Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,9 Mb.
səhifə23/27
tarix16.11.2017
ölçüsü2,9 Mb.
#10537
1   ...   19   20   21   22   23   24   25   26   27

Gəmi ilə səfərin davamı

Trabzondan Batuma, Batumdan Poti limanına tərəf hərəkət

h.q. 1293-cü il, 5 səfərül-müzəffər, pəncşənbə (1876, 2 mart, çərşənbə axşamı) Gecə keçdikdən sonra, səhərə yaxın yağış yağdı. Günəş çıxan zaman isə gəmi Batum limanında dayandı. Batum kiçik bir liman olub, lövbər salmaq üçün çox yaxşıdır. Onun sol tərəfində Çuruq çayıdır. Çay Batuma qədər 5 mil məsafədə axır, sonra Ərzurumla Batum arasından keçir.

Batumun sağ tərəfindən Culuq çayı keçir. Çay Osmanlı və Rusiya dövlətləri arasında sərhəddir. Uzunluğu 10 mildir. Bu çay da Poti və Batumun ortasından keçir.

Potidən bizim üçün həmşirə (bacı) mənasını verən “Sestritsa” adlı kiçik bir paroxod gətirmişdilər. Bu əsnada Batumun mütəsərrüfü Həmdi Paşa, Qazi Mahmud Nədim əfəndi ilə, Müfti Həsən Rüfət əfəndi ilə və təhrirat müdiri Hayri əfəndi ilə, əsgər komandanı Şəhab bəylə, 6-cı tabor minbaşısı Məhəmməd əfəndi ilə, Hacı Hüseyn əfəndi minbaşı ilə, mühasibəçi Həlim əfəndi və Kamil Paşa, nüfuzlu nazirlər, İbrahim bəy və Rusiya dövlətinin konsulu ilə gəmiyə gəldilər.

Sahildə də bir tabor hərbçi dayanmışdı və onlar musiqi səsləndirirdilər. Sərnişinlər konsula etina etnəyərək, camaata qarışmışdı. Konsul da əvvəldən nəzarətçilərə tapşırmağı unutmuşdu. O gəlib üzr istədi və bildirdi ki, “Riven” adlı böyük bir gəmi də yaxınlaşır, onu gəmimizə birləşdirib yükləri boşaltdılar.

Bu vaxt “Sestritsa” ildırım sürətilə yola düşdü. Zəvvarlar və digər sərnişinlər yerdə qalmaq qorxusundan “Riven” paroxoduna tərəf cumdular.

Konsul çarəsiz qalıb Potiyə teleqraf göndərdi və başqa bir paroxod göndərilməsini xahiş etdi. Gəminin kapitanı da bildirdi ki, indi daha gecdir, yola düşsək, axşam arzuolunmaz Potiyə çatarıq.

Poti limanında gəmilərin dayanması üçün su o qədər də dərin deyildir. Digər tərəfdən gecə yol getmək də qorxuludur. Ona görə də bu gün Potiyə getmək əvəzinə, Batumda “Riven” paroxodunda qaldıq. Dünən gecə xəyalımıza cürbəcür fikirlər gəlirdi. Bunlardan biri Batumdan getmək idi. Rəsulillah insanın taleyini yazdığı halda, əlbəttə, bəndənin düşüncəsi artıqdır. (Burada müəllif Ənvəridən iki beyt verir:

Əgər mohəvvəl hale cəhaniyan nə qəzast,

Çera məcariye-təqdir bər xilafe rizast,

Hezar nəqş bər arəd zəmane vo nəbud,

Yeki çenançe dər ayineye təsəvvore mast.

Rusiyanın konsulu xəcalətindən “Veste” paroxodundan bayıra çıxmadı,düşündü: “Mən general İqnatyevə nə cavab verəcəyəm?”

Axşam göyərçin mənasını verən “Qolubçik” paroxodu gəldi, o gəmidən bu gəmiyə keçdik.

“Veste” paroxodunun kapitanı dedi: “Bu paroxod kiçik olsa da, çox yaxşı paroxoddur. Bu gün 300 nəfər əsgəri gətirmişdir və gərək Odessaya və Krıma aparsın”.

Günəş batan zaman “Qolubçik” paroxoduna gəldik. Geniş hündür, böyük otaqlara malikdir. Paroxodun uzunluğu 180 fut, eni isə 30 futdur. Günəşin çıxmasına az qalmış “Qolubçik” yola düşdü və Poti limanınadək tufan və külək başladı, hava dəyişdi. Axşamdan yağan şiddətli yağış səhərədək davam etdi. Bu da göyərtədə olanların səhhətinə xeyli pis təsir etdi. Axşamdan beş saat keçmiş Astaranın İrana birləşdirilmiş ərazisində yaşayan tacir Hacı Həsənin ayağı sürüşdüyündən dənizə düşdü. Əgər qışqıraraq fəryad etmə­səy­di, heç kəs xəbər tutmayacaqdı. O, yağışda bizim adamlar kömək edərək ip atdılar və onu yuxarı çəkdilər. Allaha çox şükür ki, qərq olmadı.

Poti limanına doğru hərəkət.

h.q.1293-cü il, 6 səfərül-müzəffər, cümə. (1876, 3 mart) böyük zəhmətlə, təlatümlü dənizdə və küləkdə günortadan 4 saat keçmiş Poti limanına daxil olduq. Baxmayaraq ki, dəniz tüğyan edirdi və dalğalar suyu pəncərələrə vururdu, paroxodumuz yaxşı hərəkət edirdi. Potinin hakimi, eyni zamanda polis rəisi baron Heykninq və digər cənablar, kömrük rəisi, kompaniya agenti ilə birlikdə paroxoda gəldilər. Onlar bizi təbrik etmək üçün gəlmişdilər. Günortadan 5 saat keçmişdi ki, quruya çıxdıq və İran Ali dövlətinin vəkilinin evinə daxil olduq. Allaha şükür edirik ki, yağış kəsdi və hava yaxşı oldu. Naçalnik (rəis) konsulxanaya qədər gəldi və dedi:

“Nə buyurursunuz, biz hazırıq.”

Dedim: “Sizin insanlığınız və nəzakətiniz kifayətdir. Əlbəttə, ehtiyac olsa, sizə zəhmət verəcəyik.” O, mürəxxəs olub getdi. Bu iki gün ərzində yağan yağış Potinin küçələrini palcıqla çirkləndirmişdi. Keçmək mümkün deyildir. Heyif Rusiyanın burada çəkdiyi zəhmətdən! Bu limanda heç bir abadlıq yoxdur.

Bugün günortadan sonra hava xeyli yaxşı oldu. Günəş insanları qızdırırdı. Axşam bir qədər piyada gəzib Potini seyr elədim. Yolumun üstündə rast gəldiyim rus kilsələrinə baxdım. Apostol və Həzrəti-İsanın şəkilləri çox gözəl çəkilmişdir. Bütün kişi və qadınlar bu şəkillərə tamaşa edirdirlər.

Potidən Tiflisədək olan məsafə 289 verstdir. Tiflisdən baş­­qa yolboyu 16 yerdə dayanacaq mövcuddur. Daya­na­caq­la­rın bəzisində gəmi 15 dəqiqə, bəzisində isə 3-5 dəqiqə dayanır.

İstanbuldan Potiyədək olan məsafə İngilis mili ilə belədir:

Dənizlə İstanbuldan Poti limanına qədər olan məsafə



  1. İstanbuldan İnepoliyə 232 mil

  2. İnepolidən Samsuna qədər 145 mil

  3. Samsundan Orduya qədər 80 mil

  4. Ordudan Giresuna qədər 25 mil

  5. Giresundan Trabzona qədər 68 mil

  6. Trabzondan Batuma qədər 96 mil

  7. Batumdan Potiyə qədər 32 mil

Hamısı birlikdə İstanbuldan Potiyədək olan məsafə 678 ingilis milinə bərabərdir.
Poti limanından dəmir yolu ilə Tiflisə doğru hərəkət

h.q.1293-cü il 7səfərül-müzəffər (1876, 4 mart) şənbə. Günortadan 2 saat yarım keçmiş buxar maşınına (Şemendefer) əyləşdik və 3 saatdan sonra yola düşdük. Təsadüfən elə bu vaxt şəvval ayının 7-də, 4 ay əvvəl Potidən dənizə tərəf getmişdik. Bu gün səfər ayının 7-i şənbə günüdür və Potidən səhraya tərəf gedirik. Getməyimizlə qayıtmağımız düz dörd ay çəkmişdir.

Səhər polis rəisi baron Heyninq mənzilə gəldi. O, qatara qədər bizimlə getdi. Çox ədəbli və nəzakətli cavandır. Axşam saat 5-də Tiflisdən teleqraf gəldi ki, bizə bir nəfər tərcüməçi verilsin ki, yolda çətinlik çəkməyək.

Rəis bildirdi ki, mənim tərcüməçim yoxdur, nə edim?” Mən dedim: “Tacir Hacı Həsən rus dilini bilir”. Səhər tezdən məlum oldu ki, müşarileyh (Hacı Həsən) dənizə düşdüyü üçün xəstədir və hərarəti vardır. Çarəsiz qalıb, rəisin digər qardaşı Qriqorini (o bir az türkcə bilir) bu işə cəlb etdilər.

Biz bu ərazidən gecə ikən keçdiyimiz üçün dürüst tanı­ma­dıq. Potidən əhalinin Mosenak adlandırdığı 2-ci dayanacaq olan Nousevakiyə qədər məsafə 35 verstdir. Hər tərəf səhra və meşədir. Və bu səhra və torpaqlar əsasən bataqlıq və gildir. Nou sevak böyük bir kənddir. Dağın kənarında yerləşir. Dağ isə yolun sol tərəfindədir. Oradan sonra yenə səhra başlayır, meşələr burada çox sıx ağaclardan ibarət deyildir. Səhranın hər bir yerində isə əhali yaşayır.

Günortadan 6 saat keçdikdən sonra dəmir körpüsü olan Rion çayını keçdik. Bu çay Kutaisi dağlarından axır və Potinin ortasından keçərək dənizə tökülür. Dəmir körpünün kənarından Kutaisi dayanacağına qədər (şəhərin adı ilə eyni­dir) yarım verst məsafə vardır. Və bu dayanacaqdan Kutaisi şəhə­rinə­dək 7 verstdir. Yolun sol kənarındadır. Bu körpüdən keç­dik. Yolun sol tərəfi dağ, təpə, uçurumdur. Yol əsasən dağın yanından keçir.

Bir neçə verst yol getdikdən sonra yenidən səhraya düşdük. Kutaisi dağlarının başında qar görünürdü. Potidən Kutaisi dayanacağına qədər 70 verstdir və bu məsafəni biz 3 saata qət etdik. Dəmir körpüsü olan Qovireli çayını da keçdik. Bu körpü xeyli uzundur. Bu çayın da suyu “Rion”ə tökülür. Bu uzun körpüdən də keçdik.

Qovireli kəndindən keçdik, yenə hər yerdə dağın kənarı ilə gedirik. Sol və sağ tərəf dağdır. Dağ bəzi yerlərdə o qədər yaxındır ki, əlini, əsanı uzatdıqda dağa dəyir. Çox yerdə dağlar yonulmuşdur. Qovireli dayanacağından Potiyədək 180 verstdir. Qovireli dayanacağı ilə Biləgər dayanacağı arasında bir məkan da vardır ki, orada da 2 dəqiqə dayandıq, o yerin adına Srule deyirlər. Bu, dağın ətəyindədir, oraya bir qədər qalmış Srule çayından keçdik, burada da çayın üzərində dəmir körpü salınmışdır. Bu yer dar olduğu üçün dəmir körpü o qədər də uzun deyildir. Srule çayı da Qovirile çayına tökülür. Çay mənbəyini şimal dağlarından alır və bu Kutaisi dağları ilə silsilə dağlardır.

Günortadan 8 saat yarım keçdikdən sonra 5 saat yarım əvvəl oturduğumuz buxar karetası 1-ci tunelə daxil oldu. 28-ə qədər sayınca, tuneldən çıxdıq. Bir saat yol getdikdən sonra 2-ci tunelə daxil olduq. Bu tunel daha uzun idi. Bu dəfə 44-ə qədər saydım və tuneldən çıxdıq. Bundan sonra 2-3 yerdə də dəmir körpü keçdik. Bu körpülər “Bicitubin” çayının üstündə tikilmişdir. Sağ və sol tərəf dərə idi. Bicitubin dayanacağından Potiyədək 158 verstdir. Bicitubindın bir qədər uzaqlaşdıqdan sonra 3-cü tunel başlayır. Bu tunel hər iki tuneldən uzundur. Mən 54 ədəd saydıqdan sonra tunel qurtardı. Bu yerdə vaqonları iki maşına bağladılar ki, yoxuşa qalxmağa müvəffəq olsunlar. O iki maşın vaqonları zorla çəkdilər və hərəkətə sürət verdilər. Xülasə, Qovirelidən o tərəfə hər yer qarla örtülmüşdür. Və Tiflisə yaxınlaşdıqca çoxalırdı. Bəzi yerlərdə fəhlələr qarı təmizləmişdilər ki, bəzi yerlərdə vaqonlar xəndəklərdən keçərkən qar vaqonun pəncərəsindən hündür olurdu. Bir neçə dəfə əlimi uzadaraq ovcumla qar götürmüşəm. Bu ilin qışın sərt keçməsi nəticəsində dəmir yoluna ziyan dəymişdir. Deyirlər ki, bu il 3 zər (1zər=107 sm) hün­dür­lü­yün­də qar yağmışdır. Dağlardan uçan daşlar yolu dağıt­mışdır. Yo­lun təmirinə 1kürur (yarım milyon manat) xərc­lən­miş, yol bir ay bağlanmışdır. İndi bəzi yerlərdə qarın hün­dür­lüyü 1 zərə yaxındır. Gün batana yaxın Poti qara­vol­xa­na­sının 2 verstliyinə çatdıq və Gərdənə yaxınlığında qarın çox­lu­ğun­dan yolun dağıldığını gördük. Qar xəndəkləri arasında vaqonu da­yandırdılar. Burada yalnız bir adamın keçə biləcəyi qədər yol var idi.

Biz yerə enib, 500 qədəmdən artıq yol gedərək qabaqdakı digər vaqona çatdıq. Əşyaları isə yükdaşıyanlar gətirdilər. Dağ soyuğun şiddətindən və qarın çoxluğundan davam gətirməmiş uçaraq yola tökülmüşdü. Fəhlələr işləyən yerdə bir mühəndis durmuşdu ki, eyni ilə müsəlmanlığı qəbul etmiş və Nəsrəddin şah zamanında fransız dili müəllimi kimi Tehran Darülfünununda çalışmış müsyo Rişara (Mirzə Rza xana) bənzəyirdi. (Fərhad Mirzə həmin mühəndisi müsyo Rişara oxşadır və yazır ki, sanki onlar tən bölünmüş bir alma idilər). Mən mühəndislə danışdım. O dedi ki, 4 gündür fəhlələr burda çalışırlar. 21 gün də işləyəcəklər, burda hər gün 100 nəfər fəhlə çalışır. Burda əmələ gəlmiş qarla dolu xəndək ta Suramadək uzanıb gedir və bəzi yerlərdə qarın hündürlüyü vaqonun damının səthindən də artıqdır.

Qori şəhərinədək yollarda qar vardı. Ondan sonra səhra başlayır və burada qar yoxdur. Axşamdan 6 saat keçmiş Tiflis vağzalına çatdıq. Baş konsul Mirzə Əsədulla xan, müsyö Bəylərov Levarsab Tiflis vilayətinin hakimi cənab Orlovski tərəfindən qarşılamaq üçün gəlmişdilər. Onlar rəsmi libasda idilər. Kazak atlı qarovul rəisi keçən dəfəki kimi gəlmişdilər. Mənzildə olarkən Mirzə Fətəli Axundov da prins Mixranski tərəfindən gəldi.

Bizim gəlməyimizin vaxtı bir qədər dəyişdiyi üçün müsa­ri­leyh (Mixranski) saat 7-də hazır olmamışdı. Evə qayıdaraq is­ti­rahət etməyə başladığımız vaxt artıq gecədən 9 saat keç­miş­di.

Buxar karetasının verdiyi yorğunluq yolda soyuqdan, yu­xu­­suz­luqdan çəkdiyimiz əziyyət səbəbindən özümü çox yorğun və xəstəhal hiss edirdim.

Potidən Tiflisədək dəmiryolu dayanacaqları onlar arasında olan məsafə barədə məlumat belədir:

Potidən Tiflisədək dəmir yol dayanacaqlarının adları:
Çiladid -14 verst

Nou Suvaqi – 35 verst

Samtridey -61 verst

Kutaisi-90 verst

Qovrile-180 verst

Blaqori-139 verst

Bicitubin -158 verst

Suram-173 verst

Mixaylo-177 verst

Qarli-201 verst

Qori-280 verst

Qraxali-232 verst

Kaspi-244 verst

Qisalə-258 verst

Mixet-269 verst

Ucli-279 verst

Tiflis-280 verst
Bütün bu adlar gürcü dilindədir.


Tiflisə daxil olma. Yüksək səviyyəli görüşlər

1293, 8 səfər, yekşənbə (1876, 5 mart). Nahardan sonra əvvəlcə kolonel Beylik, polismeyster, yəni Tiflisin hakimi öz rəsmi libasında Tiflis əhalisi adından mübarəkbadlıq üçün gəldi: Ona dedim: «Getmək vaxtı mənə demişdin ki, Tiflis əhalisinin arzusu budur ki, siz həmin bu yolla qayıdasınız. Onlar mənimlə yenidən görüşmək istəyirdilər. Onların istəyi məni yenidən buraya çəkib gətirmişdir».

Hakim xeyli minnətdarlıq etdi və getdi. O getdikdən sonra Tiflis əyalətinin hakimi, qubernator Orlovski gəldi. O da rəsmi libasda idi və xeyli oturdu, söhbət etdik. Ona dedim: «Söz vermişdiniz ki, əgər bu yoldan gəlsəniz, inşallah sizi sağ-salamat Badkubəyə çatdıracağam ki, Gəncəni görməyəsiniz».

Ağır yükü də Gəncə tərəfdən göndərərəm.

Dedim: «Siz necə məsləhət bilirsiniz, əlbəttə o da yaxşıdır».

Dedi: «Mənzilimdə oturub, hər şeyi yazmışam və Baş konsula göndərmişəm ki, Sizin nəzərinizə çatdırsın». Mütərcim müsyö Bəylərov Luvarsab idi. Nə yaxşı oldu ki, Orlovski yanımda olan zaman bir hadisə baş verməmişdi. Çünki gedərkən balkonda Mirzə Əsədulla xana demişdi ki, özümdə ölüm əlaməti görürəm. Səhər xəbər gəldi ki, xəstələnmişdir. Orlovski gedəndən sonra rəsmi libasda olan cənab prins Mixranski Baqration gəldi. Müxtəlif mövzularda xeyli söhbət etdi və mənim gəlişimdən xoşhal olduğunu bildirdi. Baqration deyirdi ki, vəzifəsindən istefa vermək istəyir. Çox ağıllı və mətin bir insandır. Onun əsli gürcüdür və həzrət Davud əleyhissalamın nəslindəndir. Baqrationun gürcülərin arasında böyük hörməti vardır.

Baqrationun mütərcimi Mirzə Fətəli Axundov idi.

Sonra Mirzə Əsədulla xanı vəziri-dərbarın, yəni eşikağasıbaşı Tolstoyun yanına göndərdim ki, Canisinin baçısı vəfat etdiyi üçün bizim onu görmək istədiyimizi bildirsin. Söhbət əsnasında məlum oldu ki, Baş konsul evinə getmişdir. Müşarileyh vizit kartını vermişdi.

Canişin evinə qayıtdıqdan sonra onun eşikağasıbaşısı kağız yazıb bizə bildirdi ki, nə vaxt məsləhətdir, onda gəlin. Mirzə Əsədulla xan bildirdi ki, sabah günortadan sonra gəlirik.

Tiflisdə iqamət

Düşənbə, 9 səfərül-müzəffər, 1293-cü il (6 mart, 1876). Sü­bh Qüdrət hamamına getdim. Suyu pak, mülayim, istidir, xeyli fərq­lidir. Bədəni yumşaldır.

Mənzilə gəldikdə Ağa Fətəli Axundovun gəlib gözlədiyini gördüm. Bu arada onu cənab prins Mixranski çağırdı, təcili getdi.

O getdikdən sonra, həzrət canisinin eşikağasıbaşısı (rəisi-təşrifat) Tolstoy rəsmi libasda gəldi. O, on-on beş gün olar ki, Peterburqdan gəlmişdir. O dedi: Bu gün mən həzrət canisinə sizin onu görməyə gəlmək istədiyinizi demək niyyətində idim ki, görüş vaxtını təyin etsin. Lakin təəssüf ki, o, ova getmişdir və axşam qayıdacaq. Ümidvaram ki, sabah ona deyib, görüş vaxtını müəyyən edərəm.

Müşarileyhin mütərcimi Ağa Mirzə Fətəli idi. Onun geyimi və silahı başqa cürədir və eşikağasıların geyimi kimidir. Mirzə Fətəli İran dövlətindən də orden almışdır.

Bir az sonra Ağa Mirzə Fətəli gəldi, məlum oldu ki, prins Mixranski təşrif buyurmaq istəyir. Əvvələn, o şəxsdən xahiş edirəm ki, mənim görüşümə gəlməsin, vizit kartı kifayətdir. İkincisi, knyaz Meriyskiyə məlum olsun ki, filan şəxs iki gündür ki, gəlmişdir. Yəqin ki, onun gəlişindən xəbəri yoxdur və mən knyaz Meriyskinin xidmətinə çatıb bildirdim. And içdi ki, xəbəri yoxdur. Xəcalət çəkdim. Sabaha görüş təyin etdim və saat üçdə Mirzə Fətəli ilə birlikdə şahzadə Bəhmən Mirzənin oğlu Mahmud Mirzə gəldi. Mahmud Mirzə hərbi rütbəyə malikdir.

Osmanlı dövlətinin Baş konsulu Behcət əfəndi də mənimlə görüşə gəlmişdi. Mirzə Fətəlidən Badkubə qubernatorunun əhvalını xəbər aldım. Yəqin ki, xəstədir. Vallah, heç vaxt məni unutmayıbdır.

Mirzə Fətəli dedi: «Buradan onun evinə gedirəm. Görsəm, sabah deyərəm». Müşarileyh (Axundov. – T.H.) zəhmət çəkərək, onun evinə getmiş, lakin o, evdə olmamışdır. Müfəssəl bir kağız yazaraq onun evində qoymuş və getmişdi.



Tiflisdə iqamət. Yüksək səviyyəli görüşlər

Seşənbə, 10 səfərül-müzəffər, 1293-cü il (7 mart, 1876). Nahardan əvvəl səhər cənab general-mayor Staroselski, Badkubənin qubernatoru rəsmi libasda məni görməyə gəldi. Son dərəcə ədəblə üzr istəyərək dedi:

-Axundov sizin gəlişinizi dünən mənə xəbər vermişdir. O, xeyli səmimiyyət və mehribanlıq etdi. İnsafən gözəl əxlaqlı bir in­san­dır. Mənim xanımım deyir ki, özümü nə qədər bədbəxt in­san sayıram ki, Badkubədə Siz şahzadəni və xanımınızı qo­naq edə bilməmişəm. Burada da elə qulaq və boğaz xəstə­li­yi­nə müb­təla olmuşam ki, dözə bilmirəm. Staroselski xeyli oturdu və söhbət etdi.

Qərara alındı ki, Badkubəyə gedən paroxodun yola duşəcəyi vaxtını öyrənib, mənə məlumat versin. Staroselskinin vəzifəsini yüksəldərək, parlament direktoru təyin etmişlər.

Onları yola saldıqdan sonra gedib cənab prins Mixranski və cənab Orlovskiyə vizit kartını özlərinə çatdırdım və mənzilə qayıtdıq. Axşama yaxın, Günəşin batmasına üç saat qalmış rəsmi libas geymiş cənab Meriyski gəldi. O, məndən Məkkə, Mə­dinə, Misir və İstanbul barədə danışmağı xahiş etdi. Meri­y­ski çox zirək və uzaqgörən bir insandır. O, Osmanlının işlərinə is­tehza ilə yanaşırdı. Ona dedim ki, o vaxt Nuxada dildə-ağızda söy­lənən körpülər, bəzəkli imarətlər yaratdılar. İndi o yoldan keç­mək istəyirəm. Bilsəm ki, haradadır oraya gedərdim. Mən belə düşünürəm ki, İran və İsfahanda da o cür körpülər çoxdur. Meriy­ski qədim Nuxanun hakimi Məhəmmədhəsən xanın adını çəkdi.

Əlbəttə, İsfahanda qədim İranın mahir sənətkarları olmuşlar. Yer üzündə İrandan qədim dövlət yoxdur. Cəmşid dövründən bu zamanadək müəyyən edilmişdir ki, üç min il tariximiz vardır.

Meriyski İsfahan şəhərini təriflədi. Dedim: «Əfqanların fitnəsi ilə şəhər dağılıb, əgər bu bir neçə ildə İsfahan Qacar dövlətinin paytaxtı olsa idi, indi o şəhər abad görkəmi ilə İstanbulu ötərdi. Şəhid şah Ağa Məhəmməd xan qacarların yerləşdiyi Astrabad və Qərbi Mazandarana yaxın olduğu üçün Tehrana meylini saldı və onu paytaxt etdi.

Meriyski mənim sözümü təsdiq etdi. O, bir saatadək oturdu və xeyli söhbət etdikdən sonra getdi. Bizim söhbətimizi Axundov tərcümə edirdi.

Onlar getdikdən sonra Şahzadə Bəhmən Mirzənin oğlu Xanbaba xan gəldi. O, öz oğlu Mənsur Mirzəni də gətirmişdi. Mənsur Mirzə Axundovun qız nəvəsidir. Yeddi yaşı vardır. Yaxşı, diribaş oğlandır. Onda Axundovun zəkasının təsiri görünür.

Həzrəti-canişinin eşikağasıbaşısı, Mirzə Əsədulla xanın görüşünə gəlmişdi. Sonra eşikağasıbaşının kağızı gəldi ki, Baş konsul və mən sabah, günortadan bir saat keçmiş həzrət canişinin görüşünə gedək (Təbrizli Mirzə Əsədulla xan 1876/77-ci illərdə Qacar dövlətinin Tiflisdə Baş konsulu vəzifə­sini icra etmişdir. – T.H.). Canişin öz faytonunu həmin vaxt bizim üçün göndərəcəkdir. Baş konsul Mirzə Əsədulla xan gəlib, mənim rəsmi libasımı soruşdu və canişinin görüşünə mütləq onu qeyməyimi məsləhət bildi. Dedim: «Mən öz Vəlinemətimin iltifatından bütün rəsmi libas və orden dərəcələrinə layiq görülmüşəm. Məqsədim Beytülhərəm (Məkkə (Kəbə). – T.H.) ziyarətinə getmək olduğu üçün özümlə heç bir rəsmi libas götürməmişəm. Çünki bu cür libaslar Məkkə səfərinə uyğun deyildir. Bu səfərdə mən də müsafirlər kimi hərəkət etmişəm. Sultanın da xidmətinə həmin paltarla, qara sərdari (köhnə İran qaydası ilə tikilmiş uzun ətəkli kişi pencəyi) və qara şalvarla buyuracağam». Mirzə Əsədulla xan bu məlumatı canişinin eşikağasıbaşına olduğu kimi çatdırdığı zaman o bunu bəyənmişdi.

Axundov getdikdən sonra Mirzə Əsədulla xanla bir qədər piyada Tiflis şəhərində gəzintiyə çıxdıq və axşamdan bir saat keçmiş mənzilə gəldik.

Tiflis. İmperatorun Qafzaqda canişini Mixaillə görüş

1293, 11 səfərül-müzəffər çəharşənbə (1876, 8 mart). Səhər Badkubənin qurnatoru yenə görüşmək üçün gəldi. O dedi: «Fürsət tapan kimi sizin xidmətinizə gəlirəm və bunu qənimət bilirəm. Xahiş edirəm ki, Badkubədə olarkən, mənim boş mən­zi­limdə qalın». Dedim: «Sizin evinizi öz evim bilirəm və orada qalar­kən, özümü evimdəki kimi hiss edirəm. İnşaallah paroxodla oraya daxil olmağımız rus ayı ilə 15 marta təsadüf edir ki, bu da rəbiül-əvvəl ayının 1-nə düşənbə gününə bəra­bər­dir».

O bir qədər qaldıqdan sonra getdi.

Bir müddət keçdikdən sonra mərhum Əminüddövlə Fərrux xanın qohumu Mirzə Məhəmmədəli bəy Kaşi gəldi. Müşarileyh xeyli vaxtdır ki, Rusiya dövlətində mötəbər insan kimi tanınır.

O, çaparxanaların çoxusunu icarəyə götürmüş, poçt ona verilmişdir. Mirzə Məhəmmədəli bəy çox ağıllı, dürüst adamdır. Hamı ondan razılıq edir. 20 ildir ki, Qafqaz torpağındadır.

Günəşin batmasına beş saat qalanda həzrət canişin tərəfindən, xüsusi kareta göndərildi və Baş Konsul Mirzə Əsədulla xanla oraya getdik.

İmarətin yanında kazaklar və qarovul dayanaraq bizi hərbi qaydada ehtiramla qarşıladılar.

Binaya daxil olduq. Burada eşikağasıbaşı (mühafizə dəstəsinin başçısı) və digər rəsmilər dayanmışdılar. Birinci mütərcim olan Ağa Mirzə Fətəli Axundov burada dayanmışdı. Pillələrlə yuxarı qalxdıq və mən çox yoruldum, ayağım ağrıyırdı.

Axundov soruşdu: «Yoruldunuz?». Dedim: «Əgər bir qədər ayaq saxlasaydım, çox yaxşı olardı».

Birinci otaqda eşikağasıbaşı dedi: «Əgər istəsəniz, bu divan­da oturaraq bir qədər dincinizi ala bilərsiniz».

Dərhal portağal şirəsi və böyük bir boşqabda şirniyyat gətirdilər, bir qədər şirə içdim. Eşikağasıbaşı dedi: «Siz nə zaman istəsəniz, həzrət canişin sizi qəbul etməyə hazırdır». Dedim: «Bu qədər ki, oturdum və dincəldim, artıq onun xidmətinə yetişmək və söhbət etmək mümkündür». Ayağa qalxdım, eşikağasıbaşı daxil oldu, baş xidmətçinin mənim üçün açdığı qapıdan içəri daxil oldum. Axundov da mənimlə gəldi. Mirzə Əsədulla xan və sair üzvlər, hamı bayırda idilər.

Otağa daxil olduğum vaxt canişin ayağa qalxdı. Əynində rəsmi libas, çiynində aşırma lent vardı. Şahın şəkli olan orden də taxmışdı və başqa ordenlər də vardı. Canişin bir-iki addım irəli gəlib, əlini mənə uzatdı və görüşdü, ayaq üstə hal-əhval soruşdu. Sonra divanın üstündə əyləşərək mənə yer verdi.

Mən ədəb xatirinə əvvəl onun əyləşməsini gözlədim, israr edərək sağ tərəfdə əyləşdirdilər.

Canişin dedi: «Vaxtilə bu otaqda İran şahənşahını qəbul etmişəm».

Dedim: «Otaq uğurlu otaqdır ki, iki şahənşahı qəbul edib yəni İmperatori-əzəm də buraya təşrif gətirmişdir». Canişin şahı soruşdu və bir sıra məsələlərlə maraqlandı. Mən orada xeyli vaxtdan bəri olmadığım üçün elə bir məlumat vermədim. Sonra o, dənizlər, İstanbul və Misir barədə soruşdu. Söhbət etdik. O dedi ki, şah ölkədə olmadığı vaxtlar sizin sayənizdə vilayətdə əmin-amanlığın olduğunu eşitmişəm. Bu böyük işdir.

Ərz elədim: «Mübarək şahənşah vilayətdə nizam-intizam yaratmışdır. Mən xidmət edirəm, eyni zamanda. Rus dövlətinin ölkədə səlahiyyətli nümayəndəsi müsyö Biger də bilir ki, siz şahənşahın və imperatorun xidmətində layiqlı şəxsiyyətsiniz və öhdənizə düşən vəzifəni yerinə yetirirsiniz».

O məndən soruşdu: «Siz Gəncə yolu ilə getmək istəyirsiniz, yoxsa Nuxa?» Ərz elədim: «İndi eşitdim ki, Nuxa yolu çox palçıqlıdır. Əlbəttə hər yoldan gedərəm, bu haqda canişinə çatdırılacaq». Ərz elədim ki, bacısının dünyasını dəyişməsi ilə əlaqədar başsağlığımı qəbul etsin. O da razılığını bildirdi.

Sonra mən onu bu yaxınlarda bir övladının da dünyaya gəlməsi münasibətilə təbrik etdim. Güldü və dedi: «Yeddi övladım var. Bu, dördüncü oğlumdur ki, Qafqazda doğulub».

Mən getmək istədim və yerimdən qaxdım. O təklif etdi ki, otaqlara tamaşa edim, irəli düşərək bir otağın qarşısında dayandı. Dedi ki, bu qibleyi-aləmin (İran şahının) yataq otağı olmuşdur, göründüyü kimi sadə bir otaqdır. Burada həm də imperator gecələmişdir.

Ərz elədim ki, əgər zahiri ziynət yoxsa da, onlar mənəvi ziynətə malikdirlər və asudə, rahat yatmışlar.

Həmin otaqdan çıxdıqdan sonra divarda uzunluğu 2 zər yarım olan Qafqazın xəritəsini gördüm. Burada bütün dağlar öz əksini tapmışdı. Mənə bir-bir məlumat verdilər. Elbrus dağının başının həmişə qarla örtüldüyünü, onun şimal və qərb tərəfinin çərkəslərin dağlıq əraziləri olduğunu dedilər.

Dağın arxası çeçen vilayətidir. Onlar bizimlə xeyli vuruşmuşlar, orada çox meşəlikdir. Xəritədə Şamilin yerini göstərdilər. Şeyx Şamil Dağıstanın sünniməzhəb, görkəmli şəxsiyyətlərindən idi. Dağıstanın istiqlalı uğrunda terrora qarşı mübarizə aparmış, Rusiyaya böyük təzyiqlər gös­tərmişdir. Tolstoy «Hacı Murad» adlı kitabına onun sər­darlarından birinin adını vermişdir. Şamil illərlə mübarizə apardı, lakin İran və Türkiyə ona yardım etmədi (?). Qələbəyə nail ola bilmədiyi üçün dindar şəxsiyyət olduğundan ibadətlə məşğul olur, Məkkəyə gedir. Şeyx Şamil miladi 1797-ci ildə Dağıstanın Gümri aulunda anadan olmuşdur. 1876-ci ilin mart ayında Mədinədə vəfat etmişdir. Doktor Abdulla Rzanın və «Tarixi-Ricali-İran» əsərinin müəllifi Mehdi Bamdadın yazdığına görə Şeyx Şamilin mübarizəsi iyirmi beş il davam etmişdir.

Xəritədə Dərbəndi göstərdilər. Ərz elədim: «Dərbənd qapısı, tarixçilərin yazdıqları kimi Ənuşirəvandan qalmış, çox qədimdir. Bu, dağlardan dənizədək çəkilmiş divarın qapısıdır. Onun qapıları gecələr bağlı olurdu». Canişin buyurdu ki, doğrudur, həqiqətən qədimdir. Ənuşirəvanın tarixini soruşduqda, təxminən 1400 il olduğunu bildirdim.

Sonra Tiflisdən Vladiqafqaza gedən yolu göstərdilər. Poti-Tiflis dəmir yolunu da göstərdilər və Badkubəyə gedən yolu nişan verərək, bu yolla gedəcəyimi bildirdilər. Bu, Nuxanın səfalı yollarıdır. Sonra Şuşaya gedən bir yolu göstərdilər. Buyurdular ki, bura, Şuşa dağlıq ərazidir və Bəhmən Mirzə oradadır.

Ərz elədim ki, doğrudan da Bəhmən Mirzəyə çox iltifat göstərirsiniz. Belə möhtərəm şəxslərin imperatorun iltifatına ehtiyacı vardır. Canişin buyurdu ki, buna baxmayaraq o, həmişə narazıdır. İranda ona məxsus bir neçə kəndin iddiasını edir və dövlətin onları zəbt elədiyini deyir.

Ərz elədim ki, böyük qardaşım haqqında bəd danışmaq mənim üçün ədəbdən kənar olardı, lakin şahzadə bu ifadəsində və fikrində haqsızdır. Çünki Azərbaycanın yeddi illik gəlir-çıxar dəftəri, çatacaq məbləğlərin yazılması işlinə başl­a­nıl­ma­mış­dır və dövlət onun haqqında kifayət qədər məbləğlərlə hörmət etmişdir

Canişin dedi: «Hal-hazırda onun (Bəhmən Mirzənin. – T.H) yeddi övladı hərbi xidmətçidir və onlar rütbə sahibidirlər».

Ərz elədim: «Möhtərəm Sərkara yaraşandır ki, nücəba və şahzadə övladları belə tərbiyə olunurlar».

Sonra xəritədə Muğanı nişan verdilər. Mən xəritənin rus əlifbası ilə olduğuna işarə edərək dedim ki, burdakı yer adlarını əvvəldən bildiyim üçün deyə bilərəm ki, bura haradır, ora haradır.

Canişin çox təəccüb etdi: Mirzə Fətəli ərz elədi ki, filankəs bu şəxs (Fərhad Mirzə. – T.H.) yazdığı coğrafiya kitabında Ağrı Dağını göstərib. Mən ərz elədim ki, Ararat həmin dağdır ki, müqəddəs kitablarda bu dağın İran və Osmanlı sərhəddində olduğu göstərilir. Osmanlılar Aleksandropol şəhərini Gümrü adlandırırlar. Sonra o, əlini uzadaraq əlimi tutdu, mənimlə vidalaşdı və dedi: «Sizinlə görüşməyimə xeyli şad oldum». Sonra məni bir neçə addım müşayiət etdi. Mən də xudahafizləşib Axundovla bərabər otaqdan çıxdıq. Məclis təxminən bir saat çəkmişdi. Eşikağasıbaşı və digərlər bizim arxamızca gələrək həmin kalyaskaya əyləşdirdilər və konsulxanaya gəldik.

Axundov küçədə bizimlə vidalaşdı.

Axşamçağı Mirzə Əsədulla xanla birlikdə cənab knyaz Meriyskini görməyə getdik, lakin evdə yox idi, kart verib qayıtdıq, bir qədər küçə və bazarda gəzişib mənzilə gəldik.


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə