323
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
“ƏDƏBİYYAT MƏCMUƏSİ”
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN
ELMİ ƏSƏRLƏRİ
2017, № 1
Ağahüseyn ŞÜKÜROV
Filologiya üzrə fəlsəfə doktoru
agahuseyn.shukurov@mail.ru
Jambıl Jabayev – 170
QAZAX XALQININ TƏKRARSIZ SÖZ USTADI
Açar sözlər: Jambıl Jabayev, qazax, xalq, akın, şeir, aytıs
Key words: Dzhabayev Jambul, Kazakh, people, akhin, poetry, aitys
Ключевые слова: Джамбул Джабаев, казах, народ, акын, поэзия, айтыс
Jambıl Jabayev (16 (28) fevral 1846 – 22 iyun 1945) qazax xalq
poeziyasının görkəmli nümayəndəsidir. Məşhur akının (aşıq) adı rus
mənbələrində Джанбул Джабаев [1] kimi verildiyinə görə, keçmiş
sovet dövründə Azərbaycan dilinə də ruscaya uyğun olaraq Cambul
Cabayev kimi tərcümə edilmişdir. Lakin qazax dilində şairin adı
Jambıl Jabayev olduğunu və dilimizdə normal səsləndiyini nəzərə
alaraq biz də şairin adını və soyadını qazaxlar kimi yazmağı məqsə-
dəuyğun hesab edirik.
Daima bədahətən söz qoşmuş qazax şairi Jambıl dağının ətəklə-
rində Çu çayının yuxarı axınında dünyaya göz açmışdır. Şapraştı nəs-
lindən olan atası Jabayın köçəri ailəsi kasıbçılıqla yaşamışdır. Babası
İstıbaygilin aulu yadelli basqınlardan qorunmaq üçün dağ ətəklərinə
köç aldığı zaman dünyaya gəlmiş Jambıl sonradan qazax xalqının
məşhur akını kimi ad-san qazanaraq nəinki Qazaxıstanda, keçmiş
Sovetlər Birliyində tanınmış şairlərdən biri kimi ədəbiyyat tarixində iz
qoymuşdur.
Kiçik yaşlarından dombrada çalmağı öyrənən Jambıl qazax
folkloruna dərindən bələd olmuş, bu misilsiz xəzinəni ruhu ilə ya-
şatmışdır. Bütün xalq deyimlərini yaddaşına toplamış Jambıl yeniyet-
mə ikən evlərindən çıxıb akın olmaq qərarına gəlir və çalıb-oxumaqla