Azərbaycan Respublikasının Seçki Məcəlləsi


On yeddinci fəsil. Referenduma aid ümumi müddəalar



Yüklə 1,1 Mb.
səhifə11/16
tarix31.08.2018
ölçüsü1,1 Mb.
#65653
1   ...   8   9   10   11   12   13   14   15   16

On yeddinci fəsil. Referenduma aid ümumi müddəalar

Maddə 117. Referendum yolu ilə həll edilən məsələlər

Referenduma çıxarılan məsələlər Azərbaycan Respublikası Konstitusiyasının 3-cü maddəsinin I və II hissələri ilə, 11-ci maddəsinin III hissəsi ilə və 152-ci maddəsi ilə müəyyən edilir.



Maddə 118. Referendum yolu ilə həll edilə bilməyən məsələlər

Referenduma çıxarıla bilməyən məsələlər Azərbaycan Respublikası Konstitusiyasının 3-cü maddəsinin III hissəsi ilə və 155-ci maddəsi ilə müəyyən edilir.



Maddə 119. Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklər edilməsi haqqında referendum keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyi

Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsinə görə, Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişiklikləri Azərbaycan Respublikasının Milli Məclisi və ya Azərbaycan Respublikasının Prezidenti təklif etdikdə, təklif olunan dəyişikliklərə dair əvvəlcədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyi alınır. Həmin rəyin alınması qaydası «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.



Maddə 120. Referendumun keçirilməsinin məcburiliyi

Azərbaycan Respublikasının qanunvericilik və icra hakimiyyəti orqanları tərəfindən bu və ya digər məsələyə dair qərarın qəbul edilməsi həmin məsələyə dair referendumun keçirilməsini istisna edə bilməz.



Maddə 121. Referendumun keçirilməsini istisna edən hallar

121.1. — 4 mart 2005-ci il tarixli, 856-IIQD nömrəli Qanuna əsasən çıxarılıb.

121.2. Eyni bir məsələyə dair təkrar referendum ilkin referendumda qəbul edilən aktın dərc edilməsi günündən başlayaraq yalnız 1 il keçdikdən sonra keçirilə bilər.

On səkkizinci fəsil. Referendumun təyin edilməsi

Maddə 122. Referendum keçirilməsi haqqında qərarın qəbul edilməsi

122.1. Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 18-ci bəndinə və 109-cu maddəsinin 18-ci bəndinə uyğun olaraq referendum keçirilməsinə dair qərar müvafiq olaraq Azərbaycan Respublikasının Milli Məclisi və ya Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilir.

122.2. Ən azı 300.000 min aktiv seçki hüququna malik olan Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikası Prezidentinə və ya Azərbaycan Respublikası Milli Məclisinə referendumun keçirilməsi haqqında qərarın qəbul edilməsi təklifi ilə müraciət edə bilər.

Maddə 123. Referendum keçirilməsi haqqında qərara dair tələblər

123.1. Referendum keçirilməsinə dair qərarda aşağıdakılar göstərilməlidir:

123.1.1. referendumun keçirilməsi tarixi;

123.1.2. referenduma çıxarılan aktın adı;

123.1.3. referenduma çıxarılan aktın məzmununun qısa təfsiri;

123.1.4. referendumun maliyyələşdirilməsi qaydası.

123.2. Referenduma çıxarılan aktın layihəsi referendumun keçirilməsi haqqında qərara əlavə olunur.

123.3. Referenduma çıxarılan aktın layihəsi referendum elan edildikdən sonra dəyişdirilə bilməz və ona əlavələr edilə bilməz.



Maddə 124. Referenduma çıxarılan məsələlərlə tanışlıq

124.1. Referenduma çıxarılan aktın layihəsi kütləvi informasiya vasitələrində referendumun təyin edilməsi haqqında qərarla birlikdə dərc edilməlidir. Bu, daha çox seçicinin referendum aktının mətni ilə tanış olması üçün zəruri şərait yaradır.

124.2. Seçici referendum aktının layihəsini səsvermə gününə azı 30 gün qalmış məntəqə seçki komissiyasından almaq hüququna malikdir. Referendum aktının layihəsinin çap edilməsi və yayılmasını təmin etmək Mərkəzi Seçki Komissiyasının vəzifəsidir.

On doqquzuncu fəsil. Referendumun keçirilməsinə hazırlıq

Maddə 125. Referendum üzrə təşviqat qruplarının qeydə alınması

Referendum üzrə təşviqat qruplarının qeydə alınması bu Məcəllənin on birinci fəslində nəzərdə tutulan qaydada həyata keçirilir.



Maddə 126. Referendum üzrə təşviqat qruplarının seçki komissiyasında nümayəndəsinin təyin edilməsi

Mərkəzi və ya dairə seçki komissiyasının məşvərətçi səs hüquqlu üzvünü yalnız həmin komissiyada qeydiyyatdan keçən referendum üzrə təşviqat qrupları təyin edə bilərlər.



Maddə 127. Kütləvi informasiya vasitələrində referendumqabağı təşviqatın aparılması üçün xüsusi tələblər

127.1. Referendum üzrə təşviqat qruplarının referendumqabağı təşviqatda iştirakı bu Məcəllənin on üçüncü fəsli ilə tənzimlənir.

127.2. Teleradio verilişləri təşkilatlarının ayırdıqları pulsuz efir vaxtının ümumi həcminin 1/3 hissəsi üzvlərinin sayı 20 mindən çox olan referendum üzrə təşviqat qruplarına birgə müzakirələrin, dəyirmi masaların, digər bu cür təşviqat tədbirlərinin keçirilməsi üçün ayrılır. Bu cür tədbirlərin keçirilməsi qaydaları Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir.

127.3. Bu Məcəllənin 77.2-ci və 77.3-cü maddələrində göstərilən hər bir teleradio verilişləri təşkilatının kanallarında birgə təşviqat tədbirlərinin keçirilməsi üçün efir vaxtı həmin maddələrdə göstərilən referendum üzrə təşviqat qrupları üçün ayrılır və hesablanır. Bu cür pulsuz efir vaxtından qeydə alınmış referendum üzrə təşviqat qrupları bərabər əsasla istifadə etməlidirlər. Bu halda referendum üzrə hər bir təşviqat qrupu tərəfindən istifadə edilən efir vaxtının həcmi ayrıca müəyyənləşdirilir.

127.4. Bu Məcəllənin 77.1-ci maddəsində göstərilən teleradio verilişləri təşkilatlarının efir vaxtından ödənişli əsaslarla istifadə norması onun ümumi həcminin bu Məcəllənin 77.2-ci və 77.3-cü maddələrində göstərilən referendum üzrə təşviqat qruplarının ümumi sayına bölünməsi yolu ilə müəyyənləşdirilir.

127.5. Bu Məcəllənin 77.1-ci maddəsində göstərilən dövri nəşr səhifələrində ayrılan, bu Məcəllənin 77.2-ci və 77.3-cü maddələrində göstərilən referendum üzrə təşviqat qruplarının ümumi sayına bölünmə yolu ilə müəyyən edilən yerdən sonuncular müvafiq ödəniş müqabilində istifadə edə bilərlər.

127.6. Qeydə alınmış referendum üzrə təşviqat qruplarının bu Məcəllənin 127.2-ci maddəsində göstərilən tədbirlərdə iştirakdan imtina etməsi bu Məcəllənin 80.6-cı maddəsinə uyğun olaraq pulsuz təqdim edilən efir vaxtı həcminin artırılmasına səbəb olmur.

Maddə 128. Referendum üzrə təşviqat qruplarının referendum üzrə maliyyə fondları

128.1. Referendum üzrə təşviqat qruplarının referendum üzrə maliyyə fondlarının yaradılması və istifadə edilməsi qaydaları bu Məcəllənin on dördüncü fəsli ilə tənzimlənir.

128.2. Referendum üzrə təşviqat qruplarının referendum üzrə maliyyə fondları aşağıdakı pul vəsaiti hesabına formalaşa bilər:

128.2.1. 5000 manatdan çox olmamaq şərti ilə referendum üzrə təşviqat qruplarının xüsusi vəsaitləri;

128.2.2. çıxarılıb



128.2.3. Vətəndaş üçün 1000 manatdan və hüquqi şəxlər üçün 10 min manatdan çox olmamaq şərti ilə könüllü ianələr.

128.3. Bu Məcəllənin 77.4-cü maddəsində nəzərdə tutulan qeydə alınmış referendum üzrə təşviqat qruplarının referendum üzrə; maliyyə fondu məbləğinin yuxarı həddi 50 min manatdan çox ola bilməz; bu Məcəllənin 77.3-cü maddəsində nəzərdə tutulan qeydə alınmış referendum üzrə təşviqat qruplarının referendum üzrə maliyyə fondu məbləğinin yuxarı həddi bir milyon manatdan çox ola bilməz; bu Məcəllənin 77.2-ci maddəsində nəzərdə tutulan qeydə alınmış referendum üzrə təşviqat qruplarının referendum üzrə maliyyə fondu məbləğinin yuxarı həddi beş milyon manatdan çox ola bilməz.



Maddə 129. Referendum üzrə xüsusi hesablar

129.1. Referendum üzrə təşviqat qrupları imzaların toplanmasının başlanması haqqında bu Məcəllənin 63-cü maddəsinə uyğun olaraq bildiriş təqdim etdikdən sonra 5 gün müddətində öz maliyyə fondunu formalaşdırmaq üçün referendum üzrə xüsusi hesab açmalıdırlar.

129.2. Referendum üzrə təşviqat qrupları Mərkəzi Seçki Komissiyasından (dairə seçki komissiyasından ) bildirişin təsdiq edilmiş surətini aldıqdan sonra, lakin referendum üzrə təşviqat qrupunun qeydə alınmaq üçün Mərkəzi Seçki Komissiyasına (dairə seçki komissiyasına ) təqdim edilməsi gününə azı 5 gün qalmış referendum üzrə maliyyə fondunu formalaşdırmaqdan ötrü maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında verdiyi sənəd əsasında referendum üzrə xüsusi hesab açmalıdırlar.

129.3. Referendum üzrə təşviqat qrupları öz referendumqabağı təşviqat kampaniyasını maliyyələşdirərkən bu Məcəllə ilə müəyyənləşdirilmiş maliyyələşdirmə qaydalarının pozulmasına görə bilavasitə özləri məsuliyyət daşıyırlar.



Maddə 130. Referendum üzrə maliyyə fondlarının vəsaitlərinin istifadəsində aşkarlıq

130.1. Aşağıdakı məlumatlar bu Məcəllənin 95.3-cü maddəsində göstərilən qaydada (bu Məcəllənin 77.2-ci və 77.3-cü maddələrində göstərilən referendum üzrə təşviqat qrupları üçün) hökmən dərc edilməlidir:

130.1.1. referendum üzrə maliyyə fondu vəsaitinin məbləği 10 min manatdan çox olduqda həmin vəsaitin xərclənməsinin maliyyə hesabatı barədə;

130.1.2. referendum üzrə maliyyə fonduna 5 min manatdan çox məbləğdə ianə köçürən hüquqi şəxslər barəsində;

130.1.3. referendum üzrə maliyyə fonduna 250 manatdan çox məbləğdə ianə köçürən vətəndaşların sayı barədə;

130.1.4. ianəçilərə qaytarılan vəsaitlər barədə, geri qaytarmanın əsası haqqında;

130.1.5. referendum üzrə maliyyə fonduna daxil olmuş vəsaitin ümumi həcmi və onun xərclənmiş hissəsinin ümumi məbləği barədə.

130.2. Referendum üzrə təşviqat qrupu üzvlərinin sayı 20 mindən az olduqda, bu Məcəllənin 130.1-ci maddəsində göstərilən məlumatlar Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada dərc edilir.



Maddə 131. Referendum üzrə təşviqat qruplarının aldıqları vəsaitlərin geri qaytarılmasının ardıcıllığı

131.1. Referendum üzrə təşviqat qrupları yekun maliyyə hesabatını verənədək müvafiq seçki komissiyasının razılığı ilə, seçki fondunun xərclənməmiş pul vəsaitini ona ianə vermiş vətəndaşlara və hüquqi şəxslərə proporsional nisbətə uyğun olaraq qaytara bilərlər. Referendum üzrə təşviqat qrupları həmin hüquqdan istifadə etmədikdə, bu Məcəllənin 132-ci maddəsi tətbiq olunur.

131.2. Müvafiq seçki komissiyasında qeydə alınmamış referendum üzrə təşviqat qrupları yekun maliyyə hesabatı təqdim edilənədək seçki fondunun xərclənməmiş pul vəsaitlərini (göndərilmə xərclərinin çıxılması şərti ilə) köçürülən ianələrin məbləğlərinin proporsional nisbətinə uyğun olaraq ianəçi vətəndaşlara və hüquqi şəxslərə qaytarmağa borcludur.

Maddə 132. Referendum üzrə təşviqat qruplarının seçki fondlarının xüsusi hesabında qalmış pul vəsaiti

Referendum üzrə təşviqat qruplarının seçki fondlarının xüsusi hesabında qalmış pul vəsaitini müvafiq seçki komissiyasının yazılı göstərişinə uyğun olaraq müvafiq bank səsvermə günündən 60 gün keçdikdən sonra Mərkəzi Seçki Komissiyasının hesabına köçürməlidir.



İyirminci fəsil. Referendumun keçirilməsi və referendumun nəticələrinin müəyyən edilməsi

Maddə 133. Referendum üzrə səsvermə otağı

133.1. Referendum zamanı səsvermə otağı bu Məcəllənin 98-ci maddəsinin tələblərinə uyğun təşkil edilir.

133.2. Məntəqə seçki komissiyası səsvermə otağında və ya bilavasitə otağın qarşısında referendum üzrə səsvermə bülletenlərinin nümunələrini, referendum aktı layihəsinin mətnini məlumat lövhəsində yerləşdirir.

Maddə 134. Referendum üzrə səsvermə bülleteni

134.1. Referendum üzrə səsvermə bülleteni bu Məcəllənin 99-cu maddəsində göstərilən qaydada hazırlanır.

134.2. Səsvermə bülletenində referenduma çıxarılan hər məsələnin ifadəsi və səsverənin cavabının variantları — «lehinə» və «əleyhinə» («hə» və «yox» «razıyam» və «razı deyiləm» sözləri də ola bilər) sözləri yazılır.

134.3. Mərkəzi Seçki Komissiyası səsvermə bülleteninə referendum aktının layihəsinin əlavə edilməsi məsələsini həll edir. Həmin layihə qüvvədə olan normativ hüquqi aktların ləğv edilməsi və ya dəyişdirilməsini nəzərdə tutursa, həmin normativ hüquqi akt (onun müvafiq hissəsi) Mərkəzi Seçki Komissiyasının qərarına əsasən səsvermə bülleteninə əlavə edilə bilər.



Maddə 135. Referendum zamanı səsvermə qaydası

135.1. Referendum zamanı səsvermə bu Məcəllənin 104-cü və 105-ci maddələrinə uyğun keçirilir.

135.2. Seçici səsvermə bülletenində referenduma çıxarılan cavab variantlarının birini — «lehinə» və ya «əleyhinə» («hə» və ya «yox», «razıyam» və ya «razı deyiləm») seçərək sağda yerləşən boş kvadratda işarə qoyur.

135.3. Hər iki boş kvadratda işarə qoyulduqda və ya heç bir işarə qoyulmadıqda səs etibarsız sayılır.



Maddə 136. Referendum məntəqəsində səslərin hesablanması

136.1. Referendum məntəqəsində səslərin hesablanması bu Məcəllənin 106-cı maddəsinə uyğun həyata keçirilir və protokol tərtib edilir.

136.2. Protokola bu Məcəllənin 100.2-ci maddəsində göstərilənlərdən əlavə, aşağıdakılar daxil edilir:

136.3.1. referenduma çıxarılan məsələnin lehinə səs vermiş seçicilərin sayı;

136.3.2. referenduma çıxarılan məsələnin əleyhinə səs vermiş seçicilərin sayı.

Maddə 137. Referendum zamanı dairə seçki komissiyasında səslərin hesablanması

137.1. Dairə seçki komissiyasında səslərin hesablanması bu Məcəllənin 107-ci maddəsinə uyğun aparılır.

137.2. Dairə seçki komissiyasının protokolunda bu Məcəllənin 107.2-ci və 136-cı maddələrində göstərilənlərdən əlavə, səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı göstərilir.

Maddə 138. Referenduma yekun vurulması

138.1. Referendumun rəsmi nəticələrini referendumdan sonra 25 gündən gec olmayaraq Mərkəzi Seçki Komissiyası elan edir.

138.2. Mərkəzi Seçki Komissiyası səsvermənin nəticələri haqqında dairə seçki komissiyalarından daxil olmuş protokollar əsasında bu Məcəllənin 108-ci maddəsində göstərilənlərə əlavə olaraq, səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayını səsvermə keçirilməsi zamanı və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən referendum dairələrinin sayını göstərir; səsə qoyulmuş hər təklif üzrə — «lehinə» səs vermiş və «əleyhinə» səs vermiş seçicilərin sayını ayrılıqda müəyyən edir.

138.3. Referenduma çıxarılmış məsələ o halda qəbul edilmiş sayılır ki, səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu onun lehinə səs versin.

138.4. Ümumxalq səsverməsinə Mərkəzi Seçki Komissiyasının iclasında yekun vurulur və yekunlar referendumun nəticələri haqqında rəsmi bildiriş kimi elan edilir.

Maddə 139. Referendumun baş tutmaması və referendumun yekunlarının etibarsız sayılması

139.1. Azərbaycan Respublikası Konstitusiyasının 3-cü maddəsinin II hissəsində və 153-cü maddəsində göstərilən məsələlər üzrə referendumda vahid seçici sayahısında olan seçicilərin 25%-dən azı iştirak etdikdə referendum baş tutmamış sayılır.

139.2. Mərkəzi Seçki Komissiyası aşağıdakı hallarda referendumun yekunlarını etibarsız sayır:

139.2.1. referendum məntəqələrinin 2/5 hissəsindən çoxunda səsvermənin nəticələri etibarsız sayıldıqda və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin;

139.2.2. məhkəmənin qərarı əsasında.

Maddə 140. Referendumun yekunları haqqında qərarların dərc edilməsi

Referendum yolu ilə qəbul olunmuş qərar və referendumun yekunları haqqında rəsmi elan referendum yolu ilə qəbul edilmiş aktın mətni ilə birlikdə səsvermə günündən ən geci 20 gün keçənədək Mərkəzi Seçki Komissiyası tərəfindən dərc edilir.



İyirmi birinci fəsil. Referendum yolu ilə qəbul edilmiş aktlar

Maddə 141. Referendum yolu ilə qəbul edilmiş aktların qüvvəyə minməsi

Referendum yolu ilə qəbul edilmiş akt dərc edildiyi gündən qüvvəyə minir.



Maddə 142. Referendum yolu ilə qəbul edilmiş qərarların hüquqi qüvvəsi

Referendum yolu ilə qəbul edilmiş akt qətidir, Azərbaycan Respublikasının bütün ərazisində məcburi hüquqi qüvvəyə malikdir və yalnız referendum yolu ilə ləğv oluna və ya dəyişdirilə bilər.



V bölmə. Milli Məclisə seçkilər

İyirmi ikinci fəsil. Milli Məclis deputatlarının seçkilərinə dair ümumi müddəalar

Maddə 143. Milli Məclisə seçkilərin əsasları

Milli Məclisə birmandatlı seçki dairələri üzrə 125 deputat (bir dairədən - bir deputat) seçilir.



Maddə 144. Azərbaycan Respublikası vətəndaşlarının Milli Məclisə deputat seçilmək hüququ

Azərbaycan Respublikası Konstitusiyasının 85-ci maddəsində göstərilən Azərbaycan Respublikası vətəndaşları Milli Məclisə deputat seçilə bilərlər.



Maddə 145. Milli Məclisə seçkilərin təyin edilməsi

145.1. Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin II hissəsinə və 109-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq yeni çağırışın deputat seçkiləri gününü Azərbaycan Respublikasının Prezidenti təyin edir.

145.2. Yeni seçilmiş Milli Məclisin səlahiyyət müddətinin hesablanması onun birinci iclasının keçirildiyi gündən başlanır.

145.3. Milli Məclisin seçilməsi günü onun seçkilər nəticəsində səlahiyyətli tərkibdə formalaşdırıldığı gün hesab edilir.

145.4. Seçkilərin təyin edilməsi barədə qərar onun qəbul edildiyi gündən başlayaraq ən geci 2 gün ərzində kütləvi informasiya vasitələrində rəsmi dərc edilməlidir.

İyirmi üçüncü fəsil. Milli Məclisə seçkilər zamanı deputatlığa namizədlərin irəli sürülməsi

Maddə 146. Milli Məclisə seçkilər zamanı birmandatlı seçki dairələri üzrə namizədlərin irəli sürülməsi

146.1. Birmandatlı seçki dairəsi üzrə namizədləri siyasi partiyalar, siyasi partiyaların blokları, həmin seçki dairəsində daimi yaşayan, seçki hüququ olan Azərbaycan Respublikasının vətəndaşları bu Məcəllənin 53 və 54-cü maddələrinə uyğun olaraq irəli sürə bilərlər.

146.2. Birmandatlı seçki dairəsi üzrə təkrar seçkilərdə namizədlər bu seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra irəli sürülür.

146.3. Birmandatlı seçki dairəsi üzrə əlavə seçkilərdə namizədlər bu Məcəllənin 145.4-cü maddəsində göstərilən müddətdən sonra irəli sürülür.

146.4. Seçicilərin irəli sürdükləri namizəd yalnız bir birmandatlı seçki dairəsində namizədliyinin irəli sürülməsinə razılıq verə bilər.

146.5. Namizədlərin irəli sürülməsinədək dairə seçki komissiyasının yaradılması başa çatmayıbsa, namizədin irəli sürülməsi haqqında bildiriş, müvafiq namizədlərin razılıq ərizələri və digər sənədlər Mərkəzi Seçki Komissiyasına göndərilir. Mərkəzi Seçki Komissiyası göstərilən sənədləri dairə seçki komissiyasının təşkilindən və sədrinin seçilməsindən sonra ona təqdim edir.



Maddə 147. Milli Məclisə seçkilər zamanı birmandatlı seçki dairəsi üzrə irəli sürülən namizədlərin müdafiəsi üçün seçici imzalarının toplanması

147.1. Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır.

147.2. Bir seçici birdən artıq namizədin müdafiəsi üçün imza ata bilər.

147.3. Seçicilərin imzaları bu Məcəllənin 56-cı və 57-ci maddələrində göstərilən qaydada toplanır.



İyirmi dördüncü fəsil. Milli Məclisə seçkilər zamanı qeydə alınmış deputatlığa namizədlər

Maddə 148. Milli Məclisə seçkilər zamanı namizədin qeydə alınması

148.1. Namizədlər bu Məcəllənin 60-cı maddəsində göstərilən qaydada qeydə alınırlar.

148.2. Bir şəxsin birdən çox birmandatlı seçki dairəsi üzrə namizəd kimi qeydə alınmasına yol verilmir.

148.3. Bu Məcəllənin 148.2-ci maddəsində göstərilən qayda pozulduqda, namizədin əvvəlki qeydiyyatı etibarlı sayılır, qeydiyyat haqqında nisbətən gec qəbul edilmiş qərar isə müvafiq seçki komissiyasının qərarı ilə ləğv edilir (qeydə alınmış keçmiş namizəd əvvəlki qeydiyyatdan imtina haqqında ərizə verməzsə).

148.4. Qeydə alınmış namizədlərin fəaliyyəti bu Məcəllənin 69-71-ci maddələri ilə tənzimlənir.

148.5. Qeydə alınmış namizədlərin dairələr üzrə siyahısı səsvermə gününə azı 20 gün qalmış Mərkəzi Seçki Komissiyası tərəfindən bu Məcəllənin 77.2-ci maddəsində göstərilən dövri nəşrlərdə dərc edilir.

148.6. Birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizəd irəli sürmüş və ya namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları hər bir seçki komissiyasının tərkibinə bir məşvərətçi səs hüquqlu üzv təyin edə bilərlər. Birmandatlı seçki dairəsi üzrə qeydə alınmış namizəd müvafiq dairə seçki komissiyasına və seçki dairəsinin ərazisində yerləşən hər bir məntəqə seçki komissiyasına bir məşvərətçi səs hüquqlu üzv təyin edə bilər.

Maddə 149. Milli Məclisə seçkilərin təxirə salınması

149.1. Bu Məcəllənin 58.1-ci maddəsində göstərilən müddətdə birmandatlı seçki dairəsi üzrə heç bir namizəd qeydə alınmayıbsa və ya bir namizəd qeydə alınıbsa, əlavə namizədlərin irəli sürülməsi və növbəti seçki hərəkətlərinin həyata keçirilməsi məqsədi ilə müvafiq seçki dairəsi üzrə seçkilər bu Məcəllənin 145-ci maddəsində nəzərdə tutulan qaydada 2 ay müddətinə təxirə salınır.

149.2. Səsvermə gününədək seçki dairəsində qeydə alınmış namizəd qalmazsa, yaxud qeydə alınmış bir namizəd qalarsa, seçkilər bu Məcəllənin 145-ci maddəsində göstərilən qaydada namizədlərin irəli sürülməsi və sonrakı hərəkətlərin edilməsi üçün birmandatlı seçki dairəsində ən geci 3 ay müddətinə təxirə salınır.

Maddə 150. Milli Məclisə seçkilər zamanı qeydə alınmış namizədin nəqliyyat xərclərinin ödənilməsi

150.1. Bu Məcəllənin 70.2-ci maddəsinə uyğun olaraq birmandatlı seçki dairəsi üzrə qeydə alınmış namizədə müvafiq seçki dairəsi ərazisinin hüdudlarında (taksi və sifarişli reyslər istisna olmaqla) ümumi istifadədə olan şəhər, habelə şəhərkənarı və şəhərlərarası nəqliyyat vasitələrində gediş-gəlişin dəyəri müvafiq ödəniş sənədləri təqdim edildikdə ödənilir.

150.2. Bir neçə seçki dairəsi olan şəhərlərdə bu dairələrin birində qeydə alınmış namizədə şəhərdə gediş-gəlişinin dəyəri müvafiq ödəniş sənədləri təqdim edildikdə ödənilir.

150.3. Qeydə alınmış namizəd namizəd kimi çıxış etdiyi birmandatlı seçki dairəsinin hüdudlarından kənarda yaşayırsa, əlavə olaraq ona dəmir yolu və ya ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə 4 dəfə, yaxud təyyarə ilə 2 dəfə seçki dairəsinə və geriyə gediş-gəlişinin dəyəri müvafiq ödəniş sənədləri təqdim edildikdə ödənilir.

150.4. Birmandatlı seçki dairəsi üzrə qeydə alınmış namizədin gediş-gəlişinin dəyəri seçkilərin hazırlanmasına və keçirilməsinə ayrılan vəsait hesabına müvafiq dairə seçki komissiyası tərəfindən ödənilir.

150.5. Bu cür ödəmələr Mərkəzi Seçki Komissiyasına ayrılan vəsait hesabına həyata keçirilir.



Maddə 151. Milli Məclisə seçkilər zamanı qeydə alınmış namizədin toxunulmazlığı

Qeydə alınmış namizəd bu Məcəllənin 70.4-cü maddəsində nəzərdə tutulan qaydada yalnız Azərbaycan Respublikası Baş prokurorunun razılığı ilə məsuliyyətə cəlb edilə bilər.



Maddə 152. Milli Məclisə seçkilər zamanı qeydə alınmış namizədlərin vəkil edilmiş şəxslərinin sayı

152.1. Birmandatlı seçki dairəsi üzrə qeydə alınmış namizədin 10-a qədər vəkil edilmiş şəxs təyin etmək hüququ vardır. Göstərilən şəxslər müvafiq olaraq dairə seçki komissiyası tərəfindən qeydə alınır.

152.2. Vəkil edilmiş şəxslərin statusu bu Məcəllənin 72-ci maddəsi ilə müəyyən edilir.

Maddə 153. Milli Məclisə seçkilər zamanı deputatlığa namizədlərin namizədlik statusundan imtina etməsi

153.1. Milli Məclisə seçkilər zamanı namizədlərin namizədlik statusundan imtina etməsi bu Məcəllənin 73-cü maddəsi ilə tənzimlənir.

153.2. Bu Məcəllənin 73.1-73.2-ci maddələrində göstərilən hərəkətləri etmiş şəxsin bu Məcəllədə nəzərdə tutulmuş qaydada və müddətdə istənilən birmandatlı seçki dairəsi üzrə seçkilərdə öz namizədliyini təkrar irəli sürmək hüququ vardır.

Maddə 154. Siyasi partiyanın, siyasi partiyalar blokunun Milli Məclisə seçkilərdə iştirakdan imtina etməsi

154.1. Siyasi partiya öz nizamnaməsinə uyğun olaraq, siyasi partiyaların bloku isə ona daxil olan siyasi partiyaların səlahiyyətli nümayəndələrinin qərarı ilə səsvermə gününə ən geci 10 gün qalanadək istənilən vaxt müvafiq dairə seçki komissiyasına yazılı ərizə verərək, birmandatlı seçki dairəsi üzrə irəli sürülmüş namizədi, qeydə alınmış namizədi geri çağırmaq hüququna malikdir.

154.2. Siyasi partiyalar blokunun tərkibinə daxil olan siyasi partiya səsvermə gününə azı 10 gün qalmış istənilən vaxt Mərkəzi Seçki Komissiyasına ərizə verməklə müvafiq siyasi partiyanın səlahiyyətli orqanının qərarı ilə bu siyasi partiyalar blokunun tərkibində seçkilərdə iştirak etməkdən imtina edə bilər.

154.3. Siyasi partiyalar blokunun tərkibində seçkilərdə iştirak etməkdən imtina edən siyasi partiya bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada müstəqil siyasi partiya kimi çıxış edə və ya digər siyasi partiyalar blokunun tərkibinə daxil ola bilər.

154.4. Siyasi partiyalar blokununun irəli sürdüyü namizəd qeydə alındıqdan sonra, bu bloka daxil olmuş bütün siyasi partiyalar (birindən başqa) seçkilərdə iştirak etməkdən imtina edərlərsə, qalan siyasi partiya seçkilərdə siyasi partiyalar blokunun adı və rəmzləri saxlanılmaqla siyasi partiyaların bloku kimi iştirak edə bilər. Bu, namizədlərin qeydə alınmasından imtina edilməsi və ya qeydiyyatının ləğv edilməsi üçün əsas ola bilməz.

154.5. Siyasi partiyalar blokunun seçkilərdə iştirak etməkdən imtina etməsi, ona daxil olmuş siyasi partiyaları seçkilərdə iştirak etmək hüququndan məhrum etmir; belə halda bu Məcəlləyə uyğun olaraq namizədin təkrar irəli sürülməsi və digər zəruri seçki hərəkətlərinin həyata keçirilməsi tələb edilir.



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə