64
“Anamın kitabı”, X.Ə.Adıvarın “Yeni Turan”, Ç.Aytmatovun
“Əsrdən uzun gün”, “Dəniz kənarıyla qaçan Alabaş”, “Ağ gəmi”,
M.D.Aybəkin “Nəvai”, M.D.Auezovun “Yeni nəsil”,
Y.Səmədoğlunun “Qətl günü”, Anarın “Dədə Qorqud”,
M.Şeyxzadənin “Cəlaləddin Mənquberdi”, Erkin Vahid, Abdulla
Arif, Rauf Pərfi, Həlimə Xudayberdi, Gülçöhrə Nurulla və
başqalarının əsərləri milli kökə, yaddaşa, folklora qayıdış kimi
qüvvətli ənənə yaratmışdı.
İkinci Dünya müharibəsindən sonra dünyada milli azadlıq
hərəkatı vüsət aldığından o, ədəbiyyat və incəsənətdə keyfiyyət
dəyişikliyinə səbəb olmuş, xalqlar və sənətkarlar öz “Mən”lərinə
daha yaxından baxmışlar: “Müasir dövrdə milli-azadlıq hərəkatının
qüvvətlənməsi, müstəmləkəçilik sisteminin məhvə məruz qalması
da milli şüurun beynəlxalq miqyasda vüsətli intibahına təkan verən
başlıca amillərdəndir. Siyasi müstəqillik əldə etmiş Asiya, Afrika
və Latın Amerikası ölkələrində milli müəyyənlik yazıçılar,
incəsənət xadimləri üçün ən vacib məsələlərdəndir” [97, s.66].
Xəlil Rza Ulutürkün poeziyasında kökə, ənənəyə bağlılığın
fərdi keyfiyyətləri başqalarından onunla fərqlənir ki, onun
şeirlərində ictimai-fərdi fəallıq, üsyankarlıq, ciddi etiraz, mənfini
inkar, yenini təsdiq, milli fikir və qayəyə ciddi meyl, milli “Mən”
fəallığı güclü olmuşdur.
Şairin “Beşik türküsü”, “Aşıq Novruz”, “Aşıq Alı”, “Apardı
sellər Saranı”, “Gedər”, “Masallı xatirələri”, “Əlindən gələni
edərsə hər kəs” və başqa şeirlərində folklora, xəlqiliyə orijinal
baxış; “Qalx ayağa, Azərbaycan”, “Sən mənim vüqarımsan”, “Saz”
şeirlərində ilkinliyə, soykökə bağlılıq, milli ruh, milli şüur və
məfkurə, tarixi-müasir yaddaş; “Özünüdərketmə”, “Anlamaq
səadəti”, “Sevdiyim sənətkara”, “Heç kəs məndən inciməsin”,
“Xırdalar”, “Sarsılma, cəsur ol” şeirlərində ümumi İnsan surəti,
özünəqayıdış, özünüinikas, “Çayla-
65
rımız”, “Dördlüklər”, “Ürəyindən istə mükafatını”, “Dincəliş”,
“Qorxu”, “Məmməd Araza” şeirlərində fəal həyat mövqeyi, milli
ideallara sədaqət, haqsızlıqlara, ədalətsizliklərə etiraz ruhu
fərdiləşir.
Xəlil Rza Ulutürkün poeziyasında milli mənlik şüuru yalnız
müasirliklə aşılanmır. O, özünü əsrlərin dərinliklərindən, tarixin,
millətin yaddaşından - ənənəvi olandan gətirir. Keçmiş tarixi
mədəniyyət ənənəsi hər bir millətin varlığıdır. Şairə görə folklor,
milli müəyyənlik olduğu kimi, qədim türk mədəniyyəti, abidələri
də onun milli şüur göstəricisidir:
Eraların özülündə
Ey əbədiyanar ocaq!
Şumerəcən, Oderəcən
Ey şöləsi göynən uçan!
Qalx ayağa, Azərbaycan!
Qədim mədəniyyətə baxış sadəcə şair təəssüratları olmayıb, bu,
Xəlil Rza Ulutürkdə intellektual səciyyə daşıyır, şair elmi
yanaşmadan da bəhrələnərək, mədəniyyət abidələrinə qiymət verir,
onları əsaslı surətdə poetikləşdirir. “Sən mənim vüqarımsan”
şeirində Əbubəkr oğlu Əcəminin yaratdığı Möminə xatın
məqbərəsinin təsviri, tərənnümü və müəllif münasibəti əsasında o,
həm də Naxçıvan memarlıq məktəbini yanlış olaraq, İran memarlıq
məktəbinə bağlayan burjua alimlərinə elmi-məntiqi cavabdır. Belə
münasibətdə oxucu ruhu iti, yaddaşı oyaq, milli varlığı güclü qalır,
bu tarixi ənənədə gələnəkdə bir sonsuzluq, kəsilməzlik yaşayır:
Alqış!
Əcdadımın ruhuna alqış,
Elimə, obama kömək yarandı.
Sən özün dünyada heç yaranmamış,
Səni qorumağa Babək yarandı.
Yağlı tikə üçün gələn yağılar
Diş qıcıb,
66
dövrənə çox dolanıbdır.
Burda yüz fatehin havalı başı
Misri qılınc ilə ağıllanıbdır.
Gəlsin bir də baxsın Yakobstal, Zarre.
(“Sən mənim vüqarımsan”)
Xəlil Rza Ulutürkü kənardan özünəbaxma, özünüdərketmə çox
düşündürmüşdür. O, tarixi keçmişimizə, milli-bəşəri sərvətlə-
rimizə, müasirliyimizə, istila və fatehliyə baxa-baxa, onu mənən
özü üçün araşdıra-araşdıra, öz “Mən”inə qayıtmış və din-dil
qardaşlarına, vətəndaşlara, insanlara anlatmaq, öyrətmək
istəmişdir. Xəlil Rzanın özünüdərkində zəngin bir mənəviyyat,
vətəndaşlıq yanğısı, milli tale və aqibət, müqəddəs ideallar və
məfkurə aydınlığı vardır. Ümumi mənada “İnsan” və Vətəndaş
mövzusu Xəlil Rza Ulutürk yaradıcılığında zəngin və orijinaldır.
Bu şeirlərdə şairin poetik “Mən”i çox fəal və mübariz olduğu qədər
safdir, əngindir:
Özünü dərk etmək böyük qüdrətdir,
Büllur tək saflaşır, təmizləşirsən.
Bulaq, çay bilirsən bir qurtum suyu,
Çayları içdikcə, dənizləşirsən.
( “Özünüdərketmə” )
Milli məfkurə Xəlil Rzanın özünüdərkindən, milli
“Mən”indən başlayır. Milli özünüdərk bəşəri dərkə mənəvi
keçiddir. “Dağlara qalxıram” (1965), “Sevdiyim sənətkara” (1974)
şeirlərində belədir:
Mənlikdən başlanır ilk meyar, ölçü
İlhamın gövhəri tapılmır asan.
Dünyanı, bəşəri tanımaq üçün
Ən əvvəl özünü tanımalısan.
(“Dağlara qalxıram”)
Milli “Mən” ilk əvvəl şair varlığı, özünüdərki ilə obrazlaşır və
xalqı, Vətəni dərk etməklə doğulur:
Anadan bir kərə doğulmaq azdır,
Yetişib xalq üçün doğulmaq gərək