______________Milli Kitabxana_______________
35
əlavələrin yersizliyindən danışılır. Fikirləşirəm ki, Mehdi
Məmmədov aktyor Abbas Mirzənin ünvanına
tənqid yazmağa,
heç şübhəsiz, cürət eləməzdi; amma rejissor Abbas Mirzənin
tənqid hədəfinə çevrilməsinin mümkünlüyü istisna deyil. Bu,
Azərbaycan teatr mədəniyyətində Mehdi addımı idi; bir
komandor addımı idi. Ona görə də “Dağılan tifaq” məqaləsi
həmin dövrün teatrını, həmin dövr sənətçilərinin yaradıcılığını
öyrənən tədqiqatçıların diqqətindən kənarda qalmır. Bununla
yanaşı Mehdi tamaşanın pozitivlərini də görüb deyirdi;
aktyorları, içi Sidqi Ruhulla, Sona Hacıyeva, Məmmədəli
Vəlixanlı, Süleyman Tağızadə qarışıq, bir-bir sadalayıb onların
düzgün oyun sərgilədiklərini vurğulayırdı və həmin çağın teatr
mədəniyyəti üçün aktual bir ümumiləşdirmə aparırdı:
“Əsas
rollarla yanaşı xırda rolların da bu cür müvəffəqiyyətli ifa
olunması “Dağılan tifaq” tamaşasının gözəl cəhətlərindəndir ki,
bu da bizi sevindirməyə bilməz. Çünki epizodik rollara adətən az
fikir verilir. Müəllif tərəfindən az pay almış kiçik obrazlar çox
vaxt rejissorlar və aktyorlar tərəfindən də etinasızlıq görürlər.
“Dağılan tifaq” tamaşasında isə epizodik obrazlara məsuliyyət
hissilə yanaşmışlar. Onların qənaətbəxş ifası həm rejissorun,
həm də aktyorların xidməti və nailiyyəti deməkdir”.
38
Beləliklə,
aydın olur ki, bu məqaləni birmənalı şəkildə Abbas Mirzə
Şərifzadənin tənqidi kimi qavramaq tarixi ədalətsizlikdir. Bu
resenziyanın tənqid spektri daha genişdir: tamaşanın səhnə və
musiqi tərtibatı da Mehdinin tənqid obyektləri sırasındadır. Heç
bilirsinizmi tamaşanın rəssamı kim idi? Rüstəm Mustafayev.
Bəs musiqi tərtibatçısının adını necə? Mən deyim və bir azcana
şok olun: mayestro Niyazi. Və bu
faktorlar Mehdinin vecinə
deyildi: o, təhkiyəsinin ritmini pozmurdu və mədəniyyət
aləmində öz mövcudluq üslubunu, öz yaşam tərzini
konkretləşdirirdi:
“Musiqi parçaları çoxdur. Mahnı və rəqslər
bəzən artıq görünür və əsas hadisə ilə əlaqədar olmur. Məsələn,
üçüncü pərdədəki “Yallı” rəqsi cərəyan edən hadisə ilə əsla
qovuşmur və buna görə də özünü doğrultmur. Tərtibat ağırdır,
dəbdəbəlidir. Nə ziyadə işlənən musiqi, nə ağır tərtibat, nə də
______________Milli Kitabxana_______________
36
səhnəyə yağdırılan “doğruçu” yağış heç də bu tamaşanın
qüvvətli tərəfləri hesab edilə bilməz”.
39
Afərin! 20 yaşlı bir
insan üçün qədərincə mükəmməl, ünvanlı və inamlı bir tənqid!
Fikir verin, Mehdinin bir aktyor
və rejissor kimi hələlik
birmənalı uğuru yoxdur: kimsə haradasa nəsə danışır, onu
tərifləyir. Lakin bu teatrşünas məqaləsi artıq Mehdinin özü
haqqında teatr ictimaiyyətinə ciddi bəyanatıdır. “1905-ci ildə”
pyesinin təhlili, “Dağılan tifaq” tamaşasının tənqidi göstərir ki,
Mehdidə bir alim, bir yazar, bir nəzəriyyəçi istedadı onun
aktyor və rejissor istedadından daha öncə gəlişib və
gerçəkləşib. Olsun ki, Mehdinin yazmaq istedadı bugün
Ülvidədir, onun üçüncü oğlu Ülvidədir, Ülvi Mehdidədir.
Qəribəsi burasındadır ki, onun da əsl peşəsi rejissordur:
hərçənd Ülvi atasından fərqli olaraq kinorejissordur. Bəs
yazmağı bu cavan sənətçi harada və kimdən öyrəndi? Bəlkə
Peterburq sənətşünaslarından?.. Təbii ki, yox:
nəzəriyyəni
öyrənmək olur, yazmaq isə müəmmadır, sirrdir. Ülvinin də bu
bacarığı irsidir. Mümkün ki, o da atası kimi bir zaman rejissura
ilə aktiv şəkildə məşğul olacaq... İstisna edilmir. Amma bir
həqiqət bəlli ki, Ülvi Mehdi mədəniyyət aləmində bir sənət
yazarı kimi, İnternet saytların aktiv müəllifi kimi bugün artıq
tanınır və onun öz oxucusu var.
1935-ci ildə Mehdi Bakı Teatr Texnikumunun diplomunu
alır və həmin ildə iki tədris tamaşasında əsas rollarda səhnəyə
çıxır: bunlardan biri Hacı Əhməddir (C.Cabbarlı “Almas”),
digəri Karl Moor (F.Şiller “Qaçaqlar”) . Amma
bununla belə
Cəfər Cəfərov deyir ki, o zaman texnikumda təhsil qədərincə
yaxşı təşkil olunmadığından Mehdi peşəkar fəaliyyət üçün
özünü hazır saymır və savadını, bilgisini, professional
vərdişlərini kamilləşdirmək fikrinə düşür: planlaşdırır ki,
Moskvaya getsin və oranın Teatr Sənəti İnstitutuna daxil olsun.
Bu zaman rus dili onun üçün əngələ dönür. Çünki Mehdi rusca
son dərəcə pis danışırdı. Elə bu səbəb ucbatından da o, qərara
gəlir ki, təhsilini
Moskvada bir aktyor kimi yox, bir rejissor
kimi davam etdirsin. Odur ki, “Şahnamə” tamaşasının
______________Milli Kitabxana_______________
37
eksplikasiyanı yazıb Moskvanın Dövlət Teatr Sənəti İnstitutuna
göndərir. Təəssüf ki, cavab müsbət olmur: yəqin rus dili
faktoru burada da Mehdiyə problem yaradır. Ancaq Mehdi
iradəsi möhkəm adam idi, tərs adam idi, öz şəxsiyyətinə
hörmətlə yanaşan qürurlu adam idi. Mehdi sınardı, amma
əyilməzdi: cavanlıqdan şax gəzərdi, başını dik tutub gəzərdi:
öz-özünə icazə verməzdi ki, nədəsə bir balaca belə zəiflik
göstərsin. Ona görə Mehdi əlləşib-vuruşub istədiyinə çatır,
Teatr Sənəti İnstitunun şərti müdavimi olur. Əlbəttə ki, hələliyə
şərti... Çünki ona 1935-ci ildə 95 nömrəli əmrin 23-cü
paraqrafına əsasən Azərbaycan Dövlət Dram Teatrına
təqdim
edilmək üçün verilmiş arayışda (əsli rus filindədir) qeyd
olunur ki, M.Ə.Məmmədov, həqiqətən, A.V.Lunaçarski adına
Dövlət Teatr Sənəti İnstitutunun rejissorluq fakultəsinin I kurs
tələbəsidir. Həmin arayışa istinadən teatrın rəhbərliyi 1935-ci
ilin oktyabr ayından Mehdi üçün
75 rubl həcmində tələbə
təqaüdü kəsir və bunu Mehdinin yazdığı “öhdəçilik” vərəqinin
üstündə qeyd edir. Bu fakt onu göstərir ki, Mehdi Məmmədov
Bakı Teatr Texnikumunu bitirdikdən sonra müəyyən vaxt sənət
təcrübəsi keçdiyi Azərbaycan Dövlət Dram Teatrına
təyinat
alıb və fəaliyyətini orada rejissor-laborant kimi davam etdirib,
yəni faktiki surətdə teatrın işçisi olub. Onun şəxsi vərəqəsində
Mehdinin 1935-ci ildə işlədiyi yer kimi məhz bura göstərilir.
Odur ki, sentyabrın 22-də Mehdi teatr rəhbərliyinə rus dilində,
və demək olar, səhvsiz, bir öhdəçilik yazıb ki, təhsilini başa
vuran kimi mütləq öz iş yerinə qayıdacaq. Buradan belə
aydınlaşır ki, onu oxumağa göndərən təşkilat Azərbaycan
Dövlət Dram Teatrıdır:
ÖHDƏÇİLİK
Mən, sənədi imzalamış Azərbaycan Dövlət Dram Teatrının keçmiş
işçisi Məmmədov Mehdi, Moskva şəhərində Dövlət Teatr Sənəti
İnstitutunda oxuyub Azərbaycan Dövlət Dram Teatrından sabit təqaüd
ala-ala öhdəçilik götürürəm ki, institutu bitirəndən sonra yalnız bu
teatrda işləyəcəyəm. Yazdıqlarımı öz şəxsi imzamla təsdiqləyirəm.