218.2. Payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və
digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş
verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət
hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi
gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı
isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər.
218.3. Pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər
hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, satıcının hüquq və vəzifələrinin
ona keçirilməsini məhkəmə qaydasında tələb etsin.
218.4. Payı satın almaqda üstünlük hüququnun güzəşt edilməsinə yol verilmir.
218.5. Bu maddənin qaydaları pay dəyişmə müqaviləsinə əsasən özgəninkiləşdirildikdə
də tətbiq edilir.
Maddə 219. Ümumi paylı mülkiyyət hüququndakı payın müqavilə üzrə əldə edənə keçməsi anı
219.1. Ümumi mülkiyyət hüququndakı pay, əgər tərəflərin razılaşmasında ayrı vaxt
nəzərdə tutulmayıbsa, müqavilənin bağlandığı andan müqavilə üzrə əldə edənə keçir.
219.2. Doğurduğu hüquqlar dövlət qeydiyyatına alınmalı olan müqavilə üzrə ümumi
mülkiyyət hüququndakı payın keçməsi anı həmin hüquqların dövlət qeydiyyatına alındığı
vaxtdan müəyyənləşdirilir.
Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması
220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar
arasında bölünə bilər.
220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın
ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin
mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər
payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya
tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin
paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın
onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi
və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə
naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya
ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real
surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm
mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı
mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya
bilər.
220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı
paya hüququnu itirir.
220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən
ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun
olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi
mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi
haqqında qərar qəbul edə bilər.
Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi
Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış
və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına
qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar
hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə
fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda
isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan
payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.
Maddə 222. Birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam
verilməsi
222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə
mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı
razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və
ondan birgə istifadə edirlər.
222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı
ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən
hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir.
222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin
razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi
haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi
əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi
səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o
halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu
sübuta yetirilsin.
222.4. Birgə mülkiyyətin digər mülkiyyətçiləri razılıq vermədikdə borclu ayrıca birgə
mülkiyyətçiyə olan tələbini əvəzləşdirə bilməz.
Maddə 223. Birgə mülkiyyət hüququna xitam verilməsi, birgə mülkiyyətdə olan əşyanın
bölünməsi və ondan pay ayrılması
223.1. Birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin
əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir.
223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya
onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan
müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər.
223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər
onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır.
223.4. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu
Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir.
Maddə 224. Ümumi mülkiyyətdəki paya tutmanın yönəldilməsi
224.1. Paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun
kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın
ayrılmasını tələb edə bilər.
224.2. Əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə
mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun
öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan
əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin
qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var
ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan
satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin.
Maddə 225. Ərlə arvadın ümumi mülkiyyəti
225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya
onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi
mülkiyyətidir.
225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan
birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun
mülkiyyətidir.
225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar,
ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa
da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır.
225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki,
nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına
Dostları ilə paylaş: |