hökumət nümayəndələrinin özbaşınalıqları sənətkarları müflisləşdirmişdi.
Hökumət nümayəndələrinin azğınlığı şəhər əhalisinin varlı hissəsinin - tacirlərin,
ruhanilərin, şəhərdə yaşayan torpaq sahibkarlarının da mənafeyinə toxunurdu.
Nuxa sakinlərindən 150 nəfərin imzaladığı şikayətlərdən birində deyilirdi ki,
komendant şəhər əhalisini "elə sıxışdırır ki, çıxış yolu ancaq öz ailəsini götürüb
Nuxadan qaçmağa qalır" (103].
1835-ci ildə Cənubi Qafqaz diyarının baş rəisi baron Rozen əyalətdə
yaşayan maaflar üzərinə vergi qoymaq haqqında sərəncam verdi. Bu vaxta qədər
vergi boyunduruğundan azad olan maaflar arasında həyəcanlar başlandı və Rozen
öz sərəncamını ləğv etməyə tələsdi. Lakin özlərinin vergi verməmək hüquqlarını
itirməkdən ehtiyat edən maafların arasında həyəcanlar sakitləşmədi.
1837-ci ildə Şəki xanlığının İranda yaşayan sonuncu hakimlərindən
birinin - Səlim xanın oğlu Hacı xan öz nümayəndəsi Məşədi Məhəmmədi əyalətə
göndərdi. Özünü Şəki xanının varisi elan edən Məşədi Məhəmməd kiçik dəstə
topladı, lakin tezliklə hökumət tərəfindən ələ keçirildi. 1838-ci ilin iyulunda o,
Nuxa həbsxanasından Dağıstana qaçdı, burada rutullu Ağa bəylə əlaqə yaratdı.
Həmin il avqustun sonlarında Ağa bəyin (tərkibində çar hökumətinin təqiblərindən
dağlara qaçmış şəkililər də olan) 5 minlik dəstəsi Şəki əyalətinin ərazisinə daxil
oldu. Məşədi Məhəmməd də dəstədə idi. Xaçmaz mahalının bir çox sakini də
dəstəyə qoşulmuşdu. Əyalətin iki başqa mahalında — Şəki və Vartaşen
mahallarında əhali üsyançılara açıq-açığına rəğbət bəsləyirdi.
Əhalinin köməyi rutullu Ağa bəyə sürətlə Nuxaya yaxınlaşmağa imkan
verdi. Çar ordusu geri çəkilməyə və qala divarları arxasında gizlənməyə məcbur
oldu. Komendant idarəsinin məmurları və varlılar da burada sığınacaq tapdılar.
Qafqazın baş komandanı general Qolovinin çara verdiyi məlumata görə, "yoxsullar
və avaralar" üsyançılara qoşulmuşdular.
Bir neçə gün ərzində Nuxa yaxmlığmda üsyançılarla ordu arasında
toqquşmalar baş verdi, lakin tərəflərdən heç biri həlledici qələbə qazana bilmədi.
Sentyabrın əvvəllərində Nuxa qarnizonu kömək almağa başladı.
Sentyabrın 3-də üsyançılar şəhəri tərk etməyə məcbur oldular. Qoşun üsyançıları
təqib edərək, onları bir neçə dəfə məğlubiyyət uğratdı. Məşədi Məhəmməd İranda
gizləndi. Şəki əyalətindəki həyəcanlar başa çatdı.
Feodalizm dövrünün bütün kəndli hərəkatları kimi, bu çıxışlar da
pərakəndə və qeyri-mütəşəkkil idi. Üsyançıların üsyana rəhbərlik edə biləcək vahid
mərkəzi yox idi. Ən mühüm məsələlər kəndxudaların, bəylərin, üsyanda iştirak
edən kəndlilərin və şəhərlilərin iştirak etdiyi ümumi şurada həll edilirdi. Şuranın
tərkibi müəyyən edilməmişdi və yalnız bir neçə dəfə təsadüfdən-təsadüfə
toplanırdı. Hətta odlu silahı olmayan kəndlilərin əksəriyyəti toplarla silahlanmış
nizami ordu ilə döyüşməli olurdu. Silahlı qüvvələrin keyfiyyət üstünlüyü çarizmə
üsyanı tez yatırmaq imkanı verirdi.
§ 9. KOMENDANT ÜSULĠ-ĠDARƏSĠNĠN LƏĞVĠ
Azərbaycanda çarizmin iqtisadi siyasətinin həyata keçirilməsi, diyarın
təbii ehtiyatlarının mənimsənilməsi cəhdləri bəzi digər amillərlə yanaşı, komendant
üsuli-idarəsinin təsiri altında ləngidilirdi. Bu idarəçilik üsulu hətta ali çar
məmurlarının etirafına görə, "dövlət gəlirləri üçün soyğunçu, diyarın rifahı, onun
sakinlərinin səadəti və mənəviyyatı üçün məhvedici" [104] oldu.
Komendant üsuli-idarəsi dövlət xəzinəsinə xeyli ziyan vururdu.
Komendantlar, hərbi hissə komandirləri və Rusiya idarə aparatı ilə bağlı olan
məmurlar yığılan vergilərin xeyli hissəsini mənimsəyir, xəzinənin torpağını və
vəsaitini dağıdırdılar. Hərbi hissələrin zabitləri olan bu hərbi rəislər xəzinə
gəlirlərinin sahibi və bölüşdürücüsü vəzifəlorinin öhdəsindən gəlməyə qadir
deyildilər.
Komendantların əllərində möhtəşəm, əslində nəzarətsiz hakimiyyətin
cəmlənməsi, komendant üsuli-idarəsinin özü azğın despotizm, qeyri-məhdud sui-
istifadələr doğururdu. Bunlar isə kütləvi silahlı kəndli çıxışlarının səbəblərindən
biri idi. Çar hakimiyyət orqanları bunu aydın dərk edirdi. Çarizmin
Zaqafqaziyadakı siyasətinin başçılarından biri olan baron P.Qan I Nikolayın adına
raportunda yazırdı: "Qubadakı narahatlıqlar (1837-ci il üsyanı - Red.) xalq üçün
əziyyətli olduğu qədər də zəif olan hərbi (komendant -Red.) üsuli-idarəsinin
nəticəsidir" [105].
Çarizmin Zaqafqaziyada öz hökmranlığını möhkəmləndirməsinə nail
olmaq cəhdi komendant üsuli-idarəsinin ləğvini və onun yeni sistemlə əvəz
olunmasını tələb edirdi. İslahatın ləngidilməsini həm "ziyanlı, həm də təhlükəli"
[106] sayan imperiya hakim dairələrinin həm Peterburqdakı, həm də Qafqazdakı
bir çox nümayəndələri onun təxirə salınmadan həyata keçirilməsini tələb etməyə
başladılar. Onların fıkrincə, islahat aşağıdakı vəzifələri həll etməli idi:
Zaqafqaziyanın Rusiya tərkibində olmasının müvəqqəti xarakteri barədə söhbətlər
üçün bəhanəni həmişəlik ləğv etmək; diyarın idarə xərclərinin onun öz vəsaiti
hesabına tamamilə ödənilməsini, gəlirlərin bir hissəsinin ümumdövlət xəzinəsinə
daxil olmasını təmin etmək; elə bir qayda yaratmaq ki, Zaqafqaziya sakinləri onun
müdafiəsində fəal iştirak etsinlər, bir müddətdən sonra isə əsgər versinlər;
Zaqafqaziyanı "mülki və siyasi tellərin köməyi ilə" Rusiya ilə "vahid bir orqanizm
halında bağlamaq və oradakı sakinləri rus kimi danışmağa, düşünməyə və
duymağa məcbur etmək" [107].
İnzibati idarə və məhkəmə sisteminin islahatı çarizm və hakim siniflərin
maraqlı olduqları iqtisadi dəyişiklikləri həyata keçirmək, xalq kütlələrini siyasi
mübarizədən
yayındırmaq
və
çarizmin
Zaqafqaziyadakı
mövqeyini
möhkəmləndirmək məqsədini güdürdü.
İslahatın layihəsi o zaman Qafqazın baş komandanı M.F.Paskeviç
tərəfindən tərtib olunmuş və 1830-cu ilin aprelində I Nikolaya göndərilmişdi.