Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti pul və banklar



Yüklə 3,91 Mb.
səhifə15/42
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1070
növüDərslik
1   ...   11   12   13   14   15   16   17   18   ...   42

5.4. Kağız pullar
Kağız pulların (kağız dəyər nişanlarının) meydana gəlməsi sənaye və ticarətin daha da inkişaf etməsi ilə bağlı idi. Təmiz metal dövriyyəsi dövlətə çox baha başa gəlirdi və son hesabda imkansızlıqla nəticələnirdi, belə ki, qiymətli me­talların hasilatı həmişə təsərrüfatın tədavül vasitələrinə tələbatına olan artımdan geri qalır. Ona görə də metal pulların kağız dəyər nişanları ilə dəyişdirilməsi təda­vül xərclərinə qənaət etməyə imkan verir. Kağız pullar metal pulların dövriyyəsi prosesinin özündən, onların nominal tutumunda göstərilənlə real çəkisi arasında fərqin yaranması ilə meydana gəlmişdir. Onların meydana gəlməsi dəyər ölçüsü kimi pulun ideal forması və tədavül vasitəsi kimi fəaliyyət göstərməsinin yolüstü xarakteri ilə şərtlənir.

Tam dəyərli metal pulların dəyər nişanlarına çevrilməsini üç mərhələyə ayırmaq olar:



  • tam dəyərli pullar kimi fəaliyyət göstərən sikkələrin pozulması, aşınması;

  • istər dövlət hakimiyyəti, istərsə də ayrı-ayrı adamlar - saxta pul kə­sənlər tərəfindən korlanması ucbatından tam dəyərli olmayan sikkə­lərin buraxılması;

  • dövlət xərclərinin ödənilməsi üçün kağız dəyər nişanlarının bura­xıl­masından asılı olaraq pulun nominal tutumunun onun real tutumundan ayrılması.

Ona görə də kağız pulları dövlət yaratmamışdır. О yalnız obyektiv imkandan və kəskin maliyyə böhranları dövrlərində məcburi pul kursu emissiyası zəru­rətindən öz xərclərini ödəmək üçün istifadə etmişdir. Faktiki olaraq kağız pullar məcburi kursla dəyərləndirilmiş pul nişan­larıdır (dəyərin nominal nişanıdır) və adətən metalla əvəzlənmir, dövlət tərəfindən öz xərclərini ödəmək (dövlət büdcəsi kəsirini) üçün buraxılır.

Kağız pulların təbiəti ondan ibarətdir ki, onların sərbəst dəyəri yoxdur, belə ki, onların çap olunması əməк itkisi onların dəyərini ifadə etdiyi mallarla müqayisədə cüzidir. Ona görə də kağız pullar öz dəyəri sayəsində dövriyyə edən qızıldan fərqli olaraq, yalnız özlərinin dövriyyəsi prosesində əsl dəyərini alır. Metal və kağız pulların paralel təda­vülü zamanı onların dəyəri əvəz etdikləri qızıl və gümüşün kəmiy­yətinin dəyəri ilə müəyyənləşir: bir kağız pul vahidinin dəyəri tədavüldə olan kağız pulun kəmiyyətinə bölünən tədavül üçün lazım olan metalın kəmiyyətinin dəyərinə uyğundur.

Bununla yanaşı, qızıl pul vahidinin dövlət tərəfindən sərbəst təyin olunan rəsmi tutumu heç vaxt onun dəyərini müəyyən etməmişdir, o 1975-ci ildən isə təsbit edilmədi. Faktiki olaraq kağız pullar özlərinin metal substansiyalarından təcrid olunmuş şəkildə mövcuddur. Bu zaman kağız dəyər nişanlarının qızılla daxili bağlılığı onunla müəyyən edilir ki, onlar tarixən qızılın nişanı kimi meydana çıxıb, qızıldan onun əsl dəyərini mənimsəyib və uzun müddət ərzində əsl pullarla çul­ğaşıbdır. Bu əlaqə özünü onda büruzə verir ki, hələ də qızıl mərkəzləşdirilmiş dövlət nəzarəti altında olan real ehtiyat aktiv rolunu oynayır, həm də tezavrasiya obyektidir.

Kağız pullar tam dəyəri ilə dəyər ölçüsü funksiyasını yerinə yetirə bilməz, çünki özlərinin dəyəri yoxdur. Onlar tədavül vasitələri və ödəniş vasitələri funksi­ya­sını yerinə yetirirlər, qızıl standart ləğv edildikdən sonra isə yüksək inflyasiya olmadıqda həm də yığım funksiyası rolunu oynayır.

Öz təbiətlərinə görə kağız pullar qeyri-sabitdir, belə ki, onların özlərinin dəyəri yoxdur, tam dəyəri olmayan pulların emissiyası heç də həmişə tədavülün pula olan real tələbatı ilə tənzimlənmir; bu zaman tədavüldə olan pul kütləsinin kortəbii tənzimlənmə mexanizmi fəaliyyət göstərmir, çünki kağız pullar metal pullar qədər yığım funksiyası rolunu oynamır.

Ona görə də kağız pullarla pul tədavülü qanunlarının fəaliyyəti qiy­mət­ya­ratma mexanizmi vasitəsilə həyata keçirilir. Məsələn, kağız pullar kütləsinin təda­vülün tələbatından artıq çoxaldıqda onların nüfuz dəyərləri azalır və ya pulların qiymətdən düşməsi baş verir. K.Marks pulların qiymətdən düşməsinin üç səbəbini göstərir:

• kağız pulların adətən büdcə kəsiri, hərbi və digər xərclərin ödə­nilməsi üçün dövriyyənin real tələbatından artıq buraxılması ilə əlaqədar olaraq tədavülə artıq pul buraxılması. Bu zaman buraxılmış kağız pul­ların nominal dəyəri ilə onların çap olunması üçün çəkilən xərclər ara­sındakı fərq dövlətin emissiya gəlirini təşkil edir;


  • əhalinin hökumətə etimadı itdiyi hallarda kağız pullar onların nominalları üzrə ödənişə qəbul olunmasından imtina edilir;

  • hətta tədiyyə balansınm yeniləşdirilmiş formasında olsa da belə, çünki qızı­lın sikkə pül rolunun aşağı düşdüyü şəraitdə, onun, tədiyyə ba­lansının kəsirinin ödən­məsi üçün əhəmiyyəti kəskin şəkildə azalır, kağız pullar isə bu rolu ifa etmək iqtidarında deyil.

Kağız pulların dayanıqlığının təmin olunması ilk növbədə döv­riyyədəki pul kütləsi ilə ona qarşı olan əmtəə kütləsi və pullu xidmətlər arasında obyektiv şərt­lənmiş mütənasübliyin qorunduğu halda xa­rakterikdir. Pul kütləsi ilə əmtəə kütləsi arasında mütənasibliyin qorun­ması dövlət büdcəsinin kəsirsizliyini şərtləndirir. Kəsirin olduğu halda isə onu daxili borc və «artıq» («əlavə») pul emissiyası ilə kompensasiya etmək lazım gəlir.
5.5. Kredit pullar
Kredit pullar və ya kredit tədavül aləti - kredit əsasında meydana gələn kağız dəyər nişanlarıdır. Məlum olduğu kimi, kredit tədavül xərclərinin əhəmiy­yətli dərəcədə azaldılmasına səbəb olur. Bu onu bildirir ki, dövriyyəyə metal pullar əvəzinə banknot, veksel, çek daxil olur və bunlar da kreditlə six əlaqəlidir. Kredit pulların istifadə olunması nəticəsində qiymətli metalların, ilk növbədə qızılın rolun­da çıxış etdiyi həqiqi və ya gerçək pullara qənaət edilir.

Müasir şəraitdə kredit pulların böyük hissəsi müxtəlif hesablardakı vəsait­lərdən ibarətdir. Mərkəzi banklar kredit pullara kifayət qədər qarantiya verirlər ki, pul dövriyyəsinin indiki miqyasmda kommersiya bankları və özəl banklar bunu edə bilməzlər. Ona görə də müasir şəraitdə pul tədavülü əsas etibarilə nağdsız hesablaşmalar şəklində həyata keçirilir. Bu zaman kredit pulların öz dəyəri olmur. Lakin kağız pullardan (xəzinə biletlərindən) faktiki olaraq bu pullar yarandıqları andan (klassik anlamda) təkcə qızılın deyil, kreditin də nişanı kimi çıxış edir. Ona görə də bunlar həm də kreditorlarla borc alanlar arasında ssuda kapitalının hərəkətini əks etdirir.

Kredit pulların əsas emitenti bank sistemidir və о pul kütləsini nəinki təkcə müxtəlif borc öhdəliklərinin buraxılması ilə, həm də xəyali əmanətlər (bank ssuda verərkən müştərinin borcunu onun ssuda hesabmda öz aktivinə yazır, eyni zaman­da verilən ssudanın məbləği bank tərəfindən müştərinin hesablaşma hesabına köçürülür və onun əmanətinə çevrilir, hərçənd arada real əmanət olmayıb) yarat­maq yolu ilə forma­laşdırır. Əmanətin xəyali xarakterinə baxmayaraq, о real pul formasını ala (alır) bilər. Həmin halda nəinki bankın təkcə qarşısında təminatı olmayan resurs bazası artır, həm də pul kütləsinin həcmi artır. Kredit pulların və ya kredit tədavül alətlərinin üç əsas növü göstərilir: veksel, banknot və çek.

Veksel - çox ciddi formada müəyyən olunmuş yazılı borc öhdə­liyidir ki, bu da sahibinə (vekseli saxlayana) müəyyən müddət keçdikdən sonra borcludan (veksel verəndən) və ya akseptantdan göstərilən pul məbləğini qeyd-şərtsiz tələb etmək hüququ vardır.

Digər borc öhdəlikləri ilə müqayisədə vekselin aşağıdakı xüsu­siyyətləri vardır:



  • mücərrədlik, belə ki, onda borc öhdəliklərinin meydana gəlmə­si­nin kon­kret səbəbləri izah olunmur (məsələn, əmtəənin kreditə satılması);

  • borclunun borcun yaranma şərtləri və şəraitindən asılı olmayaraq öhdəlik üzrə ödəniş aparmasınm qeyd-şərtsizlik, belə ki, vekselin hüquqi xüsusiyyətləri və onun tərtib olunması qanunla ciddi müəyyənləşdirilir;

• müntəzəm ticarət əlaqəsində olan bir çox adamın vekseli nağd pul əvəzinə tədavül aləti kimi istifadə edə bilməsi ilə şərtlənən dövriyyəlilik (bununla əlaqədar olaraq vekseli bəzən ticarət pulu adlandırırlar).

Veksellər sadə köçürülən, yaranma xarakterindən asılı olaraq onlar özəl xəzinə veksellərinə bölünür. Özəl veksellərin əmtəənin kredit alqı-satışı sövdəsi əsasında meydana çıxan kommersiya və bu sayaq əmtəə əsası olmayan maliyyə (sonralar satmaq və nağd pullar almaq məqsədi ilə sahibkarların bir-birinə verdik­ləri dostluq vekselləri) növləri vardır. Maliyyə vekselləri çox hallarda şişirdilmiş, dəyərlə təminatsız olur, çünki qeyri-kreditqabilli şəxslər tərəfindən təqdim olunur (bürünc veksellər).

Xəzinə vekselləri (bonlar) dövlət tərəfindən öz xərclərini ödəmək məqsədi ilə buraxılır. Bu dövlət öhdəlikləri - maliyyə veksellərinin bir növüdür və kapital qoyuluşunun likvid formalarından biridir. Adətən xəzinə vekselləri yüksək faiz gətirir, Mərkəzi banklar və digər rəsmi orqanlar tərəfindən geniş istifadə olunur.

Öz təyinatına görə veksel müxtəlif funksiyalar yerinə yetirir. Bunlardan ən əsası veksel öhdəlikləri ilə qarantiya edilmiş əmtəələrin kredit satışının (verilmiş pulların, yerinə yetirilmiş işin və xidmətlərin) ödənilməsinin təmin olunmasıdır. Veksel kredit vasitəsi simasında çıxış edir, habelə inkasso (borc alınması) üçün istifadə olunur. О bankda uçot obyektinə çevrilir və veksel icrasının başlanmasına qədər onun adı ilə ödəniş aparılır. Veksellərin çoxu qarşılıqlı surətdə nağdsız hesablaşma mexanizmi vasitəsilə nağd pulların iştirakı olmadan veksel öhdəlik­lərinin qarşılıqlı sayılması yolu ilə ödənilir. Lakin veksel tədavülünün nağd pulları əvəz etməsinin həddi mövcuddur və bu onunla şərtlənir ki, kommersiya krediti əmtəə dövriyyəsinin yalnız bir hissəsini əhatə edir (əsasən topdan ticarətdə), veksel öhdəliklərinin qarşılıqlı uçot üzrə saldosu nağd pullarla ödənməni tələb edir, veksellər xüsusi (özəl) borc öhdəlikləri kimi vekselverənlər və indossantların ödəməqabilliyinə əmin olan şəxslər arasında məhdud tədavül sferasına malikdir.



Banknot kredit pulların əsas növlərindəndir. Qızıl monometallizm şəraitində banknot bankirə verilən vekseldən başqa bir şey deyil və təq­dimatçı istənilən vaxt­da onunla pul ala bilər və ya bankir özəl vekselləri dəyişdirir. Bu müəyyənləş­dirmədə klassik banknotun iki xarakterik əla­məti aydm göstərilib ki, banknot kommersiya vekselləri əvəzinə emissiya bankı tərəfindən buraxılır və ilkin tələblə qızılla əvəzlənir.

Ona görə də klassik banknotun ikili təminatı var, yəni veksel (əmtəə) və qızıl (emissiya bankının qızıl ehtiyatı). Metalla (qızılla) təmin olunmayan banknot emissiyası fidusiar, yəni etimada əsaslanmış banknot adlanır.

Kommersiya vekselinin bilavasitə banknotun əsası sayılmasına baxmayaraq, onların arasında aşağıdakı şərtlər üzrə borclunun növünə, zəmanət və müddəti fərqlər mövcuddur:


  • veksel üzrə borclu fəaliyyətdə olan sahibkar - tacir və ya sənayeçi, banknot üzrə isə - emissiya bankıdır;

  • banknotların bütün mülkiyyətçilərin bankda saxlanılan resursları kimi ictimai zəmanəti mövcuddur. Ona görə də banknotlar xüsusi - ümumi tədavül­qabilli keyfiyyətə malik olan ictimai kredit pullardır. Özəl zəmanətə malik olan veksel isə ümumi tədavül vasitəsi kimi çıxış etmir;

  • banknot müddətsiz öhdəlikdir və emissiya bankı tərəfindən qızıla (klassik şəkildə) əvəzolunma yolu ilə istənilən təqdimolunma anında ödənilir, vekselin ödə­nil­məsi isə müəyyən müddətdən sonra baş verir ki, bu da onun pul kimi dövriy­yəsini çətinləşdirir.

Klassik banknotların dövriyyədə istifadə olunması tədavül sferasını artıq (əlavə) pulla doldurmağa xidmət etmir, çünki əmtəə dövriyyəsinin kreditləşdi­ril­məsi qaydası ilə veksellər əsasında banknotların buraxılması banknotların banka tərəf əks hərəkət etməsinə səbəb olur və müvafıq olaraq kredit üzrə ödəniş müddə­tinin başlanmasıyla banknotlar müntəzəm olaraq emissiya bankına qayıdır. Eyni zamanda banknotun bir veksel dövriyyəsi özü-özlüyündə onun banka qayıtmasına zəmanət verə bilməz, çünki:

  • adətən veksel öhdəliklərinin məbləği satılan əmtəənin qiymət məbləğindən artıq olur;

  • həmişə tədavüldə real pul dövriyyəsi tələbatmdan artıq sayda veksel olur, özü də təkcə kommersiya deyil, həm də dostluq, bürünc, xəzinə vekselləri olur ki, bunlar da əmtəə əsası yoxdur;

  • veksellərin ödənmə müddəti heç də həmişə əmtəənin faktiki satışı ilə üst-üstə düşmür və bu da ödənişsizlik adlandırılan böhrana səbəb ola bilər;

  • iqtisadi böhranlar dövründə hətta kommersiya vekselləri öz vaxtında ödənilmir, çünki yaranmış böhranlar ucbatından əmtəənin satışı çətinləşir.

Mütləq nəzərə alınmalıdır ki, əvvəllər klassik banknotlar hərəkəti zamanı özünün ikili təminatı zamanı - kredit və metal təminatı -xəzinə kredit pulları ilə müqayisədə banknot dövriyyəsinin nisbi dayanıqlığı və elastikliyi təmin olunur. Əvəzlənən banknotların tədavül qanunu ondan ibarət idi ki, onların dövriyyədəki kəmiyyəti tədavül üçün lazım olan qızılın kəmiyyətinə, hər bir banknot isə onda işarə olunan pul vahidində qızıl tutumuna bərabər olmalı idi.

Qızıl monometallizm şəraitində banknotlar kredit pullardan fərqlənir: buraxılış subyektinə görə (banknotlar bank tərəfindən, kredit pullar isə dövlət xəzinədarlığı tərəfindən buraxılır); təminata görə (klassik banknotun ikili təminatı var - veksel və qızıl, kredit pulların isə praktiki olaraq heç nə ilə təmin olunmayıb); buraxılış qaydasına görə (klassik banknot əmtəə dövriyyəsinin kreditləşdirilməsi qaydası ilə buraxılırdı, kredit pullar isə - tədavülün pula olan həqiqi tələbatından kənar dövlət büdcəsi kəsirini ödəmək üçün buraxılırdı); tədavül qanunauyğun­luğuna görə (kredit pullar elastik deyil, çünki dövriyyəyə buraxıldığından onlar orada qalır və tədavüldə pula olan tələblərə uy­ğunlaşa bilmir, veksel əsasında və qızıl təminatı ilə buraxılan klassik banknotlar isə veksellər üzrə ödəmə müddətinin başlanmasıyla və eləcə də onların qızılla əvəzlənməsinə təqdim olunması səviyyəsi ilə mərkəzi banka qayıdırdı).

Emissiyanın xarakteri və iqtisadiyyata təsirinə görə banknotlar bir tərəfdən kredit pullara yaxınlaşır, çünki onlar məcburi kursa malikdir, onların emissiyası və təminatı dövlətin qiymətli kağızları ilə bağlıdır. Digər tərəfdən isə müasir banknotlar məlum səviyyədə kredit əsasmı qoruyub saxlamışdır, belə ki, onlar təsərrüfat və dövlət bank kredit­ləş­dirməsi qaydası ilə dövriyyəyə buraxılır və ssuda fondunun element­lərin­dən hesab olunur.

Çek — bankda cari hesab sahibinin nəqd və ya başqa şəxsin cari hesabına köçürmə yolu ilə müəyyən məbləğdə banknotun köçürülməsi haqqında yazılı əmri­dir. Çekin əsasında banknot təminatı durur. Çek bank­da cari hesabdan nağd pullar almaq vasitəsi, tədavül və alınmış mal­ların ödənməsi vasitəsi, eləcə də bor­cun ödə­nil­məsi və nağdsiz hesab­laşma vasitəsi sayılır. Çek dövriyyəsi kredit əməliyyat­larının geniş­lən­dirilməsi, bank sisteminin mərkəzləşdirilməsi və Mərkəzi Bankın kredit sis­teminin əsasına çevrilməsi bazasında meydana çıxmış və inkişaf et­məkdədir.

Çekin aşağıdakı növləri göstərilir: adlı (müəyyən şəxsin adına), orderli (baş­qasına vermək hüququ ilə), təqdim olunan (indossamentsiz təqdim oluna bilər).

Çekin müəyyən forması və rekvizitləri olur. Çekin inkişafı onun cari hesablaşmada istifadəsinin başqa alətlərlə, о cümlədən kredit kar­toçkaları ilə əvəz olunmasına gətirib çıxarmışdır. Kredit kartoçkası - bank tərəfindən bura­xılan, sahibinin bankda şəxsiyyətini müəyyən­ləş­dirən və ona nağd pul ödəmədən pərakəndə ticarətdə alınmış malların və xid­mətlərin ödənməsinə hüquq verən adlı pul sənədidir. Müştəri mağazada hesabı imzalayır, mağaza isə vaxtaşırı həmin müştərinin bankı ilə cari hesabından müəyyən məbləğdə pulun silinməsi yolu ilə hesab­laşmalar aparır.


VI FƏSİL. İNFLYASİYA. PUL İSLAHATLARI

VƏ DİGƏR ANTİİNFLYASİYA TƏDBİRLƏRİ
6.1. İnflyasiyanın mahiyyəti, səbəbləri və amilləri
İnflyasiyanın mahiyyəti

Latın mənşəli söz olan «inflyasiya» anlayışı «şişmə», «köpmə» mə­nasını verir. Ənənəvi olaraq tibbi termin kimi tətbiq edilən «inflyasiya» sözü iqtisadi anlayış kimi ilk dəfə qızıl və pul tarixi üzrə amerikalı mütəxəssis Aleksandr Delmar tərəfindən 1864-cü ildə nəşr edilmiş «Xalqa xəbərdarlıq: kağız köpüyü» adlı həcvdə, ABŞ-da Şimal və Cənub ştatları arasındakı 1861-1865 illərin vətəndaş müharibəsi zamanı kağız pul tədavülünün genişlənməsini bildirməkdən ötrü işlənilmişdir.23 XIX əsrdə bu anlayış İngiltərə və Fransada da işlədilirdi. İngilis dilindən bu söz digər dillərə də keçmişdir.

Lakin bir hal kimi inflyasiya iqtisadi anlayışın özünün meydana gəlməsindən çox əvvəl məlumdur.

Uzunmüddətli nisbi sabitlik dövründən sonra 1500-cü ildən başlayaraq Ame-rikadan gələn qızıl və gümüş axını nəticəsində Avro­pada qiymətlər səviyyəsi sürətlə qalx­mağa başladı. 1500-1550-ci illər ərzində gümüş istehsalının 60 dəfədən çox genişlənməsi 1600-cü ilə kimi əmtəə qiymətlərinin 3-5 dəfə artması ilə nəticələnmişdir. İqtisad elmində XVI əsr «qiymətlər inqilabı» dövrü adlandırılmışdır.

Dünyanın iqtisadi tarixində monetar metalların, yəni sikkələrin zərb edildiyi nəcib metalların dəyərsizləşməsi ilə əlaqədar qiymətlərin kəskin qalxması ikinci dəfə 1840-1850-ci illərə təsadüf etmişdir. Əvvəl Kalifor­niyada, sonra isə Avstraliyada böyük qızıl yataqları kəşf edilmiş və bundan dərhal sonra kütləvi qızıl hasilatına başlanılmışdır. Dünya qızıl hasilatı 6 dəfədən çox artmış, qiymətlər isə 25-50% qalxmışdır. Bü növ inflyasiya bütün dünyaya sirayət etmişdir.

Gətirilən tarixi misallardan göründüyü kimi, inflyasiya heç də müa­sir dövrün «məhsulu» deyil, əvvəllər də baş vermişdi. Lakin «qiymətlər inqilabı» dövrü və 1840-1850-ci illərin hadisələri istisna edilməklə, əksər hallarda həqiqi pulların, yəni qızıl və gümüşün deyil, onların kağız əvəzedicilərinin qızıl və gümüşə nisbətən dəyərsizləşməsi baş vermişdir. Müharibələr, inqilablar, böyük hərbi və ictimai sarsıntılar, bəzən təbii bəlalar dövrlərində həqiqi pullara dəyişdirilməsi dayandırılan kağız pul nişanlarının emissiyası hesabına sürətlə artan dövlət xərclərinin maliy­yələşdirilməsi tədavüldəki pul kütləsinin «şişməsi» və kağız pulların dəyərsizləşməsi ilə nəticələnirdi. Məsələn, ABŞ-ın istiqlal müharibəsi (1775-1783), Fransada burjua inqilabı (1789-1794) dövründə, 1769-1895-ci illərdə Rusiya imperiyasında (1843-1853-cü illər istisna ol­maqla), Napoleonla müharibələr dövründə İngiltərədə (1797-1815) inflyasiya prosesinin şiddətlənməsi müşahidə olunmuşdur.

Lakin XX əsrə qədər inflyasiya heç vaxt xroniki, daimi səciyyə daşı­mamışdır. Qızıl standart dövründə pulun dəfinə funksiyası mexa­nizminin işləməsi nəticəsində ictimai təkraristehsal nisbətlərinin, o cümlədən tədavül sahəsində kortəbii tənzimlənməsi inflyasiyanın daimi hal kimi mövcud olmasına imkan vermirdi.

I Dünya müharibəsindən sonra isə «inflyasiya» anlayışı iqtisadi ədəbiyyatda geniş yayılmağa başlamışdır. Buna səbəb müharibədən sonra Almaniyada inflyasiyanın çox yüksək sürətlə şiddətlənməsi olmuşdur. 1920-ci illərin ortalarından etibarən Sovet iqtisadi ədəbiyyatında, o cümlədən Azərbaycan dilində «inflyasiya» sözünə tez-tez rast gəlinirdi.24

Bununla belə, 1930-cu illərə qədər inflyasiya qısamüddətli bir hal kimi, yəni təsərrüfat dövriyyəsinin normal gedişatı üçün zəruri olan qızıl pul miqdarı ilə müqayisədə kağız pulların artıq emissiyası nəticəsində yaranan qiymət artımı kimi başa düşülürdü.

Müasir dünyada inflyasiya istənilən iqtisadi inkişaf modeli üçün səciyyəvidir. İnflyasiya milli iqtisadiyyatın durumunun əsas indikator­larından biridir. Son nəticədə, inflyasiya milli valyutanın dəyərsizləşməsi prosesidir. Məhz milli valyutanın əhəmiyyəti üzündən iqtisadi siyasət metodları arasında seçim etdikdə inflyasiyanın proqnozlaşdırılması və tənzimlənməsi vəzifələri həmişə birincilər sırasında durur. Bazar iqtisadiyyatlı ölkələrdə inflyasiyanın hətta kiçik artımı mərkəzi höku­mə­tin və investorların təşvişinə səbəb olur. İnflyasiya makroiq­tisadiyyat sa­həsində qərarların qəbul edilməsinə, investisiya planlarının hazır­lan­masına və müəssisələrin inkişaf strategiyasının seçilməsinə təsir göstərir.

İnflyasiyanın tərifini vermək o qədər də asan deyil. Ümumi mə­nada, ənənəvi olaraq, inflyasiya tədavüldəki pul kütləsinin əmtəə döv­riyyəsinin tələbatlarından artıq olması və bunun davamı olaraq pul vahidinin dəyərsizləşməsi və qiymətlərin müvafiq qalxması kimi səciy­yə­ləndirilir. Lakin, inflyasiyanın əmtəə qiymətlərinin qalxmasında təzahür etməsinə baxmayaraq, onun sırf pul fenomeni kimi izah edil-məsi düzgün olmazdı. Əmtəə qiymətlərinin qalxması pul sferasındakı durumdan asılı olmadan da baş verə bilər. Buna səbəb əmək məhsul­dar­lı­ğının dina­mi­kasındakı və təkraristehsal sistemindəki dəyişikliklər, sil­siləvi və möv­sümi tərəddüdlər, bazarın inhisarlaşması, iqtisadiyyatın dövlət tənzim­lən­məsi, vergilərin artırılması, pul vahidinin revalvasiyası və devalvasiyası, bazar konyunkturasındakı dəyişmələr, xarici iqtisadi əlaqələrin təsiri, təbii və texnogen fəlakətlər və s. ola bilər. Həmçinin, inflyasiya dövründə heç də bütün qiymətlərin kütləvi qalxması baş vermir. Bəzi əmtəələrin qiymətləri qalxsa da, digərlərinin qiymətləri dəyişməz qalır. Bəzilərinin qiymətləri çox artır, digərlərinin çüzi artır. Buna səbəb tələblə təklif arasındakı fərqli nisbətlər və fərqli elastiklikdir. Eyni zamanda, heç də hər bir qiymət qalxması inflyasiya demək deyil.

İstənilən halda, inflyasiya pul tədavülü qanunun pozulmasından doğur, qiy-mətlərin qalxmasında isə təzahur edir. Pul tədavülü qanu­nunun pozulması dedikdə iqtisadiyyatın real tələbatlarından artıq həcmdə pul emisiyası başa düşülür. Bundan irəli gələrək, inflyasiyanın tərifini aşağıdakı kimi vermək olar:



İnflyasiya inkişaf səviyyəsindən və xüsusiyyətlərindən asılı ol­ma­yaraq bütün bazar iqtisad­iyyatlı ölkələrdə pul tədavülü qanununun pulun dəyərsizləşməsində və qiymətlərin ümumi səviyyəsinin qalxma­sın­da təzahür olunan pozulmasıdır.

İnflyasiyanın səbəbləri və amilləri

İstər təbiət, istər cəmiyyət proseslərini öyrəndikdə, təhlil etdikdə onların köklü səbəblərini, amillərini, təzahürlərini və nəticələrini, törətdiyi fəsadları müəyyən etmək, bir-birindən dəqiq fərqləndirmək vacibdir.

Müasir dövr (yəni 1929-1933-cü illərin böhranından başlayaraq) inflya­siyası mürəkkəb sosial-iqtisadi hal olmaqla ictimai istehsalın quruluşundakı qeyri-tarazlıqlarla səbəblənir. Başqa sözlə, bu qeyri-taraz­lıqlar müasir inflyasiyanın köklü səbəbləridir. Onlar daima dondan-dona girir, bir təzahür formasından, digərinə keçir, lakin daima mövcuddur.

Bu qeyri-tarazlıqlardan ən mühümləri istehlakla yığım arasındakı, yığımla investisiya, tələbin quruluşu və həcmi ilə təklifin quruluşu və həcmi, istehsal vasitələrinin istehsalı ilə istehlak mallarının istehsalı, mülki sahələrlə hərbi sahələr (hərbi-sənaye kompleksi), sənaye ilə kənd təsərrüfatı, dövlət gəlirlərinin quruluşu və həcmi ilə dövlət xərclərinin quruluşu və həcmi, borc kapitalı mənbələrinin miqyasları ilə onlardan istifadə miqyasları və s., ən nəhayət, əmtəə kütləsi ilə pul kütləsi arasındakı qeyri-tarazlıqlardır. Milli iqtisadiyyatdakı qeyri-tarazlıqlar ölkə iqtisadiyyatının inflyasiya potensialını formalaşdırır, müəyyən edir.

İctimai təkrar istehsalın bu və d. ziddiyyətləri həm əmtəələrin is­tehsalı və təklifi sahəsində, həm də pul tədavülü sahəsində fəaliyyət göstərən inflyasiya amillərini meydana gətirir. Birinci sahədə fəaliyyət göstərən amillər içərisində iqtisadiyyatda inhisarçılığın və rəqabətin yayılma miqyaslarını, istehsal xərclərinin artması dərəcəsini, o cümlədən «əmək haqqı – qiymətlər» silsiləsinin (spiralı), iqtisadiy­yatın quru­luşundakı qeyri-tarazlıqların, müəyyən əmtəələrin çatışmazlığının təsiri altında və b. göstərmək olar. İkinci sahədə isə kağız pul emissiyası, onların tədavül sürəti, dövlət maliyyəsinin, kredit sahəsinin vəziyyəti, milli valyuta məzənnəsi və b. daha çox nəzərə çarpır.

Dövriyyənin real tələbatları ilə müqayisədə tədavüldə pulun artıq olması pul tədavülü qanunun pozulması kimi müasir inflyasiyanın çox amilli təbiətini əks edir. Bu amillər müvafiq şəraitdə yuxarıda göstərilən qeyri-tarazlıqları və ziddiyyətləri gücləndirirlər.

Hər halda inflyasiya öz kökləri ilə təkrar istehsala gedib çıxır, lakin bilavasitə pul sahəsində təzahür edir. Pül tədavülü təkrar istehsal pro­sesinin vəziyyətini daima yoxlayır, onun nisbətlərinin və pul tədavülü qa­nunun pozulmasına kəskin reaksiya verir, çünki belə hallarda tədavülün artıq pul kütləsi ilə dolmasını və pulun dəyərsizlənməsini aşkar edir.

İnflyasiya mexanizmi aşağıdakı amillərlə bağlıdır:

1) iqtisadiyyatın silsiləvi inkişafı. Məlum olduğu kimi iqtisa­diy­yatın inkişafı silsiləvi səciyyə daşıyır. Tipik iqtisadi silsilə öz inkişafında 4 mərhələ keçir: canlanma, yüksəliş (genişlənmə), tənəzzül (böhran) və durğunluq (depre­ssiya). XIX əsr kapitalizmi (azad rəqabət dövrü) üçün inflyasiyanın iqtisadi silsilənin ümumi gedişatı ilə paralel inkişaf etməsi səciyyəvi idi. Qiymətlərin ümumi səviyyəsi canlanma və artmır mərhələlərində qalxır və böhran (önmə) mərhələsində isə düşürdü. Kapitalizmin qəti şəkildə özünün inhisarçı mərhələsinə keçməsi dünyanın iqtisadi tarixində 1929-1933-cü illərin ən böyük böhranı ilə müşayiət olunurdu. Məhz bu böhranın həlledici təsiri ilə böyük dövlətlər daxili iqtisadi münasibətlərdə qızıl standartdan imtina etdilər. Nəticədə, inflyasiyanın daimi hala çevrilməsinin qarşısındakı son böyük maneə aradan qalxdı. Bu, inflyasiya proseslərinin silsiləvi səciyyəsində özünü mütləq göstərməli idi.

İnhisaraqədərki dövrdən fərqli olaraq, II Dünya müharibəsindən sonra silsilənin bütün mərhələlərində, o cümlədən böhran şəraitində də inflyasiyanın inkişaf etməsi davam edirdi. İqtisadi artım sürətinin zəifləməsi və istehsalın aşağı düşməsi inflyasiyanın davam etməsi və hətta güclənməsi ilə müşayiət olunmağa başladı. Müharibədən sonrakı dövrün bütün böyük böhranları bir qayda olaraq inflyasiyanın güclənməsi ilə səciyyələnirdi. Bununla əlaqədar «staqflyasiya» anlayışı yarandı, yəni istehsalın azalması və işsizliyin artması (ing.: stagnation) ilə qiymətlərin qalxmasının (ing.: inflation) çulğalaşması. Belə hallarda silsiləvi böhran anlayışı staqflyasiya böhranı anlayışı ilə əvəz olunur. Silsiləvi böhran iqtisadiyyatdakı bu və ya digər qeyri-tarazlıqlarla törədilir və istehsal ilə qiymətlərin paralel şəkildə aşağı düşməsində təzahür edir. Staqflyasiya böhranı isə yüksək inflyasiyadan irəli gələn qeyri-tarazlıqlardan doğulur və onun əsas təzahürləri qiymətlərin yüksək artımının davam etməsi şəraitində investisiyaların və istehsalın həcminin aşağı düş­məsidir.

2) inhisarçı qiymət əmələ gəlməsi. İqtisadi böhran və işsizliyin artması şəraitində yüksək inflyasiyanın mövcud olması müasir silsilələrin əsas cəhəti kimi inkişaf etmiş ölkələrin iqtisadiyyatının yüksək inhisar­laşma səviyyəsi ilə sıx bağlıdır. Hər bir inhisarçı qiymətlərin əvəzinə təsərrüfat fəaliyyətinin miqyas­larını azaltmağı üstün tutur. Antiinhisar qanunvericiliyinin ziddinə olaraq inhisarçılar arasında qiymət strategiyası haqqında kartel müqavilələrinin bağlanması halları geniş yayılıb. Bunun üçün hər cür bəhanələrdən istifadə olunur: xammalın, yanacağın, elektrik enerjisinin bahalaşması, vergi və kredit dərəcələrinin, əmək haqqının artması və s. Bütün bunlar inflyasiya proseslərini gücləndirir. Bu, xü­susilə transmilli korporasiyalara aiddir, çünki onlar dünya iqtisadiyyatı miq­yasında vahid qiymət siyasəti yeridirlər və dünya bazarlarının qiymətlərini ən yüksək səviyyəyə qaldırmağa çalışırlar. Özü də bütün digər istehsalçılar inhisarçıların bu cür qiymətlərinə istinad edirlər.

3) iqtisadiyyatın hərbiləşdirilməsi səviyyəsi. Dünya təcrübəsi onu göstərir ki, milli iqtisadiyyatı yüksək dərəcədə hərbiləşdirilmiş ölkələr labüd olaraq uzunmüddətli yüksək inflyasiya problemi ilə üzləşməli olurlar. Hərbi qüdrətin mülki sahələrin inkişafda geriləməsi hesabına artırılması müvəqqəti olaraq ölkə iqtisadiyyatının inkişafını canlandıra bilər. Lakin uzunmüddətli pers­pektivdə isə resursların getdikcə artan hissəsinin ölkənin hərbi kompleksinin inkişafına yayındırılması ictimai istehsalın quruluşunu deformasiyaya uğradır və inflyasiyanın sürətlə inkişafına rəvac verir. Bunun bir neçə səbəbi var:

a) milli gəlirin hərbi məqsədlərə qeyri-səmərəli istifadə edilməsi ölkənin milli sərvətinin birbaşa itirilməsi deməkdir;

b) hərbi xərclər ölkənin hərbi kompleksində çalışan şəxslərin ödəniş qabiliyyətli əlavə tələbatını yaradır ki, bu da əmtəə və xidmətlər kütləsini artırmadan pul kütləsinin artması deməkdir;

c) qeyri-məhsuldar hərbi xərclərin artması labüd olaraq dövlət büdcəsinin kəsirini yaradır və ya onu gücləndirir və deməli, dövlət borcunun artmasına gətirib çıxarır. Dövlət büdcəsinin digər xərcləri kimi hərbi xərlər də ölkədə yığılan vergilər və alınan borclar hesabına edilir. Hərbi xərclərin artırılması onların da artmasına gətirir. Bu, müəyyən vaxtdan başlayaraq milli iqtisa­diyyatın inkişaf stimullarını sarsıdır, dövlət borcunun faizlərinin və əsas məbləğinin ödənilməsi üzrə dövlət xərclərini artırır. Tədricən dövlət xərclərinin səfərbər edilən gəlirlər hesabına ödənilməsi çətinləşir. Dövlət büdcə­sinin kəsiri əmələ gəlir və ya böyüyür, onun getdikcə artan hissəsi yalnız əlavə pul emissiyası hesabına örtülə bilər ki, bunun da məlum inflyasiya nəticələri var.

Beləliklə, iqtisadiyyatın hərbiləşdirilməsi səviyyəsi ölkə iqtisadiy­yatının inflyasiya bəlasının öhdəsindən gəlmək qabiliyyəti vasi­təsilə inflyasiya prosesinə təsir edir. Yaxşı məlum olan faktdır ki, müharibədən sonrakı dövrdə Yaponiyanın əldə etdiyi iqtisadi nailiyyətlərinin ən əsas amillərindən biri kimi hərbi xərclərin çox aşağı (ÜMM-nin 1%-dən az) olması çıxış etmişdir.

4) dövlət maliyyəsinin böhranı. Bunun əsas təzahürü dövlət büd­cəsinin kəsirli olmasıdır. Kəsiri çox vaxt inflyasiyanın generatoru adlandırırlar. Büdcə kəsirinin göstəriciləri ilə inflyasiyanın sürəti arasında birbaşa qarşılıqlı əlaqə var: büdcə kəsiri nə qədər böyük olsa, inflyasiyanın sürəti də bir o qədər yüksək olar.

Lakin kəsirin hansı yollarla ödənilməsindən də çox şey asılıdır. Qabaqcıl ölkələr böhransız şəraitdə dövlətin əlavə maliyyə vəsaitlərinə olan tələbatının əsasən yeni pul kütləsinin çap edilməsi hesabına ödənilməsindən çoxdan imtina etmişlər.25 Burada daha çox vergi və dövlət krediti mexanizmlərindən istifadə edilir ki, bunun da əsas məqsədi tədavüldəki pulun miqdarının artmasına yol vermə­məkdir.

Eyni zamanda bilmək lazımdır ki, vergilər birbaşa inflyasiya amili olmasalar da, ölkə daxilindəki qiymətlərin səviyyəsinə təsir edə bilər.

Bundan başqa, bazar iqtisadiyyatlı ölkələrin nəzəri və həyati təcrü­bəsindən məlumdur ki, əldə edilən gəlirin və yaxud mənfəətin hər bir əlavə vahidinə vergi dərəcələrinin müəyyən səviyyədən başlayaraq artırıl­ması yığılan vergilərin ümumi məbləğinin böyüməsinə deyil, azal­masına gətirib çıxarır ki, (A.Laffer nəzəriyyəsi26), bu da MDB ölkələrinin həyati təcrübəsi ilə də təsdiq olunur. Çox ağır vergilərin tətbiq edilməsi nəticəsində bir çox müəssisə vergi­ləri ödəməkdən yayınmağa başlayır, bu isə büdcəyə daxil olan vergiləri kəskin şəkildə aşağı salır. Bunun səbəbi ondadır ki, çox yüksək vergilər iqtisadi fəaliyyəti boğur və vergilərdən yayınmanı stimullaşdırır.

Dünya iqtisadi təcrübəsindən belə bir qanunauyğunluq məlumdur ki, büdcə kəsiri ÜMM-nun həcminin 2-3%-dən çox olduqda, iqti­sadiyyatda tarazlığı pozan və yüksək inflyasiya üçün şərait yaradan me­xa­nizm əmələ gəlir. Bu mexanizm Olivera-Tanzi effekti27, yaxud tanzi-effekt adlandırılmışdır. O, inflyasiyanın büdcə kəsirinə təsiri nəticəsində meydana gəlir. Bu mexanizmin mahiyyəti ondadır ki, qiymətlərin artması, yəni inflyasiyanın sürətlənməsi, büdcə kəsirinin böyüməsinə təsir göstərir. Səbəbi ondadır ki, təsərrüfat fəaliyyətinin həyata keçirilməsi anı ilə verginin ödənildiyi an arasında həmişə müəyyən vaxt keçir və bu, hansı verginin ödənilməsindən asılı deyil. Nəticədə, dövlət özünün cari xərclərini cari qiymətlərlə ödəməyə məcburdur, halbuki bu xərclər əvəlki dövrün qiymətləri əsasında formalaşan vergilər hesabına maliyyələşir.

Büdcə kəsiri ilə yalnız mümkün qədər çox vergi yığmaq (fiskal siyasət) yolu ilə mübarizə aparmaq az səmərəlidir. Dünya təcrübəsindən büdcə gəlirlərinin artırılmasının digər üsulları da məlumdur.

Bunlardan ən məqsədəuyğunu dövlət qiymətli kağızlarının bura­xılması və yerləşdirilməsidir. Budcə kəsirini bu yolla ödəməkdən ötrü dövlətin götürdüyü borc dövlət borcunu müəyyən edir. Dövlət borcunun həcmi büdcə kəsirinin dinamikasından asılıdır. Dövlət borcunun azalması üçün büdcə saldosu müsbət olmalıdır. Dövlət büdcəsi kəsirlidirsə, dövlət borcu artır. Büdcə kəsiri nə qədər böyükdürsə, dövlət borcu da bir o qədər sürətlə artır. Deməli, əgər büdcə kəsiri azalırsa, bu hələ o demək deyildir ki, dövlət borcu da azalır. O ləng də olsa, artmaqda davam edir. Dövlət borcunun inflyasiya prosesinə təsiri isə qiymətli kağız­ların yerləşdirmə sahələrindən və üsullarından asılıdır. Hesab olu­nur ki, inves­torun qazandığı, yığdıqı və yaxud müvəqqəti cəlb etdiyi pul vəsaitləri hesabına dövlət istiqrazlarını alması inflyasiyanı gücləndirmir, çünki tədavüldəki pul kütləsi artmır, yalnız yenidən bölüşdürülür.

Büdcə kəsirinin daima dövlət borcu hesabına ödənilməsinin mənfi cəhətləri də var. Büdcə kəsirini ödəməkdən ötrü yeni borclara müraciət edil­dikcə yeni dövlət borc öhdəlikləri, özü də getdikcə artan faizli öh­dəliklər, buraxılır ki, bu da dövlət borcunu artırır. Gələcəkdə bu, xüsusilə də alınan borclar investisiyalara və istehsal avadanlığının yeniləşməsinə deyil, cari istehlaka sərf olunduqda, dövlət büdcəsi üçün böyük çə­tinliklər yarada bilər. İstehsal səviyyəsinin dəyişməzliyi şəraitində artan faizləri ödəməkdən ötrü ya vergiləri artırmaq, ya da digər büdcə xərc­lərini ixtisara salmaq lazım gələcək. Lakin sürətlə artan faiz ödəmələri büdcə kəsirinin azaldılmasını çətinləşdirir, çünki dövlət borcu üzrə faizlərin ödənilməsi dövlət büdcəsindcən yeni xərclərin edilməsi de­məkdir. Bu yeni xərcləri iqtisadiyyatın inkişafına və səmərəliliyinə ziyan vurmadan büdcəyə əlavə gəlirlərin cəlb olunması hesabına ödəmək tədricən çətinləşir. Dövlət borcunun genişlənməsi hesabına tam ödə­nilməsi mümkün olmayan büdcə kəsirinin böyüməsi təhlükəsi yaranır. Kəsir artdıqca yüksək faizli dövlət istiqrazlarına və yaxud yüksək inflyasiyaya yol vermədən onu maliyyələşdirmək çətinləşir. Bundan başqa, zəif inkişaf etmiş ölkələr, o cümlədən MDB ölkələri şəraitində digər amillərlə də şərtlənən yüksək inflyasiya qiymətli kağızlar bazarı sahəsində ödəmə qabiliyyətli tələbatın genişlənməsinə şərait yaratmır.

5) iqtisadiyyatın dövlət tənzimlənməsi. Ümumiyyətlə, hal-hazırda düny­anın heç bir ölkəsində tənzimlənməyən iqtisadiyyat yoxdur. Yalnız dövlət tənzimlənməsinin səciyyəsində, məzmununda, miqyaslarında, müd­dət­liyində fərqlər mövcuddur. Bütün hallarda dövlət tənzimlənməsi bö­yük xərclər tələb edir. Bu cəhət pul kütləsinə onun genişlənməsi istiqamətində təsir edir ki, bunun özü də inflyasiya amilidir. İqtisadiyyat nə qədər fəal tənzimlənirsə, büdcə kəsiri bir o qədər böyük ola bilər. Büdcə xərclərinin büdcə kəsirinin genişləndirilməsi hesabına edilməsinə kəsirli maliyyələş­dirmə deyilir. Özü də onu heç də həmişə, xüsusilə də ölkə iqtisadiyyatındakı dövlət bölməsi böyük olduqda dərhal azaltmaq mümkün olmur.

6) kredit ekspansiyası və hədsiz investisiyalar. Hədsiz investisiyalar qiymətlərin artmasına təkan verə bilər. İnvestisiyaların səciyyəvi xüsusiyyəti ondadır ki, bazardan daima investisiya əmtəələri (avadanlıq, tikinti materialları, xammal və s.) yayındırılır, əlavə işçi qüvvəsi cəlb olunur. Bunların əvəzinə bazara yalnız onların pul ekvivalenti daxil olur, bu isə o deməkdir ki, əmtəə təklifi artmadan ödəmə qabiliyyətli tələbat artır. Nəti­cədə, investisiya prosesinin əvvəlində iri miqyaslı investisiyalar həm istehlak mallarının, həm də istehsal materialların qiymətlərinin artmasını doğu­rur. Yalnız müəyyən vaxt keçdikdən sonra əvvəl edilmiş investisiyaların nəticəsi kimi əmtəə və xidmətlər kütləsinin genişlənməsi baş verir. İnvestisiyaların inflyasiyaya təsiri kəsirli büdcədən edildikdə xüsusilə böyük olur. Ən nəhayət, hədsiz investisiyalar eyni vaxtda bəzi əmtəələrin həddən artıq çox istehsalına, digər növ əmtəələrin isə çatışmazlığına gətirə bilərlər, bu isə iqtisadiyyatdakı, o cümlədən pul tədavülündəki, qeyri-tarazlıqları daha da gücləndirir.

Lakin hətta nisbətən sabit büdcə şəraitində və yaxud kəsirli büdcədən investisiyalar edilmədikdə investisiyaların artmasına səbəb kredit ekspansiyası, yəni həm uzunmüddətli, həm də qısamüddətli kre­dit­ləşmənin miqyaslarının genişlənməsi ola bilər. Belə hallarda kredit pul­ların emissiyası və ödəmə qabiliyyətli tələbat artır. Kredit eks­pansiyasının inflyasiya prosesində oynaya biləcəyi fəal rol məhz bundan ibarətdir. Onun inkişafı bank əməliy­yatlarının quruluşundan, dövlətin qeyri-məhsuldar xərclərinin edilməsində və dövlət borcunun yerləş­diril­məsində kredit təşkilatlarının iştirak etməsinin miq­yaslarından, iq­tisadiyyatın tənzimlənməsindən ötrü kreditdən istifadə edilməsi miq­yas­larından, kredit sisteminin likvidliyinin pozulması dərəcəsindən asılıdır.

Ədalət naminə deməliyik ki, yuxarıda söhbət pul vəsaitlərinin qeyri-məhsuldar istifadəsi ilə səciyyələnən kredit ekspansiyasından gedirdi. Dünya təcrübəsində məhz kredit ekspansiyasından geniş istifadə etməklə (başqa ün­sürlərlə yanaşı) müvəffəqiyyətli iqtisadi inkişafa nail olunmasının nümu­nələri də var. Məsələn, Yaponiyanın müharibədən sonrakı inkişafı. Kredit ekspan­siya­sından geniş istifadə olunmasına baxmayaraq, 1955-1972-ci illərdə Yapo­niya ÜMM-nin orta illik artım sürəti 10%-dən çox olduğu halda bu dövrdə pərakəndəsatış qiymətləri indeksi 3,2 dəfə, fəhlə və qulluqçuların orta aylıq əmək haqqı 6,4 dəfə artmışdır.

7) tədavüldəki pulun miqdarı. Pul kütləsinin böyüməsi inflya­siyanın (qiymətlərin artmasının) dünya təcrübəsin­dən ən çox məlum olan səbəbidir. Pul kütləsi ilə qiymətlər səviyyəsi arasındakı bu cür asılılığın olmasını bütün iqtisadçılar təsdiqləyir. Lakin bu asılılığın nə dərəcədə sərt olması və pul küt­­ləsi həcminin dəyişməsinin qiymətlər səviyyəsinə nə dərəcədə tez təsir etməsi haqqında iqtisadçılar arasında yekdil fikir yoxdur. Bu əlaqənin sıx ol­masını israr edən və buna görə də inflyasiya ilə mübarizəni ilk növbədə pul kütləsinə nəzarət edilməsi kimi başa düşənlərə monetarist deyirlər. Mo­ne­taristlər iddia edirlər ki, nəqd pul emissiyası nə qədər böyükdürsə, bank kre­ditini almaq nə qədər asandırsa, əmtəə və xidmətlərə olan tələb bir o qə­dər böyükdür. Tələb, xüsusilə təkliflə müqayisədə, nə qədər genişdirsə, qiy­mət­lərin artmağa olan meyli bir o qədər güclüdür. Ümumiyyətlə, bu düz­gün­dür.

Məlumdur ki, pul kütləsi həcminin böyüməsi həm tədavüldəki pulun miqdarının artması, həm də pulun tədavül sürətinin nəticəsi ola bilər. Pulun tədavül sürətinin artması isə pul kütləsinin genişlənməsi deməkdir və inflyasiya amillərindən biri kimi çıxış edir. Bunu necə başa düşməli?

Nə qədər ki, qiymətlərin artım sürəti sabit və nisbətən aşağıdırsa, pulun tədavül sürətinin inflyasiya prosesinə təsiri zəifdir. Lakin inflyasiyanın şiddətləndiyi dövrlərdə bu təsir güclənir. İnflyasiya ildə yüzlərlə və minlərdə faiz təşkil etməklə fövqəladə bir səviyyəyə çatdıqda, pulun tədavül sürətinin dəyişməsi inflyasiya katalizatoru kimi xüsusi əhəmiyyət kəsb etməyə başlayır. Belə şəraitdə pulun xərclənmə sürəti maksimuma çatır. İnsanlar səhər aldıqları pulları xərcləməkdən ötrü dükanlara tələsir, çünki bilirlər ki, nahardan sonra qiymətlər qalxacaq.

Deməli, inflyasiyanın şiddətləndiyi dövrdə pulun tədavül sürətinin rolu həlledici və çox mənfi olur. Əhali pulun sabitliyinə inamını itirdikdə pulun tədavül sürəti az vaxt ərzində dəfələrlə arta bilər ki, bu da inflyasiyanı daha gücləndirir.

8) xərclərin artması inflyasiya amili kimi istehsalda qeyri-taraz­lıqların mövcud olması ilə əlaqədardır. Bu, o deməkdir ki, investisiya əmtəələrinin və işçi qüvvəsinin çatışmazlığı qiymətləri və xərcləri artırır. Lakin xərclərin artması həm də onunla bağlı ola bilər ki, muzdlu işçilər əməkhaqlarının makroiqtisadiyyatın imkanlarından artıq dərəcədə artırılmasını tələb edirlər. Bu imkanları (çərçivələri) müəyyən etmək asan deyil. Qısamüddətli dövr ərzində əmək haqqının artırılması hədləri tez dəyişə bilər, mənfəət normasından və xarici ticarət balansından asılı ola bilər.

Uzunmüddətli dövr ərzində isə əmək haqqının artma həddləri əmək məhsuldarlığının artımı ilə müəyyən olunur. 1970-ci illərin əvvəllərində dünya iqtisadiyyatında qiymətlərin qalxması prosesi gücləndi. Neft və digər enerjidaşıyıcıların son dərəcə bahalaşması nəticəsində enerjiyə edilən xərclərin sıçrayışlı artması «əmək haqqı – qiy­mətlər» silsiləsinə güclü təkan verdi, bu isə öz növbəsində, qiymətlərin inflya­siya səciyyəli artmasını sabit, daima yaranan prosesə çevirdi.

9) inflyasiyanın xarici iqtisadi amilləri. ÜMM-nin real həcminin, yəni dəyişməz qiymətlərlə ifadə edilən milli məhsulun azalması inflyasiyanın daxili iqtisadi zəmini, eyni zamanda amili, səbəbi şəklində çıxış etdiyi kimi, ölkənin xarici iqtisadi mövqelərinin daima zəifləməsi, inflyasiyanın xarici zəmini, amili kimi çıxış edir. Ölkənin xarici iqtisadi mövqelərinin zəifləməsi bir sıra mənfi proseslərdə təzahür edir. Milli valyutanın aramsız və hədsiz devalvasiyası, kapitalın bu milli valyutadan, o cümlədən xaricə, qaçması, milli valyutanın işlədiyi daxili iqtisadiyyat sahələrinin məhdudlaşması və xarici valyutaların, ilk növbədə dolların, işlədiyi sahələrin genişlənməsi (iqtisadiyyatın dollar­laşması prosesi) və s.

İnflyasiyanın xarici amilləri ölkənin beynəlxalq əmək bölgüsü sisteminə daxil olması, ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına birləş­mə­si və bütün mü­hüm istiqamətlər (istehsal, ticarət, investisiya, elm və tex­nika, mədəniyyət) üz­rə onda iştirak etməsi nəticəsində meydana gəlir. Milli iqtisadiyyatın dünya iqtisadiyyatına inteqrasiya etməsinin müsbət cəhətləri ilə yanaşı mənfi cəhətləri də mövcuddur. Məsələn, bu, dünya bazarındakı qiymətlərin, valyuta məzənnələrinin, faiz dərəcələ-rinin, əmtəə, kapital və işçi qüvvəsinin hərəkətinin liberallaşmasındakı tərəd­düdlərlə əlaqədar ola bilər.

Beləliklə, təsərrüfat əlaqələrinin beynəlmiləlləşməsi şəraitində inflyasiya­nın inkişaf etməsində xarici amillərin rolu güclənir. Onların inflyasiyaya təsiri aşağıdakı əsas kanallarla baş verir:


  1. ixrac və idxal edilən əmtəələrin qiymətlərinin artması;

  2. xarici valyutanın ölkəyə axını.

Məlum olduğu kimi, dünya bazarlarında əmtəə qiymətlərinin əksəriyyəti ABŞ dolları ilə ifadə olunur. Onun və digər qabaqcıl ölkələrin valyutalarının məzənnələri yalnız 1973-cü ildən bəri «üzür». Ona qədər isə qabaqcıl ölkələrdə təsbit edilmiş məzənnələr tətbiq edilirdi. Dəyişməz məzənnələrdən «üzən» məzənnələrə keçid aparıcı valyutaların (alman marka­sından başqa) böhranı ilə müşayiət olunurdu ki, bu da onların devalvasi­yasında və 1973-cü ilin axırlarından xammalın bütün növlərinin qiymətlərinin 4 dəfə, o cümlədən neft üzrə 20 dəfədən çox artmasında özü­nü göstərdi. Enerjidaşıyıcılarının və xammalın dünya qiymətlərinin qal­xması nəticəsində inkişaf etmiş ölkələrin idxalının bahalaşması bu ölkələrdə daxili qiymətlərin kəskin sıçrayışına gətirib çıxartdı. Beləliklə, ölkənin valyutasının məzənnəsi dəyişməzdirsə, xarici bazarlarda hər dəfə qiymətlərin artması idxal edilən malların qiymətlərinin artması vasitəsilə ölkə daxilinə keçəcək. Xarici ticarətdən asılı olan ölkələr üçün bu cür «idxal edilən inflyasiyadan» yayınmaq çox çətin olur. Belə ölkələrin ən ba­riz nümunəsi 2010-cu ilin II rübünün nəticələrinə əsasən ÜDM-in həc­minə görə dünyanın ikinci ölkəsinə çevrilmiş Çin Xalq Respub­li­kasıdır.


Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə