Bununla kifayətlənməyən iltizamçı kəndli torpaqlarını ələ keçirir, heyvanlarını
Şamaxı əyalətinə sürüb aparmağı və yaxud quru otlaq saxlamağı üstün tutan
kəndlilərdən də otlaq xərci alırdı. Hətta Quba komendantı da etiraf etməyə məcbur
olmuşdu ki, ―Bundan belə nəticə çıxarmaq olar ki, guya dövlət özünə məxsus olan
əmlakı, otlaq yerlərini deyil, əhaliyə məxsus olan əmlakı – qoyunları iltizama verir,
iltizamçılar bu maddəni belə başa düşürdülər və müqavilə ilə öz fəaliyyətlərini belə
istiqamətləndirirdilər‖ [97].
Dövlət vergilərinin ağırlığını onları toplayarkən yol verilən görünməmiş
özbaşınalıqlar daha da artırırdı. Bütün rütbələrdən olan vəzifəli şəxslər kəndliləri
soyub talayırdılar. Polkovnik Gimbut komendant olduqdan sonra vilayətdə
özbaşınalıq daha da güclənirdi.
Vergilər kəndlilərdən qanunla müəyyənləşdirildiyindən bir neçə dəfə artıq
toplanır, fərq isə komendant tərəfindən mənimsənilirdi. Gimbut kənlilər üzərinə
qanunla nəzərdə tutulmamış vergilər qoyurdular. 1837-ci ilin yazında Müşkür
mahalının kəndliləri öz şikayətlərində bildirirdilər ki, Gimbut onların üzərinə
xüsusi vergi qoymuş, pulları isə özü mənimsəmişdir. Şeşpara mahalının
kəndlilərinin şikayətində göstərilir ki, Gimbut onlardan ―zəlzələyə görə pul‖
toplamışdır. Komendantın özbaşınalıqlarını 15 maddədə ifadə edən kəndlilər qeyd
edirdilər ki, Gimbut onları pulsuz olaraq özü üçün işləməyə, ot biçməyə, bağ
becərməyə, odun tədarük etməyə məcbur edir.
Əyalətin idarə edilməsi üzrə komendant köməkçiləri olan mahal naibləri
də öz rəislərindən geri qalmırdılar. Əyaləti təftiş edən adamın şəhadətinə görə,
―mahal naiblərinin özbaşınalıqlarının hüdudu yox idi‖.
Komendant və digər vəzifəli şəxslərn azğınlığı məhkəmə işlərinin
aparılmasında da özünü aydın göstərirdi. Şikayətçilərin tələbləri tələbləri çox nadir
hallarda ödənilirdi. Həbsə alınmış adamlar bəzən illərlə istintaqsız və məhkəməsiz
həbsxanada saxlanırdılar.
Çarizm tərəfindən Quba əyaləti kəndlilərinə amansız müstəmləkə zülmü,
Azərbaycanda vəzifəli şəxslərin əhalini açıq şəkildə soyması, onların azğınlığı və
özbaşınalığı üçün əlverişli şərait yaradan komendant üsul – idarəsinin bərqərar
olması 1837-ci il Quba kəndlilərinin üsyanının əsas səbəbləri idi.
Müflisləşmiş kəndlilər dövlət boyunduruğunu daşımaq iqtidarında
deyildilər və nəticədə vergi borcları sürətlə artırdı. Kəndlilərin vəziyyəti elə
pisləşmişdi ki, onlar 1836-cı ildə buğda və arpa ilə ödənilən natural vergini
ödəməyi dayandırmağa məcbur olmuşdular.
Hökumət dairələrinin Yuxarıbaş mahalı kəndlilərinə Varşavada yerləşən
süvari müsəlman alayında xidmət üçün könüllülər vermək təklifi kəndlilərin səbir
kasasını dolduran sonuncu damla oldu [98]. Könüllülər tamamilə yerli əhali
hesabına təchiz edilməli (silah, at, paltar və s.) olduğundan, əslində çarizm bu aktla
çar hakimiyyət orqanlarının əlavə özbaşınalıqları üçün mənbə olan yeni
mükəlləfiyyət tətbiq edirdi.
Bu tələb kəndlilər tərəfindən əsgəri mükəlləfiyyətin başlanması kimi
qəbul edildi və 1837-ci ilin aprelində əyalətdə kütləvi kəndli hərəkatının
başlanmasına təkan verdi. Hərəkat Yuxarıbaş mahalında başlandı, sonra iki qonşu
mahala yayılaraq tezliklə bütün əyaləti bürüdü.
Gündüzqala kəndində toplanan kətxudalar hərbi dairə rəisi
Reutdanəyalətin əhalisini süvarilər verməkdən azad etməyi tələb etdilər. Tezliklə
kətxudalar əlavə tələblər irəli sürdülər: dövlət mükəlləfiyyətlərin azaldılması,
komendant Gimbutun vəzifəsindən kənar edilməsi, əhalinin nifrət etdiyi iki mahal
naibinin vəzifəsindən kənar edilməklə əyalətdən çıxarılması. Hərəkat çox sürətlə
inkişaf edərək müstəmləkə və feodal əsarəti əleyhinə çevrilmiş hərəkat xarakteri
aldı.
Yaranmış vəziyyətin ciddiliyi hökuməti güzəştə getməyə məcbur etdi.
Reutn adından elan olundu ki, ―Quba əyalətindən süvarilər tələb olunmayacaqlar‖
[99]. Kəndlilərin Gimbutun və haqqında danışılan naiblərin vəzifələrindən
götürülməsi tələbləri də yerinə yetirildi. Hökumət bu yolla kəndliləri
sakitləşdirməyə, vaxt qazanmağa və kəndlilərə mükəlləfiyyətlərin azaldılması
haqqındakı əsas tələbləri unutdurmağa ümid bəsləyirdi. Reutun taktikası
müvəffəqiyyət qazandı. Kəndlilər evlərinə dağılışdılar və bununla hərəkatın birinci
mərhələsi başa çatdı. Lakin Quba əyalətində kəndli hərəkatını doğuran sosial
ziddiyyatlar həll edilməmiş qalırdı. Kəndlilərin mükəlləfiyyətlərin azaldılması
haqqında əsas tələbləri yerinə yetirilmədi. Narazılığın yeni partlayışı labüd idi və
onu çoz gözləmək lazım olmadı.
1837-ci ilin avqustunda Quba əyalətində kütləvi silahlı üsyan başlandı.
Ona Xuluq kəndinin kətxudası – aprel həyəcanlarının fəal iştirakçısı Hacı
Məhəmməd rəhbərlik edirdi, Dağıstan dağlılarının Şamil tərəfindən rəhbərlik
edilən mübarizəsi də Quba əyalətlərindəki hadisələrin inkişafına, əhali arasında
müstəmləkə əleyhinə əhavali-ruhiyyənin güclənməsinə təsir göstərirdi.
1837-ci il avqustun əvvəlində Hacı Məhəməd mürid Əmir Əli ilə görüşdü.
Görüşdə Əli Şamilin Yuxarıbaş kətxudalarının adına ünvanlandığı məktubunu ona
verdi, Şamil onları çar hakimiyyət orqanlarının yalançı vədlərinə inanmamağa,
əldə silah öz hüquqlarını müdafiə etməyə çağırırdı. Şamil yazırdı: ―Silaha sarılın,
üsyan qaldırın‖. Hacı Məhəmməd və kətxudalar qubalılara silahla kömək
göstərməyə söz vermiş dağlıq Dağıstanın, Kürə və Qazıqumuğun iri feodal
hakimlərindən biri olan Məhəmməd mirzə xana böyük ümid bəsləyirdilər.
Avqustun 20-dən sonra Hacı Məhəmməd üsyan bayrağını qaldırdı. Çar
müstəmləkəçiləri ilə silahlı üsyana başlamaq çağırışını o, oğlunun Xuluq kəndində
keçirilən və üç yuxarı mahaldan 200-ə yaxın adamın, o cümlədən kətxudaların
iştirak etdikləri toyunda irəli sürdü. Kətxudalar Hacı Məhəmmədə tərəfdar çıxdılar
və kəndlərə çaparlar göndərərək, kəndliləri silahlı mübarizəyə çağırdılar.
Hadisələr çoz sürətlə inkişaf edirdi. Artıq bir neçə gündən sonra, Barmaq
mahalı istisna olmaqla, bütün əyalət kəndli üsyanı alovlarına bürünmüşdü.