Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti pul və banklar



Yüklə 3,91 Mb.
səhifə5/42
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1070
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   42

Qeyd: Axır illərdə çap edilimiş ilkin mənbələrlə və ədəbiyyatla tanışlıq tam əsas verir ki, təsbit edilmiş kursla kağız pulun buraxılışı təcrübəsi hələ XIII əsrin axırında Azərbaycanda mövcud idi (A.S. Fərəcov. XIII əsrin axırında Azərbaycanda kağız pulların meydana gəlməsi haqqında, rus dilində - bax, Azərbaycan Dövlət Universitetinin “Elmi əsərlər”i, iqtisad elmləri, Bakı, 1963, № 1. - S. 79).

Kağız pullar uzun proses gedişatında meydana gəlmişdir. Onların tədavülünün obyektiv imkanlığı pulun tədavül vasitəsi funksiyasının xüsusiyyətləri ilə əlaqədardır, fəqət həmin funksiyanı yerinə yetirən pullar əmtəələrin mübadiləsində vasitəçi rolunu oynayır. Həmin imkanlığın reallığa çevrilməsi uzun tarixi bir prosesdir. Bu proses sonrakı mərhələləri əhatə edir: I mərhələdə kağız pulların buraxılışı sikkənin təbii silinməsi və müvafiq olaraq onun nominalının real dəyərdən tədricən aralanması, II mərhələdə - dövlət hakimiyyəti tərəfindən sikkənin şüurlu olaraq korlanması, yəni xəzinəyə əlavə gəlirin alınması məqsədilə sikkənin metal məzmununun aşağı salınması, III mərhələdə - xəzinə­darlıq tərəfindən kağız pulların, onlara məcburi kurs müəyyən etməklə, analoji məqsədlə - emissiya gəlirinin əldə edilməsi üçün buraxılışı ilə əlaqədar idi. Sonralar pul nişanları şəklində kağız pullar dövlət tərəfindən öz xərclərini (büdcə kəsirini) örtmək üçün geniş istifadə edilməyə başlanıldı. Kağız pulların qiymətdən düşməsinin səbəbi onda idi ki, onların miqdarı mal dövriyyəsinin real tələbatı ilə tənzimlənmirdi və məhdudlaşdırılmırdı.

Müasir kağız pullar üç əlamətlə: qızıla xırdalanmaması, məcburi kursun mövcudluğu və faizsizliyi ilə xarakterizə olunur. Hazırda inkişaf etmiş ölkələrdə qızıla xırdalanmayan pulların əksər hissəsi nağd pul formasında buraxılır. Nağd pullara standart parametrlərə malik olan kağız pul nişanları (əskinaslar) və metal formalı pul nuşanları (sikkələr) aiddir. Nağd pulların ümumi həcminin təqribən 95-97%-i hökumətlər və Mərkəzi banklar tərəfindən buraxılan kağız pullar təşkil edir. Müasir pulların təsnifatı 4-cü sxemdə verilir.

Milli Bank (indiki Mərkəzi Bank) haqqında Azərbaycan Res­pub­likasının 2004-cü ildə qəbul edilmiş Qanununun 36-cı maddəsinin 36.1 punktuna müvafiq olaraq pul nişanları kağız və metal pul formasında buraxıla bilər.

Kağız pulların (tamqiymətli pulların kağız nişanlarının) başlıca xüsusiyyəti ondan ibarətdir ki, onların emitenti, adətən, dövlət xəzinə­darlığıdır. Dövlət kağız pulların buraxılışından öz xərclərini ödəmək üçün istifadə edir. Emissiya edilmiş tam qiymətli olmayan pul nişan­larının nominal dəyəri ilə onların buraxılış dəyəri (kağıza, çapa olan xərclər) arasındakı fərq xəzinədarlığın emissiya gəlirini təşkil edir, hansı ki, dövlətin daxilolmalarının mühüm ünsürü kimi çıxış edir. İlk mərhələdə, yəni tam qymətli pulların tətbiqindən pul nişanlarına keçildiyi vaxt (inkişaf etmiş kapitalizm dövründə) dövriyyədə qızıla xırdalanan kredit pulları meydana gəlir. Lakin büdcə kəsirinin mövcudluğu və son­ralar isə onun artması kağız pulların emissiyasının genişlənməsinə səbəb olur. Madam ki, kağız pullar, adətən, dövlətin maliyyələşdirilməsi, onun xərclərinin ödənilməsi məqsədilə buraxılır, onların emissiyasının həcmi də dövlətin maliyyə resurslarına olan ehtiyacı ilə müəyyənləşdirilir. Pul vəsaitinin çatışmazlığını hiss edən dövlət əmtəə və tədiyyə dövriyyəsini nəzərə almadan kağız pulun emissiyasını daim artırır.

Sxem 4

K r e d i t p u l l a r ı



Qeyd: Biz bəzi iqtisadçı alimlərin o fikri ilə razıyıq ki, müasir banknotları əslində artıq kredit pulları hesab etmək olmaz, baxmayaraq ki, onların Mərkəzi Bank tərəfindən iq­tisadiyyatın kreditləşdirilməsi qaydasında tədavülə buraxılışı kredit xarakteri daşımaqda qalır, lakin onlar kağız pul tədavülü qanunauyğunluğunun təsiri altına düşmüş olurlar.
Tədavülə dövriyyənin obyektiv tələbatından artıq kağız pulun bura­xılışı onun qiymətdən düşməsinə (dəyərsizləşməsinə), alıcılıq qabi­liy­yətinin azalmasına, inflyasiyaya və nəticədə həmin pulu buraxan dövlətə olan inamın tədricən itirilməsinə gətirib çıxarır.

Beləliklə, kağız pulların iqtisadi təbiəti onunla səciyyələnir ki, onlar kağız pul tədavülünün sabitliyi imkanlığını istisna edir. Əvvəla, kağız pulların buraxılışı dövriyyənin pula olan tələbatı ilə öz-özünə tənzim­lən­mir, ikincisi, tədavüldən tələbatdan artıq kağız pulların geri götürül­mə­sinin avtomatik mexanizmi fəaliyyət göstərmir. Kağız pullara xas olan qü­surlar kredit pullarının tətbiqi ilə əhəmiyyətli dərəcədə aradan qal­dırılır.

Müasir şəraitdə əmtəə-pul münasibətlərinin inkişafı ilə kredit pul­larının mahiyyəti əhəmiyyətli dərəcədə dəyişikliklərə məruz qalır. Belə ki, bazar iqtisadiyyatı şəraitində kredit pulları bazarda əvvəllərdə olduğu kimi əmtəələr arasında qarşılıqlı əlaqəni (Ə-P-Ə) deyil, pul kapitalı münasibətlərini (P-Ə-P) ifadə edir. Kredit pulları sonrakı inkişaf yolu keçmişlər: veksel, banknot, çek, elektron pullar, kredit kartları. Kre­dit pul­ları əmtəə istehsalının inkişafı ilə meydana gəlmiş və pulun tə­diyyə va­sitəsi funksiyası ilə əlaqədardır. Bu pulların ilkin iqtisadi əhə­miyyəti mal dövriyyəsinin nağd pula olan tələbatını əks etdirə bilən pul döv­riyyəsinin çevikliyini, nağd pula qənaət olunmasını təmin etməkdən və bununla da nağdsız dövriyyənin inkişafına təkan verməkdən ibarətdir. XX əsrin ikinci yarısı ərzində inkişaf etmiş ölkələrdə tədiyyə vasitəsi kimi kağız pulların əhəmiyyəti durmadan aşağı düşmüşdür. Bu, tədiyyə dövriyyəsində nağd pulların depozit pullarla əvəz olunması ilə əlaqədar idi. Paralel olaraq nağd pulun emissiyasından dövlət gəlirinin də azalması prosesi müşahidə edilirdi. Hal-hazırda müxtəlif maliyyə institut­larının depozit fəaliyyətinin aktiv inkişafı, həmçinin elektron pulların meydana gəlməsi ilə kağız pullara olan ehtiyacın gələcəkdə ixtisarı ehti­mal olunur.

70-80-ci illərin civarında qərb ölkələrində informasiya - bank mə­lumatları sisteminin (informasiya texnologiyaları ilə bağlılıqda) ya­ran­ması pul tədavülünün yeni texnologiyasını yaratdı. Pul tədavülünün kreditə əsaslanan yeni tarixi tipinə keçid başlandı ki. bu da depozit pulların rolunun genişlənməsinə təkan verdi.

Depozit pulların yaranması tarixən bank sisteminin inkişafı və vek­sel­lərin uçotu üzrə bank əməliyyatlarının həyata keçirilməsi ilə əla­qə­dardır. İlkin olaraq depozit pullar veksellərin, onların sahibləri tərə­findən banka uçota təqdim edilməsi zamanı meydana gəlmişdir. Həmin əmə­liyyat nəticəsində bank, borcun məbləğini banknotlarla ödəmək əvə­zinə, vekselin sahibinə hesab açırdı. Bu cür hesabda daxil olan pul məb­ləği əks edilirdi və həmin hesabdan ödənişlər, onların silinməsi yolu ilə həyata keçirilirdi. Hazırda depozit pullar başlıca olaraq bankın kassasına nağd pulun keçirilməsi və cari bank hesablarının açılması yolu ilə meydana gəlir. Bu gün bir sıra maliyyə institutları cari, çek, kart hesab­la­rının açılması formasında pulların buraxılışı hüququna malikdir ki, han­sılar ki, depozit pullar adını almışlar.

Depozit pullarla idarəetmə çox vaxt çeklərin, plastik kartların və yaxud bank hesablarına distansion daxil olma sistemlərinin köməkliyi ilə həyata keçirilir. İri məbləğlərdə ödənişlər topdan satış elektron ödəniş sistemlərindən istifadə olunmaqla aparılır.

Depozit pullar sistemində xüsusi yeri veksellər tutur, hansılar ki, kredit pullarına aid edilir. Həqiqətən də, veksel kredit-hesablaşma vasitə­si kimi banknotun, bir qədər sonra kağız pulun hansısa bir nümunəsi kimi çıxış edir. lakin müasir iqtisadi nəzəriyyədə veksellərə pul sifətində yox, əhəmiyyətli dərəcədə qiymətli kağızlar kimi baxırlar. Halbuki, inkişaf etməkdə olan ölkələrin pul tədavülündə maliyyə veksellərinin hesablaşma vasitəsi kimi əhəmiyyəti kifayət qədər yüksəkdir.

Veksel, hər şeydən əvvəl, qanunla müəyyən edilmiş yazılı borc təəh­hüdü barədə (sadə veksel) pul sənədidir, hansının ki, əsasını kommersiya krediti təşkil edir. O, malların möhlətlə (kreditə) alqı-satqısında vekseldə gös­tərilmiş müəyyən pul məbləğinin əvvəlcədən razılaşdırılmış müd­dətdə və müəyyən olunmuş yerdə ödənişi barədə borclunun yazılı şərtsiz (qəti) borc öhdəliyi və yaxud kreditorun borcluya (ötürücü veksel – tratta) əmridir. Sadə və ya ötürücü veksellər ticarət sövdələşmələri əsa­sında meydana gələn kommersiya vekselinin, yəni borc öhdəliyinin dəyişmiş formalarıdır. Veksellərin meydana gəlməsi sələm, ticarət və bank kapitalının artması ilə əlaqədardır. İlk dəfə vekseldən XII-XIII əsr­lərdə İtaliyada istifadə edilməyə başlanıldı. Əmtəə-pul müna­sibət­lərinin inkişafı ilə veksel universal kredit-hesablaşma alətinə çevrildi. Vekselin əsas iqtisadi funksiyası - onun kredit aləti rolunda tətbiqidir. Vekseldən müxtəlif kredit öhdəliklərinin rəsmiləşdirilməsində, o cümlədən kommersiya krediti əsasında malın satın alınmasında istifadə edilir. Veksellər sonrakı növlərə bölünür. Bu növlərə aiddir:



-sadə veksel - borclu tərəfindən verilir, borclunun (veksel verənin), müəyyən məbləğin göstərilən vaxtda ödənişi barədə yazdığı və imza etdiyi yazılı rəsmi borc təəhhüdüdür və ya borc öhdəliyidir.

-ötürücü veksel (tratta) - kreditor tərəfindən yazılır və ona qay­tarıl­maq şərti ilə borcluya imza üçün göndərilir, xarici ticarət əlaqələrində başlıca hesablaşma sənədlərindən biridir. Bu sənəd bir şəxsin başqa bir şəxsə yazılı qəti əmridir, hansı ki, təqdim edilərkən və təyin edilmiş vaxtda təqdim edənə və ya sənəddə göstərilmiş şəxsə müəyyən edilmiş məbləğdə pul verilir. Həmin veksel borclu tərəfindən deyil, kreditor tərə­findən təsis və imza edilir və kreditorun (trassantın) borcluya (trassata), üçün­cü şəxsə (remitentə) göstərilmiş vaxtda, tələb olunan müəyyən məb­ləğin ödənilməsi üçün verilən əmridir.

-təminatlı veksellər - real ticarət sövdələşmələrinə əsaslanır və kreditləşmənin kommersiya formasının inkişafının əsasını təşkil edir;

-maliyyə vekselləri - real əsasa malik olmurlar və çox vaxt onları pul surroqatları kimi gözdən keçirirlər və bu növ veksellərdən borca müəyyən məbləğ pul verildikdə istifadə edilir;

-xəzinə vekselləri - maliyyə vekselinin dəyişilmiş növü olan xəzinə vekselləri - dövlət tərəfindən büdcə xərclərini örtmək üçün buraxılan qısamüddətli hökumət qiymətli kağızıdır, hansının ki, fəaliyyət müddəti bir ildən artıq olmur, adətən 3-6 ay təşkil edir. Burada borclu kimi dövlət çıxış edir. Xəzinə vekselləri - pul bazarında hakim mövqe tutan və müntəzəm surətdə tədavülə daxil olan qısamüddətli dövlət kağızlarıdır. Maliyyə Nazirliyi büdcəyə əlavə maliyyə vəsaiti cəlb etmək üçün həmin vekselləri emissiya edir. Onların əsas alıcıları kommersiya banklarıdır. Broker və dilerlər xəzinə veksellərini hərracda alıb-sata bilərlər. Özəl investorlar xəzinə veksellərini anderrayterlər (sığorta işində - sığorta müqaviləsinin bağlanması və sığorta öhdəlikləri portfelinin formalaş­dırıl­ması üçün məsul şəxs; bank işində - bazarda emitentə onun istiqrazlarının və ya səhm paketinin xüsusi mükafata görə razılaşdırılmış şərtlərlə yerləşdirilməsinə qarantiya verən şəxs və ya şirkət. Anderrayter – sığorta şirkətlərində və banklarda aparılan yüksək nüfuzlu maliyyə əməliyyatı növüdür) vasitəsilə alıb-sata bilər və ya bank hesabı açaraq, broker və liderin xidmətlərindən istifadə edərək ikinci bazarda alqı-satqını apara bilərlər. Qeyri-rezidentlər də xəzinə veksellərinə investisiya edə bilərlər. Həmin veksellərin satışı, onun nominal dəyərinin diskontu (veksellərin uçotu) ilə başa çatdırılır. Bu qiymətli kağızların azad pul bazarında alqı-satqısı pul-kredit siyasətinin əsasını təşkil edir.

-dostluq vekselləri - bir şəxs tərəfindən digərinə, veksellərin son­radan banka uçota təqdim olunması yolu ilə bankdan vəsait almaq məq­sədilə, dostyana qarşılıqlı yazılan veksellərdir; Bu veksellər real kommersiya sövdələşməsi ilə əlaqəsi olmayan pulsuz borc öhdəlikləri kimi çıxış edir;

-tunc veksellər - real təminata malik olmayan və ya «şişirdilmiş» veksellərdir.

2004-cü ildən etibarən Azərbaycan Maliyyə Nazirliyi daxili borc­la­manı azaltmağı və yalnız 4 veksel hərracı keçirməyi qərara aldı. Xatır­ladaq ki, 2003-cü ildə 14 hərrac keçirilmişdir. Hərracların sayını azalt­maqla yanaşı, satışa çıxarılan veksellərin həcmi 2003-cü illə (415 mil­yard manat) müqayisədə 83,4% azaldıldı və 80 milyard manata bərabər oldu. Bunun nəticəsində, 2004-cü ilin əvvəlində veksellər 105 milyard manata bərabər olduğu halda, 5 noyabr 2004-cü ildə Maliyyə Nazirliyi xəzinə veksellərinin həcmini sıfra endirdi.

Veksel sonrakı xarakterik xüsusiyyətlərə malikdir:

-mücərrədliyi, yəni sənəddə sövdələşmənin konkret növü, bununla birlikdə isə borcun yaranma mənbəyi barədə məlumat göstərilmir;

-şəksiz (mübahisəsiz) ödənilməsi (əks təqdirdə notarius tərəfindən protest (qəti etiraz) barədə akt tərtib edilərək icbari tədbirlər görülür);

-tədavül qabiliyyətliyi, yəni ödəniş vasitəsi kimi vekselin başqa kreditorlara, onun arxasında ötürücü qeydiyyat (jiro və ya indossament) edilməklə verilməsidir ki, bu da veksel öhdəliklərinin qarşılıqlı zaçotuna imkan verir. Vekselin tədavül məhdudiyyəti onların bank akseptləş­dirilməsinin köməkliyilə aradan qaldırıldı.Veksel bank tərəfindən aksept edildikdə (akseptləşdirilmiş veksel), yəni onun ödənilməsinə razılıq ol­duqda tədiyyə təminatı daha da artır. Belə ki, bu cür veksellər iri banklar tərəfindən ödəniş qarantını alırlar. Lakin, buna baxmayaraq, vekseldən istifadənin müəyyən sərhədləri mövcuddur: birincisi, veksel yalnız top­dansatış ticarətinə xidmət edir; ikincisi, hətta topdansatış ticarətində də qarşılıqlı tələblərin saldosu pulla ödənilir; üçüncüsü, veksel təda­vülünə veksel verənin və indossantların tədiyyə qabiliyyətliyinə inanılmış şəxs­lərin dairəsi cəlb edilir.

Vekseli başqasına verərkən veksel qanunvericiliyinin nəzərdə tutduğu bəzi rəsmiyyətlərə riayət etmək lazım gəlir. Vekselin arxa üzündə xüsusi təslim aktı (indossament) yazılır. Burada başlıca məqsəd, əvvəla, vekselin başqasına verilməsi, ikincisi, vekseli verən şəxsin, ondan sonra gələn bütün veksel sahiblərınin, ödəniş üçün verdikləri öhdəlikləri yerinə yetirmək məsuliyyətini öz üzərinə götürməsi faktını təsdiq etməkdir. İndossant vekselin mətninə hər hansı bir şərti qeyd edə bilməz və ya məbləğin müəyyən hissəsini başqasına vermək ixtiyarına malik deyil.

Rusiyada müxtəlif sferalarda xəzinə vekselləri ilə yanaşı kom­mersiya, bank vekselləri və onların başqa növləri fəaliyyət göstərir. Kommersiya vekseli malın girovu altında, bank vekselləri isə emitent-bank tərəfindən, müştərinin depozitdə müəyyən məbləğ pulu olduğu təqdirdə verilir. Kommersiya vekselindən fərqli olaraq bank vekseli depozit formaya malikdir. Bank vekseli müəssisələr üçün yeni ödəniş vasitəsi kimi çıxış edir, hansı üzrə ki, bank ödənişə təminat verir. Həmin veksel əsasında müəssisə öz müştəriləri ilə hesablaşmalar aparmaq imkanı əldə etmiş olur. Ödəniş sənədlərinin kassa-hesablaşma mərkə­zin­dən keçməsinin ləngidiyi bir şəraitdə bu cür veksellərdən istifadə edilməsi xüsusi aktuallıq kəsb edir.

Ödəniş vasitəsi kimi veksel, təsərrüfat subyektləri arasında ödəməmələrin həcminin ixtisarına imkan yaratmaqla hüquqi və fiziki şəxslərin azad pul resurslarının cəlb olunması alətidir, kreditləşdirmədə girov obyektidir. Bununla belə, veksel tədavülünün öz sərhədləri var. Birincisi, vekselin tədavül müddəti məhduddur, ikincisi, veksel ilə əmək haqqının və digər müntəzəm gəlirlərin ödənişini həyata keçirmək olmaz, üçüncüsü, vekseldən bir neçə ödəniş əməliyyatlarında istifadə etmək mümkün deyil, dördüncüsü, veksel yalnız topdansatış ticarətə xidmət edir, beşincisi, veksel tədavülünə məhdud dairədə şəxslər cəlb edilir. Veksel tədavülünün yuxarıda qeyd olunan sərhədləri vekselə əsas pul funksiyalarını yerinə yetirmək imkanı vermir və deməli, ona pul kimi baxmaq olmaz. Veksel tədavülünün məhdud sərhədləri ümumi tədavül qabiliyyətinə malik olan veksellərin xüsusi növünün - banknotların meydana gəlməsinə səbəb oldu. Tamqiymətli pullar təsərrüfatın tədavül vasitələrinə artmaqda olan ehtiyacını təmin etmək imkanında deyildi, məhz buna görə də pulun yeni formasının - banknotun tətbiqinə ehtiyac yarandı. Banknotlar (bankların borc öhdəlikləri) xəzinə (dövlət) biletlərindən fərqli olaraq vaxtilə qızıla xırdalanırdı. Onlar məcburi kursa malik deyildirlər, lakin bazar kursu üzrə məcburi olaraq zərif metaldan kəsilmiş sikkələrə dəyişdirilirdi. Banknot tədavülü - veksel tədavülü baza­sında meydana gələn kredit pullarının inkişafının sonrakı mər­hələsidir. Banknot – emissiya bankları tərəfindən buraxılan kağız pul nişanıdır, tamqiymətli pulların nümayəndəsi, tədavülün başlıca kredit alətidir. Müasir banknotlar veksellərin yenidən uçotu, müxtəlif kredit təşkilatlarının və dövlətin kreditləşdirilməsi yolu ilə mərkəzi bank tərə­findən buraxılır. Banknotların - kredit pullarının bu növünün - tədavülə buraxılışı və onların dövriyyədən geri götürülməsi dövlət tərəfindən xərclərin həyata keçirilməsi və gəlirlərin alınması gedişatında yox, təsərrüfat prosesləri ilə əlaqədar yerinə yetirilən kredit əməliyyatları əsasında aparılır.

Kredit pullarının çevrilmiş növü kimi ilk banknotlar XVII əsrin axırlarında buraxılmış və ikili təminata - həm qızıl və həm də veksel təminatına malik idilər. Qızıl təminatı, kredit aləti olan banknotun qızıla xırdalana bilinməsi imkanlığını yaradırdı. Bu cür banknotlar klassik kre­dit alətləri adlanırdı, yüksək sabitliyə və etibarlığa malik idilər. Mübadilə üçün Mərkəzi Bank qızıl ehtiyatına malik idi ki, bu da banknotların qiymətdən düşməsini istisna edirdi. Kommersiya təminatlı banknotlar əmtəə dövriyyəsi ilə əlaqədar olan kommersiya vekselləri bazasında tədavülə buraxılırdı.

Klassik banknotların qızıla və ya gümüşə sərbəst xırdalana bilin­məsi tədavüldə həddən artıq pulun olması imkanlığını və onun qiymətdən düşməsini istisna edirdi. Banknotların qızıla sərbəst xırdalandığı şəraitdə tədavüldə olan bu cür banknotların miqdarı tədavül üçün lazım olan qızılın miqdarına bərabər olmalı idi. Banknotların qızıla xırdalana bilin­məsinin dayandırılması ilə onların ikili (qızıl və kredit) təminatlığından qızıl təminatlığı aradan götürüldü, veksel təminatlığı isə xeyli dərəcədə zəiflədi, çünki Mərkəzi Bank tərəfindən yenidən uçota götürülən bütün veksellər əmtəələrlə təmin oluna bilmirdi, Mərkəzi Bankın veksel portfeli daha çox xəzinə vekselləri və öhdəliklər ilə formalaşırdı. Beləliklə də müasir banknot mahiyyətcə hər iki təminatlığı itirmiş oldu. Veksellərin tədavülü sferasında maliyyə öhdəlikləri üstünlük təşkil etməyə başladı. Qızıl təminatlığına malik olmayan, vahid ödəniş vasitəsi kimi çıxış edən müasir banknotlar, yuxarıda qeyd etdiyimiz kimi, müəyyən dərəcədə əmtəə təbiətini və ya kredit əsasını saxlamaqda qalırlar, çünki yeni bank­notlar Mərkəzi Bank tərəfindən iqtisadiyyatın kreditləşdirilməsi qay­da­sında tədavülə buraxılır, lakin onlar kağız-pul tədavülü qanuna­uyğun­luğunun təsiri altına düşürlər.

Klassik banknotlar (yəni, nəcib metala xırdalanan banknotlar) kağız pullardan (tamqiymətli pulun kağız nişanlarından) sonrakı əlamətlərlə fərqlənirdilər:



-meydana gəlməsinə görə – kağız pullar pulun tədavül vasitəsi funksiyasından, banknotlar isə pulun tədiyyə vasitəsi funksiyasından meydana gəlmişdir;

-emissiya üsuluna görə – tədavülə kağız pullar Maliyyə Nazirliyi (xəzinədarlıq), banknotlar isə Mərkəzi Bank tərəfindən buraxılır. Xüsusi (özəl) və dövlət bankları tərəfindən emissiya olunan bank biletlərinin miqdarı üzrə qanunvericiliklə məhdudiyyət mövcud deyildi, bu cür emisiyanın vahid məhdudlaşdırıcı limiti yalnız rəsmi qızıl entiyatı idi;

-geri qayıtmasına görə – klassik banknotlar vekselin müddəti keçdikdən sonra, hansının ki, altında onlar buraxılıb, Mərkəzi Banka geri qayıdır, kağız pullar isə vaxtlı-vaxtında banka geri qayıtmır, tədavüldə «ilişib» qalır;

-xırdalanmasına görə – klassik banknotlar banka geri qayıtması ilə qızıla və gümüşə xırdalanırdılar, kağız pullar həmişə nəcib metala xırdalanmayan dəyər nişanları idi. Klassik banknotların qızıla və ya gümüşə xırdalanması mexanizmi tədavüldə həddən artıq banknotların mövcudluğunu və onların qiymətdən düşməsini istisna edirdi.



-təminatına görə - kağız pullardan fərqlı olaraq klassik banknotlar tam real təminata malik idilər, mübadilə, yəni bazar kursundan irəli gələrət məhdudiyyətsiz miqdarda qızıla və digər zərif metallara xır­da­lanırdılar.

Təminatsız banknotlar sonrakı xassələrə malik idilər:

-birbaşa təminata malik deyildirlər, onlar qızıla xırdalanmırdılar, dövlət borcu kimi qəbul edilirdilər;

-əlavə pul nişanlarının emissiyası hüququ dövlət bankının arxasınca saxlanılırdı və artırılması istiqamətində dövri olaraq yenidən baxılırdı.

Hazırda heç bir pul vahidi qızıl məzmununa malik deyildir və qızıla xırdalanmırlar, banknotların emissiyası dövlətin tam nəzarətindədir və pul sisteminin işi üçün bütün məsuliyyəti o öz üzərinə götürür. Banknotlar veksellərdən sonrakı xüsusiyyətlərə görə fərqlənirlər:

-müddətliyinə görə – veksel müddətli borc öhdəliyidir, ondan fərqli olaraq banknot müddətsiz borc öhdəliyidir, Mərkəzi Bankın zəmanəti ilə təmin olunur;

-zəmanətə görə – veksel tədavülə ayrı-ayrı sahibkarlar tərəfindən buraxılır və fərdi zəmanətə malikdir. Hal-hazırda banknot Mərkəzi Bank tərəfindən burxılır və mərkəzi bankın dövlət zəmanəti ilə təmin edilir;



-buraxılış qaydasına görə - banknotları hazırlamaq üçün xüsusi kağızdan istifadə edilir və onların saxtalaşdırılmasını çətinləşdirən tədbirlər görülür. Ölkələrin Mərkəzi bankları müəyyən növ və ölçüdə banknotlar buraxır. Banknotlar həmin ölkənin ərazisində milli pul kimi çıxış edir və onları qızıla dəyişmək olmaz.

XX əsrin ərzində sənayecə inkişaf etmiş ölkələrdə nağd pullar (metal sikkələr və kağız kupyurlar) tədricən bank depozitləri ilə əvəz olun­muşdur. Tranzaksion depozitlər (tranzaksion pullar) – bu elə cür depozitlərdi (banklarda əmanətlərdi) ki, hansılardan ki, vəsaitlər söv­dələşmələr üzrə ödəmələr şəklində digər şəxslərə köçürülə bilər. Daha tez-tez bu cür depozitlər çeklərin köməkliyi ilə istifadə olunmağa cəlb edilir, buna görə də onlar çek depozitləri və ya çek hesabları adını almışlar.

Yuxarıda qeyd olunduğu kimi, inkişaf etmiş ölkələrdə çek depo­zitlərinin tədavülün əsas vasitəsi olmasının səbəblərindən biri odur ki, bu əmanətlər nağd pullardan (hansıları ki, qoruyub saxlamaq lazımdır, oğurlana bilər) fərqli olaraq daha etibarlı mühafizəyə malikdirlər. Çek daha dəqiq məbləğə yazılır ki, bu da xərclər haqqında dürüst qeydiyyat aparmağa imkan verir. Xüsusilə çeklər iri sövdələşmələrdə ödənişlərin aparılması üçün olduqca rahatdır.

Tədavülün kredit alətlərindən biri olan çek veksel və banknotlardan fərqli olaraq bir qədər geс, kommersiya banklarının yaradılması və sərbəst pul vəsaitlərinin сari hesablarda сəmləşməsi ilə meydana gəlmişdir. Çek - müəyyən olunmuş formada pul sənədidir, başqa sözlə, qanuni hesab sahibinin kredit idarəsinə çekdə göstərilən məbləğin onu təq­dim edənə ödənilməsi və ya onun digər сari hesaba köçürülməsi barədə qəti və şərtsiz rəsmi əmridir. Çek tədavülündə sonrakı şəxslər: he­sab sahibi, hesab sahibindən kredit götürən şəxs, yəni onun kreditoru, hə­min çek üzrə ödəyici, başlıca olaraq bank və digər kredit təşkilatları iş­tirak edirlər. Çek сari hesabdakı vəsaitlərə sərənсam vermək aləti, nağd və nağdsız hesablaşma vasitəsi rolunu oynayır. Çek ötürücü vekselin çev­rilmiş formasıdır. Azərbayсanda çeklərdən istifadə olunmur. Məhz çek­lər əsasında yaranan nağdsız hesablaşmalar sistemi vasitəsilə qarşılıqlı tələblərin əsas hissəsi nağd pulun iştirakı olmadan ödənilir.

İlk dəfə çeklər tədavüldə XVI-XVII əsrlərdə Böyük Britaniyada və Hol­landiyada eyni vaxtda meydana gəlmişdir. Lakin XIX əsrin axır­larında inkişaf etmiş ölkələrdə kredit sisteminin, bankların depozit əmə­liyyatlarının aktiv inkişafı ilə çeklər daha geniş yayılmağa başladı. Çekdə olan əmr hüquqi və onu yerinə yetirmək vəzifəsi hansınakı müvafiq olaraq müştəriyə öz, eləcə də borc vəsaitlərindən istifadə etməyə icazə verən bank ilə müştəri arasında bağlanan çek müqaviləsinə əsaslanır. Çek qısamüddətli fəaliyyət aləti kimi ödəniş vasitəsi statusuna malik deyildir, və pulun emissiyasından fərqli olaraq tədavüldə çekin miqdarı qanun­veri­ci­liklə tənzimlənmir, bütövlükdə kommersiya döv­riy­yəsinin ehtiyacları ilə müəyyən edilir. Buna görə də çeklərlə hesab­laşmalar şərti xarakter daşıyır: çekin borclu tərəfindən təqdim olunması onun kreditor qarşısında öhdəliyini ödəmir – o yalnız bank tərəfindən ödənildiyi anda ödənişi təmin edilir. Beləliklə, çekin iqtisadi mahiyyəti ondan ibarətdir ki, o bankdakı cari hesabdan nağd pulun alınması vasitəsidir, malların satın alınmasında və hüquqi və fiziki şəxslər arasında qarşılıqlı hesab­laş­ma­larda borсların ödənilməsində tədavül və tədiyyə vasitəsi kimi çıxış edir, dövriyyədə nağd pulun həсmini əhə­miy­yətli surətdə ixtisarına şərait yaradan nağdsız hesablaşmaların alətidir.

Çeklər nağd pullarla müqayisədə iki əsas üstünlüyə malikdir. Birinсisi, çeki istənilən məbləğə (yəni bank hesabındakı qalıq və ya kredit limiti həddində) yazmaq olar. İkinсisi, çeklərlə işləmək, onu idarə etmək rahat və əlverişlidir, itdikdə isə onları bərpa etmək olar. Çeklərin sonrakı növlərini fərqləndirirlər:

-təqdim olunmaq üçün olan adsız çek;

-adlı ( müəyyən şəxsə verilən, üstündə adı yazılan, başqasına vermək hüququ olmayan ) çek;

-orderli çek;


Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə