Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə28/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   24   25   26   27   28   29   30   31   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
47 
başladılar. Lakin faktlar faktlığında qalır. Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibində nə qədər 
yüksək  inkişafa  nail  olması  Vilayət  Statistika  idarəsinin  Stepanakertdə  nəşr  etdirdiyi  statistik  məcmuələrdə 
əksini tapmışdır. Sonralar məhz həmin Stepanakert bu nəşrlərə göz yummağa çalışmışdır. Halbuki onlara göz 
yummaq  deyil,  daha  diqqətlə  yanaşmağa  böyük  ehtiyac  vardır.  Statistik  məcmuələrdən  biri  muxtar  vilayətin 
yaranmasından  keçən  40  il  ərzində  (1923-1963)  mədəniyyət,  iqtisadiyyat,  siyyə  və  s.  sahələrdəki  vəziyyət 
barədə yazmışdır: İnqilaba qədər (yəni 1917-i il Oktyabr çevrilişinədək) Dağlıq Qarabağda orta ixtisas təhsilli 
müəssisələr, kütləvi kitabxanalar, teatrlar yox idi. Şuşa şəhərində yalnız üç xüsusi mədəni-maarif müəssisəsi və 
bir  xüsusi  kinoteatr  var  idi.  Hazırda  Dağlıq  Qarabağ  Muxtar  Vilayətində  min  nəfər  şagirdin  təhsil  aldığı  beş 
xüsusi orta təhsil müəssisəsi vardır. 930 min nüsxədən çox kitab fondu olan 164 kitabxana fəaliyyət göstərir. 
Kütləvi  kitabxanalardan  150-si  kənd  yerlərindədir,  onların  kitab  fondu  630  min  nüsxəyə  çatır.  Stepanakert 
şəhərində M.Qorki adına Erməni Dövlət dram teatrı, Dövlət mahnı və rəqs ansamblı vardır. Vilayətdə 176 klub 
müəssisəsi  vardır…  Dağlıq  Qarabağ  elmi  müəssisələrə  də  malikdir…  Dağlıq  Qarabağ  Muxtar  Vilayətinin 
yaranmasının  ilk  günündən  ana  dilində  (erməni  dilində)  "Sovetakan  Karabax"  qəzeti  çap  olunur.  Kənd 
təsərrüfatından bəhs olunarkən Dağlıq Qarabağın xış diyarından traktor və kombayn diyarına çevrildiyi təsdiq 
olunur. 1963-cü ilin əvvəllərində Dağlıq Qarabağın kənd təsərrüfatında 1,4 min ədəd traktor, 224 kombayn, 670 
yük avtomobili və minlərlə digər müasir kənd təsərrüfat maşını olduğu göstərilir. 40 il ərzində Dağlıq Qarabağ 
Muxtar Vilayətinin sənaye potensialının reallaşdırılmasında da xeyli iş görülmüşdü. 1940-cı ilə nisbətən 1962-ci 
ildə  bütün  sənayenin  ümumi  məhsulu  341%,  elektrik  enerjisi  945  %  və  sairə  artmışdı.  1960-cı  illərin 
ortalarından sonra da vilayətin sosial-iqtisadi həyatı dinamik inkişaf etmişdi.  
1965-1987-ci  illərdə  bütövlükdə  Azərbaycan  SSR,  o  cümlədən  onun  Naxçıvan  MSSR  və  Dağlıq  Qarabağ 
Muxtar Vilayəti üzrə iqtisadi və sosial inkişafa dair göstəricilərin müqayisəsi həmin dövrdə muxtar vilayətin nə 
qədər yüksək templə tərəqqi etdiyini çox aydın göstərir. Buradan aydın olur ki, 1987-ci ildə hər 10 min nəfərdən 
sənayedə çalışanların sayı respublika üzrə 686, Naxçıvan MSSR üzrə 387 olduğu halda, Dağlıq Qarabağ Muxtar 
Vilayətində  657  olmuşdu. Adambaşına  düşən  ümumi  kənd  təsərrüfatı  məhsulları  müvafiq  olaraq  588, 501  və 
692  (!)  idi  və  i.a.  Sosial  inkişafa  dair  göstəricilərə  gəldikdə  isə  bu  rəqəmlər  nəinki  Azərbaycan  SSR,  hətta 
Ermənistan  SSR  və  bütövlükdə  SSRİ  üzrə  rəqəmlərdən  də  xeyli  yüksək  idi.  Hər  10  min  nəfərə  xəstəxana 
çarpayısı ilə təminat Ermənistan SSR-də 86,2, Azərbaycan SSR-də 97,7 olduğu halda Dağlıq Qarabağ Muxtar 
Vilayətində  101,7  idi  və  s.  Hətta,  erməni  separatçılarının  Mərkəzdəki  himayəçilərinin  xüsusi  cidd-cəhdləri 
nəticəsində Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi və SSRİ Nazirlər Sovetinin Dağlıq Qarabağ 
Muxtar Vilayətinin sosial-iqtisadi inkişafına dair qəbul etdiyi 1988-ci il 24 mart tarixli qərarının preambulasında 
da vilayətdə sosial və iqtisadi inkişaf sahəsində əldə edilmiş nailiyyətlər xüsusi qeyd edilirdi.  
Separatçıların  uydurduqları  saxta  məlumatların  baş  alıb  getdiyi  dövrdə  də  Azərbaycan  onun  tərkib  hissəsi 
olan Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi vəziyyətinə dair faktları olduğu kimi geniş ictimaiyyətin 
müzakirəsinə  çıxarmaqdan  çəkinməmiş,  əksinə  mövcud  vəziyyətin  daha  da  aydınlaşdırılmasında  maraqlı 
olmuşdu.  Buna  görə  də  1988-ci  ilin  gərgin  mart  günlərində  Azərbaycan  SSR  Nazirlər  Soveti  yanında  Xalq 
Təsərrüfatını  İdarəetmə  institutunda  Dağlıq  Qarabağ  Muxtar  Vilayətinin  iqtisadiyyatı:  problemlər  və 
perspektivlər  mövzusunda  "dəyirmi  stol"  təşkil  edilmiş,  onun  materialları  çap  olunub  geniş  ictimaiyyətə 
çatdırılmışdı. Buna görə də həmin faktları burada sadalamağa ehtiyac görmürük. Yalnız həmin "dəyirmi stol"da 
SSRİ  Elmlər  Akademiyasının  akademiki,  "Əsas  fondlar,  kapital  qoyuluşu  və  yeni  texnikanın  iqtisadi 
səmərəliliyi"  problemi  üzrə  elmi  şuranın  milliyyətcə  erməni  olan  sədri  T.S.Xaçaturovun  müzakirələrin 
sonundakı  çıxışına  diqqəti  yönəltmək  istəyirik.  O,  real  vəziyyəti  təsdiq  edərək  demişdir:  Dağlıq  Qarabağın 
məhsuldar  qüvvələrinin  daha  da  inkişafına  dair  məsələlər  üzrə  həmkarlarımla  fikir  mübadiləsi  etmək  mənim 
üçün  çox  xoş  oldu.  Etiraf  edim  ki,  mən  bu  məsələ  üzrə  kifayət  qədər  tam  informasiyaya  malik  deyildim  və 
bizim söhbətimiz bu boşluğu müəyyən qədər doldurmağa imkan verdi. Göründüyü kimi, iqtisadçı(!) akademik 
T.S.Xaçaturov belə mühüm  məsələdə kifayət qədər informasiyası "olmadığını" etiraf edir. Belə olduğu halda, 
digərlərindən  bəhs  etməyə  dəyərmi?!  Əslində  isə  Dağlıq  Qarabağın  Azərbaycandan  qoparılması  uğrunda 
mübarizədə erməni separatçılarına real vəziyyəti əks etdirən informasiya deyil, əksinə informasiyasızlıq lazım 
idi.  
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa muxtariyyət verildikdən sonra da istər Dağlıq 
Qarabağ,  istər  Ermənistan,  istərsə  də  bu  hüdudlardan  kənardakı  ermənilər  separatçılıq  fəaliyyətini 
dayandırmadılar.  Erməni  "siyasətçilərinin"  susduqları  dövrdə  yazıçılar,  şairlər  və  başqa  zümrədən  olanlar 
strateji məqsədin-separatçılığın daşıyıcılarına çevrildilər, daha doğrusu "siyasətçilər" onları qabağa verdilər (bu 
erməni  separatçılığının  "tarixi"  ənənəsidir!).  Tanınmış  erməni  yazıçısı  M.Şaginyan  (1888-1982)  Dağlıq 
Qarabağa muxtariyyət verilməsindən az sonra "Dağlıq Qarabağ" adlı kitabça (1927) çap etdirdi. Bu "kitabçada" 
tarixi həqiqəti açıq-aşkar təhrif etdi; Ümumittifaq oxucusuna saxta və tendensiyalı məlumat verdi: "Нагорный 
Карабах  страна  армянская..."  (с.3);  "Нагорный  Карабах  -  феодальная  область,  дворянский  кусочек(?) 
Армении" (с.5) və i.a.  


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə