Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,9 Mb.
səhifə5/27
tarix16.11.2017
ölçüsü2,9 Mb.
#10537
1   2   3   4   5   6   7   8   9   ...   27

Ağstafaya gəldik

27 ramazanül-mübarək, pəncşənbə, 1292-ci il (1875, 28 oktyabr) tarixdə Ağstafa poçt məntəqəsinə gəldik. Zəgəmdən üç verst məsafədə aralı olan Zəgəm çayı cənubdan şimala doğru axır.

Əvvəllər Şəmkurdan bu tərəfə Həsənsuyadək olan ərazi Şəmsəddinlu qəzasına daxil idi, indi Rusiya dövlətindədir. Zəgəmdən dörd verst keçdikdən sonra qəzanın sərhəddi hesab olunur. Buradan o tərəfə, Sınıq körpüyədək Qazax qəzası hesab olunur.

Mingəçevirdən on dörd verst bizimlə bir yerdə yol gələn keçmiş rəis Bixeçu icazə alaraq mürəxxəs oldu. Qazax qəzasının rəisi bizi qarşılayan insanların önündə dayanmışdı. O, faytonun arxasına gəldi, özünü təqdim etdi.

Atlı dəstənin rəisi Mirzə bəy Gənceyi pristavdır. O dedi ki, pristav yavərdən kiçik, sultandan yuxarı vəzifədir. Nahar etmək üçün Tovuz çaparxanasında faytondan düşdük. Çaparxananın qərb tərəfindən Tovuz çayı axır. Çayın üstündə qədim bir körpü olub, indi uçmuşdur. Ondan yalnız iki sütün qalmışdır. Deyirlər ki, sel gələn vaxt insanlar bir neçə gün məəttəl qalırlar.

Çaparxanadan bir qədər aralanmışdıq ki, yolda on nəfər əsgərin müqəssir olan bir müsəlman və bir rusu öz əhatələrində Tiflisdən Gəncəyə apardıqlarını gördük.

Xeyli boş sandıq yükləri olan dəvələr görünürdü, onlara Gəncədə üzüm dolduraraq Tiflisə aparırdılar. Yolun şimalında, üç-dörd fərsəx aralıda başı qarlı dağ görünürdü. Bu, Ərçən dağıdır. Kür çayı onun ətəyindən keçir və qərbdən şərqə axır. Zəgəm dağının on verstliyində Ağdağ dağıdır. Ağdağın aşağısında qarovulxana yerləşir.

Ağdağ torpaqla örtülmüşdür, uzanıb gedir, yağışlı və qarlıdır. Aşağıda, dağ keçidində, yolun sağında Göyçəli kəndi yerləşmişdir. Kənd çox böyükdür və bütün əhalisi şiəməzhəbdir.

Həsənsudan Ağstafa tərəfə getdikcə tamam sünniməzhəb müsəlman əhalisi yaşayır.

Həsənsu çaparxanası çayın qərbində yerləşir və Həsənsu çayın adıdır. Burada bir neçə kənd vardır. Körpü indi uçmuşdur. 1293-cu ilin baharında (1876) Tiflisdən Badkubəyə işləyəcək dəmir yolunun tikilməyə başlaması işi yolun və suyun eybini örtəcəkdir. Dəmiryolunun üç il ərzində başa çatacağı qərara alınmışdır.

İndi 1875-ci məsihi ilinin sonlarıdır və iş 1879-cu ildə tamamlanacaqdır.

Həsənsudan səkkiz verst keçdikdən sonra Dağça Səmənd kəndinə gəldik. Çox mötəbər bir kənd olub, bazar və dikanları var, bostanlarla zəngindir. Kənddən keçmək üçün mütləq bostanların arası ilə getmək lazımdır. Bu kənd rəisin yaşadığı yerdir.

Bu gün də yolumuz qərb istiqamətinədir. Ağstafa çayı böyük çaylardan biridir. Suyu bol olduğu üçün bütün Qazax qəzası bu çayın suyu ilə suvarılır. Çayın üzərində möhkəm dəmir körpü düzəldilmişdir. Körpüyə altmış min manat pul xərclənmişdir və yeddi dəmir sütunu vardır. Hər sütun fasilələrdə iki ədəd yan sütunlarla körpünün möhtəşəmliyini təmin edir və bunlar bir-birindən yarım zər məsafə ilə aralanmışdır. Körpünün hər iki tərəfində cəmi 28 sütun mövcuddur. Körpünün uzunluğu yüz beş zərdir, eyni vaxtda iki qoşa fayton keçə bilir.

Körpünün başlanğıcında gözətçi məntəqəsi vardır və yolun eninə bir ağac uzadılmışdır, burada bir neçə nəfər mühafiz dayanmışdır. Onlar vaxtaşırı ağacı qaldırır-endirirlər və buradan keçən hər at üçün 9 qəpik alırlar.

Həmin qarovulxananın otağında (çox qəşəng düzəldilmişdir) həmişə mühafiz olur və pulun keşiyini çəkir. Bu pul Tiflisə və İrəvana qədərki yol haqqıdır. Bir qarovulxana da İrəvan tərəfdə Dilicandadır. Sınıq körpüdə də iribuynuzlu heyvanlar və qoyunları keçirməyə görə haqq alınır.

Ağstafa çayının mənbəi Gümrü mahalındandır. Onun suyu vasitəsilə Qazax mahalı suvarılır, sonra qalan az miqdarda suyu Kür çayına tökülür. Rus dövləti Ağstafada bir şəhər salmaq barədə plan hazırlayır. İndi də onu həyata keçirir, burada teleqrafxana vardır, Ağstafa çaparxanası ilə üzbəüzdə Göyçay divanxanasında olduğu kimi, su kanalı axır.

Ağstafadan İrəvana yüz altmış verstdir. Burada on bir poçtxana fəaliyyət göstərir. Yolun sonunda Dilican qəsəbəsi yerləşir ki, burada bir polk əsgər həmişə hazırdır. Ağstafadan Tiflisə çəkilmiş teleqraf xətti iki şaxəlidir. Naçalnikdən teleqraf dirəklərinin iki cür, müxtəlif olmasının səbəbini soruşduqda, o, sıxılaraq cavab verdi ki, dəmir dirəklər ingilislərin malıdır, taxta dirəklər isə rus dövlətinindir.
Algetə daxil olduq

1292-ci il 28 ramazanül-mübarək (1875, 29 oktyabr), cümə günü Algetə gəldik. Türk sözüdür, yəni, al və get (begir və beroy). Biz Ağstafadan yola düşüb, dəmir körpünü keçdik, üzü şimala doğru hərəkət etdik. Zorarxı çay çaparxanası da Qarayur kimi diqqətəlayiq deyil və burada poçt atları bağlamışlar.

Zorarxıdan iki-üç verst keçdikdən sonra təpə və kiçik yarğana rast gəldik, orada yol gözətçiləri üçün bir otaq düzəltmişlər. Oradan keçdikdən sonra yoldan çox da uzaqda olmayan həmin təpə və yarğan Sınıq körpüyə qədər bizim sol tərəfimizdə qalmışdı. Dağlıq ərazilərdən uzaqlaşıb düzənliyə çatdıq. Salahlıya qədər yolumuz üzü məğribə idi və Salahlı çaparxanasının kənarından, şimal tərəfdən Kür çayı keçir. Bu düzənlik başdan-başa Qarayazı meşəsidir. Qarayazının əvvəli Yağlıcadan başlayır. Ya­xın­lıq­da­kı qarovulxanada Mingəçevir ərazisi qurtarır. Bu meşədə (Qarayazı – T.H.) ceyran, maral, ayı və sair heyvanat çoxdur. Bura padşaha məxsus qoruqdur və heç kəs onları ovlamır. Bu ətrafın meşələri Ərəbistanda axan Kərxə çayının ətrafındakı meşəyə çox oxşayır.

Zorarxı çaparxanasında Salahlı ağalarından İsmayıl ağa, Bəkir ağa, Cəfər ağa, Əbdürrəhman ağa, Həsən ağa əlli nəfər atlı və kəndxudalarla bərabər bizi qarşılamağa gəlmişdilər. Onlar bizi Salahlı çaparxanasına qədər müşayiət etdilər.

Salahlı kəndi çaparxananın yaxınlığındadır, burada səkkiz yüz ailə yaşyır və əslində şəhər tipli qəsəbədir. Buradan, hər istiqamətdən Kür çayına yollar gedir. Yolların uzağı min qədəm, yaxını iki yüz qədəmdir.

İki verst getdikdən sonra Şeyxli (Şıxlı – T.H.) kəndinə yetişdik. Burada Hacı İsmayıl əfəndi ağsaqqallarla bizi istiqbala gəldilər. Salahlıdan yeddi verst aralıda Şeyxli tayfasının qəbiristanlığı yerləşir. Şeyxli qəbiristanlığının yaxınlığında Xram çayıdır ki, Sınıq körpüdən keçir. Onun məcrası Bezəçlunun dağlarındandır, Kürlə birləşir.

On üç verst getdikdən sonra Sınıq körpüyə çatdıq. Körpü çox möhkəm kərpiç və daşdan tikilmişdir. Sınıq körpünün üç çeşməsi vardır ki, ortada olan çeşmə xeyli böyükdür və məlum deyildir ki, bu körpü nə vaxt tiklmişdir. Bu vilayətdə Kürdən sonra Xramçaydan böyük çay yoxdur. İndi bu çayda su çoxdur və hər üç çeşmədən su gəlir və onun da ətrafı Kür çayı kimi meşəlikdir.

Sınıq körpüdə də yolun eninə bir ağac qoymuşlar ki, Tiflisdən gələnlər buradan keçən hər bir at üçün 9 qəpik pul ödəsinlər. Digər heyvanlara görə də müəyyən qaydada pul ödənilir.

Körpüdən keçəndən sonra Qazax qəzasının rəisi, Qazax atlı dəstəsinin rəisi Eyyub ağa ilə gəlib xudahafizləşdilər. Körpünün bu tərəfində on dörd nəfər müqəssir gördüm, onlardan on bir nəfəri müsəlman və üç nəfəri erməni idi, onları Sibirə aparırdılar.

Körpünü keçərək şimala doğru hərəkət etdik. Elə ki, düzənliyə yetişdi, Kür çayı göründü. Burada çay yola paraleldir və şimaldan cənuba doğru axır, bəzi yerdə yaxınlıqdan, bəzi yerdə isə uzaqdan keçir.

Yaxınlıqda Alget çaparxanası göründü, bu yerdən həm də Alget çayı axır. Çayın üzərində dəmir körpü vardır. Onun bir çeşməsi vardır ki, çaparxananın cənubundan keçir. Yəqin ki, çaparxanaya su buradan gətirilir və bir qədər məsafə vardır. Suya ehtiyacı çox olan müsəlmanlar yəqin ki, bir qədər çətinlik çəkirlər.
Tiflisə varid olma

Mirzə Fətəli Axundovla görüş

1292-ci il 29 ramazan, (1875, 30 oktyabr), şənbə günü Tiflisə varid olduq. Gürcü dilində Tiblisidir, yəni isti su məkanı deməkdir.

Cənubda yerləşən dağın ətəyində bir neçə isti su bulağı olduğundan, onlardan hamamlar düzəltmişlər. Ona görə də bu yerə Tiplisi adını vermişlər. Ərəblər, ya, əcəmlər «ba»-nı «fa» kimi tələffüz edərək bunu Tiflis kimi ifadə etmişlər.

Alget çaparxanasından on verst üzü şimala düz yol uzanıb gedir. Heyf ki, bu yol bir o qədər də enli deyildir. Yolun bir arx qırağından o biri arx qırağınadək olan məsafə 10 zərdir. Həmin xiyabanı keçdikdən sonra Yağlıca eniş yoluna və yanında təpəyə yetişdik. Bu enişin 13 verstliyində qarovulxana vardır. Yağlıca düzənliyində abad yerlər çoxdur. Lakin burada ağac əkmirlər və Yağlıca qarovul məntəqəsində də su yoxdur. Buraya içməli suyu Kür çayından gətirirlər.

Buradan Kürə qədər olan məsafə yeddi verstdir. İnsanlar nə qədər su quyusu qazırlar, suyu yenə şor çıxır. Algetdən Kür çayına yol uzaqdır. Yağlıcada təpə ilə eniş arasında uzun və dərin bir dərə vardır ki, oraya «Şah gizlənən» deyirlər, yəni vaxtilə burada şah gizlənmişdir.

Şəhid şah Ağa Məhəmməd xan Tiflisi tənbeh etmək üçün gedərkən Gürcüstan valisi ona qarşı qoşun göndərmişdi. Şəhid şah pusqu quraraq öz dəstəsi ilə orada gizlənmişdi və gürcülərlə döyüşərək onları məğlub etmişdi. Qacar şahı həmin dərədən Tiflis üzərinə hücum edərək Tiflisin cənubundakı bir dağdan şəhərə zərbələr endirmiş və Tiflisdə qətl-qarət olmuşdur. Bu hadisə 1210-cu (1795) hicri ilində baş vermişdir.

Bu bəndənin (Fərhad Mirzənin. – T.H.) fikrincə şəhid şahın Tiflisi, Nadir şah Əfşarın Cahanabadı fəth etməsi bu iki qüdrətli padşahın qalibiyyəti hesab edilməlidir. Lakin bu iki qalibiyyət ona bais oldu ki, İngilis dövləti Hindistana tamah saldı və onu öz müstəmləkəsi etdi, onu zəbt elədi. Rus dövləti Gürcüstan xəyalına düşdü və Gürcüstanı işğal elədi.

Bu iki padşah yolu göstərdilər və İran padşahları Gürcüstan valilərindən sikkə və xütbə əldə etdilər, lakin valilər bir neçə ildən sonra, həm də tezliklə hər şeyi bada verdilər (ruslara tabe oldular. – T.H.).

İrakli xanın oğlu Mirzə Aleksandr Gürcüstan valilərindən idi və o, illərlə Təbrizdə mərhum vəliəhdin yanında xidmət etmişdir, vəzifə sahibi olmuşdur. O, vəliəhddən (Abbas Mirzədən. – T.H) kəmali-ehtiram görmüşdür.

Bu bəndə Kərim xan Zəndin adına kəsilmiş Tiflis sikkəsini görmüşdür. Kərim xanın surəti Tiflis sikkəsinin yuxarısında vurulmuşdur. Kərim xan Azərbaycanda olan Dünbuli xanlarının hakimiyyətinə heç bir ixtiyar vermədiyi halda, Tiflisə, Gürcüstana nə düşüb ki, onun adına sikkə vurdursun, xələt versin, bu eybəcər bir haldır.

Yağlıcanın dərə-təpəli və enişli yolundan çıxdıqdan sonra Kür göründü. Buradan qərbə tərəf hərəkət etməyə başladıq. Biz şərqdən qərbə yola düşdükdə Kür çayı bizim sağ tərəfimizdən, qərbdən şərqə axırdı. Yağlıca çaparxanasından bir verst uzaqlaşmışdıq ki, onun dərə-təpəli yolundan çıxıb düzənliyə düşdük.

Yağlıca çaparxanasında da su yoxdur, Kürdən gətirirlər. Bura bir verst çaydan aralıdır. Soğanlu çaparxanası da Kür çayından aralıdır və çay ona paralel, lakin kənardan axır. Bu düzənlikdən Soğanluya qədər ot çoxdur, çoxlu ot tayaları görünür. Soğanlu bir kənddir və çaparxana da belə adlanır.

Yağlıcadan on iki verst yol getdikdən sonra uzaqdan dağlıq ərazi göründü ki, şimaldan cənuba doğru uzanıb gedir. O dağda bir konusvari qala görünürdü. Qalanın yuxarısında kilsə vardır. Tiflis əhalisi ildə bir dəfə buraya ziyarətə gəlir. Kilsənin ətrafında iki-üç ailə məskunlaşmışdır. Onlar kilsənin qulluqçularıdırlar.

Dağın ətəyində əhali yaşayan dərə və bağlar yerləşmişdir.

Soğanlu çaparxanası həmin dağla üzbəüz tikilmişdir və burada kilsə yoxdur. Oradan Tiflis şəhərinədək yolun sol tərəfi tamamilə dağlıqdır və çox yerdə dağı çaparaq yol salmışlar.

Şəhərin iki verstliyində İran dövlətinin Baş konsulu müqərribül-xaqan Mirzə Əsədulla xan Təbrizi İranın tacir və təbəələri ilə birlikdə bizi qarşıladılar. Onlar fayton gətirmişdilər. Bir nəfər vəzifəli şəxs də dörd nəfər kazakla dayanmışdı. Onlar burada qalacağımız bir neçə gün ərzində bizim keşikçilərimiz olacaqdılar. Günortadan bir saat keçmiş İran dövlətinin konsulluğuna gəldik. Polkovnik (sərhəng) Mirzə Fətəli Axundov qabaqcadan Bütün Qafqazın müvəqqəti vəziri və pişkarı cənab prins Baqration tərəfindən bizi salamlamaq üçün gəldi. Onunla birlikdə vaxtilə mərhum Xaqanın hakimiyyət dövründə İrana gələrək, xan titulunu almış Şah Mirxanın oğlu müsyö Məlik Bəylərov də Tiflis əyalətinin hakimi tərəfindən görüşmək üçün gəlmişdi. Onlar mənimlə görüşdükdə vaxt təyin edib danışmaq arzusunda olduqlarını bildirdilər. Lakin mən yolda yorulduğum üçün dincəlmək, mənzilə gələrək hamam tədarükü görmək istədiyimi bildirdim. Qərara aldıq ki, sabah günortaya iki saat qalmış hakimlə, günorta saat on ikidə isə prins Baqrationla görüşək.

Onlar getdikdən sonra polis bölüyünün koloneli, yəni şəhərin bəylərbəyisi görüşmək üçün gəldi və Tiflis əhalisinin adından salamlaşdı. Ağsaqqal, yaşlı bir şəxsdir.

Tiflis şəhəri Avropa şəhərlərinin bir nümunəsidir. Şəhərin cənub və şimal hissəsi dağlarla əhatə olunmuşdur. Cənubda dağlar nisbətən daha ucadır, daha əzəmətlidir. Dağların yuxarısında qədim qala və hasarların əlamətləri vardır.

Kür çayı şəhərin ortasından keçir və şəhərin cənub tərəfində ərazi şimal tərəfindəkinə nisbətən daha böyükdür.

Şəhərin cənubunda yaxşı evlər vardır və bazarlarında keyfiyyətli mallar daha çoxdur. Burada isti su çeşmələrinin sayı yeddidir. Bu suların bəzisi elə istidir ki, onlardan yalnız hamamlarda istifadə olunur və kükürd qoxumur. Lakin bu sudan çıxdıqdan sonra bir neçə dəst gülxətmi bitgisini bədənə, başa və saqqala sürtmək lazımdır ki, saç və bədən yumşaq olsun.

İran dövlətinin konsulluğu hündür bir yerdədir və şəhərin şərq hissəsində yerləşir. Baş konsul Mirzə Əsədulla xan Seyid Təbatəbai, Mirzə Ələsgər Mustofinin oğludur, Mirzə Ələsgər də Mirzə Rəfinin oğludur. Mirzə Rəfi mərhum Xaqani dövründə Təbrizdə tanınmış maarifçi şəxslərdən olmuş, mərhum vəliəhdin (Abbas Mirzə Naibüssəltənənin. – T.H.) hakimiyyətinin əvvəllərində Təbrizdə yaşamışdır.

Mirzə Əsədulla xan fransız dilini gözəl bilirdi, rus dilini də öyrənirdi. Tacirlər və onun tələbələri ondan çox razı idilər. Rus dövlətinin başçıları da ona hörmətlə yanaşırdılar. Dövlət adamlarının yanında yaxşı ad qazanmışdı. Şimalda, dağın ətəyində qorxana, cəbbəxana və topxana vardır. Burada əhalinin tərkibi müxtəlif millətlərdən, erməni, gürcü, rus, müsəlman, katolik və digərlərdən ibarət olub, sayı yüz mindir. Tiflis şəhərinin cənubunda qədim divar, bürc və barı vardır. Onlar daşdan və gəcdən tikilmişdir. Çox məşhur Şeyx Sənan qəbri buradadır. Dağın ətəyindəki kilsə Şeyx-Sənan adınadır. Badkubədən Tiflisə qədər yol boyu otuz iki çaparxana vardır.


Çaparxanaların adları və Bakıdan Tiflisədək olan məsafənin təyin edilməsi

Badkubədən Saray çaparxanasınadək olan məsafə 17 verst və üç çetvərdir. Hər çetvər isə dörddə bir verstdir.

Saraydan Arbatadək on dörd verst və bir çetvərdir. Burada su pisdir.

Arbatdan Lənətnamə çaparxanasınadək on bir verstdir, suyu yoxdur, yoldan uzaqda olan yerdən gətirilir. Lənətnamədən Cəngi çaparxanasınadək on iki verstdir, suyu pisdir. Cəmi-cümlətani əlli beş verst yoldur. Cəngidən Nağı körpüyədək on yeddi verst yarımdır, suyu acıdır. Nağı körpüdən Mərəzəyədək on iki verst çetvərdir, suyu pisdir. Mərəzədən Acıdərəyədək olan məsafə on beş verst bir çetvərdir, suyu acıdır, yoldan xeyli aralı olan bir məsafədən şirin su gətirirlər. Acıdərədən Şamaxı şəhərinədək olan məsafə isə on iki verst və bir çetvərdir.

Cəmi əlli yeddi verst və üçdə birdir. Şamaxı şəhərindən Şoradil çaparxanasınadək on yeddi verst bir çetvərdir. Şoradildən Ağsuyadək on doqquz verst və üç çetvərdir.

Cəmi otuz səkkiz verst yoldur. Ağsudan Kəlovluyadək (Kəluli?) on iki verstdir. Kəluli iki kəndin adıdır. Birinin əhalisi müsəlmandır. Bir qədər uzaqdadır. Digəri malakanlar yaşayan kənddir və çaparxanaya yaxındır.

Kəlulidən Qara Məryəmədək iki verst üç çetvərdir. Qara Məryəmdən ta Göyçayadək olan məsafə isə on iki verst iki çetvərdir. Cəmi əlli beş verst bir çetvərdir.

Göyçaydan Turyançayadək iyirmi iki versdir. İndi Turyançay çaparxanasının əvəzinə onun yaxınlığında, Ağdaşda çaparxana tikilmişdir və o, dağın ətəyindədir. Ağdaş isə düzənlikdə yerləşir.

Ağdaşdan Ərəbədək olan məsafə on dörd verstdir. Ərəbdən Çomaxluyadək on altı verstdir.

Cəmi əlli iki verstdir. Çomaxludan Mingəçevirədək on doqquz verst və bir çetvərdir. Mingəçevirdən Qarğılıçayadək iyirmi verstdir və Qarğılı türkcə ney mənasını verir. Qarğılı, yəni ney zar deməkdir.

Cəmi otuz doqquz verst bir çetvər. Qarğılıçaydan Kürəkçayadək on doqquz verst, Kürəkçaydan Gəncə şəhərinədək isə iyirmi bir verstdir.

Cümlətani qırx verst. Gəncə şəhərindən Qarayura qədər yolda köhnə bir çaparxana vardır və ora at bağlayırlar. Qalmaq üçün yer yoxdur. Məsafə on yeddi verstdir. Qarayurdan Şəmkuradək doqquz verst yarım, Şəmkurdan Zəgəmədək isə iyirmi iki verst iki çetvərdir.

Cümlətani əlli verstdir. Zəgəmdən Tovuzadək on doqquz verstdir, Tovuzdan Həsənsuyadək on altı verst, Həsənsudan Ağstafayadək isə on iki verstdir.

Cümlətani qırx yeddi verst. Ağstafadan Zorarxıya qədər on verst yarımdır, Zorarxıdan Salahlıyadək on üç verst, Salahlıdan Algetədək iyirmi üç verstdir. Cümlətani qırx altı verst yarım. Algetdən Yağlıcayadək iyirmi iki verst, Yağlıcadan Soğanluyadək on iki verst, Soğanludan Tiflisədək, yəni Poctxanayadək on verst yarımdır.

Cümlətani qırx dörd verst yarım. Hər bir at üçün bir verst yol haqqı üç qara qəpikdir. Hər yüz qara qəpik bir manatdır. İndi İranda bu pul üç min on şahıya bərabərdir. Bir rus imperiyalı beş manata bərabərdir.
Knyaz Meriyski və bir sıra sahibmənsəblə, o cümlədən Mirzə Fətəli Axundovla görüş

Ramazan, yekşənbə (bazar günü). Günortadan əvvəl cənab knyaz Meriyskinin adyutantı rəsmi libasda gəldi, hal-əhval tutdu və bizimlə olacaq görüş vaxtını soruşdu. Bir gün həzrətlə vaxt təyin etdiyimiz üçün mən cənabla bu gün görüşəcəyimi bildirdim və dedim: «Zəhmət olmasa günortadan bir saat sonra təşrif buyursunlar».

Günortaya iki saat qalmış cənab Orlovskinin özü rəsmi libasda Şahmirxanın oğlu müsyö Bəylərov Levarsabla görüşə gəldi. Cənab əslən lehdir (polyakdır. – T.H.) və on altı ildir ki, Tiflis hakimidir, katolik məzhəbdir. Bu müddət ərzində bədxahları Orlovskini vəzifəsindən uzaqlaşdırmağa cəhd etsələr də, buna nail ola bilməmişlər. O, xoşxasiyyət və mehriban bir insandır.

Orlovski getdikdən sonra cənab Baqration Mixranski müəyyən etdiyimiz vədədə gəldi. O, İran dövlətinin və öz dövlətinin təltif etdiyi nişanları taxmışdı. Bir qədər oturdu və xeyli söhbət etdi. Baqration çox nəzakətli və ağıllı bir insandır. Belələri üçün belə deyirlər: Daxili zəngin, xarici sadə. Onun əsli Gürcüstandandır və həzrəti-Davudun övladıdır.

Bu vaxt İmperatorun Baş adyutantı, senator, əslən Gürcüstanın qədim zadəgan ailələrindən olan knyaz Qriqor Orbeliani görüşmək üçün gəldi.

Əlahəzrət şahənşah h.q. 1286-cı (1869) ildə Gilana təşrif buyurmuşdu. Rus dövləti Şahənşahın xidmətinə məhz Orbelianini təyin etmişdi və o, bu şərəfə nail oldu, burada onun vaxtilə hümayun tərəfindən təltif olunması da nəzərə alınmışdı. Orbelianinin «timsali-hümayun» ordeni vardı («Timsali-hümayun» üzərində şahın surəti olan ordendir. – T.H.).

Cənab Baqration Mixranski öz yerini ona verdi və getdi. Orbeliani Mirzə Əsədulla xanı çox təriflədi və xahiş etdi ki, onun sədaqəti və xidməti haqqında dövlət başçısına yazım və məlumat verim.

Orbeliani getdikdən yarım saat sonra cənab Baqration Mixranski yenə təşrif buyurdu və onun mütərcimi Mirzə Fətəli Axundov idi. Dedilər ki, heyf Tiflisin görməli yerlərinin bir neçəsini görməmisiniz. Bir neçə yerin adını çəkdilər: «Sizin üçün teatrda da yerlər ayırmışıq ki, əgər bir gecə istəsəniz, tamaşaya təşrif gətirə bilərsiniz». Sonra həzrət canisinin naibi cənab knyaz Meriyski rəsmi libasda təşrif buyurdu. Yenə tərcüməçi Mirzə Fətəli idi. Cənab Meriyski çox bəlağətli danışan, xoşsöhbətdir və o, iyirmi il bundan əvvəl Sevastopol müharibəsində iki güllə yarası almışdı ki, güllənin biri sinəsindən keçərək kürəyindən çıxmışdı. Ona görə də at minməyə çətinlik çəkir. Knyaz bir çox ordenlərə malikdir.

Meriyski söhbət əsnasında bəyan etdi ki, kompaniya təşkil edilmişdir və o, İngiltərə ilə Fransa arasında olan La-Manş boğazının altından yol çəkmək üçün hazırlaşır. Bu dəniz olduqca tufanlı və təlatümlüdür. Gəmilər dəfələrlə bir-biri ilə toqquşmuş, əzilmişdir. Bunu məqsədəuyğun hesab edirlər ki, ticarəti genişləndirərək inkişaf etdirmək üçün yerin altından yol çəkilsin. İndi bu işə başlamışlar.

Meriyski bildirdi: «Parisdə bir nəfər qəribə ixtira etmişdir. Günəşin hərarətindən enerji alır və mühərrik işləyir. Günün şüası ağ və qara şüşəyə keçdiyi zaman maşın qızır və beləliklə əmələ gələn buxardan dənizdə buxar gəmisi, dəmir yolunda kareta yola düşür. Bununla da nə daş kömürə, nə neftə, nə də oduna ehtiyac qalmır. Həqiqətən ixtira, allahın kəramətidir ki, Knyaz Meriyski bir saat oturduqdan sonra getdi.

Keçmiş zamandan və qədim binalardan söhbət düşdükdə Baqration soruşdu: «Sərkar Sınıq körpünü gördükdə nə düşünürdü?» Mən körpünün çox gözəl olduğunu bildirdim. O dedi ki, bu müddət ərzində körpü heç təmir olunmayıb. Mən körpünün kim tərəfindən salındığını soruşduqda Baqration cavab verdi ki, bu I Şah Abbasın zamanında salınmışdır. Məlumdur ki, Şah Abbas Gürcüstana və Qarabağa çox diqqət yetirmiş, Gəncədə meydan və məscidlər bina etmişdir, burada isə belə bir körpü düzəltmişdir.

Baqration tayfası qədim zamanlarda Gürcüstanda hakimiyyət sürmüşlər. Xaqani buyurur:

Rəvəm naqus busəm zin təhəkküm?

Şəvəm zünnar bəndəm zin təəda?

Məno Naçorməki vo deyri-Məxran?

Dəre Bağratiyanəm ca vo məlca?

(Məhkumluqdan gedib, öpüm kəlisanın zəngini?

Zülm əlindən zünnar asıb, dəyişdirim rəngimi?

Naçorməklik hara, Məxran kilsəsində mən hara?

Bokratilər qapısına gedib, istəyim çara?)

Şeirdə həmin Baqrationa işarədir. Xaqani «Divan»ının şərhçisi Əli Əbdürrəsulun Baqrationu Boqrat (Hippokrat) həkim kimi təqdim etməsi səhvdir.1
Tiflisdə təvəqqüf

Ruzi-döşənbə, eydi-Ramazan. Bazar ertəsi Ramazan bayramı müsyö Bəylərov (Beklerov) Pavel, müsyö Məlik Bəylərov Luvarsabın böyük qardaşı bizimlə görüşmək üçün gəldi. Fars dilini çox yaxşı bilirdi. Mirzə Fətəli də gəldi və bildirdi ki, Baqration Mixranski sizə böyük ehtiram bəsləyir. Ona görə də qərara gəlmişdir ki, müsyö Bəylərov Luvarsab, Şah Mirxanın oğlu Poti limanınadək sizin xidmətinizdə olacaqdır. Sizi gəmiyə mindirib, bizə xəbər verəcəkdir. Mən də bu məhəbbətdən çox məmnun oldum. Müsyö polkovnik mənsəbindədir və şəhərin şimal tərəfinin yarısı onun ixtiyarındadır.

Sonra Mirzə Fətəli Axundovun əyalının qardaşı, fars dilini mükəmməl bilən Mirzə Mustafa görüşə gəldi. O bildirdi ki, vaxtilə Tehranda olmuş general-mayor Benteski mənimlə görüşmək istəyir. Dedim ki, sabah gəlsin.

Sonra karetaya əyləşərək görüşə getdik. Cənab prins Baqration Mixranskiyə vizit kartoçkası verdik. Oradan Tiflis əyalətinin hakimi, cənab Orlovskinin evinə getdik, vizit kartını verdik. Oradan cənab knyaz Meriyskinin evinə getdik, çox ədəbli insandır. O, bir otağını İran qaydası ilə düzəltmişdir, pəncərələr İran qaydasında idi. Burada İran alətləri cəm etmişdi. Divan, kreslo üzərinə Kürdüstani ibadət xalıları sərmişdi. Divarda da bəzək işləri vardı. Meriyski xeyli söhbət etdi. Dəmir yolunun çəkilişi barədə dedi ki, artıq bir neçə ilə, daha dəqiq, üç ilə tamam olacaqdır. Bu yol üçün İran hər rus verstinə görə 14 min tümən xərc verir: ümumiyyətlə sərf olunacaq məbləğ 42 kürur manatdır ki, təxminən on beş kürur (hər kürur 500 min tüməndir) İran puluna bərabərdir.

Deyirdi ki, on il bundan əvvəl bütün Rusiya ərazisində min verst dəmir yolu var idi. İndi isə hesablanıb, hazırda on min verst dəmir yolu mövcuddur. Avropa dövlətləri buna meyl etmirlər. Onlardan fərqli olaraq Rusiya, xüsusən, İmperator Nikolay buna diqqət yetirir, ona görə də dəmir yolu inkişaf edir. Müxtəlif mövzuda söhbət oldu. Mirzə Əsədulla xana buyurdu ki, əgər qonaq hərbi zavoda və silah anbarına baxmaq istəsə aparsın. Mən dedim ki, əgər Tiflisdə cəbbəxananı, qorxananı görsəm çox xoş olar.

Xudahafizləşərkən dedi: «Kaş bizim aramızda olan dəryalar sizə sədəmə toxundurmayaydı ki, yenə bu yoldan qayıdaraq gələydiniz və biz də xidmətinizdə duraydıq». Bir gün əvvəl o, məndən hansı yolla qayıdacağımı soruşduğda demişdim ki, əgər dənizdən sədəmə görməsəm, inşallah yenə bu yolla qayıtmaq istəyirəm. Məhz mənim bu sözlərimə görə o belə demişdi.

Mən dedim: «Bu qədər ki, mən sizdən mehribanlıq, məhəbbət görmüşəm, dəryalar sədəmə vursalar da, yenə bu yolla qayıtmaqdan imtina etmərəm». Bu sözlərin müqabilində mənə təşəkkür etdi. Mütərcimi Mirzə Fətəli idi və axıra qədər müşayiət etdi.

Oradan knyaz Qriqori Orbelianinin evinə getdik, vizit kartı verdik və oradan Mirzə Əsədulla xan bizi Ağa Mirfəttahın bağına aparmaq istədi. Bu müctəhidin bağı çox məşhurdur, indi dövlətin ixtiyarındadır və xəzan fəslində onun səfalı olmayacağını söylədim.

Mənzilə qayıtdıq. Vizit kartlarını Mirzə Əsədulla xana verdik. Rusca yazılmışdı, aşağıda farsca şahzadə Fərhad Mirzə Mötəmədüddövlə.


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə