Aşiq mustafa şixlinski


BU ÜÇ AYI GƏLƏMMƏRƏM, BAĞIŞLA



Yüklə 5,53 Mb.
səhifə2/4
tarix31.10.2018
ölçüsü5,53 Mb.
#77209
1   2   3   4

BU ÜÇ AYI GƏLƏMMƏRƏM, BAĞIŞLA
Bu üç ayı gələmmərəm, bağışla,

Başkeçiddə ala gözə qonağam.

Həzz alıram bu çisəkdə, yağışda,

Şirin dilə, şırın sözə qonağam.


Nə gözəl ellər var, nə gözəl yerlər,

Yaxşıya burada qiymət verirlər.

Nə ürək yorulur, nə də ki dillər,

Elə bil ki, elə təzə qonağam.


Ölməsəm, düşməsəm qara – borana,

On beşində enməliyəm arana.

Bir quzu da bəsdi , kəsməsin dana,

Mustafayam, Mübarizə qonağam.





BİLMƏDİM
Bir tərlan uçurdum yarın bağından,

Nə qədər ovladım tuta bilmədim.

Dedilər uzağa düşüb səfəri,

Yeridim, yüyürdüm, çata bilmədim.


Bilmədim günüzdən olan xəbəri,

Qədəm qoydum bağlı otağa sarı.

Həsrətin çəkdiyim gül üzlü yarı,

Aradım , axtardım tapa bilmədim.


Mustafayam, unutmaram elimi,

Soyuq düşsə şaxta vurmaz gülümü.

Yarım gizli getdi, qırdı belimi,

O gecə sübhə tək yata bilmədim.






GƏLMƏDİ
(Gəlnim Fatmanın dilindən)
Aman fələk, az qalıram alışam,

Harda qaldı dövlət-varım gəlmədi?

Utanıram qaynatamdan soruşam,

Harda qaldı kaman-tarım gəlmədi?


A qaynənə, bircə kəlmə sən də din,

Canımızı boğazmıza yetirdin.

Mən bilmirəm, gedin, tapın, gətirin,

Harda qaldı ixtiyarım gəlmədi?


Oğlan evi hər bir şeyi alıfdı,

Toy gününə bircə həftə qalıfdı.

Abidə xanım bizi işə salıfdı,

Harda qaldı vəfadarım gəlmədi?


Atam Musa özü yarım aşıxdı,

Gəldiyim yer tamam bütün aşıxdı.

Yaxşı kişi evdə bir yaraşıxdı

Harda qaldı Qarnet1 yarım gəlmədi?




HƏR İKİSİ
Gözəllər içində bir cüt sonam var,

Qəlbinən sevirəm hər ikisini.

Hər axşam, hər səhər, hər dəqiqədə

İstəyirəm görəm hər ikisi.


Ərşi-gürşü, yeri-göyü yaradan,

Çuğulu tez qaldır bizim aradan.

Qadadan, bəladan, gözdən , nəzərdən

Xudam, özün saxla hər ikisini.


Gözəllikdə bir-birinə yaraşır,

Boyların görəndə xəyalım çaşır,

Adların deyəndə dilim dolaşır,

Sevirəm,öpürəm hər ikisini.


Əlimdə olaydı hər ixtiyarım,

Bir az ehtiyatım, dövlətim, varım

İcazə verəydi köhnə arvadım,

Alıb gətirərdim hər ikisini.


Mustafaya yazıxları gəlsələr,

Qələm çalan kişiyə də xoş gələr.

Qarğıyıram məndən üz döndərsələr,

Qanlı ahım tutsun hər ikisini.




GƏLƏSƏN
Yazın düz yazıla haqqı-Taladan,

Anadan gələndə yaxşı gələsən.

Ayağın sayalı, qədəmli ola,

Körpəlikdən oynayasan, güləsən.


Boy atasan, kef çəkəsən dünyada,

Xərcləyəsən həm yaxına, həm yada.

“Can” – deyirsə “can” – deyəsən arvada,

Öləndə də ondan qabaq öləsən.


Ay Mustafa, yaşın çatıb yarıya,

İnanma ki, bəxtin bir də sarıya.

Getməlisən , çıx getginən oraya1,

Bəlkə orda o ölmüşü görəsən.





YENƏ
(zarafatyana)
Kərəmə tapşırdım evdə qalgınan,

Dana-buzovları dama salgınan,

At ölsə gönünnən muğat olgunan,

Hopretdə1 qartofa verərik yenə.


Atı qınamaynan yaşı çoxuydu,

Yaman cansız idi, halı yox idi.

Öldüyü yaxşıdı, alaf yoxuydu,

Gələn il başqasın alarıx yenə.


Çağır bajanağı, desin düzünü,

At öləndə necə yumdu gözünü,

Mustafayam, çərrəmişin sözünü,

Hərdənbir danışıb gülərik yenə.







ÇOX DA QODUXLANMA...
Çox da qoduxlanma filankəs bala,

Ustana de, bir az zapas1 saxlasın.

Təpinərəm, çıxa bilməz mahala,

Onun-bunun fitvasına baxmasın.


Şairlik dediyin yaxşı murazdı,

Onu kim örgətdi, kim – dedi yazdı?

Oxuya bilmirəm, savadım azdı,

Apar, Qarabağlı baxsın, yoxlasın.


Mustafanın həm əsli, həm zatı var,

Olub keçənlərdən havacatı var.

Çovannan keçinin zarafatı var,

Bu da belə zarafatdı, qorxmasın.





OLMALIDI
Hər yerdə adətdi, toy olan günü,

Gəlinin sovqatı vec1 olmalıdı.

Bilən varmı bu söhbətin düzünü,

Deyirlər bacanax öc olmalıdı.


Qanan adam heç qoşulmaz axmağa,

Göz yaranıb gördüyünə baxmağa.

Güləşəndə xasımını2 yıxmağa,

Fəndin çox olsa da güc olmalıdı.


Mustafa, yaxşı bax, əyilməsin can,

Nə axsa, nə sarsı, nə də ki utan.

Atanı, ananı atıb unudan,

Ya axmax, ya sarsax, gic olmalıdı.






OLMALIDI
Oğul məsləhəti atadan alar,

Atalar dediyi düz olmalıdı.

Kişi çox yer gəzər, bir yerdə qalar,

Elə-belə dostu yüz olmalıdı.


Biri-birisiylə döyüşə bilər,

Olar ki, bir az da söyüşə bilər.

Kişi var, sözünü dəyişə bilər,

Sözü dəyişməyə üz olmalıdı.


Rəngsaza yapışqan, aboy lazımdı,

Aşığa ya nişan, ya toy lazımdı.

Qazan qaynamağa aloy lazımdı,

Kabab bişirməyə köz olmalıdı.


İsmarıc yerinə yetsə yaxşıdı,

İnsana yaxşılıq etsə yaxşıdı,

Hər kəs öz işinə getsə yaxşıdı,

Pinəçi əlində biz olmalıdı.


İş əyilib başa xata gəlməyə,

İnsan çox yaşaya, cavan olmüyə,

Kişinin sirrini arvad bilməyə,

Açılsa hər yerdə söz olmalıdı.


Çarə yoxdu olacağa, gələnə,

Adam nə kövrələ, nə kədərlənə.

Qoca istiyər ki, gəzə, hərlənə,

Ona da möhkəmcə diz olmalıdı.

Mustafa sözünə şəkər doğruyar,

Dosta həyan olar, hər vaxt qoruyar,

Özgə özgəninkin hololoyluyar,

Onçun da hər kəsin özü olmalıdı.





SONRA
Fərqi yoxdu dəydi, ya da dəymədi,

Düşmən gülləsini atandan sonra.

O da bir düşmandı el arasında,

Bir qohum qohumu satandan sonra.


Abırlı, həyalı utanan olub,

İlanın ən pisi yatağan olub.

İtin bütünlüyü tutağan olub,

Tükü dərman olub tutandan sonra.


Kişi gərək namusunu atmaya,

Çuğul olub aralığı qatmaya.

Qazanc daşa, ancaq maya batmaya,

Çox çətindi maya batandan sonra.


Mustafa, lazımdı düzünü demək,

Yandırar insanı zay olan əmək.

Gözə yuxu getməz, boğazdan yemək,

İş əyilib yığval1 yatandan sonra.



KİŞİ
Kişinin arvadı öləndən sonra,

Məni qınamayın səylənir kişi.

Keçmişi yadına gəlif düşəndə,

Özü-özünəcə söylənir kişi.


Qocalanda bir şey gəlmir əlindən,

Tez-tez də inciyir qızdan, gəlindən.

Ona-buna acıxlanır dilinnən,

Birdən də dayanır əylənir kişi.


Dünya puçdu, onu bilmək lazımdı,

Yemək, içmək, demək, gülmək lazımdı.

Dulları da evləndirmək lazımdı,

Çox subay qalanda piylənir kişi.


Öyüdümü eşıidənlər qanacaq,

Qananlar da eşidəcək, alacaq.

Almayanlar yaman günə qalacaq,

Onda deyəcəklər iylənir kişi.


Qulaq qaldı, gözləri ki, görmədi,

Köşməlidir nə qədər ki, ertədi.

Oğul da, uşaq da gözə pərdədi,

Hamsı yığılanda təhlənir kişi.


Mustafayam, qocalsam da bülbüləm,

Ağlamışam, qıismət ola bir güləm,

Bilən varmı burasını bilmirəm,

Lap əldən düşəndə neyləyir kişi?



HARALIYAM MƏN
Düz yetmiş ildir ki, qürbətdəyəm mən,

Hələ bilən yoxdur haralıyam mən.

Nəslim Şıxlinski, Şıxlı oğluyam,

Bütün qohumlardan aralıyam mən.


Niyə tez tutuldu oxuyan dillər,

Niyə peşman qalıb şeyda bülbüllər.

Çalıb oxuduğum obalar, ellər,

Məni dindirməyin, yaralıyam mən.


Mustafayam, bu bağ-baxça mənimdi,

Qazancım başdaşım, bir kəfənimdi.

Axır dayanacaq – son mənzilimdi,

Daha köçən deyləm, buralıyam mən.






ZARAFAT
Əzəllərdən çox qıt olub deyirlər,

Sonralardan aşdı-daşdı zarafat.

Nə desələr məcbur olub yeyirlər,

Axırda da bir savaşdı zarafat.


Dil dolaşır, topuq vurur hər zada,

Silkələyir bir şey qalmır torbada.

Ana, bacı oynayırlar ortada,

Çoxun qoyub gözü yaşlı zarafat.


Atalar sözünün hamsı düz olub,

Çox yuxular ziyanlığa yozulub.

Çox dostluqlar zarafatda pozulub,

Nə həyandı, nə yoldaşdı zarafat.


Ağrı döylü, heç qoymaya yatmağa,

Can deyil ki, qıymayasan satmağa.

Nə var onu tullamağa, atmağa,

Nə qohumdu, nə qardaşdı zarafat.


Ay Mustafa, sözü qanar söz qanan,

Bir qanmazı qandıranmaz yüz qanan.

Bağışlamaz söz anlayan, söz qanan,

Görsə əgər həddin aşdı zarafat.




BALA
İnsan yer üzünə gələnnən bəri

Hər kəsin öz dostu, tayı var, bala.

Allah verdiynə naşükür olma,

Hərənin qisməti, payı var, bala.


Qananla qanmazı bərabər tutma,

Sağalan yaranı əzib qanatma.

Xətiri, hörməti gəl sən unutma,

Süfrənin çörəyi, çayı var, bala.


Ağrı çox olanda yatmaq çətindi,

Günaha, babala batmaq çətindi.

Qohumu-qardaşı atmaq çətindi,

Arxanda əmi var, dayı var, bala.


Bir kəsin marağı olmasa saza

qiymət verəcək sözə, avaza.

Umutdu olmaynan payıznan yaza,

Fəsilin qışı var, yayı var, bala.


Qanan adam zəhər qatmaz aşına,

Qanmazların çox iş gəldi başına.

İçibsənsə yaxın getmə maşına

Yollarda polis var, qayi var, bala.


Çalışginən qəlbə dəyən söz demə,

Nə məcbur et, nə də onu üzdəmə.

Zarafatdan yaxşı bir şey gözləmə,

Zarafatın bekar payı var, bala.


Sənətkar ol, hörmət bəslə peşəyə,

Lazım olsa yığşır, tulla yeşiyə.

Daldalanma çox qaranlıq meşiyə,

Meşədə canavar, ayı var, bala.


Heç bilmirəm nə düşünüm, nə yazım,

Nə oxuyum xoşa gəlsin avazım.

El içində pis hərəkət nə lazım,

Elin xeyir, şəri, vayı var, bala.


Eşidin sözünü ata-babanın,

Xeyri yoxdu qalmaqalın, davanın.

Aşıq Mustafaynan elin-obanın,

Arasında haqqı, sayı var, bala.





AYIBDI
Qulluq əldən gedib, var azalacaq,

Qohumu-qardaşı atma, ayıbdı.

Hamı əl çəkəcək, düşmən olacaq,

Eli, el oğlunu satma, ayıbdı.


Doğru deyilənlər üzə deyilir,

Qanmaz elə bilir düzə deyilir.

Bu sözlər sizindi, sizə deyilir,

Yalandan göz yumub yatma, ayıbdı.


Mayallağı öyrədəndə ayıya,

Od qoydular samanlığa, tayaya.

Deyirlər ki, su qatmazlar mayaya,

Bir qatıbsan, bir də qatma, ayıbdı


Mustfayla sən bacara bilməzsən,

Pismi olar el deyənə əyilsən?

Heç bir kəsə xeyir verən deyilsən,

Ədəbicən qırıllatma, ayıbdı.



AYAĞA
Libasın məclisdə böyük hökmü var,

Dost başa baxandı, düşmən ayağa.

Ürəkdən təmizəm, hövsələdən dar,

Məni bağışlarsan özün, ay ağa.


Pis adətdi özgə sözün danışmaq,

Əskiklikdi köçdən köçə qarışmaq.

Qəlbə dəyib, küsü tutub, barışmaq,

Sonra düşüb yalvarasan, ay ağa.


Gözəl olar gözəl doğan analar,

Gözəl olan gözləriynən can alar.

Oxuyanlar, şeyriyyətdən qanalar,

Salmıyalar kraskaya , boyağa.


Mustafayam, şikayətim şahadı,

İtən deyil padşah adı, şah adı.

Korun nə vecinə nöyüt bahadı,

Şahım üçün durmalıyam ayağa.



YARALIYANDA
Çarxı-fələk, öz-özünə nə dedin,

Mən yazığı yardan aralıyanda.

Şahidin, sübutun olurmu sənin,

Verdiyin qisməti paralıyanda.


O ki, pozacaqsan, niyə yazırsan,

Nə ar eləyirsən, nə oysanırsan,

Onu bil ki, çox günah qazanırsan,

Sevəni sevəndən aralıyanda.


Mustafayam, qəlbim bağlıdı yara,

Gedən yoxdu loğmanıma xəbərə.

Nə mənə rəhm etdin , nə də ki, çara

Qələmin sınaydı qaralıyanda.






SATMADI
Xəstə düşdüm bir gözəlin eşqindən,

Onda dərman oldu mənə satmadı.

Gözü ilə gördü ki, son nəfəsimdi,

Yalvardım da imdadıma çatmadı.


Ovçuydum, əlimnən qaçırdım oyu1,

Onsuz qan ağlaram mən illər boyu.

Eşitdim ki, baslayıbdı yar toyu,

Qan ağladı gözüm, yuxu yatmadı.


Deyirlər çox şaddı, çalsın, oynasın,

Mustafa tək qoy ondan da doymasın.

Günahkardı, mənə minnət qoymasın,

Özü atdı, aşıx onu atmadı.





SARALDIM
Bir nainsaf beybafanın ucundan,

Günü-gündən heyva kimi saraldım.

Gecə-gündüz dərdlə dava etməkdən,

Zəlil oldum, yaman günlərə qaldım.


Sən açdın başıma hər iş, əməli,

Kim dözə bilməsə olarmış dəli.

İnan canım üçün, yar, sən gedəli,

Nə bir söz oxudum, nə də saz çaldım.


Mustafayam, getdi kefim, damağım,

Sən oldun cəlladım, sən oldun yağım.

Bir ili ac qaldı oğul-uşağım,

Nə çörək bişirtdim, nə taxıl aldım.






ZƏHLƏM GEDİR
Ağlı kəsən qananların yanında,

Qanmaz danışanda lap zəhləm gedir.

Bəzi müsəlmanlar əza yerində,

Gülüb-qımışanda lap zəhləm gedir.


Mənim şikayətim mərdədi, mərdə,

Necə dözmək olar belə bir dərdə?

Arvad eşdə söyür, kişi içərdə

Sonra barışanda lap zəhləm gedir.


Qaynata əlini qoyub belinə,

Qaynana bir qırmac alıb əlinə.

Fürsət gəlib yetişəndə gəlinə,

Ara qarışanda lap zəhləm gedir.


Bağışlasın toy evinə gələnlər,

Az olmuyub aralıqda ölənlər.

Bu sədanı eşidənlər, bilənlər,

Məndən soruşanda lap zəhləm gedir.


Mustafayam, canım qurban bir ada,

Yamanın yerinə yaxşı yarada.

Kişi dura-dura gəlib arada,

Arvad danışanda lap zəhləm gedir.




ELOĞLU
Bədnəzərdən xudam özü saxlasın,

Heç olmasın gözə gələn, Eloğlu.

Babalarmız mal-qoyunnan varlanıb,

Sən də saxla, mizə bələn, Eloğlu.


Köhnə sözdü: “içəri dar, eşik qar”,

Eldən uzaq olsun yaman, bəd xavar.

Ay tamada, icazə ver sözüm var,

Qoy sağ olsun təzə gələn, Eloğlu.


Mən halıyam havasından qəlbinin,

Gəl yanıma, gəl danışım, gəl deyim.

Heç görmədim qonaq dolu gəldiyin,

Aparıbdı bizə gələn, Eloğlu.


Bacarmayan bacarannan bacarmaz,

Dərd çəkməsə insan oğlu qocalmaz.

Heç bir yerdə ucalmayıb, ucalmaz,

Qəlbi xayın, üzə gülən, Eloğlu.


Kim kimin qəlbinə toxunub, dəyib,

Deyiblər bağışla, qələt eləyib.

“Üz üzdən utanar” – atalar deyib,

Danmalıdı üzə gələn, Eloğlu.


Elin sözü ağır olar deyərlər,

Yaman adam yaman olar deyərlər.

Qanmayanı qandırarlar, döyərlər,

Çox danışmaz çoxlu bilən, Eloğlu.

El biləndən sən də halı oluynan,

Ayılginan bir kamala doluynan.

De düz gəlsin, düz qayıtsın yoluynan,

Düz adam döy, sizə gələn, Eloğlu.


Hələ nə var çətin işin dalıdı,

Kino sonra olur, bu jurnalıdı.

Kərən qırılanda dam uçmalıdı,

Yalvaracaq dizə gələn, Eloğlu


Ay Mustafa, gərək tayın tay olsun,

Arzu elə, eldə nişan, toy olsun.

Sünnət olsun, o da toydu , qoy olsun,

Çox yaşasın hər bir eli, Eloğlu.




YAXŞIDI
Özünə münasib dostlar seçəsən,

Köç eyləyib bulaq üstə düşəsən,

Kababdan döşəyib, şərab içəsən,

Üstündən yeməyə qarpız yaxşıdı.


Yaxşı adam yaxşı yozar vəğyanı,

Bekar adam bezikdirər insanı.

Əvəlikdən bişirməyin doyğanı,

Tama gətirməyə yarpız yaxşıdı.


Aşıq, qəm eyləmə, yad sənə yaddı,

Fərsiz qohumlar da yad kimi zaddı.

Kişinin urvatı yalnız arvaddı,

Şüursuz oğuldan kor qız yaxşıdı.


Mustafayam, canım qurban o mərdə,

O da dözməz bu zülümə, bu dərdə.

Alçaq, satqın, qanmaz olan hər yerdə,

Durub əyləşməkdən bir vız yaxşıdı.



XOŞU GƏLƏNDƏ
Adamın adamdan zəhləsi getməz,

Adamın adamdan xoşu gələndə.

Küsər taleyindən, küsər payından,

Dolunun yerinə boşu gələndə.


Xəstə yüngül olsa irahat yatar,

Çərçi satdığını çox baha satar.

Mamaçı sevinər, şingilim atar,

Uşağın əvvəlcə başı gələndə.


Qoçax adam əkif, biçif satacax,

Alacax, verəcək, yaxıf-yapacax.

Yazan yazar, gəzən gəlif tapacax,

Allahın ildırım daşı gələndə.


Adam cavanlıqda bezmir, yorulmur,

Elə mənəm deyir, sınmır, qırılmır.

Hörməti də olsa qiyməti olmur,

Səksənə, doxsana yaşı gələndə.


Mustafa gördüyün görüb qurtarıf,

Xərcini, borcunu verib qurtarıf.

Kal onu bilsin ki, ölüb qurtarıf,

Onun köməyinə qonşu gələndə.




GƏRƏK
Hazırlıqsız toy eyləyən Eloğlum,

Toyun tədarükü qabaxdan gərək.

“Toya doy” deyıblər ata-babalar,

Yemək qurtarmasın qabaqdan gərək.


Qoy evin yıxılsın, ay adət qoyan,

Aşıx da boş yerə edərmi dövran?!

Sizdə yoxdu-yoxdu, qonşudan öyrən,

Çörək qurtarmasın tavaxdan gərək.


Pişiyin fikiri olsa mərəkdə,

Təqsiri görərlər yazıx köpəkdə.

Küçük samanlıqda, gəlin gərdəkdə,

Təlim-tərbiyəsi o vaxtdan gərək.


Qurtardı canını ertədən qaçan,

Yedi qulağımızı siçovul, siçan.

Evi yıxılmışı başına uçan,

Qonaq çağırmasın uzaqdan gərək


Mustafa yazdığın mindirər mətə,

Kimdir ki, tamarzı şorvuya , ətə.

Qoymaram zəhmətin ortada itə,

Gedib çapa verəm Qazaxdan gərək.




GEDİR
Adam var dolanır əli belində,

Hər yerə xonçası , töhvəsi gedir.

Adam var bir hektar torpaq əlində,

Hər səhər qırx nəfər fəhləsi gedir.


Adam var can verir bir şey verəndə,

Adam var kor olur qonaq görəndə.

Adam var elindən kimsə öləndə,

Elə bil varlığı, məhləsi gedir.


Mustafa, danışma pisdən, yamandan,

Başın açılmadı çəndən, dumandan.

Adam var həzz alır sazdan, kamandan,

Adam var çalğıdan zəhləsi gedir.






BİRİNƏ
Dostlar arasında üç alma olar,

İkisi birinə, biri-birinə.

Belə də deyirlər üç qarpız olar,

Xırdası birinə, iri birinə.


Ataynan oğulu tutma bərabər,

Oğul atasından etməlidi ar.

Atanın əlində ixtiyarı var,

Birinə “danış” deyər, “kiri” birinə.


Mustafa, haqq danış, haqq yerdə qalmaz,

Olacağa çarə olmayıb, olmaz.

Hər sözü hər dosta söyləmək olmaz,

Dərdi birinə de, sirri birinə.





A QARDAŞ
Dediyimi heç unutma, sal yada,

Yaman günün ömrü azdı, a qardaş.

Qış soyuqdu çətinliyi olsa da,

Gələn aylar bahar, yazdı, a qardaş.


Bilirəm ki, darıxırsan mən üçün,

Darıxmırsan Oruc ağlı kəm üçün.

Aşqabadın gözəlləri sən üçün,

Səndən ötrü Quba qazdı, a qardaş.


Mustafayam, mən də bir az dardayam,

Elə bil ki, borandayam, qardayam,

Bir həftəyə gəlməliyəm, ordayam,

Saz əlimdə kefim sazdı, a qardaş.




OLMUR
Allah heç bir kəsi gerdə qoymasın,

Gerdə qalanda da yetirmək olmur.

Mən kiməm ki, deyəm ölən olmasın,

Vəziyyət çətindi götürmək olmur.


Qocdan qoç törüyər o da qoç olar,

Yaxşı yaxşılıqla artar, ucalar.

Qoymuyun pozula bağlar, baxçalar,

Torpaq cırraşıbdı, bitirmək olmur.


Mustafa, məqsədə yetirmək olar,

Bitəni çalışıb bitirmək olar.

Pisin pis sözünü götürmək olar,

Züryətin dinazın götürmək olmur.




GÖZLƏSİN
İltimas eylərəm nazlı dilbara,

Qış keçir baharı, yazı gözləsin.

Altı ay keçirib verrik əl-ələ,

Qismət olsa o murazı gözləsin.


Ailəsi, qohumu bu fikrə gəlsə,

Məhəbbət eşqindən “ayax çək” desə,

Yığılıban yada vermək istəsə,

Çəksələr dilindən dara gözləsin.


Əgər varsa etibarı, vicdanı,

Saxlasın arada əhdi-ilqarı.

Dərd-qəmə salmasın bu Mustafanı,

İtirməsin o ilqarı gözləsin.






ÖZ ADIMI QOYDUM NƏVƏMƏ
Əl açıb göylərə müdam yalvardım,

Dedim ki, təzədən ola Mustafa.

Çox şükür arzuya, muraza yetdim,

Adını da qoydum bala Mustafa.


Yaradan yaradıb özü yer ala,

Əlində bir azca ixtiyar ola,

Sənət də gözəldi, sənətkar ola,

Aşıx Mustafa tək çala Mustafa.


Mustafa söz deməz hər axmax üçün,

Arvadı almazlar boşamax üçün.

Dünyada urvatdı yaşamax üçün

Bir ey südü əmmişi1 ala Mustafa.





TAPMIŞAM
Dünyadan vaxtsız köçən əzizlərimə
A qızlar, siz Allah bir layla çalın,

Yaman yorulmuşam, yaman yatmışam.

Soruşun halımı, bir xəbər alın,

İtkin balaları gəlib tapmışam.


Həyatda çox dərdli, yaralıyam mən,

Dünyada ən bəxti qaralıyam mən.

Arifimnən bir az aralıyam mən,

Aydəmnən şirin qucaxlaşmışam.


Bu sazdı söhbətim, yarım, yoldaşım,

Üzdü ürəyimi qəmim , göz yaşım.

Əziz balalarım, bacım, qardaşım,

Mən sizdən əbədi uzaxlaşmışam.




TEZ BARIŞASAN
Arvadın yaxşısı çətin tapılar,

Kişinin pisi də beyqeyrət olar.

Dostnan elə olasan qardaşdan artıx,

Harda görüşəndə qucaxlaşasan.


Canannan gedəsən gəzməyə bağa,

Güləşəsən, çalışasan yıxmağa.

Qoymuyasan ara uzaxlaşmağa,

Küsəndə də onnan tez barışasan


Mustafatək birdən vurub yıxasan,

Öpməyəsən yandırasan, yaxasan.

Aralanıb lap uzaxdan baxasan,

Sabahı da gəlib savaxlaşasan.





MƏNİ
Sözlərimdə məna görmə, ay arvad,

Ağlım uçub, qınamaynan sən məni.

Oğlu ölən köçməlidir dünyadan,

Belə edib fələk ağlı kəm məni.


Bəzən olur eşqə tərəf dalıram,

Təsəllimi telli sazdan alıram.

Nə vaxt görsən “Yanıq Kərəm” çalıram,

Onda bil ki, bürüyübdü çən məni.


Getdi vallah ağam, bəyim, xanım da,

Görən bilər nə dərdim var canımda.

Arif köçdü, Safurə qaldı yanımda,

İnanginan vərəmlədir qəm məni.


Qalanlarım sağ olsunlar yerində,

Yükü çoxdu arvadın da, ərin də.

Huşu getsə Mustafanın sərində,

Yana-yana ağlagınan sən məni.



Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə