Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti pul və banklar



Yüklə 3,91 Mb.
səhifə7/42
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1070
növüDərslik
1   2   3   4   5   6   7   8   9   10   ...   42

Pulun miqdar nəzəriyyəsi. Pulun miqdar nəzəriyyəsi pulun yeganə keyfiyyətinin (yəni, alıcılıq qabiliyyətinin) onun miqdarında cəmlənməsi təsəvvürləri ilə bağlıdır. Bu konsepsiyanı Ş.L.Monteskyö, D.Yum, D.Rikardo, İ.Fişer, C.M.Keyns, A.Piqo işləyib ha­zır­la­mışdılar. Onların fikirlərinə görə, pul vahidinin dəyəri və məh­sulların qiymət səviyyəsi tədavüldə olan pulların miqdarı ilə müəyyən olunur. Tədavüldə pul nə qədər çoxdursa, qiymətlər də bir o qədər yüksəkdir və əksinə.

Pulun miqdar nəzəriyyəsindən merkantilizmi tənqid etmək üçün, eləcə də qiymətli metalların yığılması onların dəyərdən düşməsinə səbəb olduğundan milləti varlandırmadığını sübut etmək üçün istifadə olunurdu.

XX əsrdə iqtisadi nəzəriyyədə monetarizm cərəyanı formalaşdı və bu cərəyan pulun miqdar nəzəriyyəsinə əsaslanırdı. M.Fridmenə görə monetarist – pulun miqdar nəzəriyyəsinə inanan adama deyilir.

Bugünkü gündə də pulun miqdar nəzəriyyəsi əvvəlki po­pulyarlığını qoruyub saxlamaqdadır. Bu nəzəriyyəyə görə, əmtəə­lərin nisbi dəyəri, pulun alıjılıq qabiliyyəti və onun dəyişmə səbəbləri ilə bağlı bütün suallara cavab verməyə çalışır.

Pulun klassik miqdar nəzəriyyəsi üçün 3 postulat səciyyəvi idi:

1) səbəbiyyət (qiymətlər pul kütləsindən asılıdır);

2) mütənasiblik (qiymətlər pulun miqdarına mütənasib olaraq dəyişir);

3) universallıq (pulun miqdarının dəyişməsi bütün əmtəələrin qiymətinə eyni həcmdə təsir edir).



Pulun funksiyalarının transformasiyası nəzəriyyəsi. Müasir pulların forma və növlərinin təhlili göstərdi ki, pul sistemlərinin fəaliyyəti onun ictimaiyyət tərəfindən qəbul edilməsinə söykənir və yalnız obyektiv iqtisadi qanunlarla deyil, eyni zamanda cəmiyyət tərəfindən yaradılan hüquqi qanun­larla da idarə edilir.Bir əmtəənin qiyməti qızılın dəyəri ilə deyil, məcmu əmtəə kütləsi ilə tutuşdurulur. Beləliklə, pulun bu cür formalaşmış dəyər ölçüsü konsepsiyası müasir iqtisadiyyatda meydana gələn bəzi yeni məqamları istisna etmir.

Bütövlükdə pulun funksiyalarının transformasiyası nəzəriyyələri milli pul sistemlərində baş verən cari dəyişiklikləri əks etdirir.



Pulun ictimai tətbiq nəzəriyyələri. Sosial utopiyanın prinsipcə 2 növü vardır: - sosialist və ya kommunist utopiyalar və liberal uto­pi­ya­lar.

XIX əsrdə Ş.Furye, A.Sen-Simon, R.Ouen, A.İ.Gertsen, N.Q.Çernışevski kimi sosial-utopistlərin nəzəriyyələri daha çox məşhur idi. Sosial-utopistlərin tənqidi belə bir fakta söykənirdi ki, xüsusi mülkiyyət təcavüzkarlıq və kin doğurur. Onlar ticarət, sələm­çilik və kapitalist münasibətlərini kəskin şəkildə tənqid edirdilər. Sosial-utopistlərin aktivində «işlək pullar» nəzəriyyəsi idi.

Kommunizm utopiyalarında pul insanın insan tərəfindən istismar aləti kimi nəzərdən keçirilir. Onlar, hətta, əmtəə mübadiləsi əməliyyatlarında da pulun vasitəçiliyinin ləğv edilməsi barədə təkliflər irəli sürürdülər.

XX əsrdə F.Xayek, Y.Kornainin liberal utopiyaları daha çox məşhur oldu. Onlar insani və sosial qüsurların azad bazarın kor-koranə fəaliyyət göstərən qüvvələri vasitəsilə aradan qaldırılmasını irəli sü­rür­dülər. Onların konsepsiyalarının tənqidi əsasını belə bir fakt təşkil edirdi ki, ictimai mülkiyyət başqasının hesabına yaşama meylini doğurur.

«Neytral pullar» və «xüsusi pullar» nəzəriyyələri liberal utopiya konsepsiyaları ilə bağlıdır.

«Neytral pul» nəzəriyyəsi. Pul dövriyyəsində islahatlar apar­maqla makroiqtisadi vəziyyətin kökündən dəyişdirilməsini əmin edən vədlərdən biri «azad pullar» və ya «neytral pullar» konsepsiyası ilə bağlıdır.

Silvio Qezel (1862-1930) «Təbii iqtisadi qaydalar» kitabında faizdən azad olan pulları «azad pullar» adlandırmışdır. D.Zur «neytral pullar» anlayışını gətirdi, belə ki, onlar hamıya eyni dərəcədə xidmət göstərir, müasir pul sistemində olduğu kimi kimsələrə bir­tərəfli imtiyazlar vermir. Marqrit Kennedi də faizsiz mübadilə vasi­təsindən söz açarkən «neytral pullar» anlayışından istifadə etmişdi.

Öz mahiyyətinə görə «neytral pullar» nəzəriyyəsi Foma Ak­vinskinin pul nəzəriyyəsindən qaynaqlanır. «Ədalətli qiymət» konsepsiyasını inkişaf etdirən F.Akvinski hesab edir ki, əmtəələrin alınıb-satılması varlanma mənbəyi olmamalıdır. Pullar cəmiyyətdə «ədalətli mübadilə» prosesinin» yüngülləşdirməsində rol alır, puldan pul əldə etmək məqsədi ilə istifadə edilməməlidir. Faiz almaq cəmiyyətdə qeyri-bərabərlik yaradan və əmtəənin «ədalətli» qiy­mətinə zidd olan bir günahdır.

«Neytral pullar» nəzəriyyəsinə görə puldan yığım vasitəsi kimi istifadə olunması, onun borc kapitalına çevrilməsi iqtisadi böhranlara səbəb olur.

«Neytral pullar» nəzəriyyəsinə görə hökumət pul yığımının baş verməməsi və borc faizinin minimuma endirilməsi üçün bütün təd­birləri görməlidir. Yalnız o halda investisiya qoyuluşunun və istehlak tələ­binin artması və demokratik cəmiyyətin çiçəklənməsi müm­kündür.

Faizlərin eksponensial artımı nəticəsində yaranan problemlərin həlli keyfiyyət artımı dinamikasına uyğun gələn pul sisteminin yara­dıl­ma­sındadır. Bu halda faizlər digər pul tədavülü mexanizmi ilə əvəz edil­məlidir. Hər bir əmtəə üçün ödədiyimiz qiymətə faiz qismi də daxil olur.

Gündəlik tələbat malları və xidmətlərin qiymətlərində faizlərin və ya kapital xərclərinin payı orta hesabla 50 % təşkil edir. Beləliklə, əgər biz faizi ləğv edib onu daha mükəmməl mexanizm ilə əvəz etsək, onda nəzəri olaraq bizim əksəriyyətimiz ən azı olduğumuzdan 2 dəfə varlı olardıq və ya mövcud yaşayış səviyyəsini yalnız yarım iş günü işləməklə təmin etmiş olardıq.

Beləliklə, «neytral pullar» nəzəriyyəsinə görə elə bir şəraitin yara­dılması təklif olunur ki, bu şəraitdə pullar «paslansın», yəni ondan istifadəyə görə pul ödənilsin.

«Neytral pullar» nəzəriyyəsi məntiqi olaraq «xüsusi pullar» nəzəriyyəsi ilə sıx bağlıdır.

«Xüsusi pullar» nəzəriyyəsi. Nominalist pul nəzəriyyəsi bir dövlət pul nəzəriyyəsi kimi inkişaf edirdi. Bu nəzəriyyənin özəyini belə bir müddəa təşkil edir ki, pul – dövlət hakimiyyətinin məh­suludur. Bu zaman dövlət ilk öncə, pulu yaradır, ikincisi, onun alıcılıq qabiliyyətini müəyyən edir. Bir çox hallarda pulun dövlət nəzəriyyəsini ayrıca müstəqil konsepsiya kimi nəzərdən keçirirlər və bu nəzəriyyə daha geniş şəkildə alman iqtisadçısı Q.F.Knappın (1842-1926) əsərlərində yer almışdır.

Bu cür yanaşmanın əksinə olaraq milli xüsusiyyətlərini itirmiş pul sistemləri nəzəriyyəsi və liberalizm və azad rəqabət prinsipləri əsasında xüsusi pulların yaradılması ideyası irəli sürüldü. Xüsusi pullar nəzəriyyəsinin ilkin yaradıcıları sırasına alman iqtisadçısı S.Qezel və amerikalı iqtisadçı E.Rigel aid edilir. Belə ki, E.Rigel «Xüsusi müəssisələrin pulları: neopolitik pul sistemi» kitabında pul emissiyasını xalqın əlinə verməyi irəli sürür.

Sonra isə pulun milli xüsusiyyətlərdən azad olması ideyası bir-birindən asılı olmayaraq 1974-cü ildə Klayn və 1976-cı ildə iqtisa­diy­yat üzrə Nobel mükafatı laureatı F.A.Xayek tərəfindən irəli sürül­müş­dür.

M.Fridmenin 1986-cı ildə çapdan çıxmış «Has Government Any Role in Money?» məqaləsi xüsusi pullar haqqında elmi müza­kirələrdə xüsusi bir hadisə oldu. ABŞ-da pul nəzəriyyəsi sahə­sində tanınmış mütəxəssis olan, həm də iqtisadiyyat üzrə A.Nobel mükafatı laureatı olan M.Fridmen bu məqalədə xüsusi rəqabət qabiliyyətli valyutalar sisteminin tətbiq edilməsi təklifinə öz mənfi münasibətini bildirmiş və F.A.Xayekin mövqeyi ilə əsasən razılaşmışdır.

F.A.Xayek özünün elmi fəaliyyətinə yekun vuraraq hesab edirdi ki, bir kəşf və iki ixtira etmişdir. Bu ixtiralardın biri pul sisteminin milli xüsusiyyətlərindən azad edilməsi nəzəriyyəsi və xüsusi pulların tətbiq edilməsidir. Ödəniş vasitəsinin emissiyası üzərində dövlət inhi­sarının aradan qaldırılmasının zəruriliyini irəli sürməklə F.A.Xayek dövlətlərin ictimai etimaddan sui-istifadə etmələrinin mexa­nizmi və nəticələrinin mahiyyətini açmağa çalışmışdır.

F.A.Xayekin xüsusi pulların geniş yayılması barədə ideyası bazar konsepsiyasından irəli gəlir. Bu ideyaya görə hər bir təsərrüfat sahibinin özünün istehsal fəailyyətinin imkanları və istehlak eh­tiyacları barədə bildikləri yalnız onun özünə məlumdur. Bu məlu­matlardan iqtisadi sistemin bütün iştirakçılarının fəaliyyətinin koordinasiyası (əlaqələndirilməsi) məqsədilə istifadə edilir. Ona görə, bu məlumatlardan tam dolğunluğu ilə istifadə etməyi bacaran iq­tisadi sistem ən yüksək nailiyyətə malik olacaqdır. Bu məlu­mat­lardan istifadə edilməsi bazar iqtisadiyyatının həm planlı iqtisadiyyat, həm də təsərrüfat fəaliyyətinin digər üsullarla əlaqələndirilməsi qarşısında başlıca üstünlüyüdür.

Bazar iqtisadiyyatının fəaliyyəti qiymətlərin liberallaşması və rəqabət vasitəsilə həyata keçirilir. Bazar iqtisadiyyatı bazar qiymətləri vasitəsilə sahibkarların işinin koordinasiyasını və səmərəli fəaliyyətini təmin edir. Qərarların qəbul edilməsində istifadə edilən bu bazar qiymətləri barəsində məlumatlar iqtisadi agentlərə ötürülür. Bazarın digər mühüm alətlərindən biri də rəqabətdir və bu rəqabət nəticəsində bazar iştirakçılarının fərdi qərarlarının təbii seçmə prosesi həyata keçirilir. Qiymətlərin bərqərar olması və rəqabət bazardakı vəziyyət haqqında təhrif olunmayan məlumatların alınmasını yalnız o zaman təmin etmiş olur ki, bazarda maksimal azadlıq olsun, dövlət təsər­rüfat fəaliyyətindən doğan təhrifolmalar olmasın. İqtisadi azadlıq səmərəliliklə birbaşa bağlıdır: iqtisadiyyat nə qədər azaddırsa, insanların azad yaradıcılığı da bir o qədər iqtisadi kəşflərə gətirib çıxara bilər.

Onların fikrincə, milli valyuta adi ticarət əmtəəsi hesab edilməlidir və buna görə də bazar qaydaları ilə rəqabət əsasında isteh­sal olunmalıdır. Dövlət pullarının emissiyası dayandırılmalı, mərkəzi banklar bağlanmalı və paralel olaraq xüsusi valyutalar daxil edilməlidir.

Xüsusi pullara keçidlə bağlı islahatlar aşağıdakı tədbirlərdən ibarət ola bilər:

1. Artıq istifadədə olan bütün valyutaların, o cümlədən xarici valyutaların bərabərhüquqlu olmasını qəbul etmək. Bununla da möv­cud işgüzar təcrübənin leqallaşması baş verərdi. Argentina 2001-ci ilin sonunadək bu yolla getmişdir (həm də F.A.Xayekin nəzəriyyəsinə əsaslanaraq).

2. Bank fəaliyyətinin idarə olunmaması. Bu, milli və xarici kommersiya banklarına özünün xüsusi ticarət nişanı ilə sərbəst pul emissiya etmək icazəsinin verilməsindən ibarətdir. Dövlətin Mərkəzi Bankı bu halda pul tədavülünə nəzarət funksiyasını itirmiş olur.

3. Ölkənin Mərkəzi Bankı emissiya hüququ olan kommersiya ban­kına çevrilir. Milli valyuta isə onun xüsusi valyutası olur. Mərkəzi Bank özü isə özəlləşdirilir.

2001-ci ildə ijtimai iğtişaşlarla nəticələnən Argentinanın təcrü­bəsi göstərdi ki, «xüsusi pullar»ın daxil edilməsi prinsipi əsasında milli pul sistemində aparılan islahatlar məhz iqtisadi böhranları dərinləş­dirir, ümummilli iqtisadi risklərin yaranmasına səbəb olur.

2. 2. Pul haqqında iqtisadçı alimlərin nəzəri fikirlərinin təhlili
2. 2.1. Pul haqqında klassik iqtisadçı alimlərin nəzəri

fikirlərinin təhlili

Klassiklər deyildiyi zaman Adam Smiti, D.Ri­kar­do, Robert Maltus, Jan Boptist Sеy, Con Stüart Mill kimi yada gəlmək­dədir.



Adam Smit (1723-1790). A.Smit 1776-cı ildə «Millətlərin zənginliyi» adlı məhşur əsəri yazmışdır. A.Smit ölkə daxilində və ölkələr arasında sərbəst mal hə­rəkətini prinsip olaraq müdafiə etmiş, bunu beynəlxalq xarici ticarətin əsas prin­sipi olaraq qəbul etmişdir. A.Smit kağız pulun qızıl və gümüş, yəni metal pul qarşılığı çıxarılmasını kağız pulun hər zaman qızıla çevrilməsi önəmliyinin qo­runmasını istə­mişdir. Smitə görə, kağız pulun metal puldan daha çox çı­xa­rıl­ması durumunda qiymətlər yüksələcək, tədiyyə balansı pozulacaq və öl­kədən qızılın çıxması üçün şərtlər ortaya çıxacaqdır. Təklif iqtisadiyyatını mü­dafiə edən Smit, sərmayə artımının əmanətlə olacağını, xərcləmə və pis ida­rə­et­mə­nin iqtisadiyyata mənfi təsir edəcəyini qəbul etmişdir.

Smit is­teh­sal­dan əldə edi­lən mənfəətin faizdən yüksək olması gərək­liyini, bu iki nisbət arasındakı fər­qin borc pul sahəsinin mükafatını təşkil etdiyini söyləmişdir. Borc pul verən şəxs sağlam (yəni, inflyasiyanı çıxmaq şərti ilə) bir əlavə faiz əldə etməkdədir. La­kin mənfəət isə sərmayə istifadəsinin riskli olması səbəbi ilə daha yüksək ol­ma­lıdır.



David Rikardo (1772-1823). Tədavüldəki pul miqdarı metal pul Mərkəzi Bankının çıxardığı kağız puldan meydana gəlməkdədir. D.Rikardo pulun tədavül sürəti mövzusuna açıqlıq verməmişdir. Rikardo pul kütləsi möv­zu­sun­da iki nəzəriyyə irəli sürmüşdür:kağız pulun qızıla çevrildiyi ölkələr və kağız pu­lun qızıla çevrilmədiyi ölkələr. Kağız pulların qızıla çevrildiyi ölkələrdə, kağız pul üzə­rində yazılı qızıl çəki miqdarında qızıla çevrilməkdədir. Bu da tədavüldəki kağız pulun qızıl və ya gümüş pula çevrilməsi və ya külçə qızıla çevrilməsidir. Rikardo xarici ödəmələrdə qızıldan istifadə etmənin zəruriliyini qəbul etmişdir. Rikardo dövlətin və ya bankın kağız pul çıxarma müstəqilliyindən sui-istifadə etməməsi gərəkliyini irəli sürərək, nə dövlət, nə də bank pul çıxarma mövzusunda limitsiz gücə sahib deyildir - deyə ifadə etmişdir. Rikardoya görə, bütün dövlətlərdə kağız pul emissiyası nəzarət altında tutulmalıdır. Rikardo, dövlətin ehtiyacından çox pul buraxması nəticəsində qiymətlərin yüksəlməsinə səbəb olacağını qəbul etmişdir. Burada pul miqdarı mövzusunda iki məktəbin ortaya atdığı fikirlərə baxaq. Bu iki məktəb: Bank məktəbi (Bankinq School) və pul məktəbi (Currency School). Bank məktəbi pul miqdarının iş həcminə bağlı olduğunu, yəni iqtisadi durumu pul miqdarının təyin etdiyini qəbul edir. Bank məktəbinə qarşı Rikardo pul məktəbini müdafiə etmişdir. Bu məktəbin fəlsəfəsinə görə kağız pul qızıl qarşılığında çıxarılmaqdadır. Ehtiyacdan çox pul tədavülə girincə orada təsirsiz qalmaz və qiymətlərin yüksəlməsinə səbəb olacaqdır. Rikardoya görə qızıl istehsalının artımı, öz növbəsində pul miq­da­rının ar­tı­mına səbəb olacaq, bu isə qiymətlərin yüksəlməsinə, bundan sonra isə idxalın ar­tacağı və ixracatın azalacağı ortaya çıxacaqdır. Bütün bunlar isə öl­kə­dən qı­zı­lın çıxışına səbəb olar. Qızıl miqdarının azalması qiymətlərin dü­ş­mə­si­nə yol açar. Beləliklə, tədiyyə balansı qızıl girişi və çıxışıyla tən­zim­lənmiş olur.

Baptist Say (1767-1832). Fransız iqtisadçısı Say - bazar qanununun kəşfi ilə tanınmışdır. Bu qanun - istehsal edilən bir malın dəyəri qədər, bazarda pul tələbi olduğunu ifadə etməkdədir. Zatən, istehsalçının ən böyük arzusu istehsal etdiyi malı satmaqdır. İstehsalçı, istehsal edilən malın satışından əldə etdiyi pulu başqa bir malı almaqda istifadə edir. Beləliklə, istehsal edilən bir mal digər bir bazarda bu mala uyğun ekvivalent mal tapır. Ümumiyyətlə, bir malın təklifı onun izafı qiymətinə bağlıdır. Malla əlaqədar pul tələb və təklifi, malın izafi qiymətinə görə olur. Halbuki, miqdar nəzəriyyəsində pul tələbi izafi mal qiymətinə görə deyil, mütləq qiymətlərə görə olur. Mala olan tələb pula olan tələb anlamına gəlir. Çünki mala olan ehtiyac pul ehtiyacını yaradır. Bu da pul təklifinə təsir edir. Say pulun mübadilə üçün istənildiyinə, əl altında tu­tul­ma­dığını və bunun üçün də tam məşğulluğun saxlandığını qəbul etməkdədir. Özəl sektoru müdafıə edən B.Say dövlətin sənaye və ticarət işi apara bilməsi üçün pulunun olduğunu, ancaq yaradılacaq işlərin uğur qazanmayacağını, çün­­ki dövlət fərdlərə «iş yapmanız üçün uyğun bir çevrə və mühit yaratdım, in­di isə zəngin olmağınıza baxın» deməlidir.

2.2.2. Yeni klassiklərin pul haqqında nəzəri düşüncələri
Pul haqqında nəzəri düşüncələr sırasına daxildir: Lean Valpac, İr­vinq Fişer və Çikaqo məktəbinin təmçılçısi M.Fridmen.

Leon Valras. Bilindiyi kimi Rikardo dəyər təhlilində o malı istehsal etmək üçün gərəkli iş saatını almaqda idi. Valras nəzəriyyəsində isə işgücü həcminin gerçək əmək haqqı həddinin bir funksiyası olduğunu ifadə etmiş və «pul miqdarı ilə dəyəri arasın­da tərs yöndə bir münasibət vardır» deyə ifadə etmişdir. Pula tələb, arzu edilən, yəni likvid tutulmaq istənilən puldur. Bu da ödəmələrdə istifadə edilmək üzrə əldə tutulmaqdadır. Varlasa görə pulun funksiyası üç yerə bölünür: dəyər pulu; yığım pulu və mübaliə pulu. Dəyər pulu bir malın dəyərini digər malların dəyəri ilə ödəməsinə deyilir. Məsələn, bir kostyumun dəyəri 20 kq ət və ya 200 kq alma etdıyini qəbul etsək, o zaman kostyumun dəyərini ət və alma ilə ifadə etmiş olarıq. Yığım pulu sər­mayə sahiblərinin istehlakı üzərindən gerçəkləşdirdikləri qənaət nəticəsində işgüzar dairələrə verdikləri borc pulu ifadə etməkdədir. Bu pul istehsal vasitələrinin satın alınmasına yönələn puldur. Varlasa görə tədavüldəki pul mübadilə pulu, mal və xidmət alınmasını istifadə üçün puldur.

İrvinq Fişer (1867-1947). Riyaziyyat müəllimliyindən iqtisad elminə keçərək bu sahədə dəyərli iz qoymuş Fişer pulun satınalma gücü (1911), qiymət indeksləri (1922), faiz nəzəriyyəsi (1930), inkişaf və böhran (1932) kimi əsərləriylə tanınmışdır. Fişerə görə pul və onunla satın alınan mal bərabər dəyərdədir. Məsələn, 1 kq ətə ödənən pul ilə satın alınan ət eyni dəyərdədir. Bir il içində xərclənən pul ilə satın alınan malın dəyərləri bir-birilərinə bərabərdir. Yəni , MV=PQ. Yuxarıdakı bərabərlikdə, P-qiymətlərin ağırlı ortalamasını, M-pul miq­da­rını, V-pulun tədavül sürətini, Q-pul ilə mübadilə edilən mal və xidmət miqdarını göstərməkdədir. Fişerə görə tədavüldəki pul miqdarına aşa­ğı­dakılar təsir etməkdədir: qızıl alım və satımı; pul emissiyası; qızılın istehsalı və istehlakı və pul sistemləri.

Milton Fridmen (Çikaqo məktəbi). Çikaqo universitetindən Milton Fridmen pul miqdarı mövzusunda çox fərqli bir görüş ortaya atmışdır. 1929-cu ildəki iqtisadi böhran hadisəsi pul miqdarı nəzəriyyəsini gözdən düşürdü. Gerçəkdən də 1929-cu ildəki iqtisadi böhran pul siyasətinin uğur­suzluğunu or­ta­ya qoydu. «Pul tələbi, davamlı gəlirin funksiyasıdır» deyən Fridmen, pul tə­ləbinə təsir edən üç faktoru aşağıdakı kimi sıralamaqdadır: gəlir; fərdlərin tər­cih və zövqləri; istehlak edilə bilir, xidmət və gəlir qaynaqları. M.Frelman istehlak edilə bilir, xidmət və gəlir qaynaqlarının da 5 aktiv varlıq halında olduğunu yazmışdır: pul, istiqraz, səhm, bəşəri olmayan maddi mal­lar və bəşəri sərmayə.

Pul tələbinə təsir edən digər bir dəyişkən fərdlərin zövq və tərcih­ləridir. M.Fridmen pul tələbinə təsir edən dəyişkənləri klassik nəzəriy­yə­çilər­dən fərqli şəkildə açıqlamaqdadır. Ona görə, pul tələbi aşağıdakı düsturda göstərilən dəyişkənlərin bir funksiyasıdır: L=g(Yp,W,P,Rb,Re,l/P·dP/dt,V). Burada L-nominal pul tələbini, Yp-nominal da­vam­lı gəliri, W-bəşəri sərmayənin bəşəri olmayan sərmayəyə nisbətini, p-ümumi qiymət səviyyəsini, Re-səhmlərdən saxlanan gəlir, 1/P·dP/dt - gözlə­nilən inflyasiya nisbəti, V-fərdlərin zövq və tərcihlərini göstərməkdədir. M.Fridmen, faizin pul yığımına səbəb olmasını söyləmişdir. M.Fridmena görə "İnsanların gələcəklərinin qeyri-müəyyənliyi ilə əlaqədar pul yığımları baş verir". Bundan başqa, pul yığımlarının iki səbəbi vardır: bunlardan biri istehlakı azaltmaq, ikincisi isə faiz əldə etməkdir» deyə ifadə etmişdir. Fridmen pul siyasətində pul miqdarına diqqət edilməsini, bu mövzuda bəzi tədbirlər alınmasının gərəkliyini irəli sürmüşdür.

İqtisadi inkişaf və istehsal artımına cavab vermək məqsədi ilə hər ilə pul miqdarının 0,05 artımı yetərlidir. İnflyasiya olan ölkələrdə mərkəzi bankların emissiyasını durdurmalı və bankların kredit istehsalının qarşısını kəsməlidir.
2. 2.3. Keynsin pul haqqında nəzəriyyəsi
C.M.Keyns (1883-1946) "Ümumi nəzəriyyə" adlı əsəri ilə şöhrət tapmış bir iqtisadçıdır. Keyns istehlak və investisiya funksiyalarının gəlir səviyyəsi və faizə təsir etdiyini qəbul edir. Gəlir səviyyəsi isə iş gücü istifa­dəsinə təsir etməkdədir. Keyns investisiyanın faiz dərəcəsinə və sərmayənin marjinal verimliliyinə bağlı olduğunu ifadə etmişdir. Keynsə görə, böhran iqtisadiyyatında xalq, iqtisadiyyatın gələcəyinə gü­vən­mir­sə pullarını inves­tisiya qoymadan hərəkətsiz gözlədə bilərlər. Keynsə görə faiz: L=L1(PY)+L2(i) ilə ifadə edildiyini, L1-alış-veriş və ehtiyat məqsədi ilə pul tə­ləbi, L2-spekulyasiya məqsədi ilə pul tələbini göstərməkdədir. İnvestisiya xərc­ləri sərmayənin marjinal verimliyi ilə faiz həddinə bağlıdır, yəni I=F(r, SMV) burada İ-investisiya xərclərini, F-bazar faiz dərəcəsini, SMV-sər­ma­yə­nin mar­jinal verimliyi, göstərməkdədir. Ümumiyyətlə, Keyns pul miqdarı art­dıq­ca faiz həddinin düşəcəyini və gəlir səviyyəsinin eyni qaldığını qəbul et­miş­dir. Faiz dərəcəsinin düşməsi investisiya xərclərini artırmaq sürətilə gəlir sə­viy­yə­­si­nin yüksəlməsinə yol açmaqdadır.
2.3. Pul siyasəti haqqında nəzəri fikirlərin təhlili
1930-cu ilə qədər iqtisadi düşüncəyə hakim olan klassik fikir, Sey qanunu və pulun miq­dar nəzəriyyəsi olmaq üzrə iki təməl siyasətə əsaslan­mışdır. Klassik dü­şün­cə­nin gəlir və iş gücü nəzəriyyəsi - "hər təklif öz tələbini yaradır" şəklindəki ifadə Sey qanununa aiddir. Buna görə iqtisa­diyyatda heç bir zaman işsizlik problemi, ya da aşaği istehlak problemi ortaya çıxmayacaqdır. Seyə görə istehsal edilən mal və xid­mətlərin hər kəsə yetəcək qədər tələb olunacağına görə iqtisadiyyatın tam məş­ğul­luq səviyyəsində olacağı irəli sürülmüşdür. Bu isə bazar gücləri tərəfindən ger­çək­ləşdiriləcəkdir ki, Adam Smit buna "görünməyən əl" adını vermişdir. Bazarda təş­kil ediləcək tarazlıqlar əmək haqqı və qiymətlərin dəyişikliyi ilə bağlı ortadan qal­xacaqdır.

Klassik iqtisadçılardan Tomas Maltus isə məcmu istehsal miqdarı qə­dər gəlirin yaradılmasını, ancaq bu gəlirin hamısının xərclənmədiyini irəli sür­müş­dür. Əgər insanlar qazandıqları gəlirin önəmli bir hissəsini yığım edərlərsə və bu yı­ğım edilən miqdar firmaları investisiya həcmindən çox olarsa, bu durumda is­teh­sal edilən mal və xidmətin bir hissəsi satılma­ya­caqdır. Buna bağlı olaraq iş adam­ları istehsallarını azaldacaq və işsizlik or­taya çıxacaqdır. Bu düşüncə daha son­ralar Keyns tərəfindən müdafiə edilmişdir.

Klassiklər yığımların tamamının in­ves­torlar tərəfindən sabit sərmayə investisiyalarına yönələcəyini söyləmişdilər. Ancaq bu nöqtədə klassiklərə görə əsas yığımların ta­ma­mı­nın investorlar tərəfindən necə istifadə edilməsi məsələsidir. Klassiklərə görə bu prob­lemin açarı faizlərin səviyyəsidir. Faiz nisbətinin bir funksiyası olan yığımlar ilə investorlar arasındakı tarazlıq məşğulluğun saxlanması üçün başlıca şərtdir. Faiz nis­bətləri uzun vaxt ərzində xalqın yığımları (zövq və tərcihləri) ilə iş adamlarının sər­mayə investisiyasına (sərmayənin verim­liyinə) bağlı olaraq təsir edir, iş adam­la­rı isə investisiya qoymağa, ev ida­rələrini də yığım etməyə çağırırlar.

Klassik sistemdə pul-istehsal (real sektor) məşğulluq və faiz nisbətləri üzə­rin­də qısa vaxt ərzində təsirli deyildir. Mal və xidmət istehsalı və məşğulluq, iş gücü, sər­mayə təklifi və mövcud texnologiya tərəfindən müəy­yən edilərkən faiz nis­bət­lə­ri xalqın gözləmələri ilə sərmayənin verimliliyinə bağlı olaraq uzun vaxt ərzində tə­sir­li olur. Klassik düşüncədəki ikinci təməl nəzəriyyə "pulun miqdar nəzəriyyəsi" olub, qiymətlərin ümumi səviyyəsini açıqlayır. Miqdar nəzəriyyəsinə görə pul iq­ti­sadiyyatda bir pərdə olub, yalnız qiymət səviyyəsinə təsir edir. Pul təklifindəki bir artım yalnız mal və xidmətlərin qiymətlərini artırmaqla, istehsal, məşğulluq və faiz nis­bət­lərini dəyişdirir. Bunlara görə pulun iqtisadiyyatın real sektoru üzə­rindəki təsiri çox kiçikdir (sıfıra yaxın). MV=PY şəklində ifadə edilən mübadilə for­mulunda M-pul təklifi, V-pulun tədavül sürəti, p-qiymət səviyyəsi və y-real gəliri ifadə edir.Formulun sağ tərəfindəki y-istehsal edilən mal və xidmət topl­a­mı­nı, p ilə y-nin hasili isə nominal ÜDM-i ifadə edir. Formulun sol tərəfində pul tək­lifi ilə pulun tədavül sürəti vurulduqda toplam xərcləmə həcmi alınır. Bərabərlikdə gə­lir (Y) yerinə toplam əməliyyat həcmi (T)-də istifadə edilə bilər. Bu halda bə­ra­bər­lik MV=PT olaraq yazılır, V isə əməliyyat sürəti olur. Mübadilə bərabərliyi Cam­­bridge Universiteti iqtisadçıları tərəfindən bir az daha fərqli ifadə edilmişdir. Cam­bridge bərabərliyində pulun tədavül sürəti yerinə əldə tutulmaq istənilən pul ilə maraqlanılmış və formul M=KPY olaraq ifadə edilmişdir. Burada K=1/V ol­du­ğun­dan, bərabərlik əslində dəyişilir. Ancaq bu bərabərlik pul tələbi bərabərliyi ola­raq yozulur.

Pulun miqdar nəzəriyyəsinə görə pul təklifindəki bir dəyişmə qiymət sə­viy­yə­sin­­də eyni nisbətdə bir dəyişilməyə yol açacaqdır. Bu ifadə klassik görüşün iki tə­məl nəzəriyyəsinə əsaslanır: İqtisadiyyatın tam məşğulluqda olmasıdır ki, bu Sey qa­­nunu ilə ifadə edilmişdir; II isə pulun tədavül sürətinin sabit olması. V ilə Y sabit ol­­duğu üçün bərabərlikdə M-də meydana gələcək dəyişmə P-ni eyni səviyyədə və nis­­bətdə dəyişdirəcəkdir. Buradakı dəyişmənin real olmayıb, yalnız nominal həddə ol­­duğu görünür.

Pul tələbi faiz nisbətlərindən asılı olmadığından pul siyasəti yardımı ilə pul tə­lə­binə təsir etmək mümkün deyildir. Fişer klassik nəzəriyyəyə real faiz nisbətləri an­layışını əlavə etmişdir. Fişerə görə iqtisadiyyatda inflya­siyanın varlığı nominal an­layışlar yerinə real anlayışlardan istifadə etməyi məcburi hala gətirmişdir. Faiz nis­bətləri də nominal dəyərlər olub, infl­yasiyaya bağlı olaraq dəyişməkdədir. Fişer kla­ssik yığım və investisiya tarazlığının saxlana bilməsi üçün nominal faiz nis­bə­ti­nin gözlənilən inflyasiyaya bağlı olaraq dəyişərkən real faiz nisbətinin eyni qa­la­ca­ğı­nı irəli sürmüşdür. Klassik düşüncədə pul siyasətinin təsirsiz olduğu ifadə edil­mək­lə birlikdə aktiv bir pul siyasətinin tam məşğulluqda saxlanmasında əmək haqqı qiy­mət mexanizminin yükünün yüngülləşəcəyi də ifadə edilmişdir. Bu da pul siyasətinin iq­tisadiyyat üzərindəki təsirinin tamamilə göz önünə alınmadığını, az da olsa bir təsir var­lığının qəbul edildiyini göstərir.



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə