Azərbaycan Respublikasının Seçki Məcəlləsi


On birinci fəsil. Referendum üzrə təşviqat qruplarının yaradılması və qeydiyyatı



Yüklə 1,1 Mb.
səhifə6/16
tarix31.08.2018
ölçüsü1,1 Mb.
#65653
1   2   3   4   5   6   7   8   9   ...   16

On birinci fəsil. Referendum üzrə təşviqat qruplarının yaradılması və qeydiyyatı

Maddə 61. Referendum üzrə təşviqat qrupu anlayışı

Referendum üzrə təşviqat qrupları referenduma çıxarılan məsələlərin lehinə və ya əleyhinə təşviqatın aparılması məqsədi ilə aktiv seçki hüququna malik olan Azərbaycan Respublikasının vətəndaşları tərəfindən yaradılan qurumlardır.



Maddə 62. Referendum üzrə təşviqat qruplarının fəaliyyət şərtləri

62.1. Referendum kampaniyasında iştirak edən referendum üzrə təşviqat qrupları bu Məcəllənin 2.6-cı maddəsində göstərilən şərtlərlə yanaşı aşağıdakı şərtlərə riayət etməlidirlər:

62.1.1. referendum kampaniyası zamanı referendum üzrə digər təşviqat qrupunun öz baxışlarını azad və sərbəst yaymaq hüququna hörmət bəsləmək;

62.1.2. seçicilərlə azad ünsiyyətin yaradılması üçün referendum üzrə digər təşviqat qrupuna mane olmamaq;

62.1.3. referendumun qanuni təsdiqlənmiş nəticələrinə hörmət bəsləmək, referendumla bağlı hər bir şikayəti səlahiyyətli orqana təqdim etmək və həmin orqanın bu şikayətlə bağlı qərarına riayət etmək.

Maddə 63. Referendum üzrə təşviqat qrupu yaradılmasının təşəbbüsçüləri

63.1. Referendum üzrə təşviqat qrupunun yaradılmasının 2 mindən az olmayan təşəbbüsçüləri Mərkəzi Seçki Komissiyasına yazılı bildiriş verirlər.

63.2. Referendum üzrə təşviqat qrupu yaradılmasının təşəbbüsçülərinin sayı 500-dən çox və 2 mindən azdırsa, bildiriş təşəbbüsçülərin əksəriyyətinin ərazisində yaşadıqları dairə seçki komissiyasına verilir.

63.3. Bildirişdə hər bir təşəbbüsçünün soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsi, verilmə tarixi, əsas iş və ya xidmət yeri, tutduğu vəzifəsi (bu olmadıqda — fəaliyyət növü) göstərilməlidir. Bildirişə referendum üzrə təşviqat qrupunun yaradılması təşəbbüsçülərinin səlahiyyətli nümayəndələrinin siyahısı əlavə edilir. Bildiriş məlumat xarakteri daşıyır və onun barəsində müvafiq seçki komissiyasında qərar çıxarılması tələb olunmur.

63.4. Müvafiq seçki komissiyası bildirişin alınması barədə təşəbbüsçülərə 5 gün müddətində yazılı məlumat verməlidir.

Maddə 64. Referendum üzrə təşviqat qrupu yaradılmasının təşəbbüsçülərinin (təşviqat qrupunun) səlahiyyətli nümayəndələri

64.1. Zəruri olan imzaların toplanmasının təşkil edilməsi məqsədi ilə və referendum üzrə təşviqat qrupunun yaradılmasının təşəbbüsçüləri adından bu Məcəllə ilə nəzərdə tutulan digər hərəkətlərin həyata keçirilməsi məqsədi ilə referendum üzrə təşviqat qrupunun yaradılmasının təşəbbüsçüləri səlahiyyətli nümayəndə (nümayəndələr) təyin edə bilərlər. Mərkəzi Seçki komissiyasında qeydiyyatdan keçən referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələrinin sayı 25-dən, dairə seçki komissiyasında isə qeydiyyatdan keçən referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələrinin sayı 5-dən artıq ola bilməz.

64.2. Referendum üzrə təşviqat qrupu qeydə alındıqdan sonra bu Məcəllənin 64.1-ci maddəsində göstərilən səlahiyyətli nümayəndə referendum üzrə təşviqat qrupunun qərarına əsasən həmin qrupun səlahiyyətli nümayəndəsi kimi öz səlahiyyətlərini saxlaya bilər.

64.3. Referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsinin təyin edilməsi müvafiq şəxsə notariat qaydasında təsdiq edilmiş vəkalətnamənin verilməsi yolu ilə həyata keçirilir. Həmin vəkalətnamə referendum üzrə təşviqat qrupunun bütün təşəbbüsçüləri adından verilməlidir.

64.4. Referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi öz səlahiyyətini soyadını, adını, atasının adını, doğum tarixini, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsini, yaşayış yerinin ünvanını, iş yerini, vəzifəsini və ya xidməti vəzifəsini (bunlar olmadıqda — fəaliyyət növünü) əks etdirən, maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə isə həm də maliyyə sənədlərinin və həmin sənədlər üçün möhürlərin nümunələrini əks etdirən, bu Məcəllənin 64.3-cü maddəsində göstərilən vəkalətnamə əsasında həyata keçirir. Həmin vəkalətnamə şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənədlə birlikdə təqdim edildikdə etibarlı sayılır.

64.5. Referendum üzrə təşviqat qrupunun təyin etdiyi səlahiyyətli nümayəndələrin siyahıları həmin qrupu qeydiyyata alan seçki komissiyasına təqdim edilir. Referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin siyahısında səlahiyyətli nümayəndələrin hər birinin soyadı, adı, atasının adı, doğum tarixi, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədinin seriyası, nömrəsi və verilmə tarixi, yaşayış yerinin ünvanı, əsas iş yeri və vəzifəsi (bu olmadıqda fəaliyyət növü), telefon nömrəsi göstərilməlidir. Müvafiq seçki komissiyasına təqdim edilmiş müvafiq siyahıya hər bir şəxsin səlahiyyətli nümayəndə olmağa razılığı barədə yazılı ərizəsi əlavə edilməlidir.

64.6. Referendum üzrə təşviqat qrupunun qərarı ilə yazılı formada xəbərdar etməklə, nümayəndənin səlahiyyətlərinə xitam verilə bilər; bu barədə qəbul edilmiş qərarın surəti qrupu qeydiyyata alan seçki komissiyasına və dairə seçki komissiyalarına göndərilməlidir. Bu qərar referendum üzrə təşviqat qrupu üzvlərinin səs çoxluğu ilə qəbul edilir və onu qəbul edənlər tərəfindən imzalanır. Bu halda referendum üzrə təşviqat qrupu başqa səlahiyyətli nümayəndə təyin edə bilər.

64.7. Referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin səlahiyyət müddəti onların təyin edildiyi vaxtdan başlanır və referendumun nəticələrinin rəsmi dərc edildiyi gündən gec olmayaraq başa çatır.



Maddə 65. Referendum üzrə təşviqat qrupunun yaradılması üçün seçici imzalarının toplanması qaydası

65.1. Referendum üzrə təşviqat qrupunun yaradılması üçün imzalar bu Məcəllənin 57-ci maddəsinə uyğun olaraq toplanır və rəsmiləşdirilir. İmza vərəqələri bu Məcəlləyə 4 saylı əlavəyə uyğun hazırlanır.

65.2. Referendum üzrə təşviqat qrupu yaradılmasının təşəbbüsçüləri Azərbaycan Respublikasının bütün ərazisində referendumqabağı təşviqatın aparılması niyyətində olduqda, onlar referendum üzrə təşviqat qrupunda üzvlüyə razılığa dair azı 40 min seçicinin imzasını azı 60 seçki dairəsinin ərazisində toplamalıdırlar. Bu halda bir seçki dairəsindən olan referendum üzrə təşviqat qrupunun potensial üzvlərinin sayı 100-dən az ola bilməz.

65.3. Referendum üzrə təşviqat qrupu yaradılmasının təşəbbüsçüləri Azərbaycan Respublikası ərazisinin bir hissəsində referendumqabağı təşviqatın aparılması niyyətində olduqda, onlar referendumqabağı təşviqatın aparılması nəzərdə tutulan hər bir seçki dairəsinin ərazisində referendum üzrə təşviqat qrupunda üzvlüyə dair azı 100 seçici imzası toplamalıdırlar.

65.4. Seçici öz iradəsinə uyğun olaraq referendum üzrə təşviqat qrupunda üzvlük haqqında yalnız bir dəfə imza etmək hüququna malikdir.

65.5. İmza toplandıqdan sonra imza vərəqəsi imza toplayan şəxs və referendum üzrə təşviqat qrupunun təşəbbüsçülərinin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. İmza toplayan şəxs imza vərəqəsinə imza qoymazdan əvvəl soyadını, adını, atasının adını, yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını və nömrəsini, verilmə tarixini göstərir.



Maddə 66. Referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün sənədlərin təqdim edilməsi

66.1. Referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün zəruri olan imzalar bu Məcəllənin 65.3-cü maddəsinə uyğun olaraq bir və ya bir neçə seçki dairəsinin ərazisində toplanıbsa, bu Məcəllənin 66.2-ci maddəsində göstərilən sənədlər ərazisində imzaların əksəriyyəti toplanmış müvafiq dairə seçki komissiyasına təqdim edilir; bu Məcəllənin 65.2-ci maddəsində göstərilən qaydada seçici imzalarını toplayan referendum üzrə təşviqat qrupları yaradılmasının təşəbbüsçüləri bu Məcəllənin 66.2-ci maddəsində göstərilən sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edirlər.

66.2. Referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün onun səlahiyyətli nümayəndəsi səsvermə gününə azı 35 gün qalmış saat 18.00-dək müvafiq seçki komissiyasına aşağıdakı sənədləri təqdim etməlidir:

66.2.1. toplanmış seçici imzaları olan imza vərəqələri;

66.2.2. seçici imzaları toplanmasının yekunu haqqında Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada tərtib edilmiş protokolun 2 nüsxəsi;

66.2.3. referendum üzrə təşviqat qrupunun yaradılması təşəbbüsçülərinin ilkin maliyyə hesabatı (seçici imzaları toplanmasının təşkilinə sərf edilən vəsait haqqında məlumatlar göstərilməklə).

66.3. Müvafiq seçki komissiyası sənədləri qəbul edərkən imza vərəqələri olan hər bir qovluğu möhürü ilə təsdiqləyir, təqdim olunmuş imza vərəqələri sayının seçici imzaları toplanmasının yekunu haqqında protokola uyğunluğunu yoxlayır, sonra isə onların qəbul edilmə tarixini və vaxtını qeyd edərək, referendum üzrə təşviqat qrupunun yaradılması təşəbbüsçülərinin səlahiyyətli nümayəndəsinə, qəbul edilmiş imza vərəqələrinin sayını və onlardakı imzaların sayını göstərməklə sənədlərin qəbulu barədə yazılı arayış verir. Həmin şəxslər tərəfindən müvafiq seçki komissiyasına müvafiq sənədlər bu Məcəllənin 66.2-ci maddəsində göstərilmiş müddət başa çatanadək təqdim edildikdə, onların qəbul edilməsindən imtina edilə bilməz, referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsinin müvafiq binaya (otağa) daxil olmasına məhdudiyyət qoyula bilməz.

66.4. Referendum üzrə təşviqat qrupunun qeydiyyatı müvafiq seçki komissiyasına seçici imzaları təqdim olunduqdan sonra aparılır.



Maddə 67. Referendum üzrə təşviqat qruplarının qeydə alınması üçün zəruri olan seçici imzalarının yoxlanılması

Referendum üzrə təşviqat qruplarının qeydə alınması üçün zəruri olan seçici imzalarının yoxlanılması bu Məcəllənin 59-cu maddəsində göstərilən qaydada həyata keçirilir.



Maddə 68. Referendum üzrə təşviqat qrupunun qeydə alınması

68.1. Müvafiq seçki komissiyası imza vərəqələrini və referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 7 gün müddətində referendum üzrə təşviqat qrupunun qeydə alınması barədə qərar və ya onun qeydə alınmasından imtina edilməsi barədə qərar qəbul etməlidir. Qeydə alma və ya qeydə almaqdan imtina barədə qərarda onun qəbul olunduğu tarix və vaxt göstərilir.

68.2. Referendum üzrə təşviqat qrupunun qeydə alınması barədə qərarın surəti müvafiq seçki komissiyası tərəfindən həmin qərarın qəbul edildiyi gündən etibarən bir gün müddətində referendum üzrə təşviqat qrupunun yaradılması təşəbbüsçülərinin səlahiyyətli nümayəndələrinə verilməli, həm də qeydə almaqdan imtina olunubsa, bunun əsasları göstərilməlidir. İmtina üçün aşağıdakılar əsas ola bilər:

68.2.1. bu Məcəllə ilə müəyyənləşdirilmiş imzaların toplanması qaydasının pozulması;

68.2.2. bu Məcəllənin 63, 65, 66.2 və 66.3-cü maddələrində göstərilən sənədlərin düzgün rəsmiləşdirilməməsi və ya olmaması;

68.2.3. referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün təqdim edilmiş etibarlı seçici imzalarının lazımi saydan az olması;

68.2.4. referendum üzrə təşviqat qrupunun maliyyə fondunun yaradılması qaydasının və ya onun vəsaitinin xərclənməsi qaydasının pozulması (bu əsas yalnız o vaxt tətbiq edilə bilər ki, əvvəllər bu cür pozuntuya görə xəbərdarlıq edilsin və ya cərimə tətbiq edilsin);

68.2.5. bu Məcəllənin 55-ci maddəsinin tələblərinin referendum üzrə təşviqat qrupu təşəbbüsçülərinin səlahiyyətli nümayəndəsi tərəfindən pozulması (bu əsas yalnız o vaxt tətbiq edilə bilər ki, əvvəllər bu cür pozuntuya görə xəbərdarlıq edilsin və ya cərimə tətbiq edilsin — bü cür pozuntu digər məsuliyyətə səbəb olmursa).

68.3. Bu Məcəllənin 68.2-ci maddəsində göstərilən hallar qeydiyyatdan imtina barədə qərarın çıxarılması üçün əsas götürüldükdə, qərar buraxılan səhvə (qüsura, pozuntuya) mütənasib olmalıdır.

68.4. Bu Məcəllənin 68.2.2-ci və 68.2.4-cü maddələrində göstərilən səbəblər olduqda, səhvlər və pozuntular müvafiq sənədlərdə referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi tərəfindən düzəlişlərin edilməsi yolu ilə aradan götürülə bilərsə, müvafiq seçki komissiyası səlahiyyətli nümayəndəni bu haqda 2 gün müddətində xəbərdar edir və onun tərəfindən müvafiq düzəlişlər edildikdən sonra referendum üzrə təşviqat qrupunu qeydə alır.

68.5. Cinayət məsuliyyətinə və ya inzibati məsuliyyətə səbəb ola biləcək hüquq pozuntusu əlamətləri aşkar edildikdə seçki komissiyası bu Məcəllənin pozulmasında təqsirli olan şəxslərin məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq sənəd və materialları hüquq-mühafizə orqanlarına göndərir.

68.6. Qeydə alınmış referendum üzrə təşviqat qrupunun hər bir səlahiyyətli nümayəndəsinə qeydiyyat vəsiqəsi verilir. Mərkəzi Seçki Komissiyası qeydə alınmış referendum üzrə təşviqat qrupları barədə məlumatları qeydiyyatdan sonra 48 saat müddətində kütləvi informasiya vasitələrinə təqdim edir. Dairə seçki komissiyaları referendum üzrə təşviqat qrupları barədə məlumatları səsvermə gününə azı 15 gün qalmış seçki komissiyasının otaqlarında, bu Məcəllənin 98.3-cü maddəsində nəzərdə tutulan məlumat lövhələrində yerləşdirirlər.



On ikinci fəsil. Qeydə alınmış namizədlərin və referendum üzrə təşviqat qruplarının statusu

Maddə 69. Qeydə alınmış namizədlərin və referendum üzrə təşviqat qruplarının bərabərliyi

69.1. Qeydə alınmış bütün namizədlər və referendum üzrə təşviqat qrupları onların statusları nəzərə alınmaqla bərabər hüquqa malikdirlər və bərabər vəzifələr daşıyırlar.

69.2. Dövlət orqanlarında işləyən və ya bələdiyyə qulluğunda olan və ya kütləvi informasiya vasitələrində əmək və mülki hüquq müqaviləsi əsasında işləyən qeydə alınmış namizədlər, referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələri seçki (referendum) kampaniyasında iştirak etdikləri müddətdə xidməti vəzifələrini yerinə yetirməkdən azad olunurlar (bu qayda Azərbaycan Respublikası Prezidentinə, Milli Məclisin deputatlarına və bələdiyyə üzvlərinə şamil edilmir), müvafiq əmrin (sərəncamın) təsdiq edilmiş surətini qeydiyyat günündən ən geci 3 gün ərzində onları qeydə almış seçki komissiyasına təqdim edirlər; onlar öz vəzifə və xidməti mövqeyindən imtiyaz qazanmaq və üstünlük əldə etmək məqsədi ilə istifadə edə bilməzlər.

69.3. Dövlət vəzifələrində olan qeydə alınmış namizədlər, referendum üzrə təşviqat qruplarının təşəbbüsçüləri, həmçinin bələdiyyə vəzifələrində olan qeydə alınmış namizədlər və referendum üzrə təşviqat qrupları yaradılmasının təşəbbüsçüləri öz vəzifə mövqelərindən üstünlük əldə etmək üçün istifadə edə bilməzlər.

69.4. Vəzifə və xidməti mövqedən üstünlük əldə etmək məqsədi ilə istifadə olunması nəticəsində bərabərlik prinsiplərinin pozulması halları bu Məcəllənin 55.2-ci maddəsi ilə müəyyənləşdirilir.

69.5. Dövlət vəzifələrində olan qeydə alınmış namizədlərin, referendum üzrə təşviqat qrupları yaradılması təşəbbüsçülərinin, həmçinin bələdiyyə vəzifələrində olan referendum üzrə təşviqat qrupları yaradılması təşəbbüsçüləri yalnız öz vəzifələrini icra etməkdən azad olunduğu vaxtda seçkiqabağı (referendumqabağı) təşviqat aparmaq hüququ vardır. Qeydə alınmış namizəd, referendum üzrə təşviqat qrupları tərəfindən bu Məcəllənin 81-ci maddəsinə uyğun olaraq televiziya və radio verilişlərinin pulsuz efir vaxtından istifadə etmə hallarına bu qaydalar şamil edilmir.

69.6. Vəzifəli şəxslər, teleradio verilişləri və kütləvi informasiya vasitələri redaksiyalarında işləyən jurnalistlər və yaradıcı işçilər qeydə alınmış namizəddirlərsə, referendum üzrə təşviqat qruplarının təşəbbüsçüləridirlərsə, yaxud qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri və ya səlahiyyətli nümayəndələridirlərsə, seçkilərin (referendumun) gedişinin kütləvi informasiya vasitələri ilə işıqlandırılmasında iştirak etmək onlara qadağan edilir.

69.7. Bu Məcəllənin 69.3—69.5-ci maddələri ilə müəyyənləşdirilmiş məhdudiyyətlərə əməl edilməsi Milli Məclisin deputatlarına, bələdiyyə üzvlərinə seçicilər qarşısında səlahiyyətlərini və vəzifələrini yerinə yetirməkdə mane olmamalıdır.

69.8. Qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının müvafiq olaraq vəkil edilmiş şəxsləri və səlahiyyətli nümayəndələri, qeydə alınmış namizədlərin vəkil edilmiş şəxsləri, referendum üzrə təşviqat qrupları yaradılmasının təşəbbüsçüləri, göstərilən şəxslərin təsisçisi, sahibi, üzvü və ya işçisi olduğu təşkilatlar, göstərilən şəxslərin və ya təşkilatların tapşırığı ilə hərəkət edən digər fiziki və hüquqi şəxslər xeyriyyə fəaliyyəti ilə məşğul ola bilməzlər. Göstərilən şəxslərin və təşkilatların fiziki və hüquqi şəxslərə, seçicilərə maddi və maliyyə, yaxud digər xidmətlər göstərmək təklifi ilə müraciət etməsi qadağandır. Namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupları üzvlərinin, onların səlahiyyətli nümayəndələrinin və vəkil edilmiş şəxslərinin adından və onların müdafiəsi üçün fiziki və hüquqi şəxslərin xeyriyyə fəaliyyəti ilə məşğul olması qadağandır.

69.9. Çıxarılıb.



Maddə 70. Qeydə alınmış namizədin fəaliyyətinin təminatları

70.1. Qeydə alınmış namizədin işlədiyi, qulluq etdiyi, oxuduğu, hərbi xidmətdə olduğu və ya hərbi xidmət keçdiyi dövlət orqanının, idarəsinin, təşkilatının və ya bələdiyyə orqanının, təşkilatının müdiriyyəti, hərbi hissənin komandiri müvafiq seçki komissiyasında namizədin qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ərizəsində və ya raportunda göstərilən müddət üçün onu işdən, tədrisdən, xidmətdən ödənilməyən məzuniyyət verilməsi əsasında istənilən gün və vaxt azad etməlidir. İşdən, tədrisdən, xidmətdən azad olunduğu halda, müvafiq seçki komissiyası seçkilərin hazırlanması və keçirilməsi üçün büdcədən ayrılmış vəsait hesabına namizədə onun orta aylıq əmək haqqı (təqaüdü) məbləğində, lakin qanunla müəyyənləşdirilmiş minimum əmək haqqının 20 mislindən çox olmayan haqq ödəməlidir. Qeydə alınmış namizədə pul kompensasiyası əsas iş (təhsil) və ya xidmət yeri üzrə əvəzi ödənilməyən məzuniyyətin verilməsi barədə əmrə əsasən xidməti vəzifədən azad edildiyi dövr üçün ödənilir.

70.2. Qeydə alınmış namizədə bu Məcəllə ilə müəyyən edilmiş nəqliyyat xərcləri onun qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ödənilir. Taksi və sifarişli nəqliyyat reyslərindən istifadə xərcləri ödənilmir. Şəhərkənarı və şəhərlərarası nəqliyyat xərcləri gediş-gəliş biletinin, şəhər nəqliyyatı üçün isə müvafiq müddətdə istifadə edilmiş gediş-gəliş biletlərinin təqdim edilməsi əsasında ödənilir.

70.3. Bu Məcəllənin 70.1-ci maddəsində göstərilən müddətdə qeydə alınmış namizəd dövlət orqanının, idarəsinin, təşkilatının və ya bələdiyyə orqanının, təşkilatının onların vəzifəli şəxslərinin təşəbbüsü ilə işdən, xidmətdən, təhsil müəssisəsindən çıxarıla bilməz və ya razılığı olmadan başqa işə, başqa yerdə işləməyə (oxumağa, xidmət keçməyə) keçirilə bilməz, habelə ezamiyyətə göndərilə bilməz, hərbi xidmətə və ya toplanışa çağırıla bilməz. Qeydə alınmış namizədin seçkilərdə iştirakı müddəti, qeydə alındığı gündən başlayaraq, işlədiyi ixtisas üzrə əmək stajına daxil edilir.

70.4. Qeydə alınmış namizəd bu Məcəllənin 70.1-ci maddəsində göstərilən müddətdə müvafiq prokurorun razılığı olmadan, namizəd kimi qeydə alındıqdan sonra törətdiyi əməllərə görə cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz və məhkəmə qaydasında müəyyənləşdirilən inzibati tənbeh tədbirlərinə məruz qala bilməz. Qeydə alınmış namizəd cinayət başında yaxalanarsa, tutula bilər. Belə razılıq verildikdə və ya qərar qəbul edildikdə, müvafiq prokuror və ya məhkəmə namizədin qeydə alındığı seçki komissiyasını bu barədə dərhal xəbərdar edir.

70.5. Qeydə alınmış namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi müvafiq dairə seçki komissiyasından hüdudları, ünvanı və telefonları göstərilməklə seçki məntəqələrinin, məntəqə seçki komissiyalarının siyahısını və səsvermə yerlərinin ünvanlarını ala bilər.

70.6. Qeydə alınmış namizəd dövlət orqanının, idarəsinin, təşkilatının və ya bələdiyyə orqanının, təşkilatının seçki komissiyasının hərəkəti (hərəkətsizliyi) nəticəsində ona dəymiş zərərin ödənilməsi məqsədi ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq məhkəməyə müraciət edə bilər.

Maddə 71. Qeydə alınmış namizədin seçkilərdə iştirakının şərtləri

71.1. Seçkilərdə iştirak edən qeydə alınmış namizəd bu Məcəllənin 2.6-cı maddəsində göstərilən şərtlərlə yanaşı aşağıdakı şərtlərə riayət etməlidir:

71.1.1. qeydə alınmış digər namizədlərin seçki kampaniyası zamanı öz siyasi ideyalarını və baxışlarını azad və sərbəst yaymaq hüququna hörmət bəsləmək;

71.1.2. qeydə alınmış digər namizədlərin, siyasi partiyaların, seçicilərin və ictimai təşkilatların hüquqlarına hörmət bəsləmək;

71.1.3. seçicilərlə azad ünsiyyətin yaradılmasında qeydə alınmış digər namizədlərə mane olmamaq.

Maddə 72. Vəkil edilmiş şəxslər

72.1. Qeydə alınmış namizədin, namizədi qeydə alınmış siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun vəkil edilmiş şəxs təyin etmək hüququ vardır. Göstərilən şəxslər namizədi, referendum üzrə təşviqat qrupunu qeydə almış müvafiq seçki komissiyası tərəfindən qeydə alınır. Vəkil edilmiş şəxslərinin təyin edilməsi barədə namizədin yazılı ərizəsinin və ya siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun təqdimatının, habelə vətəndaşın vəkil edilmiş şəxs olmaq barədə razılıq ərizəsinin daxil olduğu gündən başlayaraq 3 gün müddətində vəkil edilmiş şəxslər qeydə alınırlar. Ərizədə və ya təqdimatda vəkil edilmiş hər bir şəxsin soyadı, adı, atasının adı, doğum tarixi, əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda — fəaliyyət növü), yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası, nömrəsi və verilmə tarixi göstərilməlidir. Siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının müvafiq təqdimatlarına bu Məcəllənin 52-ci və 64-cü maddələrində müəyyən edilən qaydalar şamil edilir.

72.2. Vəkil edilmiş şəxslər müvafiq seçki komissiyasından lövhəcik alırlar.

72.3. Vəkil edilmiş şəxs qeydə alınmış namizədin seçilməsi ilə və ya referendumla bağlı təşviqat aparır və digər bu cür fəaliyyətlə məşğul olur. Vəkil edilmiş şəxs müşahidəçi hüququna malikdir.

72.4. Qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu müvafiq seçki komissiyasını xəbərdar etməklə, vəkil etdikləri şəxsi istənilən vaxt geri çağıra bilər və onların əvəzinə başqalarını təyin edə bilər. Belə xəbərdarlıq olduqda seçki komissiyası geri çağırılan vəkil edilmiş şəxsin vəsiqəsini ləğv edir. Vəkil edilmiş şəxs qeydə alınmış namizədi, habelə siyasi partiyanı, siyasi partiyaların blokunu, referendum üzrə təşviqat qrupunu xəbərdar etməklə, ona verilmiş vəsiqəni istənilən vaxt öz təşəbbüsü ilə müvafiq seçki komissiyasına qaytararaq öz səlahiyyətlərindən imtina edə bilər.

72.5. Vəkil edilmiş şəxslərin səlahiyyətləri müvafiq seçki komissiyasının onları qeydə aldığı gündən başlanır və seçkilərin (referendumun) ümumi nəticələrinin rəsmi dərc edilməsi günündən gec olmayaraq, habelə bu Məcəllənin pozulması barədə şikayət üzrə məhkəmə araşdırması gedirsə, məhkəmənin yekun qərarının qəbul edilməsi günündən gec olmayaraq, bu Məcəllənin 72.4-cü maddəsində göstərilən hallar istisna edilməklə, təmsil etdikləri namizədlərin, referendum üzrə təşviqat qruplarının statusunun itirilməsi ilə başa çatır.



Maddə 73. Referendum üzrə təşviqat qrupunun öz statusundan imtina etməsi

73.1. Referendum üzrə təşviqat qrupunun yaradılmasının səlahiyyətli nümayəndələri referendum üzrə təşviqat qrupunun yaradılması barədə bildirişi istənilən vaxt geri götürə bilərlər. Bu haqda müvafiq vəsatət referendum üzrə təşviqat qrupunun yaradılmasının səlahiyyətli nümayəndələri tərəfindən imzalanmalıdır. Bu cür vəsatət geri götürülmür.

73.2. Qeydə alınmış referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələri istənilən vaxt müvafiq seçki komissiyasına referendum üzrə təşviqat qrupunun qeydiyyatından imtina barədə ərizə ilə müraciət edə bilərlər. Bu cür ərizə referendum üzrə təşviqat qrupunun bütün səlahiyyətli nümayəndələri tərəfindən imzalanmalıdır. Daxil olmuş ərizə əsasında müvafiq seçki komissiyası referendum üzrə təşviqat qrupunun qeydiyyatının ləğvi barədə 1 gün müddətində qərar qəbul etməlidir.

Maddə 73-1. Namizədin namizədlik statusundan imtina etməsi

73-1.1. İrəli sürülmüş namizəd müvafiq seçki komissiyasını yazılı şəkildə xəbərdar edərək, namizəd olmağa razılığı barədə ərizəsini istənilən vaxt geri götürə bilər. Bu cür yazılı xəbərdarlıq geri götürülmür.

73-1.2. Qeydə alınmış namizəd səsvermə gününə azı 10 gün qalmış müvafiq seçki komissiyasına yazılı ərizə verərək namizədliyini geri götürə bilər. Belə ərizə geri götürülə bilməz. Daxil olmuş ərizə əsasında müvafiq seçki komissiyası ərizə vermiş namizədin qeydiyyatının ləğvi barədə 1 gün müddətində qərar qəbul edir. Qeydə alınmış namizəd öz namizədliyini bu Məcəllənin 73.3-cü maddəsində göstərilən məcburedici əsas olmadan geri götürürsə, müvafiq seçki komissiyası büdcədən ona verilmiş vəsaiti geri almalıdır.

73-1.3. Qeydə alınmış namizədin öz namizədliyini geri götürməsinə məcburedici əsas, habelə siyasi partiyanın, siyasi partiyalar blokunun qeydə alınmış namizədini geri çağırmasına məcburedici əsas dedikdə, qeydə alınmış namizədin məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilərək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan müvafiq tibbi ekspertiza orqanı tərəfindən təsdiqlənmiş ağır xəstəliyi və ya iştirakını mümkünsüz edən səbəblər nəticəsində namizədin seçki kampaniyası dövründə sağlamlığının pozulması başa düşülür.

73-1.4. Namizədin öz namizədliyini geri götürməsi haqqında məlumat mərkəzi, dairə və məntəqə seçki komissiyalarının bu Məcəllənin 98.3-cü maddəsində nəzərdə tutulan məlumat lövhələrində yerləşdirilir.

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə