Azərbaycan respublikasi əlyazması hüququnda OĞuz türkləRİNİn məNƏVİ MƏDƏNİYYƏt leksikasi


Qaqauz türkcәsindә bayram mərasimi ilə bağlı leksemlər



Yüklə 311,65 Kb.
səhifə26/40
tarix08.06.2023
ölçüsü311,65 Kb.
#116136
1   ...   22   23   24   25   26   27   28   29   ...   40
oğuz qrupu türk dillərində maddi mədəniyyət leksikası

2.4.2. Qaqauz türkcәsindә bayram mərasimi ilə bağlı leksemlər


Müasir oğuz qrupu türk dillərində ortaq şəkildə qeyd etdikləri bayramlarla bərabər hər bir xalqın özünəməxsus bayramları, adət və mərasimləri var. Ən fərqli xüsusiyyətlər, adətlər özünü daha çox qaqauz türklərində göstərir. Bunun da əsas səbəbi, təbii ki, inanc sisteminin, dinin fərqli (xristian) olmasıdır. Bulqar dilindən qaqauz dilinə keçən dini terminlərin əvvəlində “Ay” leksik vahidi işlənir. Bu söz qaqauz dilinin lüğət tərkibinə Balkan yarımadasında-Qara dəniz sahillərində yaşayan qaqauzlar vasitəsilə urum (grek) dilindən keçib və “əziz”,“mələk”,“müqəddəs” mənalarını ifadə edir[144, s.24].Qaqauz türklərində də bayramalar bütün türk dillərində olduğu kimi fəsillərlə bağlıdır. Qaqauzlar qış fəsli ilə bağlı bir neçə mərasim keçirirlər: “Ay Varvara günü”//“Sveti Varvara”[190, s.230] günü iynə ilə heç nə edilməz, paltar yuyulmaz, iş görülməzmiş. Qaqauzlar “Varvara”nın uşaqları qoruduğuna, müəyyən xəstələri sağaldacağına inanırlar; “Ay Nikola”//“Sveti Nikulay” [190, s.230] günü insanlar Nikolay adlı insanların evinə yığılıb bayram keçirirlər. Bu gün ancaq balıq yeməkləri bişirilir: “balık paçası”,“balık bulgurlan” və s. Bu yeməklər “Ay Nikola”ya qurban hesab edilirmiş; “İgnat günü”// “İgnajden”// “Tauk yortusu”// “Taukların günü” // “domuzların günü”[160, s.246]kimi adlanan bu bayram qaqauzların böyük önəm verdikləri “Kolada”, “Eni yıl”, “Yordan günü” bayramlarına hazırlıq hesab olunur. Bu gün qaqauzların həyatında “paklanmaq” və “qorunmaq” funksiyasını daşıyır. Qaqauz dilinin bəzi dialektlərində “İgnajden” quşçuluq bayramıdır və həmin günü quşların təmizliyinə həsr edirlər. Bəzi dialektlərində isə “domuz günü// domuz kırımı” adlanır və donuzun dişlərindən birini çəkib “ilaclama şişleri” (İlaclama magiyası) hazırlayırlar, bu qaqauzlar üçün bayramın birinci günü edilən qanlı qurban hesab olunur; “Kolada”- qış bayramının birinci günü qaqauzlar üçün “ailə” bayramı hesab olunur. Bu bayramda üzərinə “Hristos” yazılan adət çörəyi“koliva” bişirilir və ev sahibəsi o çörəyi əli ilə hissələrə bölüb evdəkilərə paylayır. Kolivanın ən böyük hissəsinin düşdüyü adama bu il uğurlu gələcəyinə inanırlar. “Kolada bayramı” günü qaqauzlar bir-birlərinin evinə gedərək “evdan eva gezmak”//“kolada gezmak” ritualını yerinəyetirirlər. Bu bayramla bağlı “Survaki”//“suvrak”//“surva”//“zıvra” [200, s.30] ritualı da yerinə yetirirlər.“Surva” sözünün ilkin mənası “dalcaaz” (budaq) deməkdir. Besserabiya qaqauzları “surva” leksemini urum dilindən keçən “kızılcık”-“zoğal” mənasında işlədirlər. Zoğal ağacları ucqar ərazilərdə bitmədiyi üçün qaqauzlar bu sözü, ümumiyyətlə, “ağac budağı” (əsasən, alma, gilas) mənasında işlədirlər [190, s.75]. Qaqauz dilinin lüğət tərkibində “kolada” sözündən yaranmış, ümumişlək xarakter daşıyan bir sıra dini terminlər də var: “kolada protesi//gezmaa”, “kolada evi”, “kolada molitvası”, “kolada kolacı”,“kolada orucu”,“kolada aftası”,“kolada ajunu”(“ajun” sözünün mənası “ərəfə”,“müddət”) [144, s.69] və s. Qaqauz dilinin bəzi dialektlərində (Valk, Tom) “Kolada” sözünün yerinə moldavan dilindən keçmiş “Kreçun” (sözün əsl mənası “kolada ərəfəsi” deməkdir) leksik vahidindən istifadə edirlər. “Kreçun” ifadəsi rus dilində “Karaçun” şəklində işlənir və “ölüm”, “son”, “qırım”, “Sipiridion günü”, “12 dekabr günü”, “solnovorot (günəşdönümü // gündönümü)” kimi mənaları ifadə edir [233, s.92]. R.Yakobson, M.Fasmer və O. Trubetskoy “Kreçun” sözünün slavyan dilində olan “Korçiti” (“addım”) sözündən yarandığını və “gəzinti”, “keçid günü”, “gündönümü günü” kimi mənaları ifadə etdiyini qeyd edirlər [262, s.372]. “Kreçun” ifadəsi qaqauz dilində, əsasən, “İsanın doğum günü” və “günlərin yenilənməsi” mənalarını ifadə edir. Qış bayramının ikinci günü “hayvannarın günü”(“dam kürümaa”) adlanır. Bu bayramı keçirməkdə məqsəd heyvanların sağlığı üçün dualar etməkdir. Üçüncü böyük qış günü “Ay Yordan” adlanır. Bu günü kilsədə sağlamlıq, bərəkət üçün dua edərlər; “Ay İvan günü”//“Ay Yuvan”//“Sveti İvan”bayramında yeni evliləri bulaq başına aparıb üzərlərinə su çiləyir və evliliklərinin daim olması üçün dualar edərlər. “Babu günü”//“Babin”//“Ay Babin”[190, s.33] bayramında cavanlar iştirak etmirlər.
Yaz bayramları fevral ayının ikinci yarısından başlanır: “Ay Trifun” [200, s.146] günü insanlar kilsədən gətirilmiş ayazma suyunu (dua oxunmuş) bərəkətli olsun deyə ağacların üzərinə səpirlər. Qaqauzlar bu bayramı “ağac bayramı” hesab edirlər. “Simion”//“Ay Simon” günü insanların, heyvanların qorunması bayramı hesab olunur. “Simon günü”ndə qayçı və bıçaqdan istifadə etməzlər. Fevral ayının 19-na kimi davam edən bayram “Maslenita” adlanır. Bu söz qaqauz dilinin leksik fonduna bolqar dilinin vasitəsilə rus dilindən keçmişdir(1. Xristianlarda pəhriz bayramı, 2. Firavan) [144, s.170]. “Maslenita”[190, s.135] bayramı “et orucu”//“paskella orucu”//“horuc”la başlayır. İnsanlar ölmüş qohum-əqrəbalarını ziyarət edir, müəyyən ehsanlar verirlər. Bayramın keçirildiyi həftə “Maslenita aftası”// “piinir aftası” adlanır və həftə ərzində, əsasən, “pita”(qaqauz dilində “pita” sözünün mənası “adət çörəyi” deməkdir), “kıvırma”, “gözlema”, “döşema” (tutmanik) kimi xörəklər yeyilir. “Maslenita” bayramında ocaq qalayırlar. Bu ocağı “Maslenita ateşi”//“pırliga”//“ulülinga” adlandırırlar. Qaqauz dilində “yanğın”,“yanan atəş yanğını” mənalarını ifadə edir [144, s.197]. Hazırda Anadolunun şimal-şərq bölgələrində “yandırılacaq quru çırpı” mənasını ifadə etmək üçün “pır” sözündən istifadə edirlər. “Maslenita” sözünün kökünün semantikası ilə bağlı dilçilikdə müxtəlif fikirlər vardır: a) “Maslenita” sözü “yağ” mənasını ifadə edən “maslo” sözündən yaranmışdır. Bu ifadə maslennaya sifətinə “itsa//ita” şəkilçisinin artırılması ilə yaranmışdır [261, s.15]; b) Maslenita//maslenitsa ifadəsinin “yağ” mənasını bildirən maslo sözü ilə heç bir əlaqəsi yoxdur. Bu söz “günəş” mənasını ifadə edən solntse sözünə ərəb dilində yer və zaman bildirən “ma” önşəkilçisinin artırılması ilə yaranmışdır.“Maslenita bayramı”ndan sonra tutulan oruc üç gün davam edir və “trimur” adlanır. “Ölüləri anma günü” mənasını daşıyan “Ay Todur” günü qaqauzlar arasında geniş şəkildə qeyd olunur. “Todur” qaqauz inancında “atları qoruyan mələk”dir. Qaqauzlar mart ayında bir sıra adət və mərasimlər qeyd edirlər: “Baba Marta”//“Babu Marta” [190, s.237] (“marta” sözü “dua oxunmuş parça, ip” mənasını ifadə edir). “Babu” sözü qaqauz dilinə bolqar dilindən keçmişdir. Bu dilin qrammatikasında “baba” sözü çağırış nidasıdır və qaqauz dilinə keçən zaman “a-u” əvəzlənməsi baş vermişdir (baba-babu).“Babu” sözü qaqauz dilində “yaşlı qadın”, “nənə”, “əbə”(uşaq doğumunda yardımçı qadın) mənalarını ifadə edir[144, s.47]. E.Sorocyani“babu” sözünün qaqauz dilində yuxarıda qeyd etdiyimiz mənalardan əlavə “sehrbaz”, “falçı” (babuluk etmaa) mənalarını da ifadə etdiyini qeyd edir[262, s.381]. Bəzi tədqiqatçılar bu sözün əsas hissəsi olan“bab” hissəciyinin“babitsa” sözündən yarandığını qeyd edirlər. “Babitsa” leksik vahidi “həzmsizlik”, “mədə pozğunluğu” mənalarını ifadə edir [144, s.47]. Qaqauz dilinin bəzi dialektlərində (Vulkaneşt, Beşalme, Konqaze, Komrat və s.) “babitsa” sözü “uşaqlarda qarın virusu xəstəliyi” adlanır ki, bunu da yalnız babular sağalda bilərlər[262, s.389]; “Kırk meçik”//“kırk ayoz”//“kırk kaşık” [160, s.38] adəti qırxsayı ilə bağlıdır. “Kırk meçık” ifadəsinin ikinci komponenti olan “meçik” urum dilində “müqəddəs”, “mələk”, “şeytan” [144, s.175] mənalarını ifadə edir. Bu gün qırx cür yemək bişirilir və qırx qaşıqla qonşulara paylanılır. Mart ayında keçirilən ən böyük bayram “Blaguşteni”//“Blaquşteniye”[190, s.69] adlanır. Qaqauz dilində “Blaguşteniye” sözü “dua” mənasını, eyni kökdən yaranmış “blaqoçin” sözü isə “rahib” mənasını ifadə edir[144, s.38]. Bolqarıstanda yaşayan qaqauzlar isəbu bayramı“Poyraz Duu” adlandırırlar[241, s.277]. Bu bayram günü heç bir iş görülmür, xörəklərdən yalnız balıq yeməkləri bişirilir (il boyu sağlam olmaq üçün). Oruc bitən həftəyə “Büük afta” [245, s.542] deyilir. “Büük afta” müddətində həm dini, həm də xalq arasında bilinən mərasimlər keçirirlər: “ak perşembe”(atalar kultu ilə bağlı), “paskellenin doqquzu”//“ölülərin günü”//“küçük paskella”//“sofinden”(yumurta bəzəmə)[190, s.43] və s. Paskelliyanın qırxıncı günü “İspas”// “Spas” mərasimi qeyd edirlər. Qaqauzlar bu gün ölülərin ruhunun bu dünyaya gəldiyinə inanırlar. Ona görə dəxalq arasında “İspas” “ölüləri anma” günü kimi qeyd olunur. Bəzi alimlərin fikrinə görə, “İspas” sözü bolqar dilində işlənən “Sveti Spas”ifadəsinin qısaldılmış forması, digərləri isə roman dilində işlənən “İspas” lekseminin olduğunu qeyd edirlər[190, s.78]. “İspas” günündə “ölüleri doyurmak” adətini yerinə yetirirlər. Qaqauz dilinin bəzi dialektlərində“ölüləri anma” mənasında“Moşi//Moşa” ifadəsi işlənir. Qaqauz türklərinin leksikasında yay fəsli ilə bağlı bir sıra mərasimlərin qeyd olunmasına rast gəlinir: “Sveti Petri”//“Ay Petro”//“Pitrou” günü “xoruz qurban vermə” mərasimidir; “İliya günü”//“Sveti İliya”(biçin bayramı); “Makavey günü”(qonşulara üzüm və qarpız paylama);“Sotira günü”(alma paylama); “Panaiya”(bərəkət bayramı)[190, s.50]və s. Payız fəsli ilə bağlı mərasimlər oturaq həyatla bağlıdır:“Ay Dimitri günü”//”Kasım”(heyvanların otlaqlardan yaylaqlara qayıtma bayramı);“Arhangil Mihayılın yortusu”//“Arhangel Mihayıl”//“Sveti Arhangel” (soy qurbanı bayramı); “Yabanı yortular”// “Canavar yortuları” (heyvanlara yabanı-vəhşi heyvanların toxunmaması üçün yerinə yetirilən mərasimlər) [190, s.51]və s.
Yuxarıda haqqında danışdığımız bayramların daxilində kiçik mərasimlər, adətlər, ayinlər də yerinə yetirilir ki bunlar da leksik vahid kimi dilin aktiv lüğət fondunda geniş şəkildə işlənir: “Büük afta”, “Büük ayazma”, “Büük cumaa”, “Büük panıya” “Büük perşemba”, “Dimitri duşnitası”, “Dragayka”(bolqar dilindən keçib “yoğurtotu” mənasını ifadə edir. Rumın dilində bitki mənasından başqa “bayram”, “ritual rəqsi”, “bayram günü təşkil olunmuş yarmarka”, “pis ruh” mənalarını da ifadə edir)[262, s.384] və s. Qaqauz dilində “Süüt günü”(söyüd ağacı ilə bağlı adət), “Et orucu”, “Fima günü”, “Kadın gecesi”, “Et duşnitası”, “Lambu günü”, “Lazari”, “Pokrou”, “Sarmısak gecesi”, “Sava”, “Sotira”, “Troyta”, “Trimur”, “Vedeniye” və s. kimi adət adları mövcuddur[261, s.11-13].
Qaqauz türklərində mərasimlərin bir qismi də “qurban”la bağlıdır. Qurban mərasimləri müxtəlif məqsədlə keçirilir: 1. Vacib olan qurban (qanlı qurban): a) Toy mərasimi ilə bağlı olan (ailəni qoruyan mələyin şərəfinə); b) sağlamlıqla bağlı; c) müqəddəs Georgi günüylə bağlı; d) kilsə üçün kəsilən; 2. Mərhəmət və hörmət üçün edilən qurban; 3. Günahların bağışlanması üçün; 4. Ailə üzvlərindən hər hansı birinin ölümündən sonra kəsilən qurban; 5. “Allahlık” [243, s.208]. Qaqauz türklərində bir sıra qurban mərasimləri qeyd olunur: “Steonoz kurbanı”//“steonazlık kurbanı”toy mərasimi zamanı, əsasən, kilsədə kəsilir, həm qanlı, həm də qansız olur. Bu qurbanın kəsilməsində məqsəd yeni qurulan ailənin sağlam və əbədi olmasıdır. “Steonoz// stefanoz” sözü qaqauz dilinə yunan dilindən keçib, “toy” mənası ifadə edir. “Kurban ayvannarın saalık için”(heyvanların sağlığı üçün kəsilən qurban) – bu qurban bir “vəd” xarakteri daşıyır. “Petro kurbanı”ölənlərin ruhu üçün ” birinci müqəddəs Petro günü kəsilir. Həmin gün xoruz qurban kəsilir və “Petro pilici” adlanır. Moldovada yaşayan qaqauzların “ölən əzizlərinin ruhu üçün” kəsdikləri qurbanı “rotana” və ya “canın için” adlandırırlar [243, s.131]; “Ev kurbanı”//“ev vaatizlik için kurban”(evin vaftiz olunması, qorunması üçün) qanlı qurban hesab edilir. Besserabiya qaqauzları həmin qurbanın ic orqanlarını bulqurla birlikdə bişirir qonşulara paylayırlar. Həmin xörəyi “Koliva” adlandırırlar; “Çocuun saalık için” adlanan qurban ya “Çocuk günü”//“oğlan günü”, ya da “horoz günü” kəsilir.; “İlerlemek kurbanı” uşağın bir yaşı tamam olanda kəsilən qurbandır;“Pınar kurbanı”qanlı qurban hesab olunur. Bu mərasimdə keşiş iştirak edir və “ayazma” suyu ilə bişirilmiş adət yeməklərini, içiləcək suları, bulaqları, quyuları vaftiz edir. Qaqauzlarda bir qisim qurbanlar ümumi xarakter daşıyır: “Klisanın kurbanı”,“Küü kurbanı”, “Hristozun kurbanı”,“Baş kurbanı”,“Paskeliya kurbanı” və s. Qaqauz dilinin leksik fondunda qurban mərasimi ilə bağlı bişirilən xörək adlarına da rast gəlinir: “kurban suylan”, “suvannı”, “nica koliva”,“koliva”,“kurban piriçlan” (Moldova), “drop sarma”, “şiş”//“çevirme kurban” (Bolqarıstan) [262, s.382] və s.
Qaqauz dilinin mövsimi və dini bayramlarla bağlı terminologiyasının əsasında yunan, ərəb, fars, slavyan və roman dillərindən keçmə leksik vahidlər dayanır. Bu dildə dini xristian olan dillərdən terminlərin keçməsi məntiqli hesab edilir. Oğuz qrupu türk dillərində keçirilən ortaq bayram və mərasimləri adlandıran leksik vahidlər daha çox ərəb mənşəlidir. Ərəb dilindən sözlərin keçməsi nə zamansa qaqauzların da müsəlman olduğu fikrini söyləməyə əsas verir. Bu da dilin bayram və mərasimlərlə bağlı terminologiya sistemində sinonimliyin yaranmasına gətirib çıxarır. Sinonimlik, əsasən, qaqauz dilinin ümumişlək leksikası ilə bulqar dilindən keçmə sözlər arasında özünü göstərir.

Yüklə 311,65 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə