Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan şİfahi xalq əDƏBİyyatina daiR



Yüklə 1,19 Mb.
səhifə10/14
tarix04.12.2017
ölçüsü1,19 Mb.
#13775
1   ...   6   7   8   9   10   11   12   13   14

Yazıçı-folklorşünasın iri həcmli əsərləri – romanları ən əsası müəllif ha­şiyələri baxımından seçilir. Ədibin romanlarında yazıçı təhkiyəsi və ha­şiyələri folklor nümunələri əsasında aparılmış, hadisələrə münasibət, ob­raz­la­rın təsviri və s. uyğun şifahi ədəbiyyat janrları, xüsusilə bayatılarla ve­ril­miş­dir.

Azərbaycan folklorunun ən qədim janrları sırasına daxil olan bayatılar həm tarixiliyi, həm də yaranma xüsusiyyətləri baxımından şifahi ədəbiyyatın digər janrlarından fərqlənir. İnsanın hiss, emosiya, qayğılarında formalaşan bayatıların mövzu seçkinliyi tarixi-məişət kontekstinə bağlı daha rəngarəng, çeşidlidir. İlkin dünyagörüşün izlərindən başlayaraq bir çox tarixi dövrlərin məzmununu öz üzərində saxlayan bayatıların səciyyəviliyi yazıçıya həyat hadisələri, müəllif qayə və düşüncəsini ümumiləşdirməklə ayrıca bədii-poetik vasitəyə çevrilir. Yazıçının tabe olduğu bədii qanunauyğunluqlarda obrazlı fikir, ümumiləşdirmə, tipikləşmə və s. yaradıcılıq faktlarında xalq ədə­biy­ya­tı­nın bu janrı ayrıca süjet və obrazlılıq məqamını müəyyənləşdirir. Bu baxımdan gör­kəmli nasir, publisist Ə. Cəfərzadə bədii irsində bayatılardan mövzu, mət­ləb, bədii situasiyaya uyğun yaradıcı şəkildə qaynaqlanmışdır.

Bədii söz mayası folklorla yoğrulmuş Ə.Cəfərzadəni öz bədii yara­dı­cı­lı­ğın­da bayatılardan geniş şəkildə istifadı etməsi bu janrın poetik özünə­məx­sus­luğu ilə bağlıdır. Azərbaycan alimləri bu janrı müxtəlif tərəflərdən səciy­yə­lən­dir­mişlər. Həmin fikirlərin hamısından burada bəhs etmək imkanı yoxdur. On­lara ümumi şəkildə nəzər etdikdə bu janrda Ə.Cəfərzadəni cəlb edən əsas xüsusiyyətləri elmi şəkildə ümumiləşdirmək mümkün olur:

Birincisi, bayatılar Azərbaycan poetik mənəviyyatının ən qədim janrların­dandır.

Əziz Mirəhmədov yazır ki, bayatıların nə zamandan yaranmağa başladığı məlum deyildir (9, 24).



İkincisi, bayatılar ən geniş yayılmış janrlardandır.

Professor Paşa Əfəndiyev yazır ki, bayatı şifahi xalq ədəbiyyatımızın ən çox yayılmış janrlarından biridir. Bunlar çox dərin mənalı, fəlsəfi, əxlaqi, ictimai fikirlər ifadə edən qısa, yığcam, lirik parçalardır. Bayatı yaratmaq asan deyildir. Çünki dördcə misrada bədii və təsirli şəkildə tamamlanmış bir fikir ifadə etmək tələb olunur. Bayatı ən çox hisslə, həyəcanla, insanların daxili iztirabları ilə əlaqədar yaranır:

Dərya ollam, bulannam,

Sucaq ollam, sulannam,

Sağ gözüm sənə qurban,

Sol gözümlə dolannam.

Məgər bu kiçik şer parçasında ömrünü, səadətini, varlığını, həyatını öv­la­dı­nın yolunda fəda edən bir ananın geniş qəlbinin döyüntüləri eşidilmirmi? (6, 145).



Üçüncüsü, bayatı poetik ruhu musiqi ilə bağlı olan janrdır.

Alim Vaqif Vəliyev yazır ki, Azərbaycan şifahi xalq ədəbiyyatında lirik növün ən geniş yayılmış janrlarından biri bayatılardır. Bayatı Azərbaycan folklorunun qədim janrlarındandır. Xalq həyatının bütün sahələrini özündə əks etdirən, oynaq, dərin məzmunlu, yüksək fəlsəfi fikirlərlə dolu olan bu lirik şerlərdən şifahi ədəbiyyatla yanaşı, yazılı ədəbiyyatda da istifadə edilir. Bayatı­ların belə geniş yayılmasına əsas səbəblərdən biri onun musiqi ilə bağlı olma­sıdır. İnsanlar toylarda, iş zamanı, beşik başında, bu və ya başqa bir münasibətlə öz daxili həyəcanlarını ifadə etmək üçün bayatıya müraciət etmiş və onu kövrək bir havacatla oxumuşlar. Məhz buna görə də folklorumuzun başqa janrlarına nisbətən bayatı daha geniş yayılmışdır. Bayatılar bütün türk dilli xalqların şifahi və yazılı ədəbiyyatında özünə layiqli yer tutmuş, qədim tarixə malik olan poeziya nümunələridir (12, 122-123).



Dördüncüsü, bayatı insanın mənəviyyat salnaməsidir.

Professor Mürsəl Həkimov yazır ki, yaranma tarixi yadagəlməz, çox qədim­lərlə səsləşən bayatılar qədər Azərbaycan xalqı içərisində və həmçinin türkdilli xalqlar arasında dillər əzbəri olan, toy, nişan, bahar, zəhmət, yas mərasimlərində geniş yayılan ikinci bir lirik şer növünü təsəvvür etmək çətindir. Mənbələr bayatının vaxtilə Bayat qəbiləsinə məxsus olduğunu, adının ondan formalaşdığını xəbər versə də, sonralar o, xalqımızın yaşadığı oba-oymaqların bütün guşəsində canlı kitab kimi səhifələnmişdir. Bayatılar mövzu və qayəsinə görə insanı anadan olandan ta məzara qədər müşayiət etməklə məhdudlaşmır. O, sözün geniş mənasında, Azərbaycan və həmçinin türk xalqlarının məskən saldığı ərazidə qanlı-qadalı güzəran keçirən, ya­delli işğalçılara qənim kəsilən, dosta həlim münasibət bəsləyən, acılı-şirinli ömür sürən babaların adət-ənənəsini, psixologiyasını əsrlərcə nəsillərdən-nəsillərə yaşa­dan bədii-tarixi bir salnamə kimi əvəzsiz qiymətə malikdir (13, 24).

Beşincisi, bayatı bədii-estetik cəhətdən zəngin, fəlsəfi-hissi cəhətdən dərin janrdır.

Yazıçı Elçin və V.Quliyevin qeyd etdiyinə görə, bayatı Azərbaycan şifahi xalq poeziyasının lirik səciyyəli, tam şəkildə formalaşıb sabitləşmiş və geniş yayılmış janrlarından biridir. Azərbaycan ədəbiyyatşünaslığında bayatını bəzən janr, bəzən də forma kimi qəbul edirlər. Bizcə, bayatı bədii-estetik zənginliyinə və fəlsəfi-hissi dərinliyinə görə janrdır və bir sıra (məhdud) folrmalara və şəkillərə malikdir (5, 17).



Altıncısı, bayatı öz lakonik quruluşuna rəğmən, bəşəriyyətin əbədi sualı olan “həyat-ölüm” dilemmasına “öz cavabı” olan janrdır.

Folklorşünas Sərxan Xavəri yazır ki, bayatılarda dünya modelinin rekon­struksiyasına imkan yaradan motivlərdən biri də «ölüm-həyat» oppozisiyasına həsr olunan bayatılardır. Məlum olduğu kimi, bu motiv də bayatılarda aparıcı təmayüllərdən birini təşkil edir. Hətta o dərəcədə ki, bu mövzuya aid bayatılar «ağılar» adı altında xüsusi janr avtonomluğu qazanmışdır. Bu bayatıların ümumi ruhu, poetik intonasiyası ölümə etiraz ifadə edir. Təbii ki, bu, islami dünya­görüşdən əvvəlki mərhələnin məhsuludur (14, 348).



Yeddincisi, bayatı ümumiyyətlə istər adi oxucu, istərsə də tədqiqatçı üçün ilk növbədə poetik möcüzədir.

Professor M.Cəfərli yazır ki, bayatı şifahi bədii düşüncəmizin elə bir möcüzəsidir ki, onun haqqında söz demək istəyən tədqiqatçıların hamısı öz sözlərinə ilk növbədə bayatı möcüzəsi qarşısında keçirdikləri heyrətin təsviri ilə başlayırlar (1, 101).



Qeyd edək ki, Azərbaycan bayatı möcüzəsinin özünəməxsus səhifəsi var. Həmin səhifə birbaşa Ə.Cəfərzadənin bədii mənəviyyat dünyası ilə bağlıdır. Bu – Şirvan bayatılarıdır. Folklorşünas Seyfəddin Qəniyev yazır ki, bayatılar nəinki Şirvan mühiti, eləcə də Azərbaycan və türk folklor dünyasının ən geniş yayıl­mış, kəmiyyətcə ölçüyəgəlməz bir janrıdır. Bu janr onun nümunələrini qoşan­ların, mənəviyyatı, arzu-istəkləri, milli xarakter dünyası, üzərində yaşadıqları torpağa bağlılığı, məişəti haqqında ən poetik, ən incə bilgilər daşıyır və onların bu istiqamətdən öyrənilməsi ilə onu qoşanların haqqında «hər şeyi» bilmək olar. Bu baxımdan Şirvan bayatılarını da Şirvanın «güzgüsü» adlandırmaq mümkün­dür. Bu «güzgüdə» Azərbaycanla Şirvan boyaboy görünür. Məhz bu güzgüyə baxıb Azərbaycanın zəngin folklor dünyasında Şirvan folklor mühitinin bayatı­lardan boy verən regional özünəməxsusluqlarını görmək olur» (10, 17-18).

Qeyd edək ki, Ə.Cəfərzadənin öz əsərlərində xalq ədəbiyyatı irsindən bayatılara daha çox istinad etməsi onun folklorumuzun bu janrının toplanması, nəşri, öyrənilməsinə yaxından bağlılığı fəaliyyətindən irəli gəlir. Davamlı şəkildə xalq bayatılarını müxtəlif bölgələrdən toplayan Ə.Cəfərzadə bu nü­munələrin mətbuatda dərc olunması işinə qoşulmaqla, həm də onların bədii əsərlərdə yer almasına da çalışmışdır. Mətnlərdəki bayatıların bir çoxu yazıçı­nın əsərdəki ümumi məzmun, fikrə əlavə etdiyi müəllif mövqeyinə əsaslanırsa, ikinci bir tərəfdən obrazların xarakter, düşüncələrinin marağını müəyyənləş­dirir. Yazıçı-alim xalq ədəbiyyatı materiallarının toplanmasında ayrı-ayrı folk­lor yaradıcıları ilə ünsiyyət qurmaqla, onların uyğun obrazlarını da ədəbiyyata gətirmişdir. Belə ki, yazıçı “Azərbaycan şair və aşıq qadınları” kitabında Azərbaycanın müxtəlif tarixi dövrlərdə yaşamış şair xanımları, aşıq-söz ustaları haqqında məlumatlar verməklə, həmçinin el arasında “bayatıçı” kimi tanınan qadın-anaların örnəklərini də qeydə almışdır. Yazıçının “Vətənə qayıt” roma­nındakı Gülşad, “Yad et məni” əsərində Pərnaz surətləri məhz folklor yaradı­cılarının obrazlarıdır. “Vətənə qayıt” romanında yazıçının təqdim etdiyi Gülşad obrazı süjet boyu hadisələrə müdaxiləsi, qız-gəlinlərə münasibəti, ətrafdakıları dinləməsini bayatı mətni üzərində qurur:

Ailədə ona bayatı qoşan Gülşad; bəzən də sadəcə “bayatıçı Gülşad” deyərdilər. Qız hər şeyə bir bayatı qoşardı... Gülşad belələrindən idi. Amma Gülşad bir az başqa cür idi. Onun təbii vardı, o dərdlərini rəvan-rəvan axan misralara düzüb ağı kimi, bayatı kimi , layla kimi oxuyardı”(3, 81). Yaxud, müəllif başqa bir əsəri-“Yad et məni” romanında eyni xarakterdə Pərnaz obrazını verir. Camaat arasında ağıçı kimi tanınan Pərzadın bu ustalığı əsərdə obrazın öz dili ilə açılır. “Anan təkdi, hər gələndə mənim də ürəyimi kövrəl­dirdi. Bayatını bayatı dalıycan düzürdüm onunçun. Elə hey deyirdi, “Əhməd səndən nağıl istədi, Pərnaz, bir nağıl de! Elə billəm ki, balam da yanımızda oturub qulaq asır...

Çox qəmli danışırsan, Pərnaz bibi... Belə bilsəydim.



Qəm anaların payıdı, allahdan gəlib, bala!

Bağırrı kəm üstədi,

Qışlağı çəm üstədi,

Pərnaz nə hava çalsa,

Hamısı qəm üstədi (4, 80).

Romanlarda bayatılarla bağlı nəzərə çarpan məqamlardan biri də xalq arasında tanınan “dilli-ağızlı”, ”bayatı-çalıb çağıran” qadınlarla yanaşı, digər ana-qadın obrazlarının eyni “bayatı” musiqili dillə danışmasıdır. “Yad et məni” romanında Dürdanə ananın hər dəfə oğluna göndərdiyi məktublara bayatılar əlavə etməsi bu baxımdan diqqəti cəlb edir:

Şirvandan karvan gedir, ,

Qabaqda sarvan gedir,

İntizar gözlərimdən

Gecə-gündüz qan gedir (4, 74).
Göy bulud, Şirvan ayaz,

Yaz məni, Şirvana yaz,

Günün yad eldə keçir,

Dərdimi Şirvana yaz (4, 77).

Ananın darıxması, tənhalığı, yeganə ümidini oğluna tikməsi, övladına ünvanladığı istəklərinin ardınca hər dəfə məktublara əlavə olunan bu bayatılar onun daxilindəki emosional çağırışı, həsrət və kədərinin bədii ifadəsidir.

Epik əsərlərdə bayatı-nəğmələrin yer alması, hər şeydən əvvəl bu yazılı nümunələrdə tarixiliyini acıqlanması, eləcə də insan duyğularının tərənnümünə bağlıdır. Məlumdur ki, xalq şeirinin ən zəngin janrları sırasına daxil olan bayatılar yaranması tarixi, eləcə də formalaşma xüsusiyyətləri baxımından daha çox səciyyəviliyə malikdir. Geniş həcmli romanların mövzu, ideya, ayrıca poetik məzmununa xidmətdə bayatılar müəyyən tarixi hadisə və folklorun tarixi mənbə qoruyucusu, həm də insan psixologizminin bədii ifadə üsulu kimi yer alır. Bayatıların bu baxımdan işarələnmə funksiyası romanların mətn strukturunda başlıca vasitəyə çevrilir. Məlumdur ki, hər bir folklor nümunəsi özündə bəlli tarixi dövrün yaddaş, düşüncə, xalq məişəti etnoqrafiyası və s. yaşadır. Bu janrlar içərisində isə yalnız ”lirika ideal görüşlərin ən uyğun ifadəsi kimi” maraq doğurur (8, 42).

Ə.Cəfərzadənin romanlarında bayatıların ilkin funksional mövqeyi əsərin, mətnin süjet mərhələliyinə qoşulmasıdır.

Süjetinin yüksələn xətt üzrə inkişafında bayatılar mətnlərdə danışılan hadisə, baş verəcək vəziyyətlərə bağlı ilkin epiqraf rolunu oynayır. “Vətənə qayıt”, “Eldən-elə” romanlarında demək olar ki, ümumi ana xəttə qoşulan ayrı-ayrı başlıqlar sərbəst süjetlər bayatı-epiqraflarla başlayır:

Apardılar gülümü,

Sındırdılar belimi

Gel çıx dağlar başına,

Deyim dərdi-dilimi (3, 3).

Vətənə qayıt” romanının “Beş qız idik” bölməsində danışılan rəvayət hadisədən öncə verilən bu bayatı nümunəsi təsvir olunacaq əhvalatlar, situa­siyalar üçün bədii hazırlıq rolunu oynayır. Yazıçı mətləbi, düşüncəsi məlum bayatı mətni üzərində ümumiləşdirilir. Bayatı-epiqrafdan sonra hadisələrin təhkiyəsi başlayır, el-obaya hücum çəkən quldurların xalqın qız-gəlini, qoca-cavanının əsir alması, qadınların fəryadı, öz qızını oda ataraq namusunu yadlar­dan qoruyan bir ananın faciəsi və s. hadisələr süjetə qoşulur. Keçmişə, tarixə qayıdış və tarixiliyin bədiyyatda cəmləşdirilərək nəqlinə hazırlığın bayatı əsa­sında aparılması konkret ədib, şəxsiyyətlərin dilindən verilən epiqraflardan fərqli olaraq daha inandırıcı və doğmadır.

Epiqraf-bayatıların mətndaxili funksionallığı isə romanlarda konkret hadisə, obraz emosionallığı üzərində aparılır. Qeyd olunduğu kimi, Azərbaycan xalq bayatıları bu torpağın, tayfa-elin tarixini yaşadan ən zəngin folklor janrı­dır. “Adət-ənənələrimizin, ayrı-ayrı yüzilliklərin, tarixi hadisələrin bayatılarda silinməz izləri qalmışdır... Bu poetik parçalar qədim və orta yüzilliklər döv­rünün də mərhələlərindən xəbər verir ki, o dövrə aid hadisələrin belə can­lılıqla təsvirini tarixi əsərlərdə tapmaq qeyri-mümkündür” (8, 4).

Əzizə Cəfərzadənin əsərləri tarixi-bioqrafik səciyyəsi də uyğun məz­munlu bayatıların təhkiyəyə gətirilməsini tələb edir. Şamaxı zəlzələsi, Şirvan camaatının əsir alınıb köçürülməsi və s. tarixi hadisələrə bağlı bayatılara romanlarda daha çox rast gəlinir:

Apardı tatar məni,

Qul elər, satar məni,

Vəfalı dostum olsa,

Axtarar tapar məni hey! (3, 4).

Qeyd olunan bayatıda tarixən doğma vətənindən didərgin salınan bir elin faciəsi ümumiləşirsə, “Yad et məni” romanında 1902-ci il 31 yanvar tarixində Şamaxıda baş verən zəlzələ tarixi zəmində bayatılara da yansımıyır. Romanın “Dünya, nə qəmlisən” adlandırılan hissəsində Pərnazın dilindən söylənən bayatılar məhz Şamaxı zəlzələsinin faciəsindən xəbər verir:

Pirdirəki dağımdı,

Qoynu qəm oylağımdı,

Yaş tökər leysan kimi,

Deyər yaman çağımdı.


Bu gələn arabadı,

Qoy gəlsin, arabadı,

Dünənki cənnət şəhər,

Bax, bu gün xarabadı (4, 47).

Yazıçı romanda hadisələrin bir-birilə əlaqələndirməsini elə təfərrüat və faktlarla vermişdir ki, burada tarixiliyin bədiiliklə mümkün, qanunauyğun birliyi onlar arasında ayrılıq yaratmır, əksinə fikir, qayənin bütöv təqdimini for­malaşdırır. Əsərdə Şamaxı zəlzələsinin yaratdığı tükürpədici mənzərə M.Ə.Sa­bir, A.Səhhətin məlum qəzəlləri əsasında təfərrüatı ilə verilsə də, ən lakonik emosional təsvir Pərzadın dilindən söylənən bayatılar üzərində cəmlənir.

Məlumdur ki, 1960-1970-ci illərdən başlayaraq Azərbaycan nəsrin də yeni inkişaf meylləri müşahidə olunur. Kəskin dramatik, konfliktlər üzərində qurulan bədii əsərlər, xüsusilə iri həcmli romanların sənətkarlıq, struktur-məzmun mexa­nizmi tədricən dəyişir: “Yeni keyfiyyətlər kəsb edən nəsr həm əvvəlki dövrün zahiri monumentallıq əlamətlərindən xilas olmaq istəyir, odur ki, başqa səciyyəli təhkiyəyə üz tutur, həm də klassik və müasir bədii düşüncənin təravətli və cəlbe­dici görünən ifadə vasitələrindən-psixoloji təhlillərdən, assosiativlikdən, daxili düşüncələrdən, sərbəst zaman keçidlərindən, subyektin inikas tərzindən faydalan­mağa çalışır, sənətkarlıq axtarışlarını bu istiqamətə yönəldir” (7, 9). Əzizə Cə­fərzadənin də romanlarında sərbəst təhkiyəyə bağlı lirik nəqlin üstünlüyü bu baxımdan seçilir. Yeni formada psixoloji, emosional ovqatlar qeyd olunan hər bir əsərdə xalq ədəbiyyatının başlıca lirik janrı-bayatılar üzərində qurulur.



Romanlarda xalq bayatılarına istinad olunması, ikinci bir tərəfdən obraz, qəhrəmanların emosiyalar, ovqatlarına uyğun təhkiyədə yer alır. Bu məqam isə əslində bayatının janr olaraq mövzu, ideya səciyyəviliyindən irəli gəlir.

Ə.Cəfərzadə hadisələr, danışılan hekayələrin məzmununa uyğun, yeri gəldikcə təhkiyəyə əlavə etdiyi bayatılar vasitəsilə əhvalatlardakı emosionallığı artırır, daha çox obrazların mənəvi faciəsinin ümumiləşdirilməsini reallaşdırır. Ədibin XVIII əsrin sonu, XIX əsrin əvvəllərində yaşamış məşhur Azərbaycan səyyahı Hacı Zeynalabdin Şirvaninin həyatından bəhs edən “Eldən-elə” roma­nında əsərin, ayrılıq, intizar, həsrət motivlərinə bağlı məqamlarında eyni möv­zuda xalq ədəbiyyatı nümunələrinə geniş yer verilmişdir. Şirinbəyim ana­nın qürbətdə qalan oğlu Zeynalabdinin yuxusuna girməsini yazıçı aşağıdakı məş­hur bayatı nümunəsi ilə verməklə, əsərin bədii kontekstinə uyğunlaşdırmışdır:

Axşamlar, ay axşamlar,

Şam yanar ay axşamlar.

Evli evinə gedər,

Qərib harda axşamlar (2, 93).

Yaxud “Yad et məni” romanında da Dürdanə ananın dilindən söylənilən bayatılar eyni mövzuya bağlıdır:

Şirvandan karvan gedir,

Qabaqda sarvan gedir,

İntizar gözlərimdən

Gecə-gündüz qan gedir (4, 75).
Göy bulud, Şirvan ayaz,

Yaz məni, Şirvana yaz,

Günün yad eldə keçir,

Dərdin Şirvana yaz” (4, 77).

Romanların tarixi-bioqrafik xüsusiyyətləri, eləcə də hadisə, obrazların vətən, torpaqdan kənarda baş verməsi, yaşamaları və s. bağlı olaraq adı çəkilən əsərlərdə ayrılıq, kədər motivinə əsaslanan bayatılara daha çox rast gəlməsinə baxmayaraq, məhəbbət mövzulu nümunələr də burada ayrıca yer tutur:

Palazda narıncı var,

Abı var, narıncı var,

Hardasan, ay insafsız!

Dalınca zarıncı var ( 4, 80).

Su içdim qurtum-qurtum

Əl ver, əlindən tutum.

İki dünya bir olsa,

Sənsən mənim umudum (4, 118).

Ə.Cəfərzadə romanlarında təhkiyəyə əlavə olunan bayatıların müəyyən bir hissəsi əlavə emosional ovqatı ifadə etməkdən başqa, bəzən sərbəst mətnin süjet, hadisəsinə də qoşulur. Yəni uyğun hadisə, proseslər obrazlar arasında deyişmə-bayatıya köçürülməklə əlavə nəqlə ehtiyac duyulmur. “Eldən-elə” romanında Altıntellinin harayına çatan rəfiqəsi Aybikə onu qucaqlayıb oxuyur:

Dəvə gəlir kallahı

Ovsarın al kəllahı.,

Sən dayan, dur yerində,

Mən çağırım Allahı,! (2, 194).

Altıntelli dərdinə şərik olmağa çalışan rəfiqəsinə elə bayatı dililə də cavab verir:

Yaralarım üzləndi,

Dərə-təpə düzləndi!

Durdum Allah çağıram,

Evliyalar gizləndi...(2, 194).

Obrazların hiss-həyəcanlarını bir-birinə lirika ilə, nəğmələrlə anlatması əslində dastan poetikası, strukturunun səciyyəviliyinə bağlıdır. Ə.Cəfərzadənin romanlarındakı süjetliliyin ayrı-ayrı sərlövhələr altında verilməsi, ümumi ana xəttə bağlı süjet sərbəstliyi yaratdığından burada qəhrəmanların taleyi, konkret şəklində onların adları ilə bağlı başlıqlara daxil edilir. Məhz bu nəqlolunmada sevgi, məhəbbət motivləri ayrıca rəvayət, kiçik dastana çevrilməklə uyğun janrın poetikasını da özündə saxlayır. Eyni romanda yenə də yuxarıda adları çəkilən obrazların dilindən oxuyuruq:

Dağların qarı düşüb,

Gecənin yarı düşüb.

Qınamayın bu qızı -

Yadına yarı düşüb.
Almanın al vaxtında

Heç yemə kol vaxtında,

Açdım yaxam bəndini

Dilimin lal vaxtında (2, 141).

Romanlarda istifadə olunan bayatılar, ikinci bir tərəfdən, xalq mərasimləri kontekstində verilmişdir. Folklordan bəllidir ki, ən qədim mərasimlərdən olan Novruz və onunla bağlı rituallar, xüsusilə fal açmalarda, vəsfi hallarda bilavasitə bayatılara istinad olunur. Ə.Cəfərzadənin bədii irsində bayatıların bu əsərlərin forma və məzmununda dominatlığı, həm də bayatının folklor janrı olaraq öz poetikasından irəli gəlir. Tarixilik, emosionallıq, lokaniklik və s. xidmətdə Ə.Cə­fərzadə nəsrində möhkəmlənən, birləşən bu nümunələr, bu mənada bayatı poetikasının xüsusiyyətlərini də müəyyənləşdirməyə əsas verir.

Ə.Cəfərzadənin ümumən lirik folklorizmlərdən, konkret olaraq bayatı mətn­lərindən öz bədii əsərlərində yaradıcı şəkildə istifadənin buradakı təhlili bizə aşağıdakı qənaətləri söyləməyə şərait yaradır:

Birincisi, Ə.Cəfərzadənin lirik folklorizmlərdən istifadəsi, konkret olaraq, bədii mətnin folklor dili və düşüncəsindən istifadə etməklə qüvvətləndirilməsinə xidmət edir. Müəllifin nəsrində bu iki şəkildə: bəzən şüurlu bədii yaradıcılıq, bəzən də təbii axarla baş verir. Məsələn, elə olur ki, Ə.Cəfərzadə folklorizmləri şüurlu şəkildə bədii mətnə gətirməklə müəyyən məqsəd güdür. O, bədii situa­siyanı məqsədli şəkildə “folklor qəlibinə” yerləşdirməklə bədii hədəfi əldə etmə­nin folklora məxsus sxemlərindən istifadə etmiş olur. Folklor qəlibləri aydın mənası olan sxemlərə əsaslanır. Belə sxemlər bəzən yazıçıya öz sözünü, fikrini, məqsədini sərrastlaşdırmaq üçün lazım olur. İkinci hal Ə.Cəfərzadənin özünün folklora təbii bağlılığından irəli gəlir. O, folklor mühitində böyümüş, daim folk­lorla ünsiyyətdə olmuşdur. Ona görə də yazıçının dili, təhkiyəsi folklorizmlərlə zəngindir. Bayatılardan istifadə bu təbii zənginliyin bir qatını təşkil edir.

İkincisi, Ə.Cəfərzadənin öz romanlarında bayatı, layla, oxşama kimi lirik növə aid janrlardan, o cümlədən epik və dramatik növə aid janrlardan istifadə etməklə mətnin məkan-zaman genişliyi və zənginliyinə nail olması folklor dü­şün­cəsinin öz tipologiyasından gəlir. Məsələn, dastanlara janr tərkibi baxı­mından nəzər etdikdə görünür ki, bir dastan öz tərkibində müxtəlif janrları (qoşma, gəraylı, bayatı, atalar sözü, məsəl, qaravəlli, lətifə və s.) birləşdirə bilir. İri janrların digər janrları öz tərkibinə daxil etməsi folklorun tipologiyasıdır. Yazılı ədəbiyyat folklordan doğduğu üçün bu tipologiya ənənə zəminində yazılı ədəbiyyata keşmişdir. Ə.Cəfərzadənin romanlarının janr tərkibi baxımından tutumlu (geniş) olması, görünür, folklor tipologiyasının bu ümumi qanunauy­ğunluğunu da özündə əks etdirir.

Üçüncüsü, Ə.Cəfərzadənin bədii nəsrində bayatıların məzmun-simvolik qatının təhkiyəyə qoşulması əsərlərə əlavə emosional poetik rəngarənglik gətirir. Bu, yaradıcılıq psixologiyası ilə bağlı keyfiyyətdir. Yazıçının yaradıcılığında müşahidə olunan bu xüsusiyyəti onun yaradıcılıq psixologiasının səciyyəvi əlamətlərindən biri kimi qəbul etmək olar.

Dördünscüsü, folklorizmlər Ə.Cəfərzadənin yaratdığı bədii mətn məka­nında, əsasən, yazıçı təhkiyəsi və haşiyələri, hadisələrə münasibət, obrazların təsviri və s. səviyyələrdə müşahidə olunur.

Beşincisi, Ə.Cəfərzadənin öz yaradıcılığında bayatılara yer verməsinin bir səbəbi də onun öz folklorşünaslıq fəaliyyətində bayatıların toplanması və tədqiqinə verdiyi dəyərlə bağlıdır. Yazıçı-alim bayatı dünyasından heç vaxt ayrı düşmədi. Bayatı onun üçün həm elmi, həm də bədii yaradıcılığında estetik qida mənbəyi və əlavə yaradıcılıq potensialı olaraq qaldı.

Altıncısı, Ə.Cəfərzadənin bədii mətnlərində bayatıları iki planda daha çox görmək olur: yazıçının əsərdəki ümumi məzmun, fikrə əlavə etdiyi müəllif mövqeyində və obrazların xarakter, düşüncələrinin açılması məqamlarında. Bu cəhətdən romanlarda bayatıların ilkin funksional mövqeyi əsərin, mətnin süjet mərhələliyinə qoşulmasında ifadə olunur.

Yeddincisi, Ə.Cəfərzadə yaradıcılığında bayatılardan epiqraf kimi is­tifadə olunması bu janrı əsərin ideya xəttinin ifadə qəlibinə çevirmiş olur.

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə