Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında


GÖMRÜK QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR



Yüklə 3,89 Mb.
səhifə15/47
tarix21.10.2017
ölçüsü3,89 Mb.
#6274
1   ...   11   12   13   14   15   16   17   18   ...   47

GÖMRÜK QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR

Maddə 258. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsi


Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsinə, yəni Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdiyi yerlərdən kənar və ya gömrük rəsmiləşdirilməsi icraatının müəyyən edilmiş vaxtından kənar keçirilməsinə görə, bu az miqdarda olduqda -

inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək miqdarda cərimə edilir.



Qeyd: Bu Məcəllənin 258-260-cı maddələrində və 261.1-ci maddəsində "az miqdarda olduqda" dedikdə dörd min manatadək olan məbləğ, 262-ci maddəsində "az miqdarda olduqda" dedikdə iyirmi min manatadək olan məbləğ, 290-cı maddəsində "az miqdarda olduqda" dedikdə isə iki min manatadək olan məbləğ başa düşülür.623

Maddə 259. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların gömrük nəzarətindən gizlədilməsi


Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların gömrük nəzarətindən gizlədilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməsinə, yaxud bir qəbildən olan malların digər şəklə salınmasına görə, bu az miqdarda olduqda -

inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək miqdarda cərimə edilir.


Maddə 260. Sənədlərdən və ya eyniləşdirmə vasitələrindən aldatma yolu ilə istifadə etməklə malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi


Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanına gömrük məqsədləri üçün doğru olmayan məlumatları əks etdirən sənədlər, yaxud digər mallara və nəqliyyat vasitələrinə aid olan sənədlər təqdim edilməsinə və ya saxta eyniləşdirmə vasitələrindən istifadə edilməsinə görə, bu az miqdarda olduqda -

inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək miqdarda cərimə edilir.


Maddə 261. Malların və nəqliyyat vasitələrinin bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi


261.1. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməməsinə və ya düzgün bəyan edilməməsinə görə, bu az miqdarda olduqda -

inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək miqdarda cərimə edilir.

261.2. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi, onların tələb olunan gömrük rejimi altında yerləşdirilməsi, gömrük ödənişlərinin məbləği haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə -

fiziki şəxslər iyirmi manatdan əlli manatadək miqdarda, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir.624


Maddə 262. Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması


Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvəkkil olunmuş bankının hesabına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə, bu az miqdarda olduqda -

inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin beş faizindən əlli faizinədək miqdarda cərimə edilir.


Maddə 263. Gömrük nəzarəti zonası rejiminin pozulması


Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti zonasının sərhədlərindən keçməyə və ya onun hüdudlarında hərəkət etməyə, istehsal və digər kommersiya fəaliyyəti ilə məşğul olmağa, yaxud gömrük nəzarəti zonası rejimini başqa şəkildə pozmağa görə -

fiziki şəxslər iyirmi manatdan əlli manatadək miqdarda, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir.625


Maddə 264. Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi


Əgər belə məlumat qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyata alınmışsa, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxta çatdırılmamasına görə -

fiziki şəxslər iyirmi manatdan əlli manatadək miqdarda, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir.626


Maddə 265. Qəza və ya qarşısıalınmaz qüvvənin təsiri zamanı tədbir görülməməsi


265.0. Qəza və ya qarşısıalınmaz qüvvənin təsiri zamanı qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməməsinə, yəni:

265.0.1. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerə çatdırılmaq üçün qəbul edilmiş və ya tranzitlə keçirilən malların və nəqliyyat vasitələrinin qorunmasının təmin edilməməsinə;

265.0.2. icazə olmadan onlardan istifadəyə yol verilməsinə;

265.0.3. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına işin halları, malların və nəqliyyat vasitələrinin olduğu yer barədə məlumatın verilməməsinə;

265.0.4. ən yaxın olan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına malların və nəqliyyat vasitələrinin daşınmasının təmin edilməməsinə;

265.0.5. malların və nəqliyyat vasitələrinin olduğu yerə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin gətirilməməsinə görə -

inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin iki faizindən on faizinədək miqdarda cərimə edilir.

Maddə 266. Malların, nəqliyyat vasitələrinin və onlara aid olan sənədlərin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan verilməsi və ya Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına çatdırılmaması


266.1. Gömrük nəzarəti altında olan malların, nəqliyyat vasitələrinin və onlara aid olan sənədlərin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmiş müddətə çatdırılmamasına görə -

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan əlli manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yetmiş manatdan yüz manatadək miqdarda cərimə edilir, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir.627

266.2. Gömrük nəzarəti altında olan mallara və nəqliyyat vasitələrinə aid Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına verilmək üçün qəbul edilmiş gömrük sənədlərinin və ya digər sənədlərin itirilməsinə və ya çatdırılmamasına görə -628

xəbərdarlıq edilir və ya yetmiş manatdan yüz manatadək miqdarda cərimə edilir.629

266.3. Gömrük nəzarəti altında olan malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan verilməsinə və ya Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerə çatdırılmamasına, yaxud itirilməsinə görə -

inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin iyirmi faizindən yüz faizinədək miqdarda cərimə edilir.


Maddə 267. Malların və nəqliyyat vasitələrinin çatdırıldığı yerdə təqdim edilməməsi və onlara aid sənədlərin verilməməsi


Malların və nəqliyyat vasitələrinin çatdırıldığı yerdə təqdim edilməməsinə və onlara aid sənədlərin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına verilməməsinə görə -

fiziki şəxslər iyirmi manatdan əlli manatadək miqdarda, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir.630


Maddə 268. Azərbaycan Respublikasının gömrük sərhədindən nəqliyyat vasitələrinin keçirilməsi qaydasının pozulması


Azərbaycan Respublikasının gömrük sərhədindən keçən nəqliyyat vasitələrinin və ya mal qismində Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerdə saxlanılmamasına, yaxud gömrük nəzarəti altında olan nəqliyyat vasitəsinin və ya mal qismində olan nəqliyyat vasitəsinin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan dayandığı yerdən yola salınmasına görə -

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan əlli manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yetmiş beş manatdan yüz əlli manatadək miqdarda cərimə edilir, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir.631


Maddə 269. Gömrük nəzarəti altında olan gəmiyə və digər üzən vasitələrə yan alma


Gömrük nəzarəti altında olan gəmiyə və digər üzən vasitələrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gəmilərin və digər üzən vasitələrin yan almasına görə -

fiziki şəxslər əlli manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər yetmiş beş manatdan yüz əlli manatadək, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir.632


Maddə 270. Gömrük rəsmiləşdirilməsinin icraatı qaydasının pozulması


Gömrük rəsmiləşdirilməsinin icraatı qaydasının pozulmasına, yəni gömrük rəsmiləşdirilməsinin başlanması və başa çatması, onun keçirilmə yeri, vaxtı və üsulu barədə müəyyən olunmuş tələblərə riayət edilməməsinə və ya gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydasının tətbiqi barədə qanunvericiliklə müəyyən edilməmiş iddialar irəli sürülməsinə, yaxud gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydasının tətbiqi şərtlərinə əməl edilməməsinə görə -

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan əlli manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yetmiş beş manatdan yüz əlli manatadək miqdarda cərimə edilir, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir.633


Maddə 271. Barəsində gömrük rəsmiləşdirilməsi başa çatmamış mallar və nəqliyyat vasitələri ilə aparılan qanunsuz əməliyyatlar, onların vəziyyətinin dəyişdirilməsi, onlardan istifadə olunması və onlar üzərində sərəncam verilməsi


Barəsində gömrük rəsmiləşdirilməsi başa çatmamış mallar və nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş tələbləri və şərtləri pozmaqla aparılan əməliyyatlara və ya onların vəziyyətinin dəyişdirilməsinə, yaxud onlardan istifadə edilməsinə və onlar üzərində sərəncam verilməsinə görə -

inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin on faizindən yüz faizinədək miqdarda cərimə edilir.


Maddə 272. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan aparılan yük əməliyyatları və digər əməliyyatlar


Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə -

fiziki şəxslər əlli manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir.634


Maddə 273. Eyniləşdirmə vasitələrinin dəyişdirilməsi, məhv edilməsi, zədələnməsi və ya itirilməsi


Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi eyniləşdirmə vasitələrinin dəyişdirilməsinə, məhv edilməsinə, zədələnməsinə və ya itirilməsinə görə -

fiziki şəxslər iyirmi manatdan əlli manatadək miqdarda, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir.635


Maddə 274. Malları və nəqliyyat vasitələrini bəyanetmə qaydasının pozulması


Malları və nəqliyyat vasitələrini bəyanetmə qaydasının pozulmasına, yəni bəyanetmə forması və yeri barədə, onun icra prosedurası barədə (o cümlədən bəyanetmə zamanı müvəqqəti, natamam, yaxud dövri bəyannamədən istifadə edilməsi barədə) qanunvericiliklə müəyyən olunmuş tələblərə riayət edilməməsinə görə -

fiziki şəxslər iyirmi manatdan əlli manatadək miqdarda, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir.636


Maddə 275. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gömrük bəyannaməsinin, sənədlərin və əlavə məlumatların təqdim edilməsi müddətinin pozulması


Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına onun müəyyən etdiyi müddətlərdə mallara və nəqliyyat vasitələrinə aid olan gömrük bəyannaməsinin və ya gömrük məqsədləri üçün tələb olunan digər sənədlərin və əlavə məlumatların təqdim edilməməsinə görə -

fiziki şəxslər iyirmi manatdan əlli manatadək miqdarda, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir.637


Maddə 276. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsinin gömrük nəzarəti keçirilməsi üçün əraziyə və binalara daxil olmasına maneçilik törədilməsi


Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsinin gömrük nəzarətindən keçirilməli olan malların və nəqliyyat vasitələrinin, həmin nəzarətin həyata keçirilməsi üçün zəruri sənədlərin ola biləcəyi binaya və ya əraziyə, yaxud icrasına nəzarət Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına həvalə olunmuş fəaliyyətin həyata keçirildiyi binaya və əraziyə qanunvericiliklə müəyyən edilmiş qaydada daxil olmasına maneçilik törədilməsinə görə -

fiziki şəxslər iyirmi manatdan əlli manatadək miqdarda, vəzifəli şəxslər yüz manatdan yüz əlli manatadək miqdarda cərimə edilir.638


Maddə 277. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına hesabat təqdim edilməməsi və ya uçot aparılması qaydasına riayət edilməməsi


Gömrük nəzarəti altında olan, yaxud sərbəst gömrük zonalarının ərazilərinə və sərbəst anbarlara gətirilən, aparılan, saxlanılan, emal olunan, hazırlanan, alınan və satılan mallar barədə qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına hesabat verilməməsinə və ya həmin malların uçotunun aparılması qaydasının pozulmasına görə -

xəbərdarlıq edilir və ya yüz əlli manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir.639


Maddə 278. Müvəqqəti saxlanc anbarı rejiminin pozulması


Müvəqqəti saxlanc anbarında yerləşmə müddəti müəyyən olunmuş son saxlanc müddətini keçmiş malların və nəqliyyat vasitələrinin gömrük rejiminə müvafiq olaraq buraxılmasının və ya sərəncama götürülməsinin təmin edilməsi üzrə tədbirlər görülməməsinə görə -

inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud onların dəyərinin otuz faizindən yüz faizinədək miqdarda cərimə edilir.


Maddə 279. Malların saxlanca qoyulması və onlarla əməliyyatların aparılması qaydalarının pozulması


Malların saxlanca qoyulması və onların saxlanma qaydasının və müddətlərinin və ya gömrük anbarlarında, müvəqqəti saxlanc və sərbəst anbarlarda mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə -

fiziki şəxslər əlli manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər yüz manatdan yüz əlli manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir.640


Maddə 280. Malların emal edilməsi qaydasının pozulması


Malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat miqdarı, emal mәhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmasına görə -

inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin on faizindən yüz faizinədək miqdarda cərimə edilir.641


Maddə 281. Sərbəst gömrük zonalarında və sərbəst anbarlarda istehsal və digər kommersiya fəaliyyətinin həyata keçirilməsi, binaların, tikililərin və qurğuların tikilməsi qaydasının pozulması


Sərbəst gömrük zonalarında və sərbəst anbarlarda istehsal və digər kommersiya fəaliyyətinin həyata keçirilməsi qaydasının pozulmasına, yaxud sərbəst gömrük zonalarında qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla binaların, tikililərin və qurğuların tikilməsinə görə -

fiziki şəxslər əlli manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər yüz manatdan iki yüz əlli manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir.642


Maddə 282. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmaması, yaxud həmin əraziyə qaytarılmaması


282.1. Müəyyən olunmuş müddətlərdə əvvəllər gətirilmiş malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamasına, əgər bu cür aparılma və ya qaytarılma məcburidirsə, əvvəllər aparılmış malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılmamasına görə -

inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin mallar və nəqliyyat vasitələrinin dəyərinin on faizindən yüz faizinədək miqdarda cərimə edilir.

282.2. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına geri aparılmanı və geri gətirilməni təsdiq edən, yaxud malların və nəqliyyat vasitələrinin qəza və ya qarşısıalınmaz qüvvənin təsiri, təbii aşınma və ya itki, yaxud xarici dövlət orqanlarının və vəzifəli şəxslərinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə qanunsuz hesab edilən hərəkətləri ilə əlaqədar sahiblikdən çıxması nəticəsində geri aparılmanın və geri gətirilmənin qeyri-mümkünlüyünü təsdiq edən etibarsız sənədlər təqdim edilməsinə görə -

inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin on faizindən yüz faizinədək miqdarda cərimə edilir.


Maddə 283. Malların məhv edilməsi qaydasının pozulması


Malların məhv edilməsi qaydasının pozulmasına, yəni malların məhv edilməsi və ya onların məhv edilməsi nəticəsində yaranmış tullantıların müvafiq gömrük rejimi altında yerləşdirilməsi üçün qanunvericiliklə müəyyən olunmuş tələblərə və şərtlərə əməl edilməməsinə görə -

fiziki şəxslər əlli manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər yüz manatdan iki yüz əlli manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir.643


Maddə 284. Müəyyən gömrük rejimi altında yerləşdirilmiş mallar və nəqliyyat vasitələri ilə qanunsuz əməliyyatlar aparılması, onların vəziyyətinin dəyişdirilməsi, onlardan istifadə edilməsi və onlar üzərində sərəncam verilməsi


Müəyyən gömrük rejimi altında yerləşdirilmiş mallar və nəqliyyat vasitələri ilə onların gömrük rejiminə uyğun olmayan əməliyyatların aparılmasına, onların vəziyyətinin dəyişdirilməsinə onlardan istifadə edilməsinə və ya onlar üzərində sərəncam verilməsinə, yaxud gömrük rejiminin qanunvericiliklə müəyyən edilən digər məhdudiyyətlərinə, tələblərinə və şərtlərinə əməl edilməməsinə görə -

inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin on faizindən yüz faizinədək miqdarda cərimə edilir.


Maddə 285. Mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən iqtisadi siyasət tədbirlərinin və digər məhdudiyyətlərin tətbiqi qaydasına əməl edilməməsi


Barəsində qanunvericiliklə müəyyən edilən iqtisadi siyasət tədbirləri və digər məhdudiyyətlər tətbiq edilən malların və nəqliyyat vasitələrinin, həmin tədbirlərin və məhdudiyyətlərin müəyyən olunmuş tətbiqi qaydası pozulmaqla Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinə görə -

inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin on faizindən yüz faizinədək miqdarda cərimə edilir.


Maddə 286. Malların Azərbaycan Respublikasının gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar şəklində keçirilməsi


İstehsal və digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar şəklində Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinə görə -

inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud onların dəyərinin on faizindən yüz faizinədək miqdarda cərimə edilir.


Maddə 287. Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilmiş malların və nəqliyyat vasitələrinin daşınması, saxlanması, əldə edilməsi, onlardan istifadə edilməsi və onlar üzərində sərəncam verilməsi


Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük nəzarətindən kənar və ya həmin nəzarətdən gizlədilərək və ya sənədlərdən və ya eyniləşdirmə vasitələrindən aldatma yolu ilə istifadə etməklə və ya bəyan edilmədən və ya düzgün bəyan edilmədən, yaxud gömrük qaydalarının digər şəkildə pozulması yolu ilə gətirilmiş malların və nəqliyyat vasitələrinin daşınması, saxlanması, əldə edilməsi, onlardan istifadə edilməsi və ya onlar üzərində sərəncam verilməsi və ya Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan barəsində gömrük ödənişləri üzrə güzəştlər verilmiş və güzəştlər verilməsi ilə bağlı olmayan digər məqsədlərlə istifadə olunmuş, yaxud özgəninkiləşdirilmiş malların və nəqliyyat vasitələrinin daşınmasına, saxlanmasına və əldə edilməsinə görə -

inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin on faizindən yüz faizinədək miqdarda cərimə edilir.


Maddə 288. Barəsində gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti buraxılmış mallardan istifadə edilməsi və onlar üzərində sərəncam vermə qaydasının pozulması


Barəsində gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti buraxılmış mallardan və nəqliyyat vasitələrindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan həmin güzəştlərin verilməsi üçün nəzərdə tutulmayan digər məqsədlərlə istifadə edilməsinə və onların üzərində sərəncam verilməsinə görə -

gömrük güzəştlərinin verilməsi ilə əlaqədar ödənilməmiş gömrük ödənişlərinin məbləğinin əlli faizdən yüz əlli faizinədək miqdarda cərimə edilir.


Maddə 289. Gömrük ödənişlərindən qanunsuz azad edilməsi, onların azaldılması və ya ödənilməsi müddətlərinin pozulması


289.1. Gömrük bəyannaməsində və gömrük məqsədləri üçün zəruri olan digər sənədlərdə gömrük ödənişlərindən azad etməyə və ya onların məbləğinin azaldılmasına əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük rejimi, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların bəyan edilməsinə görə -

ödənilməmiş gömrük ödənişlərinin məbləğinin əlli faizindən yüz əlli faizinədək miqdarda cərimə edilir.

289.2. Gömrük ödənişlərinin ödənilməsinin qanunvericiliklə müəyyən edilmiş müddətini pozmağa görə -

ödənilməli olan gömrük ödənişlərinin mәblәğinin əlli faizindən yüz faizinədək miqdarda cərimə edilir.


Maddə 290. Gömrük ödənişlərinin ödənilməsindən yayınma


Gömrük ödənişlərini ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda -

ödənilməli olan gömrük ödənişlərinin məbləğinin əlli faizindən yüz əlli faizinədək miqdarda cərimə edilir.


Maddə 291. Ödənilmiş gömrük ödənişlərinin qaytarılmasına, ödənclər və digər müavinətlər alınmasına, yaxud müvafiq əsaslar olmadan onların qaytarılmamasına yönəlmiş hərəkətlər


Ödənilmiş gömrük ödənişlərinin qaytarılmasına, ödənclərin və digər müavinətlərin alınmasına və ya qanunvericiliklə müəyyən olunmuş əsaslar olmadan onların qaytarılmamasına, yaxud tam olmayan həcmdə qaytarılmasına hüquq verən və özündə doğru olmayan məlumatları əks etdirən sənədlərin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsinə görə -

ödənilməmiş gömrük ödənişlərinin məbləğinin əlli faizindən yüz əlli faizinədək miqdarda cərimə edilir.


Maddə 292. Banklar və digər kredit təşkilatları tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının qərarlarının icra edilməməsi


Banklar və digər kredit təşkilatları tərəfindən gömrük ödənişlərinin mübahisəsiz qaydada tutulması, gömrük ödənişlərinin ödəyicisinin hesabları üzrə əməliyyatların dayandırılması haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının vəsatətlərinin icra edilməməsinə və ya həmin vəsatətlərin icrasının əsassız olaraq gecikdirilməsinə görə -

ödənilməmiş gömrük ödənişlərinin məbləğinin iyirmi faizindən yüz faizinədək miqdarda cərimə edilir.


Maddə 293. İdxal olunması üçün xüsusi razılıq (lisenziya) tələb olunan malların belə razılıq olmadan idxalı 644


İdxal olunması üçün xüsusi razılıq (lisenziya) tələb olunan malların belə razılıq olmadan idxalına görə -

inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin on faizindən yüz faizinədək miqdarda cərimə edilir.


Maddə 293-1. Aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan idxal edilməsi 645


Aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan az miqdarda idxal edilməsinə görə -

aksiz markası olmayan məhsullar (mallar) müsadirə edilməklə fiziki şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək miqdarda, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək miqdarda, hüquqi şəxslər min manatdan üç min manatadək miqdarda cərimə edilir.646



Qeyd: bu maddədə "az miqdarda" dedikdə, beş yüz manatadək olan məbləğ başa düşülür.647

Maddə 294. Gömrük brokeri kimi qanunsuz fəaliyyət göstərilməsi və ya bu cür fəaliyyət qaydalarının və şərtlərinin pozulması


294.1. Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri pozulmaqla gömrük brokeri kimi qanunsuz fəaliyyət göstərilməsinə görə -

üç yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir.648

294.2. Gömrük brokeri və ya onun işçilərinin qanunla mühafizə edilən sirlərdən və ya məlumatlardan öz məqsədləri üçün istifadə etmələrinə və ya qanunvericiliklə nəzərdə tutulan hallar istisna edilməklə üçüncü şəxslərə bu cür məlumatlar verməsinə, yaxud gömrük brokeri kimi fəaliyyət göstərilməsinin qanunvericiliklə müəyyən edilmiş digər qaydalarının və şərtlərinin pozulmasına görə -

vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir.649


Maddə 295. Gömrük daşıyıcısı kimi qanunsuz fəaliyyət göstərilməsi və ya bu cür fəaliyyətin şərtlərinin pozulması


295.1. Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri pozulmaqla gömrük daşıyıcısı kimi qanunsuz fəaliyyət göstərilməsinə görə -

üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir.650

295.2. Gömrük daşıyıcısı və ya onun işçilərinin qanunvericiliklə mühafizə edilən sirlərdən və ya məlumatlardan öz məqsədləri üçün istifadə etməsinə və ya qanunvericiliklə nəzərdə tutulan hallar istisna edilməklə üçüncü şəxslərə bu cür məlumatlar verməsinə, yaxud gömrük daşıyıcısı kimi fəaliyyət göstərilməsinin qanunvericiliklə müəyyən edilən digər şərtlərinin pozulmasına görə -

vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək miqdarda, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir.651



İyirmi ikinci fəsil

Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə