Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə33/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   29   30   31   32   33   34   35   36   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

 
Vafa Hajiyeva 
THE KORAN AND NIZAMI GANJAVI’S
“TREASURY OF MYSTERIES” 
Summary
 
The great Azerbaijani poet and thinker Nizami Ganjavi (in the XII Century) 
in the poem of "Treasury of Mysteries", accordance to the literary tradition of his 
time, had penned in the genre of the ode, in the entitled "Munajat" (secret 
conversation) which is in mystical mood and remembranced God's power and mercy 
is reflected religious-mystical aspect of the poet's outlook clearly. It is understood 
that poet-thinker was "Ahl-e tovhid" (Monotheism) and "Ahl-e ma’rifa" 
(knowledge). 


81 
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
“ƏDƏBİYYAT MƏCMUƏSİ” 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN 
ELMİ ƏSƏRLƏRİ 
2017, № 1
 
Təranə ABDULLAYEVA 
Filologiya üzrə fəlsəfə doktoru
Nizami adına Ədəbiyyat İnstitutu 
 
MƏHƏMMƏD ƏMİN RƏSULZADƏNİN HEKAYƏLƏRİ
 
 
Açar sözlər:
M.Ə.Rəsulzadə, bədii yaradıcılıq, portret, hekayə, publisistika 
Key words:
M.A.Rasulzadeh, artistic creativity, portrait, story, publicity 
Ключевые слова:
М.Э.Расулзаде, художественное творчество, портрет, 
рассказ, публицистика
M.Ə.Rəsulzadə irsinin böyük əksəriyyətini ictimai-siyasi məqa-
lələr və elmi-fəlsəfi araşdırmalar əhatə edir. Ömrünü vətəninin, mil-
lətinin azadlığı yolunda məşəl kimi yandırmış bu mütəfəkkir, son nə-
fəsinə qədər Azərbaycanın müstəqilliyi naminə çalışmışdır. M.Ə.Rə-
sulzadənin iki yüz əllidən çox publisistik yazısını, “Azərbaycan şairi 
Nizami”, “Əsrimizin Siyavuşu”, “Çağdaş Azərbaycan ədəbiyyatı”, 
“Çağdaş Azərbaycan tarixi”, “Qafqaziya türkləri”, “Azərbaycan Cüm-
huriyyəti” və digər bu kimi tarixi, ədəbi, ictimai-siyasi, fəlsəfi əsərləri 
əhatə edən müxtəlif səpkili yaradıcılığını ümumi bir xətt – millətinin 
böyüklüyünü ilk növbədə özünə aşılamaq və onun müstəqilliyinin, 
əsrlər öncəki tarixinin möhtəşəm dönəmlərinə münasib xoşbəxt istiq-
balının təntənəsini xalqı ilə birlikdə yaşamaq eşqilə fəaliyyət göstər-
mək və bu yolu həyat amalına çevirmək məqsədi birləşdirir. 
Bildiyimiz kimi, M.Ə.Rəsulzadə yaradıcılığa şeirlə başlamışdır. 
Amma elə yaradıcılığının ilk dövrlərindən zamanın ab-havasına uyğun 
və daha çevik, daha real görünən publisistik janra üstünlük vermişdir. 
Lakin ictimai həyatın bütün cəhətlərinə, vətənin, millətin problemlə-
rinə həssaslıqla yanaşan, öz düşüncə süzgəcindən keçirib mürəkkəb 
məsələlərə cavab tapmağa çalışan M.Ə.Rəsulzadə, qoyulan məsələnin 
təqdimatında ifadə tərzinin, oxucuyla ünsiyyət üsulunun məqsədə-
müvafiq variantlarını da tapmağı bacarmışdır. Bu baxımdan “Şərqi-
Rus”, “Tərəqqi”, “Təkamül”, “İqbal”, “Şəlalə”, “Dirilik”, “Açıq söz”, 


82 
“Azərbaycan”, “İrani-nou”, “Türk yurdu”, “Yeni Qafqaziya”, “Odlu 
yurd”, “Azəri”, “Bildiriş”, “Azərbaycan yurd bilgisi” (İstanbul), “İs-
tiqlal”, “Qurtuluş” (Berlin), “Qafqaz” (Paris), “Azərbaycan” (Ankara), 
“Yoldaş” ,”İrşad”, “Füyuzat “, “Türk yurdu” və s. mətbuat orqanla-
rında dərc olunan yazıları fikrimizi təsdiqləməyə əsas verir. M.Ə.Rə-
sulzadə həllinə çalışdığı məsələləri əksərən bədii-publisistik biçimdə 
təqdim etməklə yanaşı, dərc olunduğu mətbuat orqanının ümumi fikir 
atmosferinə, ideoloji qayəsinin ovqatına uyğunlaşdırır və bütün mə-
qamlarda mövzunu əsas məqsədə, milli özünüdərk, istiqlal, haqq uğ-
runda mübarizə hərəkatının yüksəlişi ideyasının ifadəsinə yönəldirdi. 
Maraqlıdır ki, M.Ə.Rəsulzadənin nəsr yaradıcılığında da bu cə-
hət özünü gizlətmir. Müəllifin bütün xüsusiyyətlərilə tam bir hekayə 
janrına uyğun əsəri haqqında danışmaq çox çətindir. Çünki əldə olan 
“Bəbir xan”, “Qəzetəçi Seyyid”, “Bir qocanın müsibəti”, “İşsiz”, 
“Uşaqlıq xatirəsi”, “Vəsiyyətnamə”, “Nə acı bir gülüş, nə dəhşətli 
istehza”, “Ürək dağlanır”, “Şər arvadlar”, “Xatirə”, “Körpü həmmal-
ları”, “Yol təəssüratı” kimi hekayə və esse janrına uyğun gələn yazı-
ları konkret ideoloji məsələnin təqdimatının yardımçı tərəfi, publisis-
tik mövzunun tərkib hissəsi kimi qələmə alınmışdır. “M.Ə.Rəsulza-
dənin bir çoх publisistik yazıları da kəskin süjetinə, formasına, yazı 
tərzinə görə bədii əsəri хatırladır və bunların müəyyən qismi qeyd-
şərtsiz nəsr nümunəsi kimi səciyyələndirilməlidir. Təsadüfi deyildir ki, 
bu xüsusiyyətləri əsas tutan bəzi tədqiqatçıların yazılarında M.Ə.Rə-
sulzadə Azərbaycan mühacirət nəsrinin aparıcı şəхsiyyəti kimi təqdim 
olunur” [1, s. 122]. Belə yazılar, eyni zamanda maarifçi səciyyə daşı-
maqla daha çox lirik-psixoloji ovqata kökləndirilmiş, müəyyən situasi-
yalarda obrazların xarakterik cəhətlərinin ifadəsi üzərində qurulmuş-
dur. İdeya və məzmun baxımından sosial-ictimai həyatın müxtəlif 
problemlərini əhatə edən bu cür kiçikhəcmli əsərlərin qəhrəmanları 
əksərən yazıçının müasiri olduğu dövrün kiçik adamlarıdır. Yazıçı hə-
yatın dibinə çökdürülmüş bu cür personajları oxucusuna təqdim edər-
kən hər situativ variantın özünə müvafiq təsvirini yarada bilir. Eyni 
zamanda qəhrəmanın portret cizgiləri obyektiv dəqiqliklə işləndiyin-
dən oxucunun münasibətinin müəyyənləşməsində müəllif müdaxilə-
sinə ehtiyac qalmır. “Sənət əsərlərində portret insan surətlərinin canlı, 
görümlü çıxmasına, xarakterlərin daha yaxşı açılmasına xidmət edir” 
[2, s. 181]. M.Ə.Rəsulzadənin hekayə janrında işlədiyi əsərlərin əksə-
riyyətində yazıçının irəli sürdüyü problem konkret bir portretin əha-
təsində bədii həllini tapır və burada məsələ ancaq zahiri cəhətlərin təs-
viri ilə bitmir, yazıçı, eyni zamanda qəhrəmanın bu zahiriliyin arxa-


83 
sındakı emosional-psixoloji durumunu da mərhələ-mərhələ təhlilə çə-
kir. “Bir qocanın müsibəti”ndə olduğu kimi yığcam həcmi, yığcam 
məzmunuyla seçilən belə hekayələrdə əsas diqqət məqsədli şəkildə 
ideyanın təbliğinə xidmət göstərən obrazın üzərində cəmləşdirilir və 
bu baxımdan belə hekayələri şərti də olsa, portret hekayələr adlan-
dırmaq olar: “İdarə xidmətçisi ərz ediyor: 
-
Bir nəfər qoca kişinin idarəyə ərzi var. 
-
De gəlsin. 
Qapı açılır. Cındır kürklü, şikəst gözlü, həzin qiyafəli, 80 yaşlı 
bir qoca kişi içəri daxil olur. Görünür ki, bu kişinin söykənəcəyi 
pənahı əlindəki bir ağaca qalmışdır ki, ona təkyə edərək gəziyor. 
-
Əmi, əyləş, nə işiniz var, əmi? 
Mən bir fəqir adamam. Güzəranım çox pis keçir. Altı baş kül-
fətim var, xırda uşaqlarım, üç qızım, bircə oğlum var; oğlum 9 ya-
şındadır, palçıqlığa gediyor, gündə iki abbası gətiriyor, o da hər gün 
olmuyor. Mənim də bir eşşəyim var idi, onunla gedirdim dərya kə-
narında bostanlarda odun laşəsi yığırdım. Bəzən kəndimizə gedirdim, 
orada mənə əl tuturdular. Ondan-bundan, buğdadan, arpadan zaddan 
verirdilər, gətirirdim. İndi bundan da əlim çıxdı. 
Dünən dəniz qırağında talaşa yığdım, eşşəyin üstünə qoydum. 
Köhnə veçerni yanından gedirdim, mən səki üstü ilə, eşşək də küçə 
ilə. Birdən kim isə məni itələyib küçənin aralığına yıxdı, mən durmaq 
istədim, məni vurub burnumu qanatdılar. Bir azdan sonra ölə-dura 
ayağa qalxdım. Gördüm iki nəfər müsəlman başqa iki nəfəri məzəm-
mətləyir. Onlar bir-biriylə söyüşdülər, getdilər. Mən baxdım ki, eş-
şəyim yoxdur. Burada biçarənin çeşmək arxasından baxmaqda olan 
kirpiyi tökülmüş korhal gözlərindən qocalıq və acizlik yaşları tökül-
məyə başladı. Mənim ürəyim qısıldı. 
Ah! Mən eşşəksiz nə edəcəyəm, yazıq mənim halıma. Altı baş 
külfətim o eşşəyə baxırdıq. İndi nə edəcəyik... 
Artıq mənim də bu qocanın tökülən göz yaşlarına taqətim 
qalmadı” [3, s. 288]. 
Müəllifin qəhrəmanı yazıçı təxəyyülünün ümumiləşdirilmiş ob-
razı deyil, rastlaşdığı canlı insandır, adı, yeri-yurdu bəlli Bakı saki-
nidir. Əlacı hər yerdən üzülüb redaksiyaya müraciət etməklə, dərdinə 
çarə axtaran bir qocadır. Təsvirin, təhkiyənin bədiilik qüvvəsi bir tə-
rəfdən də müəllifin real hadisəyə istinad etməsilə daha da intensivləşir 
və sonda yenidən publisistik ahəngə üstünlük verilməsi, müəllif müda-
xiləsi təhkiyədə rəngarəng emosional-psixoloji çalar yaradır: “Əziz 
oğlu ölmüş ata kimi eşşəyinin fərağında göz yaşı töküb qırışıq rüxsa-


84 
rını islatmaqda olan bu qocaya, qoca Səfərəliyə nəhayət dərəcədə ya-
zığımız gəldi. Ona təskinlik olmaq, onun dərdinə şərakət etmək üzrə 
vədə verdik ki, ianə vərəqi açıb ondan ötrü bir eşşək pulu yığaq” [3, 
s.289]. 
C.Məmmədquluzadə “Danabaş kəndinin əhvalatları” əsərinin 
qəhrəmanı Məhəmmədhəsən əminin eşşəyinin itməsini bir ailənin 
fəlakətinin səbəbi, ilk baxışda adi görünə bilən bir məsələnin həyatı bu 
xırdalıqlar içində məhv olub gedən kiçik insanların böyük bəlası, 
faciəsi kimi lirik-dramatik planda sənətkarlıqla bədiiləşdirməyi, oxucu 
yaddaşına həkk etməyi bacarmışdısa, M.Ə.Rəsulzadə də bu yığcam 
həcmli mətndə oxucuya müəyyən mənada kiçik insanın acı həyat hə-
qiqətinin mənzərəsini çatdıra bilmişdir. Digər tərəfdən, Məhəmməd-
həsən əmi sırf bədii obrazdır və onun taleyi yazıçının oxucuya aşı-
lamaq istədiyi ideyanın məramından birbaşa asılıdır. M.Ə.Rəsulzadə-
nin qəhrəmanı Səfərəli dövrün real qəhrəmanıdır, şəhər sakinidir. Mə-
həmmədhəsən əmidən fərqli olaraq, hadisələrin, vəziyyətin gerçəkli-
yinə vara bilən, dərk etməyə qadir olan qoca Səfərəli üçün heyvanının 
oğurlanması ziyarətdən qalmaqla arzusunun puç olmaq təhlükəsi de-
yil, ailəsinin, övladlarının güzəranının oğurlanması deməkdir və o və-
ziyyətdən çıxış yolu axtarır, çarə tapmaq üçün kömək istəyir. Bu ba-
xımdan acınacaqlı vəziyyətə düşsə də, M.Ə.Rəsulzadənin qəhrəmanı 
oxucuya nisbətən ümidverici təsir aşılayır ki, müəllifin əsas məqsədi 
məhz həmin təəssüratın işığına nəzəri cəlb etməkdən ibarətdir: “Bu 
eşşəyi oğurlanıb mafövqi təsəvvürə gətirilməyən bir qüssəyə düçar 
olmuş qocanı bilaixtiyar böyük məbləğ almaq tamahı ilə tutulub so-
yulan ərbabi-dövlətlərlə müqayisə etdim. 
Əcaba bunlardan hansı böyük bir bəlaya düçar olmuş? Bu xü-
susda qocanın öz fikrini bilmək üzrə böylə bir sual verdim: 
-
Necə bilirsən, əmi, Musa Nağıyevin zərəri, yoxsa səninki – 
hansı çoxdur? 
-
A... nə deyirsən ağa, Musadan yüz min manat alsalar da heç 
olmasa 50 manatı qalar ki, dolansın. Amma mən... Mən biçarənin eş-
şəyini apardıqda dəxi dolanmaq mümkün olmayır. Altı baş külfət o 
eşşəyə, o ac eşşəyə göz tikmişdi” [3, s. 288]. 
Əslində müəllif bu kasıb qoca və dövrünün tanınmış milyon-
çusunu müqayisə etməklə, qanunların işləmədiyi özbaşına cəmiyyətdə 
nəinki kasıbın, heç ən zəngin adamın belə əmin-amanlıqda ola bilmə-
yəcəyini də nəzərə çatdırır. Yazının dərc olunduğu dövrlərdə Bakıda 
və Bakıətrafı ərazilərdə oğurluq gündəlik hadisəyə çevrilmişdi. Xırda 
və irihəcmli oğurluqlar, qaçırılmalar artıq mətbuat səhifələrində də hər 


85 
gün rast gəlinən xəbərlədən sayılırdı. İş o yerə gəlib çatmışdı ki, öz 
doğma yurdunda cangüdən saxlamağa ehtiyac görməyən Musa Nağı-
yev də qaçırılmışdı və işi təşkil edən qoçular həyatının qarşılığında 
ondan iyirmi min rubl pul istəmişdilər. Ağa Musa isə “Məni öldür-
səniz, heç onu da qazanmayacaqsınız. Buraxın, gedim, özüm sizə yüz 
min göndərim” demiş və azadolunma müqabilində sözünün üstündə 
duraraq, onu qaçıranlara yüz min rubl vermişdi [4]. M.Ə.Rəsulzadə 
bir tərəfdən zamanın məşhur olayına işarə vurur, digər tərəfdən cə-
miyyətin elitar qatından çox-çox uzaq olsa da, bənzər halı yaşamış 
çarəsiz qocanın məsələyə münasibətini bilmək istəyir, sosial pirami-
danın ən aşağı pilləsində qərar tutmuş vətəndaşının gözüylə cəmiy-
yətin ictimai-siyasi durumunun mənzərəsini təsvir etməyə çalışır. 
Məqalə kimi düşünülmüş bu yazıda M.Ə. Rəsulzadə qələminə 
məxsus inandırıcılıq və dirçəliş şövqlü maarifçilik, mövzunu faktlara 
söykənmiş quru, informativ müxbir qeydləri çərçivəsindən çıxararaq 
bədii əsər səviyyəsinə qaldırır. Vaqif Sultanlının da qeyd etdiyi kimi, 
bir çox məqamlarda M.Ə.Rəsulzadənin hekayə janrına uyğun gələn 
əsərləri məqalənin, müəyyən mövzuya həsr olunmuş publisistik ya-
zının bir hissəsi kimi meydana gəlir. Bu baxımdan onun portret he-
kayələri adlandırdığımız kiçikhəcmli yazıları xüsusilə diqqəti çəkir. 
Ədibin “İşsiz”, “Qəzetəçi Seyyid”, “Bir xatirə”, “Körpü həmmalları”, 
“Ürək dağlanır” və s. yazılarında konkret bir insanın, yaxud bir silkin 
qabardılacaq vacib problemi müəllif təhkiyəsinin vasitəsilə dəqiq por-
tret cizgilərində, yaxud bir zamanın, məkanın təsvirində əksini tapır və 
təəssüratın bolluğu oxucunun mühakiməsinə hakim kəsilir. Əsas nəzə-
ri cəlb edən məsələlərdən biri də belə əsərlərdə mümkün qədər milli-
mental koloritə önəm verilməsidir: “Bayram günüdür. Müsəlmanlar 
namazdan qayıdıb hərə bir tərəfə gediyor idilər. Məşədilər, hacılar, 
kərbəlayilər, kimisi evinə, ailəsinin yanına gedib onlar ilə birlikdə 
bayram etməyə çalışır. Kimisi də konka olan küçələrə enib Bayıl va-
qonunu gözliyordular. Fayton çağıranları da az deyildi. Bibiheybətə 
tələsirdilər. Bir dəstə cavan müsəlmanlar öz aralarında məsləhətləşir-
dilər: Kimisi deyirdi ki, “Qrivkaya” gedək, kimisi, “bu gün “Nicat” 
teatro qoyur, sürün oraya” deyərək yönəlirdi. 
Hamısının simasından bu günün bayram olduğunu açıq anlamaq 
olardı. Müsəlman məhəllələrində nüdrətlə görünən bir həyat var idi... 
Hamı özünü bu gün birər məsud hesab ediyordu. Bəzi üstü-başı 
bəzəkli olan ərbabi-dövlətin sifətlərindən məlum olurdu ki, bu gün 
üçün artıq tədarüklər görmüşlər!... 
....Məşədi Qulam başını aşağı salıb qayət mükəssəranə, təfkiranə 


86 
bir hal ilə yol gediyor və hərdənbir qeyzli və qəmgin gözlərini qal-
xızıb ətrafındakı laqeydanəliyə bir nəzəri-qəhr ilə baxıb qüvvətsizlik 
əlaməti olan dərin-dərin, soyuq-soyuq ahlar çəkirdi. Məşədinin qiyafə-
sindən görünürdü ki, o hər nə isə yalnız öz dərdini çəkməyib müd-
rikanə bir yolda özü kimi bir çox düçari-fəlakət olanların, özü kimi 
böyük bir qisim özgələri bayramlı edib də, özləri bayramsız deyil, çö-
rəksiz belə qalanların fikrini ediyordu. 
Soyuqdan əfil-əfil əsən iki xırda uşaq və bir 9 yaşında qızları da 
durub yol gözləyirdilər. 
-
Dədə, hanı mənim qarandaşım? 
-
Mənə nə aldın? 
-
Anama çörək gətirmisənmi? – deyə biçarəni bu tövr suallar ilə 
araya aldılar... Məşədi Qulam bir tövr ilə xuddarlıq edib ağlamadı. 
Qorxdu ki, ağlasa balaca uşaqlara həddən ziyadə zülm etmiş olar. 
Özünü şad göstərməyə artıq zor edib dedi ki, balalarım, hamısı olar, 
ancaq indi işsizəm. İş taparsam, sizə yaxşı bayramlıqlar alaram [3, 
s.233]. 
1908-ci ildə “Tərəqqi” qəzetində “Eydi-fitr münasibətilə” başlı-
ğıyla dərc olunmuş bu kiçik hekayədə orucluq bayramında böyük bir 
ümidlə onu qapıda gözləyən övladlarının üstünə əliboş gedən atanın 
iztirabları bayram ovqatına köklənmiş şəhərin və şəhərin müxtəlif 
təbəqələrindən olan, amma eyni ruh yüksəkliyini yaşayan sakinlərinin 
fonunda çox məharətlə təsvir olunur. Məşədi Qulamın özü kimi mə-
şədilərdən, kərbəlayılardan fərqli olaraq, bayram günündə böyük kə-
dərə qərq olmasının səbəbi yalnız finalda, uşaqlarına müraciətində 
aydınlaşır ki, məhz bu cəhətilə əsər xüsusi təəssürat imkanı qazanır. 
Bu, yazıçının ideyanın təbliği naminə işlətdiyi uğurlu bədii priyomdur. 
Belə bir üsul onun kiçikhəcmli əsərlərinin təsir qüvvəsini artırmaqla 
yanaşı, ilk anda hərəkətsiz görünən süjet xəttinə xüsusi dinamika və 
bitkinlik də gətirir. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, həmin 
dövrlərdə “Molla Nəsrəddin” məcmuəsində Ə.Haqverdiyevin “Maral-
larım” adı altında satirik portretlər üzərində qurulmuş silsilə hekayə-
ləri də dərc olunurdu. Bu hekayələrin ideya və sənətkarlıq baxımından 
ən maraqlılarından biri olan “Qiraət”in də baş qəhrəmanı məhz 
Məşədi Qulam adlandırılmışdı. Bu bir təsadüf idimi, yaxud dövrün 
müxtəlif düşüncəli ziyalılarının bir əqidəyə xidmət yolunda müəyyən 
mənada birlik nümayişi idimi, indi bu haqda dəqiq fikir yürütmək çox 
çətindir. Əsərlərin hər ikisində imkan tapıb Məşhəd ziyarətinə gedərək 
məşədi “titulu” qazanmış Məşədi Qulamların son aqibəti və qayğıları 
əlbəttə, bir-birindən xeyli fərqlidir və onları yalnız adları yanaşdıra 


87 
bilər. Ə.Haqverdiyevin bəlkə də nə vaxtsa maddi imkansızlıqdan 
əziyyət çəkmiş, bəlkə nə vaxtsa ailəsinin üstünə əliboş getmiş Məşədi 
Qulamı, indi hər qəpiyinin haqq-hesabını bilən, hər işini sahmanla 
görən, rifahını qurmuş bir baqqaldır, amma həm də Əbdürrəhim bəyin 
sarkazma məhkum etdiyi “Marallar”ının sırasında ilk yerdə dayanan-
lardan biridir. Çünki asan olmayan ticarətdən əldə etdiklərini arvad-
uşağına qıymasa da, Nataşanın yolunda can-başla israf etməyə hazır 
olan bu adam artıq müqəddəs dəyərləri; ailə, övlad sevgisini, dini 
etiqadını, inancını belə yüngül əxlaqlı bir qadının ayağına vermək 
dərəcəsinə enmiş bir məxluqa çevrilib və ondan əməlindən peşman 
olmaq ümidini ummaq da mümkünsüz görünür. M.Ə.Rəsulzadənin 
eyniadlı qəhrəmanı isə saf vicdanın, yüksək əxlaqın mücəssiməsidir. 
Ən çıxılmaz vəziyyətində belə darda olanları düşünməyə özündə 
iqtidar tapan, övladlarının sevgisiylə yanan, onların ümidinin qırılma-
ması üçün hər şeyə hazır olan fədakar ata, həssas qəlbə malik bir 
insandır və bütün davranışıyla oxucuda rəğbət hissi oyadır. 
Ümumiyyətlə, yazıçının portret hekayələrinin qəhrəmanları ək-
sərən nəcib hisslərə malik, romantik ruhlu obrazlardır. Bu baxımdan 
onun “Yeni Qafqaziya” dərgisində çap etdirdiyi “Qəzetəçi Seyyid” 
hekayəsi də maraq doğurur. Müəllifin bolşeviklərin qəzəbinə tuş gə-
lərək qətlə yetirilən Seyyid adlı qəhrəmanı sadə, zəhmətkeş bir in-
sandır, lakin əqidəsinin, məsləkinin böyüklüyü onu yüksək şərəf zir-
vəsinə qaldırır, yenilməzliyilə insanlığın ali mərtəbəsində qərarlaş-
dırır: “Qırmızı yanaqlarında həyat, saf gözlərində nəşə, gülər üzündə 
vəfa və sədaqət dolu bu sağlam vücudlu insan, eyni zamanda köksün-
də sağlam bir ruh daşırdı. Milli və vətəni qayələrdə yapılan nümayiş-
lərdə Seyyidi daima vücudu ilə mütənasib həyəcan qaplardı. Qocaman 
Azərbaycan bayrağını böyük bir vüqarla omuzuna alır, həyatının ən 
nəşəli anlarını yaşardı; o heç bir mükafat və ücrət bəkləməyən həqiqi 
хalq vətənpərvərliyinin səmimi bir müməssili idi” [1, s. 122]. Seyyid 
bütün varlığıyla M.Ə.Rəsulzadənin arzularının, idealının daşıyıcısıdır. 
“Ən yaxşı dirilik milli dirilikdir” – fikrini həyatının amalına çevirmiş 
M.Ə.Rəsulzadənin əqidəsinə görə, sosial mövqeyindən asılı olmaya-
raq özünü vətəninin, millətinin övladı bilən hər bir şüurlu insan onun 
yolunda qurban getməyi də özünə şərəf bilməlidir. Bu baxımdan baş 
qəhrəmanının portretinin ilk baxışdan subyektiv görünə bilən müəllif 
sevgisi və səmimiyyəti ilə cızılması M.Ə.Rəsulzadə qələmində sual 
doğurmur. 
“Bəbir xan” hekayəsi nisbətən fərqli üslubda qələmə alınmışdır. 
Nəsrəddin şahın dövrünün hadisələrini əks etdirən bu əsərin amansız, 


88 
ədalətsiz şahlıq idarəçiliyinin fitnəkar ruhuna, əsarət qaranlığına uy-
ğun qaranlıq qəhrəmanı vardır. Böyük nüfuz, şan-şöhrət, imtiyazlar 
sahibi olan Bəbir xanın təkcə adı bütün Tehran əhlini vahimədə 
saxlayır, çünki hamı onun şahın rəğbətiylə bəsləndiyini, heç zaman bir 
sözünün iki olmayacağını bilir və bu müəmmalı qəhrəmanın kimliyi 
barədə adından başqa məlum olan da yalnız budur. Bəlkə də camaat 
arasında bu adın möhtəşəmlik niqabı, həyat dəyərli məsələlərdə hökm 
yeritmə imkanları arxasında bəşər deyil, sadəcə dilsiz-ağızsız bir 
pişiyin olduğunu bilənlər də var. Amma bunu bilməyin yasaqlığıyla 
yanaşı, həm də bir çox məsələlərdə sərfəsizliyi də qaranlığa qarışmış 
bu qara obrazın uzun ömür yaşamasına təminat verir. Hətta Bəbir xa-
nın dəfnində sirrin açılmasına rəğmən əksəriyyət nəinki yalandan, al-
danışdan heysiyyat yarası alır, əksinə şaha yarınmaq, gözünə görün-
mək naminə dəfndə iştirak üçün bir-biriylə bəhsə girirlər. Məsələ 
ondadır ki, belə bir mövzuya müraciət edilməsi və bu cür obrazın ya-
radılması təsadüfi xarakter daşımırdı. Yazıçı bu dəfə İran kimi tarixi 
geriyə istiqamət almış bir məkanın “adı var, özü yox” Bəbir xan ob-
razı vasitəsilə simvolik portretini yaratmağa nail olmuşdu. 
1910-cu ildə “İrani-nov” qəzetində NİŞ imzasıyla dərc olunmuş 
“Şər arvadlar” yazısında da M.Ə.Rəsulzadə İran cəmiyyətinin ağrılı 
problemlərini oxşar üsulla təhlil etməyə çalışır və simvolik dillə prob-
lemin dərin qatlarına qədər açıb göstərirdi: “Məlumdur ki, şərin övladı 
çoxdur. Oğul və qızlarının sayı çoxdur, özü də çox şəhvətpərəstdir. 
Belə olanda gərək qadınları da çox olsun. Bu qədər övladın oğurluq, 
yalan danışma, fitnəkarlıq, qatillik və sair kimi qeyri-qanuni işlərinə 
fərman verən, əmr edən o şər anadır. Beləliklə, mən o fəlsəfəyə ina-
nıram ki, xəbisliyin anaları vardır. Bunlardan biri də çox barlı-bəhərli 
olan işsizlikdir. 
Bəli, işsizliyi gərək şərin birinci hərəmlərindən biləsən və yəqin 
edirəm ki, o baş hərəmdir. Şər öz qadıncığazlarını İranda tapmışdır. 
Özünün doğurduğu bu mənfur övladlarından da kifayət qədər də ra-
zıdır. 
Bu qədər gördüyünüz rəngarəng dilənçi və müxtəlif cinsli qəba-
ların hər biri cürbəcür oyun və hoqqabazlıqla alçaqcasına hər kəsə əl 
açırlar, rəzalət dilini hamının hüzurunda işə salır və rüsvayçılıqla do-
lanırlar. Bunların hamısı şərin sevimli övladlarıdır, işsizlik anasından 
doğulublar. 
Şəri məğlub etmək və ailəsini dağıtmaq üçün arvadlarının sayını 
azaltmaq lazımdır. İlk aradan götürüləsi qadın işsizlikdir” [5, s. 35]. 
Bu yazıda yazıçının konkret portretlərin təsvirinə məxsus olan lirik-


89 
psixoloji üslub tərzi artıq yerini kəskin sarkastik ifadələrə və məsə-
lənin həllinə aparan qəti hökmlərə verir. Yəni mövzunun mahiyyəti, 
xarakteri və yazıçının məsələyə münasibəti yazı manerasını təyin edir. 
Yazıçının bu cür yazılarında maraq doğuran cəhətlərdən biri də 
müəllif təhkiyəsinin fəallığıdır. Publisistikada bu cəhətin aparıcı möv-
qeyə malik olması məlumdur və M.Ə.Rəsulzadənin publisistik əsər-
lərində bu sahənin professional üslubi variantları özünü tam şəkildə 
doğruldur. Lakin yazıçı bəzən məsələnin təhlilinə imkan verəcək daha 
münasib vasitələr axtarıb tapır ki, bunlardan ən ümdəsi səmimiyyətilə 
seçilən xatirə-memuar təhkiyəsidir. Yazıçının sırf memuar janrlı əsər-
lərində bunun bariz nümunələrinə rast gəlirik. Ancaq bəzi kiçikhəcmli 
portret hekayələrdə, həssaslıq tələb edən məsələlərin publisistik təq-
dimatında da müəllif bu üsula üstünlük verir və məharətlə məsələnin 
bədii həllinə nail olur: 
“Təxminən 7-8 yaşlarında idim. Qızılca xəstəliyinə tutulmuş-
dum. Atam-anam böyük təlaşla məni yatırdırdılar. Mən heç nə bil-
mirdim. Qızdırma içində yanırdım. Atam demişdi ki, mənə at südü 
versinlər. Adətən, bütün qızılcaya tutulanlara at südü verirlər. Mən isə 
onlardan su istəyirdim. Lakin vermirdilər. Buna görə də mənim on-
lardan acığım gəlirdi. Fikirləşirdim ki, onlar mənə əziyyət vermək is-
təyirlər. ...At südü içməməkdə o qədər inad edirdim ki, hətta gecə 
yatanda da fikirləşirdim ki, gərək ehtiyatlı olam, birdən mənə at südü 
içirmək istəyərlər. 
Qəribədir, əgər at südü qızılca xəstəliyinə xeyirlidirsə, mən niyə 
belə inad edib içmək istəmirdim. Çünki uşaq idim, xeyrimi bilmirdim, 
dostlarımı düşmən hesab edirdim. Əgər o zaman mənə pislik edib bir 
hovuzun başına aparıb desəydilər ki, nə qədər bacarırsan iç, mən onda 
razı qalıb onları özümə həqiqi dost hesab edərdim. 
Bəşər övladlarının bir hissəsi də indi uşaqlıq dövründədir” [5, s. 59]. 
M.Ə.Rəsulzadənin bədii yaradıcılığı özünəməxsus poetik siste-
milə fərqlənir. Bu sistem bədii nəsrlə ictimai-siyasi publisistikanın 
uyğun birliyini özündə yaşadır desək, səhv etmərik. Onun kiçik heka-
yə janrında qələmə aldığı mövzular publisistik əsərlərində irəli sür-
düyü ideyaların müəyyən mənada davamı, istinad yeri sayıla bilər və 
bu baxımdan nəsr nümunələrinin sənətkarlıq məsələlərinin öyrənil-
məsi tədqiqatın məqalə və oçerklərlə birgə araşdırılması istiqamətində 
aparılmasını tələb edir. M.Ə.Rəsulzadə yaradıcılığının öyrənilməsinin 
ədəbi-nəzəri aspektlərinə öz növbəsində belə bir metod yardımçı ola 
bilər. 


90 

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə