metodları ilə bağlı olduğunundan kəndlilərin çıxışları eyni zamanda antifeodal
xarakter daşıyırdı. Bununla birlikdə yerli feodalı sinfinin müəyyən hissəsinin
iştirak etməsinə baxmayaraq, o, obyektiv olaraq sonunculara qarşı da
yönəldilmişdi, çünki feodalların digər hissəsi artıq çoxdan öz mənafeyi xatirinə çar
müstəmləkə idarəçiliyi ilə bağlanmışdılar.
Üsyan çar hakimiyyət orqanlarını qəflətən yaxaladı. Həmin dövrdə rus
ordusunun əsas qüvvələri çarizmə, müstəmləkəçilik əleyhinə mübarizəyə qalxmış
Dağıstan dağlılarına qarşı yönəldilmişdi. Talışda rus qoşunlarının qüvvələri
məhdudu idi. Burada ancaq daima Lənkəranda yerləşən piyada batalyonu var idi.
Hökumətin üsyanşılara ciddi müqavimət göstərə bilmədiyi bir şəraitdə yerli əhali
tərəfindən göstərilən kömək ilk dövrlərdə Mir Həsən xanın müvəffəqiyyət
qazanmasını təmin etdi.
1831-ci il martın 10-da üsyançılar Lənkərana yaxınlaşdılar və şəhəri
qurudan qismən mühasirəyə aldılar. Əyalət komendantı Korniyenko etiraf edirdi
ki, Mir Həsən xanın əlaqəsini tamamilə kəsmişdilər. Martın 10-da üsyançılar daha
bir qələbə gözləyirdi: üsyançılara qarşı mübarizə məqsədilə yerli əhalidən təşkil
edilib Ərçivan kəndində yerləşdirilmiş süvari dəstə bütün heyəti ilə onların tərəfinə
keçdi və qiyamçı xanın oğlu Abdulla bəyə qoşuldu.
Talışda üsyan başlanması xəbərini alan Paskeviç əks zərbə vurmağa
hazırlaşmağa başladı. Aprelin əvvəlləri üçün Salyan və Zərdaba nizami və qeyri-
nizami qoşun dəstələri gətirmək nəzərdə tutulurdu. Martın 20-də çar dəstəsi
Abdulla bəyin, əhalisi üsyançılara qoşulmaqdan imtina etmiş Sebidac mahalına
soxulmasının qarşısını almaq məqsədilə Lənkərandan çıxaraq ona hücum etdi. Qısa
müddət davam edən döyüşdə üsyançılar pərən-pərən salındı. Lənkəran
qarnizonunun böyük hissəsinin şəhəri tərk etməsindən istifadə edən Mir Həsən xan
martın 27-də Lənkərana lap yaxınlaşdı və gecə şəhərin ucqar hissəsinə daxil ola
bildi. Lakin artıq martın 30-da hökumət dəstələri Lənkərana köməyə çatdılar və
üsyançılar yaxınlığdakı meşəyə çəkildilər. Martın 31-də ümumi sayı 500 adamdan
ibarət olub, 2 topa malik olan nizami qolşun dəstələri üsyançılara hücum edərək
onları pərən-pərən saldı, xanın Lənkəranı mühasirəyə almaq cəhdi pozuldu.
Üsyançıların böyük hissəsi, xan başda olmaqla, şəhərdən 15 verst aralıqda
yerləşən Sələş kəndində, Abdulla bəyin başçılıq etdiyi digər hissəsi Bədalan
kəndində yerləşmişdi. Aprelin 6-da çar qoşunu üsyançılara hücum edərək, onları
Sələşdən çıxartdı. Səhərisi gün üsyançılar kəndi yenidən ələ keçirməyə cəhd
göstərdilər, lakin toplardan və piyada qoşunun tüfənglərindən açılan atəş
nəticəsində onlar geri çəkildilər. Bu məğlubiyyət Talış üsyanında dönüş nöqtəsi
oldu. Məğlubiyyət kəndliləri ruhdan saldı və onlar kütləvi şəkildə üsyandan
aralanmağa başladılar. Hərəkatın sosial tərkibinin müxtəlifliyi də ona mənfi təsir
göstərməyə başladı.
Aprelin 14-də üsyanı yatırtmaq üçün gətirilmiş qoşun Salyanda toplandı.
Bu zaman artıq Ərçivan və qismən də Lənkəran mahallarının sakinləri üsyandan
aralandılar və bir sıra kəndlərin kəndxudaları tabe olduqlarını bildirmək üçün
buraya gəldilər. Aprelin 22-də bu qoşun Lənkərandan xanın əsas dayaq
məntəqələrindən Lənkəran mahalının Əmburan kəndinə doğru hərəkət etdi.
Qoşunun hərəkət etdiyi yol boyunda olan kəndlərin çoxunda əhali yox idi.
Onalr üsyançıların tərəfində duran sakinlərin cəzalandıracaqlarından qorxaraq
meşələrə qaçmışdılar. Bu, çar generalı Talış əyalətinin əhalisinə bəyənnamə ilə
müraciət etməyə məcbur etdi. General onları üsyançıların sırasını tərk etməyə və
―öz işlərinə qayıtmağa‖ çağırırdı. O, söz verirdi ki, itaət edənlərin hamısı
―tamamilə bağışlanacaqlar‖. Mübarizəni davam etdirənləri o, divan tutmaqla
hədələyirdilər [96].
Aprelin 20-dən sonra Mir Həsən xanın dəstəsində cəmi 300 adam
qalmışdı. Toplarla silahlanmış hökumət qoşunlarının sayca çox olması (üsyançılara
qarşı ümumi sayı 5 mindən çox olan qoşun göndərilmişdi) üsyançıları ciddi
müqavimət göstərmək imkanından məhrum edirdi.
Aprelin 23-də çar qoşunu Əmburana daxil oldu. Feodallar da xandan
ayrılmağa başladılar. Ona kömək edən alar və Drıq mahallarının naibləri
hökumətlə gizli danışıqlara girərək çarizmin tərəfinə keçdilər. Aprelin 29-da qoşun
Əmburandan xanın sonuncu dayaq məntəqəsi olan Drıq mahalına hərəkət etdi.
Qoşun heç bir müqavimətə rast gəlmədi.
Drıq mahalının meşələrində gizlənən xanın kiçik dəstəsinə həmin vaxt
tüğyan edən vəba xəstəliyi böyük zərbə vurdu. Basovun kazak dəstəsi tərəfindən
təqib edilən Mir Həsən xan mayın əvvəlində Lənkəran, mayın 5-də isə Astara
mahalına qaçdı. Mayın 7-də xanın cəmisi 20 nəfərdən ibarət olan dəstəsi sərhəd
çayı Astaradan cənuba keçdi.
İki ay müddətində Cənubi Qafqazdakı çar hakimiyyət orqanlarının
diqqətini özünə cəlb edən Lənkəran əyalətindəki üsyan belə qurtardı.
Bir neçə il sonra, 1837-ci ildə Azərbaycanın şimalında, Quba əyalətində
XIX yüzillikdə Azərbaycan kəndlilərinin ən böyük silahlı üsyanı – kəndli çıxışları
alovlandı.
Quba əyalətində bilavasitə kənd istehsalçılarının böyük hissəsini dövlətə
məxsus torpaqda yaşayan kəndlilər təşkil edirdilər. Bu şərait əyalətdə baş verən
kəndli hərəkatının xarakterinə həlledici təsir göstərdi: təhkimçi dövlət kəndlilərinin
əsas hissəsinə münasibətində feodal və müstəmləkə zülmünün daşıyıcısı kimi çıxış
etdiyindən, mübarizənin zərbəsi yenidən ona qarşı yönəlmiş oldu.
Əyalət kəndlilərinin narazılığının əsas mənbəyi iltizam sistemi idi. Bu
sistemə görə, müxtəlif dövlət vergilərinin böyük hissəsi ayrı-ayrı şəxslərə iltizama
verilirdi. İltizamçılar zəhmətkeş adamları amansızcasına soyub talayırdılar.
Əyalətdə çar xəzinəsinə məxsus olan otlaqların iltizama verilməsi heyvandarlıqla
məşğul olan kəndlilərin vəziyyətini xüsusilə ağırlaşdırırdı. 1835-ci ildə Quba
əyalətinin bütün otlaqları praporşik Şergilov tərəfindən iltizama götürülmüş və
sonra onun tərəfindən soyğunçu şərtlərlə maldar kəndlilərin istifadəsinə verilmişdi.