EYNƏLİ BƏY SULTANOVUN “AZƏRBAYCAN QIZI”
PYESİ BARƏDƏ BƏZİ QEYDLƏR
Açar sözlər:
dramaturgiya, qadın azadlığı, maarifçilik, ictimai nöqsan,
folklor
Key words:
dramaturgy, women’s rights, education, public vice, folklore
Ключевые слова:
драматургия, женское равноправие, просвещение,
пороки общества, фольклор
XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı və
mədəniyyəti tarixində özünəməxsus mövqeyi olan, çoxcəhətli yara-
dıcılığı ilə diqqəti cəlb edən məşhur şəxsiyyətlərdən biri, Naxçıvan
ədəbi mühitinin istedadlı nümayəndəsi Eynəli bəy Sultanov (1866-
1935) 150 il bundan öncə dünyaya göz açmışdır. Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədrinin 15 fevral 2016-cı il tarixli
Sərəncamı ilə Eynəli bəy Sultanovun 150 illik yubileyinin Naxçıvan
Muxtar Respublikasında geniş qeyd edilməsi Eynəli bəy Sultanov
yaradıcılığının dərindən və ətraflı tədqiqi tarixində yeni bir mərhələ
açmışdır.
Böyük ədib Cəlil Məmmədquluzadənin (1869-1932) “özündən
huşyar dost” [1, s. 103] saydığı Eynəli bəy Sultanov bir neçə xarici
dili mükəmməl şəkildə mənimsəmiş və bunun nəticəsi olaraq dünya
ədəbiyyatının korifeylərinin əsərlərini orijinaldan oxuya bilmişdir.
1880-1886-cı illərdə təhsil aldığı İrəvan kişi gimnaziyasında bir çox
elmləri və dilləri (rus, latın, yunan, fransız) öyrənməsi onun dövrünün
açıqfikirli, müasir, zəngin dünyagörüşlü bir şəxsiyyət kimi formalaş-
masında mühüm rol oynamışdır. Eynəli bəy XIX əsrin sonlarında hələ
gimnaziya şagirdi ikən Naxçıvanda maarifçilik hərəkatının başçıların-
dan biri olmuş, “Ziyalı məclisi”, “Müsəlman Dram İncəsənəti Cəmiy-
92
yəti” təşkil etmiş, burada ilk kitabxananın açılmasında xidmətlər gös-
tərmiş, ilk mətbəəni yaratmış, 1883-cü ildə Naxçıvanda teatrın yaran-
masında, eləcə də yeni tipli ədəbiyyatın inkişafında, bir sözlə, sosial-
mədəni tərəqqidə fəal iştirak etmişdir. O, “Naxçıvan ədəbi mühitində
təşkilatçı-rəhbər, rejissor və aktyor” [2, s. 206] nasir, dramaturq, pub-
lisist, baş redaktor, tərcüməçi, teatr tənqidçisi, pedaqoq, ilk qadın
azadlığı tərəfdarlarından olmuşdur. «Новое обозрение», «Каспи»,
“Закавказье”, «Кавказская коммуна» və s. qəzetlərdə öz dövrünün
ictimai əhəmiyyətli hadisələrindən, problemlərindən bəhs edən ədəbi-
publisist yazılarla çıxış etmişdir. Yaradıcılığının bütün növ və janr-
larında, bütün fəaliyyətində Eynəli bəy milli mövqedən – azərbaycan-
çılıq mövqeyindən çıxış etmiş, öz xalqının dərdlərindən söz açmışdır.
Fikrimizi təsdiq üçün Eynəli bəyin “Mənim xalqım” məqaləsindən
gətirdiyimiz bir sitat kifayət edər: “Mənim xalqım! Səni azad insanlar
içərisində azad, xoşbəxtlər içərisində xoşbəxt, maarifçilər arasında
maarifçi görə biləcəyəmmi?” [3].
Eynəli bəy Sultanov çoxşaxəli və zəngin yaradıcılığında publi-
sistika və nəsr sahəsinə daha çox üstünlük versə də, Azərbaycan
ədəbiyyatı tarixində daha çox onu məşhurlaşdıran və sevdirən “Azər-
baycan qızı” (“Sənəm”, rusca “Tatarka”) pyesi olmuşdur. Orta və ali
məktəblərin dərsliklərində də, XX əsr Azərbaycan ədəbiyyatı tarixin-
dən bəhs edən digər tədqiqatlarda da Eynəli bəy Sultanovun adı çə-
kilərkən ilkin xatırlanan əsər “Azərbaycan qızı” əsəri olmuşdur. Bu-
nun səbəbi nədir və ya başqa sözlə desək, bu əsərin zamanında bu
qədər məşhurlaşması onun hansı məziyyətləri ilə bağlıdır?
İlk növbədə onu qeyd edim ki, əsərin mövzusu yerli həyatdan
alınmışdır və hadisələr də müəllifin qeydinə görə “1870-ci illərdə
Qafqazın kiçik bir əyalət şəhərində vaqe olur” [4, s. 27]. Azərbay-
canda qadın azadlığını birinci müdafiə edənlərdən olan Eynəli bəyin
əsərin əvvəlində yazdığı “Bütün gənc, gözəl və namuslu qadınlara
ithaf olunur” [4, s. 27] sözləri əsərin məzmununu, ideyasını açıqlayan
açar sözlərdir. Əsərin bədii keyfiyyətlərindən bəhs etməzdən öncə,
onu xüsusilə vurğulamaq istərdim ki, fikrimizcə, “Azərbaycan qızı”
əsərinin bu qədər məşhur olmasının səbəblərindən birincisi və ən mü-
hümü onun həmin vaxta qədər müstəqil bir əsərin mövzusu kimi se-
çilməyən qadın azadlığından bəhs etməsi və ya başqa sözlə desək,
XIX əsr və XX əsrin əvvəllərinin çox xarakterik bir ictimai bəlası olan
arvadbazlığı məsxərəyə qoyması olmuşdur. Düzdür, Eynəli bəydən
əvvəl də hələ ədəbiyyatımızda ilk dramların banisi, istedadlı ədib Mir-
zə Fətəli Axundovun dramlarında Azərbaycan qadını ilk dəfə səhnəyə
93
çıxarılmış, Pərzad, Səkinə xanım, Sona xanım, Tükəz kimi ağıllı,
fərasətli, sədaqətli qadın obrazları yaradılmışdır. Eynəli bəyin dram
sahəsində böyük ustadı Mirzə Fətəli Axundov dünya ədəbiyyatında
məşhur olan xəsislik mövzusunu ayrıca bir komediya üçün mövzu
kimi seçmiş və çox güclü bir xəsis obrazı yarada bilmişdi “Sərgüzəşti-
mərdi xəsis” (“Hacı Qara”) (1852). Bu gün də Hacı Qara adı xəsisliyin
ümumiləşdirilmiş obrazı və ya simvolu kimi işlədilir. Həm dünya
ədəbiyyatının şedevrləri, həm də zəngin şifahi xalq ədəbiyyatımızla
yaxından tanış olan Eynəli bəy isə öz əsəri üçün XIX əsrin sonları,
bundan əvvəlki və sonrakı dövr Azərbaycanına xarakterik olan digər
bir ictimai nöqsanı – arvadbazlığı tənqid etməyi qarşısına məqsəd
qoymuşdu. Ağıllı, gənc və gözəl Azərbaycan qızı olan Sənəm ar-
vadbazlıqda ad çıxarmış, əvvəllər bir neçə gənc qadını aldadıb el için-
də bədnam edən Həsənəli bəyə həyatı boyu unutmayacağı bir dərs
verir.
“Azərbaycan qızı” əsərindən əvvəl dramaturgiya sahəsində
istedadlı ədib Nəcəf bəy Vəzirovun “Əti sənin, sümüyü mənim”
(1873), “Qara günlü” (1874) (Bu iki pyesin mətni tapılmayıb –
A.O.
)
əsərləri də yaranmışdı. Görkəmli dramaturqun “Ev tərbiyəsinin bir
şəkli” (1875) komediyası, “Yağışdan çıxdıq, yağmura düşdük” (“Hacı
Qəmbər”) komediyasının ilk variantı da 1875-ci ildə yazılmışdı. Bu
dövrdə, xüsusən də 1873-cü ildə Azərbaycanda teatrın əsası qoyul-
duqdan sonra ədiblərin qarşısında duran əsas vəzifələrdən biri də səh-
nə üçün yeni dram əsərlərinin qələmə alınması idi. Bu sahədə ədəbiy-
yatımızda bir boşluq var idi. Teatrın xalqın maariflənməsi və mədəni
inkişafında mühüm əhəmiyyəti olduğuna görə bir çox yazıçılarımız
dramaturgiyanın müxtəlif janrlarına müraciət edir, bu vasitə ilə zəma-
nənin bir çox qüsurlarını islah etməyə çalışırdılar. Lakin bu amil, yəni
tamaşaya qoyulmaq üçün yeni dram əsərlərinə çox böyük ehtiyacın
olması, Eynəli bəyin qeyd olunan əsərinin bu qədər məşhurlaşmasının
səbəbi ola bilməzdi. Belə olsaydı, Nəcəf bəy Vəzirovun yuxarıda adını
qeyd etdiyimiz əsərlərinin də, bəzi digər pyeslərin də bu baxımdan
çox böyük şansı var idi.
E.Sultanovun pyesi qadın azadlığı, qadın və kişi (indiki mənada
gender –
A.O.
) bərabərliyi, qadınların həyatda özlərini müstəqil, sər-
bəst idarə edə bilmələrindən, güclü xarakterə sahib olmalarından bəhs
edir. Demək olar ki, bu əsər əslində Eynəli bəyin müsəlman qadınını
da Avropa ölkələrinin qadınları kimi müasir, öz hüquqlarını bilən,
zəngin dünyagörüşlü, ağıllı, iradəli, mübariz görmək arzusundan ya-
ranmışdır. Nəinki Naxçıvanda, bütün Azərbaycanda qadın azadlığının
94
ilk tərəfdarlarından və ardıcıl təbliğatçılarından olan Eynəli bəy
Sultanovun bütün yaradıcılığı və fəaliyyətindən bu mövzu qırmızı xətt
kimi keçmişdir. 1907-ci ildə çap olunmuş “Qadın və kişi” adlı mə-
qaləsində qadınların bütün növ azadlıqlarının əllərindən alınmasından
“odlu-odlu”, “yanıqlı-yanıqlı” (Cəlil Məmmədquluzadə) bəhs etmiş-
dir: “Nə üçün qadın, təbiətin bu sevimli, ağıllı, gözəl məxluqu kişinin
iradəsinə tabe olmalıdır? ... ailədə arvadını qıfıl altında saxlayan mey-
munaoxşar, kifir, əxlaqca pozğun bir müstəbidin hökmlərini yerinə
yetirməlidir? Nə üçün onun gözəlliyi vaxtsız solmalı, qəlbinin ən
munis arzuları məhv olmalıdır? Nə üçün o, azadlıq kimi böyük bir
nemətdən məhrum edilməlidir?” [5, s. 34].
“Azərbaycan qızı” əsərinin əsas qəhrəmanı, müsbət qadın obrazı
Sənəmdir. Sənəm XIX əsrin 70-ci illərində yaşamış Azərbaycan qa-
dınlarına müsbət ideal və ya nümunə, etalon kimi təqdim edilmiş, real
həyatdan alınmış, ümumiləşdirilmiş və fərdi keyfiyyətlərilə diqqəti
cəlb edən bir obrazdır. Sözsüz ki, böyük sənətkar bu əsəri yazarkən
dünya ədəbiyyatının bir çox müsbət müasir qadın obrazları yaradılmış
əsərlərindən təsirlənmişdir. Vaxtilə tədqiqatçılar Sənəm surəti ilə ital-
yan dramaturqu Karlo Qoldoninin “Mehmanxana sahibəsi” əsərində
yaratdığı Merondolina obrazı arasındakı oxşarlıqlardan, ingilis mütə-
fəkkiri, utilitarizm (müasir dövr demokratiyası –
A.O.
) nəzəriyyəsinin
tərəfdarı Con Stüart Millin əsərlərinin, fransız vodevillərinin, Seyid
Əzim Şirvaninin “Məkri-zənan” mənzum hekayəsinin təsirindən söz
açmışlar. “Azərbaycan dramaturgiyasında kiçikhəcmli pyeslərin yeri
(XIX əsr, XX əsrin əvvəlləri)” mövzusunun tədqiqatçısı, filologiya üz-
rə fəlsəfə doktoru, dosent Dilarə Məmmədova bu əsəri folklor motiv-
ləri əsasında yazılmış pyeslər sırasına daxil etmiş, konkret olaraq
əsərin “Məkri-zənan” nağılı əsasında yazıldığını vurğulamışdır. Fikri-
mizcə, müəllifin bu qənaətinə səbəb Eynəli bəy Sultanovun özünün
pyesə yazdığı müqəddimə olmuşdur. Həmin müqəddimə belədir: “Təq-
dim olunan pyesin məzmunu nağıla oxşasa da, real həyatdan götürül-
müşdür. Pyes yazılıb qurtardıqdan sonra müəllifə təsadüfən məlum
olmuşdur ki, İran məcmuələrinin birində “Qadın kələyi” adlı novel-
lanın da sonu buradakı kimi bitir. Müəllif güman edir ki, oxucu pyesin
məzmununun başqa əsərlərdən götürüldüyünü zənn etsə də, onun əsl
mahiyyətini fabulada axtarmayacaqdır. Əgər oxucu kitabı oxuyarkən
orada müsəlman qadınlarının mənəvi aləmini, hər şeylə maraqlanan
avropalıdan gizlədən pərdənin bir tərəfini azca qaldırılmış görərsə,
müəllif özünü məmnun bilər” [6, s. 131]. Eynəli bəy Sultanov müsəl-
man qadınlarının hüquqsuzluğunu ört-basdır edən bu pərdənin “bir
95
tərəfini” qaldırmağa cəsarət edən ilk dramaturq olmuşdur. Sonralar bu
pərdəni tamamilə qaldıraraq bütün dəhşətləri ilə müsəlman qadınları-
nın həyatını göz önünə gətirən isə “Ölülər” (1909) tragikomediyasının
müəllifi Cəlil Məmmədquluzadə olmuşdur. XIX əsrin səksəninci
illərində qələmə alınmış “Azərbaycan qızı” komediyası isə o dövr
üçün, əlbəttə ki, çox böyük və misilsiz bir cəsarət idi. Teatrşünasların
fikrincə, əsər 1884-cü ildə Naxçıvan şəhər məktəbinin inspektoru
Nikolayevin təşəbbüsü və həvəskarların iştirakı ilə xeyriyyə məqsədi
üçün tamaşaya qoyulmuşdur. Bu əsərin tamaşası haqqında filologiya
elmləri namizədi, dosent İzzət Maqsudov yazmışdır: “Tatarka” əsəri
çap olunmadığı üçün ilk tamaşadan sonra əsərin oynanılmasına senzor
icazə vermir. Buna görə də Eynəli bəy Sultanov əsəri İrəvana aparıb,
öz xərci ilə çap etdirir, sonradan əsəri şəhər müəllimlərinin və
cəmiyyət üzvlərinin köməyi ilə tamaşaya qoyur. Naxçıvan mühitində
Azərbaycan qadınlarının ağıl və fərasətcə üstün olduğunu göstərən bu
əsər çox böyük müvəffəqiyyət qazanır” [7, s. 35]. Hörmətli alim əsə-
rin əsas ideyasını da ilk olaraq düzgün müəyyənləşdirmişdir: “Pyesdə
müəllifin oxuculara çatdırmaq istədiyi əsas ideya Azərbaycan qadın-
larının analıq şərəfinə toxunan, mənliyini təhqir edən, sevgisini, sə-
daqətini qiymətləndirməyən burjua əxlaqının və dini ehkamların ifşa-
sıdır” [7, s. 103].
Əsərin Azərbaycan dilinə tərcümə edilməsi, ilk dəfə Azərbay-
canda nəşr olunması və tədqiqi tarixində adını yuxarıda da qeyd et-
diyimiz filologiya üzrə fəlsəfə doktoru, dosent Dilarə Məmmədovanın
mühüm xidmətləri olmuşdur. Rus dilində “Tatarka” adı ilə nəşr olunan
və uzun müddət elə bu adla da tanınan və sevilən bu əsəri Dilarə
xanım 1984-cü ildə “Pyeslər” kitabında nəşr edərkən əsas qəhrəmanın
adı ilə “Sənəm” adlandırmışdır. Görünür, müəllif haqlı olaraq azər-
baycanlıların “tatar” adlandırılmasını düzgün hesab etməmişdir ki, bu
mövqe ilə biz də razıyıq.
Əsər iki pərdədən və birinci pərdədə yeddi, ikinci pərdədə isə on
bir gəlişdən ibarət olan sadə süjetli komediyadır. Burada cəmi altı
nəfər iştirak edir, bunlardan üçü müsbət (Sənəm, onun həyat yoldaşı
Ağa Şərif və qulluqçusu Pəri), üçü isə (istefaya çıxmış arvadbaz gənc
zabit Həsənəli bəy, onun nökəri Əliqulu və ara düzəltməkdə məşhur
qarı Nisə xala) mənfi planda işlənmiş obrazlardır. Gənc, gözəl və na-
muslu qadın olan Sənəm çox varlı bir ailədəndir. Lakin onu var-
dövlət, pul maraqlandırmır. Valideynlərinin razılığı olmadan özünün
seçdiyi şəxsə qoşulub qaçan Sənəm azad sevgi əsasında ailə qurmuş-
dur. Bu səbəbdən əsərdə sentimentalizmə müəyyən meyil də təbii
96
görünməlidir. Sənəmin əsas müsbət cəhətləri mühafizəkar mühitə qar-
şı çıxa bilməsi, mübarizliyi, cəsarətli, ağıllı, tədbirli olmasıdır. O,
Azərbaycan qadınına məxsus milli keyfiyyətləri də özündə cəmləş-
dirmişdir: namusludur, sədaqətlidir, gözü-könlü toxdur. Sənəm həm
də müasir dünyagörüşlü bir qadındır, yüngül əxlaqlı kişilərə, Həsənəli
bəy kimilərə elə bir dərs verir ki, onlar bir daha elə bir addımı dü-
şünməsinlər belə. Həsənəli bəyin təklifini zahirən qəbul etmiş kimi
özünü göstərən Sənəm onu evinə dəvət edir. Elə təzəcə söhbətə başla-
yanda, əvvəlcədən planlaşdırdığı kimi həyat yoldaşı gəlir. Darvaza
döyüldükcə Həsənəli bəyin həyəcanı, təşvişi, qorxusu daha da artır.
Evdən çıxmağa macalı olmayan Həsənəli bəy Sənəmin göstərişi ilə
sandığa girir, Sənəmsə sandığı bağlayıb açarını götürür. Artıq hər
şeyin sonu gəldiyini düşünən, ölüm anını gözləri qarşısına gətirən bu
qadın düşkünü yenə də Sənəmin sayəsində ölümdən xilas olur. Onun-
çün aydın olur ki, Sənəm istəsəydi, elə oradaca onun həyatına son
qoyulacaqdı. Ancaq Sənəmin məqsədi ona yaxşı bir dərs vermək idi:
“Çıx bayıra, ey xeyirxah müsəlman, tez də əkil buradan. Səni Allah
saxlasın. Hə, mənə minnətdar ol ki, həyatını satın aldım. Sən gördün
ki, istəsəydim səni bircə söz ilə yox edərdim. Lakin bunu etmədim ki,
sən bütün həyatın boyu yadda saxlayasan ki, özgəsinin arvadına pis
gözlə baxmaq yaxşı iş deyil, həm də qorxuludur.. Bu, Allahın qar-
şısında günah, adamların qarşısında biabırçılıqdır! Rədd ol!” [4, s. 40]
Əsərdən həm də bu da aydın olur ki, belə “dərs”in təşkil olunması heç
də birinci dəfə deyil. Gənc və gözəl qadın Sənəm isə həmişə yüngül
əxlaqlı şəxsləri yerində oturtmağı bacarmış, öz adını, namusunu ləya-
qətlə qorumuşdur. Əsərin sonu Sənəmin aşağıdakı sözləri ilə bitir ki,
bu çıxışı dramaturgiyamızdakı məşhur monoloqların başlanğıc mər-
hələsi hesab etmək olar: “Qoy bütün kişilər bilsinlər ki, biz müsəlman
qadınları onların təsəvvür etdikləri iradəsiz, ağciyər, aciz qadınlar de-
yilik və heç də təkcə onların istəyinə qulluq etmirik. Biz də özümüzü
sərbəst idarə etməyi bacarırıq!” [4, s. 41]
Beləliklə, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı və mədə-
niyyəti tarixində özünəməxsus mövqeyi olan, çoxcəhətli yaradıcılığı
ilə diqqəti cəlb edən məşhur şəxsiyyətlərdən biri, Naxçıvan ədəbi mü-
hitinin istedadlı nümayəndəsi Eynəli bəy Sultanovun məşhur “Azər-
baycan qızı” əsəri Eynəli bəyin müsəlman qadınını da Avropa ölkələ-
rinin qadınları kimi müasir, öz hüquqlarını bilən, zəngin dünyagörüş-
lü, ağıllı, iradəli, mübariz görmək arzusundan yaranmışdır. XIX əsrin
səksəninci illərində qadın azadlığı mövzusunda qələmə alınmış “Azər-
baycan qızı” komediyası o dövr üçün ciddi əhəmiyyət daşıyırdı. Və-
97
tənpərvər yazıçı, dramaturq Eynəli bəy Sultanovun “Azərbaycan qızı”
komediyası elə bir mövzuya həsr olunmuşdur ki, bu mövzu o zaman
üçün də aktual idi, bu günümüz üçün də aktualdır və bəşər övladı
yaşadığı müddətdə də aktuallığını itirməyəcəkdir. Çünki bu əsərdə
Azərbaycan qadınının timsalında bütün gənc, gözəl, namuslu, sədaqət-
li, ağıllı qadınlara yüksək hörmət və sevgi, qadın azadlığına, qadınlar-
la kişilərin bərabərliyinə rəğbət ifadə olunmuşdur.
Dostları ilə paylaş: |