Azərbaycanda inkişaf etmiş manufaktura istehsalı bir növ Mərkəzi Rusiya
fabriklərinin əlavəsi rolunu oynayırdı. Başqa sözlə desək, rus fabrikləri ucqarlarda
yarımfabrikat almaqla istehsal dövriyyəsini başa çatdırırdı. Yerlərdə - ucqarlarda
isə istehsal dövrü natamam qalır, haradasa, istehsalın hansı fazasındasa yarımçıq
saxlanılırdı. Müstəmləkə iqtisadiyyatına xas olan xüsusiyyətlərdən biri də məhz bu
idi.
Kənd təsərrüfatının elə məhsulları vardı ki, onları uzaq məsafəyə aparmaq
sərfəli deyildi. Həmin məhsulların (barama, üzüm, süd və s.) uzun zaman yolda
olması onların keyfiyyətlərinin və əmtəə dəyərinin aşağı düşməsinə səbəb olurdu.
Çar hökuməti bu növ məhsulların ilkin emalının yerlərdə keçirilməsində maraqlı
idi.
Azərbaycan sənayesində manufaktura mərhələsi uzunömürlü olmamışdır.
Kapitalist inkişafının bu forması yalnız ipək emalı sənayesində bir əsrə qədər
davam etmişdir. Deməli, ipək emalı sənayesi sənaye kapitalizmi inkişafının bütün
mərhələərini keçə bilmişdi. Çünki ipəktoxumanın hələ orta əsrlərdən ölkədə geniş
inkişaf tapması, Azərbaycanın Rusiya tərəfindən istilasından sonra ipəksarımanın
Rusiyanın daxili quberniyalarında o qədər də inkişaf etməməsi, həm də rus
ipəktoxuma məmulatının əhalinin bu mallara olan tələbini uzun zaman ödəyə
bilməməsi Azərbaycanda bu istehsal sahəsinin inkişafını dayandıra bilməmişdi.
Rusiyadan ucqarlara, o cümlədən Azərbaycana hazır malların gətirilməsi yerlərdə
müvafiq istehsal sahələrinin inkişaf mərhələlərinin yarımçıq qalmasına gətirib
çıxarırdı. Bu isə, öz növbəsində, iqtisadiyyatın birtərəfli inkişafı ilə nəticələnirdi.
§ 4. TĠCARƏT
XIX əsrin birinci yarısında Azərbaycan ticarəti öz inkişafında ölkənin
sosial, iqtisadi və siyasi vəziyyəti ilə əlaqədar olaraq bir sıra mərhələlərdən
keçmişdir. Azərbaycan iqtisadiyyatına ciddi zərbə endirən iki Rusiya-İran
müharibəsi, çarizmin Zaqafqaziyada ticarət və gömrük siyasətinin qeyri-sabitliyi,
Azərbaycanda müxtəlif çəki, ölçü və pul sistemlərinin tətbiq edilməsi XIX əsrin
birinci 30 illiyində ticarətə mənfi təsir göstərən amillər idi. Müharibədən zərər
çəkən rayonlarda ticarət xeyli tənəzzül etmişdi. Lakin buna baxmayaraq, bu dövrdə
Azərbaycan ticarəti, xüsusən onun xarici ticarət əlaqələri bütövlükdə, yavaş da
olsa, müəyyən inkişaf və genişlənmə yolunda idi. Mühüm coğrafi mövqedə
yerləşən Bakı şəhərində ticarət genişlənmiş, tacirlərin sayı və onların malik
olduqları kapitalın miqdarı xeyli artmışdı. 1810-cu ildə Bakının ticarət dövriyyəsi
500 min manat idisə, 1827-ci ildə bu, 5205 min manata qədər artmışdı [36]. Bu
dövrdə Azərbaycanın Mərkəzi Rusiya ilə ticarət əlaqəsi inkişaf etməkdə davam
edirdi. Azərbaycandan Mərkəzi Rusiyaya aparılan malların arasında öz dəyərinə
görə mühüm yer tutan ipək və ipək məmulatının miqdarı xeyli artmışdı.
Azərbaycanda ipək istehsalının mərkəzi olan Şəki əyalətindən 1822-1828-ci illərdə
Mərkəzi Rusiyaya 2066 min manatlıq 31 min pud ipək aparılmışdı. Həmin illərdə
Rusiya fabriklərində istehlak edilən ipəyin 37 faizə qədəri Şəki ipəyinin payına
düşürdü [37]. Azərbaycanın digər rayonlarından da Mərkəzi Rusiyaya xeyli ipək
aparılırdı. Belə ki, 1823-1829-cu illərdə Şirvan əyalətindən oraya 8,3 min pud,
Qarabağ əyalətindən isə 20-ci illərdə hər il gümüş pulla 1 mln. manatlıq ipək
aparılmışdı [38].
Azərbaycandan Mərkəzi Rusiyaya aparılan ipək məmulatı, qızılboya
(marena) ilə yanaşı, çəltik, ağ neft, zəfəran və s. malların miqdarı da ilbəil artırdı.
Mərkəzi Rusiyadan Azərbaycana gətirilən bir sıra mühüm malların,
xüsusilə pambıq-parça məmulatı, xırdavat malları, qab-qacaq, dəmir, dəmir
məmulatı və s. digər sənaye mallarının miqdarı da çoxalır və yerli əhalinin
tələbatının ödənilməsində onların əhəmiyyəti artırdı. Mərkəzi Rusiyadan hər il
Zaqafqaziyaya gətirilən malların xeyli hissəsi Azərbaycan bazarlarında satılırdı.
30-cu illərdən etibarən ticarət əlaqələri və əməliyyatları daha da
genişlənmişdi. Azərbaycanın Rusiya tərəfindən işğalının başa çatması ilə burada
keçirilən bir sıra sosial-iqtisadi tədbirlər sənaye, kənd təsərrüfatı və nəqliyyatla
bərabər ticarətin də inkişafına kömək edirdi. Azərbaycanda yeni-yeni ticarət
məntəqələri yaranır, ticarət müəssisələrinin sayı və dövriyyəsi çoxalır, ayrı-ayrı
rayonlar arasında əmtəə mübadiləsi genişlənir, əmtəə-pul münasibətləri inkişaf
edirdi [39].
Bakının nefti, duzu və Zəfəranı, Talış əyalətinin düyüsü, Qubanın,
Ordubadın, Yelizavetpol və Zaqatalanın meyvəsi, Şəkinin və Şamaxının ipəyi və
ipək parçaları, Lahıcın mis qabları, Quabnın xalçaları və s. yerlərin özünəməxsus
spesifik malları özünə yeni bazarlar tapırdı.
Azərbaycanın Bakı, Şamaxı, Şəki, Şuşa və Gəncə kimi mühüm ticarət
şəhərləri ilə bərabər, Quba, Salyan, Lənkəran, Zaqatala, Naxçıvan və Ordubadın da
ticarət dövriyyəsi artır və onların hər biri ətraf yerlərin alğı-satqı mərkəzlərinə
çevrilirdi.
Əlverişli coğrafi mövqedə yerləşməklə, həm də neft kimi sərvətə malik
olmaqla Bakı şəhəri Mərkəzi Rusiya və İran mallarının Azərbaycan rayonlarında
yayılmasında və yerli məhsulların isə oraya aparılmasında həlledici əhəmiyyət
kəsb edirdi. 1833-cü ildə Bakıdan Azərbaycanın digər qəzalarına və Zaqafqaziyaya
196 min, 1852-ci ildə isə 500 min manatlıq mal aparılmışdı. 1839-cu ildə həmin
yerlərdən Bakıya 38,4 min, 50-ci illərin başlanğıcındea isə 100 min manatlıq mal
gətirilmişdi [40]. 40-cı illərin sonunda Bakı, Lənkəran, Şamaxı, Quab və Nuxa
qəzalarında 95,6 min manatlıq 211 min puda yaxın neft məhsulu (bunun 800 pudu
ağ neft idi) satılmışdı.
Azərbaycan şəhərlərində ayrı-ayrı ticarət məntəqələrində ticarət
müəsasisələrinin sayı və dövriyyəsi sürətlə çoxalırdı. 40-cı illərin əvvəlində
Şamaxı və Nuxa şəhərlərinin hər birində 700-dən çox, Şuşada və Yelizavetpolda