Azərbaycan Respublikasının Seçki Məcəlləsi


Otuz dördüncü fəsil. Bələdiyyə seçkilərinə aid ümumi müddəalar



Yüklə 1,1 Mb.
səhifə14/16
tarix31.08.2018
ölçüsü1,1 Mb.
#65653
1   ...   8   9   10   11   12   13   14   15   16

Otuz dördüncü fəsil. Bələdiyyə seçkilərinə aid ümumi müddəalar

Maddə 210. Bələdiyyə seçkilərinin əsasları

210.1. Azərbaycan Respublikasında yerli özünüidarəni həyata keçirən bələdiyyələrin üzvləri nisbi çoxluq sistemi əsasında çoxmandatlı seçki dairələri üzrə seçilirlər.

210.2. Seçki əraziləri üzrə aşağıdakı sayda bələdiyyə üzvləri seçilir:

210.2.1. əhalisi 500-dən az olan ərazilərdə — 5 bələdiyyə üzvü;

210.2.2. əhalisi 500-dən 999-dək olan ərazilərdə — 7 bələdiyyə üzvü;

210.2.3. əhalisi 1000-dən 4.999-dək olan ərazilərdə — 9 bələdiyyə üzvü ;

210.2.4. əhalisi 5000-dən 9.999-dək olan ərazilərdə — 11 bələdiyyə üzvü;

210.2.5. əhalisi 10000-dən 19.999-dək olan ərazilərdə — 13 bələdiyyə üzvü;

210.2.6. əhalisi 20000-dən 49.999-dək olan ərazilərdə — 15 bələdiyyə üzvü;

210.2.7. əhalisi 50000-dən 99.999-dək olan ərazilərdə — 17 bələdiyyə üzvü;

210.2.8. əhalisi 100000-dən 299.999-dək olan ərazilərdə — 19 bələdiyyə üzvü.

Maddə 211. Bələdiyyələrin səlahiyyət müddəti

211.1. Bələdiyyələrin səlahiyyət müddəti 5 ildir.

211.2. Bələdiyyələrin səlahiyyət müddətinin hesablanması səsvermənin keçirildiyi gündən başlanır və yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır.

211.3. Bələdiyyə üzvlərinin səlahiyyətləri yalnız bələdiyyənin səlahiyyət müddətində qüvvədədir.



211.4. Ölkə üzrə bələdiyyə seçkilərinin keçirilməsinə 6 aydan az müddət qalarsa, yeni yaradılmış, birləşmiş ayrılmış, yaxud vaxtından əvvəl buraxılmış bələdiyyələrə seçkilər ölkə üzrə bələdiyyələrə seçkilər zamanı keçirilir.

Maddə 212. Bələdiyyələrə üzv seçilmək hüququ

Seçkilər günü 21 yaşı tamam olan (seçki günü də daxil olmaqla) və yaşı 21-dən yuxarı olan və müvafiq seçki dairəsində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları bələdiyyələrə üzv seçilə bilərlər.



Maddə 213. Bələdiyyə seçkilərinin təyin edilməsi

213.1. Bələdiyyə seçkilərini bu Məcəllənin 211.1-ci və 211.2-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası təyin edir.

213.2. Bələdiyyə seçkilərinin təyin edilməsi barədə qərar onun qəbul edildiyi gündən ən geci 2 gün ərzində kütləvi informasiya vasitələrində rəsmi dərc edilməlidir.

Otuz beşinci fəsil. Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi qaydası

Maddə 214. Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi

214.1. Seçki dairəsi üzrə bələdiyyə üzvlüyünə namizədləri siyasi partiyalar, siyasi partiyaların blokları, həmin seçki dairəsində daimi yaşayan seçki hüququ olan Azərbaycan Respublikasının vətəndaşları bu Məcəllənin 53 və 54-cü maddələrinə uyğun olaraq irəli sürə bilərlər.

214.2. Bələdiyyələrə təkrar seçkilərdə bələdiyyə üzvlüyünə namizədlər bu seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra irəli sürülür.

214.3. Bələdiyyələrə əlavə seçkilərdə bələdiyyə üzvlüyünə namizədlər bu Məcəllənin 213.2-ci maddəsində göstərilən müddətdən sonra irəli sürülür.

214.4. İrəli sürülən namizəd yalnız bir bələdiyyəyə namizəd irəli sürülməsinə razılıq verə bilər.

214.5. Bələdiyyə üzvlüyünə namizəd yalnız bir bələdiyyə üzvlüyünə namizəd kimi irəli sürülə və qeydiyyata alına bilər.

214.6. Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsinədək dairə seçki komissiyasının yaradılması başa çatmayıbsa, namizədin irəli sürülməsi haqqında bildiriş, müvafiq namizədlərin razılıq ərizələri və digər sənədlər Mərkəzi Seçki Komissiyasına göndərilir. Mərkəzi Seçki Komissiyası göstərilən sənədləri dairə seçki komissiyasının təşkilindən və sədrinin seçilməsindən sonra ona təqdim edir.

Maddə 215. Bələdiyyə üzvlüyünə namizədin müdafiəsi üçün seçici imzalarının toplanması qaydası

215.1. Müvafiq seçki ərazisi üzrə bələdiyyə üzvlüyünə namizəd kimi qeydə alınmaq üçün namizədliyi irəli sürülmüş hər bir vətəndaş:

215.1.1. əhalisi 99.999-dan çox olan ərazidə — 150;

215.1.2. əhalisi 49.999-dan çox olan ərazidə — 100;

215.1.3. əhalisi 19.999-dan çox olan ərazidə — 75;

215.1.4. əhalisi 9.999-dan çox olan ərazidə — 50;

215.1.5. əhalisi 4.999-dan çox olan ərazidə — 30;

215.1.6. əhalisi 4.999-dan az olan ərazidə — 15 seçici imzası toplamalıdır.

215.2. Seçicilərin bələdiyyə üzvlüyünə bir neçə namizədin müdafiəsi üçün imza etmək hüququ vardır.

215.3. Seçicilərin imzaları bu Məcəllənin 56-cı və 57-ci maddələrində göstərilən qaydada toplanır.



Otuz altıncı fəsil. Bələdiyyə üzvlüyünə qeydə alınmış namizədlər

Maddə 216. Bələdiyyə üzvlüyünə namizədin qeydə alınması

216.1. Bələdiyyə üzvlüyünə namizədlər bu Məcəllənin 60-cı maddəsində göstərilən qaydada qeydə alınırlar.

216.2. Bir şəxsin birdən çox bələdiyyə üzvlüyünə namizəd kimi qeydə alınmasına yol verilmir.

216.3. Bu Məcəllənin 214.5-ci maddəsində göstərilən qaydalar pozulduqda bələdiyyə üzvlüyünə namizədin əvvəlki qeydiyyatı etibarlı sayılır, qeydiyyat haqqında nisbətən gec qəbul edilmiş qərar isə müvafiq dairə seçki komissiyasının qərarı ilə ləğv edilir.

216.4. Qeydə alınmış bələdiyyə üzvlüyünə namizədlərin fəaliyyəti bu Məcəllənin 69- 71-ci maddələri ilə tənzimlənir.

216.5. Bələdiyyələr üzrə qeydə alınmış namizədlərin siyahısı səsvermə gününə azı 20 gün qalmış müvafiq dairə seçki komissiyaları tərəfindən bu Məcəllənin 77.3-cü və 77.4-cü maddələrində göstərilən dövri nəşrlərdə dərc edilir.



Maddə 217. Bələdiyyə seçkilərinin təxirə salınması

217.1. Bu Məcəllənin 58.1-ci maddəsində göstərilən müddətdə bələdiyyə üzrə heç bir namizəd qeydə alınmayıbsa və ya bu Məcəllənin 210-cu maddəsində göstərilən bələdiyyə üzvlərinin sayından az sayda namizəd qeydə alınıbsa, əlavə namizədlərin irəli sürülməsi və növbəti seçki hərəkətlərinin həyata keçirilməsi məqsədi ilə müvafiq bələdiyyə üzrə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən 2 ay müddətinə təxirə salınır.

217.2. Səsvermə gününədək bələdiyyə üzrə qeydə alınmış namizəd qalmazsa, yaxud bələdiyyə üzvlüyünə bir yerə qeydə alınmış bir namizəd qalarsa, seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən namizədlərin irəli sürülməsi və sonrakı hərəkətlərin edilməsi üçün bələdiyyə üzrə seçkilər 2 ay müddətinə təxirə salınır.

Maddə 218. Bələdiyyə üzvlüyünə qeydə alınmış namizədin nəqliyyat xərclərinin ödənilməsi

218.1. Bu Məcəllənin 70.2-ci maddəsinə uyğun olaraq bələdiyyə üzvlüyünə namizəd qeydə alındığı gündən seçkilərin yekunları rəsmi dərc edildiyi günədək müvafiq seçki ərazisində gəliş-gediş üçün ictimai nəqliyyatın bütün növlərindən (taksi və sifarişli reyslər istisna olmaqla) pulsuz istifadə etmək hüququna malikdir.

218.2. Bu cür ödəmələr dairə seçki komissiyasına ayrılan vəsait hesabına və təqdim edilmiş gediş-gəliş sənədləri əsasında həyata keçirilir.

Maddə 219. Bələdiyyə üzvlüyünə qeydə alınmış namizədin toxunulmazlığı

Bələdiyyə üzvlüyünə qeydə alınmış namizəd bu Məcəllənin 70.4-cü maddəsində nəzərdə tutulan qaydada yalnız müvafiq rayon prokurorunun razılığı ilə məsuliyyətə cəlb edilə bilər.



Maddə 220. Bələdiyyə üzvlüyünə qeydə alınmış namizədlərin vəkil edilmiş şəxslərinin sayı

220.1. Bələdiyyə üzvlüyünə qeydə alınmış namizədin 3-ə qədər vəkil edilmiş şəxs təyin etmək hüququ vardır. Göstərilən şəxslər dairə seçki komissiyası tərəfindən qeydə alınır.

220.2. Vəkil edilmiş şəxslərin statusu bu Məcəllənin 72-ci maddəsi ilə müəyyən edilir.

Maddə 221. Bələdiyyə üzvlüyünə namizədlərin namizədlik statusundan imtina etməsi

221.1. Bələdiyyə üzvlüyünə namizədlərin namizədlik statusundan imtina etməsi bu Məcəllənin 73-cü maddəsi ilə tənzimlənir.

221.2. Bu Məcəllənin 73.1-73.3-cü maddələrində göstərilən hərəkətləri etmiş şəxsin bu Məcəllədə nəzərdə tutulmuş qaydada və müddətdə istənilən digər bələdiyyə üzrə öz namizədliyini təkrar irəli sürmək hüququ vardır.

Maddə 222. Siyasi partiyanın, siyasi partiyalar blokunun bələdiyyə seçkilərində iştirak etməkdən imtina etməsi

222.1. Siyasi partiya öz nizamnaməsinə uyğun olaraq, siyasi partiyaların bloku isə ona daxil olan siyasi partiyaların səlahiyyətli nümayəndələrinin qərarı ilə səsvermə gününə azı 10 gün qalanadək istənilən vaxt müvafiq dairə seçki komissiyasına yazılı ərizə verərək, seçki dairəsi üzrə irəli sürülmüş bələdiyyə üzvlüyünə namizədi, qeydə alınmış bələdiyyə üzvlüyünə namizədi geri çağırmaq hüququna malikdir.

222.2. Bələdiyyə üzvlüyünə namizədlər irəli sürmüş siyasi partiya, siyasi partiyaların bloku səsvermə gününə azı 10 gün qalmış müvafiq dairə seçki komissiyasına yazılı ərizə verməklə, namizədləri irəli sürmüş orqanın qərarı ilə seçkilərdə iştirak etməkdən imtina edə bilər. Bu halda siyasi partiya, siyasi partiyaların bloku bələdiyyə üzvlüyünə namizədləri geri çağıra bilər.

222.3. Siyasi partiyalar blokunun tərkibinə daxil olan siyasi partiya səsvermə gününə azı 3 gün qalmış istənilən vaxt dairə seçki komissiyasına ərizə verməklə müvafiq siyasi partiyanın səlahiyyətli orqanının qərarı ilə bu siyasi partiyalar blokunun tərkibində seçkilərdə iştirak etməkdən imtina edə bilər.

222.4. Siyasi partiyalar blokunun tərkibində seçkilərdə iştirak etməkdən imtina edən siyasi partiya bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada müstəqil siyasi partiya kimi çıxış edə və ya digər siyasi partiyalar blokunun tərkibinə daxil ola bilər.

222.5. Siyasi partiyalar blokunun irəli sürdüyü bələdiyyə üzvlüyünə namizədləri dairə seçki komissiyası qeydə aldıqdan sonra, bu bloka daxil olmuş bütün siyasi partiyalar (birindən başqa) seçkilərdə iştirak etməkdən imtina edərlərsə, qalan siyasi partiya seçkilərdə siyasi partiyalar blokunun adı və rəmzləri saxlanılmaqla, siyasi partiyaların bloku kimi iştirak edə bilər. Bu, bələdiyyə üzvlüyünə namizədlərin qeydə alınmasından imtina edilməsi və ya qeydiyyatın ləğv edilməsi üçün əsas ola bilməz.

222.6. Siyasi partiyalar blokunun seçkilərdə iştirak etməkdən imtina etməsi ona daxil olmuş siyasi partiyaları seçkilərdə iştirak etmək hüququndan məhrum etmir; belə halda bu Məcəlləyə uyğun olaraq bələdiyyə üzvlüyünə namizədin təkrar irəli sürülməsi və digər zəruri seçki hərəkətlərinin həyata keçirilməsi tələb edilir.

Maddə 223. Bələdiyyə seçkiləri zamanı seçki komissiyasına nümayəndənin təyin edilməsi

Bələdiyyə seçkiləri zamanı Mərkəzi Seçki Komissiyasının tərkibinə bələdiyyələrin yarısından çoxunda namizədlər irəli sürən, dairə seçki komissiyasının tərkibinə isə dairənin ərazisindən bələdiyyələrin yarısından çoxunda namizədlər irəli sürən siyasi partiyalar, siyasi partiyaların blokları bir məşvərətçi səs hüquqlu üzv təyin edə bilərlər.



Otuz yeddinci fəsil. Bələdiyyə seçkilərinə hazırlıq

Maddə 224. Siyasi partiyaların, siyasi partiyalar bloklarının, bələdiyyə üzvlüyünə namizədlərin seçkiqabağı təşviqatının aparılması üçün xüsusi tələblər

224.1. Bələdiyyə üzvlüyünə namizədlərin seçkiqabağı təşviqatda iştirakı bu Məcəllənin on üçüncü fəsli ilə tənzimlənir.

224.2. Teleradio verilişləri təşkilatlarının ayırdıqları pulsuz efir vaxtının ümumi həcminin 1/3 hissəsi müvafiq olaraq bələdiyyələrin 1/3-dən çoxunda və ya yarısından çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına bu Məcəllənin 77.2-ci və 77.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla müzakirələrin, dəyirmi masaların, digər bu cür təşviqat tədbirlərinin keçirilməsi üçün ayrılır. Bu cür tədbirlərin keçirilməsi qaydaları Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir.

224.3. Bu Məcəllənin 77.2-ci və 77.3-cü maddələrində göstərilən teleradio verilişləri təşkilatlarının kanallarında birgə təşviqat tədbirlərinin keçirilməsi üçün efir vaxtı göstərilən siyasi partiyalar, siyasi partiyaların blokları üçün ayrılır, hesablanır və ayrı-ayrılıqda həyata keçirilir. Bu cür pulsuz efir vaxtından siyasi partiyalar, siyasi partiyaların blokları bərabər əsasla istifadə etməlidirlər. Bu halda hər bir siyasi partiya, siyasi partiyaların bloku tərəfindən istifadə edilən efir vaxtının həcmi ayrıca müəyyənləşdirilir.

224.4. Bu Məcəllənin 71.1-ci maddəsində göstərilən teleradio verilişləri təşkilatlarının efir vaxtından ödənişli əsaslarla istifadə norması onun ümumi həcminin bu Məcəllənin 77.4-cü maddəsində göstərilən bələdiyyə üzvlüyünə namizədlərin ümumi sayına bölünməsi yolu ilə müəyyənləşdirilir.

224.5. Bu Məcəllənin 71.1-ci maddəsində göstərilən dövri nəşr səhifələrində ayrılan, bu Məcəllənin 77.4-cü maddəsinə uyğun olaraq bələdiyyə üzvlüyünə namizədlərin ümumi sayına bölünmə yolu ilə müəyyən edilən yerdən axırıncılar müvafiq ödəniş müqabilində istifadə edə bilərlər.

224.6. Qeydə alınmış namizədlərin, bələdiyyələrin 1/3-dən və ya yarısından çoxunda namizədləri qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının bu Məcəllənin 224.2-ci maddəsində göstərilən tədbirlərdə iştirakdan imtina etməsi bu Məcəllənin 80.6-cı maddəsinə uyğun olaraq pulsuz təqdim edilən efir vaxtı həcminin artırılmasına səbəb olmur.

Maddə 225. Siyasi partiyaların, siyasi partiyalar bloklarının, bələdiyyə üzvlüyünə namizədlərin seçki fondları

225.1. Bələdiyyə üzvlüyünə namizədlərin seçki fondları aşağıdakı pul vəsaiti hesabına formalaşa bilər:

225.1.1. bu Məcəllənin 215.1.1-ci maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün 10 min manatdan çox olmamaq şərti ilə, bu Məcəllənin 215.1.2-ci maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 7 min 500 manatdan çox olmamaq şərti ilə, bu Məcəllənin 215.1.3-cü maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 5 min manatdan çox olmamaq şərti ilə, bu Məcəllənin 215.1.4-cü maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 2 min 500 manatdan çox olmamaq şərti ilə, bu Məcəllənin 215.1.5-ci maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 1 min 250 manatdan çox olmamaq şərti ilə, bu Məcəllənin 215.1.6-cı maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 750 manatdan çox olmamaq şərti ilə bələdiyyə üzvlüyünə namizədlərin xüsusi vəsaiti;

225.1.2. bu Məcəllənin 215.1.1-ci maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər 7 min 500 manatdan çox olmamaq şərti ilə, bu Məcəllənin 215.1.2-ci maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 5 min manatdan çox olmamaq şərti ilə, bu Məcəllənin 215.1.3-cü maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 3 min 750 manatdan çox olmamaq şərti ilə, bu Məcəllənin 215.1.4-cü maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 2 min 500 manatdan çox olmamaq şərti ilə, bu Məcəllənin 215.1.5-ci maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 1 min 250 manatdan çox olmamaq şərti ilə, bu Məcəllənin 215.1.6-cı maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 500 manatdan çox olmamaq şərti ilə bələdiyyə üzvlüyünə namizədləri irəli sürmüş siyasi partiyaların, siyasi partiyalar bloklarının vəsaiti;

225.1.3. çıxarılıb

225.1.4. 500 manatdan çox olmayan vətəndaşların könüllü ianələri;

225.1.5. bu Məcəllənin 215.1.1-ci maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün 10 min manatdan çox olmamaq şərti ilə, bu Məcəllənin 215.1.2-ci maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün - 7 min 500 manatdan çox olmamaq şərti ilə, bu Məcəllənin 215.1.3-cü maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 3 min 750 manatdan çox olmamaq şərti ilə, bu Məcəllənin 215.1.4-cü maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 2 min 500 manatdan çox olmamaq şərti ilə, bu Məcəllənin 215.1.5-ci maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 1 min 250 manatdan çox olmamaq şərti ilə, bu Məcəllənin 215.1.6-cı maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 750 manatdan çox olmamaq şərti ilə hüquqi şəxslərin könüllü ianələri.

225.2. Bu Məcəllənin 215.1.1-ci maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlərin maliyyə fondu məbləğinin yuxarı həddi 50 min manatdan çox, bu Məcəllənin 215.1.2-ci maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 37 min 500 manatdan çox, bu Məcəllənin 215.1.3-cü maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 25 min manatdan çox, bu Məcəllənin 215.1.4-cü maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 12 min 500 manatdan çox, bu Məcəllənin 215.1.5-ci maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 7 min 500 manatdan çox, bu Məcəllənin 215.1.6-cı maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 5 min manatdan çox ola bilməz.

225.3. Bələdiyyələr onların ərazilərində irəli sürülən namizədlərin seçki fondlarına bərabər şəkildə vəsait ayıra bilərlər.

225.4. Bələdiyyələrin 1/3-dən çoxunda namizəd irəli sürmüş və ya namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları vahid seçki fondu yarada bilərlər.

225.5. Siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondları yalnız aşağıdakı pul vəsaiti hesabına formalaşır:

225.5.1. siyasi partiyaların, siyasi partiyalar bloklarının 250 min manatdan çox olmamaq şərti ilə, xüsusi vəsaiti (siyasi partiyalar blokunun bu xüsusi vəsaiti seçki blokunu yaratmış siyasi partiyaların verdiyi vəsaitlər hesabına formalaşır);

225.5.2. çıxarılıb

225.5.3. vətəndaşların və hüquqi şəxslərin könüllü ianələri. Könüllü ianələrin həddi vətəndaş üçün 750 manatdan , hüquqi şəxs üçün 25 min manatdan çox ola bilməz.

225.6. Siyasi partiyanın, siyasi partiyalar blokunun seçki fondu vəsaitinin yuxarı həddi bu Məcəllənin 225.3-cü maddəsində göstərilən məbləğin irəli sürülmüş və ya qeydə alınmış namizədlərin sayına vurulması yolu ilə müəyyən edilir. Hər bir halda siyasi partiyanın, siyasi partiyalar blokunun seçki fondunun yuxarı məbləği 500 min manatdan çox ola bilməz. Eyni zamanda, hər bir namizəd üçün xərclənmiş məbləğ bu Məcəllənin 225.3-cü maddəsində göstərilən məbləğdən yuxarı ola bilməz. Bu tələbə riayət olunması siyasi partiyaların, siyasi partiyalar bloklarının maliyyə hesabatlarında göstərilməlidir.

Maddə 226. Siyasi partiyaların, siyasi partiyalar bloklarının, bələdiyyə üzvlüyünə namizədlərin xüsusi hesabları

226.1. Bələdiyyə üzvlüyünə namizədlər imzaların yığılmasının başlanması haqqında dairə seçki komissiyasına bildiriş təqdim etdikdən sonra 5 gün müddətində öz maliyyə fondunu formalaşdırmaq üçün xüsusi hesab açmalıdırlar.

226.2. Namizədlər üçün vahid seçki fondu yaratmaq niyyətində olan siyasi partiyalar bələdiyyələrin 1/3-dən çoxunda irəli sürülən namizədlərin siyahısını Mərkəzi Seçki Komissiyasına təqdim etdikdən sonra 5 gün müddətində vahid seçki fondunu formalaşdırmaq üçün xüsusi seçki hesabı açırlar.

226.3. Namizəd, siyasi partiya, siyasi partiyaların bloku namizədin irəli sürülməsi barədə dairə seçki komissiyasından bildirişin təsdiq edilmiş surəti əsasında, həm də bu Məcəllənin 53-cü və 54-cü maddələrində göstərilən sənədlər əlavə edilməklə xüsusi seçki hesabı açırlar. Namizəd, siyasi partiya, siyasi partiyaların bloku öz səlahiyyətli nümayəndəsinə xüsusi seçki hesabının açılmasını tapşıra bilər. Namizəd, qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku dairə seçki komissiyasına (Mərkəzi Seçki Komissiyasına) yazılı məlumat verməklə, başqa şəxsə özünün seçki hesabında olan vəsaitdən istifadə etmək hüququ verə bilər.

226.4. Namizədin, qeydə alınmış namizədin irəli sürüldüyü bələdiyyə dəyişdikdə, o, xüsusi seçki hesabının qalıq vəsaitini könüllü ianə vermiş şəxslərə, hüquqi şəxslərə proporsional əsasda qaytarmalıdır. Bundan sonra namizəd, qeydə alınmış namizəd dairə seçki komissiyasına yekun maliyyə hesabatı verməlidir. Yeni xüsusi seçki hesabının açılması bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada tənzimlənir.

Maddə 227. Vahid seçki fondunun ləğv edilməsi

Vahid seçki fondu yaradan siyasi partiyanın, siyasi partiyalar blokunun bələdiyyələr üzrə qeydiyyatdan keçən namizədləri bələdiyyələrin yarısını və ya yarısından azını əhatə edərsə, siyasi partiyanın, siyasi partiyaların blokunun xüsusi seçki hesabı bağlanır, həmin hesabın bağlanması ilə eyni vaxtda hər bir namizəd üçün xüsusi seçki hesabı açılır və vahid seçki fondunun vəsaitləri namizədlərin seçki fondları arasında proporsional qaydada bölüşdürülür.



Maddə 228. Siyasi partiyaların, siyasi partiyalar bloklarının, bələdiyyə üzvlüyünə namizədlərin seçki fondlarının vəsaitlərinin istifadəsində aşkarlıq

228.1. Bələdiyyə üzvlüyünə namizədin seçki fondu haqqında aşağıdakı məlumatlar bu Məcəllənin 77.4-cü maddəsində göstərilən kütləvi informasiya vasitələri tərəfindən hökmən dərc edilməlidir:

228.1.1. bələdiyyə üzvlüyünə namizədin seçki fondu vəsaitinin məbləği min manatdan çox olduqda həmin vəsaitin xərclənməsinin maliyyə hesabatı barədə;

228.1.2. bələdiyyə üzvlüyünə namizədin seçki fonduna 2 min 500 manatdan çox məbləğdə ianə köçürən hüquqi şəxslər barəsində (bu zaman eyni hüquqi şəxs tərəfindən vəsaitin bir neçə ianə şəklində köçürülməsi mümkünlüyü nəzərə alınmalıdır);

228.1.3. bələdiyyə üzvlüyünə namizədin seçki fonduna 250 manatdan çox məbləğdə ianə köçürən vətəndaşların sayı barədə;

228.1.4. ianəçilərə qaytarılan vəsaitlər barədə, geri qaytarmanın əsası haqqında;

228.1.5. bələdiyyə üzvlüyünə namizədin seçki fonduna daxil olmuş vəsaitin ümumi həcmi və onun xərclənmiş hissəsinin ümumi məbləği barədə.

228.2. Siyasi partiyanın, siyasi partiyalar blokunun seçki fondu haqqında aşağıdakı məlumatlar bu Məcəllənin 77.2-ci və ya 77.3-cü maddəsində göstərilən kütləvi informasiya vasitələrində hökmən dərc edilməlidir:

228.2.1. seçki fondu vəsaitinin 10 min manatdan çox məbləğdə xərclənməsinin maliyyə hesabatı barədə;

228.2.2. seçki fonduna 5 min manatdan çox məbləğdə ianə köçürən hüquqi şəxslər barəsində (bu zaman eyni hüquqi şəxs tərəfindən vəsaitin bir neçə ianə şəklində köçürülməsi mümkünlüyü nəzərə alınmalıdır);

228.2.3. seçki fonduna 250 manatdan çox məbləğdə ianə köçürən vətəndaşların sayı barədə;

228.2.4. ianəçilərə qaytarılan vəsaitlər barədə, geri qaytarmanın əsası haqqında;

228.2.5. seçki fonduna daxil olmuş vəsaitin ümumi həcmi və onun xərclənmiş hissəsinin ümumi məbləği barədə.

Maddə 229. çıxarılıb

Maddə 230. Siyasi partiyaların, siyasi partiyalar bloklarının, bələdiyyə üzvlüyünə namizədlərin, qeydə alınmış bələdiyyə üzvlüyünə namizədlərin aldıqları büdcə vəsaitlərinin geri qaytarılmasının məcburiliyi

Səsvermədə iştirak etmiş və seçicilərin etibarlı hesab edilən səslərinin azı 3 faizini toplamış bələdiyyə üzvlüyünə namizəd və ya seçilən sayılmış, habelə səsvermə gününədək məcburedici hallara görə namizədliyini geri götürmüş bələdiyyə üzvlüyünə qeydə alınmış namizəd, bələdiyyələrin yarısından çoxunda namizədləri qeydə alınmış siyasi partiya, siyasi partiyaların bloku səsvermə günündən sonra 15 gün müddətində bələdiyyənin onların seçki fondlarına köçürdüyü vəsaitin xərclənməmiş hissəsini həmin bələdiyyəyə qaytarmağa borcludur. Bu müddət başa çatdıqda müvafiq bank müvafiq bələdiyyənin məktubunda göstərilmiş pul vəsaitini mübahisəsiz qaydada onun hesabına köçürməlidir.



Maddə 231. Siyasi partiyalar, siyasi partiyaların blokları, bələdiyyə üzvlüyünə namizədlər tərəfindən pulsuz efir vaxtının və dövri nəşrlərdə pulsuz ayrılmış yerin dəyərinin ödənilməsi

231.1. Bu Məcəllənin 230-cu maddəsində nəzərdə tutulmayan namizəd, siyasi partiya, siyasi partiyaların bloku bu Məcəllənin 77.2, 77.3 və 77.4-cü maddələrində göstərilən teleradio verilişləri təşkilatlarına və dövri nəşrlərin redaksiyalarına pulsuz efir vaxtının və dövri nəşrlərdə ayrılmış yerin dəyərini tam həcmdə ödəməlidir. Göstərilən dəyər seçki fondundan yekun maliyyə hesabatının verildiyi günədək namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən ödənilməlidir. Mərkəzi Seçki Komissiyası seçkilərin ümumi nəticələrinin rəsmi dərc edildiyi gündən sonra 3 gün müddətində göstərilən namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, habelə həmin partiyaların blokunun tərkibinə daxil olmuş siyasi partiyaların siyahısını, onların ünvanını, istifadə edilmiş pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyərinin ödənilməsi barədə siyasi partiyalar bloklarının birgə qərarlarından çıxarışların təsdiq edilmiş surətlərini bu Məcəllənin 77.2, 77.3 və 77.4-cü maddələrində göstərilmiş teleradio verilişləri təşkilatlarına və dövri nəşrlərin redaksiyalarına göndərir.

231.2. Bu Məcəllənin 77.2, 77.3 və 77.4-cü maddələrində göstərilən teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları seçkilərin ümumi nəticələrinin rəsmi dərc edildiyi gündən sonra 10 gün müddətində bu Məcəllənin 230-cu maddəsində nəzərdə tutulmayan namizədlərə, siyasi partiyalara, siyasi partiyaların blokuna, habelə siyasi partiyaların bloklarına daxil olmuş siyasi partiyalara istifadə edilmiş pulsuz efir vaxtının dəyəri və dövri nəşrdə ayrılmış yerin həcmi və dəyəri haqqında, özlərinin hüquqi ünvanı və bank rekvizitləri barəsində müvafiq məlumat göndərirlər.

231.3. Bu Məcəllənin 80.5, 83.6 və 224.2-ci maddələrində nəzərdə tutulmuş pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyəri bu Məcəllənin 80.6-cı və 83.7-ci maddələrində nəzərdə tutulmuş qaydada namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna təqdim edilmiş efir vaxtının və dövri nəşrdə ayrılmış yerin ümumi həcminin teleradio verilişləri təşkilatlarının və dövri nəşrlərin redaksiyalarının müəyyənləşdirdiyi efir vaxtının və dövri nəşrdə ayrılmış və məlumat üçün dərc edilmiş yerin qiymətinə vurulması yolu ilə müəyyən edilir.

231.4. Siyasi partiya, siyasi partiyaların bloku bu Məcəllənin 224.2-ci maddəsində göstərilən təşviqat tədbirlərinin birgə keçirilməsi yolu ilə pulsuz efir vaxtından istifadə etdikdə hər bir siyasi partiyanın, siyasi partiyalar blokunun qaytardığı pul vəsaitinin həcmi teleradio verilişləri təşkilatları tərəfindən onların iştirak etdikləri birgə təşviqat tədbirlərinin hər birinin iştirakçılarının ümumi sayına proporsional olaraq bərabər paylarla müəyyənləşdirilir.

231.5. Namizəd, siyasi partiya, siyasi partiyaların bloku pulsuz efir vaxtından bu Məcəllənin 81.5-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada və müddətdə imtina edibsə, təqdim edilmiş pulsuz efir vaxtının dəyəri ödənilmir.

231.6. Bu Məcəllənin 77.2, 77.3 və 77.4-cü maddələrində nəzərdə tutulmuş teleradio verilişləri təşkilatları və dövri nəşr redaksiyaları səsvermə günündən başlayaraq 12 ay müddətində Mərkəzi Seçki Komissiyasına bu Məcəllənin 230-cu maddəsində nəzərdə tutulmuş pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyərini tam ödəməmiş namizəd, siyasi partiya haqqında məlumat verirlər. Dairə seçki komissiyaları səsvermə günündən başlayaraq 12 ay müddətində bu Məcəllənin 230-cu maddəsində nəzərdə tutulmayan və seçki komissiyaları qarşısında borc öhdəliyi olan vətəndaşlar, siyasi partiyalar haqqında Mərkəzi Seçki Komissiyasına məlumat verirlər.

Maddə 232. Siyasi partiyaların, siyasi partiyalar bloklarının, bələdiyyə üzvlüyünə namizədlərin seçki fondlarının xüsusi hesabında qalmış pul vəsaiti

Bələdiyyə üzvlüyünə namizədlərin seçki fondlarının xüsusi hesabında qalmış pul vəsaitini dairə seçki komissiyasının yazılı göstərişinə uyğun olaraq müvafiq bank səsvermə günündən 30 gün keçdikdən sonra müvafiq bələdiyyə büdcəsinin mədaxilinə köçürməlidir.



Maddə 233. Siyasi partiyalar, siyasi partiyaların blokları, bələdiyyə üzvlüyünə namizədlər tərəfindən pul vəsaitinin öz vəsaitləri hesabına geri qaytarılması

233.1. Seçki fondunda pul vəsaiti olmadıqda və yaxud çatışmadıqda bələdiyyə pul vəsaitinin qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku tərəfindən qaytarılması, habelə siyasi partiyalara və siyasi partiyaların bloklarına verilmiş pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyərinin ödənilməsi onların öz vəsaiti hesabına həyata keçirilir.

233.2. Verilmiş pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyərinin ödənilməsinə ayrılan bələdiyyə vəsaitini qaytarmaq vəzifəsi siyasi partiyalar blokunun üzərinə düşdükdə, qaytarılmalı vəsait bu bloka səsvermə gününədək daxil olan siyasi partiyalar arasında bərabər paylarla bölüşdürülür, o şərtlə ki, siyasi partiyalar blokunun yaradılması haqqında Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş birgə qərarda ayrı qayda nəzərdə tutulmasın.

233.3. Bu Məcəllənin 230-cu maddəsində nəzərdə tutulmayan qeydə alınmış namizəd bu Məcəlləyə uyğun yekun maliyyə hesabatının verilməsi ilə yanaşı, müvafiq vəsaitin qaytarılmasını da öz üzərinə götürürsə, bələdiyyə büdcəsinin geri qaytarılası vəsaitini səsvermə günündən başlayaraq 6 ay müddətində bələdiyyənin hesabına qaytara bilər.

233.4. Bu Məcəllənin 230-cu maddəsində nəzərdə tutulmayan və bu Məcəllənin 230-cu maddəsinin tələblərini yekun maliyyə hesabatı verilənədək yerinə yetirməyən siyasi partiya, siyasi partiyaların bloku bu Məcəllə ilə müəyyənləşdirilmiş müddətdə teleradio verilişləri təşkilatları və dövri nəşr redaksiyaları qarşısında müvafiq pul vəsaitinin ödənilməsi haqqında öhdəlik götürübsə, bələdiyyə büdcəsinin vəsaitlərini, habelə istifadə edilmiş pulsuz efir vaxtının və dövri nəşrdə pulsuz ayrılmış yerin dəyərini səsvermə günündən başlayaraq 6 ay müddətində ödəmək üçün onlara möhlət verilə bilər.

233.5. Bu Məcəllənin 233.3 və 233.4-cü maddələrində nəzərdə tutulan öhdəliklər icra edilmədikdə və vəsaitin qaytarılması haqqında öhdəlikdə göstərilən müddət başa çatdıqda vəsait məhkəmə qaydasında qaytarılır. Bu Məcəllənin 230-cu maddəsində nəzərdə tutulmayan və bu Məcəllənin 233.3 və 233.4-cü maddələrində göstərilən tələbləri yerinə yetirməyən qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku yekun maliyyə hesabatı verilənədək bu Məcəllənin 233.3-cü və 233.4-cü maddələrində göstərilən öhdəliyi götürmədikdə yekun maliyyə hesabatının verilməsi müddəti başa çatanadək pul vəsaiti məhkəmə qaydasında qaytarılır.

233.6. Namizəd, qeydə alınmış namizəd statusunu itirdikdə bu maddə ilə namizədlərin, qeydə alınmış namizədlərin üzərinə qoyulmuş öhdəliklər namizədin, qeydə alınmış namizəd sayılmış vətəndaşın üzərinə qoyulur. Namizəd, qeydə alınmış namizəd siyasi partiya, siyasi partiyaların bloku tərəfindən irəli sürülübsə, siyasi partiyanın, siyasi partiyalar blokunun üzərinə bu maddə ilə qoyulmuş öhdəliklər seçkilər qurtardıqda, seçkilərdə iştirak etmiş siyasi partiyanın, o cümlədən siyasi partiyalar blokunun tərkibində iştirak etmiş siyasi partiyaların üzərinə qoyulur.

233.7. Mərkəzi Seçki Komissiyası əsas seçkilərin, təkrar və ya əlavə seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərcindən sonra bu Məcəllənin 230-cu maddəsində nəzərdə tutulan və bələdiyyələr qarşısında borc öhdəliyi olan vətəndaşların siyahısını dairə seçki komissiyalarına onların yaradılması günündən başlayaraq 5 gün müddətində göndərir.

233.8. çıxarılıb


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə