qəlibə doldurur, üstünü əllə hamarladıqdan sonra, təmizlənmiş sahəyə
gətirir, ehmalca üzü üstə yerə çevirirdilər. Palçığın torpağa, eləcə də
qəlibə yapışmaması üçün qəlibi içərisinə su doldurulmuş kiçik çalaya
salıb çıxarırdılar. Kəsilmiş kərpicin təxminən hər tərəfi quruyurdu.
Kərpici yazda və payızda kəsib qurutmaq daha əlverişli idi. Bu zaman
günəş şüaları onu bərabər səviyyədə qurudurdu. Quruduqdan sonra
onları pramida formasında yığır, yağıntıdan qorumaq üçün üzərinə ot,
küləş, qarğı və cil biçib tökürdülər.
Azərbaycanda istifadə edilən qəliblərin ölçüləri və gözlərinin
sayı müxtəlif oluşdur. Kərpic kəsilməsində, bir qayda olaraq, ölçüləri
40x20-21x15-16 sm və ya 60x23-24x12-13 sm olmaqla “ayıbalası
qəlibi” adlanan 2,3,4 gözlü qəliblərdən istifadə olunurdu. Bundan
başqa, ölçüləri bir qədər kiçik olan qəliblər də işlədilmişdir. Öz işinin
ustası olan hər bir kərpickəsən gün ərzində 800-1000 ədəd kərpic
kəsməyi bacarırdı.
XIX-XX əsrin əvvəllərində tikilən evlərin əksəriyyətində
“ayıbalası” kərpicdən istifadə olunmuşdur. Bunun əsas səbəbi
mərtəbəarası və dam örtüyünün böyük ağırlığa malik olması,
antoseysmik mülahizələrin nəzərə alınması və divarlarda çoxlu sayda
açırımların-taxça, yük yeri (camaxatan), divar şkafı, buxarı, dolab və s.
qurulması ilə izah olunur. “Ayıbalası” kərpicin ölçülərinin böyük
olması divar hörgüsünü iki qatda hörməyə və divar qatlarını bir-birinə
möhkəm bağlamağa imkan verirdi.
Etnoqrafik materiallardan aydın olur ki, Azərbaycanın şəhər
tipli yaşayış məskənlərində və bəzi kəndlərində bişmiş kərpicdən
(qırmızı kərpic) də geniş istifadə olunmuşdur. Bişmiş kərpic yerli gil
materiallarından kustar sənətkarlıq karxanalarında hazırlanırdı. Bunun
üçün gildən yoğrulmuş palçıq çiy kərpic formasında qəlibləndikdən
sonra 5-6 gün açıq havada saxlanılır, daha sonra sobalarda bişirilirdi.
Naxçıvan bölgəsində bişmiş kərpicin qədimlərdən istifadə olunduğu, X-
XII əsrlərdə isə onun istehsalının kütləvi hal aldığı məlumdur. Burada
ölçüləri 22x22x5-7 sm, 17x17x6x5-7 sm olan “qızılbaş” kərpicinin və
ölçüləri 24x11-12x7-8 sm və 24x11x6x5-1 sm olan “rus” kərpicinin
yayıldığı qeyd edilir. [31] 1911-ci ildə Naxçıvanda tikilən bişmiş kərpic
zavodu öz fəaliyyətini bu yaxınlaradək davam etdirirdi. Bişmiş kərpic
zavodları Lənkəran-Astara, Gəncəbasar və Şəki-Zaqatala bölgələrində
də mövcud idi.
XIX-XX əsrin əvvəllərində Cənub bölgəsi (Astara Lerik,
Lənkəran, Masallı, Yardımlı) kəndlərində orta tavanlı əhali ev tikintisi
zamanı bişmiş kərpiclə çiy kərpici kombinə edərək işlətməyə üstünlük
verirdi. Belə ki, evin fasad divarlarının üst qatı bişmiş kərpiclə, içəri
qatı isə çiy kərpiclə (lal kərpic) hörülürdü. Fasad hissəsinin bu cür
hörülməsinə “rükət verməklə tikinti üsulu” deyilirdi.
XIX əsrdə Azərbaycanın dağ və dağətəyi, həmçinin çay
vadilərindəki kəndlərində tikinti material kimi çaydaşı və kötürdaşdan
(qaya daşı) geniş istifadə olunurdu. Daşdan tikinti materialı kimi
istifadə olunması Azərbaycan ərazisinin ən qədim sakinlərinə məlum
idi. Sarıtəpə yaşayış yerinin e.ə. VIII-VI əsrlərə aid edilən II,VII və VIII
kvadratlarında, həmçinin, Xınıslıda aşkar edilmiş divar qalıqlarının
hörgüsündə möhrə və çiy kərpiclə yanaşı, daşdan istifadə edilmişdir.
Qərb bölgəsindən keçən Şəmkir, Zəyəm, Tovuz, Axınca, Əsrik,
Həsənsu, Ağstafa, Coğaz, Tərsçay, Qabırrı, Kür və b. çaylar və onların
qollarının; Şirvanda Girdiman, Ağsu, Pirsaat, Dəvəbatan çaylarının;
Lənkəran bölgəsində Bəşəru və Viləş çaylarının, həmçinin Şəki-
Zaqatala bölgəsi çaylarının yataqları çay daşı ilə zəngin olmuş və
ondan geniş istifadə edilməsi üçün əlverişli şərait mövcud olmuşdur.
Azərbaycanın xalq yaşayış evlərinin tikitisində çaydaşından
fəqli olaraq qayadaşı (kötürdaşı), bir qayda olaraq, xam və işlənmiş
şəkildə istifadə olunurdu. XIX əsrdə qərb bölgəsinin əhalisi tikinti
daşlarının Daşsalahlı, İncili, Ağköynək, Musaköy, Zəyəm, Daşkəsən və
Murut mədənlərindən; Şirvan əhalisi Xilə, Böyük Çil, Pirəxəmiş, Tava
qışlağı, Kolaxanı, Çildaş, Qurbanlı, Bəklə, Udulu, Yekəxana, Mərəzə,
Cəməcəmli mədənlərindən; Naxçıvan əhalisi Şahtaxtı, Tağgəraltı,
Oğlan-qız, Xaraba, Gilan və Qarabağlar mədənlərindən; Bakı əhalisi isə
Şıx, Xilalan, Kəmli, Qaradağ və b. daş karxanalarından əldə edirdi.
Bəhs olunan dövrdə Azərbaycanın tikinti daşı ilə zənginliyini yazılı
məlumatlar da təsdiq edir. [32]
Əhalinin xalq yaşayış fondunun formalaşmasında ağac
materiallarından da istifadə edilirdi. Azərbaycanın Quba, Lənkəran,
Şamaxı. Şəki və Naxçıvan qəzaları, həmçinin, Kiçik Qafqaz ərazisi
meşlərlə zəngin olduğundan, bu ərazilərdə bol meşə-ağac materialı əldə
etmək mümkün idi. XIX əsrin sonlarında Azərbaycanın bütün
meşələrinin 24,3 faizinin təşkil edən Qarayazı, Dilican, Kürboyu tuğay
meşələrindən, həmçinin Kiçik Qafqaz dağları ətəklərindəki
meşələrindən tikinti üçün sərfəli materiallar əldə edilir, ev inşaatında
işlədilirdi. Ağac materialları, bir qayda olaraq, evin dirək, kərən, pərdi,
qapı, dərasər, dam örtüyü, taxtapuş (dran), pəncərə, sütün, sürahı, divar
şkafı (gəncənə), zeh, harma ağacı və müxtəlif bəzək elementlərinin
(şəbəkə) hazırlanmasında, həmçinin müxtəlif təyinatlı təsərrüfat
tikililərinin inşasında istifadə edilirdi. Kərtmə, cığma, aradoldurma kimi
ev tiplərinin inşasında ağac materialları əvəzedilməz idi. Tikinti
təcrübəsində qarağac (Ulmus Canpetris) palıd (Cnep us pedun culata
ehri), fıstıq (Fadus orinetalis lipsky), göyrüş (Fraxsinus exselsior L),
vələs (Carpinus, Berelus L), şam (Pinus), ardıc (Juniperus) və b. ağac
cinsləri başlıca yer tuturdu. Dağlıq Şirvanın və Cənub bölgəsinin
yaşayış evlərinin taxtapuş dam örtüyünün hazırlanmasında da ağac
materialı (xüsusilə dəmirağac) geniş işlədilirdi.
Azərbaycanın düzənlik ərazinlərindəki kəndlərdə qarğı, qamış,
avar və çubuq əsas tikinti materialı hesab olunurdu. “Durna” və
“Çovustan” tipli evlərin tikintisində bu tikinti materialları əvəzsiz idi.
Evin yanlarının və dam örtüyünün qurulmasında geniş istifadə
olunurdu.
Cənub bölgəsində geniş yayılmış “sündünəkə” tipli (“sünd”-
dirək deməkdir: “dirək ev”) evlərin “kümünün bağlanmasında” (dam
örtüyünün qurulmasında) qamış və lığdan geniş istifadə olunurdu.
Xarapa və pılkalardan çatma formalı düzəldilən dam örtüyünü üzərinə,
ətəkdən başlayaraq qamış, lığ dikinə qoyulurdu. Damın ətək yanlarına
qoyulan qamış, lığ qomları lijmun (yağmurluq), dikinə qoyulan qom isə
“sədu eğəti” (kəlləlik, tac) adlanırdı.
Qarğı, qamış və çubuq həyətlərin ətrafına çəpər çəkilməsində
və müxtəlif səciyyəli təsərrüfat tikililərinin (quraqlıq, təndirxana,
çardaq, heyvandarlıqla əlaqədar inşa olunan təsərrüfat tikililəri və s.)
ətrafının hörülməsində inşaat materialı kimi çubuq, keçə, palaz, çadır,
“örəmə” adlanan xüsusi hörülmüş qotazlı ip və çətəndən istifadə
edilirdi.
Dostları ilə paylaş: |