14
ideyanın özünü necə, hansı şəkildə, hansı bədii vasitələrlə ifadə
etməsinə yönəldir. O, diqqəti İblisə yox, daha çox Arif
obrazına yönəldir. Arifin fikri inkişafını sanki addımbaaddım
izləyir, onun şübhəçiliyində, müəmmalı həqiqətləri dərk edib
anlamaq istəyində köhnə Şərq zehniyyətinin təsirini görür.
M.Cəfər Ariflə yanaşı Elxanın da, qoca Şeyxin də bu
zehniyyəti daşıdığını, elm və fəlsəfədən daha artıq etiqada
arxalanan, varlığın fövqünə yüksəlmək istərkən yerlərdə
sürünən, həyatın əlində bir oyuncağa çevrilən, xəyalpərvər,
qafil insanlar olduğunu, bir tərəfdən bütün dinləri, fəlsəfələri
incədən-incəyə yoxlayan, saf-çürük edən, şübhəçilik azarına
tutulan, digər tərəfdən isə möhkəm etiqad, «mistika» sahibi
olub mücərrəd xeyirxahlıq hissləri ilə yaşayan və bu səbəbdən
də fəlakət və məhrumiyyətlərlə üzləşdiyini göstərir.
«İblis»də «həyat mübarizəsi» məsələsinin Cavidi çox
düşündürdüyünü də M.Cəfər nəzərdən qaçırmır. «Həyat
mübarizəsi» nə demək idi? İnsanlıq əsil səadətə, azadlığa, sülh
və əmniyyətə məhəbbət ideyası iləmi nail ola biləcək, yoxsa
mübarizə ilə? M.Cəfərin fikrincə, Cavid bu məsələni
idealistcəsinə anlamasına baxmayaraq, bir çox hallarda
tərəddüd edərək axırda belə qərara gəlmişdi ki: «haqqını sən
mübarizə ilə alarsan» .
M.Cəfər Cavid yaradıcılığının müəyyən dövrünü -1920-
26-cı illəri «Məfkurəvi tərəddüd illəri» kimi səciyyələndirir. Bu
illərdə Cavid «Peyğəmbər», «Topal Teymur» və «Afət»
pyeslərini yazmışdır.Niyə Cavid həmin illərdə yeni həyat
haqqında heç nə yazmadı? M.Cəfər bu suala cavab verərkən
30-cu illərin marksist tənqidçilərinin fikirləri ilə razılaşır, əsas
səbəb kimi Cavidin sosialist inqilabının mahiyyətini başa
düşməməkdə, proletar inqilabının xilaskar roluna qəti inamının
olmamasında axtarır. Yazır ki: «Proletar inqilabının sinfi
mübarizə yolu ilə köhnə münasibətlərin xərabələri üzərində
yeni cəmiyyət qurması mücərrəd, ümumi məhəbbət fəlsəfəsinə
aludə olmuş romantik şairə çatmırdı. Bu illərdə Cavidin
15
siyasətdən uzaqlaşması, «ədəbiyyat, sənət başqa, təbliğat
başqadır» və ya «romantik şairin keçmişdən yazması təbiidir»
deyib bəhanə gətirməsi, tarixi mövzulara, uzaq və yaxın
keçmişə əl atması da buradan irəli gəlirdi. Cavid heç bir
əsərində proletar inqilabına zidd cəbhə tutmamışdı; o, inqilaba
mənfi münasibət bəsləmirdi; eyni zamanda, o, susur, hələ
inqilabın xeyrinə bir söz də demirdi».
Göründüyü kimi, M.Cəfər, bir qədər yumşaq şəkildə,
Cavidin 1920-26-cı illərdə proletar inqilabının qələbəsini
sükutla qarşılamasını nöqsan sayır, bu da sovet dövrünün
ideologiyasından doğan bir fikirdir.Əsil səbəb heç də bunda
deyil. Cavidin «Peyğəmbər»i və «Topal Teymur»u onun
çoxdan düşündüyü mövzuların bədii ifadəsi idi. O,bütün
yaradıcılığı boyu ürəyinə yatmayan mövzuda əsər yazmamış və
heç bir əsərini də kiminsə sifarişilə qələmə almamışdı.
Yaşadığı cəmiyyətin onda doğurduğu intibalar, hadisə və
olaylar beynində həll olunandan sonra qələmə sarılmışdı.
«Azər» poemasını yaxud «Knyaz» pyesini Cavid inqilabın ilk
illərində yaza bilməzdi, çünki baş verən ictimai-siyasi
hadisələr, onların mahiyyəti Cavidə kifayət qədər bəlli idisə,
sadəcə, bu hadisələrin bədii şüurda həll olunması bir qədər gec
başa gəldi. Ona görə də, M.Cəfərin «Peyğəmbər» Cavidin
kəskin sinfi mübarizə illərində tamamilə sarsıldığını,
dəhşətləndiyini göstərirdi» yaxud, M.Quliyevin fikrinə haqq
qazandıraraq «Sosialist inqilabı ideallarından isə, Cavid
əvvəllərdə olduğu kimi, «Topal Teymur»u yazdığı illərdə də
çox uzaq» idi fikirləri əsl həqiqəti ifadə etmir. Ona görə də, biz
M.Cəfərin «Peyğəmbər» və «Topal Teymur» əsərləri ilə bağlı
təhlilləri üzərində dayanmağı vacib bilmirik. M.Cəfər bu
əsərlərin təhlilində bir sıra maraqlı elmi müşahidələri istisna
olunmaqla, iyirminci-otuzuncu illərin marksist tənqidindən irəli
gedə bilməmişdir.Amma qeyd etməyə dəyər ki, tədqiqatçı
«Azər» dastanı, «Knyaz», «Səyavuş», «Xəyyam» və «İblisin
intiqamı» əsərlərinin təhlilində yeni söz deyə bilir, yəni bu
16
təhlillər həmin əsərlər haqqında iyirminci-otuzuncu illərdə
söylənilən fikirlərdən tamamilə fərqlidir. İstər «Azər»
poemasının bədii forma etibarilə klassik dastanlardan
fərqləndiyini, həmin əsərdə Cavidin müasir həyata, yeni
ideyalara meyl etdiyini , istər «Knyaz»da inqilabi hərəkatı
alqışladığını, istərsə də «Səyavuş» və «Xəyyam»da tarixi
hadisələrə və şəxsiyyətlərə müasirlik mövqeyindən yanaşdığını
doğru səciyyələndirir.
«Cavidin dramlarında sənətkarlıq xüsusiyyətləri» fəsli isə
Cavidşünaslıqda yeni bir mövzudur. M.Cəfərə qədər heç bir
tədqiqatçı Cavid pyeslərinin bu cəhətinə lazımi diqqət
yetirməmişdi. M.Cəfər ilk dəfə olaraq Cavid dramlarını
xarakterlər və ehtiraslar dramı kimi səciyyələndirir. İlk dəfə
olaraq o, Cavidin Azərbaycan dramaturgiyasında ailə, məişət
dramlarının müəllifi kimi xarakterizə edir, bu dramlarda
(«Maral», «Uçurum», «Afət») melodramatizm və sentimental
ünsürlər olduğunu sübut edir, onun pyeslərində fantastik dram
ünsürlərinin də xüsusi yer tutduğunu romantik dram janrının
xüsusiyyəti kimi nəzərə çarpdırır. Həmçinin onu da qeyd edir
ki: «…fövqəladə, romantik, sentimental xarakterlərlə yanaşı,
eyni zamanda realist xüsusiyyətlər daşıyan xarakterlər Cavidin
əsasən romantik üslubda yazdığı dramlarına, bütün görkəmli
romantiklərin əsərlərində olduğu kimi, müəyyən realist
xüsusiyyətlər də gətirmişdir». M.Cəfər Cavid dramlarından söz
açarkən onların bir çoxunun mürəkkəb süjetli olub, iki və ya
bir neçə paralel xətli süjet quruluşuna malik olduğunu, bu
paralel xətlərdə isə möhkəm səbəbiyyət əlaqələri olduğunu
nəzərə çarpdırır. Məsələn, «Maral» faciəsində Maral-Turxan
bəy xətti ilə yanaşı, bir-birini sevən, anlayan, qiymətləndirən
yeniyetmə Cəmil və Humay xətti verilir və demək olar ki, bu
iki xətt-bir-birini tamamlayan paralel süjet xətləri kimi inkişaf
edir. Yaxud, «Afət» faciəsində Afət-Özdəmir, Afət-Qaratay,
Afət-Kaplan, Altunsaç-Kaplan, Afət-Qorxmaz, Ərtoğrul-
Altunsaç, Ərtoğrul-Alagöz, Yavuz-Alagöz, Oqtay-Alagöz,
Dostları ilə paylaş: |