Meşə istifadəçisi Azərbaycan Respublikasının meşə qanunvericiliyi ilə müəyyən edilmiş
hallarda və şərtlərlə istifadəyə verənin razılığı ilə meşə fondu sahəsindən istifadə
hüququnu özünün hüquqi varisi olmayan şəxsə müqavilə əsasında verə bilər.
Meşə istifadəçisi olan şəxs vəfat etdikdə ona məxsus istifadə hüququ qanunvericilikdə
müəyyən edilmiş qaydada başqa şəxslərə keçə bilər.
Meşə istifadəçisi olan hüquqi şəxs yenidən təşkil edildikdə ona məxsus istifadə hüququ
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada yeni yaranan
hüquqi şəxsə keçir.
Meşə fondu sahələrindən (torpaqlarından) istifadə hüququnun başqasına keçməsi
müqaviləyə, meşəqırma biletinə, orderə, meşə biletinə dəyişikliklər etmək yolu ilə
rəsmiləşdirilir.
Maddə 17. Meşə fondu sahələrindən istifadə hüququnun həyata
keçirilməsi
Meşə istifadəçiləri meşə fondu sahələrindən istifadə hüququnu o vaxt sərbəst həyata
keçirirlər ki, bu, meşələrin və meşə fondu torpaqlarının vəziyyətini pisləşdirməsin, ətraf
mühitə zərər vurmasın, habelə başqa şəxslərin qanuni mənafelərinə xələl gətirməsin.
Azərbaycan Respublikasında meşə qanunvericiliyinin tələblərinə zidd məqsədlər və
üsullar ilə meşə fondu sahələrindən istifadə qadağandır.
Bu Məcəllədə və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna olmaqla,
dövlət hakimiyyəti orqanlarının meşə fondu sahələrindən istifadə sahəsində meşə
istifadəçilərinin fəaliyyətinə qarışmasına yol verilmir.
Maddə 18. Meşə fondu sahələrindən istifadə hüququnun
məhdudlaşdırılması və ya dayandırılması
Meşələrin, habelə meşə ilə örtülü olmayan meşə fondu torpaqlarının səmərəli istifadəsini,
mühafizəsini, qorunmasını və bərpasını, ölkənin müdafiəsini və dövlətin təhlükəsizliyini
təmin etmək, əhalinin sağlamlığını, ətraf mühiti, tarixi-mədəni və təbii irsi, fiziki
şəxslərin hüquqlarını və qanuni mənafelərini qorumaq zərurililiyi yarandığı hallarda meşə
fondu sahələrindən istifadə hüququ qanunvericiliklə müəyyən olunmuş qaydada
məhdudlaşdırıla və ya dayandırıla bilər.
Maddə 19. Meşə fondu sahələrindən istifadə hüququnun
məhdudlaşdırılması və ya dayandırılması qaydaları
Meşə fondu sahələrindən istifadə hüququ müvafiq icra hakimiyyəti orqanının
[«Azərbmeşə» İstehsalat Birliyi]
qərarı ilə aşağıdakı hallarda məhdudlaşdırıla və ya
dayandırıla bilər:
meşə istifadəçisi tərəfindən Azərbaycan Respublikası meşə qanunvericiliyinin
tələbləri pozulduqda;
meşə istifadəçisi tərəfindən icarə müqaviləsinin, meşəqırma biletinin, orderin,
meşə biletinin şərtlərinə əməl edilmədikdə.
Meşə fondu sahələrindən istifadə hüququnun məhdudlaşdırılmasına və ya
dayandırılmasına səbəb olan şərait və şərtlər aradan qaldırıldıqda bu hüquq tam həcmdə
bərpa olunur.
Meşə istifadəçisi onun meşə fondu sahəsindən istifadə hüququnun məhdudlaşdırılması və
ya dayandırılması barədə qərarla razılaşmadıqda məhkəməyə şikayət edə bilər.
Meşə fondu sahələrindən istifadə hüququnun məhdudlaşdırılması və ya dayandırılması
meşə istifadəçisini Azərbaycan Respublikasının meşə qanunvericiliyini pozduğuna görə
intizam, inzibati, mülki və cinayət məsuliyyətindən azad etmir.
Maddə 20. Meşə fondu sahələrindən istifadə hüququna xitam
verilməsinin əsasları
Meşə istifadəçisi meşə fondu sahələrindən istifadə hüququndan imtina etdikdə, istifadə
hüququnun müddəti başa çatdıqda meşə istifadəçisi olan hüquqi və fiziki şəxsin fəaliyyəti
dayandıqda, bu Məcəllə və Azərbaycan Respublikasının başqa qanunvericiliyi ilə nəzərdə
tutulmuş digər hallarda onun meşə fondu sahələrindən istifadə hüququna xitam verilir.
Meşə fondu sahələrindən istifadə hüququna məcburi xitam verilməsi yalnız aşağıdakı
hallarda həyata keçirilir:
meşə istifadəçisi tərəfindən Azərbaycan Respublikasının meşə qanunvericiliyi
pozulduqda;
fövqəladə vəziyyət törədən qəza, təbii fəlakət və bu kimi başqa hadisələr baş
verdikdə;
meşə istifadəçisi tərəfindən meşə fondu sahələrindən istifadə üçün haqq müəyyən
olunmuş müddətdə ödənilmədikdə;
meşə istifadəçisi tərəfindən meşə fondu sahələrindən (torpaqlarından) istifadə
qaydaları və ya icarə müqaviləsində, meşəqırma biletində, orderdə, meşə biletində
nəzərdə tutulmuş şərtlər pozulduqda;
meşə istifadəçisi tərəfindən yanğın təhlükəsizliyi sahəsində normaların,
standartların və qaydaların tələblərinə əməl edilmədikdə;
meşə fondu sahələri dövlət ehtiyacları üçün geri alındıqda.
Meşə fondu sahələrindən istifadə hüququna xitam verilməsi Azərbaycan Respublikasının
meşə qanunvericiliyinə görə meşə istifadəçisini intizam, inzibati, mülki və cinayət
məsuliyyətindən azad etmir. (
5
,
6
)
Maddə 21. Meşə fondu sahələrindən istifadə hüququna xitam
verilməsinin qaydaları
Meşə fondu sahələrindən istifadə hüququna meşə fondu sahəsinin (torpaqlarının) icarə
müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin ləğvi nəticəsində xitam
verilir.
Meşə istifadəçisi meşə fondu sahəsindən istifadə hüququndan imtina etdikdə bu hüquq
onun rəsmi ərizəsi əsasında dayandırılır.
Meşə fondu sahələrindən istifadə hüququna xitam verilməsi bu barədə meşə istifadəçisinə
rəsmi xəbər verməklə müvafiq icra hakimiyyəti orqanı
[«Azərbmeşə» İstehsalat Birliyi]
tərəfindən həyata keçirilir.