Dədə Qorqud ● 2015/I 77
aləm nura boyanır. Ovçunun qonşusu görür ki, doğrudan da ona yaxın düşmək
mümkün deyil. Ondan süzülən işıq ox kimi adamın gözünə sancılır.
Axır qonşu təngə gəlib onu yayı-oxu ilə vurur. Bu ox Günəşi sinəsindən
yaralayır. Günəş yaralı-yaralı qaçır. Günəş göyün üst qatına qalxır və öz donunu
soyunub səpir. Donundakı qan izləri qurşaq şəklində göyün üzündə yağışdan
sonra görünür. Ovçu tutduğu işdən peşman olur və bir at minib onu axtarmağa
gedir. Ancaq ona çata bilmir. Deyirlər, həmin ovçu Ay imiş, qonaq isə aləmə
nur saçan, dünyaya gözəllik verən, həyat verən Günəş imiş. Bəzən görürsən Ay
sabaha qalır ki, Günəşlə görüşüb günahını boynuna alsın, ondan üzr istəsin,
ancaq bu mümkün olmur, Günəş ondan qaçır (9, 245).
Bu əfsanədə insanlaşmış Günəş obrazı var. İnsanın Günəşə münasibəti
doğmadır, səmimidir. Günəş də bu münasibəti duyur, insana yaxın gəlir, o də-
rəcədə ki, hətta evində də gecələyir. Qədim təsəvvürlərdə Göylə Yeri bir yerdə,
çox yaxınlıqda təsəvvür edən insanlar Günəşlə bağlı da bu düşüncədə olmuşlar.
Günəşin Yerdən aralanmasının, «ayrılmasının» səbəbi artıq əcdadlarımızın
təsəvvüründə mifdən sonrakı əfsanələşmiş çağı ifadə edir: yəni bir zamanlar
Günəş hətta Yerdə (adamların evində belə) gecələyirmiş, həmin hadisədən sonra
(insanların onu tutmaq məqsədilə oxla yaralamasından sonra) birdəfəlik Yerdən
ayrılıb.
Burada Günəşin gözəl qız şəklində təsəvvür edilməsi əski təsəvvürlərdən
(ilk növbədə saçaqlı olması ilə bağlıdır) irəli gəlir.
Yaralı Günəşin insanların əlindən qaçaraq göyün üst qatına qalxması,
donunu soyunub səpməsi yaradılış motividir: belə ki, «donundakı qan izlərinin
qurşaq şəklində göyün üzündə yağışdan sonra görünməsi»nin səbəbi insanın
Günəşi yaralamasıdır. Adətən göy qurşağı yağışdan sonra əmələ gəlir. Demək
insan Günəşi yaralayıb, küsdürüb, ağladıb…
Əfsanənin sonunda həmin insanın Ay olduğu deyilir. Günəş (qız) Aydan
(oğlandan) qaçır, gecə ilə gündüz bu ayrılığı qoruyur.
Əfsanədə əslində üç astral obyektin – Günəşin, Ayın və göy qurşağının
yaranması, Göy üzündə həmişəlik məskunlaşması səbəbi “aydınlaşır”.
Mətndə dünyanın yaradılması ilə bağlı konsept özünü bir neçə səviyyədə
göstərir:
Birincisi, hər bir yaradılış mifologemi konkret kosmoqonik konseptə bağ-
lanır. Bu qanunauyğunluğu mətndə də görürük. Məlum olur ki, Günəşlə Ayın
bir-birini izləməsi bir kosmoloji ritm kimi Ovçu ilə Günəş arasındakı hadisədən
törəyir. Həmin hadisəyə qədər bu kosmoloji ritm mövcud deyildi. Bu baxımdan
həmin ritmin əsası sözügedən hadisə ilə qoyulur. Bu da öz növbəsində Ovçu ilə
Günəş arasındakı hadisəni ilkin kosmoqonik presedentə çevirir.
İkincisi, hər bir kosmoqonik presedent ilkin hərəkət örnəyi kimi ilk əcdad-
mədəni qəhrəman obrazı ilə bağlıdır. Başqa sözlə, Günəşlə Ayın astral hərəkət
ritminin Ovçu-Günəş münasibətlərindən başlanması Ovçu obrazında ilk əcdad-
Dədə Qorqud ● 2015/I 78
mədəni qəhrəman arxetipini görməyə imkan verir. Azərbaycan mifik mətnlə-
rində ilk əcdadın Oğuz kağan olduğunu nəzərə alsaq, Ovçu obrazı Oğuz kağanın
məna sırasına aid olan paradiqmadır.
Üçüncüsü, Ovçu-Oğuz paralelini asanlıqla bərpa etmək olur. İlk əcdad
Oğuz kağan əvvəlcə gecə vaxtı işıq şüası şəklində yerə düşən Günəş qızı ilə, da-
ha sonra gölün ortasındakı ağacın koğuşunda oturmuş Yer-Su qızı ilə evlənir.
Bu motivi sözügedən əfsanə mətnində də görmək olur. Ovçu Günəş qızına gölün
sahilində rast gəlir. Beləliklə, Oğuz kağan mifindəki hadisə və obrazlar müəy-
yən dəyişikliklərə uğramış şəkildə əfsanə mətnində də var.
Dördüncüsü, əfsanədə Ayın ovçu olması da onun Oğuzla bağlılığını ortaya
qoyur. İlk əcdad Oğuz məhz mahir ovçudur və öz xanımlarını da ovda tapır.
S.P.Pirsultanlı yazır ki, “Dədə Günəş”, “Aldədə” əsatir və əfsanələrində
Aldədə yanar təndirin, Dədə Günəş isə kürənin içərisinə atılır, lakin heç biri
yanmır. Bizcə, Aldədə ilə Dədə Günəş əslində eyni məna daşıyan və bir kökdən
olan adlardır. Elə Aldədə də Günəş Dədə deməkdir. Aldədə və Dədə Günəşin
odda yanmamaları, daha çox səma aləmi ilə, hamiliklə, Aya və Günəşə, oda və
suya sitayişlə, qədim düşünüş və inamlarla bağlı məsələdir. Əlbəttə, bu da
inkaredilməzdir ki, həmin qədim görüşlərin özləri də müəyyən mənada Zərdüşti-
liklə süslənmişdir. Odur ki, Azərbaycan folklorunda Gögtanrı – səmavilik müəy-
yən məqamlarda elə birləşir ki, bəzən bunları bir-birindən seçmək, ayırd etmək
özü də çətinlik törədir. Məsələn, əfsanəyə görə, Zərdüşt möcüzə göstərmək üçün
otlardan düzəltdiyi xüsusi maddəni bədəninə çəkməklə odun içində dayana
bilirmişsə (Ə.X.Dəhləvi. Şirin və Xosrov. Bakı, 1973, səh. 321), Nizamiyə görə:
Zərdüştün qırmızı kükürd “ocağı” varmış (Nizami “Yeddi gözəl”, Bakı, 1941,
səh.107). Aldədə və Dədə Günəş kimi Zərdüşt də odda yanmır. Lakin bunların
arasında fərqlər mövcuddur. Zərdüştü odda yanmağa qoymayan onun varlığın-
dakı qeyri-adi qüvvə deyil, öz əli ilə otlardan hazırladığı xüsusi maddədir. De-
məli, Zərdüştün qələbəsi müəyyən mənada əqlin, kamalın qələbəsidir. Od içində
saqqalı buz bağlayan Aldədə ilə Dədə Günəş isə Zərdüştdən fərqli olaraq qeyri-
adi sehrkar güc və qüdrətə malik əsatiri obrazlardır (10, 88).
Mövzu ilə bağlı daha bir tipik əfsanə forması ilə qarşılaşırıq. “Günəşlə
Ay” əfsanəsində deyilir ki, Günəş çox gözəl, həm də məğrur qızdır. Ay onu
dəlicəsinə sevir. Günəş Ayın qarşısında şərt qoyur ki, əgər məni sevirsənsə,
üzündəki qara xalı qopar ver mənə. Ay heç nə düşünmədən sevgilisinin xahişini
yerinə yetirir. Günəş qəhqəhə çəkir ki, sənin gözəlliyin xalında idi. Onu da mən
səndən aldım. Dünyanın gözəli indi mənəm. Ay Günəşdən küsür, üzünə tökülən
qanı sifətindəcə donub qalır. Ayın üzündə ləkə o vaxtdandır. Günəş tutduğu işə
peşman olur, Ayı nə qədər çağırırsa, o, geri dönmür. Ay Günəşi görməmək üçün
üzünə pərdə çəkir, istəmir ki, Günəş sifətindəki ləkəni görsün. Günəş çıxarkən
Ayın sifətinin solğunlaşması bu səbəbdəndir (3, 29).
Dostları ilə paylaş: |