Azərbaycan miLLİ elmlər akademiyasi


Babi-Aliyə yazdığım ərizənin surəti



Yüklə 2,9 Mb.
səhifə22/27
tarix16.11.2017
ölçüsü2,9 Mb.
#10537
1   ...   19   20   21   22   23   24   25   26   27

Babi-Aliyə yazdığım ərizənin surəti

Üzrxahlıq edilir ki, Babi-Aliyə zəhmət verilir:

Bu bəndə iki gün Şamdan gələn məhməlin (hər il Qahirə və İstanbuldan Məkkəyə göndərilən hədiyyə - T.H.) Mədineyi-Münəvvərəyə çatmasını gözlədi.

Qadir Ağayi Şami Məhməli-Şərifin həmlədarı və əhli-vilayət olduğu üçün dedilər ki, dəvələrin və malın kirayə haqqını o bədbəxtdən almağı qərara almışlar. Ondan Məkkeyi-müəzzəməyədək və oradan geriyə yolun Ərəfat və Minadan qayıdanadək olan yol haqqını müzakirəsiz aldılar.

Cümə günü Ziqədəül-həram ayının 25-ində axşam yüklər Cəbrayıl pasibanın astanasından dəstur izn alındı və yük yola düşərək Zülhəlifəyə çatdırıldı.

Gecədən 2 saat keçmişdi. Mənzilə gəldiyimiz vaxt xəbər yayıldı ki, iki cüt sandıq oğurlanmışdır və orada qızıl əşyalar olmuşdur. Belə ki, onların dəyəri 2 min İran tüməninə bərabərdir. Bu barədə İran səfirliyinə məlumat verildi. Həmin vaxt Qadir Səyyadı, Haşım Damadı, Hacı İsmayılı, Əkkambaşı Ərəbnümanı nə qədər soruşduq, onlardan xəbər verən olmadı. Ax­şam Səid Paşa üçün xəbər göndərdik, dedilər ki, yatmışdır. Sə­hər öyrəndik ki, o, Şeyxül-Hərəmin yanındadır. Oğru ilə şə­rik olanı və karvanın başçısı Qadiri isə ta Məkkeyi Müəzzə­mə­yə qədər görmədik.

Hər kəsdən soruşduq, biri dedi ki, gərək komissiya düzəldilsin, biri dedi ki, gərək mühakimə olunsun, digəri də söylədi ki, bu sual-cavabın heç bir faydası yoxdur. Çünki bu hal islamda birinci dəfə baş verməyib. Bu yolda çox mal tələf olmuşdur. Bu bəndəyə məlum oldu ki, Qadir Ağa kimdir. Dəvələri yükləyənin eyni zamanda dəvələrin sahibi olduğunu Səid paşa, Ağa Seyid Həsən və Hacı Məhəmməd Ağa da təsdiq etdilər.

Qüdur adlı şəxs hələblidir. Qadir bizim Qüduru tanıdı­ğı­mı­zı bildikdən sonra onu gizlicə yox elədi. Biz onu bir daha görmədik.

Biz Səid paşadan Qadirin tapılması üçün səy göstər­mə­si­ni çox tələb etdik. O isə “qanuna xilafdır” deyə israr edirdi.

Səid paşaya kəskin şəkildə bildirdik ki, bir neçə gündən son­ra İstanbula gedəcəyik, orada dövlət başçıları xəbər tut­duq­da, sizi töhmətləndirəcəklər.

O isə dedi: “Bizim əlimizdə Qanun kitabı vardır. Heç kəs mənə töhmət edə bilməz”. Bu bəndə sakit tərzdə izah etdi: “Oğ­ru zəvvarların karvanında olmuş və gizlənmişdir, karvan­dan yüz addım aralandıqda, nə Əmirhacın qüdrəti oldu ki, onun ar­dınca əsgər göndərsin, nə də əsgər bir addım ataraq oğrunun da­lınca getmədi.

Əgər oğru yerindəcə tutulsa idi, onda sözsüz ittiham et­mək üçün məclis qurulardı (Dastan kimi uzun-uzadı əhvalat!)

Şamın və köçəri ərəblərin zatında olan oğurluq adətləri onları gecə-gündüz zəvvar karvanlarının arasında dolandırır, bu, insanları narahat edir, oğrular isə soyğunçuluqla məşğul olurlar.

Elə bir gecə olmur ki, bir xurcun oğurlanmasın. Elə bir gün olmur ki, bir dəvə öz yükü ilə oğurlanmasın. Dəvə tapıldıqdan sonra soruşurlar: “Bu dəvənin yükü necə oldu?” Dəvəni tapan dedi: “Mən biyabanda bu dəvəni yüksüz tapmışam”.

Kim ki, Beytül-hərəmin ziyarətindən sağ-salamat vətənə, evinə qayıdır, kəramətdir, möcüzədir!

Məkkeyi-müəzzəmədə də cənab Hicaz valisi Təqiəddin paşaya məlumat verilmişdir. Dövlət adamlarına məlumat çatdırıldıqdan sonra bilinəcək ki, Hicazda deyilən bu hadisə uydurma deyil, həqiqətdir. Belə bir məsəl var ki, dəmiri isti-isti döyərlər. Lakin bunlar dəmiri soyuq döyürlər.

Məlum oldu ki, bu bəndənin də malı lazımi qədər qiymətləndirilməmişdir. Hətta Qadir ağa ümumi yığıncaqda bu işdən qətiyyən xəbəri olmadığını israr etdi. Haşımın xətti ilə yazılmış pulun miqdarı olan kağız onun kürəkənində aşkar edilməsinə baxmayaraq, malı ondan tələb etmək mümkün olmadı. Macal və fürsət olmadığına görə bu bəndə israr etmədi. İndi isə dövlət adamlarına bildirmək zəruridir.

Allahın fəzlindən, İran şahənşahının nemətindən və mərhəmətindən bu bəndeyi-zəlilin cüzi miqdarda olan mala ehtiyacı da yoxdur. İran şahı özü ona 10 min lirə nəqd pulu səfər xərci üçün ayırmışdır. Qurani-Kərimdə buyurmuşdur ki, “gecələr, gündüzlər arxayın gəzin, dolaşın buralarda (Səbəə sürəsi, 18-ci ayə) lakin indi bunun xilafına oğurluq baş vermişdir.

Qadir ağa Şami və onun kimilər insafdan, mürüvvətdən uzaq olan adamdırlar. Heç kəs onun kimi hərəkət etməzdi. Mən təəssüf edirəm ki, Səfərnamədə bu barədə yazıram və çap olunacaq. Nə edərlər və nə deyərlər ixtiyar onlarındır. 25 məhərrəm-ul-həram 1293 hicri 1876, 23 fevral).
İstanbulda dayandıq. Osmanlı sultanı ilə görüş

h.q. 1293-cü il, məhərrəm ül-həramın son günü, şənbə (1876). Səhər Rusiya səfirliyinin 1-ci mütərcimi müsyö Anov gəlmişdi. Günorta vaxtı Damad Rəşdi paşa (Baş konsulun adyutantıdır – T.H.). 4 atlı kolyaskanı mənim üçün gətirmişdi. Digərləri üçün atlı fayton da var idi. Biz Sultanın hüzuruna getməli idik. Günəşin batmasına iki saat beş dəqiqə yarım qalmış səfirlikdən çıxdıq. O faytonlardan biri heç lazım olmadı. Vəziri-muxtar və mən dörd atlı faytona əyləşib yola düşdük. Beşiklidaş imarətinə daxil olduqda, təşrifatçıbaşı Kamil bəy irəli gəlib dedi: “Dünən axşam yorğun olduğum üçün və qonaqlıqda soyuqladığım üçün səfirliyə gələ bilmədim, gərək bağışlayasız”. Onun yanında mabeynçibaşı (sarayda müavin olub, gələn qonaqları şahın hüzuruna müşayiət edən – T.H.) Məhəmməd Hafiz bəy idi. Əvvəlcə gözləmə otağında bir qədər əyləşib, qəhvə içdik. Ondan sonra hüzura müşərrəf olduq. Əlahəzrət Sultan ayaq üstə idi, biz otağa daxil olduqda o əyləşdi və bizə də oturmağa icazə verdi.

Sultan əhvalımızı soruşdu, sonra vəziri-muxtarın əhvalın soruşdu və ona əyləşməyə icazə verdi. Şükür edərək bizi ikinci dəfə gördüyünə sevindiyini bildir­di. Mən dedim: “Ziyarətə getdiyimiz vaxt siz bizə sağ-salamat gedib-qayıtmağı­mızı dilə­miş­diniz. Şükürlər olsun ki, bir daha salamat mübarək hüzu­ru­nu­za gəlmək bizə nəsib oldu”.

Sultan buyurdu: “İndi də deyirəm ki, siz evinizə, vətə­ni­ni­zə sağ-salamat gedəcəksiniz və mənim sizlərə qəlbən sə­da­qə­ti­mi şahın hüzuruna çatdıracaqsınız”.

Ərz edim ki, humayunun xəstəliyi yorğunluqla əlaqədar idi.

Sultan buyurdu: “Həzrəti-şah teleqrafla əhvalımı soruş­muş­du, xeyli xoşhal oldum”.

Sonra vəziri-muxtara dedi: “Nə üçün teleqrafı özün gətir­mə­din?” Ərz elədi ki, narahat etməmək üçün belə oldu. Sultan isə buyurdu ki, belə fikir etmək əbəsdir. Sonra bizimlə səmimi gö­rüşüb salamlarını şaha çatdırmağı xahiş etdi.

Mən ərz elədim ki, bu iki dövlətin birliyi biz bəndələri çox sevindirir, bu iki islam dövləti və millət qüvvətlənir. Sultan bunu təsdiq elədi və onu narahat edən çiban barədə şikayətləndi. Ərz elədim ki, bu qədər təşvişli olmağa əsas yoxdur, lakin onun ağrılı olması böyük naxoşluqlardan daha çox narahat edir. O, mənim bu fikrimi təsdiq elədi. Mən bir qədər “Məsudiyyə” gəmisini təriflədim. O buyurdu ki, ondan da yaxşısı “Məmduhiyyə”dir, onun topu daha böyükdür, gətirəcəklər. Sultan buyurdu: “Bu gəminin şəklini özüm çəkmişəm. Bu gəminin hər yerinə tamaşa etmisənmi?”

Vəziri-muxtar ərz elədi ki, iki dəfə həmin gəmiyə tamaşa etməyə getmişik.

Ayrılarkən ərz elədim ki, Mədinə və Məkkədə bəzi nöqsanlara təsadüf edib yazmışam. Sədri-əzəm sizə çat­dı­ra­caq­dır. Əgər əlinizə çatsa, görəcəyiniz işdə mənə də cavab çata­caq­dır, islam dininin qüvvətlənməsinə səy göstərmək dövlətin qüv­vət və şöhrətinin artması deməkdir.

Sultan məni əmin etdi ki, yazdığıma baxacaq və əlbəttə, yazı­lanların hamısı səhihdir. Sultanın yanından mürəxxəs olub çıxdıq.

Mabeynçibaşı dedi: “Bu otaqda bir qədər nəfəsinizi də­rin”. Biz yenə əvvəlki otaqda əyləşərək çay içdik. On-on beş də­qiqə­dən sonra qalxdıq və həmin faytonda mənzilə qayıtdıq.

İran səfirliyinin yaxınlığında Rusiya dövlətinin səfiri-kə­bi­ri general İqnatyevi gördüm və o, məni görmək üçün gəl­di-yini söylədi. O, vidalaşmaq üçün gəlmişdi. Bir qədər yubansa idim, o, çıxıb gedəcəkdi. Mən dedim: “İki gün bundan əvvəl də gəl­diyinizi bilirəm. Xəcalət çəkirəm. Bu gün də görüşməsə idik, təəssüf edəcəkdim və unuda bilməyəcəkdim.

O bizi bir qədər ötürdü. Fayton səfirliyə gəldi, bir qədər, yarım saata yaxın oturaraq, xeyli söhbət etdi. O dedi: “Gəmi ka­pitanına demişəm ki, bu şahzadə mömin insandır. Namaz vax­tı salonda heç kəs olmamalıdır, o, əgər səndən narazı olsa, günahkar olacaqsan. Bu gün səhər Sədri-əzəmi görməyə get­miş­dim, sizdən çox razılıq edib tərifləyirdi. Kaş bizim şahza­də­lər də belə ola idi – deyirdi. Dünən axşam dövlətin bütün əyan­la­rı sizin söhbətlərə maraqla qulaq asırdılar. Sizin mərifət və elm sahibi olmağınızı tərifləyirdilər”.

Rusiya dövlətinin səfiri-kəbiri ilə söhbət zamanı müxtəlif fikirlər oldu. Ayağa qalxıb gedən vaxt dedi: “Xakpayi-şaha çatdırın ki, İran dövlətinin problemini özümüzünkü bilirik”.

Mən söylədim ki, onun bu qayğısını çatdırarıq. Vəziri-muxtar həmçinin. Həmişə ondan razı qalmışdır.

Günəşin batmasına üç saat yarım qalmış xudahafiz­lə­şə­rək getdilər. İnsafən ağıllı və zirək insandır. Osmanlı dövlətinin iş­lərindən o qədər yaxşı xəbəri vardır ki, heç o dövlətin əyan­la­rı onun kimi xəbərdar deyillər. Səhər Paşa da bir nəfər öz adam­larından göndərərək, onun vasitəsilə üzrxahlıq etdi. Mən isə dedim ki, sizin övladınız olan Sami paşa ilə görüşüb söhbət et­mişəm. Sizi görmək istəsəm də, işinizə mane olmaq, işdən etmək istəməmişəm.

Günəşin batmasına üç saat qalmış hay-küy düşdü və məlum oldu ki, yaxınlıqdakı Semendefrxanada yanğın baş vermişdir, sahibinə xeyli ziyan dəymişdir. Gündüz olduğu üçün yanğın tez söndürüldü.

Axşam Ehtişamüddövlənin anası və xidmətçilər gəmiyə getdilər. Vəziri-muxtar dedi: “Gəmi axşam 11-dən sonra yola düşəcək. Siz şam yeməyinə gedə bilərsiniz”.

Şam yeməyindən sonra gecədən 3 saat yarım keçmiş gəmiyə gəldik, nə qədər israr etdim ki, vəziri-muxtar zəhmət çəkərək bu qaranlıq gecədə qayıqla gəmini müşayiət edib yola salmasın, razı olmadı. O, gəmidə yarım saat da oturdu və saat 4-də qayıtdı.

Bu gündəliklərdə Osmanlı sultanları haqqında bir sıra məlumatlar verildiyi üçün indi Əlahəzrət Sultanın tərcümeyi-halını verməyin məqamıdır.

Əlahəzrət Sultan Əbdüləziz xan II Sultan Mahmud xanın 2-ci oğludur.

h.q. 1245-ci il şabanül-müəzzəm ayının 15-də anadan olmuşdur (1830-cu il, 11 fevral).

Qardaşı Sultan Əbdülməcid xanın vəfatından sonra, 1277-ci ilin zilhiccə ayının 17-də (1861-ci il iyunun 26-da) hakimiyyət taxtına əyləşmişdir. Hakimiyyəti dövründə heç bir Osmanlı sultanının təşrif buyurmadığı Misir məmləkətinə tamaşaya gəlmişdir. Bu, h.q. 1279-cu (1862) ilə təsadüf edir. O, h.q. 1284-cü (1867) ildə Parisdə təşkil olunmuş nümayiş­gaha gəlmişdir. Bu səfər həmin ilin rəbiül-əvvəlində başlamış və rəbiül-axir ortalarına qədər davam etmiş, sonra Sultan Əbdüləziz İstanbula qayıt­mışdır. Bu səfər zamanı Sultan Əbdüləziz Rusiya dövlətindən başqa, bütün Avropa hökumət başçıları ilə görüşmüş və Londonda böyük ehtiramla qarşılanmışdır. Lakin Fransadan xeyli narazı qayıtmışdır, çünki Lui III Napoleon ona o qədər də ehtiram və hörmət göstərməmişdir. Sultan Əbdüləziz hal-hazırda 15 ildən bir qədər az müddətdir ki, hakimiyyət taxtındadır.


İstanbuldan Qara dəniz istiqamətinə hərəkət

h.q. 1293-cü ilin səfərül-müzəffər ayının 6-sı yekşənbə günü (1876, 3 mart) günortadan bir saat keçmiş Günəş yenicə qalxmışdı ki, gəmimiz yola düşdü. Bu buxar gəmisi Rusiya kompaniyasının gəmilərindəndir. Kapitanın adı müsyö Jan Qurkoviçdir. O, səkkiz xarici dil bilir. Bunlar ingilis, fransız, rus, alman, italyan, yunan, serb, macar dilləridir, bu dillərdə danışır, həm də yazır. Türk dilini də bir qədər bilir. Kapitanın 38 yaşı vardır və 18 yaşından bu xidmətə daxil olmuşdur. Əslən serbdir. Kapitan Qurkoviç 6 ildir ki, bu gəmidə xidmət edir. İldə 18 dəfə Potidən İstanbula gəlib-gedir.

Gəminin adı Veste, çəkisi püstədir! Uzunluğu 220 fut, eni 25 fut, hündürlüyü isə 24 futdur. Maşının gücü 140 at gücünə bərabərdir. Saatda 12 mil hərəkət edir. Kapitan builki soyuğu və Qara Dənizdə havanın dəyişkənliyini bəyənərək tərifləyirdi. O deyirdi ki, 15 ildən bəri belə soyuq olmamışdı. Odessada dənizin içərisinə doğru 100 verst su donmuşdu və gəmilər 2 həftə heç vəchlə daxil ola bilmirdilər. Sevastopolda da dəniz hər tərəfdən 7-8 metr buz bağlamışdı. Qara dənizin suyu buraya daxil olan çoxlu sayda çayların təsirindən digər dənizlərdən fərqli olaraq bir o qədər də şor deyildir. Bu dənizin balıqlarının dadı, suyu şor olan dənizin balıqlarından heç də fərqlənmir.

Günortadan 4 saat keçmiş Bosfor boğazından çıxıb sağ-salamat Qara Dənizə daxil olduq. İlahinin fəzli ilə hava soyuq olsa da, mülayimdir, dəniz sakitdir.


Veste gəmisinin İnepoli istiqamətinə hərəkəti

h.q. 1293-cü il səfərül-müzəffərin 2-si, düşənbə. (1876, 29 fevral)

Gündüz də, gecə də keçdi, İlahinin fəzlindən, dağlardan əsən külək dənizi sanki yaşıl çəmənə çevirmişdi.

Gəminin kapitanı deyirdi ki, bu dənizdə çoxlu xətalar da, eyni zamanda parlaq sular da görünür, lakin indiki qədər, bu cür mülayimlik, sakitlik çox az hallarda olur.

Günortadan dörd saat keçmiş Krım burnuna (Kermp Burun) çatdıq.

İnepolidən İstanbuladək 232 mildir. İnepoli kiçik bir limandır. Əhali yaşayan ərazisindən kiçik bir çay da keçir.

Gəminin sürəti 8 mildən artıq deyil. Bu sürətlə gəmi sabah gündüz Samsuna yetişəcəkdir.

Dənizin kənarında Anadolu sahilləridir və hər yerdə qar, meşə və yaşıllıqlar görünür. Göz önündə əlvan rənglər peyda olur, hər yer abaddır.

Anadolu dünyanın gözəl məmləkətlərindən sayılır. Gəmimiz saat yarım İnepolidə dayandıqdan sonra yola düşdü.

Sahildən 6 saatlıq məsafədə, uzaqda Bafra bölgəsi yerləşir. Bu vilayətin hər yerində tütün becərilir. Buradan hər diyara, hər vilayətə xarvar-xarvar tütün aparılır. Samsundan Bafraya qədər bütünlükdə tütün sahələridir.

Bu gün də hava, əlhəmdülillah, yaxşıdır və dəniz sakitdir.

İnepolidə kompaniyanın agenti gəmiyə gəldi. Əhvalımızdan sonra kapitanımızdan razı qalıb-qalmadığımızı soruşdu. Mən cavab verdim ki, çox yaxşı, xoşxasiyyət bir insandır, lakin həddindən artıq gülür. Agent dedi ki, çox gülməyinin səbəbi budur ki, arvadı yoxdur, övladı yoxdur, azaddır və bir qədər də pulu var.

Agent rus dilində dedi: “Şahzadə belə buyurdu, mən də belə dedim. Bir nəfər nəzərimdə var, gəlin etmək istəyirəm deyə güldü.” Mən dedim ki, hələ gülsün, ağlamağa az qalıb.” Agent elə yüksəkdən güldü ki, bu səs bəlkə də bütün İnepolidə eşidildi.

Şeyx Sədi burada belə demişdir:

Ey gereftar o paye bənd-e əyal

Digər asudegi məbənd xəyal

(Ey ayağı ailə bəndinə bağlanmış

Daha azadlığı xəyalına gətirmə)


Samsun limanı

h.q. 1293-cü il səfərül-müzəffərin 3-ü, seşənbə (1876, 1 mart)

Günortadan yarım saat keçmiş Samsun limanına daxil ol­duq. Bu yer İnepolidən 145 mil məsafədə yerləşir. Gəmi bu­ra­da 3 saat dayandı. 70 nəfər gəmi sərnişini Samsunda düşdülər. Dü­nən axşam dənizin havası əvvəlcə bir qədər təlatümlü oldu, sə­hərə yaxın sakitləşdi, bu gün də hava xeyli yaxşı və mü­la­yim­dir.

Günəş batana yaxın Yasun burnuna yetişdik. Biz oradan bir top gülləsi qədər məsafəsində aralı idik, oradan Onua bur­nu­na çatdıq. Bu vaxt axşamdan 3 rüb keçmişdi. Ordu lima­nın­da gəmimiz dayanmadı, oradan keçərək gecədən 4 saat keçmiş Kire­zuna çatdıq. Orada bir saat dayandıqdan sonra yolumuza da­vam etdik.


Trabzon istiqamətinə hərəkət, limana tamaşa

h.q. 1293-cü il, səfərül-müzəffərin 4-ü, çəharşənbə (1876, 2 mart)

Dan yeri sökülən zaman biz Kipyurusdan bir güllə məsafəsi qədər uzaq idik. Buradan Trabzona qədər olan məsafə isə 13 mildir.

Günortadan 2 saat keçmiş Trabzon limanına çatdıq. Sam­sun­­dan Trabzonadək 173 mildir.

Limana daxil olduqdan sonra bizi Trabzonun Baş konsulu Hacı Mirzə Həsən xan və tacir Hacı Əli Əsgər və digər tacirlər qarşıladılar. Vali Paşa dəftərdarı təbrik üçün göndərmişdi. Bizimlə yanaşı 100 qədəm aralı Osmanlı dövlətinin gəmisi dənizdə idi və o, bu gün axşam İstanbula yola düşəcəkdi.

Mən dəftərdara dedim: “Hər yerdə adət budur ki, gəmi bir yerə çatdıqda bayraq görünür, gəmi də bayraq göstərir. Necə olur ki, bu gəmidə imperator bayrağı və İranın bayrağı göstərilir, lakin onlar cavab vermirlər, yəqin ki, kapitanda bayraq olmamışdır.”

Dəftərdar dedi: “Bilmirəm niyə unudulmuşdur.”

Dərhal adam göndərdi, elan etdilər və bayraq ucaldı. Kapitan da ucadan güldü ki, o gəminin kapitanı yatıbmış, siz dediniz və o yuxudan ayıldı.

Bir saatdan sonra Vali Paşa deyilən Əhməd Rasim Paşa, Trabzon hakimi və tabeliyində olanlar gəmiyə gəldilər. Yola düşən vaxt da Müşarileyh Trabzonda idi və gəmiyə gəldi, təəssüf etdi, dedi: “Trabzona tamaşa edə bilmədiz. Əgər meyliniz varsa, qayıq hazırlasınlar, gəzməyə çıxın.” Mən ona dedim: “Müzayiqə etmirəm. gəmi hələ dayanmışdır. Trabzona tamaşa etmək lazımdır.”

Günəşin qürub etməsinə 6 saat qalmış Vali Paşanın göndərdiyi bir qayığa əyləşib (Mirzə Həsən xanla) getdim. Bir dəs­tə əsgər Miralayla sahildə dayanmışdı. Burada çox əsgər yox­dur. Hətta balaban və şeypur yox idi. MirzəHəsən xan dedi: “Əs­gərlər Ərzrum və Batumdadır. Onlar da top tüfənglə məş­ğul­­durlar, balaban və şeypurları yoxdur.”

Fayton sahilə yaxınlaşdı və biz əyləşdik, hökumət evinə getdik.

İmarətin yaxınlığında Vali Paşa pillələrdə bizi qarşıladı və bizimlə yuxarı qalxdı.

Çay içdikdən sonra faytona əyləşib Qabaq Meydanına tama­şaya getdik. Bu meydan Trabzonun daxilində yerləşir. Dərə­nin üzərindən taxta bir körpü keçir və dərə çox dərindir, su­yun məcrası burdadır. Dərənin ətrafı əhalinin yaşadığı yerlərdir.

Trabzonda olan qədim qala və qədim bürc daşdandır, üzə­rin­dəki əhəng izləri hələ də görünür.

Oradan İran dövlətinin konsulxanasına gedərək, qüruba 3 saat qalmış qayıtdıq. Cənab Vali Paşa yenə sahildə dayanıb mə­ni gözləyirdi ki, gəmiyə qədər müşayiət etsin. Biz mü­şa­ri­ley­hlə birlikdə gəmiyə gəldik, salonda əyləşərək söhbət etdik. Bu şəxs çox ağıllı, fransız və yunan dillərini yaxşı bilən insandır. Çətin yunan ifadələrini təshih və əsl mənalarını izah etməkdə mahirdir. Məşhur yunan tarixçisi Herodot Avropada çox məşhurdur və Vali Paşa onun “Tarix”ini türkcəyə tərcümə etmişdir. Mən ona çox təkidlə bildirdim ki, çapa versin. O isə dedi: “Kitabda dövlətin və vəzirlərin mənafeyinə zidd olan məsələlər olduğu üçün bir ədəd çap olunandan sonra qadağan et­mək istədilər, tərcüməçi qorxub Parisə getdi, həmin nüsxə ondadır.”

Həqiqətən əgər türkcə nüsxə çap olunsa, türkcədən fars­ca­­ya tərcümə etmək asandır və bu kitab tarixin xeyrinə olardı. Əs­ə­r­də Əcəm sultanları haqqında yaxşı məlumat təsvir olunmuşdur.

Qəhvə içdikdən sonra getdilər. Sonra Baş konsul Mirzə Hə­sən xan da mürəxxəs oldu. Gəmi günəşin batmasına yaxın bir zamanda yola düşdü.

Bu Herodot indi türklərin Bodrum adlandırdıqları Hali­ka­rnas­da (e.ə. 490-480) anadan olmuşdur. Bu yer Anadoluya tabedir. Miladdan əvvəl, 484-cü ildə Həzrət İsa anadan olmuşdur. İran ordusu bundan 4 il əvvəl İlk dəfə Yunan torpağına həmlə etmişdi. Onun ölüm tarixi məlum deyil, lakin yüz ildən artıq ömür sürdüyünü deyirlər.

Səfərin çəharşənbə axşamı gəminin hərəkəti rahat olduğu üçün mən bikar idim deyə Mirzə Yaqub xanın kağızına cavab yazdım. Tiflisdən poçt vasitəsilə cənab vəziri-muxtar Hacı Möhsün xan Müinulmülkə göndərəcəyəm. Məktubun məzmunu belədir:

Fərhad Mirzənin Müinülmülk vasitəsilə Mirzə Yaqub xana göndərdiyi cavab

Mirzə Yaqub xanın məktubunu gördüm. Kağızın sonunda yazılmışdı: “Bu gün Misirdə dövlət idarəçiliyi, rəiyyətpərvərlik bir nümunədir. Misirdə İslamın əsasları Avropa elmləri ilə qovuşmuşdur. İnşallah, bu cəhət ümumislam məmləkətlərində də olacaqdır.”

Çox təəccüb etdim ki, nə üçün Mirzə Yaqub xan belə yazmışdır. Əvvələn, o mübarək Nil haradan məmləkət oldu (Söhbət Xaqaninin məşhur qəsidəsindən gedir. Orada yazılmışdır:

An Mesre məmləkət ke to didi xərab sod,

Van Nile mükərrəm ke şenidi, sərab şod.

Sən gördüyün o Misir dağılmış

Və o səxavətli Nil də çeşmə olmuş (Xaqani. Divan)

Saniyən, Misirdə rəiyyətpərvərlik yoxdur, rəiyyət-qul, kölə vardır. Harada elə bir ərazi vardır ki, ildə üç dəfə məhsul əkilib-becərilir? Misirin bütün rical və nisaları qul və girov kimidir.

Hər kəs bu sakinlərin halından xəbər tutsa, bilər ki, onlar, necə deyərlər, tikan yeyib yük daşıyırlar. İranda belə rəiyyət varmı ki, hər şeyini həzrətə təslim edə? İranda əhalinin 80%-i bir məzhəbə, bir əqidəyə xidmət edir, bu, çox gözəldir. Misirdə İslamın əsasları necə əbədi qalmış hesab oluna bilərdi ki, qadınlar hicabsız və niqabsız küçələrdədirlər, küçə və bazarlarda spirtli içkilər satılır və içilir. Əgər İranda bir nəfər sərxoş küçə ilə getsə, üləma, şəriət buna pis baxar. Həqiqətən İslamın əbədi əsasları yenə də İrandadır.

Alicah Mirzə Yaqub xan illərlə İranda yaşadığı üçün o, bu əqidədə olmamalıdır.

Allah şahiddir ki, bu fikirləri özümü hallandırmaq üçün deyil, o torpaqda, məkanda bu pak dinə ehtiram üçün deyirəm. Vallah, heç vaxt xilaf yolla getməmişəm və əsassız söz deməmişəm.

Əgər bir məkanda İslamın ismi və rəsmi, adı, adət-ənənəsi qalıbsa, o yer yenə də İrandır. İranı digər ölkələrlə müqayisə etsək, deyə bilərik ki, bu ölkə İslamın tacı, qübbəsidir.

Röyter məni günahlandırıb deyirdi ki, guya mən indiki İranı cavanların bada verdiyini söyləmişəm, əslində İrandan bir şey qalıb ki, ingilislərə və qeyrilərə verilsin?

Röyterə görə bu əməldə mənim günahım çoxdur (Fərhad Mirzə sərvətlərin ingilis Röyterə verilməsinin əleyhinə olmuşdur).

İran barədə cənab müsyö Tir Fransada demişdir ki, İran üçün yalnız hava qalmışdır. Bu şəxs Fransanın məşhur, aqil şəxsiyyətlərindən biridir ki, belə söyləyir. Düzünü söyləməli olsaq, İranın təmiz havası da kədər doğurur və hava şəffaf deyil, onun qüdrəti qalmamışdır ki, istintaq göstərsin. Əgər qüdrətimiz olmasa, çıxılmaz vəziyyətdə qalsaq, düşmən papağımızı götürəcək. İndi isə özümüz papağımızı biixtiyar öz başımızdan götürüb, başqasının başına qoymuşuq.

Günah biganənin və yadın, özgənin ağlındadır. Lakin bu o demək deyildir ki, İranın ixtiyarı əlindən alınsın. Xacə rəhmətüllahın sözlərinə görə:

Çequne şad şəvəd əndərun qəmginəm,

Be ixtiyar ke əz ixtiyar birun əst.

Daxilim necə şad olsun ki, qəmginəm.

(İxtiyarım ixtiyardan asılı deyil )

Rusiya dövləti güclü dövlətlərdən biridir və 100 ildir ki, böyük işlər görmüşdür. 20 il bundan əvvəl öz ölkəsinin ərazisində 1000 verst uzunluğunda dəmir yolu heç yox idi. Heç demirdi ki, ingilisin 100 min verst dəmir yolu var, mənim isə yoxdur. Yavaş-yavaş isə başladı və bunu etdi. İndi artıq 10 min verst dəmir yolu vardır.

Allaha çox şükür indi İran dövləti üçün mümkündür ki, yavaş-yavaş bu işə başlasın və ildə 4-5 fərsəxlik iş görsün, yol salsın. Belə etsə, 7-8 ilə Tehrandan Rəşt və Ənzəliyə dəmir yolu düzələr. Bu da dövlətin ticarətinə rəvac vermiş olar.

Daha nə üçün İranın suyu, dağı, sıx, yaşıl meşəsi, yeraltı kəhrizləri, dənizi, mədənləri Röyterə qismət olsun? Bu isə min uğursuzluğun mayasıdır. Belə bir xəbər də yayılmışdır ki, dəmir yolunun çəkilməsinə ehtiyac varsa, onda müqəddəs Qumdan çəkilsin. Digər tərəfdən 5 milyon vəsait xərclənəcəksə, bu pul yarım milyon insanın rifahına da sərf oluna bilərdi. Bu insanlar ehtiyac içərisində olsalar, dövlətə etinasız yanaşaraq məyus olacaqlar!

Məmnuniyyətlə bununla əlaqədar Avropaya səfər edərdim. Lakin bu indi mümkün deyildir. Əvvələn, Ehtişamüddövlənin anası həmrahdır, onu özümlə aparmaq da, tənha qoyub getmək də düzgün deyildir.

Saniyən, Əlahəzrət Hümayundan icazə almamışam “Cahanqoşa”nın sahibi Mirzə Mehdi xanın sayəsində hazırcavablar işarə verdilər.

Salisən, ərməğan aparanlar nə fayda gördülər ki, mən 60 yaşdan sonra (Tövrata görə cavab yükü daşıyan və sonra bu yükü daşımaqdan daşınan kimsələr belində kitablar daşıyan eşşək kimidir- Surə Cum`a, ayə 5) kuyimdən və əyalımdan uzaqlaşım.

Niyə desinlər ki, filankəs beyti-cəlildən və məqami-xəlildən sonra bal məclislərinə getmişdir. O, bu işi bəhanə edərək Avropanı görmək və salat və sup yemək üçün getmişdir.

Mən ki, cavanlıqda aludə olmamışam, indi qoca vaxtımda nə üçün asudə olmayım? Xalqın bir sözü var:

Şəhərin qapısını bağlamaq mümkündür, müxaliflərin ağzını yox!

Yaxşısı budur ki, ömür vəfa eləsə, Tehrana gedək, yayda Şəmiranda qapını içəridən bağlayıb, kitab səhifəsini açaq. Vəssafın kitabını görmək qeyri-şəffaf, dumanlı hərfləri eşitmək kimidir.

Gecə yarıdan keçmişdi ki, qələbə çalan yuxu qələmi əlimdən saldı. Qara dənizdə, pis halətdə bundan artıq yaza bilmədim.

hicri 1293-cü il səfər ayının 4-ündə, çəharşənbə günü, yəni 1876-cı il, 1 mart.

Fərhad bın-vəlıəhd.


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə