Azərbaycan miLLİ elmlər akademiyasi


Məscidlərə tamaşa və Ağsu istiqamətinə hərəkət



Yüklə 2,9 Mb.
səhifə4/27
tarix16.11.2017
ölçüsü2,9 Mb.
#10537
1   2   3   4   5   6   7   8   9   ...   27

Məscidlərə tamaşa və Ağsu istiqamətinə hərəkət

h.q.1292-ci ilin ramazan ayının 20-si (21 oktyabr) pəncşənbə günü Ağsuya gəldik. Şamaxıda ikən səhər naçalnik fayton göndərdi və biz əvvəlcə şiələrin məscidinə tamaşa etməyə getdik. Məscidlərdən birini bir neçə il bundan əvvəl tacir Hacı Məhəmməd Rza tikdirmişdir. Oradan qədim Came məscidinə getdik. Məscidin hündür, daşdan tikilmiş günbəzi vardır. Sünni əhali orada cümə namazı qılır, zəlzələlər məscidə heç ziyan yetirməmişdir.

Biz naçalnikin xahişi ilə oradan ermənilərin kilsəsinə tamaşa etməyə getdik, zəlzələ nəticəsində kilsələr dağılmışdı, kiçik bir kilsə qalmışdı. Oradan rus millətinə məxsus kilsəyə baxmağa getdim. Təzə tikilmişdir. Kilsə hündürdə yerləşir və həm də uca bina olduğu üçün bütün şəhər görünür.

Sonra mənzilə gəldik və günortadan dörd saat keçmiş Şamaxıdan çıxdıq. Naçalnik də gəlmək istədi, razı olmadım. Seyfəlmülkün əmisi oğlu Mir Sadiq xan Talışı bir neçə atlı ilə götürüb, Şamaxıdan təxminən doqquz verst aralı olan Muğani kəndinə tərəf, qərb istiqamətinə hərəkət etdik. Oradan Şoradilə qədər cənub tərəfə getdik. Şamaxıdan Şoradilədək, hətta Ağsuyadək dağlıq ərası uzanıb gedir. Buralar çeşməli, otluq və əkin yerləridir.

Şoradildən Ağsuyadək yeddi verst dağın üstü ilə hərəkət etdik. Sağ və sol tərəfimiz, hər yer meşəli dərələrdir. Yeddi verst getdikdən sonra Ağsunun eniş yolu başladı və on iki verst eniş, üzüaşağı yol davam etdi. Yol elədir ki, faytonla belə yolu getmək yerdə getməkdən rahatdır.

Ağsu kəndi Ağsu çayının kənarında yerləşir və yaxşı bağları olan bir məkandır, xüsusən narı ilə məşhurdur. Burada çəltik əkini ilə məşğul olurlar. Oranın havası Şamaxıdan xeyli fərqlənir. Əgər Şamaxı insanları tez-tez baş verən zəlzələlərlə qorxutmasaydı, mən deyərdim ki, buralar dünyanın ən yaxşı, bənzəri az olan yerlərindəndir.

Yay aylarında Ağsunun havası pis olur. Deyirlər ki, burada çoxları qızdırma, titrətmə xəstəliyinə tutulur. Ağsu ifadəsi türkcədir, yəni «abi sefid». Bu səhra bütünlüklə Ağsu çayının suyu ilə suvarılır. Burada kənd adlarının çoxusu türkcədir. Məsələn, Ağsunun yaxınlığında yerləşən bir kənd Qaraqoyunlu adlanır.

Ağsu həm şiəməzhəb, həm də sunniməzhəb əhaliyə malikdir. Onun ağsaqqallarından biri Ağa bəydir. Ağa bəy mötəbər şəxs olub, Teymur bəy adlı yaxşı bir oğlu vardır. O, cavan oğlunu mərhum vəliəhdə (Abbas mirzə Naibüssəltənə. – T.H.) ehtiram əlaməti olaraq bir neçə atlı ilə göndərdi ki, bizi Kəluliyə qədər müşayiət etsinlər. Atası mərhum vəliəhdin tüfəngdarı olmuşdur.


Göyçaya daxil olduq

21 ramazanül-mübarək, (22 oktyabr) cümə günü Göyçaya gəldik (Türkçədir, yəni rudxaneyi-kəbud). Bu çay kəndin qərbində axır və şimaldan cənuba istiqamətlənmişdir.

Kəluli poçt məntəqəsində bizi Göyçay rayonunun naçalniki əhali ilə birlikdə qarşıladılar. Naçalnik bir qədər türkçə bilirdi.

Mir Sadıq xan öz kazakları ilə mürəxxəs oldular. Kazakların rəisi Sarı xandır.

Ağsunun yaxınlığında, yolun ortasında Şeyx Məzid kəndidir ki, burada saysız-hesabsız bağlar görünür. Ağsunun sahibmənsəbi bizi beş verst müşayiət etdi. Mənzil başında olarkən yağış yağdığından ona tərcüməçi Mirzə Fərəc vasitəsilə müraciət edərək dedik ki, zəhmət çəkməsin. O isə dedi: «Mənim borcumdur, bunu etməliyəm». Beş verstədək gəldi, sonra qayıtdı. Kazak atlıları bizimlə idilər.

Acıdərə və Kəlayağılı (Kəlağaylı? – T.H.) kəndləri çox mötəbər kəndlərdən sayılır. Bura bağlarla zəngindir. Həm də Ağsu ilə Göyçay rayonları arasında sərhəddir.

Ağsuya qədər on verstdir və Kəlayağılı kəndinin qərbindən Girdman çayı axır. İndi suyu bir o qədər də çox deyildir, lakin böyük sel gedən yoldur və bir verst enindədir. Bahar aylarında buradan güclü sel suları keçir. Girdman çayı şimaldan cənuba axır və sel sularını Kür çayına axıdır.

Kəluli poçt məntəqəsindən Göyçayadək olan, cənub istiqamətində yerləşən poçt məntəqələrinin hamısı Bərgüşad bölgəsindədir və bu əraziyə həştad kənd daxildir. Bərgüşad rayonlardan ən məhsuldar olanı, məşhur ərazidir. Bu ərazi Kür çayının kənarınadək uzanıb gedir. Bu yerin, bölgənin adı Bərgüşad kəndinin adı ilə eynidir. Kənddə yeddi yüz ailə yaşayır və bir hamamı yoxdur. Bütün Bərgüşad ərazisində bir hamam yoxdur.

Lahıc bölgəsi Göyçay çayının qərbində olan ərazidir.

Kəlulidən mənzilədək hər yer geniş düzənlik və çəmənlikdir. Baharda buralar sanki bir zümrüd parçasıdır.

Qaraməryəm poçt məntəqəsinə çatmamış, yolun sağ tərəfində, yaxın məsafədə, bağlarla əhatə olunmuş Yekəxana kəndidir. Kənd əhalisinin yarısı şiəməzhəb, yarısı isə sünniməzhəbdir.

Bir başqa kənd uzaqda dağın ətəyində yerləşən Qarayazı kəndidir, bağlı-bağatlıdır. Oranın əhalisi tamamilə şiəməzhəbdir. Kəndin mollası Molla Hüseyn şiələrlə birlikdə bizi istiqbala gəldidər.

Qaraməryəmin yarısı malakandır və Malakan tayfası ruslardan ibarətdir. Onların keşişləri yoxdur və malakanlar rus məzhəbinə xilafdırlar. Qaraməryəmdən on yeddi verst keçdikdən sonra yolun sol tərəfində əvvəlcə Qarabaqqal kəndinin bağları görünür. Bu kənd böyük kənddir. Kəndin aşağısında isə Bəğər (Bığır) (çəğər qafiyəli) kəndidir. Hər iki kəndin arasında bir verst məsafə vardır. Lakin sanki bu kəndlər uzaqdan fasiləsiz uzanan bağlardır. Bu iki kəndin bağlarının uzunluğu səkkiz verstdir. Göyçaydan keçərək mənzilə yetişdik. Eşitdik ki, əlahəzrət imperator Göyçay kəndini şəhər etmək fikrindədir. İndi burada xeyli yaxşı evlər tikilmişdir, bazarı vardır.

Naçalnik bizi bir neçə otaqdan ibarət olan, özünün yaşadığı binada yerləşdirdi. Otaqlarla üzbəüzdə çay axır.

Çaparxanaya qədər bir az məsafə vardır və Göyçayın suyu çox yaxşıdır. Bu sular Qəbələ və Şahdağdan gəlir. Bu dağlar Dağıstan dağlarının davamıdır.

İndi burada xəzan fəslidir. Ona görə də əlli səngə qədər (İranda su ölçü vahididir. – T.H.) su vardır. Bu gün üzü qərb istiqamətinə hərəkət etdik. Bu rayonun naçalnikinin adı Andrey Feliksoviçdir, tərcüməçisi isə Seyfulla bəydir.


Çomaxlıya varid olduq

Şah Abbas və Səfi dövrlərinə aid fərmanların

təqdim edilməsi
1292-ci il ramazan ayının 22-i, şənbə günü (23 oktyabr 1875) Çomaxluya gəldik. Naçalnik bizi Göyçaydan 8 verst məsafəyədək müşayiət etdi. O, Bərgüşad torpağı qurtaranadək bizimlə oldu. Bundan sonra yerə düşərək, faytonun yanında öz kazakları ilə xudahafizləşib dedi: «Bir ildir ki, Göyçay şəhəri abadlaşıb, dövlətin böyüklərindən və şahzadələrdən, böyük sərdarlardan hələ heç kəs buradan keçməmişdir. Siz ilk böyük şəxsiyyətsiniz ki, buradan keçirsiniz. Əgər izn versəydiniz, yeni salınmış bu böyük küçəni sizin adınıza «Prins Fərhad küçəsi» adlandırardıq.

Dedim: «Mənə çox xoş olardı ki, mənim adımı yadigar qoyaydınız».

Dedi: «Bunu qəbul edib icazə verməyinizə görə mən çox iftixar hissi keçirirəm».

Sonra Ağdaş rayonunun naçalniki buraya gəldi və bizi ona təhvil verdi və geri qayıtdı. Ağdaşın və ona tabe yerlərin naçalnikinin adı Mixaildir. «Ağdaş» ifadəsi türkcədir, yəni «səngi-sefid» deməkdir. Naçalnik bizi qarşılamağa gəlmişdi. Ona dedim: «Zəhmət çəkmisiniz». Dedi: «Bizim üçün fərxdir ki, həmişə sizin kimi şahzadələr gəlsin və biz onların xidmətində məşğul olaq». Onun tərcüməçisi Mirzə Əbdurrəhim idi, kazakbaşı isə Məhəmmədhəsən bəydir.

Ağdaş rayonu böyükdür və Gəncə qubernatoruna tabedir. Biz mənzildən altı verst üzü qərbə hərəkət etdik. Sağ tərəf hər yer dağ və torpaq təpələrdir. Dağ Ərçən dağı adlanır. Sol tərəf göz işlədikcə əkinləri aparılmış kəndlər, düzənlik və yaşıllıqdır. Qədimdə bu yerləri Turğançay (Türyançay) adlandırırdılar.

Bir il Ağdaşda sakin olmuş naçalnik o yolu bağlamış, teleqraf dirəklərini də oradan aşağı yola çəkdirmişdir. Aşağı yol düzənlik və hamardır.

Ağdaş rayonuna səfərimiz ilk rast gəldiyimiz Xosrov adlanan kənddən başladı. Onun geniş bağlarının arasından keçdik, kənd böyükdür.

Bu gün oktyabrın axırıdır və Xosrov kəndinin yaxınlığında çəltik yığımına təzəcə başlanılmışdır.

Xosrov kəndindən sonra Qarağan kəndi gəlir və biz onun da yanından keçdik. O da məlum oldu ki, İran Qarağanından köçürülənlər burada yerləşdirilmişlər.

Bu kənddən sonra Qəsil kəndidir ki, iyirmi verst məsafədə yerləşir. Kəndin axırında böyük bir çinar ağacı vardır və bu böyüklükdə çinara nə Bakıda, nə də Şamaxıda rast gəlmədik.

Qəsil kəndinn qərbindən Türyançay çayı axır. Bu, böyük bir çaydır və sürətlə axır. Bu çay Göyçaydan böyükdür, mənbəyini Dağıstan dağlarından alır. Buradan çaparxanayadək məsafə iki verstdir. Çaparxana Üçqovaq kəndində yerləşir. Üçqovaq, yəni üç qovaq ağacı deməkdir. Üçqovaq böyük bir kənddir. Qovaq buranın əhalisinin dili ilə ağac adıdır. Nə qədər axtardım, dürüst başa düşmədim ki, hansı ağaca Qovaq deyirlər.

Zeynəddin və Ağalar kəndləri Üçqovağa bitişikdir və onların meyvə bağları da bir-birinə birləşmişdir, xeyli bostan salınmışdır.

Bu poçt məntəqəsindən naçalnik bizimlə xudahafizləşib, öz müavinini sərhədə qədər özi ilə apardı.

Oradan Ərəb çaparxanasına və oradan da Çomaxluya gəldik. Ağdaş rayonunda yetmiş iki kənd vardır. Ərəs, yaxud Həbəş rayonu ilə birlikdə yüz kənddən artıqdır.

Ərəş rayonu da saysız-hesabsız bostanları ilə məşhurdur və bu yerlərdə yaxşı üzüm yetişir. Yolun sağ və sol tərəfində, yaxında və uzaqda məşhur kəndlər yerləşmişdir. Onlar haqqında yazmaq artıqdır. Çomaxlu kəndinin yaxınlığında Ərcian çayı axır. Ərəş ərazisi onun vasitəsilə suvarılır. Həmin çay Şəki dağlarından axır. Xanabad kəndi də saysız-hesabsız dağlara malikdir. Bu gün toz-torpaqlı yerlərdə çox olduq ki, bu bizə Qəzvinin düzənliyində olan qışlaqları xatırlatdı.

Çomaxluda olarkən Qurban Ağa Ərəşi oğlu Əmir Ağanı yanımıza göndərdi ki, öz ərizəsini bizə təqdim etsin. Qurban Ağa həm də iki tuğra fərman göndərmişdi. Fərmanlardan biri Şah Abbas Saninin, digəri Şah Süleyman Səfəvinin fərmanı idi.

Şah Abbas Saninin fərmanı 1074-cü (1664) ilin zilhiccə ayında (iyun) verilmişdir. Fərmanda göstərilir ki, İmaməli bəy qulluğa götürülür və ona 12 Təbriz tüməni məvacib təyin edilir.

Şah Süleyman Səfəvinin fərmanı isə 1091-ci (1680) ilin rəcəbül-mürəccəb ayında (iyul) verilmişdir və məzmunu belədir: Mirzə Əli və Dəvəli xan, eləcə də Çakərlunun digər qaziləri (din yolunda kafirlərlə vuruşanlar. – T.H.). Şirvanın Çobanbəyi vergisindən azad edilirlər. Qurban Ağa Ərəşinin ərizəsinin məzmunu belədir: «Keçən il Mübarək hüzuruna ərz eləmişəm ki, biz həmişə bəyzadə olmuşuq, azad idik. İndi yoxsul olduğumuz üçün bizi rəiyyət təbəqəsinə yazmışlar. Xahiş edirik ki, kömək edəsiniz bəyzadə olaq. İndi biz müflisləşmişik və bizi rəiyyət hesab edirlər. Bəyzadələr vergilərdən azaddırlar. Əgər hər iki fərmanı 3-4 tümənə də alsanız, satarıq ki, keçmiş sultanların əzəməti məlum olsun. Rəhmətulla məşərül mazin».


Qarğılıçaya daxil olduq

1292-ci il, 23 ramazan (24 oktyabr, 1875) yekşənbə günü Qarğılıçaya gəldik. Bugün əqrəbin əvvəlidir, dünən gecə Günəş əqrəb bürcünə təhvil verildi.

Qarğı türk dilində indi ney mənasını verir.

Burada əvvəlcə çoxlu sayda qoyun gördük. Dörd-beş min olardı. Onları İrəvan əhalisi Şəkiyə aparırdılar ki, satsınlar. Hər il payız fəslində aparırlar və qoyunun biri 3 manatdan yeddi manatadək satılır.

Əvvəlinci çaparxana Mingəçevirdir. Bura qədər Ağdaş naçalnikinin ixtiyarındadır. Yəni Kür çayının qərbi, eyni zamanda Mingəçevir kəndi Ağdaşa tabedir.

Çaparxanadan bir qədər uzaqlaşaraq, on iki verst qərbə istiqamət aldıq və Kür çayının kənarındakı qarovulxanaya çatdıq. Orada kazaklar əvəz olundu. Onların rəisi bəylərbəyi idi. Yolun şimal tərəfində, təxminən bir fərsəx aralı dağ və üçurum vardı. Buralar otsuz və susuzdur. Bu dağ Ərçən dağı adlanır. Bu dağ Tehranın Savucbulaq düzənliyindəki Əlqədər dağına çox oxşayır. Lakin ondan bir qədər hündürdür. Ərçən dağının davamı Samuxda qurtarır. Dağın arxası Şəki mahalıdır. Arxada şimala doğru böyük dağlıq görünür və dağın başında qar vardır. Deyirlər ki, başında həmişə qar olan Şahdağdır.

Kürün o tərəfi Samux meşəsidir və Kürün kənarından bir verst üzü cənuba hərəkət etdik. Buradan da şərqə doğru getdik, təpə və uçurumlu yol hərəkətə mane olurdu. Sonra irəli gedib genə cənuba döndük, ta ki, Kürün kənarına yetişdik. Burada bizim üçün bərə düzəldib, faytonu və furqonu atla onun üstünə qoydular.

Belə dedilər ki, bu bərəni İmperatorun anası vəqf etmişdir və heç kəsdən bir şey almırlar. İldə onun xərci üçün iki min manat da verir. Burada Kür çayının eni 60 rus sajeninə bərabərdir ki, bu da 180 zərə bərabərdir. Mən vaxtla müşahidə etdim ki, bərə bu tərəfdən o tərəfə yeddi dəqiqəyə çatır.

O yerdə Kür çayının hərəkəti şimaldan cənub istiqamətinədir. Kür çayı çox xeyirsiz və bərəkətsizdir, heç bir əkin-biçində istifadə edilmir. Hər yerdə dərindən axır.

Kür çayının kənarında Ağdaş rəisinin müavini getmək üçün icazə aldı, rəisin adı Binxeçovdur və o, bizi qarşılamağa gəldi və Gəncəyə qədər bizimlə birlikdə oldu. O, vaxtilə Astrabadda olub.

Kür çayının kənarındakı meşələrdə çoxlu turac quşu vardır. Bir təbrizli üç ədəd turac gətirdi və onları təzə vurduğunu bildirərək üç manat alıb getdi. Gedərkən bunu da dedi ki, axşama qədər burada olsanız, on iki ədəd vurub gətirərəm.

Kürün bərəsində Bakıdan gətirilmiş çoxlu sayda dəvə keçirilirdi. Mən soruşdum ki, onların yükləri nədir? Dedilər: güllədir, İrəvana aparılır.

On iki verst yol gəldikdən sonra Mingəçevirdən keçərək Kür çayına çatdıq. Bu ifadə aşağıda açıqlanacaq. Çayın suyu burada təlatümlü və çirklidir, üzərində yaxşı körpü tikilmişdir.

Bu təlatümlü çaya Kür deyirlər. Bu çay mənim nəzərimdə Sefidruddan da böyükdür.

Rüstəmabad çaparxanasına yetişdiyimiz gün çaya daha yaxın olduq. Bu yolla gedib, bir daha Sefidruddan keçdik. Atın üzəngişi islandı: Deyirlər ki, Kürdən heç vaxt atla keçmək mümkün deyil.

Kür çayında qarovulxana vardı və burada atlı kazaklar biri digərini əvəz edir. Bu çaparxanadan Şuşa qalasınadək yüz səkkiz verstdir. Dövlətdən tələb olunmuşdur ki, Gəncədən Şuşaya da teleqraf çəkilsin. Naçalnik (rəis) dedi ki, bu ay iş yerinə yetiriləcəkdir Şişə əslində Şuşadır. Şişə ləhcəsilə deyirlər ki, paytəxti-Qarabağdır. Burada Şəhid şah Ağa Məhəmməd xan Qacar 1211-ci ilin 21 zilhiccə ayında (1797, iyun) gecə qətlə yetirilmişdir.


Gəncəyə daxil olma

24 ramazan (25 oktyabr), bazar ertəsi Gəncəyə gəldik. Sübh Qarğılıçay çaparxanasından yola düşdük və Qarğılıçay körpüsündən keçdik. Körpü taxtadan düzəldilmişdir. Üç verst getdikdən sonra Musalı kəndinə yetişdik. Kənd yolun sağ tərəfindədir.

Mülk Ziyadoğlu Qacar tayfasından, Cavad xan Gənceyinin nəvələrindən olan mərhum İsmayıl paşaya məxsusdur. İndi onun oğlu Əbülfəth ağaya keçmişdir. Əbülfəth ağa da Bəhmən Mirzənin kürəkənidir.

Qara Musalı tayfası oradan köçürülərək Sainqala Əfşara aparılmışdır və Mingəçevir və Qarğılıçay və Kürəkçay çaparxanalarında əyanlara məxsus möhkəm həbsxanalar tikmişlər, təqsiri olanlar gecəni orada keçirirlər.

(Bəhmən Mirzə Abbas Mirzənin 4-cü oğlu, Fərhad Mirzənin qardaşıdır. O, fazil Qacar şahzadələrindəndir. Rusiyada sürgün həyatı keçirərək h.1301(1884) ildə orada vəfat etmişdir. – T.H.).

Yolun sağ və sol tərəfində bir çox kəndlər yerləşir və onlar barədə məlumat vermək çox vaxt aparar. Burada bütün ərazi məhsuldardır. On iki vers yol getdikdən sonra qarovulxanaya (gözətçi məntəqəsi. – T.H.) çatdıq, kazaklar dəyişdirildi.

Murovdağ Kürəkçayın qərbi ilə cənubu arasındadır. Dünən dağ görünürdü, bu gün isə küləklə qar onu elə bürümüşdür ki, heç görünmür. Dağın o tərəfi Qarabağdır. Kürəkçaya qədər olan məsafə təxminən beş fərsəxdir. Hündür dağ bərəkətlidir, sıx meşəli, başı daima qarlıdır. Hətta yayda da. Kiçik çaylardan əlavə üç böyük çay bu dağdan axır: İncəçay, Zivə, Qaraçay, bunların hər üçü Qarabağa tərəf axır.

Kürəkçay çaparxanasında nahar edib yola düşdük. Kürəkçay türk sözüdür, farsca paru-kürək deməkdir. Çayın suyu çox dadlıdır. Kürəkçayın suyu Sarıyağ dağından tökülür. Bu dağ Gəncənin cənub tərəfindədir və dağda, Gözəlbulaq deyilən yerdə yaylaq imarəti tikilmişdir. Buradan şəhərə iyirmi verstdir.

Çaparxanadan yeddi verst getdikdən sonra yenə gözətçi məntəqəsinə rast gəldik. Yeddi verstdən sonra yolun sağ tərəfində kiçik bir günbəz göründü, dağılmışdı. Bu, Şeyx Nizaminin qəbridir və Gəncə şəhərindən yeddi verst aralıdır. Yerə düşüb onun qəbrinin üstünə getdim. Yaxınlıqda gözətçi məntəqəsi yerləşir. Keşikçilər öz atları üçün buraya o qədər ot tökmüşdülər ki, günbəzin yanına getmək mümkün olmadı. Bu yerdə Şeyxin «İskəndərnamə»də yazdığını xatırladım:

Be yad avər, ey taze Kəbke dəri,

Ke çun bər səre xake mən boqzəri.

Giyah bini əz xakəm əngixte,

Sərin sude balin füru rixte.

Həme xake fərşe məra borde bad,

Nə kərde ze mən, hiç həm-əhd yad.

Nəhi dəst bər şuşeye xake mən,

Be yad ari əz qouhəre pake mən.

Feşani to bər mən sereşki ze dur,

Feşanəm mən əz asiman bər to nur.

Duai to bər hər çe arəd şetab,

Mən «Amin» konəm, ta şəvəd müstəcab.

Dorudəm rəsani, rəsanəm dorud,

Beyayi, beyayəm ze günbəd fürud.

Məra zende pendar çun xiştən,

Mən ayəm be can, gər to ayi be tən.

(Təzə kəklik, yad et məni ürəkdən,

Məzarım yanından ötüb keçərkən.

Üstümdə görərsən göyərmiş otlar,

Başdaşım uçulmuş, çökmüşdür məzar.

Qəbrimin tozunu sovurmuş yellər,

Dostlardan anan yox məni bir nəfər.

Qəbrim şüşəsinə əl qoyan zaman,

O pak gövhərimi heç olmasa an.

Uzaqdan sən mənə gözyaşı töksən,

Mən sənə parlaq nur saçaram göydən.

Duadan bir dilək istəsən əgər,

Mən «Amin» deyərəm, qəbula keçər.

Salam ver, hörmətlə məndən salam al,

Gəl qəbrim üstünə, edim istiqbal.

Hər zaman diriyəm sənin kimi mən,

Mən cana gələrəm, sən cana gəlsən.)

İndi bilmir ki, saman tökmüşlər. Fatihə verib geri qayıtdım. Şəhərin yaxınlığında polismeyster başqa bir nəfərlə bizi qarşılamağa gəldi. Bu, şəhərin kələntəri idi, faytondan düşərək dedi: «Mən gərək sizi mənzilinizə çatdıram».

Gəncə şəhərinin bir tərəfində ermənilərin kəndi yerləşir. Hündür binaları var. Dəmir körpüdən sonra olan yer müsəlmanlara məxsusdur. Qoşqar dağından tökülən Gəncə çayı şəhərin ortasından keçir. Onun üzərində gözəl dəmir körpü salınmışdır. Körpüyə əlli min manat pul xərclənmişdir. Körpünün ortasında bir daş dirək vardır, indi burada su yoxdur. Aşağıda kərpicdən qədim bir körpü də olmuşdur ki, indi uçulmuş vəziyyətdədir.

Bizi mehmanxanada yerləşdirdilər. Adı fransızca Lukante (restoran) deməkdir. Mehmanxananın otaqları böyük və hündürdür, rus dilində «qəstinsə» deyirlər, yəni mehmanxana.

Bir saatdan sonra qubernatorun müavini, general Nikolay Loboviç hal-əhval tutmağa gəldi. O, qubernatorun tapşırığı ilə gəldiyini söylədi və onun salamını yetirdi. Onun tərcüməçisi Əbülfəth ağa idi. Mən söhbət əsnasında generala dedim ki, müsafir kimi gəldiyim üçün rəsmi libasımı gətirməmişəm. General cavabında söylədi: «Biz şahzadələri rəsmi libasla tanımırıq, müsafir, ya qeyri-müsafir, bizim üçün fərqi yoxdur». Mən ayağımın ağrıdığını ona söylədim və «halım yaxşı olsa, sizə bildirərəm» dedim.

O dedi: «Çox mahir həkim vardır, əgər buyursanız, gətirərəm». Dedim: «Bakıda iki həkim ayağımı sarımış və Tiflisdə açmağı mənə tapşırmışlar». O daha heç bir söz demədi və getdi.

Mən tərcüməçi Əbülfəth ağaya Tiflisdə Baş konsul olan Mirzə Əsədulla xana vurduğum teleqrafı rus dilinə tərcümə etməsini tapşırdım. Mən onu da dedim ki, Rusiya səfirliyi mənim gəlməyim barədə məlumat bildirmişdir, halbuki mən istəmirdim məni bir kəs tanısın. Badkubə qubernatoru rəsmi libasda gəmiyə gələrək görüşdü, özü ilə şəhərin əyanıni, hərbçisini da gətirdi. Özü məni faytona mindirdi və qabaqcadan ayırdığı mənzilədək müşayiət etdi. Sonra bir dəstə hərbçi və musiqiçi gətirdi. Mənzilə qalxaraq bir saat bizim yanımızda oldu. Sonra şəhərdən kənar gəzinti zamanı yenə bizi müşayiət etdi.

Əbülfəth ağa ilə söhbətdən məlum oldu ki, onun ixtiyarı yoxdur ki, şəhər əyanlarından kiməsə desin ki, filan yerə get, filan işi gör və filankəsi qarşıla!

Gəncə qubernatorunun adı Poladovdur, fars və türk dillərini də bilir. Onun əsli Kazan müsəlmanlarındandır, (xristianlığı qəbul edib) rus olmuşdur. İranı görmüşdür.

Gəncə əhlinin əksəriyyəti şiəməzhəbdir. Onların mollası məşhur Abdulla Qazidir və bizim qaldığımız mehmanxana onun mülküdür. Məscidin imamı Molla Əlidir.

Əbülfəth ağadan Bəhmən mirzə nəvvabın əhvalını xəbər aldım. Dedi ki, ramazan ayından əvvəl Gəncəyə gəlmişdi, sonra Tiflisə getdi. Bir neçə gündür ki, Tiflisdən Peterburqa gedib. Məqsədi Paris və Londona səyahət etməkdir və bu qışı oralarda keçirəcək.

Əlqissə, Gəncəyədək yenə qərb tərəfə hərəkət etdik. Mənzil yaxınlığında bir qədər qərbə, sonra şimala tərəf getdik. Gəncədən Araz çayının kənarındakı keşikçi məntəqəsinədək 360 verst, Gəncədən İrəvanadək atla dağ yolu ilə 180 verst, Gəncədən İrəvanadək poçt yolu ilə 230 verst, Gəncədən Göyçə dənizinədək, yəni İrəvan dəryaçasınadək 70 verstdir. Göyçə Gəncənin cənubu ilə qərbi arasında yerləşir. Gəncə qırx dərəcə 30 dəqiqə en dairəsində, qırx altı dərəcə iyirmi iki dəqiqə uzunluq dairəsində yerləşir.


Gəncədə dayandıq

Seşənbə (çərşənbə axşamı) getməyi qərara almışıq. Axşam saat beşdə Əbülfəth ağa gəldi və qubernatorun narahat olduğunu bildirdi. Məlum oldu ki, sabah getməli olsaq, poçt məntəqəsində atların az olmasına, ya da heç olmamasına görə o, hörmətli şəxsin, qonağın yanında xəcalət çəkəcəkdir.

Badkubədən bildirmişdilər ki, qonaq Gəncədə bir gün qalacaq, çaparxanada heyvanları hazır etmişik. Gəncədə bir gün artıq qalmalı olduq. Ona görə də mən mehmanxanada oturmağın faydasız olduğunu düşünüb, fayton kirayə etdim və şəhərin şimalındakı Göy imamın ziyarətinə getdim.

Ziyarətgah şəhərdən yeddi verst aralıda yerləşir. Göy imamın yaxınlığında olan qədim qala binası çox əzəmətlidir. Qalanın hər iki tərəfindən çay axır, suya yaxın tərəfdə daşdan və əhəngdən bir divar ucaldılmışdır. Qala və bürc daşdan tikilmişdir. Buradakı diqqətçəkən cəhət həm yuxarıdan, həm də aşağıdan bir qaladan digər qalaya keçmək üçün iki körpünün tikilməsidir. İndi bu körpülər uçmuş vəziyyətdədir, ancaq əlamətləri qalmışdır. Göy imamın o qalanın daxilində olduğu məlumdur.

Göy imamın adı Şahzadə İbrahimdir və o, Həzrəti-imam Məhəmmədbağır Əleyhissalamın oğludur.

Günbəz göy kaşı ilə bəzədildiyi üçün Göy imam deyilir və çoxlu vəqfləri vardır. Gəncənin şimal və şərqində əzəmətli dağlar ucalır. Bu dağlar əlli fərsəx məsafə ilə Gəncəyə qədər uzanır. Gəncənin qüvvətli, uca çinarları vardır. Mən İsfahandan başqa heç bir şəhərdə Gəncədəki qədər çox çinar görməmişəm.

Burada gözəl bir məscid görünür və məscidin qabağında uzun və geniş meydan salınmışdır. Meydan boyu əkilmiş çinarlar dövrə vurublar. Ətrafda xeyli dükan vardır. Meydanın uzunluğu təxminən üç yüz zərdən artıqdır, eni isə yüz zərdən az olar.

Bu meydanda təxminən yüz köklü-budaqlı, qüvvətli çinar ətrafa kölgə salır və əzəmətli görünür. Meydanın dövrəsində su kanalı vardır, bu kanal çinarların dibindən axır.

Meydanın ortasında məscid də vardır. Məscidin ətrafında ağaclar əkilmişdir. Ağaclarla məscid arasında da çinar ucalır və su kanalı məscidin ətrafındakı çinarların dibindən keçir. Bütün bunlar özünəməxsus layihə ilə yaradılmışdır.

Bu məscid mərhum Şah Abbas tərəfindən tikdirilmişdir, onun binalarındandır. Bu geniş meydan, çinarlar da Şah Abbasdan yadigardır. Tələbələrdən biri dedi ki, məscidin tarixi Şamaxının açarıdır. Lakin bu ifadənin məscidə dəxli yoxdur. Gərək bu tarix Gəncənin fəthi tarixi olsun.

Bu geniş meydanda yerləşmiş məscidin qapı tərəfdən iki minarəsi ucalır və buradan azan oxunur.

Axund Molla Əli və Hacı Molla Məhəmmədəli bizi görməyə gəlmişdilər, dedilər ki, bu qədim şəhəri Şah Abbas dağıdıb və şəhərin yan tərəfində bir kəndin əsasını qoyub, əhalini bu məkana köçürmüşdür.

Gəncəyə ruslar Yelizavetpol adı veriblər. İndi aristokratlar onun adını belə deyib, belə yazırlar. Yelizaveta Napoleon Bonapartın müasiri olan I Aleksandrın arvadıdır və «pol» sözü isə şəhər mənasını verir.


Gəncədən Zəgəmə (Zəyəmə) doğru hərəkət, İranın məğlub olması səbəbi
1292-ci il, 26 ramazanul-mubarək (1875, 27 oktyabr), cəharşənbə günü Gəncədən yola düşərək Zəgəmə gəldik.

Gəncədən çıxıb yeddi verst yol getdikdən sonra Qoşqar çayına yetişdik. Qoşqar cənubdan şimala doğru axır. Orada qarovulxana vardır. Yuxarı yerlərdə bu çayın suyundan əkin sahələri üçün istifadə olunur. İndi çayda su yoxdur, baharda isə sel gəlir.

Gəncədən Qarayur deyilən poçt məntəqəsinədək yolun sağ və sol tərəfi heç də abad, ürəkaçan deyildir və Qarayurdan qədər məsafə doqquz yarım verstdir. Şəmkir çayının suyu cənubdan şimala doğru axır. Çayın üstündə bir neçə gözdən ibarət qədim bir körpü görünür ki, indi o dağılmışdır. Üçtağlı bir körpü bir neçə il əvvər bir nəfər erməni tərəfindən tikilmişdir, özü ölmüşdür. Keçən il gələn sel körpünün bir çeşməsini uçurmuş, ikisi salamat qalmışdır.

Şəmkir bölgəsində çəltik əkilməsi işi geniş yayılmışdır.

Gəncədən Zəgəmə qədər bizi müşayiət edən Bala bəy Sultan mənsəbinə çatmışdır və o, Mingəçevirdən Zə­gə­mə­dək olan bütün poçt məntəqələrinin süvari kazaklarının rəisidir.

Şəmkir çaparxanasından Zəgəmədək iyirmi üç verst yarımdır. Bu yolu fayton iki saat on dəqiqəyə qət edir. Şəmkir kəndi poçt məntəqəsinin yaxınlığında yerləşir. Ona tabe olan ərazilər də vardır. Qoşqar çayından qərbə on iki verst poçt məntəqəsinədək olan ərazi də onun ərazisidir. Şəmkirdə möhkəm bir qala vardır və qalanın qədim bürcləri əhəng və daşdan tikilmişdir və bir neçə bürc hələ də qalır.

Zəgəm Şəmsəddinlu bölgəsinin bir hissəsidir. Bu gün yolumuz üzü qərb istiqamətinədir.

Teleqraf xətti Gəncədən Nuxaya (Gəncənin şimalında qəsəbədir) çəkilmişdir, oradan Ağstafaya, İrəvana və İrana gedir, bir xətt də Tiflisə tərəf gedir. Əsl Nuxa həmin Şəkidir, qədimdə ona Nuxa deyirdilər. Nuxəvi dedikdə bu, əxəvi (qardaş) kimi işlənir.

Şəmkirdə tarixin yaddaşında qalan hadisələr baş vermişdir. Onlardan biri də, 1242-ci il səfər ayının (1826, 18 sentyabr) on dördündə vəliəhd Abbas Mirzənin dayısı Əmir xan sərdar Qacarın şəhid olmasıdır. Bir neçə gündən sonra, səfər ayının iyirmi ikisində cənab Xaqani-məğfur tərəfindən göndərilmiş Asəfüddövlə Allahyar xanın səhv tədbiri nəticəsində islamın ordusunda və ölkəsində zəiflik, süstlük baş verdi.

Atam büzürgvardan eşitmişəm ki, bizim ruslarla döyüşmək təcrübəmiz var idi: biz Şuşanın mühasirəsindən əl çəkməməli idik. Eyni zamanda Nəzərəli xan Mərəndinin xəyanəti nəticəsində Gəncəni əldən verdik. Şəmkirdə məğlubiyyət və bütün bunlardan sonra döyüşdə ruslarla üz-üzə dayanmaq əlverişli deyildi.

Biz gərək rus qoşununu mühasirəyə almaqda davam edəydik və onlara azuqə, döyüş sursatı çatdırmağın qarşısını alaydıq.

Vəliəhd Abbas Mirzə Naibüssəltənəyə sədaqətli olanlar: Mirzə Əbülqasim Qaimməqam, Mirzə Məhəmmədəli və başqa düz əqidəlilər də var idi.

Dövlət qulluqçuları arasında elələri də vardı ki, onlar vəliəhdin ruslarla sülh bağlamağa meylli olduğunu, hətta ikiüzlülük etdiyini düşünürdülər.

Asəfüddövləyə böyük səlahiyyət verilmişdi və o, vəliəhdin tapşırıqlarını qəbul etmirdi. O, Qaimməqama deyirdi ki, siz qələm və dəftər əhlisiniz, elm və ordu yox, yazı-pozu ilə qılınc fərqlidir. Həzrət vəliəhd buyururdu ki, o gecə ruslara qarşı hücuma keçərkən xəta, səhvimiz və uğursuzluq ya ordunun xəyanəti üzündən baş verdi, ya da yolu azaraq çəltik əkilmiş sahəyə düşdüyümüz səbəb oldu. Həm atlar yorulmuşdu, həm də insanlar yuxusuz idilər.

Rus kəşfiyyatı məlumatlanmışdı və artıq onlar Nizaminin, Gəncənin şərqində yerləşən qəbrinin arasında səngər quraraq öz yerlərindən tərpənmirdilər. Asəfüddövlə belə düşünürdü ki, əfqan və türkmanlarla vuruşacaq və elə döyüş vəziyyəti yaratmışdı ki, qoşun bir fərsəxdən artıq düzülmüşdü. Miqdarı on minə çatan rus ordusu isə öz yerində möhkəm dayanmışdı, Əbdülməlik Nurinin, Xacəvənd Koçurinin atlı döyüşçüləri mənasız hay-küy salır, elə bilirdilər ki, Qəzvinin iki-üç fərsəxliyində yerləşən Əli torpağı çölündədirlər və Rəşt və Ənzəli karvanlarına hücum edirlər. Rus komandirləri isə onları top gülləsinə tuturdular.

Ordu məğlub oldu və Azərbaycan qoşunu da müqavimət göstərə bilmədi, Vəliəhdi tənha qoydular, onun zəhməti Asəfüddövlənin tədbirsizliyi üzündən hədər oldu.

Həmin o iki müharibə haqqında (I-II Rusiya-İran müharibələri – T.H.) Qacariyyə tarixlərində təfsilən yazılmışdır. Ən dəqiq tarix isə Əhməd xan Dünbulinin vəziri, mərhum Mirzə Əbdürrəhimin oğlu mərhum Mirzə Məsud Gərmrudinin əsərində yazılmışdır. Mirzə Məsud Gərmrudi o vaxt vəliəhdin şəxsi münşisi idi və vəliəhdin əmrilə hadisələri qələmə almışdır. Kitabın hər bir hissəsində Abbas Mirzə Naibüssəltənənin imzası vardır. Mən bu əsas nüsxəni görmüşəm. Kitabın haşiyələrində mərhum vəliəhd öz xəttilə qoşunların kəmiyyət və keyfiyyəti, hücum barədə verdiyi əmrlər və s. yazmışdır.

Kitabda Yermolovun İrana gəldiyi vaxtdan ta Türkmənçay sülh müqaviləsinin bağlanmasına qədər olan bütün hadisələr təfsilən öz əksini tapmışdır.

Bu poçt məntəqəsində həddən artıq birə və ağcaqanad vardır, ona görə də səhərə qədər yuxuya gedə bilmədim.

Həm Zəgəmdə, həm də Gəncədə çoxlu nar ağacları vardır. Burada qış fəsli o qədər də sərt keçmir.


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə