Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə7/182
tarix11.04.2018
ölçüsü4,61 Mb.
#37905
1   2   3   4   5   6   7   8   9   10   ...   182

 

- 16 - 

 

Tədqiqatçı sövet dövründə  Cəlil Məmmədquluzadənin fəaliyyətini iki mərhələyə ayırır: 1) Ümid və 



inam  dövrü  (1921-1928);  2)  Şübhə  və  sarsıntı  mərhələsi  (1929-1932-ci  illər).  Birinci  mərhələ  Cəlil 

Məmmədquluzadənin  «kiçik  adam»  –  xalq  anlayışı  ilə  özünü  fəhlə-kəndli  hökuməti  kimi  qələmə  verən  

sovet  hökumətinin  bəyanatları  uyğun  gəldiyi  üçün  böyük  yazıçının  yaradıcılığının  qaynar  dövrü  kimi 

xarakterizə  edilmişdir.  İsa  Həbibbəyli  Cəlil  Məmmədquluzadənin  Sovet  hakimiyyəti  illərindəki  sonrakı 

həyatı və fəaliyyətini isə haqsızlıq, çaşqınlıq, diqqətsizlik, laqeydlik, tənhalıq illəri olaraq səciyyələndirilir 

və  bütün  bunların  onun  yaradıcılığına və  ümumən ədəbiyyatın inkişafına  göstərdiyi  təsir  yeni  faktlar və 

sənədlər əsasında aydınlaşdırılır. Bu, əslində XX əsrin əvvəllərində digər yazıçılarımızın da yaşadığı proses 

idi və ona görə də həmin istiqamətdə aparılan tədqiqat geniş elmi ümumiləşdirmə imkanlarına malikdir.  

Akademik  İsa  Həbibbəyli  Cəlil  Məmmədquluzadənin  nəsil  şəcərəsini  ilk  dəfə  olaraq  öyrənib 

hazırlamış və onu ədəbi-elmi ictimaiyyətə çatdırmışdır. O, uzun axtarışlardan və mətbuatda çap etdirdiyi 

soraq  xarakterli  yazılardan  sonra  1992-ci  il  yanvarın  25-də  Tehrana  gedərək  Mirzə  Cəlilin  nəslinin 

davamçıları ilə görüşmüş, onlarla əlaqə yaratmışdır. İsa Həbibbəyli böyük ədibin oğlu Ənvər Məmməd-

quluzadənin İkinci Dünya müharibəsi zamanı sovet ordusunun tərkibində həkim kimi İrana getməsini və 

sonra  taleyin  hökmü  ilə  həmişəlik  bu  ölkədə  qaldığını  müəyyənləşdirmiş,  yazıçının  burada  davam  edən 

nəslinin  davamçıları  haqqında  zəngin  məlumatlar  əldə  etmişdir.  Cəlil  Məmmədquluzadənin  nəslinin 

davamçılarının bundan sonrakı taleyi ilk dəfə İsa Həbibbəyli tərəfindən geniş ictimaiyyətə çatdırılmışdır. 

Eyni  zamanda,  görkəmli  yazıçının    nəslinin  Fransada  və  Polşada  yaşayan  davamçıları  haqqında  da  

tədqiqatlar İsa Həbibbəyliyə məxsusdur. O, 1992-ci ildə Tehranda Teymur Cavanşiri, İrena Süleymani ilə 

yanaşı, Polşada yaşayan Midhət Cavanşir ilə də görüşmüşdür. İsa Həbibbəylinin 1998-ci ildə Parisdə Cəlil 

Məmmədquluzadənin nəvəsi Mehri xanım Səqqətçiya ilə görüşü nəsil şəcərəsini daha da aydınlaşdırmağa 

imkan  yaratmışdır.  Bütün  bunlardan  sonra  İsa  Həbibbəylinin  yazıb  nəşr  etdirdiyi  «Cəlil 

Məmmədquluzadənin  nəsil  şəcərəsi»  tədqiqatı  ədəbi  ictimaiyyət  tərəfindən  rəğbətlə  qarşılanmışdır.  Bu, 

Azərbaycan  ədəbiyyatşünaslığında  yazıçıların  nəsil  şəcərəsinə  həsr  olunmuş  birinci  elmi-tədqiqat  əsəri 

kimi də mühüm əhəmiyyət kəsb edir.  

Dövlət müstəqilliyi dövründə Cəlil Məmmədquluzadənin əsərləri külliyyatının ən sanballı və dolğun 

nəşri İsa Həbibbəylinin adı ilə bağlıdır. O, çoxillik  axtarışlardan sonra yazıçının 4 pərdəli «Ər» pyesini, 

kiçik  həcmə  malik  «Lənət»  və  «Oyunbazlar»    səhnəciklərini  tapıb  üzə  çıxarmış,  16  satirik  seirini,  35 

məqaləsini, 170 felyetonunu ilk dəfə  görkəmli  yazıçının  2004-cü ildə  nəşr edilmiş 4 cildlik  külliyyatına 

daxil edərək oxuculara çatdırmışdır. Çoxcildlikdə eyni zamanda, böyük ədibin özünün və ailə üzvlərinin 

60, eyni zamanda başqa tanınımış şəxsiyyətlərin elmi  ictimaiyyətimizə bəlli olmayan 44 məktubu, habelə 

elmi-ədəbi  və  publisist  xarakterli  sənədləri  və  yazıları  çap  edilmişdir.  Bütövlükdə  akademik  İsa  Həbib-

bəylinin böyük  demokrat yazıçı Cəlil Məmmədquluzadənin əsərlərini bir neçə dəfə ayrıca kitab halında 

çap etdirməsi, həmin kitablara sanballı müqəddimələr, izahlar yazması həmin nəşrləri ədəbiyyatşünaslıq 

elmini zənginləşdirən mənbələrə çevrilmişdir.  

Bununla belə, İsa Həbibbəyli Cəlil Məmmədquluzadənin bir neçə görkəmli müasirinin həyatı və irsini 

daha geniş və dərindən tədqiq etmiş, onların əsərlərini ilk dəfə toplayıb kitab halında nəşr etdirmişdir. Onun 

təqdim  etdiyi  «Məhəmməd  ağa  Şahtaxtlı.  Seçilmiş  əsərləri»  (2006)  adlı  kitabda  bu  parlaq  şəxsiyyətin 

çoxcəhətli fəaliyyəti ilk dəfə yeni tədqiqatlar və nadir sənədlər əsasında oxuculara çatdırılır. İsa Həbibbəyli 

Məhəmməd  ağa  Şahtaxtlı  haqqındakı  məlum  tədqiqatlara  çoxsaylı  əlavələr  etmiş,  onun  elmi  tərcümeyi-

halının dəqiq və aydın mənzərəsini yaratmışdır. Eyni zamanda, İsa Həbibbəyli Məhəmməd ağa Şahtaxtlının 

Fransada,  Rusiyada,  Azərbaycanda,  Türkiyədə  çap  olunmuş  çoxsaylı  məqalələrini,  əlifba  layihələrini, 

məktublarını, tərcümeyi-hal sənədlərini, nadir fotoşəkillərini üzə çıxararaq «Seçilmiş əsərlər» kitabında çap 

etməklə    geniş  istifadə  üçün  təqdim  etmişdir.  Beləliklə,  Məhəmməd  ağa  Şaxtaxtlı  kimi  məşhur  bir 

çoxcəhətli şəxsiyyətin keşməkeşli ömür yolu və xidmətləri haqqında ümumiləşmiş elmi təsəvvür forma-

laşdırılmışdır. Bu, Azərbaycan ədəbiyyatşünaslıq elmində Məhəmməd ağa Şahtaxtlını zəngin tərcümeyi-

halı, yaradıcılıq fəaliyyəti və əsərləri ilə birlikdə elmi-ədəbi ictimaiyyətə təqdim edən ilk böyük addımdır. 

İsa Həbibbəyliyə qədər Məhəmməd ağa Şahtaxtlının cəmi 2-3 əsərinin çap olunduğunu nəzərə alsaq, təqdim 

edilən «Seçilmiş əsərlər»in əhəmiyyəti bir daha aydın ola bilir.  




 

- 17 - 

 

İsa Həbibbəyli görkəmli maarifçi və şair Məhəmməd Tağı Sidqinin də «Əsərlər»ini ilk dəfə 2004-cü 



ildə kitab halında çap etdirmişdir. M.T.Sidqinin «Əsərlər»inə daxil olan dərsliklər, maarifçi şeirlər, elmi 

əsərlər və məktublar bu sənətkarın çoxcəhətli fəaliyyətinin tam halda təsəvvür edilməsinə imkan yaradır. 

İsa Həbibbəylinin Məhəmməd Tağı Sidqinin həyatı və yaradıcılığı haqqındakı araşdırmaları faktik material 

baxımından  yeni  və  zəngin  olduğu  üçün  elmi-nəzəri  cəhətdən  də  dərin  və  əsaslıdır.  Alimin  bu  böyük 

maarifçi şair haqqındakı məqalələri M.T.Sidqinin ədəbi-maarifçi xidmətlərinin tam mənzərəsini təsəvvür 

etməyə imkan yaradır. 

Eynəli bəy Sultanovun (1866-1935) tərcümeyi-halına, maarifçilik sahəsində və ədəbi fəaliyyətinə də 

İsa Həbibbəyli çoxillik axtarışları sayəsində ciddi əlavələr  etmişdir. İlk dəfə onun araşdırmalarından məlum 

olmuşdur ki, İrəvan gimnaziyasında təhsil alarkən Eynəli bəy Sultanov rus, fransız, yunan, latın dillərini 

yaxşı öyrənmiş və tərcümələr etmişdir. Eynəli bəy Sultanovun anadan olma tarixini, Tiflisdə yox, İrəvan 

progimnaziyasında təhsil almasını, İrəvan Dairə məhkəməsində  məsul vəzifə daşımasını da İsa Həbibbəyli 

müəyyən  etmişdir.  Cəlil  Məmmədquluzadənin  Eynəli  bəy  Sultanova  xüsusi  münasibət  bəsləməsinin 

səbəbləri də onun tədqiqatında aydınlaşdırılmışdır. Eynəli bəy Sultanovun maarifçi-realist ağırlıqlı tənqidi-

realist yazıçı olması haqqındakı nəzəri qənaətləri də İsa Həbibbəyli irəli sürmüşdür. Eynəli bəy Sultanovun 

publisist əsərlərinin  kitab halında 2016-cı ildə ilk dəfə çap etdirilməsi də İsa Həbibbəylinin xidmətidir.   

Azərbaycan ədəbiyyatında tarixi roman məktəbinin banisi Məmməd Səid Ordubadi haqqında yazıb 

çap etdirdiyi «Böyük ədəbiyyat nəhəngi» kitabı bu qüdrətli sənətkarın müasir elmi-nəzəri baxışlar əsasında 

ümumiləşdirilmiş portretini  canlandırır. Bundan  başqa,  İsa Həbibbəyli Məmməd Səid  Ordubadinin  «İki 

Cocuğun Avropa səyahəti» əsərini, «Qəflət», «Vətən və hürriyət» adlı şeir kitablarında toplanan şeirləri 

M.S.Ordubadinin  2012-ci  ildə  nəşr  etdirdiyi  «Həyatım  və  mühitim»  adlı  kitabında  oxuculara  təqdim 

etmişdir.  

Ümumiyyətlə,  İsa  Həbibbəyli  böyük  demokrat  yazıçı  Cəlil  Məmmədquluzadənin  onlarla  müasiri 

haqqında ilk dəfə söz açmış, bu maarifçi ziyalıların fəaliyyətinə dair yüzlərlə sənədi üzə çıxarmış, barəsində 

geniş  məlumat  vermiş,  onların  qarşılıqlı  əlaqələrinin  mahiyyətini  elmi  şəkildə  aydınlaşdırmışdır. 

Bütövlükdə akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyatının «Molla Nəsrəddin» epoxasının mükəmməl 

elmi salnaməsini yaratmışdır. 

Akademik İsa Həbibbəyli müasir ədəbiyyatı, ədəbi prosesi diqqətlə və ardıcıllıqla izləyir, yeni çap 

olunmuş  əsərlərə  elmi  münasibətini  bildirir,  ədəbiyyatımızda  həmin    əsərlərin  nə  dərəcədə  əhəmiyyətli 

olmasını müəyyən edir. Bu cəhətdən o, ədəbiyyatımızın, yaxşı mənada təəssübkeşi və böyük təbliğatçısıdır. 

İsa  Həbibbəylinin  ədəbi  proses  haqqındakı  yazılarında  ədəbiyyatın  nəbzi  döyünür.  Deyərdim  ki,  İsa 

Həbibbəyli  klassik  ədəbiyyatşünaslıq  ənənəsi  zəminində  formalaşan,  ədəbiyyatın  bütün  dövrləri  və 

görkəmli nümayəndələri haqqında professional səviyyədə dərin elmi söz deyə bilən, universal dünyagörüşə 

malik  olan  görkəmli  tədqiqatçı  alimdir.  Alimin  Nizami  Gəncəvi,  Məhəmməd  Füzuli,  Mirzə  Fətəli 

Axundzadə,  Hüseyn  Cavid,  Əlibəy  Hüseynzadə  və  başqalarının  həyatı  və  yaradıcılığına  həsr  edilmiş 

tədqiqatları Azərbaycan ədəbiyyatşünaslığının qiymətli elmi örnəkləridir.  

XX əsrin 60-70-ci illəri Azərbaycan ədəbiyyatı yeni pleyadanın gəlişi, söz sənətinə yeni qayıdış dövrü 

kimi  səciyyələndirilir.  Xüsusən,  Azərbaycan  altmışıncılarının  ədəbiyyata  gətirdikləri  yeniliklər  və 

novatorluğun təqdimi İsa Həbibbəylinin tədqiqatlarında mühüm yer tutur. O, xalq yazıçıları Anar, Elçin və 

Yusif  Səmədoğlunun,  xalq  şairləri  Fikrət  Qoca  və  Vaqif  Səmədoğlunun  simasında  Azərbaycan 

altmışıncıları ədəbi nəslinin uğurlu sənət taleyini müəyyən edib sistemli şəkildə ümumiləşdirmişdir. Onun 

fikrincə,  həyati  gerçəkliklərə  sədaqət,  ümumiyyətlə  insana  qayıdış,  «kiçik  adamın»  və  dərin  mənəvi 

münasibətlərin ədəbiyyata gətirilməsi Azərbaycan altmışıncılarının özünəməxsus ədəbi simasını göstərir.  

Bu məqamda İsa Həbibbəylinin ümumi prinsiplərdən deyil, yazıçıların fərdi özünəməxsusluqlarından çıxış 

edərək hər sənətkarın həmin prosesdəki yerini müəyyən etməsi məsələnin obyektiv elmi həllinin tapılması 

baxımından  əhəmiyyətli  olmuşdur.  Bu  yolla  həm  də  təkcə  ayrı-ayrı  yazıçı  və  şairlər  deyil,  bütövlükdə 

dövrün ədəbi prosesi bütün reallıqları ilə təqdim olunmuşdur.   

Ümumiyyətlə,  faktdan,  sənəddən,  real  proseslərdən,  ədəbi  mətndən  çıxış  edərək  elmi-nəzəri 

ümumiləşdirmələr aparmaq, mühüm nəticələrə gəlmək İsa Həbibbəylinin tədqiqatçılıq üsuludur. Məsələnin 

bu cəhəti İsa Həbibbəylinin elmi fəaliyyətinin özünəməxsusluğunu müəyyən edir. 



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə