və qəzəbli rəftarından Pənahəli bəy anlayır ki, şah tez-gec onu məhv
edəcəkdir. Eyni zamanda əlinə çomaq alıb yasavullarla həmsöhbət
olmağı özünə ar hesab edib, fürsət tapan kimi oradan qaçmağı qərara
alır. Bunun üçün də miladi 1745-ci ildə Nadir şahın hüzurundan qaçaraq
Qarabağa - öz yaxın adamlarının içərisinə gəlib, orada sakin olur.
Pənahəli bəy öz yaxın adamlarından bir dəstə təşkil edərək gah Qarabağ
yollarında, gah da Şirvan çəmənliklərində dolanır və günü-gündən işləri
tərəqqi etməkdə idi. Nadir şah dəfələrlə Şirvan və Təbriz hakimlərinə
fərmanlar göndərib Pənahəli bəyin tutulmasını və şahın hüzuruna
göndərilməsini təkidlə tapşırmışdı. Lakin bu fərmanı icra etmək heç də
mümkün olmamışdı. Səbəbi bu idi ki, xalq Pənahəli bəyi müdafiə və
mühafizə edirdi. Bu vəziyyət 1747-ci il camadiyəl axır ayının sonuna
qədər davam etdi. Həmin tarixdə Nadir şah Xorasanda öldürüldü. şahın
ölüm xəbərini eşidən kimi Pənahəli bəy qızmış bir şirə döndü. Hər tərəfə
hücum edərək onu narahat edən düşmənlərə zərbə endirdi. Nadirin
zülmü nəticəsində Xorasana və Gilana sürgün edilmiş Kəbirli, Cavanşir
və başqa Qarabağ tayfalarının vətənə qayıtmağına şərait yaratdı.
Pənahəli bəy onları qarşılamaq üçün Azərbaycan və İraq sərhədinə
qədər gedib, onlara kömək göstərdi. Əlsiz-ayaqsız müflis olmuş qaçqın
həmvətənlərinə mənzil, yer-yurd verib yaşayış üçün şərait yaratdı.
Bununla o, əhali arasında son dərəcə böyük bir hörmət, nüfuz və rəğbət
qazandı.
Pənahəli bəy öz nüfuzundan siyasi məqsədlə istifadə etdi. Artıq
onunla Naxçıvan, Təbriz, Ərdəbil və başqa vilayətlərdə hesablaşırdılar.
Bu vəziyyətdən istifadə edən Pənahəli bəy heç bir hakimdən fərman
almadan özünü Xan elan edib Qarabağı, eləcə də qismən Gəncə, Təbriz,
Ərdəbil və Naxçıvan vilayətlərinin bəzi torpaqlarını idarə etməyə
başladı.
Pənahəli xanın bu şöhrəti Cənubi Azərbaycan hakimi Əmiraslan
xana da yetişdi. Əmiraslan xan vaxt itirmədən şəxsən Qarabağa gəlir və
Pənahəli xanla görüşür. Pənahəli xanın işlərini bəyənib həmin axşam
ona sultan səhəri xanlıq rütbəsi verir. Nadir şahdan sonra İranda
hökmdarlıq edən Adil şahdan xahiş edir ki, Pənahəli xana xanlıq
rütbəsini təsdiq etsin... Adil şah öz növbəsində rəsmi surətdə Pənahəli
xana xanlıq rütbəsi fərmanı, eləcə də cavahiratla bəzənmiş qılınc, çoxlu
hədiyyələr göndərir. Pənahəli xanın şöhrəti gündən-günə ucalırdı.
80
PƏNAH XANIN İNŞA ETDİYİ İLK QALALAR VƏ
ŞƏHƏRLƏR
Biz burada ilk qala və şəhərlər sözünü şərti mənada işlədirik.
Məlumdur ki, Qarabağ ərazisində Bərdə, Örənqala və Beyləqan kimi
tarixi şəhərlər və qalalar vardır. Bu şəhər və qalalar Pənahəli xan
dövründən əsrlərcə əvvəl yaranıb-yaşayıb, dəfələrlə dağılıb, xarab
edilib, yenidən həyata qayıdıb. Bizim məqsədimiz tarixin yaddaşına
sadiq qalan Pənahəli xanın inşa və təsis etdiyi ilkии qala şəhərlər haqda
məlumat verməkdir. Məlumdur ki, Pənahəli xan hakimiyyətinin ilk
illərində Bayat və Şahbulaq qalalarını tikmiş, orada hakimiyyət sürmüş
və oranı tərk etmişdir. Bunun səbəblərini oxucuya çatdırmaq bizim
məqsədimizdir. Həmin qalaları tərk etmək zərurəti isə Şuşa qalasının
inşa edilməsinə şərait yaratmışdır. Yuxarıda dediyimiz kimi Pənahəli
xanın dövlət, izzət və şöhrəti günü-gündən artıb yüksəlməkdə idi. Bu
yüksəliş və inkişafı görən qonşu bəylər və xanların bir çoxu onun
qarşısında əyilməyə və dostluq binası qoymağa başlamışlar.
Bununla belə Pənahəli bəy hakimiyyətə başlar-başlamaz, qarşısında
belə bir vəzifə qoymuşdu: Qarabağı əhatə edən xanların bir çoxu zahirdə
dost və müttəfiq olsalar da, fürsət məqamında qanlı bir düşmənə çevrilə
bilərlər. Odur ki, xanlığın möhkəm bir istinadgahı yaradılmahdır. Bu
daldalanacaqda yaşayış üçün zəruri binalar, eləcə də səngər, müdafiə
hasarı tikilməli idi.
Bu məqsədlə Pənahəli xan 1747-ci ildə Bayat qalasının binasını
qoydu. Qısa müddətdə qalaya hasar çəkdi, xəndək və başqa istehkamlar
tikdirdi. Sonra Pənahəli xan ailəsini, qonşularını, mahalın başqa nüfuzlu
şəxslərini köçürüb Bayatda sakin etdi.
Pənahəli xan bir müddət Bayatda yaşadı. Şəki xanı Hacı Çələbiyə
burada qalib gəldi. Bu sınaq dövründə Bayatın coğrafi şəraitinin
əlverişli olmaması meydana çıxdı. Əvvələn, yaz və yay vaxtı elat
yaylağa getdiyindən qalanın ətrafında əhali azaldı. Bu səbəbdən qalanı
elə yerdə tikmək qərara alındı ki, o həm dağ, həm də aranla əlaqədar
olsun. Bu məqsədlə bir çox fikir, məsləhət və məşvərətdən sonra
Ağdamın 5-6 kilometrliyində yerləşən və Şahbulaq adlanan yerdə qala
və istehkam düzəltmək qərara alındı. Həqiqətdə də Şahbulaq Bayata
nisbətən daha əlverişli müdafiə yeri idi. Miladi 1748-ci ildə
81
Şahbulaqda sürətlə qala və lazımi inşaat işləri aparıldı. Elə bu zaman
Xaçın məliki Pənahəli xana mane olmaq istədi. Onlar ətraf ermənilərdən
iki minə yaxın qüvvə toplayaraq Ballıqaya adlı yerdə səngər qurdular və
Pənahəli xana qarşı üsyan qaldırdılar. Pənahəli xan əvvəlcə nəsihət və
mülayimliklə erməniləri intizama çağırdı və dedi ki, Şahbulaqda qala
tikmək onlara ziyanlı deyil, bəlkə həddən artıq mənfəətlidir. Lakin
erməni bandaları Pənahəli xanı eşitməyib öz inadlarından əl çəkmədilər.
Nəhayət, qanlı vuruşma başladı. Pənahəli xan özündən artıq silahlı
ermənilərin səngərinə hücum edib üç günlük vuruşmadan sonra onları
məğlub və darmadağın etdi. Bu hadisə Şahbulağın tikintisini daha da
sürətləndirdi. Tezliklə Şahbulaq kiçik qala-şəhər halına salındı: Burada
hamam, bazar, məscid və başqa zəruri binalar tikildi. Pənahəli xan
Bayatdan və ətraf kəndlərdən öz etibarlı adamlarını Şahbulaq qalasına
köçürtdü.
Əlbəttə, Şahbulaq Bayata nisbətən nə qədər əlverişli və möhkəm olsa
belə, yenə də xanlığın artan tələbatına və məqsədlərinə cavab vermək
səviyyəsində deyildi. Bu səbəbdən xan özünə daha qüdrətli bir müdafiə
qalası yaratmaq qərarına gəldi.
O öz yaxın adamları ilə müzakirə, müşavirə edərkən Vərəndə məliki
Şahnəzər onun köməyinə gəldi. Onun məsləhəti ilə Şuşa qalasının əsası
qoyuldu.
Məlik Şahnəzərin Qarabağ Xəmsə məlikləri ilə münasibəti
pozulmuşdu. Bu səbəbdən Pənahəli xana pənah gətirib xanın dostu və
müttəfiqi olmuşdu. Məlik Şahnəzər qızı Hürzad xanımı Pənahəli xanın
böyük oğlu İbrahimxəlil ağaya ərə vermişdi. Məlik Şahnəzər onu
öldürmək istəyən digər erməni məliklərindən xilas olmaq yolunu Pənah
xanla sıx dostluqda görürdü... Şüşə kəndinin 6 verstliyində mənzərəli bir
yerdə, hər tərəfdən sıldırım qayalarla əhatə olunub, yalnız bir tərəfdən
gəlib-getmək mümkün olan yer yeni qala üçün seçildi. Qalanın yeri
meşə ilə örtülü idi, yalnız az hissəsi otlaq üçün istifadə olunurdu.
Pənahəli xan yeni iqamətgahının yerinə baxıb çox bəyəndi. xanın əmri
ilə salmacaq qala şəhərin yerini öyrənmək üçün bir heyət yaradıldı.
Həmin komissiyanın qarşısında yeganə çətinlik burada suyun olmaması
idi. Lakin tezliklə aydın oldu ki, burada bəzən çox dayaz yerdən su
çıxır. Bir neçə yerdən quyu qazdırıb su çıxdığına şahid oldular. Pənahəli
xan dərhal həmin ərazidə qala salmaq və şəhər tikmək əmrini verdi.
82
Dostları ilə paylaş: |