həm də qonşu ölkələrin Dağıstan və Gürcüstanın da malları üçün gözəl qış otlaqları
idi. Yay alp çəmənlikləri – yaylaqlar da geniş əraziləri tuturdu.
40-50-ci illərdə iribuynuzlu mal-qaranın sayı xeyli artmışdı. 1845-ci ilə
aid olan məlumatlara görə, Azərbaycanın altı qəzasında – Quba, Bakı, Şamaxı,
Lənkəran, Nuxa və Şuşa qəzalarında onun sayı 272,1 min başa çatırdı.
Xırdabuynuzlu mal-qaranın – qoyun və keçilərin də sayı artırdı. 1843-cü ildə
Azərbaycanın həmin qəzalarının hüdudlarında 476,9 min baş xırdabuynuzlu mal-
qara var idi.
Həmin dövrdə həm mal-qaranın sayına, həm də bu sayın artımına görə
Azərbaycanın aparıcı maldarlıq rayonları Şamaxı, Şuşa, Yelizavetpol və Quba
qəzaları idi.
1845-ci ilin məlumatlarına görə (Yelizavetpol və Car-Balakən dairələri,
habelə Naxçıvan və İrəvan bölgələri nəzərə alınmadan), atların sayı 88 min baş idi.
XIX yüzilliyin I yarısında Azərbaycanda iri və xırdabuynuzlu mal-qara,
atlardan başqa xeyli miqdarda yük heyvanları – dəvə, qatır və ulaq bəslənirdi.
40-50-ci illərdə Azərbaycan heyvandarlığında xeyli dəyişikliklərə
baxmayaraq, bu sahədə, əsasən, natural təsərrüfat hökmran olaraq qalmaqda davam
edir və sahənin əmtəəliyi çox zəif təzahür edirdi. Məsələn, 1845-ci ildə
Azərbaycanın həmin altı qəzasında satışa 2750 baş at (atların ümumi sayının ancaq
3,1%-i), 19150 baş iribuynuzlu mal-qara (8,7%) və 89 min baş qoyun (11,7%)
çıxarılmışdı. Bundan başqa, həmin qəzalarda satışa 20,5 pud yağ, 23,3 min pud
pendir, 11,8 min pud piy və 49,5 min pud dəri çıxarılmışdı. 270 min başdan artıq
iribuynuzlu mal-qaranın və 760 min başdan artıq qoyun və keçinin olduğu şəraitdə
bu, əlbəttə ki az idi.
Bununla belə kənd təsərrüfatının əvvəlki qapalılığı öz yerini əmtəə
mübadiləsinin və şəhərlə kənd arasında əlaqələrin müəyyən qədər artmasına
verirdi. Heyvandarlıq məhsulları əsasən şəhərlərdə satıldığı halda, bazara çıxarılan
taxılın mühum hissəsi maldar kəndlilər tərəfindən istehlak edilirdi. 1845-ci ildə
bütün Xəzər vilayəti üzrə mal-qara və maldarlıq məhsullarının satışından əldə
olunan gəlir 332,6 min manata, taxıl satışından götürülən gəlir isə 397 min manata
bərabər olmuşdur.
XIX yüzilliyin 30-50-ci illərində Azərbaycan ipəkçiliyi inkişaf etməkdə
davam edirdi. Rus sənayesinin xam ipəyə olan tələbatı daim artırdı. Ucuz xammal
əldə etməkdə maraqlı olan hökumət və ticarət-sənaye dairələri ipəkçiliyin inkişafı
üçün müəyyən cəhdlər göstərirdi. 1836-cı ildə Peterburqda təsis olunmuş
kampaniya ―Zaqafqaziyada ipəkçiliyi və ticarət sənayesini yayan cəmiyyət‖
Nuxanı öz fəaliyyətinin mərkəzi seçdi. Şəki əyalətinin bütün xəzinəyə məxsus tut
bağları 5 illik müddətə pulsuz olaraq, sonrakı 25 il ərzində isə götürülən gəlirə
müvafiq olaraq ucuz qiymətə cəmiyyətə verildi. Bağlara təhkim olunmuş 700
yaxın dövlət kəndlisi – rəncbər də cəmiyyətin sərəncamına verildi. Qısa müddət
ərzində kampaniya öz təsərrüfatını xeyli genişləndirdi. Kampaniyanın sərəncamına
verilmiş 760 bağda 1836-cı ildə 4300 min, 18 il sonra isə (1854-cü ildə) artıq 7
mln-dan yuxarı tut ağacı var idi. Kampaniya rəncbərləri istismar etmək hesabına
ipək istehsalını təxminən 3 dəfə artırmağa nail oldu [12].
40-cı illərin sonuna yaxın istehsal edilən xam ipəyin miqdarı 28-29 min
puda çatdı. Ümumiyyətlə, 30-50-ci illər ərzində Azərbaycan rus sənayesi üçün bu
qiymətli xammalın əsas istehsal bazasına çevrildi. Zaqafqaziyada emal olunan
ipəyin 85 faizi Azərbaycanın payına düşürdü.
Xam ipəyin bir hissəsi, başlıca olaraq, Şamaxı şəhərində və onun
ətrafındakı kəndlərdə yerləşən yerli ipəktoxuma müəssisələrində emal olunurdu;
ipəyin az bir hissəsi xaricə, əsasən Fransaya ixrac edilirdi. Azərbaycan xam
ipəyinin əsaə hissəsi isə Rusiyaya daşınırdı. Onu Nijni-Novqorod yarmarkasına və
Moskvaya göndərirdilər. Artıq XIX yüzilliyin 30-cu illərin sonuna yaxın rus ipək
sənayesi olaraq, Zaqafqaziyadan göndərilən xammalın hesabına işləyirdi. Həmin
dövrdə Moskva və onun ətrafındakı fabriklərdə emal olunmuş xam ipəyin 5/8
hissəsindən çoxu Zaqafqaziyanın, başlıca olaraq isə, Azərbaycan ipəyinin payına
düşürdü.
40-50-ci illərdə Azərbaycandan xam ipək daşınması artmaqda davam
edirdi. 50-ci illərin əvvəllərində Zaqafqaziyada istehsal olunan 30-35 min pud xam
ipəkdən 2/3-si Rusiyaya aparılır, 1/4-i yerlərdə sərf olunur, qalanı (təxminən 8
faizi) xaricə ixrac edilirdi [13].
Beləliklə, Rusiya işğalından sonra Azərbaycan iqtisadiyyatında ipəkçilik
inkişaf etməkdə olan rus ipək sənayesi üçün xammal tədarükçüsü kimi müstəsna
olaraq əmtəə əhəmiyyəti kəsb etdi.
Bu dövrdə tütünçülük də əmtəə istehsalı sahəsinə mevrilirdi. 30-cu illərin
əvvəllərində tütün Azərbaycanın ancaq 4 əyalətində becərildiyi halda,40-cı illərin
ortalarında bununla artıq 8 qəzada məşğul olurdular. Tütün istehsalının həcmi xeyli
artsa da, əldə olunan tütünün miqdarı çox deyildi. Lakin bu sahədə istehsalın
əmtəəliyi kifayət qədər yüksək idi. Məsələn, 1845-vi ildə 8 qəzada toplanılmış 4
min puddan bir qədər artıq tütünün 2 min puda qədəri satışa getmirdi [14].
Rusiya bazarında yüksək keyfiyyətli tütün növlərinə təlabat xaricdən
gətirilmiş ən yaxşı tütün növlərinin – Havana, Alban və Perqam növlərinin
Azərbaycanın iqlim şəraitində əldə edilməsi üçün bir sıra bölgələrdə onlatrın
becərilməsinə marağı artırdı.
Texniki bitkilərdən qızılboya istehsalı daha böyük əhəmiyyətə malik idi.
Onun köklərindən yüksək keyfiyyətli təbii boyalar hazırlanırdı. Qızılboya
Azərbaycanda qədimdən istehsal olunurdu. O hələ orta əsrlərdə Azərbaycan
parçalarına, xalçalarına və digər məmulatlarına dünya şöhrəti qazandırmışdı. Ötən
yüzilliyin 40-cı illərində qızıl boyaya sənaye tələbatı artdı. Azərbaycan qızıl
boyasının yaxşı keyfiyyətinə əmin olan rus sənayeçiləri Xəzər dənizinin qərb
sahillərində bu bitkinin plantasiyalarının genişlənməsi və istehsalın artmasında fəal
içtirak edirdilər [15]. 1851-ci ilə qədər Azərbaycan və Dağıstanda qızıl boya