Azərbaycan respublikasinin təHSİl naziRLİYİ sumqayit döVLƏt universiteti



Yüklə 127,19 Kb.
tarix06.05.2018
ölçüsü127,19 Kb.
#42472

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ

SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ

FAKÜLTƏ: İqtisadiyyat və İdarəetmə

KAFEDRA: Beynəlxalq iqtisadi münasibətlər və marketinq

İXTİSAS: Beynəlxalq iqtisadi münasibətlər

FƏNN: Beynəlxalq turizm

KURS İŞİ
MÖVZU: Turizmin inkişafında beynəlxalq turist təşkilatlarının rolu

QRUP: İİM 010001

MAGİSTRANT: Qəhrəmanova Ülviyyə İlqar qızı

RƏHBƏR: i.e.n., dos. Pənahəliyeva Məlahət Ömər qızı

SUMQAYIT – 2010

MÜNDƏRİCAT
Giriş..................................................................................................................3
I Fəsil. Beynəlxalq turizm beynəlxalq iqtisadi münasibətlər sistemində..........5

1.1. Beynəlxalq turizm – xidmətlərin beynəlxalq ticarətinin əsas

sahələrindən biri kimi.......................................................................................5

1.2. Beynəlxalq turizmin dövlətlərarası əlaqələrinə təsiri mexanizmi.............8


II Fəsil. Turizmin inkişafında beynəlxalq turist təşkilatlarının rolu................13

2.1. Turizmin inkişafında beynəlxalq turist təşkilatlarının yeri və rolu...........13

2.2. Regional beynəlxalq təşkilatlar çərçivəsində turizm sahəsində

əməkdaşlıq.......................................................................................................21


Nəticə..............................................................................................................29

Ədəbiyyat........................................................................................................30



GİRİŞ
Dünya təsərüffat həyatının beynəlmilliləşdirilməsi, dünya ölkələri arasında qarışılıqlı əlaqələrin artması, qlobal problemlərin meydana gəlməsi və kəskinləşməsi və s. səbəblər dünya ölkələrinin birgə səyi nəticəsində beynəlxalq iqtisadi münasibətlərin məqsədli şəkildə tənzimlənməsi zərurətini yaratdı.

Hazırda beynəlxalq iqtisadi təşkilatların rolu və inkişaf tempi getdikcə artır. Dünya iqtisadiyyatının əsas sahələrindən sayılan xidmət sahəsini tənzimləyən bir çox təşkilatlar mövcuddur. Bu təşkilatların xidmətin istehlakçıya səmərəli və asan yolla çatdırılmasına dair bir çox sənədlər hazırlayır və həyata keçirir.

Müasir dövrdə xidmət sahəsinin ən aktual istiqaməti beynəlxalq turizmdir. Ona görə də, beynəlxalq turizmin tənzimlənməsi zəruri haldır. Beynəlxalq turizm bir çox regional və beynəlxalq agentliklər və təşkilatlar tərəfindən tənzimlənir.

Turizmə yeni kütlələrin qoşulması onun təşkilatlarının yaranmasına səbəb olurdu. Müasir şəraitdə beynəlхalq turizm beynəlхalq iqtisadi münasibətlərin bir forması kimi geniş miqyas almış və dövlətlər arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafına və təkmilləşdirilməsinə хüsusən təsir göstərmişdir.

Beynəlxalq turizm ixracın qeyri-adi formasıdır. Turist özü öz hesabına xidmətlərin hazırlanan yerinə gəlir. Halbuki, ənənəvi malların ixracında malların yol xərcini malı göndərən (ixrac edən) ölkə çəkir. Turizmin bu əlverişli xüsusiyyəti onu başqa malların ixracından fərqləndirir. Bundan başqa, xarici turistlərin gəldiyi ölkədə suvenir və başqa malların alınması çox əlverişli xarici ticarət əməliyyatıdır, ona görə ki, alınan mallar ölkə daxili pərakəndə qiymətlərlə, özü də valyuta ilə satılır ki, bu da valyutanın ölkədə çoxalmasına səbəb olur.

Beynəlxalq turizm sferasında regional və beynəlxalq səviyyədə həyata keçirilən əməkdaşlıq bu gün mövcud sahəyə daha çox diqqət yetirilməsini zəruri edir. Müxtəlif regionlarda mövcud olan çoxsaylı təşkilatlar çərçivəsində və onlardan kənarda həyata keçirilən əməkdaşlıq son dövrdə bu sahənin daha çox önəm kəsb etdiyini sübut edir. bu da universal təşkilati mexanizmlərlə qarşılıqlı əlaqə və təsirdə olan regional mexanizm və əməkdaşlıq istiqamətlərinin daha da təkmilləşdirilməsinə gətirib çıxarır.



I Fəsil. Beynəlxalq turizm beynəlxalq iqtisadi münasibətlər sistemində

1.1. Beynəlxalq turizm – xidmətlərin beynəlxalq ticarətinin əsas

sahələrindən biri kimi
Beynəlxalq turizm – xidmətlərin beynəlxalq ticarətinin əsas və vacib sahələrindən biridir. Eyni zamanda, beynəlxalq turizm beynəlxalq iqtisadiyyatın sürətlə inkişaf edən, biznes sahəsinin ən gəlirli növü, böyük həcmdə investisiya cəlb edən, artan məşğulluğu təmin edən və həmçinin ölkə büdcəsinə gəlir gətirən sahələrindən biridir. Faktiki olaraq, müasir dünya iqtisadiyyatında qlobal turizm sisteminin elementləri formalaşır. Qlobal turizm sistemi özündə beynəlxalq mehmanxana şəbəkələrini, hava, su və yer üzündəki turist daşınmalarını və yerlərin əvvəlcədən sifarişi üzrə kompüter sistemini birləşdirir.

Turist xidmətlərinin bütün dünya üzrə sorğusunun artması hər şeydən əvvəl sosial – iqtisadi prinsiplərlə ( gəlirlərin ümumi həcmi və asudə vaxt, ödənilmiş məzuniyyətlərin vaxtının artırılması, pensiya təminatının yetərli səviyyəsi, uşaqların sayının azadılması istiqamətində ailənin tərkibindəki dəyişikliklər və s.), həmçinin nəqliyyatın inkişafındakı irəliləyiş, onun ucuzlaşdırılması və əlverişliyinin artırılması, valyuta məhdudiyyətlərinin götürülməsi və ya azadılması, viza rejiminin liberallaşdırılması ilə izah olunur.

Turizm sağlamlığn möhkəmləndirilməsinə təsir göstərən aktiv istirahət və həmçinin daimi yaşayış yerindən kənara hərəkətlə bağlı təyin olunur. Beynəlxalq turizmdə “turist” və “ekskursant” anlayışları fərqlənir. Beynəlxalq turist – digər ölkənin ərazisində 24 saatdan az və bir ildən çox olmayaraq müalicəvi, öyrədici, peşəkar – işgüzar, idman, dini və digər məqsədlərlə qalan və ölkədə ödənilmiş fəaliyyətlə məşğul olmayan hər hansı bir şəxsdir.

Bu təyinatla turizm ilə iqtisadi miqrasiya arasında sədd qoyulur. Beynəlxalq razılaşmalara uyğun olan turist statusu səyahətçi üçün müxtəlif güzəştlər yaradır. Bu güzəştlər asandlaşdırılmış viza rejimindən və yaşayış və nəqliyyat xidmətindən istifadə üçün endirimlərdən ibarətdir. Xaricdə 24 saatdan az vaxt keçirən səyahətçi ekskursant sayılır və bu kateqoriya, hər şeydən əvvəl, geniş şəkildə Qərbi Avropa və Aralıq dənizi sahili ölkələrində yayılmışdır.

Turizm turist sənayesində birləşən çoxlu sayda kompleks xidmətləri - mehxanaların və digər müvəqqəti yerləşmə vasitələri (motellər, kempinqlər və s.), ictimai qidalanma obyektləri, əyləncə vasitələri və obyektləri, öyrədici, işgüzar, idman və digər sahələr üzrə obyektləri - özündə birləşdirir. Turist sənayesinin əsas tərkib hissəsini şəxsi turist biznesi təşkil edir. turist biznesində fəaliyyət göstərirlər:

1) turoperatorlar – turist məhsulunu (turları) istehsal edən firmalar. Turoperatorlar- nəqliyyat(su,quru, və hava), yerləşdirmə(mehmanxana, motel, kempinqlər və s.), servis(müvafiq avadanlığı olan idman meydançaları, sağlamlıq mərkəzləri, əyləncə müəssisələri və s.) vasitələrinin, səyahət müddətində siğortanın, ekskursiya, gid və tərcüməçi xidmətlərinin və s. seçimi və istifadəsi üzrə geniş imkanlar yaradırlar. Həmkarlar təşkilatları və buna oxşar təşkilatlar adətən qeyri-kommersiya tipli turoperatorlar olsalar da, turizmdən əlavə fəaliyyətin digər növləri ilə məşğul olduqları üçün, onları xalis turoperator adlandırmaq olmaz;

2) turagentlər – turoperatorlarla bağlanmış yazılı razılaşma əsasında turist məhsulunu yayan özəl firmalar və turoperatorların agentləri. Turagentlər, istehlakçı üçün sərfəli, rahat formada, müştərinin arzusu ilə turist xidmətlərini komplektləşdirir, hərəkət marşurutunu razılaşdırır, nəqliyyat və yerləşdirmə vasitələrində yerlərin, ekskursiya bələdçiləri, gid və tərcüməçilərin ayrılması üzrə, əlaqədar təşkilatlarla müvafiq iş aparır.

Turagent firmalar bir qayda olaraq, digər firmaların(qeyri turist təşkilatı da ola bilər) şöbələri və ya törəmə müəssisələri ola bilər. Turoperatorlardan savayı, ticarət və nəqliyyat firmaları, iri banklar, siğorta cəmiyyətləri, turistlərin istifadəsi üçün məhsul istehsalçıları da turagent firmalar yaradırlar.

Turist sənayesinin vacib sahəsi kimi çıxış edən mehmanxanalar və digər yerləşmə vasitələri həm kapitaltutumlu və həm də əməktutumlu sahə sayılır. Beynəlxalq Turist Təşkilatının məlumatına əsasən, 90 – cı illərin sonuna beynəlxalq turizm ÜDM – in 11% - ni, əmtəə və xidmətlərin dünya ixracının 6% - ni, iş yerlərinin 10% - ni təşkil edir. Bütün ölkələr üzrə illik turist gəlişlərinin sayı 660 milyona çatmışdır. Bununla belə, 10 il ərzində beynəlxalq turizm (bütün ölkələr üzrə turist gəlişlərinin ümumi sayı) 1,5 dəfə artmışdır. 2006 – cı ildə bu göstərici 703 milyonu təşkil edirdi, baxmayaraq ki, 2007 – ci ildə ( Beynəlxalq Turist Təşkilatının göstəricilərinə əsasən ) 694 milyona qədər enmişdir. Bununla yanaşı, beynəlxalq turizmdən gələn gəlirlər 2006 – cı ildə 480 milyard dollar olmuşdur.

Beynəlxalq turizmin bütün göstəriciləri dayanmadan artır və dünya ümumdaxili məhsulunun artım templərini ümumi şəkildə irəliləyir. Bu beynəlxalq turizmin artıq XXI əsrin əvvəllərindən dünya iqtisadiyyatının irihəcmli sahəsinə çevrilməsinə proqnoz verməyi əsaslandırır. Lakin səyahətlərin dinamikası milli iqtisadiyyatların konyukturasına və ümumdünya iqtisadiyyatına qarşı çox həssasdır.

Beynəlxalq turizm nəinki illər üzrə, hətta da dünya regionları üzrə eyni səviyyədə inkişaf etmir. 90 – cı illərin sonlarında gələnlərin maksimal sayı Avropa ölkələrinə düşürdü ( təxminən 59%). Asiya və sakit okeanı regionuna dünya turistlərinin 14% - i düşürdü. Yaxın və Orta Şərqə ( Misir, İsrail, Birləşmiş Ərəb Əmirlikləri və s. ), Cənub – Şərqi Asiyaya (Tailand, Sinqapur, İndoneziya və s. ) və digər ölkələrə turistlərin axını günü – gündən artır. Xarici qonaqların qəbulu üzrə ilk 10 ölkəyə aiddir : Fransa, İspaniya, ABŞ, İtaliya, Çin, Böyük Britaniya, Meksika, Kanada, Polşa, Avstriya. Beynəlxalq turizm üzrə gəlirlərin ( milyard dollarla) böyük həcminə görə ilk 10 ölkəyə - ABŞ, İspaniya, İtaliya, Fransa, Böyük Britaniya, Meksika, Kanada, Çin, Avstriya, Almaniya – daxildir. Turist balansının ən çox müsbət saldosuna İspaniya, İtaliya, Fransa, Meksika, Türkiyə malik olduğu halda, ən çox mənfi saldoya Almaniya, Yaponiya, Böyük Britaniya və Şimali Avropanın ölkələri malikdirlər.


1.2. Beynəlxalq turizmin dövlətlərarası əlaqələrinə təsiri mexanizmi
Turizm iqtisadi inkişafın əsas istiqamətlərindən biridir. Başqa sahələrdən fərqli olaraq, turizm iqtisadiyyatın inkişaf istiqaməti kimi, bir çox üstünlüklərə malikdir: turizmə qoyulan sərmayə qısa müddətdə öz bəhrini verir, qoyulan kapital yüksək dövretmə əmsalına malikdir. Bunun nəticəsində fransızlar turizmə sərmayə qismində qoyulan hər bir frankdan – 100 frank götürürlər. Iqtisadi nöqteyi-nəzərdən turizmin cazibədarlığı xidmət sahələrinin durmadan genişlənməsində, qoyulan sərmayələrin qısa nüddətdə özünü doğrultmasında və gəlirin konvertasiyası mümkün olan valyuta şəklində alınmasıdır.

Beynəlxalq turizm dünya ixracının 7%-ni təşkil edir. Ümumi məhsul dəyərinə görə, o artıq neft və avtomobil istehsalını qabaqlamışdır. ÜTT-nin proqnozlarına görə 2020-ci ildə beynəlxalq turistlərin sayı 1602 milyon nəfər və turizmdən alınan gəlirin miqdarı isə 2000 mlrd $ olacaqdır.

Turizm xidmətləri sahəsində proseslərin çoxu avtomatlaşdırılmışdır, yeni texnologiya tətbiq olunur. Buna baxmayaraq, turizm ən çox işçi qüvvəsi tələb edən sahədir. Bir nəfər xarici turistə yüksək səviyyədə xidmət göstərmək üçün 9 nəfər iş yeri lazımdır. Turizm belə ağır işsizlik problemini həll edir. Dünya üzrə beynəlxalq turizm sahəsində 300 milyon iş yeri fəaliyyət göstərir. Hazırda beynəlxalq turizm dünya təsərrüfatının nəhəng iqtisadi faktoruna çövrilmişdir. Turist xidmətlərinin dəyəri ümum dünya məhsulunun 10,1%-ni təşkil edir. Lakin bu rəqəm daim artmaqdadır.

XXI əsrin əvvəllərindən başlayaraq beynəlxalq turizm dünya iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilmişdir. Hər il səyahətlərin miqdarı 4,2% artır. XXI əsr turizm əsridir. Beynəlxalq turizm bir çox turizm mərkəzlərinin əsas gəlir mənbəyinə çevrilmişdir. 2005-ci ildə dünya üzrə 200 ölkə və ərazidən 60-ı 1 mlrd $ gəlir götürmüşdür. Bəzi ölkələrdə turizmin iqtisadiyyatda oynadığı rol daha böyükdür. Bu ölkələrdə turizmdən alınan gəlir milli gəlirin 35-40%-ni təşkil edir. Məsələn, Yunanıstanın ölkəyə daxil olan valyutasının yarısı turizmin hesabına gəlir. Baham adaları, Meksika, Sinqapur, Tayland milli gəlirin 80%-ni turizmdən götürür.

Avropa ölkələrində dövlət səviyyəsində “səyahət hüququ” formalaşmış və həyata tətbiq olunur. “Səyahət etmək hüququ” ÜTT-nin qlobal etik kodeksində də öz əksini tapmışdır. Söhbət ondan gedir ki, bütün vətəndaşların səyahət etmək hüququ var. Hər bir dövlət bu hüququ reallaşdırmaq üçün bütün şəraiti yaratmalıdır.

Dünya turistlərinin 62%-i öz səfərlkərini istirahət məqsədilə təşkil edirlər, 18%-i işgüzar, yerdə qalan turizmin müxtəlif növlərinin üzərinə düşür. Turistlərin 43%-i avia, 42%-i avtomobil, 7%-i dəmir yolu və 8%-i dəniz nəqliyyatından istifadə edirlər. Əgər turistlərin qəbulunda Fransa dünyada I yerdədirsə(70 mln nəfər), turizmdən alınan gəlirə görə isə I yerə ABŞ çıxmışdır.bu onunla izah olunur ki, I Fransada çox bahalıqdı və turistlər ora qısa müddətə gəlir və az pul xərcləyirlər, II ABŞ-da turizt biznesi çox gözəl təşkil olunmuşdur, turizm infrastrukturu yaxşı inkişaf, turizmin hüquqi əsasları isə yaxşı qoyulmuşdur. Dolların qismən devolvasiyası sadalanan faktorlarla birgə ABŞ-ın uzun müddət turizmdən gəlir götürülməsində birinciliyi saxlamağa imkan verir.

Turist kompaniyaları xarici şirkətlər tərəfindən ekzotikası və turist sərvətləri ilə zəngin ölkələrdə yaradılır. Yaradılan bu kompaniyaların müasir texnologiya ilə təmin olunması xarici şirkətlərin hesabına olur. Yerli hakimiyyət rəqabət aparan başqa ölkələrdən geridə qalmamaq üçün (ona görə ki, başqa ölkələrdə də həmin turist sərvətləri – dəniş, günəş, tropik bitkilər və s. var) xarici kompaniyalara ucuz torpaq sahəsi ayırır, onları vergilərdən azad edir və yol salınmasını öz üzərinə götürürlər.

İndoneziya, Filippin, Pakistan, Şri-Lanka və bir sıra başqa inkişafda olan ölkələr vergi güzəştlərindən başqa, xarici kompaniyaları ölkəyə gətirilən avadanlıqlar, maşın və mexanizmlərdən vergiləri azad edirlər. Xarici kompaniyalar yüksək gəlirlə işləyir və 5 il müddətində qoyduğu kapitalı çıxardır və əlavə gəlir də götürür.

Zəif inkişaf etmiş ölkələr isə ölkədə turist bazarının infrastrukturunu yaratmaqdan ötrü zayom və kreditlərdən istifadə etməyə məcbur olurlar. Yerli hökümət orqanları xarici kompaniyaların yaratdığı turist mərkəzlərinin idarə olunmasını, təchizatı və gəlir götürməsini xarici kompaniyaların sərəncamına verməyə razılıq verirlər, ona görə ki, onların lazım olan nə texnologiyası və nə də təcrübəli kadrları yoxdur. Seneqalda, məsələn, 5 beynəlxalq şəbəkə bütün ölkənin mehmanxanalarını öz əlinə keçirtmişdir. Belə vəziyyət Konqoda, Suriyada, Syera-Lionda və bir çox başqa ölkələrdə də əmlə gəlmişdir. Nəhəng mehmanxana kompleksləri beynəlxalq monopolist “Frantel”, “Meridian”, “Şeraton”, “Novatel” birləşmələrinə məxsusdur.

Turizmin iqtisadiyyata müsbət təsir göstərməsi üçün gərək turist müəssisələri yerli kadrlardan və resusrlardan maksimum istifadə etsinlər. Əgər kapitalın böyük hissəsi xarici şirkətin ölində qalarsa, ölkə iqtisadiyyatı bu kapitaldan asılı vəziyyətə düşər. Uzun müddət turist sərvətlərinin xarici şirkətlər tərəfindən istifadə olunması bu sərvətlərin tükənməsinə səbəb ola bilər. Elə bir hal yarana bilər ki, xarici bazarlarda bu turist məhsuluna artıq təlabat olmasın.

Milli iqtisadiyyatın xarici turizmdən bu cür asılılığı inkişafda olan ölkə üçün böyük təhlükə yaradır. Turist mərkəzi xarici kapitalın hesabına tikiləndə və ölkə iqtisadiyyatı ilə heç bir əlaqəsi olmayanda turizmin inkişafı yerli iqtisadiyyata böyük ziyan vurur. Beynəlxalq turizmin inkişafı belə halda yerli istehsalın məhv olmasına, malların və xidmətlərin bahalaşmasına səbəb ola bilər.

Aəzrbaycanda turizmin inkişafına başqa model seçmək lazımdır. Son zamanlarda Azərbaycanda xarici kapitalla birgə çoxlu turist müəssisələri tikilmişdir. Onlardan “Oazis”, “Kresent Biç” oteli, “Delfin”, “Anba”, “İrşad”, “Siti Mensn”, “İçəri Şəhər”, “Kaspian” və başqalarını misal gətirmək olar. 4 böyük mehmanxana (“Həyatt Redjensi”, “Həyatt Tayer”, “Plaza”, “Vellinqton”) beynəlxalq mehmanxana şəbəkəsinə daxildir. Azərbaycanda turizm infrastrukturunu inkişaf etdirməkdən ötrü xarici kapital qoyuluşundan başqa yerli işgüzar adamlar üçün turizmə sərmayə qoyuluşuna əlverişli şərait yaratmaq və dövlət kapital qoyuluşundan istifadə etmək lazımdır.




II Fəsil. Turizmin inkişafında beynəlxalq turist təşkilatlarının rolu

2.1. Turizmin inkişafında beynəlxalq turist təşkilatlarının yeri və rolu
Turizm sahəsində beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan danışarkən, burada beynəlxalq sülhün və təhlükəsizliyin qorunması məqsədilə yaradılan, 60 ilə yaxın bir müddətdə beynəlxalq hüququn müxtəlif sahələrinin məcəllələşdirilməsi və proqressiv inkişafında mühüm rol oynayan Birləşmiş Millətlər Təşkilatının xüsusilə qeyd etmək laxımdır. BMT Nizamnaməsinin I maddəsinin III bəndinə uyğun olaraq, bu universal beynəlxalq qurum iqtisadi, sosial, mədəni, humanitar xarakterli beynəlxalq problemlərin həll edilməsində və irqi, cinsi, dil və ya din mənsubiyyəti nəzərə alınmadan əsas insan hüquq və azadlıqlarına hörmətin dəstəklənməsində və təşviq edilməsində beynəlxalq əməkdaşlığa nail olmaq kimi məqsədləri özündə əks etdirir.

Turizm sahəsində dövlətlərin fəaliyyətinin əlaqələndirilməsinin beynəlxalq – hüquqi mexanizmi məsələləri BMT Baş Məclisinin sənədlərində öz təsbitini tapmışdır. Məhz 1996-cı ilin noyabrında özünün 21-ci sessiyasında BMT Baş Məclisi turizmin dövlətlərin iqtisadi, mədəni, sosial inkişafa və sühl işinə töhfə olduğunu vurğuladı.

Bundan başqa, “turizm sülhün pasportudur” şüarı altında 1967-ci ili “Beynəlxalq turizm ili” elan etdi. Baş Məclis bundan sonrakı fəaliyyətini “Beynəlxalq turizm ili”nin və bununla bağlı digər tədbirlərin keçirilməsinə yönəltdi. Bununla əlaqədar, Bolqarıstan, İran, Rumınya, Kanada, Yunanıstan və digər dövlətlərdə milli və regional səviyyəli komitələr yaradıldı. “Beynəlxalq turizm ili”nin nəticələrini müzakirə edən Baş Məclis bir sıra tədbirlərin keçirilməsini özündə əks etdirən Qətnamə qəbul etdi.

1969-cu il dekabr ayının 5-də isə turizm üzrə hökümətlərarası xarakterə malik beynəlxalq təşkilatların yaradılması üçün Qətnamə qəbul olundu. Bu Qətnamənin davamı və icrası olaraq, 28 sentyabr 1970-ci ildə Ümumdünya Ticarət Təşkilatının Nizamnaməsi qəbul olundu. Baş Məclisin 30-cu sessiyasında isə “Beynəlxalq turizmin inkişaf etməkdə olan ölkələrin iqtisadi inkişafına təsiri” adlı Hesabat, “Turizm sahəsində yeni siyasət və fəaliyyət” başlıqlı məruzə dinlənildi. 19 dekabr 1977-ci il tarixli Qətnaməsi ilə Baş Məclis Ümumdünya Ticarət Təşkilatına inkişaf etməkdə olan ölkələrdə turizmin təşviq edilməsi ilə bağlı öz səylərini fəallaşdırmağı təklif etdi.

Bütün bunlarla yanaşı, Baş Məclis 1981 və 1983-cü illərdə qətnamələr qəbul etdi. Sonuncu Qətnamədə beynəlxalq turizm BMT İnkişafının III Onilliyinin beynəlxalq inkişaf strategiyasının elementi kimi müəyyən edirdi. Turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsində BMT İqtisadi və Sosial Şurası (ECOSOC) 1954-cü il Nyu-Yorkda və 1963-cü il Romada konfrans çağırmışdır. Axrıncı konfransa 2 əsas Komitə fəaliyyət göstərirdi: Formallıqlar üzrə Komitə və İnkişaf üzrə Komitə. Burada BMT-nin 87 üzv-dövləti, 5 ixtisaslaşmış təsisatı, beynəlxalq turizmin inkişafında maraqlı olan 14 qeyri-hökümət təşkilatı iştirak edirdi.

Turizm sahəsində əməkdaşlığın həyata keçirilməsinin digər əlaqələndirici təşkilatıi mexanizmi Ümumdünya Turizm Təşkilatıdır. Bu təşkilatın nizamnaməsi 1970-ci ilin sentyabr ayının 27-də Mexikoda qəbul olundu. 1974-cü ildə isə o, Rəsmi Turizm Təşkilatlarının Beynəlxalq İttifaqın üzvü olan rəsmi turizm təşkilatları tərəfindən ratifikasiya olundu.

Nizamnamənin ayrılması hissəsi qismində isə Maliyyə Qaydaları çixiş edir. Həmin Qaydalara uyğun olaraq, Təşkilatın maliyyə dövrü 2 illik bir müddəti əhatə edir. Büdcəyə gələn gəlirləri isə Ümumdünya Turizm Təşkilatı Baş Assambleyası tərəfindən müəyyən olunan və hər bir ölkənin iqtisadi inkişaf səviyyəsindən və həmin dövlət üçün beynəlxalq turizmin əhəmiyyətindən asılı olaraq, formalaşdırılan yığımlar, o cümlədən digər daxilolmalar təşkil edir. Təşkilatın nizamnaməsi 3 kateqoriya üzvləri – həqiqi, assosasiya edilmiş və qoşulumş üzvləri özündə birləşdirir.

Hal-hazırda Ümumdünya Turizm Təşkilatının 145 həqiqi üzvü, 7 assosasiya edilmiş, 300-dən çox qoşulmuş üzvləri vardır. Təşkilatın səlahiyyətini öz orqanları – Baş Assambleya, İcariyyə Şurası, Katiblik, digər köməkçi və işçi orqanlarının fəaliyyəti vasitəsilə həyata keçirilir.

Həqiqi üzvləri təmsil edən nümayəndələrdən ibarət olan Baş Assambleya hər 2 ildə bir dəfə toplanır. Baş Assambleyanın funksiyaları aşağıdakılardır:

- öz prezident və vitse-prezidentinin seçilməsi;

- İcariyyə Şurasının üzvlərinin seçilməsi;

- Baş Katibin təyini; təşkilatın Maliyyə reqlamentinin təsdiqi; fəaliyyətin ümumi proqramının təsdiqi;

- təşkilatın və onun orqanlarının fəaliyyəti barədə hesabatlara baxılması və təsdiq olunması;

- təşkilatın üzvlüyünə qəbul olmaq üçün Ümumdünya Turizm Təşkilatının Nizamnaməsinə uyğun olaraq qəraraların qəbulu və s.

Baş Assambleya altı regional komissiyanı təsdiq etmişdir: Afrika (KAF), Amerika (KAM), Şərqi Asiya və Sakit Okean (KAM), Avropa (KEV), Yaxın Şərq (KME) və Cənubi Asiya (KSA) üzrə komissiyalar. İcariyyə Şurası hər 5 həqiqi üzvə 1 üzv prinsipi ilə Baş Assambleya tərəfindən 4 il müddətinə (tərkibi hər 2 ildən bir növbəlilik əsasında dəyişmək şərti ilə) seçilir. Şübhəsiz ki, bu zaman Afrika, Amerika, Şərqi Asiya və Sakit Okean, Avropa, Yaxın Şərq, Cənubi Asiya regionlarının bərabərhüquqlu coğrafi nümayəndəlik prinsipinə mütləq əməl edilməlidir.

Təşkilatın köməkçi orqanlarına – Proqram və Əlaqələndirmə üzrə texniki Komitə, Büdcə-maliyyə Komitəsi, Ətraf mühit üzrə Komitə, Formallıqların sadələşdirilməsi üzrə Komitə, Statistika üzrə Komitə, qoşulmuş üzvlər kateqoriyasında üzvlüyə baxılması üzrə Yarımkomitə.

Ümumdünya Turizm Təşkilatının Lissabon Konfransında “Tourism: 2020 Vision” adlı araşdırmasında Təşkilat tərəfindən cari yüzillik üçün turizmin ən prespektivli istiqamətləri göstərilmişdir:

- Məcarə turizmi. Turist səyahətlərinin müəyyən məkanlara (məsələn, dənizin dibinə, dağın zirvəsinə, Antarktida və s. kimi uzaq ərazilərə) münasibətdə həyata keçirilməsidir. Müasir dövrdə bir sıra dövlətlər (Avstraliya, Yeni Zelandiya, Rusiya, Böyük Britaniya və s.) tərəfindən Antarktidada turizm bazaları yaradılır.

- Kruiz. Dəniz gəmiləri ilə daha çox həyata keçirilir. əgər 2007-ci ildə 7 milyon kruiz gəmilərində səyahət edirdilərsə, 2009-cu ildə onların sayı 9 milyona çatmışdır.

- Ekoturizm. Ətraf mühitin qorunub saxlanması ilə həyata keçirilir. Belə ki, müəyyən mövzular üzrə qısamüddətli tanışlıq turları və ya milli qoruqları səyahət edənlər, kurortlarda dinclən çoxsaylı insan qrupu üçün turlar təşkil edilir.

- Mədəni-idrak turizmi. Burada turist axının daha çox Avropa, Asiya, Yaxın Şərq ölkələrinə istiqamətləndiyini görmək olar. Kiçik qruplar üçün biliyi artıran turlar və istirahət edən şəxslərin mədəni abidələrə səyahətlərini özündə birləşdirən birgünlük ekskursiyalar təşkil olnurş

- Tematik turizm. Adi istirahət motivlərindən tamamilə fərqlənən hər hansı hadisələrə (məsələn, iqlim xüsusiyyətləri, ərazinin flora və faunası və s.) yüksək marağı nəzərdə tutur.

Ümumdünya Turizm Təşkilatının Baş katibi Françesko Frangialinin verdiyi bəyanatında BMT-nin ixtisaslaşmış qurumu kmi Ümumdünya Turizm Təşkilatının turizm sahəsində 2008-cu il üçün aşağıdakı istiqamətlərin inkişaf etdirilməsi ilə başlı müddəalar mövcuddur:

- dünyəvi inkişafın sonrakı stimullaşdırılması və mədəniyyətlərarası dialoqların təşviqi üçün turizm və dünyanın böyük dinləri arasında qarşılıqlı əlaqəni möhkəmləndirən imkan və vasitələrin müzakirəsi məqsədilə İspaniyada “Turizm və din” məsələləri üzrə Ümumdünya Sammitinin çağırılması;

- Birləşmiş Krallıqda çağırılan “Turizm və iqlim dəyişikliyi” məsələləri üzrə İkinci Sammitin Dünya Ticarət Bazarı ilə əməkdaşlığnın təşkil edilməsi;

- Tunisdə parlamentarilər və və yerli hakimiyyət orqanlarının iştirakı ilə Qlobal Konfrans keçirilməsi;

- turizmdə qadınların rolunun artırılması;

- dövlət və ya özəl sektorda maliyyə mənbələri, o cümlədən Seulda (Koreya) yerləşən fondun fəaliyyətinə dəstək göstərilməsi, xüsusilə Afrikada yeni layihələrin həyata keçirilməsi ilə tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi vasitəsilə ST-EP Proqramının (davamlı turizm – yoxsulluğun aradan qaldırılmasının təminatı) möhkəmləndirilməsi;

- fövqaladə hadisələrə reaksiya sisteminə daxil olmaq məqsədilə Microsoftla birgə elektron turizm sahəsində təşəbbüsün intensivləşdirilməsi; təhlükəsizliyi yüksəldən və eyni zamanda səyahətçilər üçün maneləri azaldan texnologiyanın tətbiq edilməsinin imkan və vasitələrinin öyrənilməsi; BMT sistemi təsisatlarında həyata keçirilən turizm sahəsində fəaliyyətin əlaqələndirilməsi;

- Monrealda Kanadanın Federal Höküməti və Kvebek əyalətinin hökümət orqanlarının dəstəyindən istifadə edən, o cümlədən yerli cəmiyyətdə davamlı və keyfiyyətli turizmin hərəkətə gətirilməsi və ona yardım göstərilməsi vəzifəsini özündə birləşdirən Turizm mərkəzləri üçün qiymətləndirmənin yüksəldilməsi Mərkəzini yaratmaq;

- idarəetmə orqanlarının yeni qrupunun iştirakı ilə dəyişən şəraitə uyğun olaraq, onun qaydaya salınması çüçün xüsusi təşkilati strukturun möhkəmləndirilməsi; Katibliyin yenidən qurulması.

Ümumiyyətlə, Ümumdünya Turizm Təşkilatının fəaliyyəti daha geniş spektirə malikdir. Bu fəaliyyət özünü həm milli, həm də beynəlxalq turizmin inkişafında biruzə verir.



Ümumdünya Turizm Agentlikləri Assosasiyaları Federasiyası həqiqi üzvləri qismində milli turizm assosasiyası və təşkilatalrı, assosasiya edilmiş üzvlər kimi isə turizm agentləri, mehmanxana, nəqliyyat müəssisələri, tədris müəssisələrini birləşdirən beynəlxalq turizm təşkilatıdır.

Təşkilat 1966-cı ildə dünyanın 80 dövlətini təmsil edən 80 milli turizm təşkilatı və 1400 personalı özündə birləşdirir. Onlara Amerika Turagentlər Cəmiyyəti, Almaniya Səyahətlər Bürosu Assosasiyası, Britaniya Turagentlər Assosasiyası, Şimal ölkələri Turizm Büroları Assosasiyaları İttifaqı, “Tomas Kuk və oğlu” firması və s. aid edilə bilər.

Federasiyanın əsas məqsədləri arasında milli turagentlər assosasiyalarının yaradılması və möhkəmləndirilməsi, onlara hüquqi, maliyyə, peşə, maddi-texniki yardımların göstərilməsi, iqtisadi, hüquqi, sosial və iqtisadi sahələrdə beynəlxalq səviyyədə turizm agentliklərinin bütün kateqoriya peşələrinin nüfuzunun maksimal dərəcədə dəstəklənməsi vacib yerlərdən birini tutur.

Adıçəkilən qurumun Katibliyi Brüsseldə (Belçika) yerləşir. Onun rəsmi dilləri isə ingilis, fransız və ispan dilləridir. Rəhbər orqanları isə hər il çağrılan Baş Assambleya, Direktorlar Şurası və İcraiyyə Komitəsi sayılır.



Ekskursiya xidmətləri və turlar üzrə Beynəlxalq Assosasiya 1953-cü ildə yaradılmış, ekskursiya xidmətləri ilə məşğul olan firma və təşkilatları üzv qismində özündə birləşdirən beynəlxalq turizm təşkilatıdır. Qurumun 84 dövlətdən 60 milyondan çox üzvə malik olan 140 təşkilatı vardır ki, bu da onun fəaliyyətinin daha çox genişmiqyaslı olmasını sübut edir. rəsmi dili ingilis dili olan Beynəlxalq Assosiasiyanın rəhbər orqanları ildə bir dəfə çağırılan Baş Assambleya və Direktorlar Şurasıdır. Katibliyi isə Lissabonda (Portuqaliya) yerləşir.

Beynəlxalq Turizm Alyansı 1919-cu ildə yaradılmış milli avtomobil assosiasiyaları və turistlərin klubları qismində həqiqi üzvləri, fərdi üzvləri və milli federasiyaları birləşdirən, turistlərin assosiasiyalarından ibarət olan beynəlxalq turizm təşkilatıdır (onu da qeyd etmək lazımdır ki, həmin Təşkilat əvvəllər Beynəlxalq Turizm Assosasiaları Cəmiyyəti adlanır).

Onun məqsədi kimi beynəlxalq turizmin bütün növlərinin, ilk növbədə avtoturizmin inkişafını göstərmək olar. Birliyin üzvləri avtoturistlərə göstərilən xidmətlərin təkmilləşdirilməsi problemləri üzrə seminar və müşavirələrin təşkili, gömrük formallıqlarının sadələşdirilməsi, yol və avtoşoselərin abadlığı, hüquqi yardımın göstərilməsi və sığorta ilə məşğul olurlar.

1981-ci ildən Ümumdünya Turizm Təşkilatının üzvü statusunu qazanan Tələbə Turizmi üzrə Beynəlxalq Konfederasiyanın (İSTC) əsas məqsədi isə turizmin inkişafı və tələbə, gənclər və akademik birlik mübadiləsi vasitəsilə beynəlxalq qarşılıqlı anlaşmanı genişləndirməkdir. Onun vəzifələri sırasında inzibati və maliyyə yardımının göstərilməsi, marketinq xidmətlərinin həyata keçirilməsi və s. göstərmək olar. İSTC-nin mənzil-qərargah Amsterdam (Niderland) yerləşir.

Bütün bunlarla yanaşı, turizm sahəsində bir çox təşkilatlar – Beynəlxalq Hava Daşıyıcıları Assosiasiyası (İATA), Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İKAO), Beynəlxalq Mehmanxanalar Assosiasiyası (İHA), Turizm və Səyahətlər sahəsində Tədqiqatlar Assosiasiyası (TTRA), Konqreslər və qurultaylar üzrə Beynəlxalq Assosiasiya, Turizm məsələləri üzrə jurnalistlərin və yazışıların Beynəlxalq Federasiyası, Beynəlxalq kempinqlər və karavaninqlər Federasiyası, Turizm üzrə Beynəlxalq Elmi Ekspertlər Cəmiyyəti, Beynəlxalq Sosial Turizm Bürosu (BİTS), Turizm sahəsində peşə təhsili üzrə Ümumdünya Assosiasiyası (AMFORT), Gənclər turizmi və mübadiləsi üzrə Beynəlxalq Büro (BİTEJ) fəaliyyət göstərirlər.

Beləliklə, turizm sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirən universal təşkilatlar daha geniş spektirli fəaliyyət həyata keçirməklə, ümumilikdə turizmin və onun ayrı-ayrı aspektlərinin inkişafında özünəməxsus rol oynayırlar. Bu isə həm vahid, unifikasiya olunmuş qaydaların yaradılması, həm də müxtəlif tədbirlərin həyata keçirilməsi ilə xarakterizə olunur.


2.2. Regional beynəlxalq təşkilatlar çərçivəsində turizm sahəsində

əməkdaşlıq
Regional səviyyədə çıxış edən hökümətlərarası təşkilatların funksiyalarına yalnız turizm üzrə beynəlxalq müqavilə layihələrinin hazırlanması deyil, həm də turizm sferasında ümumi siyasətin işlənib hazırlanması, məlumat bazasının formalaşdırılması, elmi tədqiqatların təşkili, turizm fəaliyyəti sahəsində üzv-dövlətlərin milli qanunvericiliklərinin uzlaşdırılması, beynəlxalq turizm fəaliyyətinin ayrı-ayrı problemlərinin müzakirə edilməsi və digər məsələlər aid edilə bilər.

Regional təşkilatlar çərçivəsində beynəlxalq turizm sahəsində əməkdaşlıqdan danışarkən, Müstəqil Dövlətlər Birliyini (MDB) qeyd etmək olar. Həmin təşkilatın Nizamnaməsinin VII hissəsi – “İqtisadi və Sosial əməkdaşlıq” adlı hissə digər sahələrlə yanaşı, turizm və beynəlxalq səyahət sferasında əməkdaşlığın məqsədini müəyyən edir. Bundan əlavə, bu sferada əməkdaşlıq MDB-nin ayrı-ayrı strukturlarında da həyata keçirilmişdir. Belə ki, MDB-nin Parlamentlərarası Assambleyasının mədəniyyət, elm və təhsil məsələləri üzrə Komissiyası 1993-cu ildə azad hərəkət üçün əlverişli şəraitin yaradılması, turizm rəsmiyyətlərinin aradan qaldırılması, konkret tədbirlərin qəbulu, həmçinin bu sahədə normaların unifikasiyası və digər məsələlərə baxdı.

1994-cü ildə isə MDB Parlament Assambleyası Turizm sahəsində MDB-nin iştirakçı – dövlətlərinin əməkdaşlığının əsas prinsipləri haqqında Tövsiyyəedici Qanunvericilik Aktını qəbul etdi. Preambula, 6 hissə, 22 maddədən ibarət olan həmin sahəsə turizm, turist, tur, turizm təşkilatı, turizm ehtiyatları, turist vauçeri kimi terminlərin izahı verilməklə yanaşı, turizm haqqında milli qaunvericilik (maddə 2), turizm sferasında dövlət siyasəti (maddə 3) haqqında müddəalar da mövcuddur.

II fəsil “Turistlərin hüquqları və vəzifələri” adlanır və bu fəsildə turistlərin hüquqları (maddə 5), onların vəzifələri (maddə 6), əlavə güzəşt və hüquqların verilməsi (maddə 7) və digər məsələlər öz təsbitini tapmışdır. 8-ci maddə xarici turistlərin hüquqi vəziyyətinə həsr olunmuşdur. Bu maddənin təhlili zamanı belə nəticəyə gəlmək olur ki, MDB ölkələrinə səyahət edən turistlərə milli rejim prinsipi tətbiq olunur (şübhəsiz ki, onun səyahət etdiyi dövlətin qanunları nəzərə alınmaqla). Bundan əlavə, III fəsil turist təşkilatlarına, IV fəsil turizm vauçerlərinə, V fəsil turist ehtiyatlarına həsr edilmişdir.

1 noyabr 1996-cı ildə Parlamentlərarası Komitənin Bürosu turizm əlaqələrinin inkişafı barədə MDB dövlətlərinin dövlət, parlament və hökümət başçılarına müraciət qəbul etdi. Müraciətdə inteqrasiya proseslərinin dəyişdirilməsinin mühüm vasitəsi kimi təşkilatın üzv-dövlətləri arasında turizm əlaqələrinin bərpası və inkişafı göstərilir.

MDB dövlətlərinin Turizm üzrə Şurasının 1998-ci ilin noyabrında keçirilən Tibilisi iclasında Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan respublikalarının, Rusiya Federasiyası, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna, həmçinin MDB-nin icraçı katibliyinin, Ümumdünya Turizm Təşkilatının Beynəlxalq İqtisadi Komitəsinin “Mir” dövlətlərarası teleradiokompaniyasının və digər təşkilatların iştirakı qəbul edildi.

Regional təşkilatlar çərçivəsində həyata keçirilən əməkdaşlığın digər forması kimi 1989-cu ildə aprel ayının 10-14-də Haaqada (Niderland) keçirilən Turizm üzrə Parlamentlərarası Konfransı göstərmək olar. Nəticədə turizm təşkilatlarında hökümət və parlamentlərin tövsiyyələrini və beynəlxalq əməkdaşlıq vasitəsi kimi dünya ictimaiyyətinin tanıdığı Turizm üzrə Haaqa Bəyannaməsi qəbul olundu. Bəyannamə 10 prinsipdən və ona əlavə konkret nəticə və tövsiyyələrdən ibarətdir.

Avropa İttifaqı (Aİ) çərçivəsində turizm sahəsində əməkdaşlığın həyata keçirilməsində isə onun orqanlarının rolu xüsusilə qeyd edilməlidir. 1990-cı ildə Avropa Parlamentində turizm sahəsində Avropa dövlətlərinin parlamentlərinin fəaliyyətinin əlaqələndirilməsi üçün turizm üzrə qruplar yaradıldı. O, Aİ üzv - dövlətləri arasında turizm inkişafı və bu ölkələrdə çox çevik gömrük, valyuta və digər nəzarətin təmin olunması məqsədilə aktiv fəaliyyəti həyata keçirmək vəzifəsini daşıyır.

Avropa İtisadi Birliyi Şurasının 13 iyun 1990-cu ildə “Hər bir şeyin daxil olduğu, səyahətlər, məzuniyyətlər və səfərlər haqqında” Direktivi də turizm sahəsində əməkdaşlığın müəyyən aspektlərini özündə birləşdirir. Bundan başqa, 13 may 1995-ci ildə AİB-nin Direktivinə əsasən qəbul olunmuş Turagentlər və sifarişçilərin imzaladıqları Nümunəvi Müqavilə də mühüm əhəmiyyət kəsb edir.

Regional təşkilatlar çərçivəsində turizm sahəsində əməkdaşlığın təhlili zamanı, ATƏT (ATƏM) xüsusilə qeyd olunmalıdır. Belə ki, 1975-ci ildə imzalanmış ATƏM-in Helsinki Yekun Aktında fərdi və kollektiv əsaslarla turizmin vəziyyətinin yaxşılaşdırılmasına həsr olunmuş müddəa mövcuddur. Burada turizmin xalqlar arasında qarşılıqlı anlaşmanın inkişafına, digər dövlətlərin tarixi, mədəni həyatı haqqında dolğun məlumatların əldə olunmasına kömək etməsi vurğulanır.



Turizm sahəsində əməkdaşlığın həyata keçirilməsinin digər forması Asiya qitəsində yaradılmış beynəlxalq təşkilat və qurumlar səviyyəsində tədbirlərin və layihələrin həyata keçirilməsi, bir sıra öhdəlikvə səlahiyyətlərin müəyyən olnumasıdır. Belə qurumlardan ən mühümü Ərəb Dövlətləri Liqası (ƏDL) və Ümumi Ərəb Bazarı çərçivəsində yaradılmış Turizm üzrə Ərəb İttifaqıdır. Asiya və Afrika qitəsinin ərəb ölkələrinə gedən səyahətçi və turistlər üçün sərhəd və gömrük rəsmiyyətlərinin sadələşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanması ilə məşğul olan, turizmin maddi bazasının inkişaf əsaslarınıvə siyasətini formalaşdıran İttifaq, həmçinin, ərəb ölkələrinə turist və sayahətçilərin cəlb olunmasına istiqamətlənmiş reklam fəaliyyətinin təkmilləşdirilməsinə də yardım göstərir.

İslam Konfransı Təşkilatının (İKT) Xarici İşlər Nazırliyinin 23-24-cü İslam Konfransında qəbul etdiyi qətnamələrdə turizm müvafir beynəlxalq qurum çərçivəsində əməkdaşlığın prioritet sahəsi kimi müəyyənləşdirilmişdir. Bundan əlavə, İKT üzv-dövlətləri arasında iqtisadi və ticarət əməkdaşlığının gücləndirilməsi haqqında Fəaliyyət Planı qəbul edildi ki, bu da özündə dövlətlərə tövsiyyə qismində yönələn aşağıdakı müddəaları təsbit edir: müxtəlif dillərdə reklam materiallarının mübadiləsi; xüsusi turizm həftələri və sərgilərinin təşkili; sənədli filmlərin istehsalı; turizm qruplarının təşkili; turizm sənayesinə investisiyaların qoyulmasının təşviqi; dövlətlərdə turizm müəssisələri arasında əlaqələrin asandlaşdırılması.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Turizm sahəsində İşçi Qrupu isə 2002-ci ildə Turizm sahəsində fəaliyyət planını qəbul etdi. Həmin sənəddə mövcud fəaliyyətin əsas istiqamətləri göstərilmişdir ki, bunlar da gəlmə və regiondaxili turizmə kömək göstərilməsi, kadrların hazırlanması, məlumat mübadiləsinə müncər edilir.

Mərkəzi Amerikanın Dövlət və Hökümət Başçılarının XXII növbəti görüşündə qəbul edilmiş 2002-ci il San-Xose Bəyannaməsi isə 10 prioritet istiqamət üzrə turizm sahəsində fəaliyyət planından ibarətdir. Həmin istiqamətlərə milli və regional inkişaf strategiyalarında turizmə üstünlük verilməsi, davamlı turizm siyasətinin işlənib hazırlanması, turizm sektorunda investisiyaların təşviqi və s. aiddir.

Karib Dövlətləri Assosasiası (KDA) çərçivəsində dövlət və hökümət başçılarının hər il keçirilən görüşlərində iştirakçı-dövlətlərin inkişafının əsas vasitələri sayılan turizm, ticarət və nəqliyyat üzrə fəaliyyət qrupları qəbul edilir ki, bu da turizmlə bağlı aşağıdakı istiqamətlərin həyata keçirilməsini özündə ifadə edir: turizmin planlaşdırılması; ətraf mühitin davamlılığı; səyahətçilərin təhlükəsizliyi; regional marketinq; turizm sektorunun maliyyələşdirilməsi; insan resusrlarının inkişafı; informasiya və statistika; sahələrarası əlaqələr.

Iqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) 1965-ci ildə qəbul etdiyi turizmə kömək göstərilməsi üzrə hökümətlərin fəaliyyəti haqqındaTövsiyyəsində turizmin inkişafı üzrə tövsiyyə xarakterli bir sıra tədbirlərin həyata keçirilməsi təsbit edilmişdir.

Bütün bunlarla yanaşı Latın Amerikasında turizmin inkişafına Karib İnkişaf Bankı, Mərkəzi Amerika İqtisadi İnteqrasiya Bankı, Mərkəzi Amerika Dövlətləri Təşkilatı, And Birliyi Komissiası, Afrika İnkişaf Bankı, Afrika Mülki Aviasiya üzrə Komissiyası, Latın Amerikası İqtisadi Sistemi, Amerikaarası İnkişaf Bankı, Mülki Aviasiya üzrə Latın Amerikası Komissiyası (turistlərin daşınması sahəsində Latın Amerikası aviasiya müəssisələrinin fəaliyyətini əlaqələndirir) kimi regional təşkilatlar da müəyyən töhfələr vermişlər və indi də bunu davam etdirməkdədirlər.

Regional beynəlxalq təşkilatlar çərçivəsində turizm sahəsində əməkdaşlıqdan danışarkən, müvafiq sferada mövcud olan qeyri-hökümət təşkilatlarını da göstərmək tam yerinə düşərdi. Məsələn, Asiya-Sakit okean Turizm Assosasiyasının (PATA) əsası 1951-ci ildə qoyulmuş, milli hökümət turizm təşkilatları, nəqliyyat və mehmanxana assosasiyaları, turizm firmaları, həmçinin turizm sənayesi ilə bağlı olan digər təşkilatları təmsil edən 34 dövlətdən 2200-dən çox üzvü birləşdirən beynəlxalq qeyri-hökümət turizm təşkilatıdır. Assosasiyanın əsas məqsədi Sakit okean regionunda turizmin inkişafına yardım göstərməkdir.

Onun tədqiqat işi isə turizmin tədqiq olunması üzrə illik konfranslar hesab olunur. Mövcud konfransların nəticələri isə Sakit okean regionu üzrə illik statistik hesabatların nəşr edilməsində öz əksini tapır.

PATA-nın Katibliyi San-Fransiskoda (ABŞ) yerləşsə də, onun Asiya Regionunun xidməti üzrə ofisi Sinqapurda, Sakit Okean regionunda xidmət üzrə ofisi Sidneydə, Amerika-Asiya hissələrinin xidməti üzrə ofisi isə San-Fransiskoda yerləşir. Rəsmi dili ingilis dilidir.

Latın Amerikası Turizm Təşkilatlarının Konfransı (KOTAL) müvafiq regionun 900-dən çox turizm, nəqliyyat, mehmanxana müəssisələri, həmçinin Asiya, Afrika və Avropanın 350-dən yuxarı turizm müəssisələrini özündə birləşdirən regional turizm təşkilatıdır. 1957-ci ildə yaradılan həmin qrumun əsas vəzifəsi Latın Amerikası turizm sənayesinin inkişafı məqsədilə bütün turizm müəssisələrinin və milli assosasiyalarının fəaliyyətini birləşdirməkdir.

KOTAL-ın Katibliyi Buenos-Ayresdə (Argentina) yerləşir. Konfransın rəsmi dilləri isə ispan və ingilis dilləridir. Rəhbər orqanları isə adətən ildə bir dəfə keçirilən Baş Assembleya və Direktorlar Şurası sayılır.



Turizm üzrə Avropa Komissiyası (KET) məqsədi isə dünyanın 26 ölkəsində milli turizm təşkilatlarının maliyyələşdirdiyi dünyanın əsas bazarlarının inkişaf etdirilməsi vasitəsilə Avropada turizmin inkişafına yardın etməkdir. KET-in əsas vəzifələri KİV və istehlakçılarla ictimai əlaqələr qurmaq və inkişaf etdirmək, reklam və nəşriyyat fəaliyyəti, marketinq tədqiqatlarının həyata keçirilməsi, Avropa Turist Qrupu (ETAQ) vasitəsilə turizm sənayesinin müxtəlif sektorlarında peşəkarlarla əlaqələr qurulmasıdır.

Avropa regionunda beynəlxalq turizmin inkişaf etdirilməsi ilə bağlı regional qeyri-hökümət təşkilatlarının fəaliyyətindən danışarkən, qitənin 19 ölkəsinin mehmanxana, restoran və qəhvəxana sənayesinin 35 milli assosasiasını özündə birləşdirən Avropa İttifaqı və Avropa İqtisadi Zonasında assosasiaları Konfederasiyasının (HOTREC) da adını çəkmək yerinə düşərdi. Mənzil qərargahı Brüsseldə (Belçika) yerləşən müvafiq qurumun vəzifələri sırasında Avropa turizm sənayesi sahələri ilə qarşılıqlı fəaliyyətin həyata keçirilməsi, dünya turizm sənayesi sahələri ilə əlaqələrin yaradılması və bütün bunların inkişaf etdirilməsini xüsusilə qeyd etmək lazımdır. Bütövlükdə isə Konfederasiya təsis edildiyi sahə üzrə üzv təşkilatların əməkdaşlığına maksimum səviyyədə yardım edilməsi və Avropa mehmanxana, restoran, qəhvəxana sənayesinin maraqlarının beynəlxalq səviyyədə müdafiə olunması məqsədini özündə təsbit edir.



Avropa Turizm Ticarət Yarmarkaları Assosasiası (ETTFA) sərgi turizminin inkişafına cavabdeh olan beynəlxalq qeyri-hökümət təşkilatı kimi beynəlxalq turizm sərgiələrinin fəaliyyətinin tənzimlənməsi mexanizmini təmin edir. 1993-cü ildə təsis edilən beynəlxalq qurum 11 yarmarkanı özündə birləşdirir. Assosasianın əsas məqsədi beynəlxalq turizm yarmarkalarının səmərəli təşkili və keçirilməsinə yardım etməkdir. Mənzil-qərargahı Brüsseldə (Belçika) yerləşən EETFA-nın vəzifələrinə aşağıdakılar aiddir: turizm şirkətlərinin və təşkilatlarının beynəlxalq sərgi-yarmarkalarda uğurlu təmsil olunmasını təmin etmək; üzv-təşkilatların yarmarkalarında vahid standartların tətbiqi; iştirakçılara münasibətdə xidmət keyfiyyətinin təmin olunması; üzv-təşkilatların ümumi mənafeyini təmin etmək; yarmarkaların əsas iştirakçılarına dair məlumatlar bazasını formalaşdırmaq.

1992-ci ildən Ümumdünya Turizm Təşkilatına üzv kimi qəbul edilən Amerika Dövlətlərarası Mehmanxana Assosasiyası (İAHA) Amerika qitəsinin mehmanxana sənayesini beynəlxalq səviyyədə təmsil etməyi özünün əsas məqsədi hesab edir. Adıçəkilən qurumun vəzifələrinə gəldikdə isə onu, aşağıdakılar təşkil edir: regionun mehmanxana şirkətlərinin mənafeyinin beynəlxalq toplantılarda təmsil olunması və qorunması; turizm sənayesi şirkətləri ilə üzv-təşkilatların əməkdaşlığına kömək göstərilməsi; marketinq tədqiqatları, statistika və nəşriyyat fəaliyyəti, o cümlədən regionun mehmanxana sferası üçün personalın hazırlığının təşkili və həyata keçirilməsi.

1951-ci ildən yaradılan Asiya – Sakit okean Turizm Cəmiyyəti də regional əməkdaşlıqda fəal iştirak edir. bu təşkilat çərçivəsində menecment, marketinq, tədqiqat fəaliyyətinin həyata keçirilməsi ilə bağlı çox gərgin işlər gedir. Təşkilatın əsas məqsədi regionda turizm və səyahətlərin inkiçafı üçün nailiyyətlərin əldə edilməsidir.

Bundan əlavə, digər qeyri-hökümət təşkilatları da – Avropa Səyahət Şəbəkəsi, Transmilli Mehmanxana Korporasiyası, Nəqliyyat Korporasiyası və s. müvafiq sferada çox mühüm rol oynayırlar.



NƏTİCƏ
Göründüyü kimi Turizm sahibkarlığın müxtəlif formalarını özündə birləşdirən nəhəng sənayedir. Bir çox müəssisələr, təşkilatlar və şirkətlər öz fəaliyyət istiqamətini turizm xidməti sahəsində tapırlar.

Turizm və sosial-mədəni servis xidməti fəaliyyət növü kimi əhalinin asudə vaxtının səmərəli istifadə edilməsinə, ekskursiya, səyahət və turist marşrutlarının təşkilinə, həmçinin turistlərin başqa xidmət növlərindən istifadənin gücləndirilməsinə təkan verir. Turizm xidmətləri bilavasitə turist təşkilatlarının fəaliyyətinin nətijəsidir. Turizm xidməti əməyin spesifik xüsusiyyətlərini və məzmununu müəyyənləşdirən milli iqtisadiyyatın müstəqil sahəsidir. Turizmdə əmək məhsuldarlığının artım sürəti üçün xidmətin səviyyəsinin yüksəldilməsi, əməyin təşkili və stimullaşdırılmasının forma və üsullarının təkmilləşdirilməsi, turizm və sosial-mədəni servis xidmətlərinin təşkilinin yenidən qurulması zəruridir.

Beynəlxalq turizmin təşkil olunmasında müasir səviyyəli informasiya texnologiyasının rolunun aydınlaşdırılması və tətbiqinin öyrənilməsi maraq doğuran məsələlərdəndir. Beynəlxalq turizmin inkişafında informasiya texnologiyasının rolu isə turizmin bir sıra səciyyəvi xüsusiyyətləri ilə daha da əhəmiyyətlidir. Bu, turizm xidmətinin daşınılmaz olması, onun təşkil olunması üçün geniş informasiya-reklam tədbirlərinin aparılmasının vacibliyi və s. ilə izah olununr.

Btün bu deyilənləri yekunlaşdıraraq, belə bir nəticəyə gəlmək olar ki, regional və beynəlxalq təşkilatlar çərçivəsində turizm sferasında beynəlxalq əməkdaşlıq beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına, müvafiq sahədə universal əməkdaşlığa əsaslanmaqla, özünəməxsus formaya malikdir. Bu spesifiklik isə daha çox turizm sahəsində ixtisaslaşmış qurumların mövcudluğu və fəaliyyəti ilə əlaqədardır.



ƏDƏBİYYAT
1. Б.М.Смитиенко «Международные экономические отношения». Москва, 2007, с. 204

2. Вавилова Е.В. «Основы международного туризма». Москва, 2005

3. Ахмедов А.И., Гаджиев Э.М., Заманов З.А. «Международный туризм ». Баку, 2000

4. “Turizm yenilikləri”. “İdman” qəzetinin xüsusi buraxılışı, 2008, sentyabr. № 4 (12)

5. Ə.Əliyev, E.Aslanov “Beynəlxalq turizm hüququ”. Bakı – 2007

6. www.tourism.az



7. www.met.gov.az





Yüklə 127,19 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə