Aydın Mədətoğlu (Qasımlı) TÜRKÇÜLƏR (Tarixi – siyasi-ideoloji oçerklər)


Türkçü mütəfəkkir – Mahmud Kaşğarlı



Yüklə 2,55 Mb.
səhifə45/67
tarix30.12.2023
ölçüsü2,55 Mb.
#165082
1   ...   41   42   43   44   45   46   47   48   ...   67
A Mədətoğlu-Turkculər

Mahmud Kaşğarlı


3.2. Türkçü mütəfəkkir – Mahmud Kaşğarlı

UNESKO böyük Türk mütəfəkkiri Mahmud Kaşğarlının 1000 illik yubileyi münasibətilə 2008-ci ili Mahmud Kaşğarlı ili elan edib. Bu böyük mütəfəkkirin yubileyi Türkiyə, Azərbaycan, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Çin və Rusiyada qeyd olunub. Biz də bu kiçicik yazımızla böyük mütəfəkkirimizin Türklük qarşısındakı əvəzsiz xidmətlərinə az da olsa işıq tutmağa çalışacağıq.


Tarixdən bəllidir ki, Orta Asiya boylarının bir çoxunu öz bayrağı altında birləşdirən Qaraxanlı Türkləri Orta Doğu Türklüyünün ən yüksək və ən olqun mədəni bir dövlətini qurmuş, Türk dilindəki klassik ədəbiyyatı tamamilə öz təsiri altına almışdı ki, bu işdə Yusuf Xas Hacib Balasağunlu, Ədib Əhməd Yüknəki və Əhməd Yəsəvi ilə yanaşı Mahmud Kaşğarlının da əvəzsiz xidmətləri olmuşdur.
Qaraxanlılar Türk mədəniyyəti ilə İslam mədəniyyətini çulğalaşdırmış, tədricən bölgə ölkələrinə də yaymışdılar. Qaraxanlılar sadiq və mömin müsəlmanlar olmalarına baxmayaraq, o dövrdə belə müsəlman olmayan Uyğur Türkcəsindən yararlanmışlar ki, Mahmud Kaşğarlı bu dili “Xaqaniyyə Türkcəsi” adlandırmışdı.
Böyük mütəfəkkir Mahmud Kaşğarlının hələlik elm aləminə bəlli olan yalnız “Divanü lüğət-it Türk ” adlı biricik əsəridir. Ərəblərə Türk dilini öyrətmək, onlarda Türklər haqqında ümumi təsəvvür yaratmaq məqsədilə yazdığı bu əsərlə Mahmud Kaşğarlı Türk dilini və mədəniyyətini dövrünün elm aləminə tanıtmışdı.
Əsər elmə bəlli ilk Türk sözlüyüdür. Divanda Türk boy və uyruklarından toplanmış sözlər, Türk dilinin şivələri arasındakı oxşar və fərqli cəhətlər göstərilmiş, Türk mədəniyyəti,Türk folkloru,Türk etnik coğrafiyası haqqında müfəssəl məlumatlar verilmiş, ilk Türk dünyası xəritəsi əsərə əlavə edilmişdi. Xəritənin ana mərkəzində Türk hökümdarlarının oturduqları Balasağun şəhərini yerləşdirməklə müəllif ana vətəninin və doğma dövlətinin paytaxtını dünyanın mərkəzi olaraq göstərmişdir. Mahmud Kaşğarlı Türk dilinin bütünlüyünü qoruyaraq yeni mədəni sintez yaratmış, onun sayəsində Türk dili Ərəb dili ilə “at başı” gəlmişdi. Əsəri elm aləminə tanıtdıran Əli Əmiri Əfəndi olmuşdu.
Məşhur Macar alimi Rasonyi Mahmud Kaşğarlıdan bəhs edərkən yazır ki: “İngilis, Rus və sairələrin zəkası hələ ortaya heç bir əsər qoymadığı və bu millətlərin özlərinə gələrək şüurlarına sahib olmadıqları bir çağda Türk əsilli Mahmud Əl-Kaşğari ensiklopediya dəyəri daşıyan müəzzəm bir sözlük meydana gətirmişdi. Mahmud Kaşğari milli elmin, Türkologiyanın qurucusu sayıla bilər”. (Bax: Prof.Dr.Laszlo Rasonyi, Tarihte Türklük, Ankara, 1971, səh.14.).
Türk dili və qrammatikasının yaradıcısı Mahmud Kaşğarlı öz milli keçmişinə sadiq qalaraq böyük Bilgə Xaqan və Bilgə Tonyukukun Türk sevgisini daha da dərinləşdirərək Türklərin orta əsrlərdəki milli ideoloquna çevrilmişdi.
Türk olmağı ilə qürur duyan, öz millətinin keçmişini dərindən öyrənən, dövründəki bütün Türk boylarının yaşadığı əraziləri qarış – qarış gəzərək onların ləhcələri, düşüncə tərzləri, tarixləri və s. haqqında geniş məlumatlar toplayaraq özünün fundamental əsəri olan “Divanü-l-lüğət-it-Türk”də əks etdirən böyük alim və ideoloq Mahmud Kaşğarlı, bizcə, Türk milətinin gələcəyə işıq tutan ilk siyasi Türk milliyətçisidir. Türk millətinin böyük bir qisminin gələcəkdəki İslam dünyasındakı rolunu öncədən görən böyük mütəfəkkir öz milliyətçiliyini Ulu Peyğəmbərin (s) hədisləri ilə daha da möhkəmləndirərək müsəlman xalqları arasında Türklərə bir simpatiya yaratmağa çalışmış, iki məşhur hədisi öz əsərində canlandırmışdır. Bu məşhur qüdsi hədislərdən birində göstərilir ki: “Tanrı Peyğəmbərə buyurmuşdur: Mənim bir ordum vardır, onlara “Türk”adını verdim və doğu ölkələrinə yerləşdirdim. Hər hansı bir qövmə öfkələndiyim zaman iştə bu Türkləri onların üzərinə göndərər və onları düz yola gətirərəm. (Bax: Mahmud Kaşğarlı, “Divanü-l-lüğət-it-Türk”, İst,h.1333, səh.292. ). Başqa bir hadisdə də göstərilir ki, Həzrəti Peyğəmbər “Qiyamət” əlamətlərini, “Axır zaman” qarışıqlıqlarını və Oğuz Türklərinin ortaya çıxışlarını bildirdikdən sonra buyurmuşdur ki: “Türk dilini mütləq öyrəniniz. Çünki mülk və səltənət uzun müddət onların əlində olacaqdır ”. (Bax: Mahmud Kaşğarlı, “Divanü-l-lüğət-it-Türk”, İst., h. 1333, səh. 1; Prof.Dr. Zekeriya Kitapçı, Hz. Peyqamberin hedislerində Türk varlığı, İst., 1989, səh.258.).
Mahmud Kaşğarlı bu hədisi şərh edərkən göstərmişdir ki: “Bu hədis əgər səhihdirsə,ona bağlanmaq və Türkcə öyrənmək vacibdir. Əgər səhih deyilsə, ağıl və məntiq Türk dilinin mütləq öyrənilməsini gərəkdirməkdədir. İnsanların Türklərə dərdlərini dinlətmək və könüllərini qazanmaq üçün onların (Türklərin- A.M.) öz dilləri ilə danışmaqdan daha gözəl bir vasitə yoxdur . Hər kim onların (Türklərin – A.M.) dilində danışarsa, onlara sığınarsa, onu özlərindən sayıb hər cür təhlükələrdən qorunmaqdadırlar. Bunun üçündür ki, Türk olmayanlar da Türk dilinə sığınmaqda və bu vasitə ilə zərər və ziyandan qurtulmaqdadırlar”. (Bax: Mahmud Kaşğarlı, “Divanü-l-lüğəti-itTürk”, İst.,1333.səh.3).
Hər dövürdə, hər coğrafi məkanda və dünyanın üç böyük qitəsində bir çox millətləri idarə etmək, uzunömürlü ipratorluqlar qurmaq Tanrının Türklərə bəxş etdiyi ən böyük məziyyətlərdən biri olmuşdur. Ulu Peyğəmbər (s) də Türklərin bu müstəsna məziyyətlərini öncədən, Peyğəmbərcəsinə dilə gətirmiş və Ərəbləri Türklərin qarşısında deyil, yanında olmağa çağırmış, “mülk və səltənətin Ərəblərdən sonra Türklərin əlinə keçəcəyini müjdələmişdir”. Çox təssüflər olsun ki, sonralar Ərəblər Ulu Peyğəmbərin bu vəsiyyətinə əməl etməmiş, ona görə də 100 ildir ki, Ərəb dünyası qan içində boğulmaqdadır.
Mahmud Kaşğarlının özü isə Türklər haqqında çox geniş məlumatlar vermiş və əsərinin ilk səhifəsindən başlayaraq bunları yazmışdır : “Gördüm ki, Uca Tanrı dövlət günəşini Türklərin bürclərindən doğurmuş, göylərdəki bürcləri onların dövlətlərinin çevrəsinə döndərmiş. Onlara “Türk” adını (Tanrı) Özü vermiş. Mülk və səltənəti onlara (Türklərə-A.M) verərək, onları bütün insanlardan üstün eyləmiş. Doğruluqda Türklərə hər zaman yardımçı olmuş, onlara təzim edənləri, onların xidmətində bulunanları həp əziz etmiş və bütün diləklərinə erdirmiş, pis insanların şərlərindən qorumuşdur. (Bax: Mahmud Kaşğarlı, “Divanü-l-lüğət-it-Türk”, İst., h . 1333, səh. 3. ).
“Türk” adı, “Türk soyu” və Türklər haqqında da böyük mütəfəkkir göstərir ki: “Türk Cənabi haqqın qoyduğu bir addır. Türk Həzrəti Nuhun oğlunun adıdır. Lakin bunu Cənabi haqq Həzrəti Nuhun Türk soyundan gələn oğullarına özəl olaraq vermişdir. Bu, Allahın Türk millətinə, bütün insanlara qarşı lütf etdiyi bir fəzilətdir. Çünki Allah onlara ad verməyi öz üzərinə götürmüşdür. Onları (Türkləri-A.M) Yer üzünün ən yüksək yerində, havası ən təmiz, suyu ən gözəl ölkələrində yerləşdirmişdir. Onlara (Türklərə A-M) “Öz ordum” demişdir. Bundan başqa, Türklərdə bədən gözəlliyi, əda, dadlılıq, böyüklərə sayğı” sözündə durma, sadəlik, qəhrəmanlıq, mərdlik kimi öyülməyə dəyər saysız vəzifələr vardır”. (Bax: Mahmud Kaşğarlı, “Divanü-l-lüğət-it-Türk”, İst.,h. 1333, səh.292).
Türk milli şüurunun inkişafında müstəsna xidmətləri olmuş, Türk millətçiliyinin bayraqdarlarından biri olan Mahmud Kaşğarlının millətinə sonsuz bir güvəni və inamı olmuşdur. Onun bu güvən və inamı ulu bir çinarı andırmaqdadır. Məhz bu ulu çinarın altında dil, irq, din və mədəni baxımdan fərqli və çeşidli bir çox xalq və qövmlər əmin-amanlıq içində yaşaya bilməli idilər. Mahmud Kaşğarlının Türk millətinin tarixi varlığını, ali fəzilətlərini şərh etməsi, Türk dünyasının altun tapusu sayılan Orxon abidələrindəki Bilgə Xaqanın “Ey Türk milləti, Titrə və özünə dön! Sən özünə dönəndə böyük olursan” xitabını xatırlatmaqda, İslam dünyasına duyurmaqda idi. Mahmud Kaşğarlının sayəsində Türk dili Ərəb dünyasında çox böyük önəm qazanmış və Qaraxanlı dövləti Türk dövləti özəlliklərini qoruyub saxlamışdır. Nəhayət, XI əsrdən XIV əsrə qədər Türküstandan Aralıq dənizinə qədər uzanan böyük bir ərazidə imperatorluq quran Səlcuq Türkləri – Şərqdən qopan bu İlahi fırtına, Qərbə - İslam dünyasına yönəlmiş, İslam dünyasının baxt və taxt şəhəri sayılan Bağdada girməklə Ulu Peyğəmbərin 400 il öncədən söylədiyi və Mahmud Kaşğarlının əvəzsiz əsərində də öz əksini tapmış hədisləri gerçəkləşdirilmiş, “mülk və səltənət Türklərin əlinə keçmişdi”.
Türk Cahan hakimiyyəti məfkurəsini başqa bir tərzdə açıq şəkildə dilə gətirən Mahmud Kaşğarlını yaxından tanımaq üçün onun iç dünyasını, millətinə, onun yüksək məziyyətlərinə olan inam və bağlılığını dəyərləndirmək lazımdır. Belə ki, böyük mütəfəkkir öz iç dünyasında gəlişdirdiyi fikirləri Ulu Peyğşmbərin hədisləri ilə daha da inandırıcı və qəbul ediləcəyi bir tərzdə ifadə etmiş, Türklərin Tanrı tərəfindən hansı missiya sahibi olduqlarını dünyaya bəyan etmişdir. Heç təsadüfi deyildir ki, müəllif öz əsərini “dörd dəfə gözdən keçirmiş, gərəkli əlavə və düzəlişlər etdikdən sonra Abbasi xəlifələrindən olan əl-Müqdədiyə təqdim etmiş və göstərmişdir ki: “Mən” Divanü-l-lüğət-it-Türk” adını verdiyim bu kitabımı əbədi bir xatirə, tükənməz bir axirət azuqəsi olması ümidi ilə yazdım və möminlərin Əmiri, Aləmlərin Rəbbinin yer üzündəki xəlifəsi və müqəddəs nübüvvət məqamının təmsilçisi uca əfəndimiz əl-Müqtəd-i bi Əmrullaha təqdim etdim... Allah onun xilafətindəki sürəsini uzun, mülk və səltənətini daimi qılsın. Onun qüdrət və əzəmətini müsəlmanlar üzərindən əksik etməsin. Amin”. (Bax: Mahmud Kaşğarlı, göstərilən əsəri, səh.3-4).
Mahmud Kaşğarlı Divanında yer alan bu məşhur hədislərə şübhə ilə yanaşanlara sosial, siyasi və tarixi baxımdan real və məntiqi bir cavab verən böyük alim Zəkəriyyə Kitapçı özünün uzunmüddətli tədqiqat əsərində göstərir ki: “Bu böyük Türk milliyyətçisinə (Mahmud Kaşğarlıya-A.M.) onun şəxsiyyətini rəncidə edən... bir xeyli laflar etmələrini anlamaq mümkün deyildir... Biz bu hədisləri bir qisim görüşlərin əksinə olaraq müsəlman Türklərin Orta Doğuya –insanlığın özünü dərk etdiyi dövrlərdən bəri bu qoca dünyanın ən bəlalı və strateji baxımdan ən önəmli bölgəsinə ayaq basmaları və oraya hakim olmaları üçün Həzrəti Peyğəmbər (s) tərəfindən yapılmış bir dəvət olaraq qəbul edirik. Çünki hədislərdə Türklərin dışında bu şəkildə xilafət və səltənətə namizəd göstərilmiş başqa bir millət yoxdur. Bu, eyni zamanda bölgədəki toplumun sosioloji və psixoloji bir bəkləntisi idi”. Müəllif başqa bir yerdə də göstərir ki: “İslamın adil xəlifəsi sayılan, şəriət və hədis elmlərinə dərindən bələd olan və Bağdad kimi elm və irfan mərkəzi olan bir yerdə minlərcə böyük alimin bulunduğu... bir mühitdə qələmə alınan və içində sözü gedən hədisləri özündə əks etdirən belə bir kitaba (“Divanü-l-lüğət-it-Türk” nəzərdə tutulur-A.M.) bu dairələrdən, xüsusilə, ərəb olan xəlifədən Türklər haqqındakı bu hədislər barəsində hər hansı bir etirazın olmaması və sükutla qarşılanaraq bir növ qəbul edilməsinin xüsusi bir anlamı olması gərəkməkdədir. Deməli, hədislər (Türklər haqqındakı hədislər nəzərdə tutulur-A.M.) gerçəkləri dilə gətirdiyi üçün xəlifənin saray və yaxın çevrəsindəki alim və üləmalar tərəfindən belə etiraz edilməmişdir”. (Seçmələr bizimdir - A.M. Bax: Prof.Dr.Zekeriya,Kitapçı, Hz.Peyqamberin hadislerində Türk varlığı, İst., 1989, səh.39,84, 260-261).
Milliyyətçi bir Türk mütəfəkkiri olan Mahmud Kaşğarlının feyz aldığı Qaraxanli Türk dövləti olmuşdur. O, Türk xalq dili və ədəbiyyatını çağının milli mədəniyyət abidəsi səviyyəsinə qaldırmış, Türk dili qrammatıkasının qurucusu kimi Türk millətinin yeni bir mədəni mərkəzini təmin etmiş, Türk dilini Türk şüuru ilə yoğuraraq Türk dialektləri ilə şifahi xalq ədəbiyyatını çulğalaşdırmış, Xaqaniyyə Türkcəsini “Ortaq Türk dili” saymışdır.
Ruhu şad olsun. Amin.






Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə