Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,9 Mb.
səhifə2/27
tarix16.11.2017
ölçüsü2,9 Mb.
#10537
1   2   3   4   5   6   7   8   9   ...   27

Müsafiri-Mümtaz

Fərhad Mirzə Mötəmədüddövlə Abbas Mirzə Naibüssəltənənin on beşinci oğlu, Nəsrəddin şah Qacarın əmisi idi. O, fazil bir insan, müqtədir hakim, var-dövlət sahibi olmuşdur.

Fərhad Mirzə h. 1290-cı ildə (1873) Nəsrəddin şah Qacarın Avropaya ilk səfəri zamanı onu müşayiət edərkən, Kürdüstan hakimi idi. Səfərdən qayıtdıqdan sonra Mirzə Hüseyn xan Sipəhsalar vəzifəsindən azad edildiyi vaxt Fərhad Mirzə də Kürdüstan hakimliyindən xaric olunur. O, ingilis Röyterlə bağlanan müqavilənin əleyhinə idi. Qacar əsrində bəzi şahzadələr baş verən yeniliklərə, o cümlədən Baş vəzir Mirzə Hüseyn xan Sipəhsaların mütərəqqi fikirlərinə qarşı çıxırdılar.

Röyterlə bağlanan müqavilənin əleyhinə olmaqla və müqavilənin ləğv edilməsinə çalışması ilə Fərhad Mirzə rusların və ingilislərin nəzərində Röyterə qarşı mübarizənin əsl qəhrəmanı idi. Onun Məkkəyə səfərini Rusiyadan başlaması, Osmanlı, Misir, oradan Məkkəyə hərəkəti adi müsafirin səfəri deyildi, imtiyazlı, seçilən bir şəxsiyyətin qarşılanması təntənəli idi, ona hər yerdə hörmət, ehtiram göstərirdilər.

Mötəmədüddövlə bu səfərə şahanə gedirdi, qarşılanması üçün hər yerdə qabaqcadan hazırlıq gedirdi. «İngilis və rus dər Şərq» kitabının müəllifi Ravlinson yazırdı ki, o sağlam ruhlu, ağıllı və xoşrəftar, vətənpərvər insandır.

Rusiya imperatorunun qardaşı Mixail Nikolayeviç və onun Qafqazda canişini Fərhad Mirzə ilə görüşərkən onun bacarıqlı və ləyaqətli bir insan olmasına görə, Şah və ya Sədr-əzəm olmadığı halda ona ehtiramla yanaşmışlar, sanki şahı və yaxud Sədr-əzəmi qarşılamışlar.

Fərhad Mirzə Qafqazda isti qarşılandı, torpaq iki yerə bölündükdən sonra (1828-ci il Türkmənçay müqaviləsi nəzərdə tutulur. – T.H.) həmin vaxtadək heç bir şahzadə buradan keçib-getməmişdi. Şahzadə ziyarət etdiyi qədim binalar, muzeylər, kitabxanalar, mədrəsələr, karxanalar, heyvanxanalar, bütün bunlar haqqında oxucunu məlumatlandırır. Bu diyarda olan insanlar Fərhad Mirzəyə özlərinin Azərbaycan hakimi, atası alicənab Abbas Mirzənin xidmətində olduqları zamanları xatırladırdılar (Abbas Mirzənin böyük Azərbaycan sevgisi haqqında yazılmış əsərlərdə vurğulanır. – T.H.).

Yerli əhali Fərhad Mirzəyə öz ehtiramlarını onun gəlişi münasibətilə şənliklər, atəşfəsanlıq, küçələri çıraqban etməklə bildirirdi. Bu səfər zamanı onun Mirzə Fətəli Axundzadə kimi tanınmış şəxsiyyətlə görüşləri olmuşdur. M.F.Axundzadə və Cəlaləddin Mirzə, Qacar əsrinin görkəmli, müdrik nümayəndələri idilər. Cəlaləddin Mirzə Fətəli şahın əlli səkkizinci övladı, Nəsrəddin şahın adyutantı olub, gənc yaşlarında vəfat etmişdir.

Mirzə Fətəli Axundzadə Fərhad Mirzəyə özünün ixtira etdiyi yeni əlifba layihələri barədə məlumat vermiş və o əlifbadan «Səfərnamə»də nümunə göstərilmişdir.

Fərhad Mirzə Bakının neft quyularını da təsvir edir, qara qızılın qiymətini Qacar hökümətinin bilmədiyini təəssüflə vurğulayır, Atəşgədəni görür, Qafqazda və Misirdə teatra tamaşa edir və Osmanlı dövlətində at sürmək yarışında iştirak edir.

Mötəmədüddövlə Tiflisdə Rusiya imperatorunun qardaşı Mixaillə, Osmanlı dövlətində olarkən Sultan Əbdüləzizlə, Misirdə hökmdar İsmayıl Paşa ilə və vəliəhdlə, Hicazda Vali Şərif Abdulla ilə görüşmüşdür.

O, «Səfərnamə»də səfər boyu görüşdüyü şəxsiyyətlərin hamısının adlarını göstərmişdir. Burada bütün məzhəbdən olan üləmaların, qazilərin, fəqihlərin, alimlərin və senatorların adlarını, o cümlədən səlahiyyətli səfirlər, vəzirlər, onların arasında aparılan danışıqları verməyə çalışmışdır.


Fərhad Mirzənin yola düşməsi

Mötəmədüddövlə Tehranın şimalında yerləşən Cıdır meydanından yola düşərək Ərəngə dağının ətəyini keçib, Kən kəndində dayanmış, bir gecə burada qaldıqdan sonra o zaman Süleymaniyyə1 adlanan Kərc qəsrinə istiqamət almışdır. Sonra Fərhad Mirzə qədim Qəzvin yolu ilə özünün tiyul və soyurqal torpaqları olan Oğlantəpəyə gəlir, burada qısa bir müddət dayandıqdan sonra yenidən əsl, həmişə istifadə olunan Qəzvin yolu ilə əvvəllər İmamzadəyi-Miskin adlanan Meşkinabaddan Abdul­la­aba­da (indi Əbdülabad adlanır) keçərək Qəzvinə gəlir. Oradan da Xərzan məntəqəsi, Luşan körpüsü, Hərzəvil kəndi, Mənsil körpüsü və Rüstəmabaddan keçərək, Rəşt şəhərinə daxil olur.

Fərhad Mirzə Rəştdə olarkən Gilanda baş vermiş və ölümlə nəticələnən Gilan qızdırma titrəməsi adı ilə məşhur olan malyariyanın yayıldığı barədə eşidir və bir müddət ləngiməli olurlar. Sonra Pirbazar yolundan qayıqlar vasitəsilə Ənzəli limanına gəlirlər. Burada, Nəsrəddin şaha məxsus gözəl qəsrdə dincəlib, şahı 1290-cı ildə (1873) Avropaya aparan həmin «Baryatinski» rus gəmisinə əyləşərək, Xəzər sahillərindən, yəni Astara, Lənkəran və Salyandan keçib Bakıya çatırlar.

«Səfərnamə» müəllifi Bakıdan fayton vasitəsilə Şamaxı və Şəki mahalına gedir, Kür çayını keçdikdən sonra Gəncəyə, İmperator zamanından Yelizavetpol adlanan şəhərə daxil olur. Gəncədə «İranın böyük» söz ustadı, həkim Nizaminin aramgahını ziyarət etməyə tələsir («Səfərnamə»yə ön söz yazmış İsmayıl Nəvvab Şəfa Nizami Gəncəvini səhvən İran şairi adlandırır. – T.H.).

Fərhad Mirzə Gəncədən Şuşaya gəlmiş, orada olarkən Tiflisi fəth eləmək üçün gedərkən Şuşa qalasında öldürülən Ağa Məhəmməd şah Qacarın dayandığı qalanı görür (İsmayıl Şəfa əsl tarixi həqiqəti göstərmir. – T.H.).

Oradan Tiflisə yetişir və dəmir yolu vasitəsilə Poti limanına gəlir. Sonra «Babuşka» adlanan gəmiyə əyləşərək, Batum limanına gedir. Qara dəniz vasitəsilə Trabzon, Samsun, İnepoli limanlarını keçərək İstanbula yetişir.

Fərhad Mirzə İstanbulda bir neçə gün dayanır. Sultan Əbdüləzizlə görüşdükdən və onun şərəfinə təşkil edilmiş ziyafətdə iştirak etdikdən sonra şəhərin görməli yerlərinə tamaşa edir.

O, gəmi vasitəsilə Bosfor boğazını keçərək, Mərmərə dənizinə daxil olur, sonra Dardanel boğazından (ön sözün müəllifi bir yerdə boğuz, digər yerdə təngə işlətmişdir. - T.H.) keçib Yunanıstanın sahillərində Kıprıs (Kipu) və Rudes (Rodos) adalarından və Mediterrane (Aralıq dənizi) dənizindən keçərək İsgəndəriyyə limanına yetişir. Oradan Qahirəyə, Misirin xədivi (hökmdarı. – T.H.) İsmayıl paşanın görüşünə gedir, ehramları görür. Misirdə bir müddət qaldıqdan və görməli yerlərə baxdıqdan sonra Süveyş (Sues) kanalı vasitəsilə (Fərhad Mirzə hər yerdə «Suvis» kimi yazır) gəmi ilə Ciddəyə yola düşür. Lakin gəmi o qədər köhnə və haldan düşmüşdü ki, sərnişinləri yordu və onlar yolda gəmidən düşərək, dəvələrlə yollarına davam etməli oldular. Susuz, quru, yaşıllıq olmayan Ərəbistan səhrasında səkkiz saat yol getdikdən sonra dağlıq yerə çatırlar. Bu yer «Nəss» adlanır. Oradan doqquz saat getdikdən sonra Ciddəyə yetişirlər. Ciddədən Cədidəyə və Mədineyi-Münəvvərəyə gəldilər və həccin ayinlərini yerinə yetirmək üçün Məkkeyi-müəzzəməyə yola düşdülər.

Məkkədə onları vali qarşılamışdı. Ayinləri yerinə yetirib hacı olduqdan sonra Ciddə yolu ilə Vəch limanına gələrək Süveyş (Suvis) kanalından keçirlər. Oradan Port-Səid, Yafa, Hifa və Beyrutu arxada qoyaraq Larnaka və Kıprısı, adalardan Rudosu, Kiyosu keçərək İzmirə daxil olurlar. Sonra Mtilen, Tendes, Çanaqqala, Kallipolidən keçib İstanbula qayıdırlar.

Fərhad Mirzə Mötəmədüddövlə İstanbulda bir neçə gün qaldıqdan və Sultan Əbdüləzizlə görüşdükdən sonra Samsun, Trabzon, Batum marşrutu ilə Poti limanına və Tiflisə yetişdi. O, səfərdən qayıtdığı zaman bu yollardan keçərək Tehrana gəlmişdir: Kaluyna, Siqnaq, Laqudxi (Laqodeti), Zaqatala (Zaqatala), Şəki hökümətinin yerləşdiyi Nuxa, Çaxmaqlı, Ağsu, Şoradil, Şamaxı, Acıdərə, Bakı, Ənzəli limanı və Darülxülafeyi-Tehran.


«Səfərnamə»nin ədəbi dəyərləri

Fərhad Mirzə öz «Səfərnamə»sini səbatlı qələmlə, səriştəli nasir kimi yazmışdır. Müəllifin, dövrün elm və maarifi haqqında dərin məlumatı, «Səfərnamə» müəlliflərinin yazı üslubu ilə tanışlığı əsərin dəyərli yazılmasına meyardır.

Bu səfərnamə elə bir zamanda yazılmışdır ki, fars nəsri tədricən Qaimməqam və digər görkəmli yazıçıların sayəsində Qacarlar dövründə yazılan tərəssül, yeknəsəq və mənasız əsərlər əvəzinə (ön sözün müəllifi burada əsərləri ilə fars nəsrini sadələşdirmiş novator, İran tarixşünaslığında Avropa elmi metodunun banisi kimi tanınmış marağalı Məhəmmədhəsən xan Etima­düs­səl­tə­nə­nin xidmətlərini xatırlatmalı idi. – T.H.) qiymətli əsərlər yaranırdı. Fərhad Mirzənin «Səfərnamə»sində özünün «Münşəat»ından gözəl nümunələrə, o cümlədən mərhum doktor Məhəmməd Müsəddiqin atası Mirzə Hidayətulla vəziri-Dəftərə və İranın Osmanlı dövlətindəki səlahiyyətli nümayəndəsi (vəziri-muxtar) Mirzə Möhsün xana yazdığı məktublarına rast gəlirik. Burada onun məsnəvi və rübailəri, o cümlədən Xaqaninin «Töhfətül-İraqeyn»i üslubunda yazdığı «Məsnəviyi-Məryəmiyyə» və «Mə­qa­me­yi-Əhmədiyyə» əsəri vardır ki, sonuncusuna cavab olaraq Vuqarın yazdığı «Məsnəviyi-Vuqariyyə»ni «Səfərnamə»­nin axırında dərc etmişik.

«Səfərnamə»də şairlərdən Nizami, Xaqani, Hafiz, Cəmaləddin Əbdürrəzzaq, Ənvəri, Nasir Xosrov, Qaimməqam və Tufan Hezar Cəribi xatırlanır. Fərhad Mirzənin ərəb şairlərinə, ərəb-zərbül-məsəli və hikmətli ifadələrinə müraciət etməsi onun bu dilin hökmünə bələd olduğunu göstərir.

«Səfərnamə»nin ədəbi dəyirini, əhəmiyyətini artıran cəhətlərdən biri də Fərhad Mirzənin bəhs etdiyi mənbələrin mötəbərliyini və işlətdiyi ərəb sözlərinin dəqiqliyini gözləməsidir. Xüsusən, fiqh lüğətinin dəqiqliyi bu sahəni tədqiq edənlər üçün gərəklidir.

Fərhad Mirzə yolda rast gəldiyi bütün çay, dağ, çöl, kənd, ağac və otların, qəbilələrin adlarını düzgün vermişdir. Xüsusən, Qafqaz ərazisində olan yer adları, Gəncə və Şirvan xanlıqları haqqında, lüğətlərdə olan ifadələr haqqında dürüst məlumat verir. Lahıc, Dilican, Muğan, Ərəş, Kuran, Ərdəhan, Ərciyan, Zakan, Balkan belələrindəndir.

Bizim müsafirlər böyük söz ustadı Nizami Gəncəvinin məzarına çatdıqda rusların şairin anadan olduğu bu sərvətlə zəngin yerin adını dəyişərək Yelizavetpol qoyduqlarını və şairin məzarının rus əsgərləri tərəfindən zəbt edilərək samanlığa çevrildiyini gördülər.

Bu münasibətlə Fərhad Mirzə Nizaminin «İskəndərnamə»sindən bir parça verir və şairin bu günü, acınacaqlı, ot basmış məzarının bu vəziyyətdə olmasını sanki o zaman gördüyünü söyləyir.

Şahzadə Gəncədən əvvəl, Şamaxıdan keçərkən Xaqanini yad edir, onun doğulduğu yer haqqında səhih məlumat verir. O, şairin bu beytini dərc edir:

Ta külbeyi-mən dər in məkan əst,

Şərvan həme sale Xeyrəvan əst.

(Nə qədər məskənim bu xoş məkandır,

O Şərvan deyildir, bir xeyrəvandır.)

Türkmənçay sülh müqaviləsi bağlanarkən Paşkeviçin tərcüməçisi olmuş Mirzə Abbasəli Şirvani (A.Bakıxanov. – T.H.) özünün «Tarix» əsərində («Gülüstani-İrəm». - T.H.) yazır ki, Xaqaninin əsli Məlhəmdəndir. Bu yer Şamaxının bir fərsəxliyində yerləşən bir qəsəbədir. İndi orada 10-12 ailə yaşayır. Şamaxı şəhərinin əhalisi 30 mindir.

Fərhad Mirzə Kür çayından keçərkən xatırladır ki, yerli əhali bunu vavla, yəni Kur kimi tələffüz edir «Məsalik və məmalik»də yazılır ki, çayın adı İran şahı Kirin (Kuruşun) adından götürülmüşdür. Çay başlanğıcını Türkiyə dağlarından alaraq, Xəzər dənizinə tökülür.

Fərhad Mirzə Bakı şəhərindən bəhs edərkən qədim tarixçilərin «Nüzhətül gülub», «Möcəmül-büldan» kimi əsərlərini xatırladır, Bakı, Badkubə, Baku kimi ifadələrlə səsləndiyini bildirir, «Bakı» sözünün «Allah» mənasına da işarə edir. «Səfərnamə» müəllifi rast gəldiyi İmamzadə və məscidlərin adları, onların sahib və inşa edənləri barədə də dəqiq məlumat vermişdir.


«Səfərnamə»nin tarixi və siyasi əhəmiyyəti

Bu «Səfərnamə» çox böyük tarixi-siyasi əhəmiyyətə malikdir. Fərhad Mirzənin tərcümeyi-halından gördüyümüz kimi, o, Nasiri əsrinin görkəmli şəxsiyyəti olub, Qacarlar dövrünün mühüm titullarından sayılan Mötəmədüddövlə (dövlətin etibarlı adamı. – T.H.)1 tituluna malik idi. Bu titul onun vəfatından sonra övladlarına verilmişdir.

Baş nazir, qəzvinli Mirzə Hüseyn xan Müşirüddövlə vəzifəsindən azad edildikdən sonra (güya burada Fərhad Mirzənin əli varmış) o da Kürdüstan hakimliyindən uzaqlaşdırılmışdır.

Fərhad Mirzə iki il xanənişin olduqdan sonra Nəsrəddin şahdan icazə alaraq Məkkə ziyarətinə getməyi qərara alır. O vaxt Xarici və Hərbi nazirliyin də tabe olduğu Sipəhsalar vəzifəsini Müşirüddövlə daşıdığı üçün onun yanına gedir və deyir: «Mən Sizin vəzifədən getməyinizdə şübhəliyəm. Öz günahsızlığımı sübut etmək üçün Allahın evini ziyarət etməyə gedirəm».

Şübhəsiz ki, Fərhad Mirzənin məqsədi bir tərəfdən Allah evini ziyarət etmək idi və buna maddi imkanı vardı (Qacarlar xanədanının zəngin şəxsiyyəti olan Fərhad Mirzə Kazimeyni 200 min tümən xərcləyib abadlaşdırmış, özü də orada dəfn edilmişdir).

Digər tərəfdən istəyirdi ki, Nəsrəddin şahın qəzəbindən uzaqlaşaraq öz qardaşları və dostları vasitəsilə Mirzə Yusif Mustofiyul-məmalik kimi şahı, möhürü əlinə almağa vadar etsin, hakimiyyəti ələ almaq üçün zəmin hazırlasın.

Beləliklə o, Məkkə səfərindən qayıtdıqdan sonra yenidən şah tərəfindən Fars vilayəti hakimi təyin edilir və beş il ərzində höküməti idarə edərək, böyük sərvət sahibi olur.

Bunlardan əlavə Fərhad Mirzə tarixçi və coğrafiyaşünas olduğu üçün, «Kitabi-Cami-Cəm» onun tarixi coğrafiyaya aid yazdığı əsərlərdən idi. Ona görə də bu səfərin ilk günündən tarixi anları nəzərdən qaçırmayıb, hər şeyi yadında saxlayırdı. Məsələn, «Səfərnamə»də Süleymaniyyə qəsrinin banisi Sədr İsfahani, o qəsrin divarlarında Qacar xanədanının numayəndələrinin surətlərini həkk etmiş Abdulla xan Nəqqaşbaşının adı, Kərəc əhalisinin Süleymaniyyə qalasına köçürülməsinin səbəbi və digər dəyərli tarixi hadisələr olduğu kimi öz əksini tapmışdır.

Müəllif körpülər, karvansaralar, çaparxanalar, yollar salanların, onları təmir edənlərin, hətta yollar, körpülər vəqf edənlərin də adlarını göstərmişdir.

Bu səfərnamədə köhnə sülalələrin adları ilə, tayfalarla tanış oluruq. Şəkidən keçərkən Dünbuli xanədanından olanlara rast gələn Fərhad Mirzə yazır:

«Cəfərabad kəndi sol tərəfdədir, onu Əhməd xan Dünbulinin oğlu Cəfərqulu xan Dünbuli salmışdır. Oraya Xoyun Qarabaş kəndindən yüz erməni ailəsini köçürərək yerləşdirmişdir (Cəfərqulu xan İbrahim xan Cavanşirin və İbrahimxəlil xan isə Qarabağ hakimi Pənah xanın oğludur - ?)».

Fərhad Mirzə yazır: «Badkubədə Hacı Hüseyn bəyin oğlu Cəfərqulu bəyin evindəyik. Hüseyn bəy Kazım bəy Tənkabuninin qız nəvəsi olub. Kazım bəy vaxtilə Nadir şah Əfşar tərəfindən Tənkabundan Badkubəyə köçürülmüşdür. O vaxt Badkubə hakimi Səlim xan idi».

«Bu gün Badkubədə dayandıq, atəşpərəstlərin Atəşgaha (Atəşkədeyi-gəbran) tamaşa etməyə getdim. Bu yer əcəm dövründən indiyədək atəşpərəstlərin məbədi olmuşdur. Divarda qədim pəhləvi, mixi xəttilə nə isə yazılmışdır (Fərhad Mirzə mixi əvəzinə pəhləvi xətti yazmışdır. – T.H.). Badkubənin əhalisi iyirmi beş mindir. Bunlardan beş min nəfəri erməni və rusdur, iyirmi min nəfər müsəlman şiələrdən ibarətdir».

«Şamaxıda şiələrin məscidinə tamaşa etməyə getdim. Məscidi bir neçə il bundan əvvəl tacir Hacı Məhəmməd Rza tikdirib».

Fərhad Mirzə Tiflis torpağına yetişdikdə bizi bir çox sirlərdən agah edir: «Təpənin və «Yağlıca» adlı uçurumun arasında dərin və uzun bir dərə vardır ki, oranı «Şah gizlənən» adlandırırlar. Şəhid şah Ağa Məhəmməd xan Tiflisi cəzalandırmaq üçün getmişdi və bu zaman Gürcüstan valisi ona qarşı ordu göndərmişdi. Şəhid şah bu dərədə pusqu qurmuş və gürcülərlə vuruşaraq onlara qalib gəlmişdir. O, cənubdakı dağdan həmlə edərək şəhəri almışdı. Bu hadisə h. 1210-cu ildə (1795) baş vermişdir Bəndənin (Fərhad Mirzənin. – T.H.) əqidəsinə görə şəhid şahın Tiflisi fəth etməsi və Nadir Şah Əfşarın Cahanabadı fəth etməsi çox böyük işlərdəndir və bu iki çox güclü, intiqamçı padşah tərəfindən baş vermişdir. Lakin bu iki fəth ona bais oldu ki, İngiltərə dövləti Hindistana tamah salaraq, onu işğal elədi, Rusiya dövləti də Gürcüstan xəyalına düşdü, Gürcüstanı zəbt elədi. Onlar bu iki padşahın göstərdikləri yolu öyrənərək, fürsəti əldən vermədilər!» Fərhad Mirzə Mötəmədüd dövlə Rusiya-İran müharibələrində İranın məğlub olması və Türkmənçay müqaviləsi ilə nəticələnməsi səbəbini, atası Abbas Mirzə Naibüssəltənənin dilindən eşitdiklərini nəql edir.

Şahzadə, Mirzə Fətəli Axundzadə ilə görüşündən bəhs edərək, onun elmli şəxsiyyət olduğu, təfəkkür və məsləki barədə məlumat verdikdən sonra qardaşı, Abbas Mirzənin 4-cü oğlu, Qarabağda sürgün həyatını yaşayan Bəhmən Mirzə ilə onun qohumluq əlaqəsindən söz açır: «Xanbaba xan Şahzadə Bəhmən Mirzənin oğlunu və Axundovun qızından olan öz oğlu Mənsur mirzəni də özü ilə gətirmişdi. Mənsur mirzənin 7 yaşı var, yaxşı uşaqdır. Axundovun (babasının. – T.H.) zirəkliyi ona təsir etmişdir».

Fərhad Mirzə Bakıda olarkən neftin çıxarılması ayrı-ayrı fərdlərin ixtiyarında idi, onun istismarı hələ milliləşməmişdi. «İxtiyarında neft quyuları olan ən mötəbir şəxslərdən biri Mirzəyevdir. Bizim müsafir bu həyat əhəmiyyətli maddənin ilk dəfə hasil edilməsi barədə məlumat verdi. Neft və qaz quyularına, artezian adlanan quyulara baxdıq. Əcaibəngiz idilər. Burada bir qədər qazı iki tuluğa dolduraraq ağzını bağladılar və Nəsrəddin Şah üçün hədiyyə etdilər». Bakıda neftdən əldə edilən mənfəəti, neft hasil edilməsi, neftin növlərinin öyrənilməsi, onunla əlaqədar olanlar üçün çox maraqlıdır.

Mötəmədüddövlə bu barədə yazır: «İki ildir ki, Amerikadan gətirilən ağ neft nisbətən ucuz qiymətə satılır. Ondan az xeyir əldə edilir. Məqsəd Mirzəyevin mənfəətidir. Ruslar bu fikirdədirlər ki, bu nefti o məqama gətirsinlər ki, o neftdən daha çox hasil edilsin ki, Yengi Dünya (Amerika. – T.H.) neftini gətirmək dayandırılsın. Lakin çətindir, ya həmin neft çox yaxşıdır, ya da təmizlənməsi keyfiyyətlidir».

Məqsədimiz «Səfərnamə»nin tarixi və siyasi dəyərini göstərən bütün bu kimi məsələlərdən möhtərəm oxucuları agah etmək olmadığı üçün yalnız ondan bir neçə tarixi nümunələri verməklə fikrimizi tamamladıq. Mötəmədü­ddövlə Gəncədən qayıdarkən burada I Şah Abbasın tikdirdiyi böyük bir meydan barədə məlumat verir. Bu meydanın İsfahandakı «Nəqşi-cahan» meydanına oxşar cəhətləri vardır:

«Gəncədə böyük, əzəmətli çinarlar çoxdur. İsfahandan sonra Gəncədən başqa heç bir şəhərdə bu qədər çinar görməmişəm. Burada yaxşı bir məscid vardır. Onun qarşısında meydan geniş və uzunsovdur. Meydanın ətrafında çinarlar əkilmişdir və ətrafda dükanlardır. Meydanın uzunluğu 300 zər (1 zər=107 sm. – T.H.), eni yüz zərdən bir qədər azdır. Burada 100 möhkəm gövdəli-köklü çinar qol-budaq atmış, ətrafı gözəlləşdirir.

Su şəhər meydanından uzaqda, çinarların dibindən axıb keçir. Məscid də meydanın arasındadır, dövrələnmiş hücrələri, hücrələrarası və məscid arası çinar ağacları əkilmişdir. Məscidin ətrafında, çinarların dibindən su axır və buranı çox səfalı edir. Xüsusi planla tikilmiş bu məscid Şah Abbasın binalarındandır və bu meydan da onun tikililərindəndir. Burada çinarlar «Şah Abbas» çinarları adı ilə məşhurdur. Tələbələrdən birinin dediyinə görə məscidin tarixi Şamaxıya açardır. Lakin bu ibarənin məscidə heç bir münasibəti yoxdur. Gərək bu, Gəncənin fəthi tarixi olsun…»

İmaməli bəy Fərhad Mirzənin yanına gəlir və Şah Abbasın və Şah Süleymanın fərmanlarını ona göstərir. Sübut edir ki, onun əcdadları şahın məxsusi quşçuları olmuşlar. Onların ildə 12 tümən Təbrizi almaq hüquqları vardır. O, Fərhad Mirzədən xahiş edirdi ki, Rusiya İmperatorunun onların bəyzadələr nəslindən olduqlarını nəzərə almasına, xüsusi imtiyazdan onların istifadə etməsi üçün şərait yaratmasına kömək etsin.

Mötəmədüddövlə onun fərman, sənəd və möhürlərinin, mətnlərin surətlərini çox dəqiq surətdə çıxarmaqla bu sənədlərin tədqiqatçılar üçün faydalı olacağını düşünürdü.
«Səfərnamə»nin başqa dəyərləri

«Səfərnramə» yuxarıda göstərilən bir sıra ictimai-siyasi əhəmiyyəti ilə bərabər, coğrafi, cəmiyyətşünaslıq, irqşünaslıq məsələləri, habelə botanika, geologiya, antropologiya, ədəb, rüsum, heyət və nücum, dilşünaslıq elmləri, xarici dövlətlərin ərazilərinin öyrənilməsi, onların pul vahidləri və onların İranda həmin vaxt dövriyyəsi haqqında, habelə Rusiya, Osmanlı, Misir ölkələrində baş verən inqilabi-demokratik dəyişikliklər, eləcə də, bu dövlətlərin şivələri haqqında verdiyi məlumat nöqteyi-nəzərindən qiymətli mənbədir.

Müəllif səyahət zamanı gördüyü kənd və şəhərlərin adlarını göstərməklə kifayətlənməmiş, yolların dərə-təpə, yağışlı, yaxud qarlı olması barədə məlumat vermiş, yol üstündə yaşayan elat və tayfalar, onların keçmiş tarixi, nə vaxtdan və kimin fərmanı ilə burada məskən saldıqları barədə öyrənmək də onun nəzərindən qaçmamışdır. «Səfərnamə»də məşhur bağların, hətta ağacların adlarını qeyd etmiş, meşə, quş, vəhşi heyvan, dağ adları, çaparxanalar, onlar arasında olan məsafə, dəmiryollarının dayanacaqlarının adları, hətta qatarların hər yerdə dayanma və hərəkət müddətləri, dəniz limanlarının adları, dənizlərin təbii keyfiyyəti və coğrafiyası, körpülərin vəziyyəti, onların inşa tarixi və adları, inşa edənlər, karvansaraların adları, məscidlər və meydanlar qələmə alınmışdır.

Bu səfərnamədə Fərhad Mirzə Mötəmədüddövlənin bilavasitə görüşdüyü bütün siyasi, dövlət adamlarının, ədib, alim, tərcüməçi, qəzet naşirlərinin adlarına rast gəlmək olur. Burada onun Rusiya imperatoru III Aleksandrın qardaşı Mixaillə söhbəti, Sultan Əbdüləziz, Misirin xədivi İsmayıl paşa və Hicaz valisi Şərif Abdulla ilə görüşləri öz əksini tapmışdır.

Fərhad Mirzə bu səfərdə gördükləri şəxsiyyətlər (ərəb, rus, türk), Osmanlı dövlətinin sarayında çalışan səfirlər, səlahiyyətli nümayəndələr, qubernatorlar, Qafqazın naçalnik və senatorları; bir sözlə yüksək, ali və müdrik insanlarla söhbətlərini də qələmə almışdır. Onun ləzgilər və başqa tayfalar haqqında verdiyi məlumat faydalıdır.

Dağlıq ərazilərin adları, həmcinin Ərçən ağacı bitən və «Ərçən dağı» adlanan dağlıq ərazi haqqında verdiyi məlumat bizə «Ərjən» düzənliyini və «Ərjən» ağacını xatırladır.

Fərhad Mirzə Trabzon hakimi Vali Paşa ilə görüşü barədə yazır:

«Fransız və yunan dillərini yaxşı bilir. Çətin yunan sözlərinə düzəliş edərək sözlərin kökünü izah edir və bunun haradan gəldiyini açıqlayır və indi bu sözlərin səhvlərlə işlədildiyini söyləyir. «Tarixi-Heredot»u türk dilinə tərcümə etmişdir. Onu kitabı nəşr etdirməyə həvəsləndirdim. Dedi ki, dövlət və nazirlərin əleyhinə bəzi yazılar çap etdirmişdir və onu sürgün etmək istəmişlər. Ona görə qorxusundan Parisə qaçıbdır. Fərhad Mİrzə «Əkinçi» qəzetinin müdiri Həsən bəy Zərdabi ilə görüşü barədə yazır:

«Həsən bəy Zərdabiyə dedim ki, «Zərdabi» məlum olmur, bilinmir ki, haradadır. Şirvani yazsa idin, məlum olardı, məşhur şəhərdir. Şah da bilir ki, Şirvanda sünni əhali yaşayır. Zərdabi cavab verdi ki, indiyə qədər bu cür tanınmışam, «Şirvani» xanzadələrin haqqıdır. Əgər dəyişdirmək istəsəm, gərək dövlətdən icazə alam, çətin icazə verələr! Zərdab Şamaxıda bir kənddir».

Fərhad Mirzə Mötəmədüddövlənin Melkum xan Nizamüddövləyə münasibəti pis olmuşdur.

Burada müqəddiməni bitiririk. İndi özümə borc bilirəm ki, bu ciddi işi yerinə yetirməkdə mənə kömək etmiş fazil və möhtərəm dostlara təşəkkür və minnətdarlıq edim!
İsmayıl Nəvvab Şəfa

Tehran, şəhrvər, 1365 xurşidi

Fərhad Mirzə Mötəmədüddövlə
Səfərnamə
Hicri 1292-ci il rəcəb ayının çəharşənbə günündə Qurandan istixarə etdim ki, şaban ayının 7-si çəharşənbə günü yola çıxım. Bu ayə gəldi: Və Mədyən (şəhərinə) tərəf yönəldiyi zaman (öz-özünə) dedi: «Ola bilsin ki, Rəbbim mənə doğru yolu göstərəcək» (Qasas surəsi, 22-ci ayə).

Ayın 9-u, cümə günü də istixarə etdikdə bu ayə gəldi: «(Ya Muhəmməd) Bu, sənin Rəbbinin Öz bəndəsi Zəkəriyyaya verdiyi zəhmətinin zikridir» (Məryəm surəsi, 2-ci ayə). Cənab müctəhidi-zaman Hacı Molla Əli Hifzullaha çatdırıldı. Buyurdular ki, çəharşənbə günü əmrdir və inşallah bu səfərin aqibəti xeyirdir.

Seşənbə günü əlahəzrət şahənşahı ziyarət etdim.
Tehrandan yola düşdük

1292-cı il, 7 şaban, çəharşənbə. Günorta namazından 3 saat 16 dəqiqə keçəndə evdən çıxdım. Bu tarix şəhrivər ayının 22-nə, yəni 1875-ci ilin 8 sentyabrına təsadüf edir.

Şahzadə Hüsamüssəltənə Sultan Murad Mirzə və sərkar Hacı Əmu Seyfüddövlə mirzə Hacı Bəhaüddövlə Sasan mirzə bizi yola salmaq üçün at üstündə gəldilər. Bir müddət dayandıqdan sonra vidalaşıb yola düşdülər. Daşdan nalə qalxar, dostlar vidalaşan gün!
Kənə daxil olduq

7 şaban, çəharşənbə. Kəndəyik. Darülxülafeyi-Tehranın şimali-qərbində yerləşən bir kənddir. Kən bir dağın ətəyində, geniş vadinin kənarındadır. Burada çoxlu nar və əncir bağları mövcuddur. Tehrandan Kənədək 2 fərşəxdir (1 fərsəx=6-7 km. – T.H.). Biz bu kənddə bir gün qaldıq.

Müsafirlərin adları:

Ehtişamüddövlə Sultan Üveys Mirzənin anası, mərhum Şahzadə Məhəmmədəli mirzənin qızı, mərhum İmadüddövlə İmamqulu mirzənin bacısı, bizim zövcəmiz, Əfrasiyab bəy sənduqdar (xəzinədar), bir nəfər türkman xidmətçi, Miraxur Məhəmmədxan bəy, Molla Əhməd Başi Əfrasiyab bəy sənduqdar. Sənduqxana fərraşı Həsənəli, Qəcər Ağa Əli Məhəmməd xan, Abdar Qurbanəli Taliqani, Zeynalabdin qəhvəçi Taliqani, Əli Əsgər onbaşı, Zeynalabidin onbaşı, ustad Rəcəbəli aşpaz, şəxsi dəllək, Yusif qulambəççə, Məhəmmədbağır xan, Mirzə İsmayıl mustofi Əliabadi Mazandarani, Məhəmmədxan bəy Miraxur, Əsədulla bəy eşikağası, onun oğlu Fətulla bəy, Şaban Əbdülhüseyn əmiraxurun köməkçisi Kərbəlayi Fərəc, Əli Taliqani, Hüseyn Adəm Məhəmmədbağır xan, Ası Adəm Mir Axur Kürdüstani.


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə