Dədə Qorqud ● 2015/I 75
olunur. Məsələn, ayla günəşin rənginin açıqlığı və qırmızılığının yozumu belə
açıqlanır ki: «Qara dəryadan Gün çıxır. İrəli gedir. İstəyir ki, balıq onu uda. Gü-
lənbər onun qabağına qılınc tutur. Qoymur onu yeməyə. Dəryadan Ay çıxır, qal-
xır göyə. Balıq istəyir ki, onu uda. Gülənbər qoymur ki, balıq onu yeyə. Ay və
Gün onun nəfəsindən olur qırmızı. Əhli kişilər salavat çevirəndə guya ki, Ayın
qırmızısı tökülür, gedir girir anasının qoynuna. Buna görə də Gün qırmızı, Ay
açıq rəngdə olur». Mifdə Qara dərya göy üzüdür, balıq günəş və ay tutulmasına
səbəb olan təbiət varlığıdır, şərin başlanğıcıdır. Gülənbər ilkin tanrıların yaradı-
cısıdır, zaman və tale yükünü özündə daşıyır, qırmızı rəng – atəşin, istiliyin, açıq
rəng isə gecənin aydınlığının rəmzidir. Salavat çevirmək – islam adətini xatırlat-
sa da, əski çağlarda bütün varlıqların anası Gülənbərə müraciətlə söylənən duaya
işarədir. Türk kosmoqonik miflərinin Çin mənbələrinə düşmüş ən qədim yazılı
mətnində - «Ulu Toyun» söyləməsində isə əksinə, Günəş Ay Toyunun qızıdır.
Ulu Toyun ona aşiq olub anasını Ay Toyunun göyünə elçi göndərir. Lakin
Günəşlə evlənməsi üçün ondan bir şərti yerinə yetirmək tələb olunur: Ulu Toyun
«dalğa-göl incisini və sərab – çöl incisini» nişan əvəzi ödəməli idi. Yer övladı
Ulu Toyun «nişanları» tapmadığından göy qızı Günəşlə evlənə bilmir (5, 39-40).
Astral miflər və əfsanələr dünyanı dərketmənin ibtidai üsuludur.
Prof.
R.Əliyevin dediyi kimi, mif qədim insanların dünyanı anlama tərzidir. Mif geniş
mənada hökmdür, ibtidai cəmiyyətin nisanlarının davranışını, əxlaqını tənzim-
ləyən qanunlar məcmusudur (7, 5).
Prof. Kamil Hüseynoğlu yazır ki, müasir danışıq dilində tez-tez “göyün
yeddinci qatında olmaq” ifadəsinə rast gəlirik. Bu ifadə sevinc və şadlıq anlayış-
larının ən yüksək dərəsəsini bildirmək üçün işlədilir. Uzaq keçmişdə isə bu ifadə
hərfi mənada başa düşülürdü və insanlar belə düşünürdülər ki, göy, səma bir
neçə qatdan ibarətdir. Müxtəlif xalqların dünyanın quruluşu haqqındakı təsəv-
vürlərində təkcə göy deyil, yer və “yeraltı dünya” da çoxsahəli və çoxtəbəqəli
hesab edilirdi (12, 66). Dildə bu gün belə yaşayan ifadələr dünyanı ilkin dərket-
mənin astral görüşlərlə bağlılığına dəlalət edir.
Digər əfsanələrdə olduğu kimi, astral əfsanələrdə də çevrilmə kainatın bü-
tün ünsürləri arasında əlaqəni təmin edərək vahid yaradılış – kosmoqoniya zən-
ciri yaradır. Bu cəhətdən R.Qafarlının fikri səciyyəvidir: “Əfsanə çevrilmələrin-
dən belə nəticə alınır ki, guya başlanğıcda dünyada ancaq və ancaq insan möv-
cud olmuşdur, az qala torpaq da, hər qaya, hər daş da insan şəklindədir, bu in-
sanlar bəzən könüllü olaraq, bəzən də məcburi yolla formalarını dəyişərək qa-
yanı, çayı, ağacı, quşu, heyvanı və s. meydana gətirmişlər. Miflərdə genezis, do-
ğum tamam başqa şəkildədir, bəzi məqamlarda yuxarıdakı prinsiplərin əksini
təşkil edir. Başqa sözlə, insan təbiətin eyni hüquqlu detallarından biridir, doğu-
şunda hətta üstünlük çox hallarda heyvanlarda, quşlarda, cansız varlıqlarda olur.
Yəni insan özü ağacdan, quşdan, torpaqdan, sudan, Günəşdən və s. əmələ gəlir.
Sonrakı funksiyasına görə təbiətin başqa varlıqlarından tamamilə fərqlənsə də,
Dədə Qorqud ● 2015/I 76
yaranmasında hüququ mifik varlıqların əlindədir. Mövcud olduğu dövrdə sər-
bəstdir, müstəqildir, hətta tanrı ilə qarşı-qarşıya gələ bilir. Yalnız mövcudluğu
başa çatanda formasını dəyişir, ölüb torpağa qarışır (6, 470).
İndi isə astral əfsanələrdə yaranış mifologemini konkret mətnlər əsasında
müəyyənləşdirməyə çalışaq. Çünki hər bir mifoloji sisteminin bərpasının ən
etibarlı mənbəyi folklor mətnləridir.
«Göyün qəzəbi» adlı əfsanədə deyilir ki, bir arvad sacda fətir bişirirmiş.
Uşağı yanına gələndə onu fətirin üstündə əyləşdirir. Göy qəzəblənir, yer yeddi
qat uzaqlaşır. Buğda sünbülü də haray qoparır, aşağıdan yoluna-yoluna çağırır,
heyvanlar mələşir, atlar kişnəşir, itlər ulaşır. Sünbülün harayı kəsilmir, başında
bir az dən saxlayır, onu da çörəyin qədrini bilənlərə (1, 137).
Burada insanın müqəddəs saydığı obyektlərə münasibəti ifadə olunur. Qə-
dimdən xalq arasında çörəyə münasibət müqəddəs sayılmışdır. Əcdadlarımızın
təsəvvüründə insan yaşamı ilə bağlı hər şeyə,o cümlədən də bərəkətə münasibətə
göy nəzarət edir. Əfsanənin məzmunundan anlaşılan budur ki, həmin hadisəyə
(ananın uşağını fətirin üstündə oturtmasına kimi) Göy Yerlə bir imiş, əslində bu,
o demək imiş ki, insanların qayğıları yox imiş. Məlum olur ki, Göyün qəzəb-
lənərək Yerdən yeddi qat uzaqlaşmasının səbəbi insanların bərəkətə (çörəyə,
fətirə və s.) pis münasibət bəsləməsidir. «Buğda sünbülünün aşağıdan yoluna-
yoluna çağırması, çörəyin qədrini bilənlərə başında bir az dən saxlaması» göyün
insanın hərəkətinə hiddətini, qəzəbini ifadə edir.
Bu əfsanə bir daha qədim təsəvvürlərdə insanın təbiətdəki hər bir nəsnə ilə
ruhən birliyini – ona bağlılığını, hansısa bir davranış xətası yaparkən səbəbini
onlarla bağladığını, bunun özünü inanclaşdırdığını, kurallaşdırdığını sübut edir.
“Günəş və Ay haqqında” bir neçə əfsanə mövcuddur. Əsasən eyni motivi
təqdim edən həmin mətnlərdən birinə diqqət edək: Bir kişi ova çıxır. Əlinə bir
şey düşmür. Axır gəlib kiçik bir gölün kənarına çıxır. Görür ki, gölün o tayında
gözəl bir qız əyləşib gölə tamaşa edir. Qız o qədər gözəl imiş ki, şövqündən
ovçu ona baxa bilmirmiş. Axır ovçu birtəhərlə ona yaxınlaşıb soruşur ki, sən
kimsən? Qız cavab verir ki, mənim adım Günəşdir.
Ovçu ilə Günəş bir az söhbət edirlər, axşamın qaranlığı ətrafı bürüyür. Ov-
çu Günəşə təklif edir ki, onlara qonaq getsin. Günəş razı olur. Onlar birlikdə ov-
çunun evinə gəlirlər. Ovçu qonağı böyük hörmətlə qarşılayır. Günəş ayrıca bir
otaqda yatır. Sabah açılır, hamıdan qabaq qonaq durur. O, həyətə çıxan vaxt
ətraf nura boyanır. Bu zaman ev yiyəsi də yuxudan oyanır. Günəşə baxanda göz-
ləri qamaşır. Ovçu Günəşə yaxın gedə bilmir. Bu vaxt Günəş öz gözəlliyindən
utanıb, yenidən otağa qayıdır. Ovçu öz qonağının gözəlliyi haqqında qonşulara
danışır. Bildirir ki, ona yaxın düşmək çətindir.
Qonşuluqda olan bir kişi deyir ki, mən onu tuta bilərəm.
Günəş yenə ovçunun evində qalır. Səhər ovçu və onun qonşusu Günəşi
görmək və tutmaq üçün bayırda gözləyirmişlər. Günəş çölə çıxan kimi yenə
Dostları ilə paylaş: |