ƏN MÜHÜM XİDMƏT-AZƏRBAYCANI TANITMAQ!
Nümayəndə heyəti qarşısına qoyduğu başlıca vəzifəyə nail oldu -
Azərbaycan xalqının iradəsini və Azərbaycan dövlətinin mövcudluğunu dünyanın
diqqətinə çatdıra bildi. Bu artıq elə bir siyasi reallıq idi ki, ölkəni yenidən işğal edib
sovet Rusiyasının tərkibinə qatan bolşeviklər onunla barışmaq məcburiyyətində
qalmışdılar. Bakı neftinə göz dikən bolşeviklər öz sərvətlərinə və torpaqlarına sahib
olan Azərbaycan dövlətinin mövcudluğunu təsəvvürlərinə belə gətirmək istəmirdilər.
Leninin Qafqazdakı canişini, 1918-ci ilin martında Bakıda qanlı soyqırımın
təşkilatçılarından
biri
olan
S.Şaumyan
Sülh
konfransında
Azərbaycan
Cümhuriyyətinin de-fakto tanınmasından iki il əvvəl belə bir dövlətin qurulmasını
həyasızcasına “yerli millətçilərin xülyası” adlandırır, “Bakını Azərbaycan xanlığının
paytaxtına çevirmək istəyənlərin” niyyətlərinin heç zaman baş tutmayacağını elan
edirdi.
Lakin Azərbaycan Cümhuriyyətinin 23 aylıq mövcudluğu və bu müddət
ərzində yürüdülən uğurlu xarici siyasət radikal addımlar atmağı sevən bolşevikləri də
artıq de-fakto mövcud olan bir dövləti yerli-dibli inkar etmək, Azərbaycanı yenidən
quberniyalara, qəzalara bölmək iştahından çəkindirdi. Əgər 1918-20-ci illər
Azərbaycan Respublikası qismən də olsa özünün beynəlxalq təsdiqinə nail olmasaydı,
Sosialist Azərbaycanının yaranması da böyük sual altında qalardı. Paytaxtı Bakı olan
Azərbaycan SSR əslində müstəqil Cümhuriyyətin varisi idi. Azərbaycanda siyasi
hakimiyyəti zorakı yolla qəsb edən bolşeviklər hər bir cəhətdən öz əqidə
düşmənlərinə minnətdar olmalı idilər.
Doğrudur, Sovet Azərbaycanını 1918-20-ci illər sərhədləri daxilində qurmaq
mümkün olmadı. Milli hökumətin nəzarəti altında olan, yaxud mübahisəli sayılan və
həlli Sülh konfransından tələb edilən bir sıra tarixi torpaqlarımız bolşevik
rəhbərliyinin volyuntarist qərarları ilə digər “qardaş sovet respublikalarına” verildi.
Azərbaycan Milli Ordusuna qarşı kütləvi terror həyata keçirildi. Yenicə yaranmağa
başlayan demokratik institutların fəaliyyətinə son qoyuldu. Müstəqil Azərbaycanın
dövlət rəmzləri-üçrəngli bayraq və himn qadağan edildi. Milli hökumətin yüksək çinli
məmurları və siyasi partiyaların fəalları təqiblərə məruz qaldı. Lakin 1920-ci ilin
aprelindən başlayan və yetmiş ildən çox davam edən bütün repressiv tədbirlərə
baxmayaraq Azərbaycanın dövlət müstəqilliyi ideyasını Azərbaycan türklərinin
ürəklərindən və yaddaşlarından silmək niyyəti baş tutmadı.
Azərbaycan dövlətçiliyi ideyasını siyasi gündəmə gətirmək və onun hətta de-
fakto da olsa təsdiqinə nail olmaq asan məsələ deyildi. Təhlükə yalnız öz
19
neoimperialist niyyətlərini gizlətməyən Rusiyadan gəlmirdi. Digər qonşu dövlətlərlə
də ciddi problemlər mövcud idi. Ermənistan Azərbaycanın bir sıra tarixi ərazilərinə
iddialı olduğunu açıq şəkildə bildirir və yaranmış mürəkkəb şəraitdən istifadə edərək
həmin ərazilərdə xüsusi amansızlıqla etnik təmizləmə həyata keçirirdi. Gürcüstanla
münasibətlərin nisbətən normal olmasına baxmayaraq burada da mübahisəli ərazilər
problemi qalmaqda idi. Nəhayət, tarixi Azərbaycanın İranın əyalətlərindən biri
olduğunu iddia edən İran da Cənubi Qafqazda yaranmış yeni dövlətin Azərbaycan
adlandırılmasına etirazını bildirirdi. Məhz bu səbəbdən də Azərbayan Nümayəndə
heyəti Sülh konfransı ilə bütün rəsmi yazışmalarda, habelə çap etdirdikləri kitab,
məqalə və s. öz ölkələrinin adını “Qafqaz Azərbaycanı” kimi göstərmək məcburiyyəti
qarşısında qalmışdı.
Tarixi ədalət naminə qeyd ctmək lazımdır ki, yaranmış mürəkkəb vəziyyətdə
artıq özünün son günlərini yaşamaqda olan Osmanlı imperiyası yeni Azərbaycan
dövlətinə hərbi-siyasi və hüquqi yardım göstərən, ölkənin təbii və tarixi paytaxtı
Bakının daşnak-bolşevik əsarətindən azad olunmasında mühüm rol oynayan, nəhayət
ermənilərin həyata keçirdiyi kütləvi soyqırımının qarşısını alan yeganə qüvvə
olmuşdu. Nümayəndə heyətinin üzvləri pantürkizmdə və panislamizmdə
təqsirləndirilməkdən çəkinməyərək “Tələblər”də Osmanlı dövlətinin və qardaş türk
xalqının bu xeyirxah tarixi missiyasını yüksək qiymətləndirmişdilər.
Təxminən 90 illik bir zaman kəsimindən sonra yenidən mütəxəssislərin və
geniş oxucu auditoriyasının diqqətinə təqdim edilən “Qafqaz Azərbaycanı
Nümayəndə heyətinin Paris Sülh konfransından tələbləri” kitabı öz dövrü üçün
Azərbaycan Cümhuriyyətinin beynəlxalq miqyasda ilk rəsmi təqdimatı kimi
dəyərləndirilə bilər. Əhatə etdiyi məsələlərin genişliyi baxımından həcm etibarı ilə o
qədər də böyük olmayan bu kitab Avropa oxucusunda, ilk növbədə isə siyasətçilərdə
Azərbaycan xalqının etnogenezi, tarixi kökləri, etnoqrafik özəllikləri, dini, dili,
mədəniyyəti, qonşu xalqlarla qarşılıqlı münasibətləri, dövlətçilik ənənələri, ölkənin
qanunverici və dövlət aparatı, iqtisadi potensialı, təbii sərvətləri, maliyyə qaynaqları
haqqında ümumi təsəvvür yaratmağa xidmət edirdi.
Müəlliflər Azərbaycan Cümhuriyyətinin meydana gəlməsini zəruri edən
amillərə daha çox diqqət yetirmişdilər. Azərbaycanın müstəqilliyi ideyasına qarşı
çıxan bolşeviklər və onlarla işbirliyi şəraitində çalışan erməni millətçi-daşnaklarla
aparılan siyasi mübarizə də diqqət mərkəzində dayanmışdı. 1918-ci ilin martında
Bakıda və ölkənin digər bölgələrində bolşevik-daşnak alyansının birgə səyi ilə
Azərbaycan türklərinə qarşı törədilən dəhşətli soyqırımı (təqribi məlumatlara görə
faciə qurbanlarının sayı 10-12 min nəfərə çatırdı) haqqında beynəlxalq miqyasda ilk
məlumat da Nümayəndə heyətinin ingilis və fransız dillərində hazırladıqları bu
kitablarda verilmişdi.
“Tələbləri” bizim üçün qiymətli edən başqa bir mühüm cəhət Azərbaycan
dövlətinin sərhədlərinin ilk dəfə dəqiq və təfərrüatlı şəkildə bu tarixi-diplomatik
sənəddə öz əksini tapmasıdır. Əlbəttə, həmin sərhəd parametrlərində bir sıra
20
mübahisəli məqamlar da yox deyildi. Bir sıra ərazilərə digər yeni müstəqil dövlətlər
də iddialı idilər. Lakin Nümayəndə heyəti sərhədləri müəyyənləşdirərkən Azərbaycan
etnosunun tarixən bu torpaqlarda yaşadığını, onların üzərində xalqımızla bağlı
çoxsaylı maddi-mədəniyyət abidələrinin mövcudluğunu, nəhayət böyük əksəriyyətini
azərbaycanlılar təşkil edən yerli sakinlərin Azərbaycan dövlətinin tərkibində yaşamaq
istəklərini əsas tutmuşdu. Ərazi mübahisələrinə gəldikdə isə onların həllini bir sıra
Nümayəndə heyətləri kimi Azərbaycan diplomatları da bu çətin və mürəkkəb işdə
arbitraj funksiyasını öz üzərinə götürmüş Paris Sülh konfransından gözləyirdilər.
Lakin Sülh konfransı dünyanın digər hissələrində, eləcə də Avropanın
ucqarlarında gedən siyasi proseslərə müdaxilə etmədiyindən, bir sıra yeni müstəqil
dövlətlərin taleyinə biganə mövqe tutduğundan arbitraj rolunu Qafqazı yenidən işğal
edən bolşevik Rusiyası yerinə yetirməli oldu. Nəticədə təxminən 150 min kv.km.
əraziyə iddialı olan və bu ərazilərin çoxuna nəzarət edən Azərbaycan sovet
imperiyasmın tərkibində 86,6 min kv.km. ərazi ilə kifayətlənməli oldu.
Ermənistanla Azərbaycan, Gürcüstanla Ermənistan arasında bir çox
mübahisəli məsələlərin, hətta hərbi konflikt və lokal müharibələrin mövcudluğuna
baxmayaraq Azərbaycan Nümayəndə
heyəti Sülh konfransına təqdim etdiyi
“Tələblər”də regionun eələcəyini bu üç dövlətin və Şimali Qafqazda yaranmış
Dağlılar Respublikasının konfederasiya şəklində birləşməsində görürdü. Həm o
zaman, həm də indi iqtisadi potensial, təbii sərvətlər, ərazi və əhali baxımından
Qafqazm ən böyük ölkəsi olan Azərbaycan bu mühüm geostrateji addımı ilə real
təhlükə qarşısında regionun müstəqilliyini və birliyini qorumağa, imkanlarını yaxın
qonşularla bölüşməyə, ümumi düşmənə qarşı birgə mübarizə aparmağa hazır
olduğunu bəyan edirdi. Lakin Ermənistanın destruktiv mövqeyi belə bir mürəkkəb
şəraitdə vəziyyətdən bəlkə də yeganə çıxış yolu olan “Qafqaz evi”nin yaranmasına
imkan vermədi. Bu ölkənin Qafqazda Rusiyanın forpostu kimi çıxış etməsi Sovet
imperiyasının süqutundan sonra da regionda eyni dağıdıcı proseslərin, milli və etnik
qarşıdurmanın yaranmasına təkan vermişdir.
Çar Rusiyasının müstəmləkəçilik siyasəti, dövlət səviyyəsində həyata
keçirilən milli və dini ayrı-seçkilik prinsipləri “Tələblər”də azərbaycanlıların və digər
“müsəlman xalqların” ictimai tərəqqi yolunda üzləşdikləri çətinliklərin əsas səbəbi
kimi göstərilirdi: “Bu bir həqiqətdir ki, milyonlarla azərbaycanlı indiyə qədər az
tanınır, onların etnoqrafiyası, tarixi, ədəbiyyatı, həyat tərzləri indiyə qədər ciddi
tədqiqatların mövzusu olmayıb. Bu da bir həqiqətdir ki, həmin vəziyyətin əsl
günahkarı Azərbaycanda yüz il hakimiyyət sürən rus rejimidir”
Bolşeviklərin köklü inqilabi dəyişikliklərlə bağlı vədləri də ictimai inkişafın
təkamül yoluna daha böyük üstünlük verən azərbaycanlı diplomatlar tərəfindən
qətiyyətlə rədd edilirdi: “Azərbaycanlılar ümumbəşəri tərəqqiyə mövcud bazisin hər
hansı bir sıçrayışsız təkamülü prosesi kimi, burada siyasi və ictimai həyatla, əxlaq
normaları ilə ziddiyyət təşkil edən amillərin rol oynamadığı məntiqi inkişaf prosesi
kimi baxırlar”. Kommunist ideologiyasının 70 illik dəhşətli eksperimentləri
21
azərbaycanlı diplomatların yalnız öz tarixi vətənlərinə deyil, həm də rus xalqına və
ımperiyanın digər xalqlarına münasibətdə nə qədər obyektiv və uzaqgörən mövqe
tutduqlarını bir daha nümayiş etdirir.
Müstəqil Azərbaycanın gələcək Rusiya ilə münasibətləri “Tələblər”də öz
aydın və konkret həllini tapmışdı: “Bir ölkə daxilindəki bir əsrlik həyatın bütün ağrı-
acıları üzərində dayanmadan biz rus millətinə öz ərazilərində, öz yeni dövlətlərində
səadət arzulayırıq. Azərbaycana gəldikdə isə o, daha Rusiyanın bir hissəsi olmaq
istəmir. O, yalnız öz Parlamentini və dövlətini tanıyır”.
Məhz bu səbəbdən də Nümayəndə heyətinin Sülh konfransı
qarşısında
qaldırdığı əsas tələblərdən biri Azərbaycanın, eləcə də digər Qafqaz respublikalarının
keçmiş Rusiya imperiyasından ayrılmalarının rəsmən tanınması idi. Bu məsələdə
prinsipial mövqe tutan Azərbaycan Rusiyanın gələcək siyasi sistemi ilə bağlı
Müəssislər Məclisinin işində iştirakdan, yaxud federativ əsasda qurulacaq yeni
dövlətin tərkibinə qatılmaqdan birmənalı şəkildə imtina edirdi.
Nümayəndə heyətinin digər tələbləri sırasında onun üzvlərinin Sülh
konfransının komitə və komissiyalarında iştiraka cəlb olunması, habelə Azərbaycanın
Millətlər Liqasına üzvlüyü ilə bağlı idi. Azərbaycan hökuməti və Parlamenti ilə bağlı
“Tələblər”də öz əksini tapan lakonik məlumatlar Azərbaycanda sabit yerli idarəçiliyin
və beynəlxalq əməkdaşlığa hazır qurumların mövcudluğunu bir daha təsdiqləyirdi.
“Qafqaz Azərbaycanının Paris Sülh konfransından tələbləri” yalnız tarixi
qaynaq kimi, diplomatiya tariximizin mühüm fakt və hadisəsi kimi diqqəti cəlb etmir.
Bu kitabda öz aktuallığını itirməyən, Azərbaycanın və Qafqaz regionunun indiki
vəziyyəti ilə səsləşən məqamlar da az deyildir. Azərbaycan Cümhuriyyəti
diplomatlarının XX əsrin əvvəllərində qaldırdıqları bir sıra vacib problemlər XXI
əsrin əvvəlində - müstəqilliyinə yenidən qovuşmuş Respublika dönəmində də siyasi
gündəlikdə dayanmaqda davam edir. Orijinalı çox ehtimal ki, rus dilində qələmə
alınmış “Tələblər”i Azərbaycan dilinə tərcümə ilə birlikdə ingilis və fransız
mətnlərini nəşrə hazırlayarkən həm də bu mühüm amil nəzərə alınmışdır.
“Xalqımızın maddi qüdrəti və mənəvi keyfıyyətləri, onun əxlaqi sərvətləri,
zəhmətə olan məhəbbəti, qayda-qanunlara və dövlətçilik prinsiplərinə hörməti
Azərbaycanın azad Respublika şəklində bundan sonrakı müstəqil mövcudluğuna ən
yaxşı təminatdır”- Paris Sülh konfransındakı Azərbaycan Nümayəndə heyəti öz
“Tələblər”inə bu sözlərlə yekun vururdu.
Azərbaycan xalqının sovet imperiyasının süqutunda mühüm rol oynaması və
bütün çətinliklərə baxmayaraq öz müstəqil milli dövlətini qurması əsası hələ
Azərbaycan Cümhuriyyətinin qısa müddətli hakimiyyəti dövründə qoyulmuş mühüm
mənəvi-siyasi prinsiplərin yaşarılığı nəticəsində mümkün olmuşdur.
Dostları ilə paylaş: |