255
şeirləri xalq danışıq dilinə yaxındır, bənzərsiz bədii təsvir vasitələri ilə zəngindir.
Vidadinin qoşmalarından birində deyilir:
Yaxşı gündə yarü yoldaş çox olur,
Yaman gündə heç bulunmaz, yox olur.
Yad ellərin tənə sözü ox olur,
Bir gün olur vətən deyib ağlarsan.
152
Bir çox ziddiyyətli hadisələrin canlı şahidi olmuş Molla Vəli Vidadi
gerçəkliyə müdrikliklə yanaşır, həmkarlarını xülyalar aləminə qapılmamağa
çağırırdı. Bu baxımdan onun nikbin olan Vaqiflə həyat və sənət mübahisələri
ədəbiyyat tariximizin diqqəti cəlb edən hadisələrindən idi. Şairin kədər fəlsəfəsi
zəmanənin mənfiliklərinə etirazın nəticəsi kimi meydana çıxmışdı.
Ümumiyyətlə, Vidadi ilə Vaqif XVIII əsr Azərbaycan ədəbi prosesinin
başlıca nəhəngləri olmuşlar. “Hər ikisi bizim möhtərəm milli şairimizdir… Bu cür
məşhur şairlər özgə millətlərin arasında zühur etmiş olsa idilər, bişübhə, indiyə
kimi onların asarü əşarı dəfəat ilə çapdan çıxıb əbnayi-millət içində yayılmışdı”.
153
“Vidadi ədəbi-bədii dilinin keyfiyyəti etibarilə köhnə dövrün son, yeni dövrün ilk
şairidir”.
154
Vidadi ilə Vaqifin gerçəkliyə münasibəti müxtəlifdir: Vidadi pessimist
(bədbin), Vaqif isə optimistdir (nikbindir). Lakin “məzmun və bir sıra ifadələr də
yenidir; həm də bu, formal deyil, funksional eynilikdir… Məzmun hər iki
sənətkarın təqdimatında eyni ovqatın (hətta eyni dünyagörüşün) məhsuludur…
Bununla belə mühüm bir stilistik fərq var; Vidadi “Gördüm”, Vaqif isə
“Görmədim” deyir, – bu cür oppozitiv münasibət onların təfəkkür tərzindən gəlir…
Vidadi gördüyünə qarşı çıxır, Vaqif görmək istədiyini görə bilmədiyini deyir”.
155
Molla Pənah Vaqifin poetik təfəkkürü Vidadinin poetik təfəkkürünün bilavasitə
davamı kimi meydana çıxmışdır. Vaqif Qazax mahalının Salahlı kəndində anadan
olmuş, 1797-ci ildə Ağa Məhəmməd şah Qacarın hökmü ilə Şuşada həbs olunmuş,
şahın öldürülməsindən sonra azad olunmuş, lakin Qarabağda hakimiyyəti ələ
keçirmiş Məhəmməd bəy Cavanşirin əmrilə qətlə yetirilmişdir. Şairlə birlikdə onun
“Alim”təxəllüsü ilə şeir yazan oğlu Əliağa da öldürülmüşdür. Vaqif şair olmaqla
yanaşı dövrünün tanınmış dövlət xadimi idi. O, mədrəsədə təhsil almış, ərəb və fars
dillərini öyrənmişdi. Şair memarlıq və astronomiya ilə də maraqlanırdı. Vaqif
XVIII əsrin ortalarında Qarabağa köçmüş, Şuşada məktəbdarlıq etmişdir. 1769-cu
ildə o, Qarabağ hakimi İbrahim xanın sarayına dəvət olunmuş, eşikağası, sonra isə
baş vəzir vəzifələrini icra etmişdir. Vaqif Qarabağ xanlığının xarici siyasət
məsələləri ilə məşğul olmuş, Azərbaycan xanlıqları, Rusiya və gürcü hakimləri ilə
münasibətləri inkişaf etdirməyə çalışmışdır. Vaqifin yaradıcılığı Azərbaycan
poeziyası tarixində mühüm mərhələlərdən biridir. O, klassik şeir formalarında
əsərlər yazmış, lakin şifahi xalq ədəbiyyatı, aşıq şeiri ilə daha çox bağlı olmuşdur.
Nikbinlik, həyat eşqi onun poeziyasının ümdə xüsusiyyətlərindəndir. Şairin əsərləri
hələ sağlığında ikən Cənubi Qafqazda geniş yayılmışdı. Vaqifin Azərbaycan
ədəbiyyatı tarixində ən böyük xidməti klassik üslubla şifahi xalq şeiri ənənələrini
256
üzvi şəkildə birləşdirə bilməsidir. İstedadı, biliyi, ali mənəvi keyfiyyətlərinə görə
Azərbaycan xalqı onun haqqında “hər oxuyan Molla Pənah olmaz” məsəlini
yaratmışdır. Vaqif poeziyasında acı kinayə ilə xoş zarafat, çılğınlıqla müdriklik,
coşqun sevinclə narahatlıq hissləri üzvi surətdə birləşmişdir. Orta əsr şairlərinin
çoxundan fərqli olaraq Vaqifin divanı, yaxud şeir toplusu qalmamışdır. Lakin
Azərbaycan poeziyası ilə maraqlanan onlarla ədəbiyyat həvəskarı böyük söz
ustasının əsərlərini toplamış, həmin əsərləri müxtəlif cüng və bəyazlara
köçürmüşlər. Vaqifin əsərləri məzmun zənginliyi ilə seçilir. Onun başlıca diqqət,
tərənnüm, məhəbbət obyekti gözəldir. Məsələn, şairin qoşmalarından birində
deyilir:
Sevdigim, ləblərin yaquta bənzər,
Sərasər dişlərin dürdanədəndir,
Sədəf dəhanından çıxan sözlərin,
Hər biri bir qeybi-xəzanədəndir…
…Xumar-xumar baxmaq göz qaydasıdır,
Lalətək qızarmaq üz qaydasıdır,
Pərişanlıq zülfün öz qaydasıdır,
Nə badi-səbadən, nə şanədəndir…
Müştaqdır üzünə gözü Vaqifin,
Yolunda payəndaz üzü Vaqifin,
Sənsən fikri, zikri, sözü Vaqifin,
Qeyri söz yanında əfsanədəndir.
156
Lakin gözəllik, ülvi insani hisslər, təbiət aşiqi olan Vaqif dövrünün
ictimai-siyasi problemlərini də nəzərdən qaçırmamışdır. XVIII əsrin tanınmış
dövlət xadimlərindən olmuş Vaqif bir çox saray fitnə-fəsadlarının şahidi olmuş,
həmin mənfi hallara fəal münasibətini şeirlərində izhar etmişdir. Onun
“Görmədim” rədifli müxəmməsində bu münasibət daha aydın surətdə aşkara çıxır:
Mən cahan mülkündə mütləq doğru halət görmədim,
Hər nə gördüm əyri gördüm, özgə babət görmədim.
Aşinalar ixtilatında sədaqət görmədim,
Biətü iqrarü imanü dəyanət görmədim.
Bivəfadan lacərəm təhsili-hacət görmədim…
…Hər sədavü səs ki, dünyaya dolub əksər əqəl,
Cümlə məkrü alü fənnü, fitnədir, cəngü cədəl,
Dirhəmü dinar üçündür hər şeyə yapışsa əl,
Müqtədilərdə itaət, müqtədalərdə əməl,
Bəndələrdə simü, bəylərdə ədalət görmədim…
…Qədr bilməz həmdəm ilə eylədim ömrü təbah,
Vaqifə, ya rəbbəna, öz lütfünü eylə pənah,
257
Səndən özgə kimsədə lütfü inayət görmədim.
157
Molla Pənah Vaqif əsrlərlə təcrübədən keçmiş, müxtəlif ölkələrin,
xalqların tarixi ərzində özünü doğrultmuş obyektiv bir həqiqətin (“üç şeydə vəfa
yoxdur: atda, padşahda və tacirdə”)
158
mütləqliyini şəxsi taleyində, təcrübəsində
anlamış böyük mütəfəkkirdir. Şair anlamışdı ki, mahir, bilikli, istedadlı, xalqın
hörmətini qazanmış şəxslər hökmdarlara onların məhdud (siyasi) məqsədləri üçün
lazım olurlar. Həmin məqsədlərinə nail olmuş hökmdarlar son nəticədə istifadə
etdikləri istedadlı şəxsləri taleyin hökmünə buraxır, bəzi hallarda isə qətlə
yetirirlər. “Görmədim” rədifli müxəmməsində Vaqif gerçək həyatda (xüsusilə
saray mühitində) ülvi insani keyfiyyətlərin olmadığını göstərir, yaradana, tanrıya
müraciət edir. Molla Pənah Vaqif də saray fitnə-fəsadlarının qurbanı olmuşdur: O,
saray xadimlərinin təhriki ilə Qarabağ hakimi Məhəmməd bəy Cavanşirin əmri ilə
qətlə yetirilmişdir. Vaqifin poeziyaya bağlı olan oğlu da bu fitnələrin nəticəsində
dünyasını dəyişmişdir. Bu məqamda istər-istəməz Vaqiflə Vidadinin
müşairəsindən bəzi epizodlar yada düşür (Vidadinin mülahizələri nəzərdə tutulur):
Ağlamaq möminin əlamətidir,
Nəbinin dininin xoş adətidir,
Əgər bilsən, həqqin kəramətidir,
Ta gedincə, nuri-bəsər ağlarsan!…
…Billəm çox uşaqsan, ürəyin toxdur,
Ləhvü ləəb ilə həvəsin çoxdur,
Qocalıq əsəri könlündə yoxdur,
Hələ sonra əqlin kəsər, ağlarsan!…
…Oğlan, sən uşaqsan, cavansan hələ,
Yenicə cisminə düşüb vəlvələ,
Təzəcə dəyənək alıbsan ələ,
Qaim tut ki, nagah düşər, ağlarsan…
…Gəl danışma müxəmməsdən, qəzəldən
Şeri-həqiqətdən, mədhi-gözəldən,
Sənin ki, halını billəm əzəldən,
Elə deyib canan, dilbər ağlarsan…
…Dərdlərinə dərman olmaz heç kəsin,
Əbubəkrə hərgiz yetişməz səsin,
Mitilin altında qalır nəfəsin,
Mürği-ruhin göyə uçar, ağlarsan…
…Şeytan ki, dünyada aldadır kimi,
Dostları ilə paylaş: |