlər ki, onları qara basır – lap elə sizin kimi. Şübhəsiz,
bir gün gələcək ki, biz sizin qışqırtını eşitməyiniz, mənim və
qızın eşitməməyimizin də səbəbini öyrənəcəyik. Hər şeyə təbiət
qanunları hökmdardır. Hazırda bizim qeyri-adi sandığımız
hadisələr əslində heç də qeyri-adi deyil. Şüurumuzda,
psixikamızda baş verən hadisələrə cavab tapmaq hələ çox
çətindir.
- Bəs indi mən nə edim? – Cek soruşdu.
Lavinqton güldü:
- Yaxşı, mənim gəşəng dostum, yaxşıca səhər yeməyinizi yeyib,
gedin şəhərə. Çalışın ki, başa düşmədiyiniz şeylər haqqında
düşünməyəsiniz. Mən isə bir sıra şeyləri aydınlaşdırmalıyam.
Cek, növbədə arxamızdakı kottec haqqında məlumat toplamaq
lazımdır.
Mən əminəm ki, sirrin açarı oradadır.
Cek ayağa qalxdı:
- Yaxşı, ser. Mən hər şeyə hazıram, ancaq deyirəm ki...
- Bəli?
Cek utandığından qızardı və dodaqaltı mızıldadı:
- Əminəm ki, qızın bu işdə əli yoxdur.
Lavinqtonun kefi açıldı:
- Siz mənə onun necə gözəl bir qız olduğu barədə heç nə
deməmisiniz! Yaxşı, kefinizi pozmayın. Zənnimcə, qızın bu sirrə
heç bir dəxli yoxdur. Hər nə olubsa, qız bura köçməzdən əvvəl
olub.
Cek həmin axşam evə qayıdıb, böyük səbirsizliklə yeni
xəbərlər gözləyirdi. İndi o, Lavinqtona kor-koranə inanırdı.
Həkimin bütün əhvalatı təbii bir hal kimi qəbul etməsi, özünü
çox sakit və təmkinli aparması Cekə böyük təsir bağışlamışdı.