Maddə 230. Yaşayış binasının tərkib hissələrinin vahidləri
Yaşayış binasının ayrı-ayrı tərkib hissələri və ya onların bölümləri xüsusi hüquqların
obyekti ola bilər; bu hissələr və bölümlər mənzil kimi və ya işgüzar və ya digər
məqsədlər üçün otaq vahidləri kimi qapalı olmalı və onların öz girişi olmalıdır, lakin
tərkiblərində ayrı-ayrı yardımçı otaqlar ola bilər. Bu cür vahidlər aşağıda «yaşayış
binasının tərkib hissələrinin vahidləri» adlandırılır.
Maddə 231. Yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətdə
hüquqları
231.1. Əgər daşınmaz əmlakın dövlət reyestrində yaşayış binasının tərkib hissəsinin
müəyyən mülkiyyətçisinin xeyrinə heç bir xüsusi hüquq qeydə alınmayıbsa, aşağıdakı
predmetlər və hüquqlar yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı
mülkiyyətindədir:
231.1.1. torpaq və bina tikilməsinə əsas verəcək tikintiyə vərəsəlik hüququ;
231.1.2. yaşayış binasının və onun tərkib hissələrinin digər mülkiyyətçilərinin
otaqlarının konstruksiyası, konstruktiv strukturu və möhkəmliyi üçün əhəmiyyət
daşıyan və binanın zahiri simasını və görkəmini müəyyənləşdirən tikinti
elementləri;
231.1.3. digər bu cür mülkiyyətçilərin öz otaqlarından istifadəsinə xidmət üçün
nəzərdə tutulan qurğular.
231.2. Binanın digər tikinti konstruksiyaları yaşayış binasının tərkib hissələri
mülkiyyətçilərinin sonrakı razılaşması ilə əsaslandırma aktında birgə konstruksiyalar elan
edilə bilər. Belə edilmədikdə ehtimal olunur ki, onlar xüsusi hüquqlara aid edilmişdir.
Maddə 232. Yaşayış binasının tərkib hissəsini əldə etməkdə üstünlük hüququnun
məhdudlaşdırılması
Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi yaşayış binasının tərkib hissəsinin digər
mülkiyyətçisindən onun payını əldə etmiş və ya sonrakı razılaşma yolu ilə bu cür
üstünlük hüququnu başqasına vermiş və qabaqcadan onu daşınmaz əmlakın dövlət
reyestrində qeydə aldırmış üçüncü şəxs barəsində əldə etmədə üstünlük hüququna malik
deyildir. Eynilə bu şəkildə müəyyənləşdirilə bilər ki, yaşayış binasının tərkib hissəsinin
özgəninkiləşdirilməsi, onun istifadə hüququ və ya mənzil hüququ ilə yüklü edilməsi,
habelə kirayəyə verilməsi yalnız o halda hüquqi qüvvəyə malikdir ki, yaşayış binasının
tərkib hissəsinin qalan mülkiyyətçiləri müvafiq qərar qəbul edərək, onlara məlumat
verildiyi andan 14 gün ərzində buna etiraz etməsinlər. Əgər etiraz tutarlı əsas olmadan
verilmişdirsə, etibarlı deyildir. Belə etiraza baxarkən məhkəmə etirazın əleyhdarının
xahişi ilə onun iddiasının təmin edilməsi barədə sərəncam verir.
Maddə 233. Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququnun qeydə alınması
233.1. Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət
reyestrində qeydiyyatla təsbit edilir. Qeydiyyat aşağıdakılar əsasında tələb edilə bilər:
233.1.1. mülkiyyətçilərin yaşayış binasının tərkib hissəsinə mülkiyyət
hüququndakı paylarının rəsmiləşdirilməsinə dair müqavilə;
233.1.2. daşınmaz əmlak mülkiyyətçisinin və ya müstəqil və sürəkli tikinti
hüququ sahibinin belə mülkiyyətin paylarının yaradılması və onların yaşayış
binasının tərkib hissəsinə mülkiyyət hüququna rəsmiləşdirilməsi barədə ərizəsi.
233.2. Əqdin etibarlı olması üçün onun notariat qaydasında təsdiqlənməsi və ya əgər
vəsiyyətnamə və ya miras bölgüsü haqqında müqavilə varsa, müvafiq forma zəruridir.
233.3. Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququnun əsaslandırılması aktında
ərazi bölgüsündən başqa, yaşayış binasının hər bir tərkib hissəsinin payı daşınmaz
əmlakın və ya tikinti hüququnun yüzdə bir və ya mində bir misli ilə göstərilməlidir.
Payların dəyərinin dəyişdirilməsi üçün yaşayış binasının tərkib hissələri
mülkiyyətçilərinin yığıncağının razılığı və icazəsi tələb olunur; lakin əgər mülkiyyətçinin
payı yanlış müəyyənləşdirilmişsə və ya binada və ya onun həndəvərində tikinti
dəyişiklikləri nəticəsində yanlış olmuşdursa, mülkiyyətçilərdən hər birinin düzəliş
hüququ vardır.
Maddə 234. Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququna xitam verilməsi
Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququna daşınmaz əmlakın və ya tikinti
hüququnun məhvi ilə və daşınmaz əmlakın dövlət reyestrində qeydlə xitam verilir. Əgər
bina onun dəyərinin yarısından çox ölçüdə dağılmışdırsa və mülkiyyətçi özü üçün, demək
olar, dözülməz yüklülüklər olmadan binanın bərpasına qadir deyildirsə, yaşayış binasının
tərkib hissəsinin istənilən mülkiyyətçisindən mülkiyyət hüququna xitam verilməsi tələb
edilə bilər, lakin yaşayış binasının tərkib hissələrinin mülkiyyətçiləri ümumi mülkiyyətə
sahibliyi davam etdirmək niyyətindədirlərsə, qalan mülkiyyətçilərə peşiman haqqı
ödəmək yolu ilə hüquqa xitam verilməsinin qarşısını ala bilərlər.
Maddə 235. Birgə idarəetmə xərcləri
235.1. Yaşayış binasının tərkib hissələrinin mülkiyyətçiləri birgə mülkiyyətin
yüklülüklərinin ödənilməsində və birgə idarəetmə xərclərində öz dəyər paylarına
mütənasib surətdə iştirak etməlidirlər. Mülkiyyətçilərin haqları hesabına ödənilməli olan
yüklülüklərə və xərclərə o cümlədən aşağıdakılar aiddir:
235.1.1. torpaq sahəsinin və yaşayış binasının birgə hissələrinin, habelə birgə
konstruksiyalarının və qurğularının saxlanmasına, cari təmirinə və
yeniləşdirilməsinə çəkilən xərclər;
235.1.2. idarəçiyə haqq ödənilməsi də daxil olmaqla, idarəetmə fəaliyyətinə
çəkilən xərclər;