Azərbaycan dili 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə46/46
tarix23.10.2017
ölçüsü4,8 Kb.
#6410
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   46

8.  Feilləri seçib qrammatik məna növünü müəyyən edin.
1.  Günün saçaqları yayılır düzə, 
Çünki təslim olur gecə gündüzə. (S.Vurğun)
2.  Səslənir yamaclar, dağlar, dərələr, 
İnsanı güldürür bu mənzərələr. 
Oğru qarğalara tüfəng atılır, 
Qocalmış torpağa dərman qatılır. (S.Vurğun)
9.  Cümlələri cədvələ əsasən qruplaşdırın.
Sadə cümlə
Mürəkkəb cümlə
1. ...
 
1. Nə Məşədi ağa, nə əkbər yoldaş, nə də onun ailəsi yatmışdı. (M.S.Ordubadi) 
2. Xəmiri kündələyib yığır, yuxanı bir-bir yayıb süfrəyə qoyur, sacın qızmağını
gözləyirdi. (M.S.Ordubadi) 
3. O gördü ki, Dədə bəy sərkərdə olmaq təklifindən razı qalıb. (F.Kərimzadə) 
4. Uşaq ailənin səadət və sevincidir. 
5. Göyün üzü tutulur, yağış damcılayır, quşlar aşağıdan uçurdu. 
6. Ovçu əlində tüfəng boz bir qayaya daldalanıb pusquda durmuşdu.
(Y.Səmədoğlu)
10.  Altından xətt çəkilmiş sözlər haqqında düzgün fikirləri seçin.
Ah! Nə deyim, nə ad verim bu aləmdə mən sana! 
Al, bu qələm, bu da kağız, öz hüsnünü yazsana! (S.Vurğun)
1. I misrada verilmiş sana sənə əvəzliyinin tələffüz formasıdır. 
2. II misrada verilmiş yazsana feilin şərt şəklindədir, şərt məzmunludur. 
3. Hər iki söz sən əvəzliyinin tələffüz formasıdır. 
4. II misrada verilmiş söz -sana  ədatıdır, cümlənin təsir gücünü artırır.
11.  Verilmiş köməkçi nitq hissələrini cümlələrdə işlədib yazın. Düzgün yazı
qaydalarına əməl etməklə yanaşı, müvafiq yerlərdə durğu işarələrini işlədin.
sanki, doğrudan da, demə, mı , sana , tək, də
2
4
2


SÖZLÜK
Aborigen is. [lat.] – 1) yerli, yerli mənşəli; 2) ölkənin ilk yerli sakinlərinə verilən ad.
Aerodinamika is. [yun.] – havanın və digər qazların hərəkətindən bəhs edən elm.
Analoq is. [yun.] – eyni təyinatlı, bənzər, oxşar olan.
Annotasiya is. [lat.] – kitabın, məqalənin, film və ya verilişin qısa məzmunu.
Audio is. [lat.] – 1) səs sahəsi ilə bağlı olan bir sıra mürəkkəb sözlərin birinci hissəsi;
2) insan qulağının eşidə biləcəyi hər hansı bir səslə əlaqədar olan anlayış; kino,
televiziya və radio yayımının səslə bağlı bölməsi.
Avtoritar sif. [fr.] – bütün vasitələrlə öz hakimiyyətini və ya təsirini
möhkəmləndirməyə çalışan.
Ayin is. [fars.] – 1) qayda, qanun; 2) dini mahiyyətdə olan mərasim; ibadət.
Bərəkallah [ər.] – “əhsən”, “mərhəba” və s. mənasında tərif, bəyənmə ifadə edən
nitq etiketi.
Biblioqrafiya is. [yun.] – müəyyən məsələyə dair kitab, məcmuə və məqalələrin
siyahısı; kitabiyyat; kitabların məzmununun elmi təsviri və onların siyahı və qeydlərinin
tərtibi.
Bismillah [ər.] – 1) hərfi mənada: “Allahın adı ilə”; dindar müsəlmanların bir işə
başlarkən dua kimi işlətdikləri söz; 2) dan. “buyur”, “başla”, “elə”, “et”; 3) dan.
təəccüb bildirən nida.
Buxarı is. – divar içində hörülmüş ocaq.
Cazibə is. – 1) cisimlərin bir-birini özünə cəzb etməsi xassəsindən ibarət fiziki hadisə;
2) məc. insanın könlünü cəzb edən xassə, cəzbedici qüvvə, lətafət.
Centlmen is. [ing.] – kübar cəmiyyətin bütün nəzakət qaydalarına və əxlaq
normalarına ciddi riayət edən kişi; öz ciddi, zövqlü geyimi, incə davranışı ilə fərqlənən,
sözünün yiyəsi olan, nəzakətli, tərbiyəli adam.
Dekada is. [yun.] – 1) on günə bərabər olan zaman kəsiyi, ongünlük; 2) hər hansı
ictimai və ya mədəni hadisəyə həsr olunmuş, on gün davam edən tədbirlər silsiləsi.


Dərgah is. [fars.] – 1) klas. astana, kandar, qapı önü; böyük adamların qapısı; saray,
iqamətgah; 2) məc. Allahın mərhəməti, şəfqəti, köməyi, inayəti.
Dəstxət is. [fars. və ər.] – birisinin şəxsən öz əli ilə yazdığı yazı.
Dissertasiya is. [lat.] – elmi dərəcə almaq üçün təqdim edilən elmi tədqiqat əsəri.
Divan is. [fars.] – Yaxın və Orta Şərq ədəbiyyatında bir şairin yazdığı şeirlər
məcmuəsi; divanda şeirlər qafiyələnən sözlərin və ya rədiflərin axırıncı hərflərinə görə
əlifba sırası ilə düzülür.
Dövriyyə is. [ər.] – gəlir əldə etmək və təkrar istehsal üçün pulun, malın dövr etməsi,
tədavülü.
Duzaq is. – quş və vəhşi heyvan tutmaq üçün alət; tələ.
Dünyəvi sif. [ər.] – dünyaya aid olan, dünya ilə bağlı olan; din ilə əlaqəsi olmayan,
dini mahiyyətdə olmayan.
Ekspert [lat.] – 1) mübahisəli məsələlərin həlli üçün dəvət edilən mütəxəssis və ya
mütəxəssislər qrupu; 2) yoxlayıcı, müzakirəedici komissiya.
Ekstremal [lat.] – adi şəraitdən fərqlənən, qeyri-adi, təhlükəli; təbii fəlakətə, hərbi
vəziyyətə, siyasi çaxnaşmalara və s.-yə xas olan (situasiya). Enerji bloku – fəaliyyəti
birbaşa elektrik enerjisindən asılı olan hər hansı sənaye sahəsinin və ya iri
müəssisənin (məs.: neftçıxarma, televiziya və radio yayımı) enerjinin paylanmasını
tənzimləyən bölməsi.
Enerji bloku – fəaliyyəti birbaşa elektrik enerjisindən asılı olan hər hansı sənaye
sahəsinin və ya iri müəssisənin (məs.: neftçıxarma, televiziya və radio yayımı)
enerjinin paylanmasını tənzimləyən bölməsi.
Eqoizm is. [fr.] – cəmiyyətə və adamlara münasibətdə öz şəxsi maraqlarını hər
şeydən üstün tutmaq; altruizmin əksi olan əxlaqi keyfiyyət.
Əstəğfürullah nida [ər.] – hərfi mənada: “Allahdan bağışlanmağımı istəyirəm”;
bəzən Azərbaycan dilində “Allah eləməsin, haşa, əsla, qətiyyən, heç vaxt, heç elə şey
ola bilməz, heç elə şeyə razı ola bil mərəm” mənalarında da işlənir.
Fasad is. [fr.] – tikilinin xarici, çölə baxan əsas tərəfi, qarşıdan görünən tərəf; öndən
görüntü.
Filateliya is. [fr.] – kolleksiya üçün marka və poçt ödənişi nişanlarından yığıb
saxlama.


Format is. [alm.] – 1) kitab nəşrində ölçü; 2) hər hansı tədbirin təşkili və təqdimatı
üsulları; mediada materialı təqdimetmə üsulu.


Fövqəladə sif. [ər.] – 1) qeyri-adi, adətdənxaric, görünməmiş, eşidilməmiş; 2) son
dərəcə güclü; 3) təcili, xüsusi olaraq müəyyən olunmuş, qəbul edilmiş, növbədənxaric
; 4) ölkənin həyatında əmələ gələn müstəsna vəziyyətdən törəyən, onunla əlaqədar
olan.
Girdab is. [fars] – 1) dərin çayda, ya dənizdə suyun burulduğu yer; girdab; 2) məc.
ağır, qorxulu hal, həyatın keşməkeşi, çıxılmaz vəziyyət.
Hali olmaq is. [ər.] – bir hadisə, iş haqqında məlumatı, xəbəri olan; xəbərdar, agah.
Hücrə is. [ər.] – məscid, təkyə, karvansara və s. yanındakı kiçik otaqlardan hər biri.
Xal is. – 1) anadangəlmə və ya sonradan dəri üzərində əmələ gələn xırda, dəyirmi
ləkə; 2) idman yarışlarında və oyunlarında qiymət qoyarkən hesablama vahidi; 3)
musiqinin əsas melodiyası ilə həmahəng olan yeni hissə, yeni cəhət.
Xaniman is. [fars.] – 1) ev-eşik, ata yurdu, ocaq, dudman, məskən; 2) ev, ev
adamları, ailə.
Xaric is. [ər.] – 1) bayır, dışarı; bayır tərəf (daxilin əksi); 2) xarici ölkə, məmləkət.
Xaric etmək – qovmaq, kənar etmək, çıxarmaq.
Xaric olmaq – 1) kənar olmaq, çıxmaq; 2) musiqidə: mövcud ölçü və ahəngdən
kənara çıxma, yanlış çalma, ya oxuma.
İllah [ər.] – xüsusən, ələlxüsus.
İllüstrasiya is. [lat.] – kitab və jurnallarda mətnin məzmununa aid şəkillər.
İnstinkt is. [lat.] – qeyri-iradi, qeyri-şüuri reaksiya, hərəkət; sövq-təbii hiss, duyğu.
Karbürasiya is. [fr.] – daxiliyanma mühərriklərində duru yanacaq ilə havanın
qarışmasından yanacaq qatışığının əmələ gəlməsi.
Karbürator [fr.] – daxilində karbürasiya əmələ gələn cihaz (daxiliyanma
mühərriklərində).
Karet is. [pol.] – arx. hər tərəfi örtülü, dördtəkərli, at qoşulan, yaylı minik arabası.
Kataloq is. [yun.] – müəyyən qayda üzrə tərtib edilmiş şeylərin (kitabların,
əlyazmaların, muzey eksponatlarının və s.) siyahısı.


Katolik is. – xristianlıqda əsas məzhəblərdən biri.
Kazarma is. [fr.] – 1) hərbi hissələri yerləşdirmək üçün xüsusi bina; qışla; 2) arx.
fabrik və ya zavod yanında fəhlələr üçün ümumi yataqxana.
Kəsdirə bilməmək – müəyyən edə bilməmək, qətiləşdirə bilməmək; təxmin edə
bilməmək, qərara gələ bilməmək.
Koloniya is. – 1) imperialist dövləti tərəfindən zorla tutulub istismar edilmiş, siyasi və
iqtisadi istiqlaliyyətini itirmiş ölkə; 2) bir dövlətin ərazisində əcnəbilərin və ya bir
ölkədə başqa yer dən köçüb gələnlərin yaşadığı yer, məhəllə, qəsəbə; 3) bu və ya
başqa məqsədlə (islah edilmək, işləmək, müalicə olunmaq və i.a.) köçürülmüş
adamların yaşadığı yer; 4) bir-biri ilə bitişik yaşayan orqanizmlər qrupu.
Konfiqurasiya is. [lat.] – 1) zahiri görünüş, kontur, surət; cisimlərin qarşılıqlı
yerləşməsi; mürəkkəb cisimlərin tərkib hissələrinin nisbəti; 2) Günəş sistemindəki
cisimlərin xarakterik qarşılıqlı vəziyyəti.
Kontekst is. [lat.] – sözün və ya ifadənin mənasını dəqiqləşdirməyə kömək edən
mətn və ya mətnin bir parçası.
Konveyer is. [ing.] – işlənib hazırlanma prosesində olan məmulatı bir yerdən başqa
yerə ötürmək, yaxud nəql etmək üçün arasıkəsilmədən hərəkət edən nəqliyyat
qurğusu.
Korrektor is. [lat.] – mətnlərin korrekturasını aparan mətbəə və ya nəşriyyat işçisi;
müsəhhih, təshihçi.
Korrektura is. [lat.] – kitab, qəzet və s. nəşri zamanı mətnlərdəki orfoqrafik səhvlərin
düzəldilməsi; təshih edilməsi.
Qazi sif. və is. – düşmənə qarşı döyüşərək qəhrəmanlıq göstərən şəxs.
Qəlib is. – 1) bir şeyə bu və ya digər bir şəkil vermək üçün onun içinə keçirilən alət;
ülgü; 2) tökmə vasitəsilə müəyyən formalı şeylər hazırla maq üçün içərisi həmin
formaya uyğun şəkildə düzəldilmiş qab, alət (bu qablara ərgin və ya horra halında
tökülən maddə soyuduqdan və ya quruduqdan sonra həmin qabın içinin şəklini alır).
Qərq olmaq [ər.] – 1) batmaq; 2) boğulmaq (suda); 3) adətən, tərkiblərdə işlənib bir
şeyin çoxluğunu, şiddətini, dərinliyini və s.-ni bildirən ifadə.
Qiyamət is. [ər.] – 1) dini etiqadlara görə, axırzamanda aləm dağıldıqdan sonra
bütün ölülərin dirilib qalxması; məhşər günü.


Qlobal [fr.] – bütün Yer kürəsini bürüyən, dünya miqyaslı; hərtərəfli, əhatəli,
universal.
Qonorar is. [lat.] – elmi, ədəbi-bədii və s. işlər üçün ödənilən əməkhaqqı, mükafat.
Qumru is. – göyərçin cinsindən boz rəngli quş.
Maşallah nida [ər.] – 1) “Allah gözdən saxlasın”, “afərin”, “mərhəba” kimi mənalarda
bəyənmə və alqış bildirən nitq etiketi; 2) bəzən istehza, kinayə məqamında işlənən
nitq etiketi.
Mücəssəmə is. [ər.] – 1) hər hansı bir təbiət hadisəsi və ya qüvvəsinin canlı bir cisim
şəklində təsviri; 2) hər hansı bir keyfiyyəti, xüsusiyyəti təcəssüm etdirən adam, şey
haqqında; 3) surət, obraz; heykəl; 4) timsal, təmsil.
Mühafizəkar is. [ər. və fars.] – vaxtı keçmiş, köhnə qaydaları, adət və ənənələri
sevən, onlara riayət edən adam, köhnəlik tərəfdarı; köhnəpərəst.
Mühərrik is. [ər.] – hər hansı enerjini mexaniki enerjiyə çevirən maşın, bir şeyi
hərəkətə gətirən maşın, motor.
Multimedia is. [ing.] – müasir texnologiyalar vasitəsilə bir rəqəmsal görüntüdə mətn,
səs, qrafika, foto və videonun birləşdirilməsi.
Müntəzir sif. [ər.] – gözləyən, intizar içində olan, intizarda qalan.
Müsadirə etmək – bir şəxsin, yaxud şirkət, təşkilat, müəssisənin əmlak, pul və s.-ni
dövlətin xeyrinə zorla və əvəzsiz olaraq zəbt etmək.
Müşk is. [fars.] – ceyranın göbəyindən çıxarılan xoş iyli maddə.
Nagahan sif. [fars] – 1) gözlənilməyən, gözlənilməz, naqafil; 2) zərf kimi:
gözlənilmədən, birdən-birə, qəfildən, xəbərsiz.
Nəqqaş is. [ər.] – evlərin divarlarına, tavanına, şeylərin üstünə yağlı və ya sulu boya
ilə naxış vuran sənətkar.
Notbuk is. [ing.] – həcmcə masaüstü kompüterdən kiçik, maye-kristal displeyli,
klaviaturalı, asanlıqla daşına bilən portativ mini-kompüter.
Oktava is. [lat.] – 1) diatonik qammanın 8- ci tonu, həmçinin 1-ci və 8-ci ton
arasındakı interval; musiqidə ən aşağı bas; 2) birinci altı misrası iki çarpaz qafiyəli,
sonuncu iki misrası isə yanaşı qafiyəli səkkizmisralı şeir bəndi.
Orakul is. [yun.] – antik dövrdə qeybdən xəbər verən kahin; falçı, rəmmal.


Orijinal is. [yun.] – 1) bir yazının, şəklin və s.-nin əsli; 2) başqa dilə tərcümə üçün
əsas olan mətn, başqa dilə tərcümə olunan mətnin əsli.
Ornament is. [lat.] – rəssamlıqda, heykəltəraşlıqda və s.-də: təkrarlanan həndəsi
elementlərdən və ya bitki və heyvan motivlərindən ibarət naxış, bəzək.
Pasifist is. [lat.] – pasifizm tərəfdarı.
Pasifizm is. [lat.] – hər cür müharibəni, o cümlədən ədalətli müharibələri də inkar
edən siyasi cərəyan.
Patent is. [lat.] – ixtiraçının ixtirasını təsdiq edən şəhadətnamə, sənəd.
Pedantizm is. [ital.] – həddindən artıq formalizm (rəsmiyyətçilik); ifrat xırdaçılıq.
Perpendikulyar is. [lat.] – başqa bir düz xətt və ya müstəvi ilə düz bucaq təşkil edən
düz xətt.
Pərçim is. – iki şeyi bir-birinə bağlamaq (bənd edib bərkitmək) üçün metal mil və
onun döyülüb yastılanan ucu.
Pərdə is. [fars.] – bəzi simli musiqi alətlərinin (tar, saz və s.) qolundakı bölmələrdən
hər biri (bunların hər birinə barmaqla və ya mizrabla toxunduqda fərqli səs çıxarır).
Pnevmoniya is. [yun.] – ağciyər iltihabı.
Poliqrafiya is. [yun.] – çap məhsulları istehsalının bütün növlərini əhatə edən
texnika, sənaye sahəsi.
Populyarlıq is. – məşhurluq; geniş kütlə tərəfindən tanınma, sevilmə, onun rəğbətini
qazanma.
Praporşik is. [rus.] – ordu və donanmada ən kiçik zabit rütbəsi; habelə belə rütbəsi
olan hərbi xidmətçi; gizir.
Pres is. [lat.] – materialları təzyiq vasitəsilə işləmək, emal etmək üçün maşın, qurğu;
basqı aləti, məngənə, sıxac.
Prototip is. [yun.] – 1) ədəbi surət, habelə qəhrəman obrazı yaratmaq üçün müəllifin
orijinal kimi istifadə etdiyi həqiqi şəxs; 2) sonra gələn bir şəxsin və ya şeyin sələfi olan
şəxs, ya şey.
Psixoloji sif. [yun.] – 1) psixologiyaya aid olan, psixologiya ilə bağlı olan; 2) insanın
ruhi vəziyyəti ilə bağlı olan; 3) təsvir olunan surətlərin psixologiyasının dərin təsviri
əsasında qurulmuş, yaradılmış.


Redaktə etmək – hər hansı bir mətni yoxlamaq və düzəltmək, sonuncu dəfə
işləyərək çapa hazırlamaq.
Redaktor [lat.] – hər hansı bir kitabı, qəzeti, jurnalı və s.-ni redaktə edən adam,
nəşriyyat, redaksiya mütəxəssisi.
Risalə is. [ər.] – hər hansı bir məsələyə dair kiçik kitab; kitabça.
Sentimentallıq is. – həddindən artıq nazikürəklilik, həssaslıq.
Senzor is. [lat.] – mətbuat üzərində nəzarəti həyata keçirən vəzifəli şəxs.
Senzura is. [lat.] – çap məhsulları (qəzet, kitab, jurnal və s.), teleradio verilişləri,
kino, teatr və s. üzərində dövlət nəzarəti sistemi.
Sənaye is. [ər.] – 1) yeraltı sərvətləri çıxaran və xammalı emal edən müəssisələri
birləşdirən xalq təsərrüfatı sahəsi; 2) maşın texnikası tətbiq edən fabrik-zavod
müəssisəsi.
Sənə is. [ər.] – il.
Strategiya [yun.] – 1) hərb sənəti; hərbi əməliyyat, müharibə hazırlama və aparma
bacarığı, sərkərdəlik məharəti haqqında elm; 2) məc. ictimai-siyasi fəaliyyətdə bir işi
planlaşdırmaq, qurmaq və ona rəhbərlik etmək məharəti.
Studiya is. [ital.] – 1) rəssam və ya heykəltəraş emalatxanası; 2) kinofilmlər istehsal
edən müəssisə; 3) televiziya və radio verilişlərini aparmaq üçün xüsusi təchiz olunmuş
bina, otaq, yer.
Süslənmək f. – bəzənmək, özünə zinət vurmaq, yaraşıq vermək.
Şaman is. – ruhlara, magiyaya inanan xalqlarda (əsasən, şimal xalqlarında): sehrbaz,
ovsunçu, cadugər (şamanlar oxumaqla, dəf çalıb-oynamaqla özlərini cuşa gətirərək,
guya ruhlarla münasibətə girərək adamların xəstəliklərini sağaltdıqlarına, onlara
uğurlu ov təmin etdiklərinə və s.-yə inanırdılar).
Şöngümək f. – çömbəlmək.
Şrift is. [alm.] – müxtəlif ölçü və biçimdə olan mətbəə hərfləri.
Taktika [yun.] – 1) döyüşü aparmaq sənəti; hərb sənətinin tərkib hissəsi; 2) bu və ya
digər məqsədə çatmaq yolları; ictimai və siyasi mübarizə aparmağın vasitə və üsulları.
Taxça is. [fars.] – şey qoymaq üçün divarda açılan oyuq.


Tanker is. [ing.] – maye yükləri daşımaq üçün böyük gəmi (bu gəmilərdə neft və s.
mayelər birbaşa gəminin xüsusi hazırlanmış çənlərinə tökülür).
Taziyanə is. [fars.] – 1) arx. qırmanc, qamçı; 2) məc. kiçik satirik şeir.
Terrarium is. [lat.] – suda-quruda yaşayan və sürünən heyvanların saxlanılması üçün
xüsusi qab.
Tərsanə is. [ər.] – gəmi düzəldilən və təmir olunan yer, zavod.
Təsnifat is. [ər.] – hər hansı eynicinsli şeylərin və ya anlayışların müəyyən ümumi
əlamətlərə görə siniflərə, qruplara, bölmələrə ayrılması sistemi; klassifikasiya.
Tiraj is. [fr.] – 1) istiqraz və ya lotereya uduşlarının oynanılması; 2) buraxılmış nəşrin
(kitab, qəzet və s.) nüsxələrinin sayı.
Traktat – ayrıca bir məsələdən, problemdən bəhs edən elmi əsər.
Trayektoriya is. [lat.] – hərəkət edən hər hansı bir nöqtə və ya cismin fəzada cızdığı
xətt.
Tuş is. [alm.] – xüsusi surətdə hazırlanmış qara və ya başqa rəngli sulu boya (çertyoj,
rəsm çəkmək və yazmaq üçün).
Ülfət is. [ər.] – bir-birinə bağlanma, mehr salma, bir şeyə alışma, dostluq, səmimilik,
məhəbbət.
Ümman is. [ər.] – 1) böyük dəniz, dərya, okean; 2) məc. hədsiz, həddən artıq,
sonsuz, çox.
Vəcdə gəlmək – son dərəcə sevinmək, şadlanmaq, şövqə gəlmək, ruhlanmaq.
Vüsət is. [ər.] – genişlik.
Yaddaş kartı is. – elektron hesablama maşınlarında verilənləri mühafizə etmək üçün
istifadə olunan elektron qurğu. Yaddaş kartından rəqəmsal fotoaparatlarda,
telefonlarda, notbuklarda və s.-də geniş istifadə olunur.
Zövcə is. [ər.] – arvad, həyat yoldaşı, qadın.


Rafiq İsmayılov 
Aynur Rüstəmova 
Hidayət Allahverdi 
Sahibə Məmmədova
AZƏRBAYCAN DİLİ
Ümumtəhsil məktəblərinin 
7-ci sinfi üçün dərslik 
Bakı, Altun Kitab, 2014 
Nəşriyyatın ünvanı: 
AZ1130, Bakı, Ə.Naxçıvani küçəsi – 15A 
www.altunkitab.az 
E-mail: altunkitab2004@gmail.com
Çapa imzalanıb: 31.07.2014. Kağız formatı 70x100 1/16 
Fiziki çap vərəqi 11. Tirajı: 116000 nüsxə.

Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə