Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL
137
– Regional əməkdaşlığın genişləndirilməsi.
Xüsusilə qeyd etmək lazımdır ki, AQS-nin həyata keçirilməsi üçün əsas
maliyyə aləti kimi Avropa Parlamenti və Avropa İttifaqı Şurası tərəfindən 2006-
cı il oktyabrın 24-də Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti (European Neigh-
bourhood and Partnership Instrument) qəbul edildi [12]. Avropa Qonşuluq
və Tərəfdaşlıq Aləti (AQTA) eyni zamanda 2007-ci il yanvarın 1-dən etibarən
“MDB ölkələrinə texniki yardım” (TACIS) proqramını əvəz etməklə bərabər,
daha geniş mandat və əhatə dairəsinə malikdir. AQTA demokratiya və insan
hüquqlarının təşviqi, bazar iqtisadiyyatına keçidin asanlaşdırılması və davam-
lı inkişafın təşviqi, habelə qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın
inkişafı kimi başlıca məqsədləri ehtiva edir. AQTA çərçivəsində 2007-2013-cü
illər üçün nəzərdə tutulmuş Azərbaycan üzrə Strategiya Sənədi Avropa İtti-
faqının yardım məqsədlərini və siyasət məsuliyyətini əks etdirərək, prioritet
olan əməkdaşlıq sahələrini dəqiqləşdirir [6]. Bu prioritetlər Azərbaycanın ba-
zar iqtisadiyyatına və demokratik idarəetmənin təşviqinə yardım, Fəaliyyət
Planının həyata keçirilməsi və təhlükəsizlik məsələlərini əhatə edir.
Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq 2008-ci ildə yeni
mərhələyə qədəm qoydu. Avropa İttifaqı xarici işlər nazirlərinin 2008-ci il
mayın 26-da Brüsseldə keçirilmiş iclasında Polşa və İsveç AQS-yə daxil olan
ölkələrlə (Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarus)
əməkdaşlığın vahid formatının təsis edilməsini nəzərdə tutan Şərq Tərəfdaşlığı
(ŞT) təşəbbüsü ilə çıxış etdilər [11]. ŞT təşəbbüsü üzrə Məlumat Sənədi və
onu müşayiət edən İşçi Sənəd 2008-ci il dekabrın 3-də Avropa Komissiyası
tərəfindən Avropa Parlamentinə və Avropa İttifaqının dövlət və hökumət başçı-
larının Şurasına təqdim olundu [2]. Bu iki sənəd Şərq Tərəfdaşlığına dair Avropa
Komissiyasının mövqeyi və təkliflərini əks etdirərək, tərəfdaş ölkələrlə gələcək
əməkdaşlıq istiqamətlərini müəyyən edir. ŞT üzrə 2009-cu il mayın 7-də Pra-
qada keçirilmiş zirvə görüşündə qeyd edilən təşəbbüsün əsas məqsədləri və
prinsiplərini, həmçinin gələcək əməkdaşlıq prosesinin ümumi parametrlərini
müəyyən edən Birgə Bəyannamə qəbul edildi və bununla da Şərq Tərəfdaşlığı
prosesinə yüksək səviyyədə rəsmi start verildi [9].
Şərq Tərəfdaşlığı iki yanaşmadan ibarət olan prosesdir. O, bir tərəfdən,
çoxtərəfli əməkdaşlıq xətti ilə Avropa İttifaqının qanunvericiliyini və stan-
dartlarını təqdim etmək, islahatlar sahəsində təcrübə və uğurlu prakti-
ka mübadiləsi aparmaq məqsədilə yeni forum kimi gündəmə gəldi. Digər
tərəfdən, ikitərəfli əməkdaşlıq xətti ilə Avropa İttifaqı onunla hər bir tərəfdaş
ölkə arasında daha sıx əlaqələrin yaradılması məqsədilə mövcud Tərəfdaşlıq
və Əməkdaşlıq Sazişləri əvəzinə Assosiasiya Sazişinin imzalanmasına
yönəlmiş yeni müqaviləyə əsaslanan münasibətlərin qurulmasını təklif edir.
ŞT Avropa İttifaqının iqtisadiyyatına tədrici inteqrasiyanı təşviq edir, tərəfdaş
ölkə Ümumdünya Ticarət Təşkilatına üzv olduğu təqdirdə onunla dərin və
hərtərəfli azad ticarət zonasının yaradılması məqsədini güdür. Digər məqsəd
STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
138
Şərq Tərəfdaşları üçün viza rejiminin liberallaşdırılması ilə Avropa İttifaqına
səfərlərin yüngülləşdirilməsindən, enerji bazarlarının daha yaxından qar-
şılıqlı əlaqələndirilməsi və inteqrasiyası ilə enerji təhlükəsizliyi sahəsində
əməkdaşlığın qurulmasından ibarətdir.
Avropa İttifaqı ilə Azərbaycan arasında Şərq Tərəfdaşlığı prosesinin ikitərəfli
əməkdaşlıq formatı çərçivəsində Assosiasiya Sazişinin hazırlanması barədə
danışıqlara 2010-cu il iyulun 16-da başlanılmışdır. Hazırlanacaq Assosiasiya
Sazişi Avropa İttifaqı ilə Azərbaycan arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sa-
zişini əvəz edəcək hüquqi sənəd olacaqdır. Danışıqların ilk iclasında tərəflər
bildirmişlər ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər getdikcə
dərinləşir və inkişaf edir. Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi öz vəzifələrini yerinə
yetirib və məhz bu səbəbdən tərəflər arasında Assosiasiya Sazişi üzrə danışıq-
ların başlanması barədə razılıq əldə edilib. Assosiasiya Sazişinə dair danışıq-
lar dörd qrup üzrə aparılır. Buraya siyasi dialoq (təhlükəsizlik məsələləri, xarici
siyasət və s.), ədliyyə (insan hüquqları və s.), iqtisadiyyat və sosial-humanitar
sahələr üzrə danışıqlar daxildir.
Qeyd etmək lazımdır ki, Praqa sammitində qəbul edilmiş Birgə
Bəyannamədə ŞT-nin əsas məqsədləri və prinsipləri müəyyən edildi. Eyni za-
manda, Bəyannamənin 15-ci bəndində Avropa Parlamenti ilə ŞT ölkələrinin
parlamentlərindən ibarət birgə parlamentin təsis edilməsi nəzərdə tutulurdu
və həmin birgə parlament təsisatı AvroNest Parlament Assambleyası adlandı-
rıldı [9]. AvroNest Parlament Assambleyasının təsis konfransı 2-3 may 2011-ci
il tarixində Brüsseldə keçirildi. Konfrans çərçivəsində AvroNest PA-nın Təsisat
Aktı [3] və Prosedur qaydaları [13] qəbul edilərək imzalandı. Azərbaycan Res-
publikası Milli Məclisinin nümayəndə heyəti bu iclasda iştirak etdi və AvroNest
PA-nın təsis sənədini imzaladı. Təsis konfransı zamanı AvroNest PA-nın Bürosu,
komitələri və işçi qrupları formalaşdırıldı.
AvroNest PA iki komponentdən – bir tərəfdən Avropa Parlamenti-
nin, digər tərəfdən isə Şərq Tərəfdaşı olan ölkələrin parlamentlərinin
nümayəndələrindən – ibarət olan Parlament Assambleyası kimi fəaliyyətə
başladı. Qurumun ilk plenar sessiyası 14-15 sentyabr 2011-ci il tarixində Fran-
sanın Strasburq şəhərində keçirildi və bu plenar sessiya zamanı Ermənistan
nümayəndə heyətinin destruktiv mövqe nümayiş etdirməsi səbəbindən heç
bir sənəd qəbul edilmədi.
AvroNest PA-nın ikinci növbəti plenar sessiyası 2-4 aprel 2012-ci il tarixində
Bakıda keçirildi. Bu, mühüm hadisə idi. Belə ki, plenar sessiya ilk dəfə olaraq
Avropa İttifaqı hüdudlarından kənarda keçirilirdi və sessiyaya ev sahibliyini ŞT
ölkələrindən olan Azərbaycan edirdi. AvroNest PA-nın ikinci növbəti sessiyası
uğurla başa çatdı. Sessiya zamanı komitələr üzrə məruzələr dinlənildi və plenar
iclasda yekun qətnamə qəbul edildi. Bu sənədlər AvroNest PA-nın plenar ses-
siyaları zamanı qəbul edilmiş ilk sənədlər oldu və qurumun beynəlxalq təşkilat
kimi özünü təsdiqləməsində vacib əhəmiyyət kəsb edirdi.
Dostları ilə paylaş: |