165
Bizim şeyxə yəman göz birlə baxma, qədrini bilgil,
Əgərçi şeyxdir zahirdə, batində brəhməndir [5, s. 109].
Bizim şeyxə yaman gözlə baxmayın, o, yalnız zahirdə şeyxdir,
batində isə brəhməndir. Yəni riyakarlıqda ittiham olunacaq müsəlman
şeyxi deyildir.
Yəman görməz gözü, əlbəttə, hər kim zahidi görməz,
Yəman hərgiz eşitməz kim ki, vaizdən xəbər sormaz [5, s. 164].
Zahidi görməyən pis şey görməz, vaizi eşitməyən pis söz eşit-
məz. Klassik ədəbiyyatımızda, o cümlədən XVII əsr şairlərinin özlə-
rinə ustad saydıqları Füzuli yaradıcılığında
bu cür beytlər kifayət
qədərdir.
Vəhidin həmişə ayıq-sayıq olmağı, düşmənə fürsət verməməyi
məsləhət görən belə bir hikmətamiz-didaktik məzmunlu mətləsi vardır:
Mərd əldən fürsətin, əlbəttə, verməz düşmənə,
Tiğ tək ağzı olan arxa çevirməz düşmənə [5, s. 194].
İctimai məzmunlu təkbeytində şair zəmanədən, özlərinə qarşı
münasibətdən narazı olan cəmiyyətin kamal sahibi, ziyalı təbəqəsinin
adından belə yazır:
Afəti çoxdur kəmalın, etmə təhsili-kəmal,
Bal arısı tək evi olmaz ki, viran olmaya [5, s. 194].
Kamalın, elmin, savadın insana ziyanı çoxdur, ağıl-kamal qa-
zanmağa çalışma. Hamı üçün xeyirli işlə məşğul olan arının evi-pətəyi
dəlik-dəlik olduğu kimi, kamallı adamın da evi viranəyə bənzər.
XVII əsr Azərbaycan şairi Şərəfəddin Mirzə Məhəmməd Məc-
zub Təbrizinin (?-1682) divanının Leyden Universiteti Kitabxanasında
və Qahirə Milli Kitabxanasında saxlanan əlyazma nüsxəsi əsasında
onun ana dili irsi barədə fikir yürütmək mümkündür. Onun divanının
Leyden nüsxəsinə 15 dini qəsidə, 95 qəzəl və qəsidə, 1 tərcibənd, 50
rübai ilə bərabər 30 təkbeyt daxildir. Misraları qafiyələnən bu tək-
beytlər mətlədir. Şeirlərin başlığında da “Mətale” (“Mətlələr”) yazıl-
mışdır. Bu təkbeytlərdə
şairin dünyagörüşü, şairlik məharəti özünün
tam ifadəsini tapmışdır. Ümumiyyətlə, Məczub şeirlərini oxuyarkən
ilkin nəzəri cəlb edən cəhət şairin həmin dövrdə
Səfəvilər dövlətində
gedən kəskin ideoloji mübarizədə rəsmi dövlət orqanlarının, barışmaz
166
şiə ruhanilərinin tərəfdarı olmasından, onun dini, məzhəbi təəssüb-
keşliyə qarşı çıxan “vüs`əte-məşrəb” və ya “vüs`əte-xülq” (“xarakter
genişliyi”), “sülhe-koll” (“ümumi sülh”) ideyalarını təbliğ edən mütə-
rəqqi görüşlü ziyalılara qarşı amansız mövqe tutmasından ibarətdir
(Qeyd edək ki, bu ideyalar “hind üslubu” şairlərinin, o cümlədən Saib
Təbrizi yaradıcılığının ideoloji əsasını təşkil edir).
Onun təkbeytlə-
rində bunu görürük. Bütün dinlərin, məzhəblərin, təriqətlərin sülhe-
kolla, ümumi sülhə gəlməsi ideyasına qarşı çıxan şair deyir:
Sülhe-koll dinədür yəman nöqsan,
Yaxşını yaxşı bil, yəmanı yəman [7, s. 147].
Məczubun kəskin tənqid hədəflərindən
biri də IX əsrin ən
məşhur sufi alimlərindən olan Bayəzid Bəstamidir (?-874). Şair bir
mətləsində Bayəzid Bəstaminin Tanrıya üz tutaraq “sübhan” (“alqış”)
deməsini zindiqə (dinsiz, kafir) şeytan kimi baş əyməyə bənzədir,
bununla da ona qarşı dərin nifrətini ifadə etmiş olur:
Zindiqə baş əyər şeytani,
Başlar Bayəzid sübhani [7, s. 176].
Məczub mətlələrində də qatı şiə təəssübkeşi olduğunu vurğulayır:
İki cəhan izzətiçündür nəmaz,
Səcdə edər şiələri sərfəraz [7, s. 177].
Şairin hakim təbəqələrə üz tutub onları ədalətə çağırdığı
mətlələri də vardır. O yazır ki, zalıma rəhm etməyin özü elə zülmdür:
Dostları ilə paylaş: