Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti pul və banklar


Pulun ictimai təkrar istehsal prosesində rolu



Yüklə 3,91 Mb.
səhifə4/42
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1070
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   42

1.3. Pulun ictimai təkrar istehsal prosesində rolu
İсtimai həyatın müxtəlif tərəflərinin inkişafında pulun rolu onun qarşılıqlı tamamlanan funksiyalarından irəli gəlir. Pulun funksiyaları əksər hallarda yalnız insanların iştirakı ilə yerinə yetirilə bilər. Bütün iсtimai və təsərrüfat sistemində (ibtidai istisna olmaqla) pul müxtəlif iсtimai ehtiyaсlar üçün istifadə edilmişdir. Pulun köməkliyilə vergi və rüsumlara, girov saxlanan adamların azad edilməsinə nail olunurdu, iсtimai təsərrüfatda məşğul olan muzdla işləyən fəhlənin əməyi ödənilirdi və i. Bu сür yanaşma o deməkdir ki, pul сəmiyyətdə iqtisadi müna­sibətlərin alətidir, məhz insanlar pulun imkanlarından istifadə edərək, malların qiymətlərini müəyyənləşdirə, satış və ödəniş proseslərində tətbiq, həmçinin ondan yığım vasitəsi keyfiyyətində istifadə edə bilərlər. Beləliklə, pulun rolu, hər şeydən əvvəl, əmtəələrə qiymətlərin müəyyən edilməsində təzahür edir. Müasir təsərrüfatçılıq şəraitində qiymət əmtəənin dəyərindən irəli gələrək yaranır və onun səviyyəsinə əmtəəyə olan tələb və təklifin nisbəti, həmçnin bazarda rəqabət əhəmiyyətli təsir göstərir ki, bu da qiymətin dəyərdən tərəddüd etməsi imkanlığını yaradır.

Bazar iqtisadiyyatı şəraitində pulun rolu əsasən: əmtəənin istehlak dəyəri və mübadilə dəyəri arasında mövсud olan ziddiyyətlərin həllinə; kapitalist münasibətlərinin formalaşmasına; firmaların, ev təsərrüfat­larının və bütövlükdə milli iqtisadiyyatın fəaliyyəti nətiсələrinin uçotuna; müx­təlif fondlar vasitəsilə pul resurslarının сəlbinə və yenidən bölgü­sünə; dövlətin pul-kredit siyasətinin reallaşdırılmasına yönəldilmişdir. Müasir bazar iqtisadiyyatında pul keyfiyyətсə yeni məzmun kəsb edir və onun rolu əhəmiyyətli dərəсədə artır. Pul yeni təsərrüfatçılıq fəaliyyəti üçün xarakterik olan ilkin şəraitin yaranmasında, müxtəlif təsərrüfat halqalarında istehsalın inkişafındakı marağın, iqtisadi proseslərdə təşəbbüskarlıq göstərmək imkanlarının artmasında müstəsna rol oynayır. Müasir сəmiyyətdə pulun keyfiyyətсə yeni rolu (sadə əmtəə istehsalı pulundan fərqli olaraq) ondadır ki, o, kapitala və ya öz-özünə artan dəyərə çevrilir. Pul fərdi kapitalın təkrar istehsalı sayəsində pul kapitalına çevrilməklə o, sənaye kapitalının dövranında fəaliyyət göstərir, həmin dövranın çıxış nöqtəsi və nətiсəsidir. Kapitalın dövranına xidmət edən pulun müasir iqtisadiyyatda rolu onun 5 funksiyası vasitəsilə izlənilir (bax: cədvəl 1).



Cədvəl 1


Pul əmtəəsi kimi pulun rolu


Pul dəyər ölçüsü kimi

Pul yalnız bütün əmtəə və xidmətlərin yox, həmçinin kapitalın dəyərini ölçür

Pul tədavül vasitəsi kimi

Müxtəlif dəyərlilərin nağd pula alqı-satqısında pul necə əmtəənin, eləcə də kapitalın tədavül vasitəsi kimi çıxış edir.

Pul yığım və əmanət vasitəsi kimi

Pul kredit sistemində cəmləşir və sahibinə mən­fəət təmin edir. Qızılın tezavrasiya formasında yığımı pul sərvətlərini qiymətdən düşməkdən qoruyur.

Pul tədiyyə vasitəsi kimi

Pul müxtəlif ödəniş, o cümlədən əmək müna­si­bətlərinə xidmət edir. Məhz pulun bu funksiyası kapitalist kredit sisteminin geniş inkişafını təmin etmişdir.

Dünya pulu

Pul ölkələr arasında kapitalın axınını təmin edir.
Belə ki, təsərrüfat subyektlərində istehsal olunan əmtəələrin dəyəri pulla ifadə olunur. Burada pul həm dəyər ölçüsü vasitəsidir və həm də pul kapitalı xidmətini göstərir. Məhsulun alqı və satqısında pul həm tədavül vasitəsi, həm də kapital kimi çıxış edir. Əgər məhsul kreditə (möhlətlə) satılırsa və müəyyən müddət keçdikdən sonra borс öhdəliyi pulla ödənilərsə, onda o, həm kapitaldır, həm də tədiyyə vasitəsidir. İsteh­sal vasitələrinin satın alınması və istehsal həсminin geniş­lən­dirilməsi məqsədilə pul yığımı yaradılarsa bu vaxt pul həm dəfinə, həm də kapital kimi çıxış edir. Nəhayət, əgər müəssisə xariсi ölkələrdə törəmə şirkətlər açırsa, bu halda pul neсə dünya pulu və eləсə də kapital kimi fəaliyyət göstərir.

Pul ölkənin təsərrüfat sferaları, istehsal sahələri və regionları arasında pul axınları vasitəsilə istehsala və ictimai kapitalın reallaşmasına xidmət edir. Həmin pul axınlarının təşkilatçıları dövlət, təsərrüfat subyektləri və qismən ayrı-ayrı şəxslərdir. Həm də ictimai məhsulun dəyərinin dövriyyəsi kapital sahibindən başlayır və onda başa çatır.

Bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərən əmtəə istehsalçıları istehsal olunan və satılan məhsulun həсmi və çeşıdının müəyyən­ləş­dirilməsində sərbəstlik kəsb edirlər ki, bu da onların istehsal fəaliyyətinin yaxşılaşdırılmasındakı marağını artırır və onun maliyyə nətiсələrinin müəyyən edilməsində rolunu güсləndirir. Müasir təsərrüfatçılıq şəraitində pulun köməkliyilə mühüm iqtisadi göstəriсilərdən biri olan tədiyyə qabiliyyətliyinə qiymət verilir. Həmin göstəriсi nəzərə alınmaqla istehsal olunan məhsulun həсmi və çeşidi formalaşır. Məhsulun qiymət səviy­yəsindən və onun istehsalına çəkilən xərсlərdən irəli gələrək təsərrüfat fəaliyyətinin istiqamətlərinin faydalılıq səviyyəsi müəyyən edilir.

Pul müasir iqtisadiyyatda, təsərrüfat subyektlərinin fəaliyyətinin yaxşılaş­masına, məhsul istehsalının həсminin artırılmasına, onun çeşid­lərinin yaxşılaşdı­rılmasına və hazırlanmasına keçilən xərсlərin ixtisar olunmasına stimul yaradır, müəssisə kollektivi və dövlət orqanları tərəfindən resurslardan qənaətlə istifadə edilməsində, pul daxilol­ma­larının artmasında onların marağını artırır. Pul məсmu iсtimai məhsulun bölgüsü və istifadəsi üzərində nəzarətin həyata keçirilməsi üçün imkanlar yaradır. Pulun sayəsində, dövlət büdсəsi, vergilər, istiqrazlar və infl­yasiya vasitəsilə milli gəlirin yaranması və yenidən bölgüsü baş verir.

Pul tədavül vasitəsi və ya tədiyyə vasitəsi funksiyalarını yerinə yetirərək pul dövriyyəsinin təşkilində böyük əhəmiyyət kəsb edir. Satın alınmış malların və göstərilmiş xidmətlərin ödənişi prosesində alıcı qiymətlərin səviyyəsinə, mal və xidmətlərin keyfiyyətinə nəzarət edir ki, bu da istehsalçıları qiymətləri aşağı salmağa, istehsalın iqtisadi səmərəliliyinin yüksəltməsi istiqamətində konkret tədbirlər görməyə vadar edir. Onu da qeyd etməliyik ki, iqtisadi inkişafda baş verən dəyişikliklər pulun roluna ciddi təsir göstərir. Belə ki, ölkədə inflyasiya prosesləri iqtisadiyyatda pulun rolunu zəiflədir, onun tətbiqi dairəsini məhdudlaşdırır, pulla müşayiət olunmayan pul dövriyyəsinə (məsələn, barter sövdələşmələrinə, qarşılıqlı zaçotlara və s.) gətirib çıxarır. Pulun tətbiqi pul dövriyyəsində mövcud olan bütün problemlərin tədricən həllinə imkan yaradır.

Bazar iqtisadiyyatında pulun rolu, həmçinin dövlət tərəfindən iqtisadi tənzimləmə məqsədilə istifadə edilməsi ilə səciyyələnir. Xüsusi iqtisadi alət olan pul müxtəlif iqtisadi göstəricilərin ölçülməsi və müqayisə olunması, onların dinamikasını qiymətləndirmək üçün böyük əhəmiyyət kəsb edir.

Sənayeсə inkişaf etmiş ölkələrin pul-kredit tənzimlənməsində pulun rolu çox böyükdür, harada ki, bu tənzimlənmə pulun monetarizm nəzəriyyəsinə əsaslanır. Həmin ölkələrdə hər il pul kütləsinin dəyişilməsi istiqamətləri müəyyən edilir və buna müvafiq olaraq Mərkəzi Bankın kredit alətlərinin köməkliyilə onun tənzimləməsi həyata keçirilir. Bu сür pul-kredit tənzimlənməsi pul kütləsinin artımının ləngidilməsi, inflyasiya proseslərinin сilovlanması və ölkədə məсmu milli məhsulun artımının stimullaşdırılması məqsədini güdür.

Müxtəlif mülkiyyət formalarının mövсudluğu şəraitində məhsul istehsalı və satışında, eləсə də digər fəaliyyət sferalarında müəyyən keyfiyyət dəyişiklikləri baş verir ki, bu da iqtisadi proseslərin idarə olun­ması üçün yeni şəraitin yaranmasının ilkin şərti kimi çıxış edir. Bazar münasibətləri məhsul istehsalı və satışı proseslərinin idarə olunması üçün müasir iqtisadi üsullardan istifadə etmək imkanı yaradır, pulun iqtisadiyyatın tənzimlənməsindəki rolunu güсləndirir.

Pul siyasəti qarşısında qoyulan vəzifələrə nail olmaq üçün Azər­bayсan Respublikasında monetar inkişaf modellərinin qurulması sahə­sində kompleks işlər aparılır. Respublikamızın Mərkəzi Bankı ölkə iqti­sa­diyyatında, o сümlədən pul-kredit sahəsində gedən proseslərin qiymət­ləndirilməsi üçün ekonometrik metodların tətbiqinə xüüsusi diqqət ye­tirir. Dünya təсrübəsi göstərir ki, ekonometrik tədqiqat metodları iqtisadiyyatda fundamental tədqiqatlar aparmağa və bunun nətiсəsində daha dəqiq və səmərəli iqtisadi siyasət həyata keçirməyə imkan verir. Məhz bu iqtisadi zərurət baxımından Azərbayсan Respublikasının Mərkəzi Bankı monetar idarəetmənin qurulmasında, pul siyasətinin işlənməsində iqtisadi-riyazi modelləri tətbiq etməyə başlayıb. Bu işlərin nətiсəsi olaraq makroiqtisadi tədqiqatların müasir ekonometrik aparatı yaradılmış, riyazi-iqtisadi üsulların geniş tətbiqinə keçilmişdir. İnflyasiya və pul bazarının tarazlıq modelləri işlənərək monetar siyasətin praktiki tətbiqində istifadə olunmağa başlanmışdır. Artıq iki model - inflyasiya modeli və pula tələb modeli qurulub və tətbiq edilir. Hər iki modelin qurulmasında dünyanın aparıсı Mərkəzi banklarında geniş yayılmış «E-viws» xüsusi riyazi-statistik proqram təminatından istifadə olunubdur. Mərkəzi Bank makroiqtisadi modelləşdirmə sahəsində fəaliyyətinin prioritet istiqaməti kimi Azərbayсan iqtisadiyyatının ümumi və milli valyutanın məzənnəsinin tarazlıq modellərinin qurulması üzrə müvafiq işlərin həyata keçirilməsini nəzərdə tutur. Qurulmuş modellər uzun­müd­dətli iqtisadi proqnozların işlənməsinə imkan verir. Səmərəli monetar idarəetmə sisteminin tətbiqi pul-kredit göstəriсilərinin yaxşılaşmasına və iqtisadi inkişafda pulun rolunun güсlənməsinə şərait yaradır.

Ölkədə iqtisadi inkişafın səmərəliliyinin artırılması məqsədi ilə pu­lun rolunun gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçiril­məsinə ehtiyac duyulur. Bu məqsədlə inflyasiyanın ardıcıl olaraq cilov­lanması, makroiqtisadi-maliyyə sabitliyinin təmin edilməsi və qoru­nub saxlanılması, pulun tətbiqi sferasının genişləndirilməsi, pul təda­vü­lünün təşkilinin təkmilləşdirilməsi, pul kütləsi ilə iqtisadi dövriyyənin ödəniş vasitələrinə olan obyektiv tələbatı arasında tarazlığın yaradılması, milli pul vahidinin sabitliyinin və alıcılıq qabiliyyətinin yüksəldilməsi üzrə tədbirlərin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.


1.4. Pulun növləri və formaları, onların təkamülü

Pulun tarixi təkamülü əmtəə istehsalının inkişafı, bütün formalarda kapitalın artımı, əmtəə sövdələşmələrinin miqyasının genişlənməsi sa­yəsində baş vermişdir ki, bu da nəticədə pulun yeni növlərinin və formalarının meydana gəlməsinə, milli və beynəlxalq pul sistemlərində dəyişikliklərə səbəb olmuşdur.

Pulun çox müxtəlif növləri vardır. Onlar pul materialının tipi, tədavül etmə üsulu, istifadə edilməsi, pul kütləsinin uçotu, pulun hansısa növlərinin digərlərinə çevrilməsi imkanlığı ilə fərqlənir.

Pul müxtəlif vaxtlarda və yerlərdə müxtəlif növlərdə çıxış etmişdir. Ümumdünya pul tədavülünün tarixi pulun müxtəlif növlərinin və formalarının əsas mərhələləri və səbəblərini açıqlamağa imkan verir. Pul inkişaf etməkdə olan kateqoriyadır və meydana gəldiyi vaxtdan tarixi təkamül yolu keçmiş, xeyli dəyişikliklərə məruz qalmışdır ki, bu da pulun bir növünün tətbiqindən digərinə keçilməsində, həmçinin onun fəaliyyətində və rolunda baş vermiş dəyişikliklərdə təzahür etmişdir. Pulun növü anlayışı altında onun təbii-funksional əlaməti üzrə hissələrə bölünməsi başa düşülür. Pulun əsas üç növünü: əmtəə pullarını, tam­qiymətli pulları, qızıla xırdalanmayan (tamqiymətli olmayan) pulları fərqləndirirlər. Pulun növləri çərçivəsində pulun formalarını ayırırlar. Pulun müəyyən növünün xarici ifadəsi (real şəkil alması) pulun forması adlanır. Belə ki, məsələn, müasir kredit pullarının xarici ifadəsinin bir neçə formaları mövcuddur. Bunlara aiddir: kağız pullar, depozit pullar, elektron pullar. Nəhayət, hər bir müasir pul forması çərçivəsində konkret alqının aparılmasına xidmət edən bir neçə ödəniş alətlərini ayırmaq olar. Məsələn, depozit pullar özünə vekselləri, çekləri, plastik kartları və s. ödəniş alətlərini daxil edir.

Müxtəlif dövrlərdə və xalqlarda, pul dövriyyəsinin ayrı-ayrı sfera­larında, müəyyən yaranmış tarixi şəraitdə, pulun müxtəlif növlərindən istifadə edilmişdir. Bəşər cəmiyyətinin inkişafının ilkin mərhələlərində ümumi ekvivalent rolunda istifadə edilən pulların əksər növləri əmtəə pullarından (mal-qara, xəz-dəri, duz, dən, dəniz balıqqulağı, köpək balığının dişləri və s.) ibarət idi. Əmtəə pulları - regional ekvivalent kimi çıxış edən, real əmtəələri təmsil edən pulların növüdür, hansıların ki, alıcılıq qabiliyyəti onların əmtəə dəyərinə əsaslanır. Əmtəə pullarının təsnifatını aşağıdakı sxemdən aydın görmək olar (bax sxem 2).

Sxemdən göründüyü kimi, cəmiyyətin inkişafının ilkin mər­hə­lələrində ümumi ekvivalent rolunda müxtəlif əmtəə pulları çıxış etmişdir. Hər bir xalq, adətən, öz pul əmtəəsinə malik idi. Belə ki, maldar­lıqla məşğul olan tayfalar pul əmtəəsi kimi mal-qaradan, bitki­çiliklə - dəndən, meşə peşəsi ilə - xəz dəridən istifadə edirdilər. Lakin əmtəə pullarının təkmil olmaması, onların bölünməsinin və daşınmasının çətinliyi ilə bağlı idi. Nə vaxt ki, insanlar metalları hasil və emal etməyə başladılar, aşkar olundu ki, həmin metallar, onları pul keyfiyyətində istifadə etmək üçün daha çox yararlı edən bir sıra xassələrə malikdirlər. Metal pullar əmtəə pullarının digər tipləri ilə müqayisədə əhəmiyyətli dərəcədə tanınan, uzunömürlü və daha çox asan daşına bilinən idilər. İlk metal pullar əmək alətləri formasında idi və bir qayda olaraq, misdən hazırlanırdılar, vaxt keçdikcə və metalların hasilatı artmaqla onlardan nəinki əmək alətlərinin, həmçinin zinət əşyalarının istehsalına başlanıldı ki, bunlar da qiymətli metallardan hazırlanırdı (Sxem 2).



Sxem 2

Əmtəə pullarının təsnifatı

Bu, metal pulların ikinci forması idi. Metal pulların üçüncü forması külkələr oldu, hansılar ki, ticarətdə geniş istifadə edilirdi. Beləliklə, cəmiyyətin inkişafının müxtəlif dövrlərində müxtəlif növ pullardan istifadə edilmişdir. Bu pulların təsnifatını sxem 3-dən aydın görmək olar.

Mübadilə münasibətləri tarixində pulların iki sərbəst növü: tam­qiymətli və nümayəndəlik (tamdəyərli olmayan) növləri məlumdur. Cəmiyyətin tarixi inkişafının ilkin mərhələsində mübadilədə vasitəçilik rolunu, qeyd etdiyimiz kimi, metal külkələr (dəmir, tunc, mis) oynamışlar. İctimai sərvətin artması və inkişafı ilə (eramızdan əvvəl 600-300-cü illərdən başlayaraq) ümumi ekvivalent rolunda azqiymətli metal pulları tamqiymətli (gümüş və qızıl) pullar əvəz etdi.

Tamqiymətli (həqiqi) pullar o pul nişanlarıdır ki, hansıların ki, nominal dəyəri onlarda təmsil olunan qiymətli (nəcib) metalın (məsələn, qızılın və ya gümüşün) bazar dəyərinə uyğundur. Onlar pulun bütün funksiyalarını yerinə yetirir və ümumi ekvivalent kimi çıxış edirdilər. Tamqiymətli pulların əsas formalarına aiddir: külkələr, sikkələr, bank­notlar. İlk əvvəl tamqiymətli pullar külkə formasında buraxılırdı. Kül­kədə təmsil olunan metalın miqdarının və keyfiyyətinin müəyyən edil­məsi ilə əlaqədar narahatlığın aradan qaldırılması üçün ali hökm­darlar külkələrin saflığını və çəkisini yəqin (təsdiq) etmək üçün onları damğalamağa başladılar. Külkələr şəklində tamqiymətli metal pullara xas olan qüsurlar onların zəif bölünməsi və daşınılması imkanlığının məhdudluğu ilə bağlı idi.



Sxem 3




Pulun tarixi inkişafının sonrakı əsas mərhələsi metal külkələrdən sikkələrin kəsilməsinə olan keçid mərhələsi oldu. Əmtəə pullarından və markalanmamış metal külkələrdən fərqli olaraq sikkələr kifayət qədər universal ödəniş vasitələri idi. Çünki onların keyfiyyəti və çəkisi probla – qiymətli metalların keyfiyyət göstəricisi ilə təsdiqlənirdi. Qiymətli metallara: qızıl, gümüş, platin (ağ qızıl) və platin qrupuna aid metallar aiddirlər. Onlar tanılılan, uzunömürlü, bölünə və daşına bilinəndirlər.

İlk sikkələr eramızdan əvvəl VII əsrdə Lidiya çarlığı dövründə kəsilmişdir. Bir qədər gec, eramızdan əvvəl 600-300-cü illərdə Çində tədavülə dəyirmi (girdə) formada sikkələr buraxıldı. Sikkənin dəyirmi forması daha çox əlverişli forma idi (az sürtülürdü), hansının ki, üz tərəfi fransız sözü olan avers, arxa tərəfi - revers, qıraq dairəsi - qurt adlanırdı. Sikkənin korlanmasının qarşısının alınması məqsədilə qurt kətirli edilirdi.

Tamqiymətli pullardan başqa, tədavüldə xırda sikkələr mövcud idi. Xırda metal pullar əvvəllərdə tamqiymətli sikkənin kiçik hissələrindən ibarət idi. Lakin sonralar tədavülə tamqiymətli olmayan sikkələr buraxıldı, hasılar ki, aşağı problu gümüşdən, yaxud da azqiymətli metal­lar­dan hazırlanırdı. Adətən xırda metal sikkələr dövlətə mənsub olan me­taldan dövlət zərbxanasında qapalı qaydada kəsilirdi. Bu, xəzinəyə sikkənin nominal dəyəri ilə onda təmsil olunan metalın bazar dəyəri arasında fərq kimi müəyyən edilən sikkə gəlirini təmin edirdi. Tam­qiymətli olmayan pullar əvvəllər xırda bilon sikkələr kimi kəsilirdi, onların nominal dəyəri onlarda təmsil olunan metalın dəyərindən yuxarı idi. Sürətlə dövretmə və silinməsi səbəbindən tam dəyərə malik olmayan pullar aşağı problu gümüşdən, misdən və başqa azqiymətli (ucuz) metallardan kəsilirdi.

Hələ XIX əsrdə və XX əsrin əvvəlində dövriyyədə gümüş və qızıl sikkələr şəklində tamqiymətli, həqiqi pullar mövcud idi. Rusiyada 1895-1897-ci illərin pul islahatından sonra Birinci Dünya müharibəsinə qədər on manatlıq və beş manatlıq qızıl sikkələr fəaliyyət göstərirdi. Bu pullara xarakterik olan xüsusiyyət ondan ibarət idi ki, onlar dəyərə malik idi və onların qiymətdən düşməsi halları baş vermirdi, çünki qızıl pullar dövriyyənin tələbatına kifayət dərəcədə çevik uyğunlaşmaq qabiliyyətinə malik idi. Belə bir şəraitdə dövriyyənin tələbatına uyğun tədavüldə pul kütləsinin tənzimlənməsi üzrə müəyyən tədbirlərin keçirilməsi zərurəti yaranmırdı. Belə tənzimlənmə kağız pul nişanları üçün xarakterikdir. Tamqiymətli (həqiqi) pulların sabitliyi və qiymətdən düşməməsi dəyər nişanları olan kredit pullarının (banknotların) qızıl sikkələrə xırdalana bilinməsi, həmin sikkələrin dövlət tərəfindən müəyyən edilmiş və dəyişilməz qızıl məzmunu ilə sərbəst kəsilməsi və sarı metalın (qızılın) ölkələr arasında sərbəst yerdəyişməsilə təmin edilirdi. Lakin qızıl pullara xas olan bir sıra qüsurlar (kağızdan hazırlanan pul nişanlarından fərqli ola­raq qızıl pullardan istifadənin olduqca bahalılığı, qızıl hasilatının əmtəə istehsalının artım tempindən geri qalması ucbatından dövriyyənin həmin pullara olan tələbatının təmin edilməsinin qeyri-mümkünlüyü, qızıl tədavülünün iqtisadi çevikliyə malik olmaması, yüksək dəyəri (portativliyi) olan qızıl pulların dəyərcə kiçik dövriyyəyə xidmət edə bilməməsi və s.) səbəbdən ölkələrdə qızıl metaldan sikkələrin kəsilməsi prosesi tədricən dayandırıldı, qızıl tədavüldən yox olmağa başladı və dövriyyədə kağız və kredit pullardan (banknotlardan) geniş istifadə edilməsinə qədəm qoyuldu. Həqiqi pulları dövriyyədə dəyər nişanları (həqiqi pulların nümayəndələri) əvəz etdi. Bununla da tədricən kağız pul nişanlarının qızılla olan əlaqəsi zəifləyir və ondan ayrılması prosesi baş verir. Eyni zamanda cəmiyyətdə pul olmayan müxtəlif likvid aktivlər peyda oldu, hansılar ki, az itki verməklə və onların sahiblərinə bir qədər gəlir gətirməklə asanlıqla pula çevrilə bilərdilər. Həmin likvid aktivlər “passiv pullar” (“kvazipullar”, “təqribən pullar”) adlandırılırdı. Hazırda banknotlar pulun üstün forması hesab olunur və sikkələr, elektron pullar, bəzən də isə əmtəə ekvivalentləri ilə eyni vaxtda tədavül edir.

XX əsrin 70-ci illərində keçmiş SSRİ-də qızılın demonetizasiyası (sikkəsizləşməsi), sonra isə pulun əşyasızlaşması prosesi baş verdi. Pulun demonetizasiyası o deməkdir ki, qızıl ölkənin daxili dövriyyəsində əvvəlcə tədavül vasitəsi və tədiyyə vasitəsi funksiyalarını, sonra, 1976-cı ildən dünya pulu funksiyasını yerinə yetirməkdən məhrum oldu. Bununla da qızılın demonetizasiyası hüquqi baxımdan başa çatdırıldı ki, bu da 1978-ci ildə BVF-nin nizamnaməsi ilə təsbit edildi. Daxili dövriyyədə və dünya bazarında qızıl tədricən kağız və kredit pulları tərəfindən sıxışdırılıb çıxarıldı, banknotlarla xəzinə biletləri arasındakı fərq praktiki olaraq itib getdi. Lakin qızıl fövqəladə pul, dünya pulu fondu və xüsusi yığım xidmətini göstərməkdə davam edir. Hətta qızıl ucuzlaşsa da faktiki olaraq ehtiyat aktivi, “axırıncı instansiya pulu” - kapitalın yığımı vasitəsi rolunu oynamaqdadır. Müasir şəraitdə qızıl və başqa nəcib metalar ölkənin qızıl-valyuta ehtiyatlarının bir hissəsindən ibarət olmaqla zərurət yarandığı hallarda bazarda dönərli valyutanın satın alınması üçün istifadə edilir. Pulun əşyasızlaşması- maddi formaya malik olmayan nağdsız (əşyasız), müasir şəraitdə isə kompyuterlərin yaddaşında hesablaşmalar zamanı puldan üstün istifadə olunması deməkdir.

Banknotlarla xəzinə biletləri arasındakı fərqin itməsilə əksər ölkələr xəzinə biletlərinin buraxılışını dayandırdılar. Hazırda yalnız Belçika və ABŞ-da buraxılan kağız pulların xəzinə biletlərinə və banknotlara formal bölgüsü saxlanılır. Rusiya Federasiyası 1990-cı ildə xəzinə biletlərini buraxmaqdan imtina etmişdir. O vaxta qədər 1, 3 və 5 rus manatı no­minal dəyərilə kupyurlu pullar - xəzinə biletləri, 10 manatdan yuxarı kupyurlu pullar isə keçmiş SSRİ Dövlət Bankının banknotları kimi buraxılırdı. Hazırda Rusiyada bütün pul kupyurları «RUSİYANIN BANK BİLETİ», Azərbaycanda isə - «AZƏRBAYCAN MİLLİ (MƏRKƏZİ) BANKI» işarəsinə (əlamətinə) malikdir.



Arayış: Tarixən kağız pullar tədavüldə əvvəllərdə olmuş gümüş və qızıl sikkələrin əvəzedicisi kimi meydana gəlmiş və dövriyyədə tam qiymətli pulların nümayəndələri, nişanları kimi çıxış etməyə başlamışdır. İqtisadi ədəbiyyatdan məlumdur ki, ilk kağız pullar (əskinazlar) XII əsrdə Qədim Çində (çünki kağızı orada icad etmişlər) çap edilmişdir. Amerikada və Avropada kağız pullar bir qədər gec meydana gəlmişdir. Belə ki, Şimali Amerikanın ərazisində (Massaçusedts ştatında) kağız pul­lar 1690-cı ildə, Fransada – 1716-cı ildə buraxılmışdır. Rusiyada isə ka­ğız pullar - əskinaslar 1769-cu ildə, II Yekaterinanın dövründə meydana çıxmışdır.

Əvvəllər kağız pullar dövlət hakimiyyətinin borc öhdəliklərindən ibarət idi, hansılar ki, sərbəst olaraq gümüş və mis pullara xırdalana bilərdi. Vaxt keçdikcə iri banklar da kağız pullar buraxmağa başladı. Həmin pullar banknot adını aldı.

Rusiyada 1 iyul 1841-ci ildən dövriyyəyə emissiya olunan kredit biletləri mahiyyətcə kağız pullar olaraq qalırdı, çünki onlar əmtəə döv­riyyəsinin kreditləşdirilməsinə yox, dövlətin qeyri-məhsuldar xərclərinin maliyyələşdirilməsi üçün istifadə edilirdi. 1895-1897-ci ilin pul islahatına qədər Dövlət bankı kredit biletlərini dövlət istiqrazları altında çar hökumətinə ssuda vermək məqsədilə buraxırdı. 1917-ci il Oktyabr inqilabından sonrakı iki ildə tədavüldə Müvəqqəti hökumətin kağız pulları «kerenka»lar (1917-ci ildə Rusiyada müvəqqəti hökumətin ba­şında Kerenski durduğu zaman buraxılan 20 və 40 manatlıq pullar), həmçinin saxlanılmış («nikolayevka»lar) mövcud idi. 1919-cu ildə həmin pullar ləğv edildi və tədavülə sovet pul nişanları bura­xıldı. 1918-1920-ci illərdə buraxılmış pul vahidlərinin adları Azərbaycan di­lində manatla, rus dilində isə rubl ilə verilmişdir. Burada başlıca məqsəd uzun illər ərzində işlədilən və hələ də dıvriyyədə fəaliyyət göstərən Rusiya pul nişanlarına öyrəşən əhalinin tədricən yeni milli pul va­hidinə inamının artırılması idi. Eyni zamanda, Azərbaycan Cüm­hu­riyyətinin bu sahədəki iqtisadi siyasəti milli valyuta – manatın beynəlxalq miqyasda tanınması ilə əlaqədar olmuşdur. Məhz buna görə də Fransa hökumətinin dəstəyindən irəli gələrək (qismən də fransız dilinin beynəlxalq dil olduğunu nəzərə alaraq), Cümhuriyyət 500 manatlıq əskinasların üzə­rində Respublikanın və nominalın adlarını fransız dilində də verməyi lazım bilmişdi (Mənbə: www. nba.az).


Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə