ayrı-ayrı ailələrdə, həm də xüsusi dərzixanalarda tikilirdi. 1832-ci ildə 5 şəhərdə
470 nəfərə qədər dərzi işləyirdi.
1831-1832-ci illərdə Azərbaycanın 5 şəhərində 136 dabbağxana vardı. 40-
cı illərdə dabbağxanaların sayı ik dəfədən çox artmış, yəni 324 olmuşdu. Onların
yarıdan çoxu – 178-i Nuxada, 57-si Şamaxıda, 33-ü Qubada, 26-sı Gəncədə, 9-u
Naxçıvanda cəmləşmişdi [28].
40-cı illərdə Azərbaycanın 8 şəhərində 700-ə qədər papaqçı çalışırdı [29].
Ayaqqabı, xüsusilə başma istehsalı çox inkişaf etmişdi. 1830-cu ildə Bakı,
Quba, Şamaxı, Naxçıvan və Ordubad şəhərlərində 350 nəfər başmaqçı olmuşdusa,
1848-ci ildə onların sayı 600 nəfərə çatmışdı. 1848-ci ildə təkcə Şamaxı şəhərində
227 və Nuxada isə 147 nəfər başmaqçı vardı.
Azərbaycanda sərraclıq əsasən şəhərlərdə mövcud idi. 40-cı illərdə 6
şəhərdə 90 nəfərdən çox sərrac vardı.
Azərbaycanda sənətkarlığa nisbətən peşələr sayca daha çox idi. Kəndli
ehtiyac üzündən müxtəlif peşələrlə məşğul olmağa məcbur idi. Kənd təsərrüfatı
işləri qurtardıqdan sonra, habelə qış aylarında kəndli ailəsi kənd təsərrüfatı
məhsullarının emalı işi ilə məşğul olurdu. Məişət üçün zəruri olan peşə məmulatı
aildə hazırlanırdı. Yoxsul kənlilər heç vaxt öz təsərrüfatı ilə özlərini doydura
bilmirdi, buna görə də onların başlıca yaşayış mənbəyi peşə idi. Peşələrin olduqca
rəngrəngliyi və məişətə möhkəm daxil olması məhz bu amillə izah edilməlidir.
Ölkədə qədim tarixə malik olan boyaqçılıq peçəsi həm yun, həm ipək və
həm də başqa növ xammalın boyanmasında mühüm rol oynayırdı. Yalnız 1832-ci
ildə Azərbaycanda 160-a yaxın boyaqxana işləyirdi. Bunlardan əlavə, çox az kəndli
ailəsi tapmaq olardı ki, toxunma işində istifadə edilən ipi özü boyamasın. Müxtəlif
rənglərdən istifadə etmək, onları seçmək, bir-birinə uyğunlaşdırmaq sahəsində
boyaqçılar zəngin təcrübəyə malik idilər. Bir sıra peşələrdə ənənə və ustalıq bir-
birilə bir növ çulğaşmışdı.
Ağac emalı həm şəhərlərdə, həm də dağ və dağətəyi rayonlarda əhalinin
əsaə məşğuliyyətindən birini təşkil edirdi. Kənd təsərrüfatı alətlərinin ağac hissələri
(balta, dəhrə və s.), həmçinin təsərrüfatda və məişətdə çox işlədilən cəhrə, yun
darağı, nehrə, yaba, kürək, vəl, şana, araba təkəri, boyunduraq, nərdivan, tabaq,
təknə, ovlov, çömçə, qaşıq, araba, cürbəcür musiqi alətləri (tar, kamaça, zurna, ney,
balaban, dəf və qaval sağanağı və s.) məhz ağacdan düzəldilirdi. Bundan başqa,
ağacdan müxtəlif sandıqlar, mücrülər, qəlyanlar, eləcə də nadir şəbəkələr
hazırlanırdı.
XIX əsrin 40-cı illərində Azərbaycanda sənətkarların və peşəkarların sayı
12 min nəfərdən çox idi. Onların əksəriyyəti şəhərlərdə cəmləşmişdi. Ölkədə
sənətkarlıq və peşələrin az bir hissəsi xırda əmtəə istehsalı mərhələsinə qədər
yüksələ bilmişdi [30].
XIX əsrin artıq I rübündə ipək emalı sahəsi nəinki xırda əmtəə istehsalı
bazasına daxil olmaqda idi, hətta Şamaxıda ipəktoxuma istehsalında əmək bölgüsü
inkişaf etmişdi. Bir toxucu dəzgahını 5 nəfər idarə edirdi, həm də müxtəlif çeşidli
parçalar toxunurdu. Beləliklə, ipəktoxuma orada (Şamaxıda – Red.) manufaktura
mərhələsinə daxil olmuşdu. Bu müəssisələrin hər birində orta hesabla 9 nəfərə
qədər toxucu işləyirdi. Həmin dövrdə sırf kapitalist manufakturası da yaranmağa
başladı. Eyni bir kapitalın komandası altında xeyli fəhlənin bir yerə yığılması
ümumiyyətlə, həm kooperasiyanın, həm də manbufakturanın təbii başlanğıc
nöqtəsini təşkil edirdi [31].
1827-ci ildə Nuxanın (Şəki) yaxınlığında Xanabad kəndində ipək emalı
fabriki işə salındı. Müəssisə çar dövlət xəzinəsinə mənsub idi. Müəssisədə 20
ipəksarıyan dəzgah, 10 ikiqat kürə və sapburan maşınlar qoyulmuşdu. Bu nəinki
Azərbaycanda, həm də Zaqafqaziyada ilk kapitalist manufakturası idi. Xanabad
manufakturasında 30-cu illərin əvvəlində 90 nəfərdən çox muzdlu rəhlə işləyirdi.
İstehsal olunan xam ipək kustar üsulla emal edilən xam ipəkdən 2-3 dəfə baha
satılırdı. Müəssisədə əmək bölgüsü o qədər də geniş deyildi. İpək sapı açılır və
sonra isə burularaq toxuculuq üçün yararlı hala salınırdı. Əl əməyi istehsalatda
yenə də üstün yer tuturdu.
1836-cı ildə Xanabad müəssisəsi xəzinənin ixtiyarından ―Zaqafqaziyada
ipəkçiliyi və ticarət sənayesini yayan cəmiyyət‖in əlinə keçdi. 571,4 min manat
kapitalı olan bu səhmdar kampaniyası dövlətin təşəbbüsü ilə təsis edilmişdi [32].
Bu cəmiyyətin əsas istehsal bazası istər ipək (barama) istehsalı, istərsə də ilkin ipək
emalı baxımından Azərbaycanda yerləşirdi. Ona görə də həmin tarixi burada
kapitalist səhmdar istehsalının başlanğıcı hesab etmək olar [33].
―Zaqafqaziyada ipəkçiliyi və ticarət sənayesini yayan cəmiyyət‖in Nuxada
ipək emal edən başqa bir müəssisəsi də var idi. Bu müəssisəni də xəzinə səhmdar
cəmiyyətinə vermişdi. Müəssisədə 10 sarıma dəzgahı, 12 baramaaçan tiyan və 5
sapburan maşın vardı [34]. Aydındır ki, Xanabad müəssisəsi kimi bu da kapitalist
manufakturası idi. Səhmdar cəmiyyətin göstərilən müəssisələrdən əlavə təcrübə
stansiyaları, ipəkçilik məktəbi və s. var idi [35].
Təkcə Nuxada deyil, Vartaşendə də manufattura tipli müəssisələr vardı.
Muradxanovun buradakı ipək emalı müəssisəsini də kapitalist manufakturası
zümrəsinə aid etmək olar. Sonrakı dövrlərdə bu kimi müssisələrin sayı artmışdı.
Manufaktura emal sənayesinin digər sahələrində, həmçinin neft istehsalında da
mövcud idi.
Məlumdur ki, manufaktura xırda əmtəə istehsalı ilə fabrik arasında keçid
mərhələsi olduğunu və orada əmək bölgüsünün inkişafı son dərəcə yavaş getdiyinə
görə, kapitalist manufakturaları xırda istehsalı tamamilə sıxışdırıb aradan qaldıra
bilməmiş, buna görə də manufaktura sənaye əkinçilikdən bütünlükdə ayrılmamışdı.
Azərbaycanda manufaktura feodal istehsal münasibətlərinin hakim olduğu
bir şəraitdə yaranıb inkişaf edirdi. Lakin bu manufakturalar öz ictimai təbiəti
etibarilə, inkişaf meylinə görə əsil kapitalist müəssisələri idi. Onların iki tərəfdən
(dövlətin və yaxud feodalın) idarə edilməsi yalnız xüsusiyyət məsələsi idi.